Məhkəmə qərarları › İş №1(101)-1689/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1689/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1689/2024 10.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Namazov Fərid Arif oğlu və Məcidov X16 ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhic Bağları qəsəbəsində nömrəsiz ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlarında nömrəsiz ünvanda yerləşən evinin həyətinə gələrək ona verdiyi borcunu geri qaytarmasını tələb edən qohumu Zərərçəkmiş şəxslə (X8 ilə) şəxsi münasibətlərinin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunun onun ünvanına təhqiredici sözlər işlətməsindən özünü alçaldılmış kimi hiss edərək bu səbəbdən həyətində dayanmış vəziyyətdə olan “Ford Ranger" markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin içərisindən götürdüyü, özünün rahat yeriməsi üçün istifadə etdiyi təbii ağac parçasından olan əsa ilə qəsdən sonuncunun qolundan və baş nahiyəsindən vuraraq ona sol təpə nahiyəsinin əzilmiş yarası, sol təpə sümüyünün basılmış qəlpəli sınığı, baş beyinin orta dərəcəli əzilməsi, travmatik subaraxnoidal qansızma ilə müşayiət olunan açıq kəllə-beyin travması və sağ dirsək sinirinin postravmatik nevropatiyası ilə nəticələnən dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs (X5) sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun əmisi oğludur. O, əmisi oğlu Mirsəməd Əliyevdən 5 min manat pul almış, pulu olmadığı üçün borcunu qaytara bilməmiş, borcunun əvəzində Mirsəməd Əliyevə kənddə olan həyətyanı sahəsini və həyətində olan xırdabuynuzlu heyvanları təklif etmiş, lakin əmisi oğlu bu təklifi qəbul etməmişdir. O, hər dəfə əmisi oğluna pulunun olmadığını, təklif etdiyi əmlakları satdıqdan sonra onun pulunu qaytara biləcəyini demişdir. Mirsəməd Əliyev ondan bir neçə yaş kiçikdir, buna baxmayaq Mirsəməd onun oğlunu acılamış, onun həyətinə gəlməsini qadağan etmişdir. Hadisədən əvvəl o, toya getmiş, əmisi oğlunu görməmək üçün toydan tez çıxmışdır. Lakin əmisi oğlu onun həyətinə gəlmiş, həmin vaxt o da istixanada işləmiş, telefonu da maşında qalmışdır. İstixanada ştillikdə işləyən zaman əmisi oğlu gəlib istixanaya girmiş, ona işlərinin yaxşı getdiyini demiş və telefona niyə cavab vermədiyini soruşmuşdur. O da istixananın isti olduğunu bildirmiş, ona görə də çıxıb çöldə söhbət etməyi təklif etmişdir. O, əmisi oğluna “çölə çıx” dedikdə, o da cavabında “özün çıx” demişdir. Bundan sonra o, əmisi oğlunu bayıra itələmiş, sonra isə əsa ilə vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs onun oğlunu təhqir etdiyinə görə onu vurmuş, belə ki, zərərçəkmiş şəxs “Tiktok” sosial şəbəkəsindən götürülmüş videonu oğluna göndərərək “kişinin sözü bir olar” demiş, bunu onun borcunu geri qaytarmaması ilə əlaqədar etmişdir. O, zərərçəkmiş şəxsi bir dəfə vurmuşdur. Belə ki, zərərçəkmiş şəxs istixanadan bayıra çıxmayanda yenə həmin sözü təkrar etdiyinə görə onu vurmuşdur. O, əmisi oğlunu vuranda ətrafda heç kim olmamışdır. Daha sonra bibisi oğlu gəlib zərərçəkmiş şəxsi aparmışdır. O, zərərçəkmiş şəxsi vurandan sonra çıxıb getmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, əmisi oğlunu vurduğu üçün peşmandır. Hazırda zərərçəkmişlə barışmışlar, ona olan borcunu da qaytarmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlaraq obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəməyə teleqram ünvanlayaraq Rusiya Federasiyasında yaşaması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirən Zərərçəkmiş şəxs (X5) ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş və müəyyən edilmişdir ki, o öz ifadəsində göstərmişdir ki, o, xx.xx.1968-ci ildə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olmuş, 1986-cı ildən Rusiya Federasiyasının Moskva şəhərində qeydiyyatda olmaqla həmin şəhərdə yaşayır, 1993-cü ildən Rusiya Federasiyasının vətəndaşıdır. Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur, hadisə baş verən günədək mehriban münasibətləri olmuş, ədavətləri və ya düşmənçilikləri olmamışdır. 2015-ci ildə əmisi oğlu Təqsirləndirilən şəxs şəxsi problemləri ilə əlaqədar 1700 ABŞ dolları borc verməsini ondan xahiş etmiş, qısa müddətə qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs onun yaxın qohumu olmasını nəzərə alaraq sonuncuya 1700 ABŞ dolları, həmin dövrə görə milli pul vahidi ilə 1326 manat pul vermişdir. 2017-ci ilin dekabr ayında əmisi oğlu Təqsirləndirilən şəxs Moskva şəhərinə qonaq gələrkən ondan borc kimi əlavə 10000 ABŞ dolları istəmiş, o, sonuncuya 5000 ABŞ dolları borc vermiş, əmisioğlu ona olan cəmi 6700 ABŞ dolları borcunu 2018-ci ilin may ayında qaytaracağını demişdir. 2018-ci ilin may ayından başlayaraq o, Seyidmiridən 6700 ABŞ dolları borcunu tələb etmiş, sonuncu qaytaracağını desə də, müxtəlif bahənələrlə borcunu qaytarmaqdan yayınmışdır. O, 2018-ci ildən sonra hər dəfə Azərbaycana gələrkən Seyidmirinin evinə gedərək pulunu istəmiş, Seyidmiri əkin-biçini olduğunu, həyətində mal-qarası olduğunu deyərək borcunu ödəyəcəyini, əgər ödəyə bilməsə Quba şəhərində olan torpaq sahəsini ona verəcəyini demişdir. Buna baxmayaraq Seyidmiri borcunu ödəmədiyindən onların münasibətləri pozulmuş, 2023-cü ilin yanvar ayında Seyidmirinin oğlu Talehin telefonuna “tik-tok”dan götürdüyü videonu göndərmiş, həmin videoda “sözü verib icra etməyən kişi, kişi deyil” deyilmişdir. Onun bu videosuna cavab olaraq Taleh onu təhqir etmiş, hətta bu barədə atası Seyidmiriyə də demişdir. O, bildirmişdir ki, burada qəbahət yoxdur, Seyidmirinin borcunu qaytarması barədə verdiyi sözünü icra etməsini istəyir. Növbəti dəfə, yəni xx.xx.2023-cü il tarixdə yaşadığı Rusiya Federasiyasından Azərbaycana, tanışının övladının toyuna gəldiyi gündən Seyidmiriyə dəfələrlə zəng vursa da, zənglərinə cavab verməmişdir. Odur ki, xx.xx.2023-cü il tarixdə Seyidmirinin oğlu Talehə zəng vuraraq atası Seyidmirini soruşmuş, Taleh bildirmişdir ki, Seyidmiri yaşadıqları evlərinin həyətindədir. Saat 19 radələrində kənddə istifadə etdiyi “Mercedes” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobildə bibisi oğlu Əlimərdanla birgə Seyidmirinin yaşadığı Sabunçu rayonu, Ləhic bağlarında yerləşən həyət evinə getmişdir. Küçədə avtomobilini saxlayaraq küçə darvazasını döymüş, lakin açan olmamışdır. Sonra həmin darvazanın yanındakı balaca qapını döymüş, balaca qapı açıq olduğundan həyətə girmiş, Əlimərdan isə avtomobildə gözləmişdir. O, həyətdə Seyidmirini çağıra-çağıra təxminən 50 metr irəliləmiş, Seyidmirinin həyətində olan istixanada olduğunu görmüşdür. Seyidmiri onu görüb istixanadan çıxmış, salamlaşıb hal-əhval tutmuşlar. O, Seyidmiriyə borcunu qaytarmasını, pula ehtiyacı olduğunu, kişinin verdiyi sözü tutmalı olduğunu demişdir. Seyidmiri oğlu Talehə “tik-tok” praqramında olan videonu göndərməkdə düzgün etmədiyini demiş, o da yenə də həmin fikrində qaldığını, kişinin verdiyi sözü tutmalı olduğunu, əgər borcunu qaytaracağına söz vermişdirsə qaytarmalı olduğunu demişdir. Seyidmiri onun yaxasından tutaraq ona əl-qol atmış, o, Seyidmiridən müdafiə olunduğundan ona gücü çatmayacağını görüb həyətdə saxladığı, mübahisə etdikləri yerdən təxminən 25 metr aralıda dayanan pikap tipli avtomobilinə tərəf getmişdir. Seyidmirinin onu vura biləcəyi onun ağlına gəlməmişdir. Seyidmiri sürücü tərəfdən avtomobilinin qapısını açaraq avtomobilindən əsa götürərək üstünə gəlmiş, o da qaçmaq imkanı olsa da, bunu özünə sığışdırmadığından və Seyidmirinin onu vuracağını düşünmədiyindən qaçmamışdır. Seyidmiri ona çatan kimi əsasını göyə qaldırıb ona zərbə vurmuş, o, sağ qolunu zərbənin qarşısına qoymuş, zərbə dözülməz dərəcədə ağrıdıcı olduğundan sağ əlini bədəninə sıxaraq sağ tərəfə meyillənib özünü tarazlamaq istəyərkən Seyidmiri ona ikinci zərbəni vurmuşdur. O, ikinci zərbəni gözləmədiyindən müdafiə oluna bilməmiş və zərbə başının ortasından dəymişdir. O, həmin andan huşunu itirmiş, ayıldıqda Seyidmirinin həyətində yerdə uzanmış vəziyyətdə olduğunu, bibisi oğlu Əlimərdanın başının qanını yuduğunu, Seyidmirinin isə avtomobilinə söykənərək kənardan onlara baxdığını görmüşdür. O, ayılan kimi Əlimərdan qolundan tutmuş, Əlimərdanın köməyi ilə küçədə saxladıqları avtomobilinə minərək oradan getmişlər. Avtomobili Əlimərdan idarə etmiş, birbaşa Maştağa qəsəbəsinə gəlmişlər, yolda dostu Ağarzaya zəng vuraraq xəsarət aldığını, Bakıda normal xəstəxana tanımadığını demiş və onu hansısa xəstəxanaya aparmasını xahiş etmişdir. Maştağa qəsəbəsi, MTS deyilən yerə gələn Ağarza onu öz avtomobilinə mindirərək X14 aparmış, Mərdan isə avtomobilini sürərək evinə getmişdir. X12 başına tikiş qoyulmuş, o, xəsarətinin ciddi olduğunu bilmədiyindən, həmçinin xx.xx.2023-cü il tarixə geriyə bileti olduğundan qısa vaxtda Moskva şəhərinə qayıdaraq orada müalicə olunmağı düşünmüşdür. Həmçinin kəndlərində olan adət-ənənələrə uyğun olaraq əmisi oğlu Seyidmiri barəsində şikayət etmək istəməmişdir. X12 xəsarətinin ciddi olması səbəbindən kompyuter tomoqrafiyasına getməsi üçün təkid etmişlər. O, X10 bir başa metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “X18” klinikasına getmiş, oradakı müayinədən sonra xəsarətinin ciddi olduğunu bildirmiş, klinikada onun əməliyyat olunmalı olduğunu, onu klinikadan buraxmağa belə ixtiyarlarının olmadığını bildirmişlər. Lakin o, getmək istədiyi üçün ondan iltizam alaraq klinikadan buraxmışlar, o, gecəni Əlimərdanın müşahidəsi altında evində qalmış, növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə qaynı Nazim Hüseynov onu hava limanından Moskva şəhərinə yola salmışdır. Onu Moskva şəhərində oğlu qarşılayaraq evinə aparmış, evindən bir başa neyrocərrahiyyə xəstəxanasına gedib xx.xx.2023-cü il tarixdə başından əməliyyat olunmuşdur. (cild İ, i/v: 48-53) Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramında həmçinin təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində bildirmişdir ki, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs onun qohumlarıdır. O, hadisə baş verən gün zərərçəkmiş şəxslə bir yerdə olmuş, belə ki, zərərçəkmiş şəxs gəlib onu evindən götürüb aparmış və şəhərə Seyidmirinin yanına getməyi təklif etmişdir. Onlar birlikdə Seyidmirinin evinə getmiş, daha sonra dayısı oğlu Mirsəməd telefonla danışa-danışa maşından düşüb həyətə getmiş, o isə maşında oturmuşdur. Bir müddət sonra o da Mirsəmədin arxasınca getmiş, bu zaman Mirsəmədin xəsarət aldığını görüb, onu maşına mindirib oradan aparmışdır. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, həyətə daxil olandan Mirsəmədin yerə yıxıldığını görmüş, onun vurulma anını görməmiş, Mirsəmədi götürüb maşına gəlmişdir. Seyidmiri həmin vaxt həyətdə olmuş, Mirsəməd onunla xəstəxanaya getməmiş, yolda başqa adama zəng edib onunla getmişdir. Tərəflərin arasında pulla bağlı mübahisə olmuşdur. Onunla zərərçəkmiş arasında mübahisə olmamış, o, Mirsəmədin maşınını sürə bilmədiyinə görə birtəhər onun maşınını sürüb yola çıxmış, Mirsəməd başqa şəxsə zəng edərək onu xəstəxanaya aparmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə Tibb Ekspertiza və X13-Təcrübi və tədris birliyinin xx.xx.2023-cü il tarixli 262/MEŞ saylı ekspert rəyindən görünür ki, X1 sol təpə nahiyəsinin əzilmiş yarası, sol təpə sümüyünün basılmış qəlpəli sınığı, baş beyinin orta dərəcəli əzilməsi, travmatik subaraxnoidal qansızma ilə müşayiət olunan açıq kəllə-beyin travması, sağ dirsək sinirinin postravmatik nevropatiyası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Xəsarətlər lokalizasiyasını, xarakterini və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. (i/v: 45-47) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3569 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i/v: 110-112) - «Hadisə yerinə baxış keçirilməsi haqqında» 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlarında yerləşən bağ sahəsinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (i/v: 22-24) - «İfadənin yerində yoxlanılması haqqında» 09 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri əyani olaraq göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. (i/v: 65) - «Könüllü təqdim olunan əşyanın götürülməsi haqqında» 01 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs rahat yeriməsi üçün istifadə etdiyi 0,9 m. uzunluqda, 0,04 radiusda dairəvi formada taxta materialdan olan əsanı könüllü təqdim etmişdir. (i/v: 70-71) - «Maddi sübut kimi tanıma haqqında» 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, hadisə zamanı Mirsəməd Əliyevə xəsarət yetirdiyi təbii ağac budağından hazırlanmış əsa iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibinə, yəni X4 qaytarılmışdır. (i/v: 73-74) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 116). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə aralarında yaranmış mübahisə nəticəsində əlindəki əsa ilə Zərərçəkmiş şəxs (X7) zərbə vurmaqla ona dərəcəsinə görə ağır bədən xəsarəti yetirmişdir. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs (X7) qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiqini tapmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddini və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxslə qohum olmalarını, həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə, Təqsirləndirilən şəxs yaşını, sağlamlıq vəziyyətini, zərərçəkmiş şəxslə qohum olmalarını, habelə zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və digər yüngülləşdirici halların məcmusunu nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edər, yaşlı və hərəkət məhdudiyyətləri olan bir şəxs üçün kifayət qədər ağır cəza olar, Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. İş materiallarında olan protokollardan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (i/v: 90-91) və həmin tarixli qərarla təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v: 102-104). Daha sonra 16 yanvar 2024-cü il tarixli qərarla təqsirləndirilən şəxsin barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmış (i/v: 113), xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin könüllü gəlməsi ilə əlaqədar həmin tarixli qərarla cinayət işi üzrə icraat təzələnmiş (118-119) və həmin tarixli qərarla təqsirləndirilən şəxsin barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (i/v: 122) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış təbii ağac budağından hazırlanmış əsanın sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut- təbii ağac budağından hazırlanmış bir ədəd əsanın sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Fərid Namazov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar