Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1684/2021 13.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X13 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 yanvar 1994-cü il tarixdə Yevlax rayonu, Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Səmədabad inzibati dairəsi, Səmədabad kəndində qeydiyyatda olmaqla Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, YYM-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, o, 4 iyun 2021-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban Qonşular küçəsində yerləşən “Qələbə” marketdən 30 metr məsafədə torpaq yolda X5 mülkiyyətində olan etibarnamə əsasında idarə etdiyi “Daewoo Gentra” markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 qarşısını kəsərək onunla ortaq tanışları Şahid2 ilə münasibətinin olmasını bəhanə gətirib ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs1 və onun yanındakı tanışı Zərərçəkmiş şəxs2 zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə silah qismində istifadə etdiyi dəmir balta ilə onları zor tətbiq edəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs2 həmin baltanı onun əlindən aldıqdan sonra öz qərəzli hərəkətlərinə davam edərək idarə etdiyi avtomobildən götürüb silah qismində istifadə etdiyi vintaçan alətlə heç bir əsaslı səbəb olmadan əvvəlcə Zərərçəkmiş şəxs2 həmin küçədə qəsdən vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vuran qarnın sol yarısının əzilmiş-deşilmiş yarası xəsarətləri yetirmiş, sonra da Zərərçəkmiş şəxs1 döş və sağ dirsək nahiyələrindən xuliqanlıq niyyəti ilə bir neçə dəfə vintaçan alət ilə qəsdən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vuran sağ dirsəyin 2 ədəd deşilmiş yaraları xəsarəti və sol tərəfli hemoteraks və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna daxilə nüfuz edən həyat üçün təhlükəli olan 1 ədəd deşilmiş yara xəsarəti yetirərək Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası X2 ilə birlikdə yaşamışdır. X1 isə Yevlax rayonunda yaşayır. Dolanışıq məqsədi ilə dərzi kimi müxtəlif yerlərdə işləmişdir. Nərmin adlı qızı yaşadığı Binə qəsəbəsində “Şeş Qoşa” kafesində işləyən ofisiant kimi tanımış və onunla normal dostluq münasibəti olmuşdur. Elmir adlı şəxsi isə həmin kafeyə gəlib-gedən şəxs kimi üzdən tanımış və onunla heç bir münasibəti, o cümlədən düşmənçiliyi olmamışdır. Həmid adlı şəxsi isə əvvəllər tanımamış, onu Elmirin yanında hadisə günü görmüşdür. 3 iyun 2021-ci il tarixdə saat 23:50 radələrində etibarnamə əsasında idarə etdiyi “Daewoo Gentra” markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobillə Nərminə zəng vuraraq onu gəlib işlədiyi kafedən maşınla götürəcəyini demiş, Nərmin də razılaşmışdır. Nərmindən başqa harasa getməli olub-olmamasını maraqlandıqda o, evə gedəcəyini bildirmişdir. Həmin radələrdə Binə qəsəbəsində olduğu üçün qısa vaxtda Nərminin işlədiyi Binə qəsəbəsindəki “Şeş Qoşa” kafesinin qarşısına çatmışdır. Nərmin kafedən çıxaraq onun idarə etdiyi avtomobilə əyləşmiş və Nərmini yaşadığı Binə qəsəbəsi, Mehriban Qonşular küçəsinə avtomobili ilə aparıb düşürmüşdür. Nərmini düşürdükdən sonra görmüşdür ki, Nərmin həmin küçəni geri qayıdır. Bunun səbəbini ondan soruşduqda Nərmin siqaretinin qurtardığını və marketə qayıdıb siqaret alacağını demişdir. O da Nərminə avtomobilinə oturmasını və onu marketə aparacağını demişdir. Nərmin əyləşmiş və marketə getmişlər. Nərmin oradan siqaret alıb çıxmış və yenidən avtomobilə əyləşmişdir. O yenidən X8 küçəsinə aparmışdır. Bu vaxt hiss etmişdir ki, Nərmin onu aldadır. Daha sonra qabaqda Elmirin yanında bir oğlanla dayanmasını görmüşdür. Bu barədə soruşanda Nərmin ona həmin Elmir adlı oğlanla görüşəcəyini və onu yalandan sevgili olduğuna inandırıb ondan pul alacağını, onun da bu işə qarışmamağını demişdir. O da Nərminə irad bildirmişdir ki, belə hərəkətlərə yol verməsin. Bu səbəbdən avtomobillə Nərminlə birlikdə Elmirgilin yanına yaxınlaşmış və Nərminə avtomobildən düşməsini, sonra Elmirə yanaşıb avtomobilinə minməsini və onunla söhbəti olduğunu bildirmişdir. Bunu gördükdə Nərmin öz yalanının ortaya çıxacağını başa düşdüyü üçün hay-küy qoparmağa başlamışdır ki, guya o, Nərmini zorla maşınına mindirib ora gətirmişdir. Bu zaman əsəbləşib özündən çıxmış və avtomobilinin arxasında olan dəmir baltanı götürüb Nərminin üstünə getmişdir ki, qorxutsun. Lakin Elmir və onun yanındakı sonradan adının Həmid olduğunu bildiyi oğlan üstünə gələrək Nərmini qorumuşlar. Həmid baltanı əlindən almış və özündə saxlamışdır. Həmid onunla əlbəyaxa olduqda çəkişmiş, lakin zərbə ilə vurmamışdır. Onların Nərmin kimi pis niyyətli qadını müdafiə etmələrinə əsəbləşdiyindən və onlara gücü çatmadığından, baltası da Həmidin əlində olduğundan maşınının arxasında saxlanc yerində olan sellofandan vintaçan aləti götürüb Həmidin üstünə gəlmişdir. Həmid ona əl-qol atanda ona həmin alətlə vurmuşdur. Bu zaman Elmir arxadan ona hücüm çəkib, təpik atdıqda Elmirə tərəf çevrilib onu özündən uzaqlaşdırmaq və özünü müdafiə etmək üçün əlindəki vintaçanla Elmirə tərəf bir neçə dəfə zərbə ilə vurmuş, lakin qaranlıq olduğundan zərbənin onun hansı nahiyyəsinə dəydiyini görməmişdir. Elmiri vurmaqda məqsədi onu öldürmək olmamışdır. Daha sonra artıq Elmirin yerə yıxıldığını görmüşdür. Lakin onun zərbənin təsirindən yıxıldığını düşünməyib münaqişəyə davam etməyərək avtomobilinə minib hadisə yerindən uzaqlaşmışdır. Nərmini Binə qəsəbəsində “Şeş Qoşa” kafesində işləyən ofisiant kimi tanımışdır. Nərminlə münasibəti çox yaxın olmamışdır. Münaqişə 4 iyun 2021-ci il tarixdə saat 00:30 radələrində Binə qəsəbəsi, Mehriban Qonşular küçəsində torpaq yolun ortasında baş vermişdir. Münaqişəyə səbəb Elmir və Həmidin kafedə işləyən Nərmini müdafiə etməsi və onu səhv başa düşərək hücum çəkmələri olmuşdur. Elmir və Həmidlə əlbayaxa olmuşdur. Elmiri və Həmidi sadəcə balta ilə qorxutmaq və özündən uzaqlaşdırmaq istəmişdir. Elmirə və Həmidə gücü çatmadığından vintaçan alətdən istifadə etmişdir. Maşınında olan baltadan bağda işləmək üçün istifadə etmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxslərin ifadələri, ifadələri elan olunmuş şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Binə qəsəbəsində 326 saylı orta məktəbdə 10-cu sinifdə oxuyan vaxtdan tanımış, aralarında dostluq münasibətləri olmuşdur. Nərmin adlı qadını isə Binə qəsəbəsi, “Şeş-Qoşa” kafesində ofisiant kimi tanımışdır. Elmirlə Nərminin son günlərdə münasibətləri yaranmışdır. Səttar isə bildiyi qədəri ilə, əvvəlcədən Nərminin münasibətdə olduğu şəxs olmuşdur. Səttarla aralarında əvvəllər heç bir düşmənçilik və ədavət olmamışdır. Hadisə günü yəni, 3 iyun 2021-ci iİ tarixdə saat 23 radələrində dostu Elmirlə birlikdə Binə qəsəbəsindəki “Şeş-Qoşa” kafesində əyləşib çay içmişlər. Həmin vaxt Nərmin kafedə onlara qulluq etmişdir. Elmirlə təxminən saat 23:40 radələrində kafedən çıxıb Binə qəsəbəsinin mərkəzinə tərəf piyada getmiş və orada “Araz” marketə birlikdə girib Elmir “E-manat” aparatından ödəniş etdikdən sonra marketdən çıxmışlar. Daha sonra Elmir Nərminə “WhatsApp” vasitəsilə mesaj yazsa da, Nərmin cavab verməmişdir. Elmirlə saat 00:20 radələrində piyada gəzərək yaşadıqları evə doğru gedərkən Səttar ağ rəngli markasını və nömrəsini xatırlamadığı avtomobili ilə Binə qəsəbəsi, Mehriban Qonşular küçəsində, “Qələbə” marketin yaxınlığındakı torpaq yolda qarşılarını kəsmişdir. Səttar əmr formasında Elmirə avtomobilə əyləşməyi və onunla Nərminlə olan münasibətini danışacağını bildirmişdir. Elmir isə ona “Get, sabah danışarıq” demişdir. Həmin vaxt görmüşdür ki, Nərmin də avtomobilin qabaq sağ oturacağında əyləşib. Səttar Elmirin maşına minmədiyini görüb avomobildən düşərək arxa saxlanc yerini açıb orada dəmir tutacaqlı baltanı götürüb Elmirin üstünə hücum çəkib onu vurmaq istəmişdir. Bu zaman cəld araya girib Səttarın əlindən baltanı dartıb almış və baltanı yolun kənarına bir qədər uzağa atıb Səttardan çıxıb getməsini tələb etmişdir. Səttar daha da qəzəblənərək yenidən avtomobilə qayıdıb sürücü oturacağı tərəfə əlini salıb oradan 150 mm-lik dəmir mismara bənzər aləti götürüb üstünə hücum çəkmək istəyib alətlə qarın nahiyyəsinə zərbə atan zaman cəld tərpənib zərbədən yayınmışdır. Mismarın uc hissəsi qarnına toxunsa da içəri batmamışdır. Həmin vaxt artıq Nərmin də avtomobildən düşmüşdür. Səttar Nərminə, Elmirə və ona hədələr yağdıran zaman Elmir araya girdikdə bu dəfə Səttar əlindəki alətlə Elmirin qarın və sol nahiyyəsindən bir neçə dəfə zərbə ilə vuraraq Elmirə xəsarətlər yetirmişdir. Daha sonra Səttar Elmirdən qan gəldiyini görüb tez avtomobilinə əyləşib sürətlə oradan uzaqlaşmışdır. O və Nərmin Elmirin yanında qalmışlar. Tez Elmirlə ortaq dostları olan Akifə Elmirin mobil telefonu ilə zəng edərək özünü hadisə yerinə çatdırmasını demişdir. Akif 20 dəqiqə sonra taksi ilə özünü hadisə yerinə çatdırmışdır. Taksi ilə o, Akif və Nərmin birlikdə Elmiri Sabunçu rayon 3 saylı kliniki xəstəxanasına çatdırmışlar. Akiflə orada polislərin gəlməsini gözləmişlər. Nərmin isə onları xəstəxanaya gətirən taksi ilə evinə qayıtmışdır. Münaqişə təxminən 20 dəqiqə davam etmişdir. Nərmini Binə qəsəbəsində “Şeş Qoşa” kafesində işləyən ofisiant kimi tanımışdır. Münaqişə 4 iyun 2021-ci il tarixdə saat 00:30 radələrində Binə qəsəbəsi, Mehriban Qonşular küçəsində torpaq yolun ortasında baş vermişdir. Səttar münaqişəni Nərmini Elmirə qısqanmasını bəhanə edərək başlatmışdır. Həmin hadisə zamanı qarın nahiyəsindən və sifətindən yüngül xəsarətlər almışdır. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi olmamışdır. Hadisə zamanı nə o, nə də Elmir Səttarı vurmamış, yalnız özlərini müdafiə etmişlər. Səttara çıxıb getməsini bildirsələr də, Səttar sakitləşmək bilməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Şahid1 Binə qəsəbəsindən tanıdığı dostlarıdır. Təqsirləndirilən şəxs isə 3 ay əvvəl Binə qəsəbəsində “Şeş Qoşa” kafesində görmüş və onunla heç bir şəxsi münasibəti, düşmənçiliyi olmamışdır. Nərmin adlı qızı da həmin “Şeş Qoşa” kafesində ofisiant kimi tanımışdır. Son 1 ay Nərminlə yaxın dostluq münasibətində olmuşdur. 3 iyun 2021-ci il tarixdə saat 23 radələrində dostu Həmidlə birlikdə “Şeş Qoşa” kafesinə getmişlər. Həmin kafedə masalardan birində əyləşib çay içmişlər və bu vaxt onlara Nərmin qulluq etmişdir. Nərminə təklif etmişdir ki, iş qurtarandan sonra Binənin mərkəzi küçəsinə, yəni Mehriban Qonşular küçəsinə gəlsin və birlikdə gəzib vaxt keçirsinlər. Nərmin də bu təkliflə razılaşmışdır. Həmin kafedən çıxıb Həmidlə birlikdə piyada Binə qəsəbəsindəki həmin küçəyə gəlmiş və orada Nərmini gözləməyə başlamışlar. Həmin vaxt Nərminin mobil nömrəsinə zəng vurmuş, lakin Nərmin açmamışdır. 4 iyun 2021-ci il tarixdə saat 00:20 radələrində həmin küçədə olarkən Səttar idarə etdiyi ağ rəngli “Kia” markalı avtomobilini qarşısında saxlamış və ondan avtomobilə əyləşməsini tələb etmişdir. O da Səttara çıxıb yoluna getməsini demişdir. Bu zaman Nərminin onun avtomobilində qorxmuş vəziyyətdə əyləşdiyini görmüşdür. Səttar da aqressivləşərək Nərmini söyüb, təhqir edib onu avtomobildən düşürmüş və avtomobilin arxa saxlanc yerindən dəmir baltanı götürüb Nərminə tərəf hücum çəkib onu hədələmişdir. Bu vaxt Həmid və o araya girib Səttara çıxıb getməsini, xəta çıxarmamasını dedikdə Səttar öz qərəzli hərəkətlərinə davam edərək onları təhqir edib əlindəki baltanı ona tərəf yönəldərək vurmaq istədikdə dostu Həmid araya girib cəld baltanı Səttarın əlindən almış və uzağa atmışdır. Lakin Səttar sakitləşməyib yenidən avtomobilinə qayıdıb oradan uzun vintaçan aləti götürüb onun üstünə gəlmişdir. Bu zaman yenə Həmid araya girib Səttara müqavimət göstərsə də, Səttar onu vintaçanla vurmuşdur. Həmid isə özünü qoruyaraq zərbədən bir qədər yayınmışdır. Daha sonra Səttar üstünə hücum çəkdikdə onu itələsə də həmin alətlə vurulmuş və ağciyərinin alt hissəsindən, sol tərəfdən zərbə almışdır. Əli ilə uzaqlaşdıranda isə Səttar onun sağ qolundan həmin vintaçan alətlə vuraraq xəsarət yetirmişdir. Daha sonra Səttar ondan qan gəldiyini görüb avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Aldığı xəsarətlərdən halsızlaşıb yerə yıxılmışdır. Bu vaxt Həmid və Nərmin ona köməklik etmiş və Həmid onun telefonu ilə digər dostu Akifə zəng edərək taksi ilə gəlməsini tapşırmışdır. Bundan sonra onu 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırmışlar. Təqsirləndirilən şəxs onu vurduğu alət 20 sm uzunluqda, tutacağı olan fiqurlu vintaçan olmuşdur. Münaqişə təxminən 20 dəqiqə davam etmişdir. Hadisəyə kənardan kiminsə şahid olduğunu görməmişdir. Nərmini Binə qəsəbəsində “Şeş Qoşa” kafesində işləyən ofisiant kimi tanımışdır. Münaqişə 4 iyun 2021-ci il tarixdə saat 00:30 radələrində Binə qəsəbəsi, Mehriban Qonşular küçəsində torpaq yolun ortasında baş vermişdir. Səttar əlindəki vintaçanla bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi olmamışdır. Hadisə zamanı nə o, nə də Elmir Səttarı vurmamış, yalnız özlərini müdafiə etmişlər. Səttara çıxıb getməsini bildirsə də, Səttar sakitləşmək bilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, dolanışıq məqsədi ilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Şeş qoşa” kafesində 3 ildir ki, ofisiant kimi işləyir. Zərərçəkmiş şəxs1 2 ildir ki, “Star” çay evinə rəfiqəsinin yanına gəlib gedəndən tanıyır, normal münasibətləri vardır, son müddətdə isə artıq sevgi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs isə son 3 aydır tanıyır, əvvəl onunla yaxın münasibətləri yaranmış, lakin sonradan onun sərt və aqressiv xasiyyəti olduğundan ondan ayrılmışdır. 3 iyun 2021-ci il tarixdə həmişəki kimi Xəzər rayonu, Binə qəsəbəsində “Şeş Qoşa” kafesində işdə olmuş və təxminən saat 23 radələrində kafeyə Elmir öz dostu olan Həmidlə birlikdə gəlmiş və masalardan birində əyləşib çay içmişlər və o onların masasına qulluq etmişdir. Sonra Elmir ona təklif etmişdir ki, kafedən işdən çıxandan sonra görüşüb gəzsinlər, o da razılaşmışdır. Həmin gün saat 23:50 radələrində kafe bağlandıqdan sonra o, işdən çıxıb piyada Binə qəsəbəsində yol ilə gedərkən Səttar idarə etdiyi “Daewoo Gentra” markalı **- DC-*** dövlət nömrə nişanlı avtomobillə gəlib yanında saxlamış və ondan avtomobilə minməyi tələb etmişdir. O da səs-küy salmasından qorxub onun avtomobilinə minmişdir. Daha sonra Səttar ondan ayrılmamağını deyərək ayrılsa başına oyun açacağını bildirib onu hədələməyə başlamışdır. Bir qədər yol getdikdən sonra Səttar yolda Elmiri görmüş və ondan avtomobilinə minməyi tələb etmişdir. Həmin vaxt Elmirin dostu Həmid də yanında olmuşdur. Elmir Səttara çıxıb getməsini demiş və bu zaman Səttar onu avtomobildən düşürtmüş və avtomobilin arxa saxlanc yerini açıb ordan balta götürüb onun üstünə hücüm çəkib vuracağını bildirdikdə Elmir araya girmiş və onu da vurmaq istədikdə Həmid Səttarın əlindən baltanı alıb yolun digər tərəfində uzağa atmış və Səttardan getməsini tələb etmişdir. Əvvəlcə Səttar avtomobilinə minmiş və sürməyə başlamış, lakin tez də dayandırmış, həmin vaxt Elmirgil də ondan aralanıb gedirmişlər. Səttar yenidən avtomobili onun qarşısına sürüb dayanmış və əlinə biz kimi dəmir alıb onun üstünə gələndə Elmir və Həmid onun köməyinə çatmışdır. Bu zaman Səttar birinci Həmidə həmin mismar və ya bizə bənzər alətlə zərbə atsa da Həmid zərbədən yayınmış, bu zaman Elmir araya girmiş və Səttar Elmirin qarnından və qolundan həmin alətlə vurmuş, Elmirin yarasından qan axmağını görüb tez avtomobilinə minərək sürüb oradan uzaqlaşmışdır. O və Həmid Elmirə yardım etmişlər, Elmirin yerə düşən telefonunu Həmid axtarıb tapmış və digər dostu Akifə zəng edərək hadisə yerinə çağırmışdır. 20 dəqiqə sonra Akif oraya taksi ilə yaxınlaşmış və onlar Elmiri həmin avtomobillə Sabunçu 3 Saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Həmid və Akif xəstəxanada qalmışlar, onu isə gəldikləri taksi avtomobili ilə yola salmışlar və o Binə qəsəbəsi, Mehriban Qonşular küçəsindəki evinə getmişdir. Həmin hadisə zamanı o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Həmidi əlindəki iti alətlə vurmasına təhrik etməmiş, nə də onu qəsdən Elmirgilin yanına gətirməmişdir. Sadəcə onlar Elmirlə işdən sonra görüşməyə razılaşdıqları üçün Elmir 4 iyun 2021-ci il tarixdə saat 00:30 radələrində onu yaşadığı Binə qəsəbəsi, Mehriban Qonşular küçəsində yolun kənarında gözləmişdir. Həmin vaxt gecə saat 00:30 radələri olduğundan onlardan başqa heç kim olmamışdır və səs-küyə də kimsə gəlməmişdir. O, hadisə vaxtı heç bir xəsarət almamış və bu səbəbdən ekspertizadan keçmək istəməmişdir. Hadisə zamanı Səttar əlinə balta götürsə də, bir başa ona yönəldib onu ölümlə hədələməmiş, onu Elmirə görə qısqanaraq başına oyun açacağını desə də əsas Elmirgilə hücum çəkmiş və onlarla münaqişə etmiş, sonda da hər ikisinə əlindəki sonradan götürdüyü iti alətlə xəsarətlər yetirmişdir. Həmin münaqişə Binə qəsəbəsi, Mehriban Qonşular küçəsində “Qələbə” marketin yaxınlığında Səttarın avtomobillə Elmirin qarşısını kəsib onunla olan münasibətini aydınlaşdırmaq bəhanəsi ilə başlamış, Elmir və dostu Həmid dava-dalaşdan yayınsalar da Səttar aqressiv hərəkətlərini davam etdirərək ətrafa hədələr yağdırıb Elmirə və Həmidə hücum çəkib onlara iti alətlə xəsarət yetirməsi nəticəsində Elmirdən qan gəlməsini görüb hadisə yerindən uzaqlaşması ilə sona çatmışdır və münaqişə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər ikisi Təqsirləndirilən şəxs tərəfindən hücuma məruz qaldıqlarından ancaq özlərini müdafiə etmişlər və Səttarı qəsdən vuraraq xəsarət yetirməmişlər. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə dava etməsi üçün Təqsirləndirilən şəxs hər hansı formada təhrik etməmiş, əksinə onu münaqişədən kənarlaşdırmaq istəmişdir (cild 1, iş vərəqə 33-36). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 16-18). Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqə 77-80). Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqə 161-164). Cinayət işinin materiallarında olan “baxış protokolu”ndan görünür ki, baxış keçirilərkən hadisə yerinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular küçəsində “Qələbə” marketin yaxınlığı olması müəyyən edilmişdir, hadisə yerində qana bənzər ləkələr və digər izlər aşkar edilməmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 göstərməsinə əsasən Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular küçəsindəki yolun kənarında torpaq sahəsindən 1 ədəd dəmir tutacaqlı balta aşkar edilərək maddi sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 6-10). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X9 28 iyun 2021-ci il tarixli 578 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – qarnın sol yarısının əzilmiş-deşilmiş yarası məhdud səthə və iti ucluğa malik deşici əşyanın (ola bilsin mismar) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla 04.06.2021-ci il tarixinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərər vurmaya aiddir. Hadisə haqqında məlumatlara əsasən qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur (cild 1, iş vərəqə 118-119). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X9 28 iyun 2021-ci il tarixli 636 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sol tərəfli hematoraks və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna (daxilə) nüfüz edən 1 ədəd, sağ dirsəyin 2 ədəd deşilmiş yaraları deşici təsirə malik alətin (ola bilsin vintaçan) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla 04.06.2021-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara əsasən qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir (cild 1, iş vərəqə 120-122). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X9 26 iyul 2021-ci il tarixli 352- 2021/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 1 ədəd deşilmiş zədə aşkar edilmişdir. Bu zədə ucu iti olan hər hansı bir əşyanın təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs1 məxsus köynək üzərində aşkar edilmiş deşilmiş zədənin ekspertizaya təqdim edilən vintaçan alətin işçi metallik hissəsinin fiqurlu ucu və ya oxşar konstruktiv xüsusiyyətli alətin (əşyanın) ucunun təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sol aşağı hissəsinin üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Həmin ləkələrdən sol tərəfə, aşağıya doğru olan ləkələrdən bəzisi qan mənbəyindən (qanlı səthdən) az hündürlükdən, bəzisi bucaq altında olmaqla düşən damcılar, bəziləri isə qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik impuls verməklə düşən “sıçrantı” xarakterli ləkələrdir. Köynəyin ön səthində digər sahələrdə və arxa səthinin sağ yarısında olan ləkələr isə yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthə) dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus köynəyin üzərində fiziki qüvvənin təsirindən yaranmağa xarakterik olan heç bir dartma, cırılma və ya sökülmə zədəsi aşkar olunmadı. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş sol tərəfli hematoraks və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna (daxilə) nüfüz edən 1 ədəd və sağ dirsəyin 2 ədəd deşilmiş yaraları xəsarətlərinin ekspertizaya təqdim olunmuş vintaçan alətin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş predmet zavod üsulu ilə hazırlanmış məişət təyinatlı vintaçan alətdir və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş balta kustar üsulla hazırlanmışdır, məişət-təsərrüfat təyinatlıdır və soyuq silah hesab olunmur (cild 1, iş vərəqə 138-145). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X9 521/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 AB0 sisesmi üzrə qan qrupu A(İİ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqindən). Məhkəmə tibbi bioloji ekspertizasına təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Qanın qrup mənsubiyyəti AB0 sisetmi üzrə təyin olunduqda antigenlər qismində yalnız “A” antigeni alınmışdır. Bu antigen tək halda A(İİ) qrupunu formalaşdırıb xarakterizə etdiyindən göstərilən qan ləkələri AB0 sistemi üzrə həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını demək olar və bu qan ləkələrinin eyni qruplu Zərərçəkmiş şəxs1 da məxsus olması inkar olunmur. Tədqiqata təqdim olunmuş vintaçanın metal milində (o cümlədən milin ucunda olan haşiyəli oymaların dibində) qan aşkar olunmadı. Vintaçanın tutacağı üzərinə baxış zamanı qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı (cild 1, iş vərəqə 151-156). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 7 avqust 2021-ci il tarixli 1740 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 148-149). Cinayət işinin materiallarında olan “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılarkən Təqsirləndirilən şəxs könüllü təqdim etməsinə əsasən cinayət hadisəsi zamanı istifadə etdiyi 1 ədəd vintaçan aləti təqdim etdiyindən həmin alətə baxış keçirilməklə götürülmüşdür. Belə ki, baxış zamanı müəyyən edilmişdir ki, həmin alət ABŞ-nın bayrağını əks etdirən qırmızı, ağ rəngli zolaqları və üzərində ulduz işarələri olan plastik tutacaqlı dəmir vintaçan alətdir. Həmin vintaçanın 2 başlığı vardır, bir başlığı “+” digər başlığı isə “-” formalıdır və ucluqların çıxarılıb əks tərəfə dəyişidirilməsi mümkündür. Vintaçan alətin üzərində gözlə görünən, qana bənzər ləkələr müşahidə edilməmişdir (cild 1, iş vərəqə 75-76). Cinayət işinin materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş əşyalar arasından Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsi törədilərkən istifadə edilmiş 1 ədəd dəmir baltanı və 1 ədəd vintaçan aləti əlamətlərindən tanıyaraq göstərmiş və bu barədə protokollar tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 133- 136). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş cinayətin törədilməsində silah qismində əşya kimi istifadə edilmiş 1 ədəd vintaçan alət və hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd balta, Bakı şəhər 3 saylı Şəhər Kliniki Xəstəxanasından götürülmüş 1 ədəd Zərərçəkmiş şəxs1 məxsus qanlı qısaqol ağ rəngli köynək isə cinayətin izlərini üzərində daşıdığından maddi sübut kimi tanınmış və saxlanılması üçün Xəzər RPİ-nin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqə 198-209). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 116). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 3). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif etməklə yanaşı, onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 8 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 58). Cinayət işinin materiallarında olan Xəzər rayon məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 8 iyun 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 102-107). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 8 iyun 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş cinayətin törədilməsində silah qismində əşya kimi istifadə edilmiş 1 ədəd vintaçan alət və hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd balta, Bakı şəhər 3 saylı Şəhər Kliniki Xəstəxanasından götürülmüş 1 ədəd Zərərçəkmiş şəxs1 məxsus qanlı qısaqol ağ rəngli köynək məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 8 iyun 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş cinayətin törədilməsində silah qismində əşya kimi istifadə edilmiş 1 ədəd vintaçan alət və hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd balta, Bakı şəhər 3 saylı Şəhər Kliniki Xəstəxanasından götürülmüş 1 ədəd Zərərçəkmiş şəxs1 məxsus qanlı qısaqol ağ rəngli köynək məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1684/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1684/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver