Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1680/2022 31.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, İ qrup əlil, Cəlilabad şəhəri, 28 May küçəsi, ev 94-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 23/37, mənzil 135-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 5 (beş) ilə endirilməsinə, Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021 -ci il tarixli “Amnistiya” qərarına əsasən 16 dekabr 2021-ci il tarixdə cəzadan azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 6,798 qram çəkidə narkotik vasitə heroin əldə edib, ayrı-ayrılıqda 3,681 qram və 3,117 qram çəkidə olan hissələrə bölüb 2 (iki) ədəd bükümdə qablaşdıraraq üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2da yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 6,798 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 3,681 qram və 3,117 qram olmaqla, 2 (iki) ədəd bükümdə əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cəzalandırılmış və təxminən 1 (bir) ay idi ki, azadlığa buraxılmışdır. O, polis əməkdaşları tərəfindən saxlanıldığı gün Əhmədli qəsəbəsində yerləşən evindən çıxıb “Bakı” kinoteatrı tərəfə gedərək yoldaşını və uşağını götürmək üçün getmişdir. O, evdən çıxdıqdan sonra yolüstü mağazaya girmişdir. O, mağazadan çıxdıqda, polis əməkdaşları onun qoluna girərək onu saxlamışlar. O, şokda olmuşdur. Sonra polis əməkdaşları onu məcburi qaydada maşına otuzdurmuşlar və BMCMİ-nin binasına aparmışlar. Həmin vaxt onun üzərində qadağan edilmiş heç bir əşya olmamışdır. Baş İdarədə polis əməkdaşları ona 1,5 qram çəkidə balaca bükümdə narkotik vasitə heroin verib demişlər ki, “bunu götür, həbsə get və içəridə biraz təmizlən, yaxşı vəziyyətdə deyilsən”. Həqiqətən həmin vaxt o, narkotik vasitə heroindən çox istifadə etdiyindən çox pis vəziyyətdə olmuş və narkotik vasitədən əl çəkə bilməmişdir. O, bunu nəzərə alaraq, polis əməkdaşları ilə razılaşmışdır. Lakin onu sanksiyaya çıxaran vaxt ona məlum olmuşdur ki, ona “yüklənən” narkotik vasitənin çəkisi 6 qram olmuş və ona qarşı irəli sürülmüş ititham məhz 6 qram narkotik vasitə heronin əldə edilməsi ilə bağlı olmuşdur. O, videoçəkilişdə qeyd etmişdir ki, həmin narkotik vasitə heroini öz istifadəsi üçün əldə etmişdir. Lakin o, hazırda bildirmək istəyir ki, ittiham aktında göstərilmiş narkotik vasitəyə onun heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 13 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BMCMİ-yə “Nahid” adlı şəxsin Xətai rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün, saat 17:45 radələrində o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Xətai rayonu ərazisinə gedərək orada müşahidə aparmışdır. Müşahidələr nəticəsində onlar xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsi görmüşlər və həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onlar həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü onlara təqdim edərək həqiqətən də Təqsirləndirilən şəxs olduğu bildirmişdir. Sonra onlar həmin şəxsi BMCMİ-yə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Nihadın üzərindən 2 (iki) ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Sonra həmin kütlə ekspertizaya göndərilmişdir. Ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, həmin bükümlərdəki kütlə narkotik vasitə heroin olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 13 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı həmin gün axşam vaxtı, yəni 18:00 radələrində onlar Əhmədli qəsəbəsi deyilən yerdə Təqsirləndirilən şəxs görmüşlər və həmin şəxsə yaxınlaşıb anket məlumatlarını dəqiqləşdirmişlər. Həmin şəxs də onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onlar həmin şəxsi Baş İdarəyə dəvət etmişlər və orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 2 (iki) ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Rəsul” adlı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilmiş və ekspertiza rəyi əsasında müəyyən edilmişdir ki, həmin kütlə narkotik vasitə heroin olmuşdur. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 13 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdə, saat 18:00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və vəkillə təmin edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli şalvarın sol yan cibindən 2 (iki) ədəd sellofan bükümü, 1 (bir) ədəd siqaret qutusunu, göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Samsung” markalı və 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu, əynində olan şalvarın sol arxa cibindən ağ vərəqləri, əynində olan şalvarın sağ arxa cibindən 84 manat pulu, qara rəngli parçanı və əlində saxladığı dəsmalı çıxarıb masanın üzərinə qoymaqla, təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda, bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 (iki) ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 84 manat pul, 1 (bir) ədəd siqaret qutusu, ağ kağızlar, əl dəsmalı və qara rəngli parça iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Samsung” markalı və 1 (bir) ədəd “Redmi” markalı mobil telefon götürülmüşdür. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) ədəd sellofan bükümdə olan narkotik vasitə heroini bir gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxsdən internet üzərindən pulunu əvvəlcədən ödəmək şərti ilə aldığını, belə ki, “Rəsul” adlı şəxsin narkotik vasitənin olduğu yer barədə Təqsirləndirilən şəxs “Whatsapp” vasitəsi ilə şəkil atdığın, Təqsirləndirilən şəxs isə həmin narkotik vasitə heroini “Ukrayna” dairəsinin yaxınlığından götürərək şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış və götürmənin nəticələri rəsmiləşdirildikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 ibtidai istintaq zamanı oxşar məzmunlu ifadə verməklə digər Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, “Nahid” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 14) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 34-35) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,681 qram və 3,117 qram, ümumilikdə isə külli miqdarda 6,798 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3339 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 44-45) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazı və imzalar olan zərfdə 2 (iki) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,681 qram və 3,117 qram olmaqla, ümumi çəkisi 6,798 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 2 (iki) ədəd bükümdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 58-59) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3236 nömrəli rəyindən (cild 1, iş vərəqə 74-75) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyun 2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-701/2022 saylı qərarından (cild 1, iş vərəqə 86-90) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 13 iyun 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyun 2022-ci il tarixli maddi sübut kimi tanınma barədə qərardan (cild 1, iş vərəqə 92-93) görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,698 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyul 2022-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 101) görünür ki, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Telefon məlumatlarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik maddələrin satışını və qanunsuz dövriyyəsini həyata keçirməsinə aid yazışmalar müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs telefon nömrəsinə daxil olan smslərin bəzilərinin məzmunu aşağıdaki kimidir: “...15 dik lazımdı tel aç....”, “....Dostum 10 hazırla gelirüy....”, “....Gagas yaz ya gotur bir soz de bilim l list meti 2 Dana kola 05 pati....”, “...Galib 5 kol. 1 dana patı....”, “...мана видана тема пулуйнан дузалтмак олар тез де пулу готрум йохса уох буну goзлaдим деир тездан галасам гена сихмир йайата сани тапана ки саат кечди ман галдим ломкаЬа мана бираз наса вера биларсан сахар готранда устундан готурарсан мана на уох хабар ела билим гедим e...”, “...Bratka oni 20 lik ela...”, “...Galib 5 kol. 1 dan o brindan gotracik..” və sair. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 xx/xx- 10800 nömrəli arayışından (cild 1, iş vərəqə 116) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 qeydiyyatdındadır və ona opioidlərin qəbulu nəticəsində asılılıq sindromu diaqnozu qoyulmuş, habelə dispanser qeydiyyatındadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 117-118) görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş və onun cəzası 5 (beş) il müddətə endirilmişdir. Başqa sözlə, onun üzərində ödənilməmiş və götürülməmiş məhkumluğu var. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqənda qərardan (cild 1, iş vərəqə 138-144) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, külli miqdarda narkotik vasitənin mənbə xüsusatına görə materialın ayrılması, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 162-163) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 214) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə X2 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş arayışdan (cild 1, iş vərəqə 232) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildə Nuray adlı övladı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 082964 nömrəli arayışın surətindən (cild 1, iş vərəqə 215) görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyul 2018-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-560/2018 saylı hökmündən (cild 1, iş vərəqə 129-135) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddə ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 dekabr 2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə Qərardan (cild 1, iş vərəqə 136) görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatında digər məsələlərlə yanaşı, həmçinin onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat öz əksini tapmışdır. Daha sonra qeyd edilən əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə əməliyyat axtarış tədbirləri keçirilmiş və həmin tədbirlər nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə aparılmışdır. Orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt göy rəngli cins şalvarının sol yan cibindən 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,681 qram və 3,117 qram, ümumi təmiz çəkisi 6,798 qram, yəni külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs və müdafiəçi həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, habelə qeyd edilən vasitənin olduğu bükümlərin sayını mübahisələndirməmişlər. Əksinə Təqsirləndirilən şəxs və onun müdafiəçisi şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolu könüllü şəkildə imzalamaqla, şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitənin növü, çəkisi və bükümlərin sayı ilə razılaşmışlar. Eyni zamanda ibtidai istintaqın sonraki mərhələlərində (məhkəmə istintaqınadək) də müdafiə tərəfi şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən aşkarlanmış narkotik vasitənin çəkisini, bükümlərin sayını və növünü mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək tutularkən üzərində narkotik vasitənin olmadığını, külli miqdarda narkotik vasitə heroinin polislərin ona verdiyini və bundan sonra ondan həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini, bununla bağlı polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edildiyini və nəticədə məcbur qalaraq polislərin dediyi məzmunda, yəni etirafedici ifadə verdiyini iddia etmişdir. Lakin məhkəmə istintaqında Təqsirləndirilən şəxs iddia etdiyi hallar nəyinki təsdiq olunmuş, əksinə təqzib edilmişdir. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi, aşkar edilmiş vasitənin istifadə üçün yararlı olması, o cümlədən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış keçirilərkən narkotik vasitə və psixotrop maddələrin satışı məzmununda “jarqon” terminlər vasitəsilə müxtəlif məzmunlu sms (mesaj) mətnlərinin aşkar edilməsi onu təsdiq edir ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs müraciət edərək müxtəlif narkotik vasitə və psixotrop maddələrini qanunsuz şəkildə əldə etmək istədiklərini, başqa sözlə, narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş mövzularda danışıq apararaq həmin vasitə/maddələrin əldə etmək istədiklərini ifadə etmişlər. Bu isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımışdır. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını və ələlxüsus onun İ qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallara gəldikdə isə məhkəmə istintaqında ağırlaşdırıcı hal kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə ağır cinayət törətdiyinə görə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ona təyin edilmiş cəzanın 5 (beş) il müddətə endirilməsinə və xx.xx.2021-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş 6 (altı) illik müddət ərzində yenidən qəsdən ağır cinayət törətmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə məhkum olunmasına baxmayaraq, cəzasını çəkib qurtardıqdan sonra üzərində ödənilməmiş məhkumluğu olduğu müddət ərzində yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətin təhlükəli residivini yaradır Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Lakin məhkəmə istintaqında onun İ qrup əlil olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə "Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə əsasən ona narkomaniyadan məcburi müalicə tətbiq edilə bilməz. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,698 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,698 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1680/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1680/2022
31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver