Məhkəmə qərarları › İş №1(101)-1695/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1695/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1695/2025 29.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qərar ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi, xx xxxxxxx 1989-cu il tarixdə Bərdə rayonunun Kətəlparaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qərar ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi olmadan şəxsi istifadələri üçün Baba adlı şəxsdən qanunsuz olaraq 6,13 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 0,470 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 aprel 2025-ci il tarixdə saat 23:00-da Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə 28 May küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs2lə birlikdə saxlanılaraq həmin gün saat 23:01-də yerində üzəriləri yoxlanılan zaman əynində olan gödəkçəsinin cibindən şəxsi istifadələri üçün əldə etdikləri 01 bükümdə təmiz çəkisi 0,470 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və 06 bükümdə ayr-ayrılıqda təmiz çəkiləri 1,16 qram, 0,90 qram, 0,85 qram, 1,24 qram, 0,92 qram və 1,06 qram olmaqla ümumi təmiz çəkisi 6,13 qram təşkil edən tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxslərə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. 19 aprel 2025-ci il tarixli əməliyyat-axtarış tədbirini keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokol, müvafiq protokola əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sol yan cibindən “Honor” markalı mobil telefonu, əynində olan gödəkçənin sağ yan cibindən içərisində 01 ədəd bükümdə içərisindəki ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və 06 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı İsmət Abudllayev üzərindən aşkar olunan maddələrin 01 ədəd bükümdə “nəşə”, 06 ədəd bükümdə “patı” olduğunu, həmin bükümləri “Tiktok” sosial şəbəkəsindən tanış olduğu İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 ona məxsus olan “Redmi 10c” markalı telefonu təqdim etmiş, üzərindən hər hansı bir başqa əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 saxlandıqları yerə narkotik vasitə və psixotrop maddə əldə etmələri üçün getdiklərini bildirmişdir (cild 1, iş vərəqə 8-9, 182).

4. 20 aprel 2025-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Arayışlar üçün №190” möhür əksi “Təqsirləndirilən şəxs1...” və sair adlar, soyadlar, imzalar olan 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,470 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsula hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 0,420 qram təşkil etmişdir. Ekspertiza tədqiqatının keçirilməsinə 110 manat pul vəsaiti sərf edilmişdir (cild 1, iş vərəqə 56-60).

5. 20 aprel 2025-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1...” yazılar olan və imzalar olan zərfdəki 06 ədəd bükümdə ayrı-ayrılıqda 1,16 qram, 0,90 qram, 0,85 qram, 1,24 qram, 0,92 qram, 1,06 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 6,13 qramdır.Təqdim olunmuş 6 ədəd polieilen paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra marixuananın qalıq çəkisi 5,83 qram təşkil etmişdir. Ekspertiza tədqiqatının keçirilməsinə 72 manat pul vəsaiti sərf edilmişdir (cild 1, iş vərəqə 65-69).

6. 20 aprel 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, əməliyyat-axtarış tədbirini keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd “Redmi 10c” markalı mobil telefona baxış zamanı telefonun üzərində ***-***-**-** GMS nömrəsinin olması müəyyən edilmişdir. Mobil telefonda quraşdırılmış “WhatsApp Business” sosial şəbəkəsinə daxil olduqda Təqsirləndirilən şəxs2 adını “Baba J” qeyd etdiyi +98 992 *** ** ** mobil nömrəsi ilə çoxlu sayda 19 aprel 2025-ci il tarixdə qarşılıqlı zənglərin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin şəxsə Baba olaraq müraciət etmiş və onlar arasında xx.xx.2025-ci il tarixdə saat 19:23-dən saat 22:23-dək narkotik vasitə və psixotrop maddənin alınması məzmununda yazışma və danışıqlar aparılmışdır. Baba adlı şəxsin əlaqə nömrəsinin “Tik tok” sosial şəbəkəsindən götürdüyünü, həmin şəxsdən “torpaq”, “kola” və “Daş” istədiyini, “torpaq”, “Kola” və “Daş” adlandırdığı narkotik vasitə və psixotrop maddənin 1 qramının neçəyə olmasını, pulu dostu tərəfindən həmin şəxsə “M10” vasitəsi ilə göndəriləcəyi, yanındakı dostunun “kola” istədiyini, götürəcəkləri narkotik vasitə və psixotrop maddənin “Səməd Vurğun” parkı tərəfindən dostu ilə birlikdə götürüləcəyi, Baba adlı şəxsin narkotik vasitə və psxiotrop maddənin hər birinin 1 qramını 40 manata satdığı, mesajların sonunda isə həmin narkotik vasitə və psixotrop maddənin “Səməd Vurğun” parkı yaxınlığında ağacın yaxınlığında olması müəyyən edilmişdir. Daha sonra Baba adlı şəxs fotoşəkillər və lokasiya göndərmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 Baba adlı şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu, “WhatsApp” mobil tətbiqində həmin şəxslə olan səs yazılarının ona məxsus olmasını, psixotrop maddə metamfetamini “daş”, narkotik vasitə heroini isə “torpaq” və “kola” kimi mesajda adlandırdığı, həmin şəxslə olan yazışmanı xx.xx.2025-ci il tarixdə narkotik vasitə və psixotrop maddə alması ilə bağlı olduğunu, yanındakı “kola” istəyən şəxsin Təqsirləndirilən şəxs1 olmasını bildirmişdir. Protokola əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs2 80 manat pul vəsaitinin köçürülməsinə dair ona ünvanlanmış şəkli telefonunda Baba j kimi adını qeyd etdiyi şəxsə göndərmişdir(cild 1, iş vərəqə 92-101). 7.19 may 2025-ci il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs2 kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. X3 Sistemindən alınan məlumata əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzdə (F19x2) kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 1, iş vərəqə 243-244).

8. 05 may 2025-ci il tarixli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayəti törətdiyi anda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiqinə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 246-247).

9. 02 iyun 2025-ci il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi)aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. X3 Sistemindən alınan məlumata əsasən oğlu xx.xx.2022-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserdə (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 1, iş vərəqə 248-249).

10. 19 may 2025-ci il tarixli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 251-252).

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş 05 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 206).

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş 05 may 2025-ci il tarixli tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 207-209, 210-219).

13. 01 iyun 2025-ci il tarixli Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-504/2024 saylı 23 oktyabr 2024-cü il tarixli hökmünə əsasən xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 3 ay 11 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş qalan cəza müddəti 01 il 05 ay 15 gün təşkil edir (cild 1, iş vərəqə 227).

14. 23 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan 6,13 qram narkotik vasitə qurudulmuş marixuana və 0,470 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd “Redmi 10c” markalı mobil telefon maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 264-280).

15. 18 iyun 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 mart 2025-ci il tarixdən 20 aprel 2025-ci il tarixə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan SMS-lərin məzmunu, tarixi və hansı operator nömrəsindən göndərilməsi, daxil olan və çıxan zənglər, danışıq müddəti, həmin zənglərin məxsus olduğu şəxslər barədə məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 231-233).

16. 17 iyul 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 mart 2025-ci il tarixdən 20 aprel 2025-ci il tarixə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan SMS-lərin məzmunu, tarixi və hansı operator nömrəsindən göndərilməsi, daxil olan və çıxan zənglər, danışıq müddəti, həmin zənglərin məxsus olduğu şəxslər barədə məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 240-242).

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 19 aprel tarixində saat 23:00 radələrində İsmət adlı şəxsin narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında üç nəfər şəxsi saxlamışlar və yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxslərin yanında onlarla birlikdə gəlmiş bir nəfər də olmuşdur.Təqsirləndirilən şəxs1 pencəyinin sağ cibindən bir büküm metamfetamin və altı ədəd bükümdə marixuana olan narkotik vasitə çıxarılmışdır. Digər təqsirləndirilən şəxsin üzərində isə narkotik vasitə aşkar edilməmişdir. Şahid2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, təqsirləndirilən şəxslər onlara müqavimət göstərməmişlər və onlar tərəfindən də təqsirləndirilən şəxslərə qarşı hər hansı bir təsir göstərilməmişdir. Təqsirləndirilən şəxslər narkotik vasitənin onlara məxsus olduğunu könüllü etiraf etmişlər. Narkotik vasitə siqaret qabının içində ayrı-ayrı bükümlərdə olmuşdur. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, daxil olmuş əməliyyat məılumatı əsasında 19 aprel 2025-ci il tarixində Nəsimi rayonu, “28 May” və Kövsər Səfərəliyeva küçələrinin kəsişməsində tərəflərindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. İsmət adlı şəxsin narkotik vasitələrin satışı, istifadəsi və dövriyyəsi ilə məşğul olması barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında üç nəfər şəxsi saxlamışlar və yaxınlaşıb özlərini təqdim etmişlər. Videoçəkilişlə saxlanılan şəxslərin üzərinə baxış keçirmişlər.Təqsirləndirilən şəxs1 pencəyinin sağ cibindən siqaret qutusunun içərisində bir büküm metamfetamin və marixuana təqdim etmişdir. Digər iki şəxsin üzərindən isə narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxslər onlara müqavimət göstərməmişlər və onlar tərəfindən də təqsirləndirilən şəxslərə qarşı hər hansı bir təsir göstərilməmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Xəyyamı tanıyır. Xəyyam maşın ustası olduğundan avtomobilini onun yanına təmir etdirmək üçün aparmışdır.İşdən sonra taksi fəaliyyəti ilə məşğul olur və hadisə baş verən günü Xəyyam onunla əlaqə saxlayaraq 20 manat müqabilində onu işdən götürüb “28 May” ərazisinə aparıb-gətirmək lazım olduğunu bildirmişdir. Onlar “Səməd Vurğun” bağı ətrafına getmişlər, İsmət adlı şəxs də Xəyyamın yanında olmuşdur. İşlərinin çox vaxt aparacağını dedikləri üçün o da maşından düşüb onlarla birlikdə getmişdir. Polis əməkdaşları onu da saxlamışlar. Maşında olarkən Xəyyam və İsmət arasında narkotik vasitə götürəcəkləri barədə söhbət etdiklərini müşahidə etməmişdir.

Təqsirləndirilən şəxs1 müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

20. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, həm Xəyyam, həm də o, narkotik vasitə istifadəçisidirlər. Xəyyamla danışdıqdan sonra sonuncu taksiylə gəlmiş və onlar birlikdə narkotik vasitəni Baba adlı şəxsdən götürmək üçün getmişlər. Baba adlı şəxs Xəyyamın tanışıdır. Narkotik vasitəni götürmək üçün Baba ilə Xəyyam danışmışdır. Taksiylə narkotik vasitənin olduğu yerə getmişlər. Həmin ünvanı Xəyyam bilmişdir. Onlar bir büküm metamfetamin və bir büküm heroin götürmək üçün getmişlər, lakin orada altı büküm marixuana olmuşdur. O, hər gün 1 qram heroin istifadə edir. Onlar marixuana istifadəçisi deyilər. Təqsirləndirilən şəxs1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, narkotik vasitəni satmaq fikirləri olmamışdır. Baba adlı şəxsi tanımamışdır. Əməliyyatçının biri ağacdan yerə düşmüş, digər əməliyyatçı isə gül mağazasından çıxaraq onları saxlamışlar. İttiham aktında qeyd edilən narkotik vasitə üçün 55 manat pul məbləğini Xəyyamın, 25 manat pul məbləğinin isə onun tərəfindən verildiyini təsdiq edir. Narkoloji dispanserdə müalicə almışdır və astma xəstəsidir.

Təqsirləndirilən şəxs2 müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

21. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsə metamfetamin və heroin istədiklərini bildirmişdir. İsmətlə dost olduqları üçün onun narkotik vasitəyə ehtiyacı olduğunu bilmişdir. Bir büküm metamfetamin və bir büküm heroin götürməyi planlamışlar. 80 manat miqdarında pul məbləğini “m10” vasitəsilə ödəmişlər. Pul məbləğinin yarısını İsmət, yarısını isə o ödəyəcəkdi. Metamfetaminin və heroinin qiyməti 40 manat olmuşdur. Taksiyə 20 manat pul vermişlər. 55 manat pul məbləğini o, İsmətin kart hesabına göndərmiş, 25 manat pul məbləği isə İsmətdə olmuşdur. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, ittiham aktında qeyd edilən narkotik vasitə üçün 55 manat pul məbləğinin onun, 25 manat pul məbləğinin isə İsmət tərəfindən verildiyini təsdiq edir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

22.CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 23.Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

24. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

27. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

28. Maddə 67.1 Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

29. Maddə 68.1.1-1 Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur.

30. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

32. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

33. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

34. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

35. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

36. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

37. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

38. Maddə.132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. 39.Maddə 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir;

40. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

41. Maddə 198.3. Cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

42. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən 5 qram və daha artıq çəkidə (500 qrama qədər) qurudulmuş marixuana xeyli miqdar, 2-ci Siyahısının 118-ci bəndinə əsasən 0,15 qram və daha artıq çəkidə (2 qrama qədər) psixotrop maddə metamfetamin xeyli miqdar təşkil edir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

43. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

44. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

45. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

46. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı

47. X5 11-ci bəndində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

48. Qeyd olunan Plenum qərarının 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.1-ci və ya 234.4.3-cü maddəsi ilə aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.

Avropa Məhkəməsinin president hüququ:

49. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

50. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

51. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

52. Cinayət işi materiallarından görünür ki, həm Təqsirləndirilən şəxs1, həm Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır. Belə ki, əvvəla iş materiallarına əlavə edilmiş 19 aprel 2025-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı “İsmət ” adlı şəxsin narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barəsində olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması zamanı keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində isə Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2lə birgə tutulmuş, üstləri yoxlanılmış, sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməsə də Təqsirləndirilən şəxs1 üzərində olan marixuana və metamfetamindən ibarət bükümləri təqdim etmişdir. Şifahi sorğu zamanı isə hər iki təqsirləndirilən şəxs saxlanıldıqları yerə narktoik vasitə və psixotrop maddə götürmək üçün gəldiklərini, həmin narkotik vasitələri İran İslam Respublikasını vətəndaşından aldığını bildirmişlər. Həm Təqsirləndirilən şəxs1, həm Təqsirləndirilən şəxs2 istər şübhəli, istərsə də təqsirləndirilən şəxs qismində dindirilərkən heroin və metamfetamin əldə etmək üçün birgə getdiklərini, həmin maddələri şəxsi istifadələri üçün əldə etdikləri və sonradan öz aralarında böləcəkləri, əvvəllər də müvafiq maddələrin satışı ilə məşğul olmadıqlarını qeyd etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 narkotik əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı ilə özü danışdığını, əslində bir qram heroin və bir qram metamfetamin əldə etməli olduqlarını, hər ikisinin bir qramını 40 manata razılaşdıqlarını, pulu isə aralarında əvvəldən bölərək ödədiklərini bildirmişlər. Belə ki, o, öz telefonundan ödəmə etmək mümkün olmadığından iranlıya ödəməli olduqları 80 manat pul vəsaitinin 55 manat hissəsini İsmətə, sonuncunun isə həmin pulu tamamlayaraq 80 manatı İranlıya göndərdiyini bildirmişdir. Məhkəmə iclasında isə hər iki təqsirləndirilən şəxs ifadələrini təsdiq etməklə həmçinin bildirmişlər ki, taksi pulunu da İsmət ödədiyindən öz aralarında olan haqq hesabı tamamlamışlar. Onların ifadəsinin düzgünlüyünün yoxlanılması istiqamətində təqsirləndirilən şəxsin hər ikisin üstünün yoxlanılması zamanı götürülmüş mobil telefonlara baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatlar öz təsdiqini tapmışdır. Lakin nə həmin telefonlara, nə də ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş təqsirləndirilən şəxslərin istifadələrində olan mobil telefon nömrəsi vasitəsilə aparılan danışıqların məzmununu əks etdirən CD diskə baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik maddələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən hər hansı sübuta rast gəlinməmişdir (qərarın 15 və 16-cı bəndləri).

53. Beləliklə, Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə iclasında verdikləri ifadələrini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, onların narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınması ilə əlaqədar əməlləri, əməllərində satış məqsədinin olmasının sübuta yetirilməməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarının xeyli miqdar təşkil etməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu mövqeyinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəməsinin Plenum qərarının müddəaları baxımından da düzgün və əsaslı olduğu barədə qənaətə gəlir (qərarın 47 və 48-ci bəndləri)

54. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

55. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir (qərarın 32-ci bəndi).

56. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxslərin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 31-33-cü bəndləri).

57. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. 58.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 23-26-cı bəndləri).

59. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2015-ci il, xx.xx.2014-cü il və xx.xx.2017-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır.

60. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağınının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir.

61. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir.

62. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətdiyindən qeyd edilən hal məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir və nəzərə alınır.

63. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, Təqsirləndirilən şəxs1 barəsində cəzanı yüngülləşdirən müəyyən edilməməsini, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olması kimi cəzanı yüngülləşdirən halın mövcudluğunu və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsi kimi haqqlarında olan cəzanı ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

64. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 01 il 08 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 05 ay 15 gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir (qərarın 29-cu bəndi).

65. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 20 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 25), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 19 aprel 2025-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 167-171).

66. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 20 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 43), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 19 aprel 2025-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 162-166).

67. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 aprel 2025-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

68. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 27-ci bəndi). 69.İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

70. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,420 qram təşkil edən psixotrop maddə metamfetamin və 5,83 qram təşkil edən narkotik vasitə marixuana məhv edilməli, mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 37-39-cu bəndləri).

71. Məhkəmə qeyd edilən rəyləri və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir.

72. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 182 (bir yüz səksən iki) manat məbləğində ekspertiza xərci bölünərək Təqsirləndirilən şəxs1 91 (doxsan bir) manat, Təqsirləndirilən şəxs2 91 (doxsan bir) manat tutularaq dövlət dövlət büdcəsinə ödənilməlidir (qərarın 4,5, 40 və 41-ci bəndləri). 73.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi2 və Müdafiəçi1 hər birinə ödənilməsi məqsədilə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir (qərarın 40 və 41-ci bəndləri).

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 19 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 05 ay 15 gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 19 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,420 qram təşkil edən psixotrop maddə metamfetamin və 5,83 qram təşkil edən narkotik vasitə marixuana məhv edilsin; mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 182 (bir yüz səksən iki) manat məbləğində ekspertiza xərci bölünərək Təqsirləndirilən şəxs1 91 (doxsan bir) manat, Təqsirləndirilən şəxs2 91 (doxsan bir) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 24 (iyirmi dörd) saat həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına vəkillər Müdafiəçi2 və Müdafiəçi1 ödənilməsi üçün hər birinə ayrı-ayrılıqda 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova

Rasim Sadıxov

Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar