Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1692/2021 27.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Mişkirein kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonunda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs iki şəxsə qarşı xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, həmçinin silah qismində istifadə edilən əşyanı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 16 iyun 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsində fəaliyyət göstərən “Rəsul” adlı ərzaq mağazasının yaxınlığında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun usta kimi gördüyü işləri pisləmələrini və müştərilərin yanında gözdən salmalarını bəhanə edərək açıq aşkar cüzi səbəbdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərə yol verərək, qərəzli xuliqanlıq hərəkətləri edib iki şəxsə üzərində gəzdirdiyi bıçağından silah qismində istifadə edərək xuliqanlıq niyyəti ilə bir dəfə qəsdən Zərərçəkmiş şəxs1 sol döş nahiyəsinə vurub sonuncuya sol tərəfli hematoraks ilə nəticələnmiş döş qəfəsinin sol yarısının plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş həyat üçün təhlükəli olan AĞİR dərəcəli zərərvurmaya aid bədən xəsarəti və iki dəfə Zərərçəkmiş şəxs2 qəsdlə vuraraq sonuncuya döş qəfəsinin sol yarısının döş boşluğuna (daxilə) nüfuz edən 1 ədəd, böyük piyliyin eventrasiyası ilə müşayiət olunan qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd (cəmi 2 ədəd) deşilmiş- kəsilmiş həyat üçün təhlükəli olan AĞİR dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər, xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iki ilə yaxındır ki, yaşadığı Yardımlı rayonundan Bakı şəhərinə gələrək kirayədə yaşayaraq fərdi qaydada rəngsaz ustası kimi işləməyə başlamışdır. Hadisədən təxminən iki həftə əvvəl Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində İlhamə adlı qadının evində təmizlik işləri aparmış və sonradan həmin qadınla danışmışdır ki, evində betontökmə işlərinə də başlasın. İlhamə buna razılıq vermişdir. Buna görə də iyun ayının 15-də həmin qadının evində işə başlamışdır. Birinci iş günündə orada işləyəndə ayağına mismar batdığına görə məlumat vermişdir ki, işə çıxa bilməyəcək. Bu barədə işlədiyi şirkətdə anbardar işləyən Xəyala da məlumat vermişdir. Şəmsi də orada briqadir də işləmişdir. İyun ayının 16-da, təxminən günortadan sonra işə getmək istəyəndə iş yoldaşı Eldar ona telefonla demişdir ki, evin sahibi İlhamə xanım narazıçılıq edir ki, nəyə görə işə gəlməmişdir. O, Eldarla danışandan sonra İlhaməyə zəng etmişdir. İlhamə ondan heç kəsə şikayət etmədiyini və gəlib işini davam etdirməyini bildirmişdir. O, bu söhbətdən başa düşmüşdür ki, Şəmsi ilə Xəyal onun işini ləkələmək, onu gözdən salmaq istəyirlər. Buna görə də onlarla danışmaq və bu məsələyə aydınlıq gətirmək üçün 16 iyun 2021-ci il tarixdə Mərdəkan qəsəbəsinə gəlmişdir. Yolda mağazadan iki manata bir bıçaq almışdır. Bıçağı ona görə almışdır ki, birdən Şəmsi və Xəyalla aralarında mübahisə yaranarsa özünü onlardan müdafiə edə bilsin. Hiss etmişdir ki, onlarla aralarında anlaşılmazlıq və hətta münaqişə də yarana bilər. Bundan sonra İlhamənin evinə gəlmiş, evdə olanda İlhamə ona məlumat verərək bildirmişdir ki, Xəyalla Şəmsi ondan əvvəl evə gəlib onun gördüyü işi bəyənməmişlər. O, Xəyala zəng edib nəyə görə onun barəsində belə lazımsız danışmaqlarını soruşmuşdur. Bu səbəbdən Xəyalla aralarında telefonda sözlə mübahisə yaranmışdır. Xəyal telefonda ona qışqırmışdır. Xəyalın ona qarşı belə qışqırmasına bərk əsəbləşmiş və orada olan işçilərə görüləsi işlər barədə tapşırıq verib evdən çıxmışdır ki, Şəmsi ilə Xəyalın yanına gedib bu məsələyə aydınlıq gətirsin. Evdən çıxanda dükandan aldığı bıçaq da üstündə imiş. Yolda «Rəsul» marketin yaxınlığında Şəmsi və Xəyalla rastlaşmışlar. O, onları görən kimi daha da əsəbləşmiş və onlara çatan kimi üzərində olan bıçağı çıxararaq Xəyalı bir dəfə döş qəfəsindən vurmuş, bu zaman Xəyal qaçmağa başlamışdır. Sonra Şəmsini iki dəfə qarın nahiyyəsindən bıçaqla vurmuş, Şəmsi yerə yıxılmışdır. Xəyalın qaçmasını görüb onun ardınca getmiş, çünki çox hirsli və əsəbi imiş. Yolda necə oldusa birdən-birə hirsi soyumuş və dayanmış, DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir ki, iki nəfər adam bıçaqlamışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və o, özünü onlara təqdim etmiş, törətdiyi hadisəni polis əməkdaşlarına danışmışdır. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisədən sonra bıçağı hara atmağını xatırlamır. Xəyal və Şəmsinin onu müştərinin yanında gözdən salmaları ona xoş gəlmədiyi üçün hər ikisinə bərk əsəbiləşmişdir. Mübahisənin olduğu yerdə başqa şəxslər olmuşdur. Orada mağaza olduğundan qəsəbə sakinləri və digər şəxslər mağazaya alış-verişə gəlirmişlər. Onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürmək niyyəti olmamışdır. Xəyalın dalınca qaçmaqda məqsədi onu saxlayıb nə səbəbə onun barəsində müştərilərə belə sözləri deməsi olmuş, onu təkrar vurmaq məqsədi olmamışdır. Zərərçəkmiş şəxs2 ona görə 2 dəfə bıçaqla vurmuşdur ki, Şəmsi ondan cüssəli olmuş, ona bir dəfə bıçaq zərbəsi ilə vuranda qorxmuşdur ki, Şəmsi dönüb onu vuracaq, ona görə ikinci bıçaq zərbəsini də vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində müxtəlif yerlərdə tikinti işlərində ustalıq edir. Son zamanlar tanışı Zərərçəkmiş şəxs2la birlikdə Mərdəkan qəsəbəsində müxtəlif şəxslərin tikintilərində işləmişlər. 2021-ci ilin əvvəllərindən Təqsirləndirilən şəxs də onlarla birlikdə tikintilərdə işləməyə başlamışdır. Dünyaminlə heç bir ədavəti olmamışdır. Təxminən 2021ci ilin iyun ayının əvvəllərində Dünyamin başqa ustalarla Mərdəkan qəsəbəsində, İlhamə adlı qadının evində tikinti işləri görməyə başlamışdır. Həmin evdə onlar da əvvəllər iş görmüşlər və İlhamə onları da tanımış, Dünyaminin də onlarla birlikdə işlədiyini bilirmiş. 16 iyun 2021-ci il tarixdə səhər saat 11 radələrində o, Şəmsi ilə birlikdə İlhamənin evinin yanından keçərkən İlhamə onlara yaxınlaşaraq Dünyaminin onun işlərini lazımınca yaxşı səviyyədə görmədiyini, həmin gün də işə gəlmədiyini, belə getsə işləri yarımçıq saxlayıb Dünyamini qovacağını bildirmişdir. Təqsirləndirilən şəxs ilə münasibəti həmişə yaxşı olmuşdur. İlhaməyə Dünyaminin gördüyü işləri pisləməmişlər. Bundan bir-iki saat sonra Dünyamin ona zəng edib İlhamənin onlara nə sözlər dediyini soruşmuşdur. O, bildirmişdir ki, İlhamə onun işindən narazılıq edir, bu gündə işə gəlmədiyini deyərək ondan narazılıq etdiyini bildirib, buna görə ona iradını bildirmişdir. Dünyamin onun və Şəmsinin ünvanına nalayiq söyüşlər işlədərək onları hədələmişdir. Lakin onlar buna əhəmiyyət verməmişlər. Çünki Dünyamindən onlara qarşı hər hansı bir pislik edəcəyini gözləmirmişlər. Dünyamin özü də həmişə onlara dayı deyərək hörmət etmişdir. Həmin gün təxminən saat 16:00 radələrində o, Şəmsi ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Oktyabr» küçəsində, «Rəsul» marketin yanında olarkən Dünyaminin onu arxadan çağırdığını eşidib geri çevrilən zaman Dünyamin əlindəki bıçaqla bir dəfə onun döş qəsəfəsinin arxa sol nahiyyəsindən bıçaqla vurmuşdur. O, ayağa qalxıb bir neçə metr qaçmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hansı şəkildə və şəraitdə vurduğunu görməmişdir. Lakin yolun qarşı kənarına keçəndən sonra görmüşdür ki, Şəmsi yerə yıxılıb və ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmçinin Zərərçəkmiş şəxs2 bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs qohumları onların müalicəyə sərf etdiyi pulu ödəmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişlər, Dünyaminə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, Bakı şəhərində müxtəlif yerlərdə tikinti işlərində ustalıq edir. Buna görə də, özü Bakı şəhərində müxtəlif yerlərdə kirayə evlər tutub yaşayır. Son zamanlar tanışı Zərərçəkmiş şəxs1la birlikdə Mərdəkan qəsəbəsində müxtəlif şəxslərin tikintilərində işləmişlər. Təqsirləndirilən şəxs də onlarla birlikdə fəhlə və usta kimi işləmişdir. Təxminən 2021-ci ilin iyun ayının əvvəllərində Dünyamin başqa ustalarla Mədəkan qəsəbəsində, İlhamə adlı qadının evində tikinti işləri görməyə başlamışlar. İlhamənin evində əvvəllər onlar da işlədiyi üçün İlhamə onları da tanımışdır. 16 iyun 2021ci il tarixdə səhər saat 11 radələrində Xəyal ilə o, İlhamənin evinin yanından keçərkən İlhamə onları görüb onlara yaxınlaşmış və Dünyaminin onun evində gördüyü işləri bəyənmədiyini, həmin gün də işə gəlmədiyini bildirmişdir. Bundan bir-iki saat sonra Dünyamin Xəyala zəng edib İlhamənin onlara nə sözlər dediyini soruşduqda, Xəyal da Dünyaminə İlhamənin onun işindən narazılıq etdiyini, bu gün də işə gəlmədiyini bildirdiyini demiş və nə üçün İlhaməni işindən narazı salmasını ona irad bildirmişdir. Dünyamin onların ünvanına nalayiq söyüşlər işlədərək onları hədələmişdir. Təxminən saat 16:00 radələrində o, Xəyalla Mərdəkan qəsəbəsi «Rəsul» marketin yanında olarkən, bu zaman gözləmədikləri anda Dünyaminin Xəyalı arxadan çağırdığını eşidib geri çevrilən zaman Dünyamin əlindəki bıçaqla bir dəfə Xəyalın döş qəfəsinin arxa sol nahiyyəsinə və bir dəfə isə həmin bıçaqla onun qarnının göbəkdən sağ tərəfinə vurmuşdur. O, yerə yıxılmışdır. Xəyal ayağa qalxıb qaçmağa başlamış, Dünyamin də Xəyalın arxası ilə qaçmışdır. Lakin, sonradan Dünyamin yenidən onun üstünə gəlib yıxılmış vəziyyətində onu qarın nahiyyəsinin sol tərəfindən ikinci dəfə bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirən zaman hadisə baş verən küçədə "Rəsul’’ adı ilə fəaliyyət göstərən mağaza olduğu üçün həmin mağazadan alver edən şəxslər yəqin ki, hadisəni görmüşlər. Nə onun, nə də Xəyalın Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər narazılıq və ədavət olmamışdır. Təqsirləndirilən şəxs qohumları onların müalicəyə sərf etdiyi pulu ödəmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişlər, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid ifadəsindən görünür ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O, heç bir dövlət müəssisəsində rəsmi olaraq işləmir, lakin fərdi qaydada Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsində yerləşən “Rəsul” adı ilə fəaliyyət göstərən ərzaq mağazasını işlədir. Onun adı Vasif olsa da, çoxları onu “Salvador” ləqəbi ilə tanıyırlar. Xəyal və Şəmsini tanıyır. Onlar onun mağazasının yaxınlığında olan obyektdə işləyirmişlər. 16 iyun 2021-ci il tarixdə saat təxminən 15 radəsində o mağazada olan zaman küçədə səs-küy eşitmişdir. Bu zaman o, mağazadan küçəyə çıxdıqda görmüşdür ki, Şəmsi mağazaya yaxın asfalt örtüyünün üzərinə uzanmışdır. O, Şəmsiyə yaxınlaşanda Şəmsi ayağa qalxmış və bu zaman görmüş ki, Şəmsinin qarın nahiyyəsindən qan axır və ağrılar içindədir. Həmin zaman Şəmsi ondan köməkilik istəyərək onu xəstəxanaya çatdırmasını və bıçaqlanmasını demişdir. O, həmin zaman Şəmsinin qarın nahiyyəsini dəsmal ilə tutmuş və qoluna girərək yola doğru aparmışdır. Onlar yol kənarına çıxanda görmüşdür ki, Xəyal tanımadığı avtomobildə əyləşmişdir. Bu zaman bilmişdir ki, Şəmsini bıçaqla vuran şəxs Xəyalı da vurmuşdur. Həmin zaman o, Şəmsini Xəyalın yanına qoymuş və onlar xəstəxanaya getmişlər. Bundan sonra o, mağazaya qayıtmış və orada ona məlum olmuşdur ki, Xəyal və Şəmsini aralarında baş verən mübahisəyə görə tanışları, yəni bir yerdə fəhlə işlədikləri şəxs vurmuşdur. Lakin, həmin fəhlənin adını bilməmiş, Xəyal və Şəmsinin konkrekt olaraq kimin tərəfindən bıçaqla vurulmağını görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 1-ci PŞ-nin məsul növbətçisi, polis mayoru R.İbrahimovun 16 iyun 2021-ci il tarixli raportundan görünür ki, 16.06.2021-ci il tarixdə, saat 15:30 radələrində Təqsirləndirilən şəxs DİN-nin 102 xidmətinə zəng edərək Mərdəkan qəsəbəsində 2 nəfər şəxsə xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 1-ci PŞ-nin məsul növbətçisi, polis mayoru R.İbrahimovun 16 iyun 2021-ci il tarixli raportundan görünür ki, 16.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı KTM-dən daxil olmuş məlumata əsasən, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 bir dəfə bıçaqla vurularaq “döş qəfəsinin daxilə nüfuz etmiş kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə və 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Asif oğlunun isə iki dəfə bıçaqla vurularaq “qarın nahiyəsinə daxilə nüfuz etmiş kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə müraciət etdikləri müəyyən edilmişdir. Cinayət işinin 79-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhər Xəzər RPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş 08 iyul 2021-ci il tarixli, 056- 8215-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən «Rəsul» marketin yaxınlığında iş yoldaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Asif oğluna mübahisə edib bıçaqla xəsarət yetirərkən orada olan şahidlərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 91-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhər Xəzər RPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş 07 avqust 2021-ci il tarixli, 055-6715-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman istifadə etdiyi bıçağın tapılıb müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 107-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinin 18 iyul 2021-ci il tarixli, 1156 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarət - sol tərəfli hematoraks ilə nəticələnmiş döş qəfəsinin sol yarısının plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici kəsici təsirə malik əşya (alət (ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı Şəhər Kiliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 16.06.2021-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Cinayət işinin 110-113-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinin 18 iyul 2021-ci il tarixli, 1157 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - qaraciyərin yaralanması və daxili qanitirmə ilə müşayiət olunan döş qəfəsinin sol yarısının döş boşluğuna (daxilə) nüfuz edən 1 ədəd, böyük piyliyin eventrasiyası ilə müşayiət olunan qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd (cəmi 2 ədəd) deşilmiş kəsilmiş yaraları deşici-kəsici təsirə malik əşya (alət (ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Şəhər Kiliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 16.06.2021-ci il tarixə uyğun gələ bilər və bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilmişdir. Cinayət işinin 125-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu istintaqa verdiyi ifadəsi yerində yoxlanılarkən müdafiəçisinin iştirak etməməsinə etiraz etməmişdir. Cinayət işinin 126-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması və hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarının 9-cu bəndinə əsasən, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan CM-nin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Buraya cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və.s) başa düşülür. Xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 74-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 100-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 09 iyul 2021-ci il tarixli, 1507 nömrəli ambulator məhkəməpsixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən olunmayıb. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 1-ci PŞ-nin məsul növbətçisi, polis mayoru R.İbrahimovun 16 iyun 2021-ci il tarixli raportundan görünür ki, 16.06.2021-ci il tarixdə, saat 15:30 radələrində Təqsirləndirilən şəxs DİN-nin 102 xidmətinə zəng edərək Mərdəkan qəsəbəsində 2 nəfər şəxsə xəsarət yetirdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2012-ci il tarixli qərarında göstərilir ki, “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir: cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquqmühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətinin həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsində asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 13 oktyabr 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 13 oktyabr 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı şikayəti və tələbi olmadığını bildirərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq, onun faktiki tutulduğu, yəni 16 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 17-ci vərəqəsində olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, 16 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 54-55-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 4(003)-241/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 16 iyun 2021-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1692/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1692/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver