Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1687/2023 06.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X6 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X5, Müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək satıb qazanc əldə etmək məqsədilə sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan «Mahan» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 22 fevral 2023-cü il tarixdə günorta saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tibb Universitetinin yaxınlığında sonuncu tərəfindən gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq 310 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, 1081,59 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və 20 ədəd narkotik vasitə metadon həbini əldə edib daşıyaraq yaşadığı evində saxlamış, cinayətkar planına uyğun olaraq narkotik vasitələri «Mahan» adlı şəxsin göstərdiyi yerlərə çatdırmaq üçün tərəzidən istifadə etməklə hissələrə bölmüş, 24 fevral 2023-cü il tarixdə qurudulmuş marixuananı və 20 ədəd metadon həbini üzərində saxlayıb daşıyarkən saat 21:35 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən BNMİ-nə gətirilmiş və orada şübhəli şəxs qismində tutularaq saat 23:00 dəqiqədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə 11,190 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan 20 ədəd «Methadone 40» əmtəə göstəriciləri olan konvalyutlarda içərisində narkotik vasitə olan metadon həbləri aşkar edilib götürüldükdən sonra əməliyyat-axtarış tədbirlərinin davamı kimi 25 fevral 2023-cü il tarixdə saat 00:10 dəqiqədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, ev 8, 27 saylı mənzilə baxış keçirilən zaman yataq otağındakı taxta konstruksiyalı dolabın içərisindən bir ədəd bükümdə 310 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, iki ədəd sellofan bükümdə və bir ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 16,300 qram, 49,10 qram, 1005,0 qram olmaqla ümumilikdə 1070,40 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və üzərində marixuananın hissəcikləri və heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da o, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, onda 2 qram marixuana və 2 list (hər birində 10 həbb) metadon olub. Avtomobilində də cəmi 17 qram heroin olub. Onda ittiham aktında yazılan miqdarda narkotik olmayıb. İttiham aktında evindən 310 qram heroin çıxması yazılıb, 1 kiloqram da marixuana yazılıb. Əslində evindən 52 qram marixuana çıxıb. Avtomobilində də 17 qram heroin olub. Polislər onu evə videoçəkiliş aparmaq üçün gətirəndə ona demişlər ki, evində nə qədər narkotik varsa çəkisini de, biz də sənə artıq narkotik qoymayaq. O da problem olmadığını bildirmişdir. Amma sonradan ittiham aktında narkotiklərin çəkisini olduğundan çox artıq yazmışlar. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiqlər edilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, ondan aşkar olunan elektron tərəzi özünə məxsusdur və aldığı narkotik vasitəni çəkmək üçün istifadə edirmiş. Hazırda isə marixuana istifadə etdiyini, heroin və metadonu uzun müddətdir ki, istifadə etmədiyini bildirmişdir. İranlıdan narkotik vasitəni satmaq barədə hər hansı bir tapşırıq almamışdır və narkotik vasitələri sırf istifadəsi üçün almışdır, heç vaxt satmaq fikri olmamışdır və satmamışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 24 fevral 2023-cü il tarixdə, saat 21:35 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, ev 8 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər.Orada dəvət olunmuş müdafiəçisinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir.Daha sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən, 1 ədəd sellofan bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütləsini,20 ədəd “metadone- 40” həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sağ yan cibindən 1 ədəd “4098 5844 6858 2398” nömrəli plastik bank kartı, 1 ədəd açar, 1 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın çəkisi 14 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd plastik bank kartı bu barədə izah verildikdən sonra götürülmüş, 1 ədəd açar ona geri qaytarılmışdır. Üzərinə şəxsi axtarış aparıldıqdan sonra, müdafiəçisi və polis əməkdaşları ilə yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilinə getmişlər. Orada o, qardaşı Bəşir, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə mənzilə baxış keçirmişlər. Mənzilə baxış zamanı o yaşadığı mənzilin yataq otağında taxta konstruksiyalı dolabdan 1 ədəd sarı rəngli torbanın içərisindən 1 ədəd elektron tərəzi, 1 ədəd narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər olan dəftər, 1 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin kütləsini, 2 ədəd sellofan bükümdə və 1 ədəd bağlamada olan açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 344 qram, qurudulmuş marixuananın ümumillikdə çəkisi 1 kq 127 qram olmuşdur. Daha sonra həmin kütlələr və 1 ədəd elektron tərəzi qablaşdırılaraq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər olan 1 ədəd dəftər ona izah verildikdən sonra götürülmüşdür. Üzərindən aşkar olunmuş kütlənin və həblərin özünə məxsus olduğunu, həmin kütləni, həbləri sosial şəbəkədə tanış olduğum İran İslam Respublikasının vətəndaşı “Mahan” adlı şəxsdən Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Tibb Universitetinin yaxınlığından 22 fevral 2023-cü il tarixdə günorta saatlarında sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona narkotik vasitə verdiyini qeyd etmişdir. Aşkar olunmuş qeydiyyat dəftərində narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər apardığını, yaşadİğı ünvandan aşkar olunmuş narkotik vasitələrdən heç kimin xəbəri olmadığını və başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və satışı ilə məşqul olması, evində saxlaması və barədə əməliyyat məlumatı daxil olmuş, 24 fevral 2023-cü il tarixdə saat 21.35-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, ev 8 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. İdarədə Müşfiqə üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs cins şalvarın sol yan cibindən, 1 ədəd sellofan bükümdə qurudulmuş marixuana, 20 ədəd “metadone-40” həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, marixuana və həblər özünə məxsusdur. Onları sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşından Nəsimi rayonu ərazisində əldə etmişdir. Müşfiqin razılığı ilə evinə baxış keçirilmişdir. Onun Binəqədi rayonu, Rəsulzadə küçəsində yerləşən mənzilindən 1 ədəd elektron tərəzi, 1 büküm heroin 2 ədəd sellofan bükümdə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Müşfiq narkotik vasitələrin özünə məxsus olduğunu İranlının tapşırığı ilə qeyd olunan yerlərə qoymaq üçün əldə etdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin , psixotrop maddələrin qəbulu və satışı ilə məşqul olması , evində saxlaması və barədə bizə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir. Onun cinayət başında yaxalanması üçün Baş İdarə rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qəbul olunmuş qərar Baş İdarə rəisi tərəfindən təsdiq olunmuşdur. İş yoldaşı əməliyyat müvəkkili , polis baş leytenantı Şahid2 ilə birlikdə 24 fevral 2023-cü il tarixdə saat 21.35-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi,ev 8 ünvanının yaxınlığında olduğunu müşahidə etmişlər. Ona yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edərək onun da özünü təqdim etməsini və onlarla birlikdə BNMİ-nə getməyinin vacibliyini ona bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs saxlanmağının səbəbini anladığım bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə BNMİ-nə getmişlər. BNMİ-nin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı Anar Aslanov tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış aparilmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən, 1 (bir) ədəd sellofan bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütləsini, 20(iyirmi) ədəd “metadone-40” həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd “4098 5844 6858 2398” nömrəli plastik bank kartı, l(bir) ədəd açar, l(bir) ədəd içərisində ***-***-**-** kart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın çəkisi 14(on dörd) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün l(bir) ədəd “Samsung” markalı mobil telefon və l(bir) ədəd plastik bank kartı bu barədə Təqsirləndirilən şəxs verildikdən sonra götürülmış, l(bir) ədəd açar isə ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunmuş kütlə və həblər özünə məxsusdur. Belə ki, həmin kütləni, həbləri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Mahan” adlı şəxsdən Bakı şəhəri, Nəsimi rayonu ərazisində 22 fevral 2023-cü il tarixdə günorta saatlarında sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etmişdir. Bunun müqabilində İİR vətəndaşının ona həmin ünvanlardan götürəcəyi narkotik vasitə və psixotrop maddələrdən verdiyini, üzərindən aşkar olunmuş plastik kartdan “Mahan” adlı şəxsə narkotik vasitənin dövriyyəsindən əldə olunmuş pul vəsaitinin köçürəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Üzərindən başqa, yaşadığı ünvan 4 ünvanında narkotik vasitə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Onun üzərinə şəxsi axtarış aparıldıqdan sonra o, müdafiəçisi və onunla birlikdə yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilinə getmişlər. Bundan sonra o, qardaşı Axundov Bəşir, müdafiəçisi və onunla birlikdə mənzilə baxış keçirilməsinə başlamışlar. Mənzilə baxış zamanı o yaşadığı mənzilin yataq otağında taxta konstruksiyalı dolabdan l(bir) ədəd sarı rəngli torbanın içərisindən 1 (bir) ədəd elektron tərəzi, l(bir) ədəd narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər olan dəftər, l(bir) ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin kütləsini, 2(iki) ədəd sellofan bükümdə və l(bir) ədəd bağlamada olan açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 344 (yüz iyirmi dörd) qram, qurudulmuş marixuananın ümumillikdə çəkisi l(bir) kq 127(yüz iyirmi yeddi) qram olmuşdur. Daha sonra həmin kütlələr və l(bir) ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmıqşdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən l(bir) ədəd narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər olan dəftər bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş kütlələrin, tərəzinin və qeydiyyat dəftərinin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Mahan” adlı şəxsdən Bakı şəhəri, Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 22 fevral 2022-ci il tarixdə əvvəl İİR vətəndaşının qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona narkotik vasitə verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs qardaşı X7 verilən suallara cavab olaraq yaşadığı ünvanda aşkar olunmuş kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində saxlanılaraq idarəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (həmin protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə saat Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, ev 8 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarədə xidməti otaqların birində üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın cibindən 01 ədəd sellofan bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 20 ədəd “metadone-40” həblərinə bənzər kütlə, sim kartla dirgə bir ədəd mobil telefon və 1 ədəd plastik bank kartı aşkar edilərək götürülmüşdür. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 14 qram olmuşdur. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, baxış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağında taxta konstruksiyalı dolabdan 1 ədəd sarı rəngli torbanın içərisindən 1 ədəd elektron tərəzini, 1 ədəd narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər olan dəftəri, 1 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni, 2 ədəd sellofon bükümdə və 1 ədəd bağlamada olan açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 344 qram, qurudulmuş marixunaya bənzər kütlələrin ümumilikdə çəkisi 1 kq 127 qram (1127qram) olmuşdur. Daha sonra həmin kütlələr və 1 ədəd elektron tərəzi qablaşdırılaraq möhürlənmiş bundan əlavə 1 ədəd narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər olan dəftər götürülümüşdür. Mənzilə baxış keçirilməsinin görüntülərini (axtarışgötürmə) özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 7/293 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə və həblər...." yazı və imzalar qeyd edilmiş 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 11,19 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlələr və 1 ədəd elektron tərəzi...." yazı və imzalar olan paketdə 3 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 16,3 qram, 49,1 qram və 1005 qram olmaqla, ümumi çəkisi 1070,4 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin paketin içərisində olan 1 ədəd ağ-qara rəngli elektron tərəzinin üzərində cüzi miqdar marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/1134 nömrəli rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksi və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə və həblər yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə üzərində Methadone 40 əmtəə göstəriciləri olan konvalyutlarda içərisində ümümilikdə 20 ədəd yazı əlavəli açıq qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 20 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı - 0,8 qramdır. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksi və Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş kütlələr və 1 ədəd elektron tərəzi yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız bağlamada bir ədəd bükümdəki təmiz çəkisi - 310 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş qalıq çəkisi 1081,39 qram narkotik vasitə qurudulmuş marixuana, 18 ədəd metadon (40 mg) həbi, 309,9 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi, 1 ədəd dəftərçə, 1 ədəd mobil telefon və 1 ədəd bank kartı maddi sübut kimi saxlanmasından ötrü Binəqədi RPİ-nin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə (yaşadığı evə) qoyulduğunu, narkotik vasitəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığını, narkotik vasitəni satmaq fikri olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq Təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı burununun sağ yan nahiyəsində bir ədəd kiçik ölçülü üzəri qərtməkli yara müşahidə olunduğu müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında olan Binəqədi Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq müvafiq tibbi sənədlər və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitələrin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə (yaşadığı evə) qoyulduğu, narkotik vasitəni satmaq, və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığı, narkotik vasitəni satmaq fikri olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin müxtəlif növlərdə (heroin, marixuana və metadon) olmaqla yanaşı şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmin narkotik vasitələrin bir qisminin bükümlər halında olmasını, həmçinin təqsirləndirilən şəxsdən elektron tərəzinin aşkar olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. İş materiallarında olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti MKTB-nin 60 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, əvvəllər məhkum olunmamasını və yaşayış yeri üzrə barəsində şikayətin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitələrin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Binəqədi RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 1081,39 qram narkotik vasitə qurudulmuş marixuana, 18 ədəd metadon (40mg) həbi, 309,9 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd mobil telefon və 1 ədəd bank kartı təqsirləndirilən şəxsin özünə və ya onun razılığı ilə yaxın qohumlarına qaytarılmalı, həmçinin 1 ədəd dəftərçə (dəftər) və təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), mənzilə baxış keçirilməsinin görüntülərini (axtarış-götürmə) özündə əks etdirən 01 ədəd disk (DVD) və bank hesab məlumatlarını özündə əks etdirən 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 1081,39 qram narkotik vasitə qurudulmuş marixuana, 18 ədəd metadon (40mg) həbi, 309,9 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd mobil telefon və 1 ədəd plastik bank kartı təqsirləndirilən şəxsin özünə və ya onun razılığı ilə yaxın qohumlarına qaytarılsın (verilsin). Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), mənzilə baxış keçirilməsinin görüntülərini (axtarışgötürmə) özündə əks etdirən 01 ədəd disk (DVD), 1 ədəd dəftərçə (dəftər) və bank hesab məlumatlarını özündə əks etdirən 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 180 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1687/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1687/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver