Məhkəmə qərarları › İş №1(101)-1696/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1696/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1696/2021 04.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Təhsil Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbində ərazi gözətçisi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 12 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 12 mart 2020-ci il tarixdə saat 20:30 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 MMC-yə məxsus aptekin içərisinə daxil olaraq, hücuma məruz qalmış həmin aptekdə satıcı işləyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib, üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi təyinatı məlum olmayan bıçağı nümayiş etdirməklə hədə-qorxu gəlmiş, Zərərçəkmiş şəxs1 aptekin içərisində olan vitrinlərin arxasından qaçaraq bayıra çıxdıqdan sonra o, əlində olan bıçağı nümayiş etdirərək depo otağında olan digər satıcı Zərərçəkmiş şəxs2 hədə-qorxu gəlib pulun yerini göstərməyi tələb etmiş, sonuncu, pulların saxlandığı yeri göstərdikdən sonra Təqsirləndirilən şəxs aptekdəki piştaxtanın üzərində olan kassa aparatının aşağı hissəsində yerləşən, saxlanc yeri hesab olunan rəfin içərisindəki 1000 manat pulu ələ keçirib, aptekdən çıxıb hadisə yerini tərk edərək, ümumilikdə Zərərçəkmiş şəxs3 MMC-yə 1000 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 12 mart 2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən "xxxx" aptekinin qarşısından keçərkən həmin aptekin açıq olduğunu görüb oradan pul götürmək qərarına gəlmişdir. Bu məqsədlə aptekə daxil olub bir az əvvəl evdən çıxarkən götürüb üzərində gəzdirdiyi mətbəx bıçağını çıxarıb aptekdə işləyən qızlara nümayiş etdirmiş, onlara hədə-qorxu gələrək pulların harada olmasını demələrini tələb etmişdir. Bu zaman qızlardan biri aptekin içərisində olan vitrinlərin arxasından qaçmışdır. O, həmin qızın arxasınca qaçdıqda, qız pulların yerini göstərmişdir. O, rəfin içərisində olan dəftərin arasındakı pulları götürüb aptekdən çıxmış və qaçaraq hadisə yerini tərk etmişdir. Bir qədər aralandıqdan sonra aptekdən götürdüyü pulları saymış və təxminən 660-700 manat olmasını görmüşdür. Həmin pul ilə o, borclarını ödəmiş, qalan pulları isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Cinayət əməlini törədərkən istifadə etdiyi bıçaq ağ rəngli dəstəyi olan, təxminən 15-20 sm uzunluqda adi mətbəx bıçağı olmuşdur. O, hadisə yerindən qaçarkən həmin bıçağı hazırda xatırlamadığı yerdə ağacların altına atmışdır. O, aptekin satıcıları olan qızlara heç bir xəsarət yetirməmişdir. Törətdiyi cinayət əməli barədə heç kimə danışmamışdır. Bu onun ilk dəfə törətdiyi cinayət əməl olmuş, maddi ehtiyacı olduğundan bu cinayəti törətmişdir və tutduğu əməldən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, aptekə girərkən məqsədi orada olan pulları götürüb çıxmaq olmuş, bu zaman onun üzərində bıçaq olmuş və həmin bıçağı o, evdən götürmüşdür. Bıçağı pulları alarkən orada olacaq şəxsləri qorxutmaq üçün götürmüşdür. Sevinc adlı xanımla onun arasında təxminən 1 metr məsafə olmuş, o, bıçağı göstərərkən Sevinc anbara tərəf qaçmış, bu zaman o da, Sevincin arxasınca qaçmışdır. Həmin vaxt Sevinc əli ilə pulların yerini göstərmişdir. Pullar piştaxtanın arxasında rəfdə olmuş, pulların məbləği təxminən 660-700 manat olmuşdur. İttihamda 1000 manat yazılmışdır, lakin pulun məbləği bu qədər olmamışdır. O, törətdiyi cinayəti etiraf edir, arada 300 manat fərq yaranır, ona görə, əgər 1000 manat götürsəydi, 1000 manat götürdüyünü deyərdi, çünki ona görə 300 manatı danmağın heç bir faydası yoxdur. Aptekin içərisinə girəndə orada 2 nəfər xanım olmuşdur. O, aptekin içərisinə daxil olduqda istiqamətini piştaxtaya tərəf yönəltmişdir. Qıza yaxınlaşanda o, qaçmış, onun arxasınca getdikdə isə, qız əli ilə pulların yerini göstərmişdir. O, bıçağı yalnız nümayiş etdirmişdir, bıçaq onun əlində olmuş, həmin xanımla arasında təxminən 1 metr və ya 1 metrdən bir az çox məsafə olmuşdur. Onun aptekə girib-çıxmağı təxminən 1 dəqiqə ərzində baş vermişdir. Bıçağı onun əlində gördüklərinə görə heç kim ona yaxınlaşmamışdır. O, işlədiyi yerdə 250 manat əmək haqqı almışdır. Hazırda 4 nəfər ailə üzvü vardır, o, tutulandan 2 gün sonra atası rəhmətə getmişdir. Hadisəni törətməmişdən qabaq onun həm ailəsinin, həm də özünün şəxsi ehtiyacları olmuşdur. Onu hadisədən 1 il bir neçə ay keçəndən sonra tutmuşlar. Bu zaman artıq o, pulları xərcləmiş, həmin pulla borclarını qaytarmışdır. Əvvəllər heç vaxt cinayət törətməmişdir. Həmin gün 250 qram spirtli içki içmiş vəziyyətdə olmuşdur. O, «Topaz» oyunu oynamışdır, lakin orada nisyə oyun verilmir. Törətdiyi əməldən peşmandır və hazırda vurduğu ziyan tamamilə ödənilmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hadisə baş verən zaman "xxxx" aptekində satıcı işləmişdir. 12 mart 2020-ci il tarixdə saat 20:30 radələrində aptekdə növbə yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə olarkən əvvəllər tanımadığı bir şəxs aptekə daxil olmuşdur. Həmin şəxs əlində bıçaq göstərərkən o, instiktiv olaraq dərhal aptekin içərisindəki vitrinlərin arxasından qaçaraq bayıra çıxmış və qonşu telefon dükanında işləyən şəxslərdən kömək istəmişdir. Həmin vaxt iş yoldaşı Sevinc aptekin içərisində qalmışdır. Aptekə girən şəxs həmin vaxt aptekdən 1000 manata yaxın pul götürmüşdür. Verilən sualları cavablındıran Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsin Sevincə üz tutaraq pul istədiyini, pulların kassada ön hissədə, digər pulların isə içəri otaqda olduğunu, Sevincin ön hissədə kassada olan pulların yerini göstərdiyini və içəri girən şəxsin də həmin pulları götürüb qaçdığını, təqsirləndirilən şəxsin təxminən 1000 manata yaxın pul götürdüyünü, təqsirləndirilən şəxs aptekə daxil olarkən özünün kassanın qarşısında olduğunu, həmin şəxsin aptekin mərkəzinə çatdıqda bıçaq çıxartdığını, buna görə onun qorxudan çölə qaçdığını, aptekin deposunun arxa otaqda yerləşdiyini, pulları hesabladıqdan sonra arxa otağın kassasında həmin pulları saxladıqlarını, küçədən deponun görsənmədiyini, xatırladığı qədər, həmin şəxsin içəridəki kassadan pulları götürdüyünü, kassanın şüşə vitrinin arxasında girişlə üzbəüz yerdə yerləşdiyini, təqsirləndirilən şəxs kassa tərəfə keçdikdə bıçağın artıq onun əlində olduğunu, aptekdən küçəyə 2 qapı olduğunu, Sevincin arxa otaqda olduğunu və onun səsinə gəldiyini, Sevinc gəldikdə həmin şəxsin pulları artıq ondan tələb etməyə başladığını, psixoloji sarsıntı keçirməyi istisna olmaqla, fiziki olaraq heç bir xəsarət almadığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını ifadəsinə əlavə etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 12 mart 2020-ci il tarixdə saat 20:30 radələrində aptekdə olarkən əvvəllər tanımadığı bir şəxs aptekə əlində bıçaqla daxil olmuşdur. Onunla birlikdə işləyən İnci naməlum şəxsin əlində bıçağı görüb aptekin içərisində olan vitrinlərin arxasından qaçaraq bayıra çıxmışdır. Bundan sonra əlində bıçaq olan şəxs aptekin depo otağına daxil olub, əlindəki bıçağı ona tərəf tutaraq pul tələb etməyə başlamış və pulun yerini göstərməyi tələb etmişdir. O, şkafdan satış üçün nəzərdə tutulmuş uşaq bezini götürüb əlində tutaraq özünü bıçaqdan qorumaq istəmişdir. Həmin şəxsdən qorxduğuna görə depo otağından kassa olan otağa keçib siyirmədəki pulun yerini ona göstərmişdir. Bundan sonra həmin şəxs siyirmədəki 1000 manata yaxın pulu götürüb apteki tərk etmişdir. Verilən suallara cavabında Zərərçəkmiş şəxs2 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsi hadisəyə qədər tanımamışdır və hadisə zamanı o, heç bir xəsarət almamışdır. Aptekin kassasının qarşısındakı şüşəli vitrinin cəftəsi olmamış, 2 maqniti olmuşdur. Aptekə girən şəxs əlində bıçaqla ondan pulun yerini soruşmuş və pulları götürmüşdür. Kassanın altında dəftərin içərisində çoxlu pullar olmuş və onlar hər bir saatda həmin pulları saymışlar. Sonradan aptekin müdiri saydıqda, 1000 manata yaxın pulun götürüldüyünü bildirmişdir. Hazırda onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2013-cü ilin yanvar ayının 28-dən Zərərçəkmiş şəxs3 MMC-nin hüquqşünası vəzifəsində işləyir. ünvan 3 ünvanında beş mərtəbəli binanın birinci mərtəbəsində yerləşən "xxxx" apteki işlədiyi MMC-nin tabeçiliyində fəaliyyət göstərir. 12 mart 2020-ci il tarixdə saat 20:30 radələrində qeyd olunan aptekdə quldurluq hadisəsi baş vermişdir. Aptekə daxil olan naməlum şəxs bıçaqla aptekin satıcıları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı quldurluq edərək 1000 manat məbləğində pulu götürüb qaçmışdır. Həmin şəxs puldan başqa aptekdən heç nə götürməmişdir. Hazırda MMC-yə vurulmuş maddi ziyan ödənilmişdir. Təmsil etdiyi Zərərçəkmiş şəxs3 MMC-nin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən «İPHONE SERVİS BAKU» telefon təmiri servisində sifarişçi işləmişdir. 12 mart 2020-ci il tarixdə təxminən saat 21 radələrində servisdə olarkən qonşuluqda yerləşən "xxxx" aptekdə işləyən, sonradan adını bildiyi İnci adlı qızın qışqıraraq kömək istədiyini eşitmişdir. O, servisdən bayıra çıxanda İnci ona aptekin içində bir nəfər kişinin əlində olan bıçaqla içəri daxil olub pul tələb etdiyini və aptekdə işləyən digər qızın, sonradan adını bildiyi Sevinc adlı şəxsin isə aptekin içərisində olduğunu bildirmişdir. O, qapıdan baxdıqda həmin şəxsin bıçağı Sevincin üstünə tutduğunu, Sevincin isə həmin şəxsə pulu götürməsini, lakin ona vurmamasını dediyini görmüşdür. O, aptekə daxil olub həmin şəxsə nə edirsən demək istədikdə, həmin şəxsin əlində olan bıçaqla aptekdən bayıra çıxıb qaçaraq getdiyini görmüş, onu vuracağından qoxub tez qapını bağlamaq istəmiş, həmin şəxs qapını açaraq qaçmışdır. O və digər tanımadığı şəxslər həmin şəxsin arxasınca qaçaraq saxlamaq istəsələr də, cinayət törədən şəxsə çata bilməmişlər. Bundan sonra ona məlum olmuşdur ki, həmin şəxs aptekdə işləyən qızlara hədə-qorxu gələrək aptekdən pul götürmüşdür. Əlavə olaraq, həmin şəxsi gördükdə tanıya biləcəyini qeyd etmişdir. Hadisədən təxminən bir saat əvvəl həmin cinayət törədən şəxsi apteklə üzbəüz olan avtomobil yolunun kənarında görmüşdür. Əməlindən xəbəri olmadığına görə hansı səbəbə görə orada olması ilə maraqlanmamışdır (cild 1, iş vərəqi 13-14). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 04 may 2020-ci il tarixli ifadənin yerində yoxlanılması protokoluna əsasən, həmin istintaq hərəkəti keçirilən zaman zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsinə uyğun olaraq, ünvan 3 ünvanında yerləşən "xxxx" aptekinin içərisini hadisə yeri kimi göstərmiş, 12 mart 2020-ci il tarixdə saat 20:37 radələrində aptekdə olan depo otağına daxil olan naməlum şəxs əlindəki bıçağı ona tərəf tutduqda, uşaq bezini götürüb əlində saxlayaraq özünü bıçaqdan qorumaq istədiyi yeri və naməlum şəxs pul tələb etməyə başladıqda, ona pulların olduğu siyirməni göstərdikdən sonra həmin şəxsin siyrmədəki 1000 manat məbləğində pulu götürüb qaçaraq aptekdən çıxıb quldurluq etməsi barədə istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 92-94). Cinayət işində olan 13 avqust 2021-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə uyğun olaraq, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən "xxxx" aptekini hadisə yeri kimi göstərərək, 12 mart 2020-ci il tarixdə saat 20:30 radələrində pul əldə etmək məqsədilə həmin aptekə daxil olduğunu, üzərində gəzdirdiyi, silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirməklə həmin aptekdə satıcı işləyən qızlara hədə-qorxu gəldiyini, satıcı qızlardan biri aptekin içərisində olan vitrinlərin arxasından qaçaraq bayıra çıxdıqdan sonra, o, əlində olan bıçağı nümayiş etdirərək digər satıcı qıza hədə-qorxu gəlib pulun yerini ona göstərməyi tələb etdiyini, sonuncu, pulların saxlandığı yeri göstərdikdən sonra o, aptekdəki piştaxtanın üzərində olan kassa aparatının aşağı hissəsində yerləşən rəfin içərisindəki dəftərin arasından 650 manat pulu götürdüyünü, sonra aptekdən çıxıb qaçaraq hadisə yerini tərk etdiyi barədə istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 225-227). Cinayət işinə əlavə edilmiş 04 may 2020-ci il tarixli baxış protokoluna əsasən, ünvan 3 ünvanında yerləşən "xxxx" aptekin içərisində quraşdırılmış nəzarət-müşahidə kamerasında 12 mart 2020-ci il tarixdə qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD diskə həmin tarixdə Nizami RPİ-nin İŞ-nin 311 saylı inzibati otağında HP markalı kompüter vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, başında qara idman papağı, əynində qara rəngli gödəkçə, tünd göy rəngli cins şalvar olan üzü bir qədər saqqallı, təxminən 25-30 yaşlarında, hündür boylu, orta bədən quruluşlu naməlum şəxs ünvan 3 ünvanında yerləşən "xxxx" aptekin içərisinə daxil olaraq şalvarının cibində olan əşyanı çıxararaq irəli doğru qaçır. Piştaxtanın arxasına çatdıqda satıcı Zərərçəkmiş şəxs1 qorxub qaçaraq apteki tərk edir. Naməlum şəxs bıçağı sol əlində saxlayaraq sağ əli ilə siyirmələri açaraq oranı axtarır. Oradan heç nə götürmədən aptekin digər otağına keçir. Otağa girərkən əlində olan bıçağı onunla qarşılaşan digər satıcısı Zərərçəkmiş şəxs2 tuşlayaraq nə isə deyir. Zərərçəkmiş şəxs2 uşaq bezini sinəsinə tutaraq özünü müdafiə etməyə çalışır (cild 1, iş vərəqi 96). İbtidai istintaq zamanı ünvan 3 ünvanında yerləşən "xxxx" aptekin içərisində quraşdırılmış nəzarət-müşahidə kamerasında 12 mart 2020-ci il tarixdə qeydə alınmış videogörüntülərin 1 ədəd DVD diskinə 11 avqust 2020-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı əynində qara gödəkçə, mavi rəgli cins şalvar, başında qara rəngli idman papağı olan, qara bığı və saqqalı olan, 25-30 yaşlarında naməlum şəxsin 12 mart 2020-ci il tarixdə saat 20:17:55-də ünvan 3 ünvanında yerləşən "xxxx" aptekə daxil olaraq şalvarının sol yan cibindən çıxardığı bıçağı sağ əlinə ötürərək piştaxtaya tərəf qaçması, piştaxtanın arxasında satıcı Zərərçəkmiş şəxs1 basqın etməsi, Zərərçəkmiş şəxs1 piştaxtanın arxasından qaçmağa müvəffəq olduqdan sonra bıçağı sol əlində saxlayaraq sağ əli ilə piştaxtanın rəflərini açaraq axtarması, saat 20:18:05-də satış rəflərinin arxasına sığınmış qıza əlində saxladığı bıçaqla hədə-qorxu gələrək basqın etməsi, sonuncunun basqından qorxaraq həmin naməlum şəxslə saat 20:18:14-də qonşu otağa keçməsi, saat 20:18:20də quldurluq hadisəsi törətmiş naməlum şəxsin apteki tərk etməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 155). Məhkəmə iclasında qeyd olunan videogörüntülər proses iştirakçılarına nümayiş etdirildi, bu zaman ibtidai istintaq orqanının qeyd olunan baxış protokolunda göstərdikləri bir daha öz təsdiqini tapdı. Cinayət işinə əlavə edilmiş 13 avqust 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 3 ünvanında yerləşən "xxxx" aptekin içərisində quraşdırılmış nəzarət-müşahidə kamerasında 12 mart 2020-ci il tarixdə qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD diskə baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs 12 mart 2020-ci il tarixdə saat 20:17:55-də ünvan 3 ünvanında yerləşən "xxxx" aptekə daxil olan əynində qara gödəkçə, mavi rəgli cins şalvar, başında qara rəngli idman papağı olan şəxsin özü olduğunu bildirmişdir (cild 1, iş vərəqi 194). İş materiallarına əlavə edilmiş 12 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tanınma üçün Zərərçəkmiş şəxs2 təqdim edilmiş, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş eyni cinsdən olan 4 nəfər şəxsi nəzərdən keçirib, soldan sağa doğru 3cü sıradakı Təqsirləndirilən şəxs göstərərək, həmin şəxsin onlara qarşı quldurluq cinayətini törətmiş şəxs olduğunu bildirmiş, onu sifət quruluşundan, qalın qaşlarından, boyundan və üz cizgilərinin formasından tanıdığını qeyd etmişdir. Bu barədə protokol tərtib edilmiş və tanınma zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 185-187). Cinayət işində olan 12 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanınma üçün həmin tarixdə Zərərçəkmiş şəxs1 təqdim edilmiş, Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş eyni cinsdən olan 4 nəfər şəxsi nəzərdən keçirib, soldan sağa doğru 2-ci sıradakı Təqsirləndirilən şəxs göstərərək, həmin şəxsin onlara qarşı quldurluq cinayət əməlini törətmiş şəxs olduğunu bildirmiş, onu sifət quruluşundan, qalın qaşlarından, boyundan və üz cizgilərinin formasından tanıdığını qeyd etmişdir. Bu barədə protokol tərtib edilmiş və tanınma zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 188-190). Cinayət işinə əlavə edilmiş 20.08.2021-ci il tarixli 1873 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xətəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xətəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs eqosentrizm, məsuliyyətsizlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Əqli-intellektual imkanları nəzərə almaqla, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, proqnozlaşdırma qabiliyyətinə malik olmuşdur (cild 1, iş vərəqi 241-244). İbtidai istintaq orqanının 20 sentyabr 2021-ci il tarixli qərarı ilə, ünvan 3 ünvanında yerləşən "xxxx" aptekin içərisində quraşdırılmış nəzarət-müşahidə kamerasında 12 mart 2020-cİ il tarixdə qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 247-255). Cinayət işində olan nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 30.12.2013-cü il təvəllüdlü Aysu adlı azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 236-237). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 24.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə idarədə məlumat yoxdur (cild 1, iş vərəqi 234). Şərh olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olmasını, 59.1.12 və 59.1.13-cü maddələrinə uyğun olaraq, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, həmçinin cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nizami RPİ 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdən başlayaraq fasiləsiz həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut hesab olunan ünvan 3 ünvanında yerləşən "xxxx" aptekin içərisində quraşdırılmış nəzarət-müşahidə kamerasında 12 mart 2020-cİ il tarixdə qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - ünvan 3 ünvanında yerləşən "xxxx" aptekin içərisində quraşdırılmış nəzarət-müşahidə kamerasında 12 mart 2020-cİ il tarixdə qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar