Məhkəmə qərarları › İş №1(101)-1680/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1680/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1680/2023 27.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu ünvanında qeydiyyatda olub, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbirinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında saat 16:45-də açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib, daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, 14 mart 2023-cü il tarixdə saat 10:00-da Yasamal rayonunda “Alatava” adlanan yerdən istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan külli miqdarda bir ədəd siqaretin şəffaf rəngli sellofanına bükülmüş bükülünün içərisində ümumi təmiz çəkisi 2,323 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 14 mart 2023-cü il tarixdə saat 13:00da Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, ev 55 ünvanın qarşısında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən 31-ci Polis Bölməsinə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən üzərində “Rothmans” yazısı olan siqaret qutusunun içərisində olan bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində külli miqdarda ümumi təmiz çəkisi 2,323 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, polislər tərəfindən üzərindən aşkarlanan heroin ona məxsus olmuş, həmin maddəni şəxsi istifadəsi üçün 14 mart 2023-cü il tarixdə saat 09-10 radələrində Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata almış, həmin gün günorta radələrində yaşadığı Suraxanı rayonu ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb onu polis bölməsinə dəvət etmiş, həmin polis bölməsində üzərinə baxış keçirilən zaman siqaret qutusunda olan bir büküm narkotik vasitəni təqdim edərək ona məxsus olduğunu bildirmiş, tutulduğu zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, narkotik maddələrin aludəçisi olduğundan bədənində ağrılar olan zaman narkotik vasitə hesab edilən heroin qəbul etmək üçün Bakı şəhərində tanımadığı şəxslərdən narkotik vasitə almışdır. O, 14 mart 2023-cü il tarixdə, saat 10:00 radələrində Yasamal rayonunda xatırlamadığı yerdən tanıdığı 10 manat pul ödəyərək şəxsi istifadəsi üçün bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə narkotik vasitə olan heroin alaraq siqaret qutusunun içərisinə qoymuşdur. Həmin gün saat 13:00-da yaşadığı ünvan 5 ünvanın qarşısında onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə gətirilmişdir, Polis Bölməsində xidməti otaqların birində, dəvət olunmuş müdafiəçinin və iştirakçıların iştirakları ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxt o, üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərində “Rothmans” yazısı olan siqaret qutusunun içərisində olan bir ədəd şəffaf sellofana bükülmüş olan narkotik vasitəni və əynindəki qara rəngli şalvarın arxa sol cibindən “Umico” bank kartı və özünə məxsus şəxsiyyət vəsiqəsini könüllü olaraq çıxarıb polis əməkdaşına təqdim etmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə ekspertizaya təqdim etmək üçün qablaşdırılmış, zərf və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən almışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, eyni zamanda Polis Bölməsində ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Təqsirləndirilən şəxs sonradan məhkəmədə verilmiş suallara cavab olaraq narkotikdən əziyyət çəkməsini, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamasını, narkotik vasitələrin istifadəsindən əziyyət çəkdiyinə görə polis əməkdaşlarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirilməsini istəməsini bildirsə də, bildirdikləri hər hansı dəlillərə söykənməmiş, fikirlərini heç bir dəlillə möhkəmləndirməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 14 mart 2023-cü il tarixdə qərəzsiz və etibarlı mənbədən Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və qanunsuz üzərində gəzdirməsi barədə daxil olmuş məlumat rəhbərliyə raportla məruzə olunmuş, razılıq verildikdən sonra o və bölmənin əməkdaşı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün günorta radələrində Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olunduğunu bildirərək 31-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şöbədə təhqiqatçı tərəfindən onlar və müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindəki əşyaları könüllü təqdim etməsi təklif olunduqdan sonra cibində olan siqaret qutusunun içərisindən şəffaf rəngli sellofana bükülmüş bir büküm çıxardıb masanın üzərinə qoyaraq həmin kütlənin heroin olduğunu və tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkarlanan maddə qablaşdırılaraq götürülmüş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən tərəfindən hər hansı fiziki və ya psixi zorakılıq edilməmiş, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini səmimi etiraf etmiş, nümayiş etdirməsi üçün ona əlavə kütlə təqdim olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 14 mart 2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Əliyev küçəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) 14 mart 2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması barədə” qərar, əmr və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə, yaxalanması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları Şahid2 və Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-6) 14 mart 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:00-da ünvan 6 ünvanının qarşısında saxlanılaraq, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) 14 mart 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması barədə” qərar və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 14 mart 2023-cü il tarixdə, saat 13:00-dan tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 19-20) 14 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında”, qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Video-görüntülərə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, müvafiq qərara əsasən, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən üzərində “Rothmans” yazısı olan siqaret qutusunun içərisində olan 01 (bir) ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf rəngli sellofana bükülmüş maddəni təqdim etdikdən sonra aşkar edilənlər 01 ədəd kağız zərfdə qablaşdırılaraq, “Zərflər üçün” 195 nömrəli möhür ilə möhürlənməklə götürülmüşdür.(Cild 1, iş vərəqə 30-31, 142) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2023-cü il tarixli, 6/1570 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №195” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,323 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 2,323 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 2,273 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 37-39) xx.xx.2023-cü il tarixli “Əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 47- 48) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinn 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 49-50) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(010)-126/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(010)-243/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 14 iyul 2023-cü il tarixədək tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 76-80, 134-136) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)-226/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökm ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 01 ( bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (Cild 1, iş vərəqə 83-84; 89-98) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 X4 Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1/2509 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri 2 X4. Xəstəxanasına müraciət etməyib (Cild 1, iş vərəqə 121) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2023-cü il tarixli, 8052 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 124) xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, "xxxx" Telekom MMC-dən daxil olmuş diskə baxış keçirilərkən cinayət işi üçün əhəmiyyətli hal aşkar olunmamışdır. (Cild 1, iş vərəqə 143) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 19 may 2023-cü il tarixli, 3045 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 148-149) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilmiş, üzərindən aşkar edilərək götürülən ümumi təmiz çəkisi 2,323 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan çəkisi 2,273 qram olan narkotik vasitə-heroin saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilmiş, 14 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini əldə etdiyi şəxsin mənbənin müəyyən edilməsi üçün material ayrılmış, eləcə də təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, baxış protokolu, ekspert rəyləri və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 154-159) xx.xx.2023-cü il tarixli “Əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 163-164) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan yeni ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 166-167) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-45/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Təqsirləndirilən şəxs 04-06 noyabr 2021-ci il tarixləri üzrə və 16-18 mart 2022-ci il tarixləri üzrə tutulduğu 04 (dörd) gün müddət cəzasından çıxılaraq, üzərində 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-45/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılmış 1(010)-45/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökm 07 avqust 2023-cü il tarixdə qanuni qüvvəsini almış və həmin tarixli hökmdən apellyasiya şikayəti və protesti verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs sonradan məhkəmədə verdiyi verilmiş suallara cavab olaraq bildirdikləri hər hansı dəlillərə söykənməmiş, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadəsində narkotikdən əziyyət çəkməsi ilə bağlı polis əməkdaşlarından onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirilməsinin xahiş etməsini deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə qeyd edir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış və Təqsirləndirilən şəxs öz təqsirini səmimi olaraq etiraf etmiş, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ilkin ifadəsini, iş üzrə bütün sübutların məcmusu ilə, yəni həmin özünün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekpert rəyləri və digər sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs və şahidlərin ifadələrindən, 14 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi “Rothmans” yazısı olan siqaret qutusunun içərisində olan 01 (bir) ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmiş, aşkarlananlar zərfə qoyulub 195 nömrəli möhürlə möhürləndikdən sonra məhkəmə-kimyəvi ekspertizası təyin edilərək icra olunması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. 15 mart 2023-cü il tarixli, 6/1570 №-ii nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №195 dairəvi möhür əksi olan, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız zərf təqdim edilmiş, zərf açıldıqda içərisində 1 ədəd bükümdə təmiz çəkisi 2,323 qram olan maddə kütlələri aşkar edilmişdir. Daha sonra keçirilmiş ekspertizanın nəticəsində həmin maddələrin müvafiq olaraq narkotik vasitə-heroin olması müəyyənləşmiş və rəyin nəticə hissəsində bu barədə qeyd edilmişdir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət işinin materiallarından görünür ki, 14 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 2,323 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - narkotik vasitə olan heroin təmiz halda 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə yekun hüquqi qiymət verərkən və onun cinayət əməllərini törətməkdə təqsirliliyi məsələsini müəyyən edərkən mütləq nəzərə alır ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamı qəbul edərək ibtidai istintaqda verdiyi etirafedici ifadəsi ilə oxşar məzmunlu ifadəni məhkəmə istintaqı zamanı bir daha verməklə əməlini etiraf etmiş və şahidlərin ifadələrində göstərdiyi xüsusatların həqiqiliyini də təsdiq etmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, 14 mart 2023-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, onlara əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin təmiz çəkisinin külli miqdarda olmasına, təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələrinə əsasən, habelə şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrıayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddəərin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə isə həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-45/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Təqsirləndirilən şəxs 04-06 noyabr 2021-ci il tarixləri üzrə və 16-18 mart 2022-ci il tarixləri üzrə tutulduğu 04 (dörd) gün müddət cəzasından çıxılaraq, üzərində 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, hazırki cinayət işi üzrə irəli sürülmüş ittiham birinci iş üzrə hökm çıxarılmazdan törədilmiş cinayətlə bağlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən, tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(010)-126/2023 nömrəli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmiş, həmin tarixdən bugünədək Təqsirləndirilən şəxs davamlı olaraq həbsdə saxlanılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 14 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə 04 noyabr 2021-ci il tarixdən 06 noyabr 2021-ci il tarixədək və 16 mart 2022-ci il tarixdən 18 mart 2022-ci il tarixədək tutulduğu cəmi 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,273 qram olan heroin məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99- 1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 19 may 2023-cü il tarixli, 3045 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-45/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə tutulduğu 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə cəmi 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,273 qram təşkil edən heroin məhv edilsin, 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar