Məhkəmə qərarları › İş №1(101)-1691/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1691/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1691/2021 26.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X4 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən külli miqdarda ümumi təmiz çəkisi 4,473 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroin alaraq əldə edib üzərində saxlamış və ünvan 1-in qarşısında Şahid1 bir ədəd bükümdə təmiz çəkisi 0,598 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroini və Şahid2 da bir ədəd bükümdə təmiz çəkisi 0,402 qram tozşəkilli maddə narkotik vasitə heroin 5 manat müqabilində satmış, daxil olmuş məlumat əsasında 20 may 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması, istifadəsi və daşınmasında şübhəli bilindiyi üçün ünvan 1-in qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətlərini həyata keçirən zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən iki ədəd siqaretin kağızından olan bükümün hər birində ayrı-ayrılıqda təmiz çəkisi qram və 1,793 qram olmaqla, ümumi çəkisi 3,473 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli qismən bilərək göstərmişdir ki, o, təxminən beş ildir ki, heroin kimi tanıdığı narkotik vasitədən inyeksiya yolu ilə istifadə edir. 20 may 2021-ci il tarixdə iki ədəd siqaret kağızı bükümündə narkotik maddə heroini Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində “Qara Faiq” adlı şəxsdən on manata alaraq özü istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin gün saat 17 radələrində yaşadığı evin yaxınlığında tanışları Allahverdi və Əli ilə birlikdə olan zaman üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin saxlanması, istifadəsi və satışında şübhəli olduqlarını deyərək hər üçünü Bakı şəhəri, Suraxanı RPİ-yə dəvət etmişlər. Polis İdarəsində şəxsiyyəti bir daha müəyyən olunduqdan sonra ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Üzərinə şəxsi axtarış aparılmamışdan əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. O bu təklifdən sonra əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən siqaretin kağızında olan iki büküm narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi bükümləri Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində “Qara Faiq” kimi tanıdığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildimişdir. Onun təqdim etdiyi iki bükümdə olan narkotik vasitə heroin götürülərək bir ədəd zərfə qablaşdırılmış, zərf möhürlənmiş bu barədə protokol tərtib olunmuşdur. O, daha sonra göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, Şahid1 narkotik vasitə vermiş, lakin satmamış, Şahid2 narkotik vasitə satmamış, Allahverdiyə verdiyi narkotik vasitəni o, Əli ilə birlikdə istifadə etmək üçün ondan istəmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 20 may 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Qadir adlı şəxsdən özü istifadə etmək üçün beş manata bir ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroin almışdır. Saat 17 radələrində tanışları Qadir və Allahverdi ilə birlikdə olan zaman üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin əldə edilib saxlanması, istifadəsi və satışında şübhəli olduqları üçün hər üçünü Bakı şəhəri Suraxanı RPİ- yə dəvət etmişlər. Polis İdarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları ona şübhəli şəxsin hüquq və vəzifələrini izah etmiş, hüquqlarının müdafə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsini təklif etmişlər. O bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən beş manata Qadirdən alaraq üzərində saxladığı bir ədəd siqaretin kağızı bükümündə olan heroini təqdim etmişdir. Onun üzərindən aşkar edilərək götürülən bir bükümdə olan narkotik vasitə heroin bir ədəd zərfə qablaşdırılmış, möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolla tanış olmuş, zərfin üzəri və protokolu onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına gələ bilməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, o, təxminən dörd ilə yaxındır ki, heroin kimi tanıdığı narkotik vasitədən istifadə edir. 20 may 2021-ci il tarixdə bir ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroini Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Qadir adlı şəxsdən özü istifadə etməsi üçün beş manata alıb üzərində saxlamışdır. Həmin gün saat 17:00 radələrində, narkotik vasitəni aldığı tanışı Qadir və Əli adlı şəxslərlə birlikdə olan zaman üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin əldə edilib saxlanması, istifadəsi və satışında şübhəli olduqları üçün hər üçünü Bakı şəhəri, Suraxanı RPİ-yə dəvət etmişlər. Polis İdarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları ona şübhəli şəxsin hüquq və vəzifələrini izah etmiş, hüquqlarının müdafə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət etmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona üzərində naroktik vasitə, psixotrop maddə və ya qanunla əldə edilməsi, saxlanması və danışması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsini təklif etmişlər. O bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən beş manata Qadirdən alaraq üzərində saxladığı bir ədəd siqaretin kağızından olan bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Onun üzərindən aşkar edilərək götürülən bir bükümdə olan narkotik vasitə heroin bir ədəd zərfə qablaşdırılmış, möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolla tanış olmuş, zərfin üzəri və protokolu onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı RPİ-nin Narkotiklə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20.05.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon sakinləri Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaları, daşımaları və satışı ilə məşğul olmaları barədə bölməyə əməliyyat məlumatı daxil olmuşdur. O, məlumat barədə rəsmi olaraq idarə rəhbərliyinə məruzə etmiş, Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs ifşa olunmaları üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupunun yaradılması barədə əmr tərtib olunmuşdur. Əməliyyat qrupunun üzvləri 20.05.2021-ci il tarixdə, saat 17:00-da Allahverdiyev Allah verdi Kamil oğlunu, Şahid2 və Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında saxlayaraq onları narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində Bakı şəhəri. Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Bundan sonra o istintaq hərəkətlərinin keçirilməsində iştirak etməmiş, lakin sonradan bilmişdir ki, Polis İdarəsində dəvət olunmuş müdafiəçilərin iştirakları ilə videoçəkiliş aparılmaqla Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs şalvarının cibindən 02 (iki) ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroinə oxşar kütlə, Şahid1 şalvarının cibindən bir ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroinə oxşar kütlə, Şahid2 şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin Narkotiklə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid5 Şahid4 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasına gələ bilməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilərkən müəyyən olmuşdur ki, o, Bakı şəhəri Suraxanı RPİ-nin Narkotiklə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20.05.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon sakinləri Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qeyri qanuni dövriyyəsi ilə, yəni qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaları, daşımaları və satışı ilə məşğul olmaları barədə bölməyə əməliyyat məlumatı daxil olmuş, o, məlumat barədə rəsmi olaraq idarə rəhbərliyinə məruzə etmiş, Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs ifşa olunmaları üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupunun yaradılması barədə əmr tərtib olunmuşdur. Əməliyyat qrupunun üzvləri 20.05.2021-ci il tarixdə, saat 17:00-da Allahverdiyev Allah verdi Kamil oğlunu, Şahid2 və Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında saxlayaraq onları narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində Bakı şəhəri. Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Bundan sonra o istintaq hərəkətlərinin keçirilməsində iştirak etməmiş, lakin sonradan bilmişdir ki, Polis İdarəsində dəvət olunmuş müdafiəçilərin iştirakları ilə videoçəkiliş aparılmaqla Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs üzərilərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 02 (iki) ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroinə oxşar kütlə, Şahid1 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroinə oxşar kütlə, Şahid2 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2021 -ci il tarixli 6/1996 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,680 qram və 1,793 qram olmaqla ümumi çəkisi 3,473 qram olan qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 05.08.2021-ci il tarixli 2699 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsin 27.08.2021 -ci il tarixli 1955 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2021-ci il tarixldi 6/3784 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə...» yazılan zərfdə 2 ədəd bükümdə ümumi təmiz çəkisi 3,413 qram heroin ilə üzərində «vətəndaş Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə...» yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,548 qram heroin və üzərində « vətəndaş Şahid2 üzərindən aşkar edilmiş narkotik vasitə...» yazılan zərfdə təmiz çəkisi 0,352 qram narkotik vasitə heroin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 22.05.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Şahid1 verdiyi ifadəni yəni, üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroini 5 manata Təqsirləndirilən şəxs aldığını sonuncunun üzünə qarşı demişdir. Həmçinin, cinayət işinin materiallarına əlavə edilmiş 22.05.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Şahid2 verdiyi ifadəsini yəni, üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroini beş manata Təqsirləndirilən şəxs aldığını bir daha sonuncunun üzünə qarşı demişdir. Cinayət işinə əlavə olunmuş 20 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan olan boz rəngli idman şalvarının sağ yan cibindən siqaretin kağızında olan iki bükümdə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Cinayət işinə əlavə olunmuş 22 may 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən iki ədəd siqaretin kağızı bükümündə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edir. Onun üzərində şəxsi axtarış davam etdirilir, o bildirir ki, təqdim etdiyi bükümlərdəki kütlə narkotik vasitə olan heroindir, heroini 20.05.2021-ci il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsində “Qara Faiq” kimi tanıdığı şəxsdən on manata almışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, lakin onun təqdim etdiyi iki ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroinə bənzər kütlədən başqa heç bir əşya və ya predmet aşkar edilmir. Beləliklə, Məhkəmə yuxarıda sadalanan sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi olmadan öz istifadəsi üçün saxlaması və heç kimə satmaması barədə ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda olmaqla, ayrı-ayrı bükümlərə bölünməsi, Şahid1 və Şahid2 satması onun həmin narkotik maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması və satması qənaətinə gəlməyə əsas verir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış 24.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Belə ki, cinayət işinin 2-ci cildinin 27-34-cü vərəqlərində olan Suraxanı Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli 1(010)-50/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Republikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 22.11.2021-ci il tarixli məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 10 ay 28 günü onun tərəfindən çəkilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və həmin cəzasını çəkdiyi müddətdə yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 10 ay 28 günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən 11 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 20 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq çəkisi 3,333 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 177,40 (yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla müəyyən edilən 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 may 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq çəkisi 3,333 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 177,40 (yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar