Məhkəmə qərarları › İş №1(101)-1690/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1690/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1690/2022 28.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan həşiş qətranı, narkotik vasitə qurudulmuş marixuananı və narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan həşiş qətranı, narkotik vasitə qurudulmuş marixuananı və narkotik vasitə tiryəki qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlayıb daşımaqla yaşadığı ünvan 1 ünvanında gizlətmiş, 27 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid4 verdiyi məlumat əsasında saat 23 radələrində Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən onun yaşadığı mənzilin hamam otağından 490,0 qram narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranı, bir ədəd üzərində narkotik vasitə olan həşiş qətranı izləri aşkar edilən elektron tərəzi, təmiz çəkisi 1,15 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 24 ədəd bükümdə 15,184 qram tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə onun yaşadığı mənzilin hamam otağından aşkar olunmuş, lakin həmin narkotik vasitə ona məxsus olmamış, narkotik vasitənin oraya necə qoyulmasından onun məlumatı olmamışdır. O, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, lakin heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona verilmiş ittiham əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, bir müddət olar ki, narkotik vasitələrdən istifadə etmiş, lakin heç vaxt satışını həyata keçirtməmişdir. Təxminən 10 gün olar ki, yaşadığı evin yaxınlığında zibillikdən 1 ədəd selofan kulyok tapmışdır və onun içərisinə baxan zaman görmüşdür ki, narkotik maddələr var və fikirləşmişdir ki, evə apasın və sonra polis əməkdaşlarına təhvil versin. O, elə bu günlərdə polis bölməsinə gedib tapdığı narkotik vasitələri təhvil vermək niyyətində olmuş, lakin vaxtı olmamışdır. 27 may 2022-ci il tarixdə isə onu polis əməkdaşları saxlamışlar və həmin narkotik vasitələr olan kulyoku yaşadığı evdən götürmüşlər. Onun narkotik maddə satmaq niyyəti olmamış, həmin vasitələri tapmış və aparıb polisə təhvil vermək istəmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, 27 may 2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Şahid4 DİN-in 102 xidmətinə zəng edərək həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadığı evdə külli miqdarda narkotik vasitə saxladığını və polis əməkdaşlarından gəlib götürmələrini xahiş etmişdir. Bundan sonra polis bölməsinin digər əməkdaşları ilə birlikdə qeyd edilən ünvana getmişlər və Şahid4 həyat yoldaşı Təqsirləndirilən şəxs sanitar qovşağında saxladığı içərisində narkotik vasitəyə bənzər maddələr və bir ədəd elektron tərəzinin olduğu selofan paketi təqdim etmişdir. Şahid4 təqdim etdiyi içərisində narkotik maddələrə bənzər bükümlər və bir ədəd tərəzi zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiqləmişdir. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etmişdir. Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 6 il olar ki, Təqsirləndirilən şəxsla rəsmi olaraq ailə həyatı qurmuş, birgə nigahdan iki uşaqları vardır. Onun həyat yoldaşı Təbriz son zamanlar narkotik vasitələr qəbul edtdiyi üçün evdə mütəmadi davalar salmış, hətta onun həyatı təhlükəyə girmişdir. Həyat yoldaşı son zamanlar narkotik vasitələrin satışı ilə məşğul olmuş, lakin kimlərə satdığını o, bilməmişdir. Onların evində mübahisələr daha da çoxalmış, ona qarşı şiddət artmış, vəziyyət dözülməz olmuşdur. O, bir gün görmüşdür ki, Təbriz bir kulyok gətirib evdə hamam otağında gizlətmişdir. Hər gün görmüşdür ki, Təbriz hamam otağına girib qapını bağlayıb orada nəsə etmişdir. O da, bir neçə dəfə şüşədən baxıb görmüşdür ki, Təbriz gətirdiyi kulyokdan nəsə götürüb çıxıb getmişdir. 27 may 2022-ci il tarixdə Təbriz evdə olmayan zaman o, hamam otağına daxil olmuş və Təbrizin gətirdiyi kulyokun içərisinə baxıb və görmüşdür ki, kulyokda balaca tərəzi və bükümlər var, şübhələndiyi üçün Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı evə gəlmişlər və həmin kulyoku polis əməkdaşlarına təqdim etmiş, sonuncular kulyoku açıb baxmışlar və narkotik maddəyə oxşar vasitələr olduğu üçün zərfə qoyub möhürləmişlər. O, bu barədə rəsmi ərizə də yazmışdır. O, istəməmişdir ki, Təbriz və sonuncunun ailə üzvləri onun məlumat verdiyini bilsinlər, çünki onun həyatı təhlükədə ola bilərmiş. Cinayət işinin 4-6-cı vərəqlərində olan 27 may 2022-ci il tarixli «baxış aparılması haqqında» protokoldan görünür ki, ünvan 1 ünvanında yaşayan Şahid4 həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadıqları evdə gizlətdiyi narkotik vasitələr və bir ədəd elektron tərəzi olan paketi könüllü olaraq Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşlarına təhvil vermişdir. Cinayət işinin 81-ci vərəqində olan videodiskə baxış keçirilməsi barədə protokldan görünür ki, ünvan 1 ünvanında yaşayan Şahid4 həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadıqları evdə gizlətdiyi narkotik vasitələr və bir ədəd elektron tərəzi olan paketi hamam otağından götürüb polis əməkdaşlarına təhvil verir. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 22-25-ci vərəqlərində olan məhkəmə fiziki kimyəvi ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 may 2022-ci il tarixli, 6/3017 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №47” dairəvi möhür əksləri olan bir ədəd zərfdəki 24 ədəd bükümdə ümumi təmiz çəkisi 15,184 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikaqsının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahi İ) daxildir. Cinayət işinin 27-30-cu vərəqlərində olan məhkəmə bioloji ekspertizasının 28 may 2022-ci il tarixli, 7/546 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata təqdim edilmiş bir ədəd selofanda təmiz çəkisi 490,0 qram olan maddə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranıdır. Tədqiqata təqdim edilmiş bir ədəd selofanda təmiz çəkisi 1,15 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin 78-80-cı vərəqlərində olan məhkəmə bioloji ekspertizasının 14 iyul 2022ci il tarixli, 7/706 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan həşiş qatranının izləri vardır. Həmin izlər cüzi miqdarda olduğuna görə təqdim edilmiş həşiş qatranı ilə müqayisəli tədqiqat aparılmadı. Cinayət işinin 73-74-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X6 Ambulator X1 25,07.2022-ci il tarixli, 4051 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 104-cü vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 490,0 qram həşiş qətranı, təmiz çəkisi 1,15 qram narkotik vasitə qurudulmuş marixuana, 15,184 qram tiryək və bir ədəd elektron tərəzi maddi sübut qismində tanınmış, tədqiqata sərf edildikidən sonra qalıq qalmış 489,95 qram həşiş qətranı, 1,10 qram qurudulmuş marixuana, 14,944 qram tiryək və bir ədəd elektron tərəzi zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd «DVD» disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11 -ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 N-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 N-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 7-ci bəndinə görə 40 qram narkotik vasitə olan həşiş qatranı külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 13-14-cü vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 56-58-ci vərəqlərində olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablamaqla 04 ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 69-cu vərəqində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində azyaşlı uşaqlarının olmasıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 340 (üç yüz qırx) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 489,95 qram həşiş qətranı, 1,10 qram qurudulmuş marixuana, 14,944 qram tiryək və bir ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 340 (üç yüz qırx) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 489,95 qram həşiş qətranı, 1,10 qram qurudulmuş marixuana, 14,944 qram tiryək və bir ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar