Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1686/2022 17.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,345 qram, 1,953 qram, 1,333 qram və 18,603 qram olmaqla ümumi çəkisi 22,234 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetimini və 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,484 qram və 0,025 qram olmaqla ümumi təmiz çəkisi 0,509 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla, daşımış, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin və Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 28 aprel 2022-ci il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov qardaşları küçəsi, ev 90 ünvanında saxlanılaraq həmin idarəyə gətirilmiş, orada 29 aprel 2022-ci il tarixdə, saat 00:20-dən etibarən xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı həmin vaxtı əynində olan açıq boz rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,484 qram və 0,025 qram olmaqla ümumi təmiz çəkisi 0,509 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,345 qram, 1,953 qram, 1,333 qram və 18,603 qram olmaqla ümumi çəkisi 22,234 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetimin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadə edir. Sonuncu dəfə 28 aprel 2022-ci il tarixdə axşam saatlarında “patı” deyilən narkotik vasitə olan metamfetamin qəbul etmişdir. O, heroini və metamfetamini iynə yolu ilə, yəni inyeksiya yolu ilə qəbul edir. Narkotik vasitə istifadə etdiyi üçün əvvəllər məhkum olunmuşdur. 28 aprel 2022-ci il tarixdə özü istifadə etmək məqsədilə qonşuluqda yaşayan Qadir adlı şəxsdən 100 manat müqabilində heroini və metamfetamini alaraq üzərində saxlamış, həmin gün saat 23:45-də o, ünvan 2 ünvanında olan zaman əvvəllər tanıdığı iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini ona təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitələrin qəbulunda və saxlanılmasında şübhəli olduğunu deyib, onu Səbail rayon Polis İdarəsinə dəvət etmişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Səbail rayon Polis İdarəsinə yollanmışdır. Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Onun özü ona edilən təklifdən sonra həmin vaxtı ǝynində olan açıq boz rəngli gödəkçənin sağ yan cibindən, içərisində metamfetamin olan bir ədəd ağ rəngli kağıza bükülmüş 1 ədəd böyük bükümü, həmçinin içərisində metamfetamin olan gümüşü rəngli siqaret qutusunun kağızına bükülmüş 3 bükümü və içərisində heroin olan siqaret kağızına bükülmüş 2 bükümü masanın üzərinə qoymaqla təqdim etmiş və təqdim etdiyi içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olan bükümləri 28 aprel 2022-ci il tarixdə, axşam saatlarında qonşuluqda yaşayan Qadir adlı şəxsdən 100 manat pulun müqabilində alıb, özü istifadə edəcəyi üçün üzərində gəzdirdiyini polis əməkdaşlarına bildirmişdir. Onun təqdim etdiyi bükümlər zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar və onun tərəfindən imzalanmış və möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Mahiyyəti üzrə bildirir ki, 28 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istifadəsi və alqı-satqısı ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat Səbail RPİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Səbail RPİ-nin NMB-nin rəisi Çinar Nuriyev, əməliyyat müvəkkili Şahid2, onun və CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid3 iştirakından ibarət əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 28 aprel 2022-ci il tarixdə, saat 23:45-də ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edib, onu Səbail RPİ-nə dəvət etmişlər. Prosessual hərəkətlər yerinə yetirildikdən sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxtı əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd böyük bükümdə ağ rəngli kağıza bükülmüş metamfetaminə bənzər maddə, digərləri isə siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş 3 ədəd metamfetaminə bənzər və 2 ədəd gümüşü siqaret qutusunun gümüşü kağızına bükülmüş heroinə bənzər kütləni masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin kimə məxsus olduğunu soruşduqda, sonuncu həmin bükümlərin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümün içərisində psixotrop maddə metamfetamin, siqaret qutusunun gümüşü kağızına bükülmüş 3 ədəd bükümlərdə psixotrop maddə metamfetamin və 2 ədəd siqaret qutusunun gümüşü kağızına bükülmüş bükümlərdə narkotik vasitə heroin olduğunu, həmin psixotrop maddə metamfetamin və narkotik maddə heroini özü istifadə etməsi üçün qonşuluqda yaşayan Qadir adlı şəxsdən 100 manat pulun müqabilində aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər zərfə qoyularaq qablaşdırılmış, üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq və möhürlənərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdilər. İbtidai istintaq zamanı şahid qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadəsində Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs olunmamışdan əvvəl ünvan 4 ünvanında yaşamışdır. Qardaşı İslam əvvəllər də narkotik vasitələrin üzərində daşıması üçün bir neçə dəfə həbs olunmuşdur. O, İslamın narkotik vasitə istifadəçisi olmasını bilsə də, üzərində narkotik vasitə saxlaması, daşıması və gəzdirməsi barədə onun məlumatı olmamışdır. Onun Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında narkotik vasitə və psixotrop maddə saxlayıb-saxlamaması barədə məlumatı olmamışdır (cild 1, iş vərəqi 105-107). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, alınmış əməliyyat məlumatına əsasən “İslam” adlı şəxs ünvan 5 ünvanın qarşısında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istifadəsi və alqı-satqısı ilə məşğul olur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, “İslam” adlı şəxs xx.xx.1960-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 90, mənzil 7-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tədbirlərinin keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, alınmış əməliyyat məlumatına əsasən, narkotik vasitələrin istifadəsində və alqı-satqısında şübhəli bilinən xx.xx.1960-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 90, mənzil 7-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov qardaşları 90 ünvanın qarşısında olarkən xx.xx.2022-ci il tarixdə, saat təxminən 23:45-da saxlanılaraq Səbail RPİ-yə gətirilmişdir (cild 1, iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskin məzmunundan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd böyük büküm ağ rəngində kağıza bükülmüş metamfetaminə bənzər maddə, digərləri isə gümüşü rəngdə siqaret qutusunun kağızına bükülmüş 3 ədəd metamfetamin və 2 ədəd gümüşü rəngdə siqaret qutusunun kağızına bükülmüş heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin bükülülərin içərisində nə olduğunu soruşduqda o, bir ədəd böyük bükümdə metamfetamin, siqaret qutusunun kağızına bükülmüş 3 ədəd bükümdə metamfetamin və 2 ədəd gümüşü rəngdə siqaret qutusunun kağız bükümdə heroin olduğunu bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin özü istifadə etməsi üçün 100 manata qonşuluqda yaşayan Qadir adlı şəxsdən Bayıl qəsəbəsində aldığını bildirmişdir. Aşkar olunmuş maddələr kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 31-33). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2478 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 51” dairəvi möhür əksi “...Təqsirləndirilən şəxsM imza......” yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə һər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,484 qram və 0,025 qram olmaqla ümumi çəkisi 0,509 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,345 qram, 1,953 qram, 1,333 qram və 18,603 qram olmaqla, ümumi çəkisi 22,234 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respubli kasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir, Aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 39-44). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin mənzilinə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokolun məzmunundan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ev ünvan 4 ünvanına baxış aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 114-124). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin üzərinə keçirilmiş şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olan açıq boz rəngli gödəkçənin sağ yan cibindən içərisindən ağ və tünd qəhvəyi rəngdə maddə kütlələri olan 5 ədəd siqaretin gümüşü kağızına və 1 ədəd kağız parçasına bükülmüş ümumilikdə 6 ədəd bükümləri çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirir ki, üzərinə şəxsi axtarış aparılan həmin şəxs onun özüdür, həmin görüntülər 29 aprel 2022-ci il tarixdə Səbail RPİ-nin inzibati binasında otaqların birində üzərinə aparılmış şəxsi axtarış zamanı çəkilmişdir, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq boz rəngli gödəkçənin sağ yan cibindən çıxarıb içərisində ağ və tünd qəhvəri rəngli maddə kütlələri olan 5 ədəd siqaretin gümüşü kağızına və 1 ədəd kağız parçasına bükülmüş ümumilikdə 6 ədəd bükümlərdə olan maddə narkotik vasitə heroindir və psixotrop maddə olan metamfetamindir. Daha sonra aşkar edilmiş 6 ədəd bükümlər zərfə qoyulub qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanır (cild 2, iş vərəqi 16). İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail RPİ NMB-nin rəisi Çinar Nuriyevin 29 aprel 2022-ci il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 163). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2022-ci il tarixli, 1080 saylı məktubunun məzmunundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü, ünvan 4 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olunmamışdır (cild 1, iş vərəqi 143). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2700 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 214). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan və raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz şəkisi 0,509 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 22,234 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,409 qram olan narkotik vasitə heroin və 22,034 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə verilmişdir (cild 2, iş vərəqi 210-212). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi “Qadir” adlı şəxs müəyyən edilmişdir. Belə ki, “Qadir” adlı şəxs xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, məhkum olunmuş, Ağdam şəhəri, S.S.Axundov küçəsi ev 116-da qeydiyyatda olan və ünvan 6 ünvanında yaşayan X4r (cild 1, iş vərəqi 125). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərarlardan və protokoldan görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, barəsində axtarış elan edilmiş və xx.xx.2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 164-167, 178). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş icraata ayrıca cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini əldə etdiyi mənbə və təqsirləndirilən şəxs X3 üzərindən narkotik vasitənin aşkar edilməsi üzrə Azərbaycan Respublikası CM-nin CMnin 234.4.3-cü maddəsi ilə icraata ayrıca ********* nömrəli cinayət işi ayrılmış və ibtidai istintaqın aparılması üçün icraata götürülmüşdür (cild 2, iş vərəqi 45-47). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 45 saylı MKİS tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 255 saylı xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov qardaşları küçəsi ev 90, mənzil 7-də qeydiyyatdadır. Qeydiyyatda olduğu müddət ərzində Səbail rayon 45 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qonşular tərəfindən onun barəsində heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 146). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün narkotik vasitənin yalnız istifadəçisi olması, yəni narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, onların müxtəlif narkotiklərə aid olması, eyni zamanda xırda bükümlərə bükülməsi hallarını, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib, üzərində saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən və hökmün icrası barədə göstərişdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm 20 aprel 2022-ci il tarixdə icraya yönəldilmişdir (cild 1, iş vərəqi 92-93, 157-161). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21/1-3-19362-2 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmiş və 15 noyabr 2022-ci il tarixədək cəzasının çəkilməmiş hissəsi 2 (iki) il 5 (beş) ay 22 (iyirmi iki) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs ona Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı çəkmədiyinə görə məhkəmə hesab edir ki, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2022-ci il taixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddədində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həbsdə saxlanması nəzərə alınmaqla ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin hökm qanuni qüvvəyə minəndən bir neçə gün sonra o, hazırkı iş üzrə ittiham olunduğu cinayəti törətmişdir. Eyni zamanda müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ümumiyyətlə çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü, azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan raportdan, tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə saat 23:45 dəqiqədə saxlanılmış, 29 aprel 2022-ci il tarixdə saat 00:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, 30 aprel 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 11, 28, 85-89). Odur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli hökmünə əsasən 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi nəzərə alınmaqla ona hazırkı hökm üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 28 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,409 qram olan narkotik vasitə heroin və 22,034 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəza ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2022-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesabı ilə hesablanmaqla 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası kimi qismən toplanılmaqla hökmlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,409 qram olan narkotik vasitə heroin və 22,034 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 88 (səksən səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1686/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1686/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver