Məhkəmə qərarları › İş №1(101)-1691/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1691/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1691/2023 06.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi - “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi Qurbanəli oğlunun iştirakı ilə, xx xxx 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 6 ay azaldılmış və cəzanın sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 (inzibati bina) ünvanında pasport qeydiyyatında olan, ünvan 2 ünvanında yaşamış, 14 mart 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum vaxtda və yerdə istintaqa məlum olan qeyrisindən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 2,223 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 14 mart 2023-cü il tarixdə saat 10:45-də Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 4 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi, 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 1 bükümdə təmiz çəkisi 2,223 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Ancaq hazırkı iş üzrə saxlanılan zaman onun üzərində narkotk vasitə olmamışdır. Polis əməkdaşları əvvəlcə ona 400 qram narkotik vasitəni boynuna almasını təklif etmişlər. Lakin o, bunu qəbul etmədiyi üçün polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış və sonradan ittihamda göstərilən narkotik vasitəni qəbul etməyə razılıq vermişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını müstəntiqə dediyini, polis əməkdaşlarının ona təklif etdikləri narkotik vasitəni qəbul etdiyini və sonra bununla bağlı sənədləri imzaladığını, ona edilmiş təzyiqlər barədə istintaq təcridxanasında olan zaman heç bir yerə müraciət etmədiyini, əvvəllər həbs olunduğu üçün sənədlərə imza etdiyini və ona görə də özünü qismən təqsirli bildiyini, bütün baş verənlər barədə məhkəməyə ifadə verəcəyini fikirləşdiyi üçün həmin vaxt heç yerə şikayət etmədiyini bildirmişdir. İfadələri arasında ziddiyyətlər olduğu üçün məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilən Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, təqribən 10 ildir fasilələrlə narkotik vasitələr qəbul edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında ünvan 4 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin gün səhər saatlarında yaşadığı mənzildə əvvəlcədən əldə etdiyi narkotik vasitə heroindən istifadə etmişdir. Polis əməkdaşları onun şəxsiyyəti barədə sorğu-sual etdikdən sonra ona narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşduqda, o, həmin şəxslərə səmimi şəkildə narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin əməkdaşlar onu polis bölməsinə dəvət etmişdir. Polis bölməsində olan zaman əvvəlcə ona müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona üzərində şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Daha sonra onun üzərinə videoçəkilişlə axtarış keçirilməyə başlanmış və ona üzərində olan əşyaları təqdim etmək təklif olunmuşdur. Bu zaman o, əynindəki şalvarının sol yan cibindən 1 ədəd içərisində narkotik vasitə heroin olan bükümü, sağ yan cibindən isə ona məxsus olan şəxsiyyət vəsiqəsini çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən ona həmin narkotik vasitəni haradan əldə etməsi barədə sual verildikdə, o, narkotik vasitə heroini onunla birgə eyni ünvanda yaşayan qardaşı oğlu Nuriyev Orxandan 20 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılsa da, hər hansı başqa bir əşya aşkar edilməmişdir. Onun təqdim etdiyi büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılaraq ekspertizaya göndərilmişdir (cild 1, iş vərəqi 81-83). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokollarında olan imzaların və sonda yazılan qeydin ona məxsus olduğunu, həmin imzaları təzyiq altında olduğu üçün oxumadan imzaladığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 14 mart 2023cü il tarixdə saat 10:45-də əməliyyat müvəkkili Şahid2la birlikdə polis bölməsinin inzibati ərazisi olan Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 4-ün qarşısında olarkan bir nəfərin özünü şübhəli apardığını görüb həmin şəxsi saxlamış və özlərini təqdim etmişlər. Şifahi sorğu-sual zamanı həmin şəxsin cavabları onun üzərində qanunla qadağan olunmuş əşyaların olmasına şübhələr yaratmış, buna görə də şəxsi polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Daha sonra bölmənin təhqiqatçısı tərəfindən şübhəli şəxsə hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Şübhəli şəxs və vəkil etiraz etmədiklərinə görə, xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin şəxsə üzərində olan əşyaları təqdim etmək təklif edildikdə, şəxs ayağa qalxaraq əynində olan cins şalvarın sol yan cibində olan 1 ədəd şəffaf rəngli selofanda olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, toz şəkilli spesifik iyə malik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu və onu eyni ünvanda yaşayan qardaşı oğlu Orxan Nuriyevdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf selofanda olan büküm zərfə qoyularaq qablaşdırılmış, protokol yazılmış, həmin zərf və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Müslim oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun 14 mart 2023-cü il tarixdə saat 10:45-də Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Nəsimi rayon Polis idarəsi, 20-ci Polis bölməsinə gətirilməsi və həmin tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman bir bükümdə narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi zamanı iştirak etməsi, bununla bağlı həmkarı Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 mart 2023-cü il tarixli raporta əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:45-də Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 4 ünvanının qarşısında saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmişdir. Qeyd olunan raport bölmədə "cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabı"nda 14 mart 2023-cü il tarixlə, 478 nömrə altında qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 4). Cinayət işində olan 14 mart 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd selofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 46- 51). Məhkəmə-kimyəvi ekspertizasının 15 mart 2023-cü il tarixli 6/1566 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd bükümdəki maddə təmiz çəkisi 2,223 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqi 56-60). İbtidai istintaq orqanının 10 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 2,223 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,173 qram narkotik vasitə heroin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD formatlı disk iş üzrə sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 141-150). Məhkəmə-narkoloji ekspertizasının 13 may 2023-cü il tarixli 2889 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 121-122). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Psixiatriya Xəstəxanasından daxil olmuş 08 iyun 2023-cü il tarixli məktubdan görünür ki, xx xxx 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 inzibati binada pasport qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri, 2 nömrəli X1 müraciət etməmişdir (cild 1, iş vərəqi 140). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 12 aprel 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cəzanın əvvəli 15 may 2019-cu il tarixdən hesablanmaqla 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 dekabr 2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Amnistiya qərarının 4-cü bəndinə əsasən 09 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış və cəzanın sonu ilə dərhal həbsdən azad edilmişdir (cild 1, iş vərəqi 112- 114). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmadığını, həmin narkotikin polis əməkdaşları tərəfindən 20-ci Polis bölməsində ona verildiyini və onların sözlərinə görə videoçəkiliş zamanı cibindən çıxarıb təqdim etdiyini, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığına görə narkotik vasitəni qəbul etdiyini bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotiki qardaşı oğlu Orxan Nuriyevdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Cinayət işində olan Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 14 mart 2023-cü il tarixdə saat 10:45-də polis əməkdaşları tərəfindən saxlanıldığını, bu zaman hüquq və vəzifələrinin izah edildiyini, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmadığını, ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyini bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün polis əməkdaşlarının təzyiqlərinə məruz qalması səbəbindən cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər çoxsaylı sübutlarla təsdiq olunduğuna görə şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxsun cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 dekabr 2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən 09 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış və cəza çəkdiyi müəssisədən dərhal həbsdən azad edilmişdir Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Bu isə təqsirləndirilən şəxsə münasibətdə cinayətlərin residivi kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 14 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2022-ci il tarixli 7662 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan bir bükümdə 2,173 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qurbanəli oğlunun məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 35 saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 180 (yüz səksən) manat pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 80 (səksən) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,173 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi Qurbanəli oğluna ödənilməli olan 180 (yüz səksən) manat məbləğində pul vəsaiti “M.B.M” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar