Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1689/2022 14.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2001-ci il oktyabrın 07-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs instaqram sosial şəbəkəsində tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında naməlum mənbədən satış məqsədi ilə Azərbaycan Respublikasının ərazisində qanunsuz dövriyyəsini həyata keçirmək üçün qanunsuz olaraq külli miqdarda, yəni 5.010,667 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində və idarə etdiyi avtomaşında saxlamaqla daşımış, həmin narkotik vasitənin 0,225 qramını Şahid3, 0,173 qramını isə Şahid4 adlı tanışlarına satdıqdan sonra 2022-ci il iyunun 28-də saat 07 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu, 5 ünvanında idarə etdiyi «KİA RİO» markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə birgə şübhəli şəxs qismində saxlanaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə gətirilib üstünə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən siqaretin gümüşü kağız parçasına bükülməklə içərisində toz halında 0,269 qram çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroin və idarə etdiyi «KİA RİO» markalı **- LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsindəki ehtiyyat təkər üçün nəzərdə tutulan yerdən üzəri şəffaf rəngli yapışqan lentlə bağlı göy rəngli sellofan torbada olan 5.010 qram çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, «KİA RİO» markalı **-LY-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etməklə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2022-ci il iyunun 28-də tanışları Şahid4 və Şahid3 ona zəng edərək sonuncunun əmisinin xahişi ilə sənəd aparmaq üçün onları Bakı metropoliteninin «Həzi Aslanov» stansiyasının yaxınlığına aparmağı istəmişlər, o, Əfsanə və Rzanı yanındakı Əli adlı qonşusu ilə qeyd olunan avtomaşın ilə Abşeron rayonunun Xırdalan şəhərindəki «Masazır dairəsi» adlanan ərazidən götürməklə Bakı metropoliteninin «Həzi Aslanov» stansiyasının yerləşdiyi əraziyə apardıqda Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu, 5 ünvanında olan marketin qarşısında saxlayıb mağazaya girmək istəyərkən iki nəfər mülki geyimli polis əməkdaşı onlara yaxınlaşaraq narkotik vasitə istifadə etmələrindən və üzərlərində saxlamalarından şübhələndiklərini bildirməklə hamını Bakı şəhərinin Nərimanov Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçiriləndə əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən siqaretin gümüşü kağız parçasına bükülən bir ədəd bükümü çıxarıb könüllü təqdim etməklə bükümdəki yarım qram narkotik vasitə heroini bir neçə ay öncə yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Tutularkən onun üstündə yalnız dediyi çəkidə narkotik vasitə heroin olmaqla ittiham olunduğu digər büküm onun deyildir. Polis bölməsində polis əməkdaşlarının təzyiqi nəticəsində sürdüyü avtomobildən aşkar edilən bükümdəki narkotik vasitə heroinin ona məxsus olduğunu bildirmiş, lakin bu barədə heç bir yerə şikayət etməmişdir. O, Əli adlı İran İslam Respublikasının vətəndaşını tanımır. Əfsanə ilə Rzaya narkotik vasitə satmamış və verməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis serjantı olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il iyunun 28-də saat 07 radələrində kiçik inspektor X3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, «Baksol yolu» adlanan ərazidə xidmət aparan zaman marketin qarşısında dayanmaqla «KİA RİO» markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən üç nəfər şəxsin hərəkətlərindən şübhələnib yaxınlaşaraq özlərini təqdim etmiş və göstərilən şəxslərdən özlərini təqdim etmələrini tələb etdikdə sonuncuların suallarından yayınmaları, gözlərinin axması və narkotik vasitənin təsiri altında olmaları, üzərlərində narkotik vasitə daşımaları ilə bağlı şübhələrini artırıldığından həmin adamları Bakı şəhərinin Nərimanov Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada sonunculardan «KİA RİO» markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs, digərlərinin isə Şahid3 və Şahid4 olmaları müəyyənləşdirildikdən sonra müdafiəçilərin iştirakı ilə sonuncuların hər birinin üzərinə ayrı-ayrılıqda videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsi təklif olunanda sonuncu əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən siqaretin gümüşü kağızına bükülən bir ədəd bükümü könüllü təqdim edərək içərisindəki narkotik vasitə heroini bir neçə ay öncə yerdən tapıb özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, bundan əlavə «İnstaqram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə Bakı şəhəri, Nərimanov rayonu, «Baksol yolu» kimi tanınan ərazidə daşın altındakı içərisində narkotik vasitə olan bağlamanı götürərək deyilən şəxsə çatdırması müqabilində qazanc əldə edəcəyini, qeyd olunan bağlamanın idarə etdiyi nəqliyyat vasitəsinin baqaj hissəsində olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə avtomobildə axtarış və götürmə aparılarkən göstərilən avtomaşının arxa yük hissəsində ehtiyat təkər üçün nəzərdə tutulan yerindən bir ədəd üzəri şəffaf rəngli yapışqan lentlə bağlanan göy rəngli sellofan torba aşkar edilməklə götürülmüş, Təqsirləndirilən şəxs üzərindən və «KİA RİO» markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilən predmetlər zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, tərtib olunan protokolların düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Həmin ərəfədə çoxsaylı əməliyyatlarda iştirak etdiyindən və hadisə uzun müddət əvvəl baş verdiyindən ola bilsin, saatı tam dəqiqliyi ilə xatırlamır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis serjantı olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 ilə analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır. 2022-ci il iyunun 28-də saat 22 radələrində o, Şahid4 və Əli adlı Vəkilxanın qonşusu sonuncunun taksi fəaliyyəti ilə məşğul olduğu «KİA RİO» markalı **-LY-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə gedərkən Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu, 5 ünvanında olan marketin qarşısında dayanmışlar. Bu vaxt Əli marketə su almaq üçün yollandığından salonda olmamışdır. Bir qədər keçmiş iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirməklə bir neçə dəqiqə danışandan sonra narkotik vasitə istifadə etmələrindən və üzərlərində saxlamalarından şübhələndiklərini deyərək onları Bakı şəhərinin Nərimanov Rayon Polis İdarəsinə dəvət etmişlər. Tutularkən onun üzərində heç bir qanunsuz predmet olmamışdır. O, polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində ibtidai istintaqdakı sənədlərə qol çəkmiş, lakin məruz qaldığı zorakılıqla əlaqədar heç bir rəsmi orqana şikayət etməmiş, Vəkilxanın üzərində narkotik vasitə olmasını əvvəlcədən bilməmiş, sonradan Vəkilxanın sürdüyü avtomaşından da beş kiloqram narkotik vasitə aşkarlandığını öyrənmişdir. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 2022-ci il iyunun 28də 20 manat pul müqabilində Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin alsa da onlara polis əməkdaşları yaxınlaşdıqlarından qəbul etməmişdir. Onların olduqları avtomobildə ondan, Rzadan və Vəkilxandan başqa sonuncunun Əli adlı qonşusu da olmuş, lakin sonuncu su almaq üçün marketə getdiyindən tutulmamışdır. Polislər onları Bakı şəhərinin Nərimanov Rayon Polis İdarəsinə apardıqdan sonra orada ayrı-ayrılıqda videoçəkilişlə müdafiəçinin iştirakı ilə onun üzərində baxış keçirildikdə çantasındakı bir ədəd bükümü çıxarıb təqdim edərək içərisindəki narkotik vasitə heroini necə əldə etdiyini izah etmişdir. Vəkilxanın idarə etdiyi «KİA RİO» markalı **- LY-*** dövlət nömrə nişanlı avtomaşında narkotik vasitə heroin aşkar edildiyini eşitmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiq olunmamışdır. Əvvəllər də Vəkilxandan narkotik vasitə heroin almışdır. Polis əməkdaşları onları gecə saat 02-03 radələrində saxlamışlar. Məhkəmə iclasında elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs 2022-ci il iyunun 28-də ibtidai istintaqda verdiyi izahatlarda, habelə 2022-ci il iyunun 29-da şübhəli şəxs qismindəki ifadədə Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan əməli qismən etiraf etməklə «İnstaqram» sosial şəbəkəsində tanış olduğu Əli adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə Bakı şəhəri, Nərimanov rayonu, «Baksol yolu» adlanan ərazidə daşın altındakı içərisində narkotik vasitə olan bağlamanı götürərək deyilən şəxsə çatdırması müqabilində qazanc əldə edəcəyini, qeyd olunan narkotik vasitənin idarə etdiyi «KİA RİO» markalı **-LY-*** dövlət nömrə nişanlı avtomobilin yük yerində olduğunu, 2022-ci il iyunun 28-də tutularkən polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətə, fiziki və ya psixoloji zorakılığa məruz qalmadığını göstərmişdir; 2022-ci il iyunun 29-da təqsirləndirilən şəxs qismindəki ifadədə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilsə də Şahid3 və Şahid4 narkotik vasitə satmadığını, birinci dəfədir Əli adlı İran İslam Respublikasının vətəndaşının tapşırığını yerinə yetirdiyini bildirmiş, 2022-ci il avqustun 22-də təqsirləndirilən şəxs qismindəki ifadədə Azərbaycan Respublikasının CMnin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə özünü qismən təqsirli bilib eyni ifadə verməklə ifadəsini imzalamaqdan imtina etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs izahatlarından və ifadələrindən göründüyü kimi, onun tutulma tarixi 2022-ci il iyunun 28-i qeyd olunsa da saatı göstərilməmişdir (1-ci cild, iş vərəqi 25-27, 41- 43, 63-65, 75-78 və 192-195). Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Şahid3 ibtidai istintaqda şahid qismində dindirilərkən bir ildən çoxdur istifadə etdiyi narkotik vasitə heroini Təqsirləndirilən şəxs pul müqabilində aldığını, 2022-ci il iyunun 28-də sonuncu və tanışı Şahid4 ilə saxlanaraq Bakı şəhərinin Nərimanov Rayon Polis İdarəsinə dəvət edilməklə orada videoçəkilişlə müdafiəçilərin iştirakı ilə onların hər birinin üzərinə ayrı-ayrılıqda baxış keçirildikdə könüllü surətdə əynində olan boz rəngli cins şalvarın qabaq sol cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək içərisindəki narkotik vasitə heroini göstərilən tarixdə Vəkilxandan 20 manat pul müqabilində aldığını bildirdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 118-120). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 2022-ci il 28 iyun tarixli raportundan görünür ki, 2022-ci il iyunun 28-də saat 07 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, «Baksol yolu» deyilən ərazidə «KİA RİO» markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən üç nəfər şəxsin hərəkətləri və davranışları ilə özlərini şübhəli aparmaları müəyyənləşdirilməklə sonuncular Bakı şəhərinin Nərimanov Rayon Polis İdarəsinə gətirilmişlər, orada onların Şahid3, Şahid4 və Təqsirləndirilən şəxs olmaları müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 4). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2022-ci il 28 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:20-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə xəbər vermək hüququ təmin edilmiş, protokolun məzmununa dair etiraz daxil olmamış, düzgün yazılması şübhəli şəxsin və müdafiəçisinin imzaları ilə təsdiq olunmuşdur (1-ci cild, iş vərəqi 13-14). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2022-ci il 28 iyun tarixli və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 27 iyul tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu könüllü olaraq əynindəki göy rəngli cins şalvarın qabaq ciblərindən üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan «Samsung A8» markalı mobil telefonu, avtomobil açarlarını, arxa sağ cibindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etməklə içərisindəki toz halında qəhvəyi rəngli spesifik qoxuya malik maddənin narkotik vasitə heroin olduğunu, bu maddəni bir neçə ay əvvəl yerdən taparaq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, Şahid3 və Şahid4 heç zaman narkotik vasitə satmadığını, «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşının ona Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda daşın altındakı içərisində narkotik vasitə olan bağlamanı götürüb sonra deyəcəyi şəxsə çatdırması müqabilində onun kart hesabına pul ödəyəcəyini, qeyd olunan narkotik vasitənin nəqliyyat vasitəsinin yük yerində olduğunu bildirmiş, aşkarlanan büküm zərfə qablaşdırılaraq götürülmüş, iştirakçılar tərəfindən şikayət, vəsatət və ya protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD diskinə baxış keçirilərkən göstərilənlər müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 23-24 və 127-128). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci il 28 iyun tarixli razılıq ərizəsindən, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi eyni tarixli və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 27 iyul tarixli protokollardan, habelə cinayət işinin materiallarına əlavə olunan diskə məhkəmə tərəfindən keçirilmiş baxışdan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi «KİA RİO» markalı **-LY-*** dövlət nömrə nişanlı avtomobilə axtarış və götürmə aparılarkən nəqliyyat vasitəsinin arxa yük hissəsinin ehtiyat təkər üçün nəzərdə tutulmuş yerindən bir ədəd üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmaqla içərisində qəhvəyi rəngli toz halında maddə olan göy rəngli sellofan torba aşkarlananda qablaşdırılıb götürülmüş, həmin bükülünü sosial şəbəkədə tanış olduğu Əli adlı İran İslam Respublikasının vətəndaşının deməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda taxta satılan yerin yaxınlığında götürməsini, Bakı metropoliteninin «Nərimanov» stansiyasında bir nəfərə verəcəyini, bunun müqabilində iranlının ona zəhmət haqqı olaraq pul köçürəcəyini bildirmiş, iştirakçılar tərəfindən şikayət, vəsatət və ya protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD diskinə baxış keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 32, 37- 38 129-130 və sair). İş materiallarında olan 2022-ci il 29 iyun tarixli portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «KİA RİO» markalı **-LY-*** dövlət nömrə nişanlı avtomobilin sahibi X2 (1-ci cild, iş vərəqi 40). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 29 iyun tarixli 6/3576 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 44» dairəvi möhür əksi, «(imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan paketdəki bir ədəd bağlamada təmiz çəkisi 5.010 qram qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 5.009,8 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 49-51). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 29 iyun tarixli 6/3578 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 44» dairəvi möhür əksi, «(imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,269 qram qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 0,219 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 54-56). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 29 iyun tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif edilməklə sonuncu təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 60-61 və 67- 68). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2022-ci il 29 iyun tarixli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il iyunun 28-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 86). İş materiallarında olan 2019-cu il 27 dekabr tarixli SX seriyalı ******* №-li hərbi biletin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsi tərəfindən 2019cu il dekabrın 17-də ehtiyata keçirilmişdir (1-ci cild, iş vərəqi 97). İş materiallarında olan 2017-ci il 25 iyul tarixli C seriyalı 021586 №-li Azərbaycan Respublikası ümumi orta təhsil haqqında attestatın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Rövşən İmanov adına 205 №-li tam orta məktəbi 2017-ci ildə Azərbaycan dilində bitirmişdir (1-ci cild, iş vərəqi 98). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il iyulun 21-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 125). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 28 iyul tarixli protokoldan, habelə habelə cinayət işinin materiallarına əlavə olunan telefona məhkəmə tərəfindən keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung A8» markalı mobil telefona baxış zamanı yazışmalarda onunla əlaqə saxlayan şəxslərin «patı», «kola» adları ilə işarələnən narkotik maddə almaq istədikləri, bundan ötrü kartına pul atmaları, narkotikin qoyulduğu yerin işarələnməsi, içərisində narkotik vasitə olan bükümlərin fotoşəkillərinin naməlum şəxsin əlində tutması aşkar edilmiş, yazışmaların və fotoşəkillərin kserosurətləri protokola əlavə olunmuşdur (1ci cild, iş vərəqi 131-140 və sair). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 2022-ci il 25 iyul tarixli 078-21232 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini, onun hansı yolla külli miqdarda narkotik vasitə heroini göndərməsini, əlaqələrini, Təqsirləndirilən şəxs narkotik vasitəni satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 142). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 28 iyul tarixli 6/3904 №-li və eyni tarixli 6/3906 №-li rəylərindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi Tədqiqat Obyekti № 59» ştamp əksi ilə möhürlənmiş paketdəki Şahid4 götürülmüş bir ədəd bükümdə və Şahid3 götürülmüş bir ədəd bükümdə olan narkotik vasitə heroin Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən götürülmüş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir, Şahid4 və Şahid3 götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 0,093 qram və 0,145 qram, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 5.009,77 qram və 0,189 qram təşkil edir (1ci cild, iş vərəqi 143-145 və 147-149). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 21 iyul tarixli 3394 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 154-155). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 28 iyul tarixli 6/3905 №-li li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi Tədqiqat Obyekti № 59» ştamp əksi ilə möhürlənmiş paketdə və torbadakı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin onun idarə etdiyi avtomobildən götürülmüş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 5.009,77 qram və 0,189 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 157-161). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2022-ci il 16 iyul tarixli 1848 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 163-164). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 21 avqust tarixli sübutların qiymətləndirilməsi və 2022-ci il 22 avqust tarixli cinayət işinin materillarından başqa cinayət işinin ayrılması haqqında, eyni tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi barədə qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilərək ona qeyd olunan maddələrlə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan külli miqdarda narkotik vasitə heroinin mənbəyini, həmin maddəni ona vermiş Əli adlı İran İslam Respublikasının vətəndaşının müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 0,189 qram və sonuncunun «KİA RİO» markalı **-LY-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 5.009,77 qram çəkidə, Şahid3 və Şahid4 üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı müvafiq qaydada 0,175 qram və 0,123 qram çəkidə qalıqları saxlanılması üçün idarənin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung A8» markalı mobil telefon və iki ədəd DVD diski cinayət işinin materillarına əlavə olunmuş, Şahid3 və Şahid4 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, cinayət işindən material ayrılaraq Bakı şəhərinin Nərimanov Rayon Prokurorluğuna göndərilmişdir (1-ci cild, iş vərəqi 165- 175, 177-178 və 184-185). Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 2022-ci il 30 sentyabr tarixli 20-12/628 №-li məktubu ilə daxil olan, Tibb Baş İdarəsinin tərtib etdiyi məhkumun 6420/2022 nömrəli tibbi kitabçasından çıxarışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs praktiki sağlam olmaqla onda sol saidin ön səthində köhnə çapıq toxumalar aşkar edilmiş, sonuncu həbs olunan zaman zədə almadığını bildirmişdir. Məhkəməyə təqdim olunan Müdafiəçi 2022-ci il 14 noyabr tarixli hesabatından görünür ki, sonuncu tərəfindən məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 42 iş saatı müddətində həyata keçirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadələrinə qiymət verməklə hesab edir ki, bunlar məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxsin öz maraqlarına əsaslanaraq barəsində bəraət hökmünün çıxarılmasına nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. Məhkəmə iş üzrə Şahid3 məhkəmə baxışındakı ifadəsini Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirmək məqsədi ilə verməsi kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu, 5 ünvanında idarə etdiyi «KİA RİO» markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə birgə şübhəli şəxs qismində saxlandığı vaxtı 2022-ci il iyunun 28-də saat 07 radələri kimi qəbul edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, eləcə də sonuncunun idarə etdiyi «KİA RİO» markalı **-LY-*** dövlət nömrə nişanlı avtomobilə axtarış və götürmə görüntülərini əks etdirən disklərə baxış protokollarının tarixinin 2022-ci il 28 iyul əvəzinə 2022-ci il 27 iyul göstərilməsinin texniki səhv olması qənaətindədir. Məhkəmə eyni zamanda Şahid4 və Şahid3 üzərlərindən götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıqlarının müvafiq qaydada 0,093 qram və 0,145 qram olduğunu hesab edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tətqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs dindirilərkən ittiham olunduğu əməli qismən etiraf etməsi, maddi sübutların mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 0,189 qram və sonuncunun «KİA RİO» markalı **-LY-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 5.009,77 qram çəkidə, Şahid3 və Şahid4 üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı müvafiq qaydada 0,145 və 0,093 qram qram çəkidə qalıqları məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung A8» markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılmalı, iki ədəd diskin cinayət işinin materillarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 342 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 252 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il iyunun 28-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il iyunun 28-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 342 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 252 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 0,189 qram və sonuncunun «KİA RİO» markalı **-LY-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 5.009,77 qram çəkidə, Şahid3 və Şahid4 üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı müvafiq qaydada 0,145 və 0,093 qram çəkidə qalıqları məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung A8» markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılsın, iki ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1689/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1689/2022
14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver