Məhkəmə qərarları › İş №1(101)-1698/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1698/2021

15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1698/2021 15.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, mülki iddiaçı X3, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli (Azərbaycan Respublikasında ali təhsil almışdır), subay, 1 (bir) azyaşlı uşağı olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci tarixli hökmü ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 26, mənzil 55-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 11, mənzil 61də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 xarici ölkələrdən havalandırma sistemi məhsulları və tibbi avadanlıqlar gətirib satmaqla qazanc əldə edəcəkləri ilə bağlı şərikli biznes quracaqlarına dair yalan vədlər verməklə aldadıb, həmin biznes fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək niyyətində olmadan 12 sentyabr 2020-ci il tarixdən 09 noyabr 2020-ci il tarixədək olan müddət ərzində hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə, 12 sentyabr 2020-ci il tarixdə, saat 19:00 radələrində ünvan 1 ünvanında yerləşən "X4" Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyinin binasının qarşısında sonuncunun həmin günün məzənnəsi ilə 10.200 manat təşkil edən 6.000 ABŞ dolları, 16 sentyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən avtomobil təmiri sexinin qarşısında 6.000 manat, 28 sentyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində ünvan 4 ünvanında yerləşən A.Məmmədov adına 38 nömrəli tam orta məktəbin inzibati binasının qarşısında həmin günün məzənnəsi ilə 11.699 manat 40 qəpik təşkil edən 6.882 ABŞ dolları, 2020-ci ilin oktyabr ayının əvvəllərində ünvan 5 ünvanında yerləşən hədiyyəlik əşyaların və milli suvenirlərin satışı ilə məşğul olunan mağazada həmin dövrün məzənnəsi ilə 13.600 manat təşkil edən 8.000 ABŞ dolları, bir neçə gündən sonra ünvan 6 ünvanında yerləşən “KFC” fastfood restoranının qarşısında həmin dövrün məzənnəsi ilə 23.800 manat təşkil edən 14.000 ABŞ dolları, 2020-ci ilin oktyabr ayının ortalarında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 23.800 manat təşkil edən 14.000 ABŞ dolları, 2020-ci ilin okyabr ayının ikinci yarısında ünvan 5 ünvanında yerləşən hədiyyəlik əşyaların və milli suvenirlərin satışı ilə məşğul olunan mağazada həmin dövrün məzənnəsi ilə 27.200 manat təşkil edən 16.000 ABŞ dolları, 2020-ci ilin okyabr ayının axırlarında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 38.250 manat təşkil edən 22.500 ABŞ dolları, 06 noyabr 2020-ci il tarixdə eyni ünvanda həmin günün məzənnəsi ilə 39.100 manat təşkil edən 23.000 ABŞ dolları və 09 noyabr 2020-ci il tarixdə eyni ünvanda həmin günün məzənnəsi ilə 46.750 manat təşkil edən 27.500 ABŞ dolları məbləğində pulu ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs2 külli miqdarda, yəni 240.399 manat 40 qəpik məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 Çin Xalq Respublikasından restoran fəaliyyəti ilə bağlı zəruri avadanlıqlar və tibbi avadanlıqları gətirib satmaqla qazanc əldə edəcəkləri ilə bağlı şərikli biznes quracaqlarına dair yalan vədlər verməklə aldadıb, həmin biznes fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək niyyətində olmadan 2020-ci ilin aprel ayının ortalarından 2020-ci ilin noyabr ayınadək hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə, 2020-ci ilin aprel ayının ortalarında ünvan 7 ünvanında yerləşən mənzildə həmin dövrün məzənnəsi ilə 16.660 manat təşkil edən 9.800 ABŞ dolları, 22 may 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 22L ünvanında yerləşən "xxxx" ASC-nin baş filialında AZ19HAJCFPRUSD**********79001 nömrəli kart hesabına köçürmə yolu ilə həmin günün məzənnəsi ilə 34.850 manat təşkil edən 20.500 ABŞ dolları, 23 iyul 2020-ci il tarixdə ünvan 7 ünvanında yerləşən mənzildə həmin günün məzənnəsi ilə 40.800 manat təşkil edən 24.000 ABŞ dolları, 2020-ci ilin avqust ayının ortalarında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 30.600 manat təşkil edən 18.000 ABŞ dolları, 2020-ci ilin sentyabr ayının ortalarında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 32.980 manat təşkil edən 19.400 ABŞ dolları məbləğində pulu ələ keçirmiş, bundan sonra, cinayətkar niyyətini davam etdirərək, hansısa vəzifəli şəxsin İsmayıllı rayonunda inşa etdirdiyi evin inşasının başa çatdırılması üçün tikinti materialları alaraq baha qiymətə satıb qazanc əldə edəcəkləri ilə bağlı şərikli biznes quracaqlarına dair yalan vədlər verməklə aldadıb, həmin biznes fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək niyyətində olmadan 2020-ci ilin noyabr ayının əvvəlindən sonunadək olan müddət ərzində hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 7 ünvanda həmin dövrün məzənnəsi ilə 66.470 manat təşkil edən cəmi 39.100 ABŞ dolları məbləğində pulu ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs3 külli miqdarda, yəni 222.360 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 xarici ölkələrdən tibbi avadanlıqlar gətirib satmaqla qazanc əldə edəcəkləri ilə bağlı şərikli biznes quracaqlarına dair yalan vədlər verməklə aldadıb, həmin biznes fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək niyyətində olmadan 12 dekabr 2020-ci il tarixdə, saat 13:00 radələrində ünvan 9 ünvanında yerləşən xalça mağazasında sonuncunun həmin günün məzənnəsi ilə 5.100 manat təşkil edən 3.000 ABŞ dolları və 13.000 manat məbləğində pulu ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 18.100 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iddia ərizəsi icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs2 cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq cinayətini törədərək onun 102.000 ABŞ dolları məbləğində pulunu ələ keçirərək ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Ona görə də Zərərçəkmiş şəxs2 240.399 manat 40 qəpik məbləğində maddi ziyanın, 100.000 manat məbləğində mənəvi ziyanın və 464 manat məbləğində ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etdi. Həmçinin məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iddia ərizəsi icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs3 cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq cinayətini törədərək onun 222.360 manat məbləğində pulunu ələ keçirərək ona maddi ziyan vurmuşdur. Ona görə də Zərərçəkmiş şəxs3 222.360 manat məbləğində maddi ziyanın və 512 manat məbləğində ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin, mülki iddiaçının və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin materiallarında olan sair mötəbər və obyektiv sübutlarla aşağıda şərh olunan qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, lakin ona qarşı irəli sürülmüş mülki iddiaları qəbul etməyərək ifadəsində göstərdi ki, o, ona qarşı irəli sürülmüş ittihamla razı deyil. Belə ki, o, 2018-ci ildən 2021-ci ilin yanvar ayının əvvəllərinə qədər ünvan 10 ünvanında yerləşən antik əşyaların satışı ilə məşğul olan mağazada satıcı işləmişdir. O, 2016-cı il tarixdə boşanmış və onun nikahdan bir azyaşlı uşağı var. O, həbs edilməmişdən 3-4 ay əvvəl Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 11, mənzil 61-də yaşamışdır. O, satıcı işlədiyi vaxtda müxtəlif şəxslərdən borca pul almış və sonradan qaytara bilməmişdir. Bir müddətdən sonra ona borc pul verən şəxslər ona təzyiq etməyə başlamışlar və o da məcbur olub Bakı şəhərində müxtəlif ünvanlarda kirayəyə ev tutaraq yaşamışdır. O, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 İçərişəhərdə mağazada işlədiyi dövrdə tanımışdır. Çünki zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da İçərişəhərdə alverlə məşğul olmuşlar. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xalça satışı, Zərərçəkmiş şəxs2 isə milli suvenirlərin satışı ilə məşğul olmuşdur. O, 2019-cu il tarixdən etibarən onun satıcı kimi işlədiyi mağazaya müştəri kimi gəlib-gedən və ona özünü Türkiyə Respublikasının vətəndaşı kimi təqdim edən Namiq adlı şəxslə tanış olmuşdur. Namiq özünü ona Türkiyə Respublikasında “Rocer” adlı tikinti şirkətində böyük vəzifədə işlədiyini demişdir. Eyni zamanda Namiq ona xarici ölkələrdən tibbi avadanlıqları Azərbaycan Respublikasına gətirərək satışını təşkil etdiyini bildirmişdir. Həmin ərəfələrdə Namiq ondan müxtəlif məbləğlərdə pul alaraq xarici ölkələrdən tibbi avadanlıqları Azərbaycan Respublikasına gətirmiş və həmin avadanlıqları satdığını deyərək ona qazanc vermişdir. O, Namiqin bu işlərdən ona xeyir verdiyini gördükdən sonra Namiqə daha böyük məbləğdə pul verərək daha çox pul qazanmaq qərarına gəlmişdir. Buna görə də o, Zərərçəkmiş şəxs2 2020-ci ilin sentyabr ayından noyabr ayına qədər olan müddət ərzində hissə-hissə müxtəlif məbləğlərdə pul alaraq həmin pulları Namiqə vermişdir. Onun Amildən hissə-hissə aldığı pulların məbləğləri dəqiq olaraq onun yadında qalmamışdır. Lakin onun hesabına görə o, Amildən təxminən 62.000 ABŞ dolları məbləğində pul almışdır. Həmçinin o, Amildən aldığı pulları qazanc ilə birlikdə Amilin özünə geri qaytarmışdır. Hətta Amil ondan əlavə pul tələb etdiyinə görə o, başqa şəxsdən faizə pul götürərək Amilə 3.000 ABŞ dolları da vermişdir. Onun hazırda Amilə heç bir borcu yoxdur. O, Amildən cəmi 62.000 ABŞ dolları məbləğində pul almış və vəd etdiyi qazancla birlikdə həmin pulu şəxsən Amilin özünə qaytarmışdır. Bundan başqa, onun çoxlu borcu olduğundan o, 2020-ci ilin aprel ayında Zərərçəkmiş şəxs3 ilə söhbət edən zaman Rəcəbə tibbi avadanlıqların və restoran avadanlıqlarının Çin Xalq Respublikasından Azərbaycan Respublikasına gətirilməsində güclü əlaqələrinin olduğunu, həmin avadanlıqları gətirib satmaqla pul qazanacaqlarını deyərək Rəcəbdən bu iş üçün pul istəmişdir. Rəcəb də ona inanaraq pul verməyə razılıq vermişdir. O, Zərərçəkmiş şəxs3 müəyyən məbləğlərdə pul alaraq başqa şəxslərə olan borclarını qaytarmışdır. O, Rəcəbdən qazanc adı ilə müxtəlif məbləğlərdə pul alsa da, həmin pulları vədində göstərdiyi işlərə deyil, öz şəxsi borclarının qaytarılmasına sərf etmişdir. Eyni zamanda o, Rəcəbə bir nəfər vəzifəli şəxsin İsmayıllı rayonunda inşa etdirdiyi evin inşasının başa çatdırılması üçün 40.000 ABŞ dolları məbləğində pulun lazım olduğunu, həmin pulla evin inşasının başa çatdırılması üçün alacaqları tikinti avadanlıqlarını evin sahibinə baha qiymətə satıb qazanc əldə edəcəklərinə dair yalan danışaraq Rəcəbdən 2020-ci ilin noyabr ayı ərzində yaşadığı ünvan 12 ünvanında hissə-hissə olmaqla, ümumilikdə 39.100 ABŞ dolları məbləğində pul almışdır. Lakin o, aldığı bu pulu da vədində göstərmiş işə deyil, öz şəxsi borclarının qaytarılmasına xərcləmişdir. Sonradan isə o, Rəcəbdən aldığı pulları sonuncuya qaytara bilməmişdir. Bundan başqa, ona həmin vaxt çoxlu məbləğdə pul lazım olmuşdur. Ona görə də o, yenidən məcbur olub 11 dekabr 2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs1la əlaqə saxlayaraq yaxşı bir iş olduğunu, xarici ölkələrdən tibbi avadanlıqlar gətirib sataraq qazanc əldə edəcəklərini və bunun üçün ona müəyyən məbləğdə pul lazım olduğunu deyib Eynurdan 16.000 ABŞ dolları məbləğində pul istəmişdir. O, Eynura qazanclarının olacağını deyərək sonuncuya həmin tibbi avadanlıqların şəkillərini də göndərmişdir. O, bununla Eynuru inandırmaq istəmişdir. Eynur da onunla razılaşaraq pul verməyə razılıq vermişdir. Bundan sonra o, 12 dekabr 2020-ci il tarixdə Eynurdan sonuncunun işlədiyi mağazada Eynurun atası Eynullanın yanında 3.000 ABŞ dolları və 13.000 manat, ümumilikdə isə 18.100 manat pul almışdır. O, Eynurdan pulu alarkən həmin pulu 2020-ci ilin dekabr ayının sonlarında qaytaracağını demişdir. Lakin o, Eynurdan aldığı pulları geri qaytarmayaraq öz şəxsi borclarının ödənilməsinə xərcləmişdir. Amil ona ümumilikdə 142.000 ABŞ dolları deyil, 62.000 ABŞ dolları məbləğində pul vermişdir. O, Amildən aldığı 62.000 ABŞ dolları məbləğində pulu qazanc ilə birlikdə sonradan Amilin özünə qaytarmışdır. O, Zərərçəkmiş şəxs2 qarşı heç bir cinayət törətməmişdir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edərək sonuncuların pulunu ələ keçirsə də, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməmişdir. Eyni zamanda o, Salman Niftiyevdən də heç vaxt şəxsən pul almamışdır. Zərərçəkmiş şəxs2 Salman Niftiyevdən özü pul alaraq ona vermişdir. O da həmin pulu Zərərçəkmiş şəxs2 geri qaytarmışdır. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınmasını, ona yüngül cəza təyin edilməsini və ona qarşı irəli sürülmüş mülki iddiaların rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilməməsi, mülki iddianı qəbul etməməsi və Zərərçəkmiş şəxs2 62.000 ABŞ dolları məbləğində pul alması, sonradan isə vəd etdiyi qazanc ilə birlikdə həmin pulu Zərərçəkmiş şəxs2 qaytarması ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunlu ifadə verməklə cinayət məsuliyyətindən, eləcə də mülki məsuliyyətdən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2009-cu ildən etibarən ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsində hədiyyəlik əşyaların və milli suvenirlərin satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 2018-ci ildə İçərişəhərdə fəaliyyət göstərən mağazaların birində satıcı işləməyə başlamışdır. Həmin vaxtdan da o, Teymuru tanımış və onların arasında çox yaxşı münasibətlər olmuşdur. 2020-ci ilin iyul ayında Teymur ona zəng edərək “nar” formasında suvenir lazım olduğunu bildirmiş və həmin suvenirdən onda olubolmadığını soruşmuşdur. O da Teymura özündə Teymurun istədiyi əşyaların olmadığını, lakin lazımdırsa istədiyi əşyaları tapa biləcəyini Teymura demişdir. Teymur da ondan həmin əşyaları tapmasını xahiş etmişdir. Bir neçə gündən sonra Teymur onun işlətdiyi mağazaya gəlmişdir. Teymur həmin vaxt onun mağazasına “Toyota Prado” markalı avtomobillə gəlmişdir. 2020-ci ilin iyul ayında karantin rejimi tətbiq edildiyindən Teymurun satıcı kimi işlədiyi mağaza fəaliyyət göstərməmişdir. O, Teymuru “Toyota Prado” markalı avtomobillə gəldiyini görüb sonuncudan hansı işlə məşğul olduğunu soruşmuşdur. Teymurun satıcı işlədiyi və həmin vaxt Teymurun işlədiyi mağaza fəaliyyət göstərmədiyi halda Teymurun bahalı avtomobillə onun yanına gəlməsi ona maraqlı gəlmişdir. Onun sualının qarşılığında Teymur cibindən çoxlu sayda ABŞ dolları çıxararaq demişdir ki, “qardaşın yaxşı işlərlə məşğuldur, yaxşı kanallarım var, sənə də köməklik edəcəm ki, pul qazanasan”. Teymurun bu sözləri ona maraqlı gəldiyindən o, Teymurdan nə işlə məşğul olduğunu yenidən soruşmuşdur. Teymur da ona bildirmişdir ki, “telefonda soruşduğum “nar” formasında suvenirdən mənə 480 ədəd lazımdır”. O, Teymurdan 480 ədəd suvenirin niyə lazım olduğunu soruşduqda, Teymur ona demişdir ki, “müştəri var, həmin müştəri nə üçünsə məndən bu qədər suvenir istəyir. Təşkil edə bilsən, çoxlu pul qazana bilərik”. Bundan sonra Teymur onun mağazasında olan “nar” formasına oxşar suvenirlərin şəkillərini çəkmişdir. Sonra Teymur həmin şəkilləri müştərisinə göndərəcəyini, müştərisinin həmin suvenirləri bəyənəcəyi halda ondan həmin suvenirləri təşkil etməsini istəmişdir. O da Teymurla razılaşmışdır. Teymur ona, həmçinin bildirmişdir ki, “başqa pul qazanmaq üçün çoxlu yollar bilirəm”. O, Teymurdan bu barədə soruşduqda, Teymur bildirmişdir ki, “Bakı şəhərində müxtəlif restoranların sifarişi ilə havalandırma sisteminə aid məhsulları xarici ölkələrdən sifariş etməklə ölkəyə gətizdirirəm və həmin məhsulları restoranlara baha qiymətə sataraq pul qazanıram”. Teymur bundan sonra çıxıb getmişdir. Bundan sonra Teymur onunla mütəmadi şəkildə telefonla əlaqə saxlamışdır. Lakin həmin müddət ərzində Teymur ona suvenir sifariş etməmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində Teymur onunla növbəti dəfə telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, “restoranlara havalandırma sistemi məhsullarını gətirib satmaqla bağlı mənə pul lazımdır, varındısa mən pul ver, mən də həmin pulla biznes əlaqələrimi genişləndirim, çoxlu sayda məhsul sataraq pul qazanım və qazandığım puldan da həm sənin pulunu qaytarım, həm də üstündə sənə pul verim”. Teymurun bu təklifi onun xoşuna gəlmişdir. Həmin vaxtda karantin rejimi tətbiq edildiyindən onun mağazasında alver yaxşı olmamışdır. Bu səbəbdən də o, əlavə pul qazanmaq üçün şans düşdüyünü zənn edərək Teymura pul vermək qərarına gəlmişdir. Lakin onun özündə pul olmadığından, o, öz tanışlarından pul götürüb Teymura vermək qərarına gəlmişdir. Bundan sonra o, qardaşı Səməndərə Teymurun təklifi barədə məlumat vermiş və qardaşı Səməndərdən 6.000 ABŞ dolları məbləğində borc pul istəmişdir. Səməndər də ona 12 sentyabr 2020-ci il tarixdə yaşadığı ata evində 6.000 ABŞ dolları məbləğində pul vermişdir. O, Səməndərdən pulu aldıqdan sonra Teymura zəng edərək görüşmək istədiyini bildirmişdir. Sonra onlar həmin gün İçərişəhərdə görüşmüşlər və o, Teymura orada 6.000 ABŞ dolları məbləğində pulu vermişdir. Teymur ondan pulu aldıqda bildirmişdir ki, “təxminən 20-25 günə sənin verdiyin pulun üstündə gəlir kimi 1.000 ABŞ dolları, cəmi isə 7.000 ABŞ dolları məbləğində pul verəcəm”. 20-25 günə 6.000 ABŞ dolları hesabına 1.000 ABŞ dolları qazanmaq onun “şirnikləndirmişdir”. Bu söhbətdən dörd gün keçdikdən sonra, yəni 16 sentyabr 2020-ci il tarixdə Teymur ona zəng edərək bildirmişdir ki, “xarici ölkələrdən tibbi avadanlıqlar gətirmişəm və həmin avandanlıqları özəl klinikalara sataraq yaxşı gəlir əldə edirəm, əgər istəyirsənsə bu işlə də bağlı mənə əlavə pul ver, sənin puluvun hesabına mən həmin “kanalı” ələ alım. Bu işdə yaxşı pul var, mən girişməsəm, başqa adamlar bu işə girişəcək və gəlir əldən çıxacaq”. Teymur bu sözləri ona dedikdən sonra təcili şəkildə 6.000 manat pulu tapmağı ondan istəmişdir. Teymur 6.000 manatın müqabilində 15 gündən sonra ona həmin pulu və həmin pulun üstündə 1.000 manat qazanc verəcəyini demişdir. O da Teymura pulunun olmadığını, dost-tanışdan pul tapacağı halda xəbər verəcəyini demişdir. O, Teymurla danışdıqdan sonra yenidən qardaşı Səməndərə zəng edərək Teymura vermək üçün 6.000 manat pul istəmişdir. Səməndər isə ona təklif etmişdir ki, “tələsmə, qoy Teymur səndən aldığı 6.000 ABŞ dollarını və pulun üstündə qazancı qaytarsın, sonra yenə ona pul verərsən”. Lakin o, Teymura inandığından bundan sonra yeznəsi X8 zəng edərək bu dəfə sonuncudan borca 6.000 manat pul istəmişdir. Zabit ondan pulu hansı məqsədlə istədiyini soruşsa da, o, pulun özünə lazım olduğunu Zabitə demişdir. Zabit də ona pul verə biləcəyini demişdir. 16 sentyabr 2020-ci il tarixdə o, Zabitlə görüşərək sonuncudan 6.000 manat pul almışdır. Sonra o, həmin gün Teymurla əlaqə saxlayaraq görüşmək istədiyini bidirmişdir. Bundan sonra onlar Yasamal rayon Polis İdarəsinin qarşısındakı küçədə görüşmüşlər və həmin vaxt o, Teymura sonuncunun idarə etdiyi “Toyota Prado” markalı avtomobildə 6.000 manat məbləğində pul vermişdir. Teymur ondan pulu alarkən o, Teymurdan bir daha pulu hara sərf edəcəyini və nə qədər qazanclarının olacağını soruşmuşdur. Teymur onu inandırmaq üçün mobil telefonunda olan müxtəlif tibbi avadanlıqların fotoşəkillərini ona göstərərək bildirmişdir ki, “bu avadanlıqları xarici ölkələrdən sifariş etmişəm, onları baha qiymətə klinikalara sataraq pul əldə edəcəm, səndən aldığım 6.000 manat pulu da bu avadanlıqların alınmasına sərf edəcəm. 10-15 günə işi görüb sənə 6.000 manatın üstündə 1.000 manat pul verəcəm”. O da Teymurla razılaşaraq avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs 12 gündən sonra, yəni 28 sentyabr 2020-ci il tarixdə ona zəng edərək bildirmişdir ki, “pul məndədir. Gəl görüşək 7.000 manat pulu sənə verim”. O da sevinərək Teymurla razılaşmış və sonuncu ilə görüşə getmişdir. Onlar həmin gün Yasamal rayon Polis İdarəsinin qarşısındakı küçədə görüşmüşlər və o, Teymurun idarə etdiyi “Toyota Prado” markalı avtomobilə oturmuşdur. Teymur onun yanında pulu çıxararaq 7.000 manat pul saymışdır. O, Teymura verdiyi pulları borc götürüb verdiyinə görə bu barədə Teymura narahatlığını bildirmiş və Teymurdan bu işin nə vaxt nəticələnəcəyini soruşmuşdur. Teymur da ona demişdir ki, “narahat olma, az qalıb. Bir müddətdən sonra biz tibbi avadanlıqların satışında “kral” olacayıq. Biraz səbrli ol. Əsas odur ki, bu məbləğ 50.000 ABŞ dollarına qalxsın. Məbləğ 50.000 ABŞ dollarına qalxan kimi daha səni çətin işlərə salmayacam. Sənin bütün pullarıvı birdəfəlik sənə verəcəm”. O, həmin vaxt Teymura 50.000 ABŞ dolları məbləğində pulunun olmadığını bildirmişdir. Bundan sonra Teymur mobil telefonuna baxaraq, həyəcanlı şəkildə sevinərək bildirmişdir ki, “sənə şad xəbərim var, ayağın yaman yüngüldür. Mənə yeni sifariş gəlib”. O, Teymurdan nə baş verdiyini soruşduqda, Teymur bildirmişdir ki, “bu dəfə daha çox tibbi avadanlıqlar istəyən var, əgər həmin tibbi avadanlıqları ala bilsək, 15-20 gün ərzində 4.000 ABŞ dolları qazancımız olacaq. Amma bu avadanlıqları sifariş etmək üçün 11.000 ABŞ dolları pul lazımdır”. O, Teymura bildirmişdir ki, “hələ pulum yoxdur. Əgər olsa, mənə verdiyin 7.000 manatın üstünü düzəldib sənə 11.000 ABŞ dolları pul verərəm”. Bu zaman Teymur bildirmişdir ki, “onda niyə 7.000 manatı götürürsən, elə bu pul qalsın məndə, əgər düzəldə bilsən əlavə olaraq 6.900 ABŞ dolları verərsən, bu da 11.000 ABŞ dolları edər”. O da fikirləşmişdir ki, 7.000 manatı götürməkdənsə, elə həmin pulun üstünü də tapıb versin Teymura, sonuncu da ona sonda 4.000 ABŞ dolları xeyir versin. Ona görə də o, yenidən yeznəsi X8 zəng edərək sonuncudan əlavə 6.500 ABŞ dolları məbləğində borc pul istəmişdir. Zabit yenə də ondan nəyə görə pul lazım olduğunu soruşduqda, o, Zabitə həmin pulla mağazaya əşya gətirəcəyini demişdir. Zabit də ona inanaraq pul verməyə razııəq vermişdir. Sonra onlar 28 sentyabr 2020-ci il tarixdə görüşmüşlər və yeznəsi Zabit ona 6.500 ABŞ dolları məbləğində pul vermişdir. O, həmin pulun üstünü düzəldərək həmin gün Teymurla görüşmüş və sonuncuya 38 saylı orta məktəbin qarşısında 6.882 ABŞ dollarını vermişdir. Onun Teymura tibbi avadanlıqlara bağlı verdiyi pulun ümumi məbləği həmin gün 11.000 ABŞ dolları təşkil etmişdir. Teymur pulu aldıqda yenə də ona demişdir ki, “15-20 gündən sonra sənin qazancın 4.000 ABŞ dolları olacaq”. Teymur vaxtın tamamında ona həmin işə görə ümumilikdə 15.000 ABŞ dolları pul verməli olmuşdur. Teymur ondan cəmi 17.000 ABŞ dolları, bunun 11.000 ABŞ dolları tibbi avadanlıqlar, 6.000 ABŞ dolları isə suvenirlərlə bağlı olmuşdur. Bundan 3-4 gün sonra, yəni 2020-ci ilin oktyabr ayının ilk günlərində Teymur ona zəng edərək bildirmişdir ki, “birinci dəfə havalandırma məhsullarının sifarişi ilə bağlı sənin verdiyin 6.000 ABŞ dolları qazancla birlikdə, yəni 7.000 ABŞ dolları artıq məndədir”. O, Teymura həmin pulu götürmək istədiyini dedikdə, Teymur bildirmişdir ki, “başqa yerlərdən də tibbi avadanlıqların sifarişləri var, bu sifarişi mütləq götürmək lazımdır, bu sifariş üçün də 15.000 ABŞ dolları pul lazımdır”. O, Teymura bildirmişdir ki, “sənə verdiyim pulları borca götürürəm, hər dəfə pulu qaytarmaq vaxtı gələndə əlavə sifarişin olduğunu deyirsən, bunun nə vaxt axırı olacaq”. Teymur da bildirmişdir ki, “çoxlu qazanc əldə etmək və bu işi əldən çıxarmamaq üçün bu sifarişi etmək lazımdır”. Teymur, həmçinin and-aman edərək çoxlu qazanclarının olacaqlarını, yəni 15 günün tamamında 5.000 ABŞ dolları məbləğində qazanclarının olacağını ona demişdir. O, Teymurdan nə qədər pul vermək lazım olduğunu soruşduqda, Teymur bildirmişdir ki, “əlavə olaraq 8.000 ABŞ dolları versən, 7.000 ABŞ dollarının üstünə qoyaram və sifarişi verərəm”. O, bu dəfə də Teymurun təklifi ilə razılaşmış və qardaşı Səməndərdən ona 8.000 ABŞ dolları verməsini xahiş etmişdir. Səməndər də ondan pulu nəyə görə istədiyini soruşduqda, o, həmin pulu tibbi avadanlıqlar gətirməsi üçün Teymura verəcəyini bildirmişdir. Səməndər ondan daha əvvəl Teymura verdiyi pulu alıb-almadığını soruşmuşdur. O da Səməndərə yalan deyərək Teymurun ona pulu qaytardığını demişdir. Çünki Səməndər onun əlavə olaraq Teymura pul verməyinə narazı olmuşdur. Sonra o, Səməndərdən 8.000 ABŞ dolları pul götürmüş və Teymurla əlaqə saxlayaraq pul tapdığını demişdir. Həmin gün Teymur onun işlətdiyi mağazaya gəlmiş və ondan 8.000 ABŞ dolları məbləğində pul almışdır. Teymur yenidən cibindən çoxlu sayda pul çıxarıb ona göstərərək narahat olmamağı, bu işdən çoxlu pul qazanacaqlarını, sifarişlər çox olduğu üçün əlavə olaraq ondan pul aldığını, 15 günün tamamında qazanc olaraq ona 5.000 ABŞ dolları məbləğində pul verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona qazanc götürəcəyinə dair söz verdiyi günlərin tamamında hər dəfə əlaqə saxlayaraq pulların özündə olduğunu bildirmiş və əlavə sifarişlərin olduğunu, daha çox qazanc əldə edəcəklərini bildirərək, qəti şəkildə onu sonda çoxlu qazanc əldə edəcəklərinə inandıraraq əlavə olaraq Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metro stansiyasının yanında yerləşən “KFC” restoranının yanında 14.000 ABŞ dolları, bir həftə sonra, yəni 2020-ci ilin oktyabr ayının ortalarında yenidən ’KFC” restoranının yanında 14.000 ABŞ dolları, həmin ilin okyabr ayının ikinci yarısında işlətdiyi mağazasında 16.000 ABŞ dolları, oktyabr ayının sonlarında həmin ünvanda 22.500 ABŞ dolları, 06 noyabr 2020-ci il tarixdə 23.000 ABŞ dolları, sonda isə 09 noyabr 2020-ci il tarixdə 27.500 ABŞ dolları məbləğində pul almışdır. Təqsirləndirilən şəxs qeyd olunan müddət ərzində davamlı olaraq xarici ölkələrdən havalandırma məhsulları və tibbi avadanlıqlar sifariş edərək gətirib satmaqla qazanc əldə edəcəkləri ilə bağlı yalan vədlər verərək ümumilikdə ondan 142.000 ABŞ dolları məbləğində pul almışdır. Teymur sonuncu dəfə ondan pul aldıqdan sonra itib-batmışdır. Pulların qaytarılması vaxtı çatdıqda o, Teymura zəng edərək pulların qaytarılmasını tələb etmişdir. Lakin Teymur müxtəlif bəhanələr gətirərək və bugün-sabah deyərək ona pulu qaytarmaqdan imtina etmişdir. O, nə qədər Teymurdan pulun qaytarılmasını tələb etsə də, sonuncu min oyundan çıxaraq bugünədək onun pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini və mülki iddiasının tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs xalça mağazasında satıcı kimi işləyən zaman tanımışdır. Bundan sonra onların arasında normal münasibətlər yaranmışdır. 11 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona “Votsap” proqramı vasitəsilə mesaj yazaraq yaxşı bir iş olduğunu, xarici ölkələrdən tibbi avadanlıqlar gətirib satacağını, bunun üçün müəyyən məbləğdə pul lazım olduğunu deyərək ondan 16.000 ABŞ dolları məbləğində pul istəmişdir. Teymur ondan aldığı pul hesabına ona yaxşı qazanc verəcəyini demişdir. Teymur onu inandırmaq üçün hətta “Votsap” proqramı vasitəsi ilə ona tibbi avadanlıqların şəkillərini də göndərmişdir. O da öz növbəsində Teymura həmin məbləğdə pulunun olmadığını və cəmi 18.000 manat pulunun olduğunu demişdir. Teymur həmin pulu verməyini, lakin tez bir zamanda əlavə olaraq 5.000 ABŞ dolları da tapıb verməyini ondan istəmişdir. O isə Teymura 18.000 manatdan artıq pul verə bilməyəcəyini demişdir. Teymur da onunla razılaşmışdır. Bundan sonra o, öz atası Şahid1la telefonda danışaraq bu barədə məlumat vermişdir. Atası Eynulla da Teymuru onun iş yoldaşı kimi tanıdığından pul verməyə razılıq vermişdir. 12 dekabr 2020-ci il tarixdə o, atası Şahid1la birlikdə Teymurla İçərişəhərdə yerləşən xalça mağazasında görüşmüşdür. Orada onun atası Eynulla Teymurdan nə iş görmək istədiyini soruşmuşdur. Teymur ona dediklərinin hamısını təkrar edərək xarici ölkələrdən Azərbaycan Respublikasına tibbi avadanlıqlar gətirdiyini və baha qiymətə sataraq pul əldə edəcəyini, qazancdan ona da verəcəyini onun atasına bildirmişdir. Bundan sonra o, evdən götürdüyü 3.000 ABŞ dolları və 15.000 manat pulu cəm halında Təqsirləndirilən şəxs vermişdir. Teymur pulu ondan götürdükdən sonra çıxıb getmişdir. Növbəti gün Teymur ona zəng edərək əlavə olaraq 5.000 ABŞ dolları məbləğində pul istəmişdir. O da Teymura əlavə pulun olmadığını demişdir. Bundan sonra Teymur dəfələrlə ona zəng edərək əlavə pul istəmişdir. O da hər dəfə Teymura pul verməyəcəyini demişdir. Teymurun pulu qaytarmaq üçün vəd verdiyi vaxt gəlib çatdıqda, Teymurdan bir xəbər çıxmamışdır. 23 dekabr 2020-ci il tarixdə Teymur ona zəng edərək pulu düzəltdiyini və ona qaytarmaq üçün Bakı şəhəri, Nərimanov rayonunda yerləşən H.Əliyev mərkəzinin yanında görüş təyin etmişdir. O, Teymurun dediyi yerə gedərək orada sonuncunu xeyli müddət gözləsə də, həmin gün Teymur ora gəlməmişdir. O, həmin gün Teymura dəfələrlə zəng etsə də, Teymur onun telefon zənglərinə cavab verməmişdir. Həmin gündən sonra da o, dəfələrlə Teymura zəng etsə də, Teymur onun telefon zənglərinə cavab verməmişdir. Sonradan Teymur onun bir neçə zənginə cavab verərək müxtəlif bəhanələr gətirib aldığı pulları qaytarmaqdan açıq-aşkar imtina etməyə başlamışdır. Bundan sonra o, məcbur olub Teymur barəsində Səbail rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən iki ildən çoxdur ki, tanıyır. O, Teymurla təsadüfən tanış olmuşdur. O, Teymurla tanış olduqdan sonra onların arasında yaxşı münasibətlər yaranmışdır. 2020-ci ilin aprel ayının əvvəllərində onların arasında olan söhbət zamanı Teymur ona demişdir ki, “tibbi avadanlıqların və restoran avadanlıqlarının, yəni yemək bişirən, kofe aparatları, qab-qaşıq, çıl-çıraqlar, restoran işçilərinin geyimləri, restoran bəzək əşyalarının Çin Xalq Respublikasından Azərbaycan Respublikasına gətirilməsində güclü əlaqələrim var, mənimlə birlikdə biznes fəaliyyəti ilə məşğul olsan, külli miqdarda qazanc əldə edəcəm və sənə də yaxşı pul verəcəm”. O, həmin vaxt Teymurun səmimiyyətinə inanmış və 2020-ci ilin aprel ayının ortalarında yaşadığı ünvan 12-də oğlu İlkinin yanında Teymura 9.800 ABŞ dolları məbləğində pul vermişdir. Teymur da ona demişdir ki, həmin pulla Çin Xalq Respublikasından Azərbaycan Respublikasına gətirəcəyi restoran avadanlıqları və tibbi avadanlıqları Namiq adlı şəxslə satıb əldə etdiyi gəlirdən ona da qazanc verəcək. Sonra Teymur ona demişdir ki, restoran və tibbi avadanlıqların Azərbaycan Respublikasına gətirilməsi və satışından daha çox pul qazanmaq üçün əlavə pul lazımdır. O, Teymura inandığına görə yenə sonuncu ilə razılaşmış və 22 may 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "xxxx" ASC-nin baş ofisi vasitəsilə Teymurun adına 20.500 ABŞ dolları göndərmişdir. Sonra Teymur onun göndərdiyi həmin pulu bankdan aldığını və yaxın müddət ərzində həmin pul hesabına yaxşı qazanc əldə edəcəyini ona demişdir. O, 2020-ci ilin iyul ayının ortalarında Teymurla görüşmüş və onların arasında olan söhbət zamanı Teymur ona işlərin qaydasında olduğunu, restoran avadanlıqları və tibbi avadanlıqları Azərbaycan Respublikasına gətirdiyini, az müddət ərzində həmin avadanlıqları Namiq adlı şəxsə satıb əldə etdiyi qazancdan həm ondan aldığı pulları qaytaracağını, həm də qazanc verəcəyini demişdir. Həmçinin Teymur ona Namiq adlı şəxsin əlavə olaraq xarici ölkələrdən restoran və tibbi avadanlıqların Azərbaycan Respublikasına gətirilməsi üçün sifarişlər verdiyini, ona görə də əlavə pul lazım olduğunu demişdir. O da Teymurla razılaşmış və 23 iyul 2020-ci il tarixdə yaşadığı ünvan 12 ünvanında Teymurla görüşüb əlavə olaraq 24.000 ABŞ dolları məbləğində pulu şəxsən Teymura vermişdir. Teymur da həmin pulun 21.360 ABŞ dollarını Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "xxxx" ASC-nin baş ofisi vasitəsilə öz hesabına köçürmüş, qalan 2.640 ABŞ dollarını isə avadanlıqların gətirilməsi ilə bağlı kiməsə borcu olduğunu və həmin şəxsə verəcəyini bildirmişdir. Bundan sonra 2020-ci ilin avqust ayının ortalarında Teymur onun yaşadığı evə gəlmiş və yenidən işlərin qaydasında olduğunu, xarici ölkələrdən gətirdiyi restoran və tibbi avadanlıqları Namiqə təhvil verdiyini, lakin həmin avadanlıqların pulunu Namiqin qaytarmadığını, ona görə də bir qədər də gözləməyi ona demişdir. O da məcbur olub Teymurla razılaşmışdır. Teymur, həmçinin ona demişdir ki, “əlavə pulun varsa ver, qazancın bir qədər də artsın”. Ona görə də o, yenidən yaşadığı evdə özünə məxsus 18.000 ABŞ dollarını da Teymura vermişdir. Teymur ona narahat olmamağı, az müddət ərzində külli miqdarda pul qazanıb varlanacaqlarını ona bildirmişdir. Sonradan Teymur ondan aldığı həmin pulu da "xxxx" ASC-nin baş ofisində öz adına köçürmüş və köçürmə qəbzini ona vermişdir. Lakin bundan sonra o, bir neçə dəfə işlərin gedişatı ilə maraqlandıqda Teymur hər dəfə ona səbrli olmağı və bir qədər də gözləməyi demişdir. Bundan başqa, 2020-ci ilin sentyabr ayının ortalarında o, yaşadığı ünvan 12 ünvanında Teymura əlavə olaraq Namiq adlı şəxslə biznes əlaqələrini genişləndirməsi üçün 19.400 ABŞ dolları vermişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində Teymur onun yaşadığı evə gəlmiş və söhbət zamanı ona demişdir ki, “Xaçmaz rayonunun gömrük idarəsində işləyən hansısa vəzifəli şəxsin İsmayıllı rayonunda inşa etdirdiyi evin inşasının başa çatdırılması üçün 40.000 ABŞ dolları lazımdır, həmin pulla evin inşasını başa çatdırmaq üçün alacağım tikinti avadanlıqlarını evin sahibinə baha qiymətə satıb qazanc əldə edəcəm və həmin qazancdan sənə də verəcəm”. O, bu dəfə Teymurla razılaşmış və 2020-ci ilin noyabr ayı ərzində yaşadığı evdə Teymura hissə-hissə olmaqla, cəmi 39.100 ABŞ dolları pul vermişdir. O, 2021-ci ilin yanvar ayında Teymurun müxtəlif şəxsləri də aldadaraq həmin şəxslərin pullarını ələ keçirməsini eçitmişdir. Bundan sonra Teymur onun telefon zənglərinə cavab verməmiş, bəzən də müxtəlif bəhanələr gətirməklə aldığı pulları qaytaracağına söz vermişdir. Ona görə də o, məcbur olub Təqsirləndirilən şəxs əməlləri barəsində Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini və mülki iddiasının tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında mülki iddiaçı qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, mərmər alqı-satqısı ilə məşğul olmuşdur. O, 6 ildir ki, Zərərçəkmiş şəxs2 tanıyır. Onların arasında dostluq münasibətləri olmuşdur. Onların arasında dəfələrlə pul alış-verişi olmuşdur. Yəni onlar dəfələrlə bir-birilərinə borc pul vermişlər. 2020-ci ilin oktyabr ayının əvvəlində Zərərçəkmiş şəxs2 ona zəng edərək bir tanışı ilə birlikdə ticarətlə məşğul olmaq istədiyini və bu məqsədlə pul lazım olduğunu bildirmişdir. O, Amilə bunun telefon söhbəti olmadığını və görüşüb birlikdə söhbət edib məsləhətləşməyi təklif etmişdir. O, Amillə görüşən zaman sonuncu ona bildirmişdir ki, “mənim Teymur adlı tanışım var. Teymur xarici ölkələrdən tibbi avadanlıqları gətirərək Azərbaycan Respublikasında klinikalara baha qiymətə satır, lakin Teymura bir şərik lazımdır ki, əlavə pul versin və onlar birlikdə pul qazansınlar”. Amil ona Teymur adlı tanışının təklifi ilə razılaşdığını, lakin pulunun olmadığını deyərək 20 gün müddətində ondan 10.000 ABŞ dolları borc pul istəmişdir. Amil sözündə düz bir insan olduğundan o, Amilə borca pul verməyə razılaşmışdır. Səhərisi gün o, Amillə görüşərək sonuncuya 10.000 ABŞ dolları pul vermişdir. Amil ondan pulu alarkən 20 günün tamamında Teymurun həmin pulu qaytaracağını və həmin pulun üstündə qazanc da verəcəyini bildirmişdir. Həmin ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs2 yenidən onunla görüşərək əlavə 6.000 ABŞ dolları məbləğində pula ehtiyacının olduğunu bildirmişdir. O, Amildən pulu nəyə görə istədiyini soruşduqda, Amil bildirmişdir ki, “Teymur mənə deyib ki, birinci aldığı 10.000 ABŞ dolları dəyərində tibbi avadanlıqları xarici ölkədən gətirib satmış, əgər əlavə 6.000 ABŞ dolları da verərsə, yenidən həmin məhsullardan gətirəcək və daha çox gəlir əldə edəcək”. Bundan sonra o, Amilə 6.000 ABŞ dolları məbləğində pul vermişdir. Oktyabr ayının ikinci yarısında Amil ona zəng edərək onunla görüşmüşdür. Həmin vaxt o, Amildən işlərinin nə yerdə olduğunu və ondan aldığı pulları nə vaxt qaytaracağını soruşmuşdur. Amil də ona Teymurun daha çox tibbi avadanlıqlar sifariş verib gətirmək üçün əlavə olaraq pul lazım olduğunu və buna nail olsalar daha çox qazanc əldə edəcəyini deyib 9.000 ABŞ dolları pulun çatmadığını bildirərək, əlavə 9.000 ABŞ dolları da borc pul istəmişdir. O, bu dəfə də Amillə razılaşraq 9.000 ABŞ dolları məbləğində pulu Amilə vermişdir. Bundan sonra Amil ondan yenə borca pul istəmişdir. O da 09 noyabr 2020-ci il tarixdə Amil ilə görüşərək 22.500 ABŞ dolları məbləğində pulu sonuncuya vermişdir. Bir müddətdən sonra Teymur Amildən onunla görüşdürməsini xahiş etmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində o, Teymurla Amilin İçərişəhərdəki mağazasında görüşmüş və Teymur ona bildirmişdir ki, “Amil mənə deyib ki, verdiyi pulların 47.500 ABŞ dollarını səndən alıb, narahat olma, bir neçə günə mallar satılsın, sənin pulunu Amilə verəcəm və Amil də gətirib sənin pulunu qaytaracaq”. O da Teymurla razılaşmışdır. Sonradan Teymur verdiyi sözə əməl etməyərək Amildən götürdüyü pulu sonuncuya qaytarmamışdır. Bir neçə dəfə o, bununla bağlı Teymur və Amillə görüşsə və həmin görüşdə Teymur tez bir zamanda pulu Amilə qaytaracağına dair söz versə də, Teymur verdiyi sözlərin heç birinə əməl etməmişdir. O, ümumilikdə 47.500 ABŞ dolları məbləğində pulu şəxsən Zərərçəkmiş şəxs2 vermiş, sonuncu da ondan aldığı pulu tam şəkildə Təqsirləndirilən şəxs vermişdir. Teymur Amilə pulu qaytarmadıqda, Amil öz vəsaiti hesabına ona 7.500 ABŞ dollları məbləğində pul vəsaitini qaytarmamışdır. Ona qaytarılmalı olan pul vəsaiti hazırda 40.000 ABŞ dolları təşkil edir. Mülki iddiaçı X7 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini və mülki iddiasının tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürməklə hədiyyəlik əşyaların və milli suvenirlərin satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs2 onun doğma qardaşıdır. Amil də 2009-cu il tarixdən etibarən ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürməklə orada hədiyyəlik əşyaların və milli suvenirlərin satışı ilə məşğul olur. O, Təqsirləndirilən şəxs 2019-ci il tarixdən tanıyır. Teymur İçərişəhərdə mağazaların birində satıcı işləmişdir. Ona görə də onların arasında yaxşı münasibətlər yaranmışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində onun qardaşı Amil onunla görüşərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə görüşəndə Teymur “Toyota Prado” markalı avtomobillə gəlmiş və biznesə girdiyini, yaxşı pul qazandığını demişdir. Söhbət zamanı Teymur Amilə bildirmişdir ki, Bakı şəhərində müxtəlif restoranların sifarişi ilə havalandırma sisteminə aid məhsulları xarici ölkələrdən sifariş edərək gətizdirir və həmin məhsulları restoranlara baha qiymətə sataraq pul əldə edir. Eyni zamanda Teymur Amilə demişdir ki, əgər istəsə restoranlara havalandırma sisteminə aid məhsulları gətirib satmaqla bağlı pul versin və həmin pulla biznes əlaqəsini genişləndirsin, nəticədə də satışdan əlavə qazanc versin. Teymurun təklifi Amilin diqqətini cəlb etmişdir. Çünki həmin vaxtda karantin rejimi tətbiq edildiyindən Amilin alveri yaxşı getməmiş və ona görə də əlavə pul qazanmaq istəmişdir. Teymur Amildən pul istədiyi üçün Amil onunla məsləhətləşmək üçün görüşmüşdür. Həmin ərəfədə Amilin özünün də pulu az olmuşdur. Bu səbəbdən də Amil Teymura vermək üçün ondan 6.000 ABŞ dolları borc pul istəmişdir. O, həmin pulu Amilə borc kimi verməyə razılaşmışdır. 12 sentyabr 2020-ci il tarixdə Yasamal rayonunda yaşadıqları ata evində o, Amilə 6.000 ABŞ dolları borc pul vermişdir. Amil həmin pulu Teymurla görüşərək sonuncuya verəcəyini ona demişdir. Amil çox həvəsli olduğundan bir qardaş kimi o, Amilə borca pul vermişdir. Amil sonradan ona bildirmişdir ki, Teymur aldığı pulu 20-25 gündən sonra pulun üstündə qazancla birlikdə qaytaracaq. Teymur Amilə 6.000 ABŞ dollarının üstündə 1.000 ABŞ dolları qaytarmalı olmuşdur. 16 sentyabr 2020-ci il tarixdə qardaşı Amil onunla əlaqə saxlayaraq görüşmüş və bildirmişdir ki, təcili 6000 manat pul lazımdır. O, Amildən nə səbəbə görə həmin məbləğdə pul lazım olduğunu soruşduqda, Amil bildirmişdir ki, Teymur telefon əlaqəsi saxlayaraq demişdir ki, xarici ölkələrdən tibbi avadanlıqlar sifariş verərək gətizdirir və özəl klinikalara baha qiymətə sataraq yaxşı qazanc əldə edir. Teymur Amilə təklif etmişdir ki, həmin işlə bağlı da pul versin, həmin “kanalı’ ələ alsınlar, iş əllərindən çıxmasın, yaxşı pul əldə edəcəklər. O, Amilə bildirmişdir ki, “Teymur birinci dəfə aldığı 6.000 ABŞ dollarını söz verdiyi kimi qazancla birlikdə qaytarsın, sonra Teymura əlavə pul verərsən”. Bu səbəbdən də o, Amilə yenidən pul verməkdən imtina etmişdir. Amil isə Teymura inandığı üçün öz yeznəsi X12 ilə əlaqə saxlayaraq sonuncudan 6.000 manat borc pul alaraq Teymura vermişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində Amil onunla görüşərək bildirmişdir ki, Teymur birinci aldığı pulu qaytarmışdır. Bundan sonra Amil ondan 8.000 ABŞ dolları istəmişdir. O da Amilə 8.000 ABŞ dolları verməyə razılaşmışdır. Amil bu dəfə də ondan pulu alaraq aparıb Teymura vermişdir. O, sonradan bilmişdir ki, Teymur onun qardaşı Amili aldadaraq hər dəfə müxtəlif adlarla pul almış və sonradan qaytarmamışdır. Bundan sonra onun qardaşı Amil hər dəfə ondan Teymura vermək üçün pul istəmişdir. O da qardaşı Amilin xətrinə dəyməmək və qardaşının əlavə pul qazanması üçün Amilə istədiyi məbləğlərdə pul vermişdir. Qardaşı Amil də ondan aldığı pulları aparıb Teymura vermişdir. 2020-ci ilin dekabr ayından sonra o, Teymurun Amili aldatdığını bilmişdir. Ona məlum olmuşdur ki, Teymur müxtəlif bəhanələrlə qardaşı Amili aldadıb sonuncudan ümumilikdə 142.000 ABŞ dolları pul almışdır. O, qardaşı Amildən həmin pulları haradan tapdığını soruşduqda, Amil 47.500 ABŞ dolları məbləğində pulu hissə-hissə dostu Salmandan, pulun bir hissəsini yeznəsi Zabitdən, 29.000 ABŞ dollarını isə ondan aldığını demişdir. Qalan pullar isə Amilin özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs onun qardaşı Amildən aldığı 142.000 ABŞ dollarını geri qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qaynıdır. Amil Bakı şəhəri, Səbail rayonu, İçərişəhərdə hədiyyəlik əşyaların və milli suvenirlərin satışı ilə məşğul olur. 2020-ci ilin sentyabr ayının əvvəllərində qaynı Zərərçəkmiş şəxs2 onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, 6.000 manat pul lazımdır. O, Amildən nəyə görə pul lazım olduğunu soruşduqda, Amil həmin pulun öz işləri ilə əlaqədar lazım olduğunu və tez bir zamanda qaytaracağını bildirmişdir. Ona görə də o, Amilə həmin gün 6.000 manat pulu borc vermişdir. 2020-ci ilin sentyabr ayının sonlarında qaynı Zərərçəkmiş şəxs2 ona yenidən zəng edərək əlavə olaraq 6.500 ABŞ dolları məbləğində pulun lazım olduğunu deyərək həmin məbləğdə borc pul istəmişdir. O, Amildən niyə bu qədər pula ehtiyacının olduğunu soruşduqda, Amil alverlə əlaqədar pul lazım olduğunu və tez bir zamanda aldığı 6.000 manatla birlikdə geri qaytaracağını bildirmişdir. O, Amilə həmin gün 6.500 ABŞ dolları pulu borc kimi vermişdir. Amil pulu tez bir zamanda qaytaracağını dediyi üçün o, bir müddətdən sonra Amillə əlaqə saxlayıb verdiyi pulu istəmişdir. Amil də ona bir qədər səbrli olmasını və aldığı borcu qaytaracağını demişdir. Təxminən 2020-ci ilin dekabr ayının sonlarında o, Amillə görüşüb pulu nə səbəbə görə qaytarmadığını soruşduqda, o, Amilin bikef olduğunu görmüş və bunun səbəbini soruşmuşdur. Amil də Teymurun xarici ölkələrdən havalandırma sistemləri və tibbi avadanlıqlar gətirib sataraq qazanc əldə etməklə bağlı yalan vədlər verərək, ümumilikdə Amildən 142.000 ABŞ dolları pul aldığını, lakin nə mal gətirdiyini, nə də ki, pul verdiyini bildirmişdir. Həmin vaxt, o, başa düşmüşdür ki, Teymur onun qaynı Amilə müxtəlif vədlər verərək 142.000 ABŞ dolları məbləğində pulu dələduzluq edərək ələ keçirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2016-cı il tarixdən etibarən Bakı şəhəri, Səbail rayonu, İçərişəhərdə hədiyyəlik əşyaların və milli suvenirlərin satışı ilə məşğul olur. O, Zərərçəkmiş şəxs2 da həmin müddətdən etibarən tanıyır. O, Amilin kiçik qardaşı ilə eyni sinifdə oxumuşdur. Amil də İçərişəhərdə hədiyyəlik əşyaların və milli suvenirlərin satışı ilə məşğul olur. O, Təqsirləndirilən şəxs da 2019-cu il tarixdən etibarən tanıyır. Teymur da İçərişəhərdə hədiyyəlik əşyaların və milli suvenirlərin satışı ilə məşğul olan mağazada satıcı işləmişdir. 2020-ci ilin okyabr ayının ikinci yarısında o, Amillə birlikdə sonuncunun işlətdiyi mağazada olduğu zaman Təqsirləndirilən şəxs mağazaya gəlib Amillə söhbət etmişdir. O, həmin vaxt Amillə Teymurun söhbətinə qulaq asmışdır. Amil Teymurdan soruşmuşdur ki, “sənə verdiyim pulları nə vaxt qaytaracaqsan mənə? Mən həmin pulları dost-tanışımdan alıb sənə vermişəm. Pulları nə vaxt verəcəksən? Teymur da Amilə demişdir ki, “narahat olma, sənin verdiyin pullarla daha çox tibbi avadanlıqlar alacam və satıb daha çox pul qazanacayıq. Narahat olma, tez bir zamanda səndən aldığım pulların hamısını qaytaracam”. Eyni zamanda həmin gün Teymur Amildən mağazada 16.000 ABŞ dolları alaraq bildirmişdir ki, “15-20 günün tamamında mallar satılacaq və mən sənə pulları qazanc ilə birlikdə qaytaracam”. Teymur getdikdən sonra o, Amildən nə məsəslə olduğunu və Teymurun necə belə imkanlaşdığını soruşmuşdur. Amil də ona Teymurun xarici ölkələrdən tibbi avadanlıqlar gətirərək Azərbaycan Respublikasında olan klinikalara baha qiymətə satdığını və bu işdə çoxlu qazanc əldə etdiyini ona demişdir. Bundan sonra Teymur Amilin işlətdiyi mağazaya dəfələrlə gələrək Amildən 22.500 ABŞ dolları, 23.000 ABŞ dolları və 27.500 ABŞ dolları məbləğində pul almışdır. Sonradan ona məlum olmuşdur ki, Teymur dələduzluq yolu ilə Amildən ümumilikdə 142.000 ABŞ dolları məbləğində pulu alaraq geri qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun doğma qardaşıdır. 2020-ci ilin sentyabr ayının ortalarında o, şəxsi işi ilə əlaqədar Bakı şəhərinə gəlmişdir. Onun Bakı şəhərində evi olmadığından o, qardaşı Rəcəbin evinə getmişdir. O, qardaşı ilə söhbət edən zaman Rəcəb ondan iki ay müddətinə borca 20.000 ABŞ dolları məbləğində pul istəmişdir. O, Rəcəbdən həmin pulun nə üçün lazım olduğunu soruşduqda, sonuncu həmin pulun şəxsi işləri üçün lazım olduğunu bildirmişdir. O da qardaşı Rəcəbə 20.000 ABŞ dolları verməyə razılıq vermişdir. Bundan sonra o, Bakı şəhərində işlərini həll edib yaşadığı Şamaxı rayonuna getmiş və evindən özünə məxsus 19.500 ABŞ dollarını götürüb yenidən Bakı şəhərinə qayıdaraq həmin pulun 19.400 ABŞ dollarını qardaşı Rəcəbin evində Rəcəbin özünə vermiş, qalan 100 ABŞ dollarını isə öz şəxsi işləri üçün götürmüşdür. İki aydan sonra Rəcəb pulu qaytarmalı olduğu halda, bunu etməmişdir. O, bununla bağlı qardaşı Rəcəbə müraciət etdikdə, Rəcəb ondan borc kimi aldığı pulu Teymur adlı şəxsə verdiyini və Teymurun da onu aldadaraq həmin pulu qaytarmadığını bildirmişdir. Ona görə də Rəcəb məcburiyyət qarşısında qalaraq Teymur barəsində Səbail rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs3 uşaqlıq vaxtlarından həmkəndlisi kimi tanıyır. Eyni zamanda Rəcəb onun bacısının əridir. 2020-ci ilin noyabr ayında o, Rəcəblə Bakı şəhərində görüşmüş və söhbət zamanı Rəcəb ondan bir ay müddətinə qaytarmaq şərti ilə borca 40.000 ABŞ dolları istəmişdir. O, Rəcəbdən pulun nə üçün lazım olmasını soruşduqda, Rəcəb həmin pulun şəxsi işləri üçün lazım olduğunu bildirmişdir. O da bunun qarşılığında Rəcəbə cəmi 39.100 ABŞ dollarının olduğunu bildirib həmin pulu ona verməyə razılıq vermişdir. Sonra o, Rəcəbə 39.100 ABŞ dolları məbləğində pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Rəcəb ondan aldığı pulu Teymura vermiş, sonuncu da dələduzluq yolu ilə Rəcəbdən aldığı pulu geri qaytarmamışdır. Həmçinin ona sonradan məlum olmuşdur ki, Rəcəb ondan aldığı 39.100 ABŞ dolları, qardaşı Famildən aldığı 19.400 ABŞ dolları və Rəcəbin özünə məxsus 70.000 ABŞ dollarını Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da həmin pulları Rəcəbdən alaraq geri qaytarmaqdan imtina emtişdir. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs3 onun atasıdır. Atası Rəcəb fərdi qaydada qədimi xalçaların alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin aprel ayının əvvəllərində o, atasından tanışı Təqsirləndirilən şəxs tibbi avadanlıqların Çin Xalq Respublikasından Azərbaycan Respublikasına onlayn ticarət vasitəsilə gətirilməsində güclü əlaqələrinin olduğunu, atası ilə birlikdə biznes fəaliyyəti ilə məşğul olsa, külli miqdarda qazanc əldə edəcəyini eşitmişdir. X15 inandığına görə 2020-ci ilin ortalarında yaşadıqları ünvan 12 ünvanında onun yanında Teymura 9.800 ABŞ dolları məbləğində pul vermişdir. Bundan başqa, 23 iyul 2020-ci il tarixdə X15 yaşadıqları ünvan 12 ünvanında əlavə olaraq 24.000 ABŞ dolları, 2020-ci ilin avqust ayının ortalarında 18.000 ABŞ dolları, 2020-ci ilin sentyabr ayının ortalarında 19.400 ABŞ dolları, 2020-ci ilin noyabr ayı ərzində hissə-hissə olmaqla, cəmi 39.100 ABŞ dolları məbləğində pul vəsaitini vermişdir. Sonradan o, atasından Teymurun aldığı pulları qaytarmadığını və sonuncunun verdiyi sözə əməl etmədiyini eşitmişdir. Teymur onun atasından aldığı pulları dələduzluq yolu ilə ələ keçirərək geri qaytarmaqdan imtina etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, mülki iddiaçının və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2021ci il tarixli Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin cavab məktubundan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə müxtəlif bəhanələr gətirərək polis orqanına gəlməkdən yayınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 60) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 aprel 2021-ci il tarixli Dövlət Vergi Xidmətinin cavab məktubundan (cild 2, iş vərəqə 31) görünür ki, məlumat bazasında Təqsirləndirilən şəxs vergi orqanında qeydiyyatda olması, habelə hər hansı müəssisənin rəhbəri olması barədə məlumat yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 aprel 2021-ci il tarixli Dövlət Gömrük Komitəsinin cavab məktubundan (cild 2, iş vərəqə 32) görünür ki, məlumat bazasında Təqsirləndirilən şəxs 01.01.2011-ci il tarixdən 02.04.2021-ci il tarixədək olan dövr ərzində idxal əməliyyatları ilə məşğul olması haqqında məlumat yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli Baş Dövlət Yol Polis İdarəsinin 50323-1221 nömrəli cavab məktubundan (cild 1, iş vərəqə 112) görünür ki, Təqsirləndirilən şəxs adında 17.08.2020-ci il tarixdən “Qaz-24” markalı, **- FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması və barəsində axtarışın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 135) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tutularaq istintaq orqanına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 may 2021-ci il tarixli Bakı şəhəri Səbail rayon Pois İdarəsinin cavab məktubundan (cild 1, iş vərəqə 144) görünür ki, həmin gün Təqsirləndirilən şəxs tutulmuş və Səbail rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 may 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 145) görünür ki, həmin gün saat 03:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.S. Ordubadi küçəsində Səbail rayon Pois İdarəsinin əməkdaşları tərəfindən tutularaq MSYnə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 191-192) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 may 2021-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 217-220) görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay 29 (iyirmi doqquz) gün müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 16 may 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X14 Səbail rayon şöbəsinin 278 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 230-233) görünür ki, Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixli məhkəmə-tibbi müayinəsi zamanı sol saidin yuxarı 1/3-nin arxa səthində çapıq toxuması aşkar edilmişdir. Təqsirləndirilən şəxs deməsinə görə o, həmin xəsarəti 2020-ci ilin yanvar ayının sonlarında deşici-kəsici əşya ilə, yəni bıçaqla vurulma nəticəsində almışdır. Lakin o, tibbi yardım almaq üçün hər hansı bir tibb müəssisəsinə müraciət etməmiş, tibbi yardım almamışdır. Eləcə də hadisənin baş verdiyi andan (Təqsirləndirilən şəxs deməsinə görə) uzun müddət keçmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sol saidin yuxarı 1/3-nin arxa səthindəki çapıq toxumasının xarakterik xüsusiyyətləri, mənşəyi, törənmə mexanizmi və müddəti barədə hər hansı bir fikir söyləmək mümkün deyildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 may 2021-ci il tarixli qərardan (cild 2, iş vərəqə 68) görünür ki, X7 iş üzrə mülki iddiaçı qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2021-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 108-109) görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan “Qaz-24” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2019-cu il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən (cild 2, iş vərəqə 151-152) görünür ki, X5 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahından 25.06.2013-cü il tarixdə doğulmuş X10 adlı övladı X2 himayəsində saxlanılmış, eləcə də yetkinlik yaşına çatmayan uşağın saxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs hər ay 160 manat məbləğində aliment tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 1403 nömrəli ekspertiza rəyindən (cild 3, iş vərəqə 23-24) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövrlərində hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrlərdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ona elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyul 2021-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 140-144) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 (üç) ay müddətinə, yəni 15 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 avqust 2021-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən (cild 3, iş vərəqə 35-49) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinmiş və ona həmin maddələr üzrə cinayətlərin məcmusu qaydasında qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 sentyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 3, iş vərəqə 51-55) görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs hissə-hissə verdiyi pulların məbləğini və həmin pulları verdiyi yerləri əyani şəkildə göstərərək ətraflı şəkildə ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən (cild 3, iş vərəqə 68-69) görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verdiyi pulun məbləğini və həmin pulu verdiyi yeri əyani şəkildə göstərərək ətraflı şəkildə ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 94-122) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittihamın elan olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 124-126) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunda ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2021-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin cavab məktubundan (cild 3, iş vərəqə 326) görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü 01 sentyabr 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının elektron çıxarışının surətindən (cild 3, iş vərəqə 78-91) görünür ki, 2020-ci il ərzində Azərbaycan Respublikasının milli pul vahidi olan 1 (bir) manatın 1 (bir) ABŞ dollarına olan məzənnəsi 1 (bir) manat 70 (yetmiş) qəpik təşkil etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında müdafiəçi ilə təmin olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində müdafiəçisi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə müxtəlif xarakterli vəsatətlər vermişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermişdir. Məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxs öz etirazını bildirməmiş, lakin ona qarşı irəli sürülmüş ittihamı Zərərçəkmiş şəxs2 aid hissədə, habelə mülki iddiaları bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından suiistifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş hər bir ittiham (epizod) üzrə onun əməlləri düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tanımış və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında kifayət qədər etibarlı münasibətlər mövcud olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və xarici ölkələrdən Azərbaycan Respublikasına malların idxalını həyata keçirmədiyi halda zərərçəkmiş şəxslərə ayrı-ayrılıqda yalan məlumat verməklə, guya tibbi avadanlıqları və havalandırma sistemi məhsullarını Azərbaycan Respublikasına idxal etməklə müxtəlif klinikalara və şəxslərə baha qiymətə satacağını bildirmiş və biznes fəaliyyətindən daha çox pul qazanmaq adı ilə zərərçəkmiş şəxslərdən pul vəsaiti almağa müvəffəq olmuşdur. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri aldadıb pul alanadək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması və müxtəlif ölkələrdən Azərbaycan Respublikasına vəd etdiyi malların idxalını həyata keçirməməsi cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 xarici ölkələrdən havalandırma sistemi məhsulları və tibbi avadanlıqları gətirib satmaqla qazanc əldə edəcəkləri ilə bağlı şərikli biznes quracaqlarına dair yalan vədlər verməklə aldadıb, həmin biznes fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək niyyətində olmadan hissə-hissə müxtəlif yerlərdə və müxtəlif məbləğlərdə, ümumilikdə isə Zərərçəkmiş şəxs2 240.399 manat 40 qəpik məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 Çin Xalq Respublikasından restoran fəaliyyəti ilə bağlı zəruri avadanlıqlar və tibbi avadanlıqları gətirib satmaqla qazanc əldə edəcəkləri ilə bağlı şərikli biznes quracaqlarına dair yalan vədlər verməklə aldadıb, həmin biznes fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək niyyətində olmadan hissə-hissə müxtəlif yerlərdə və müxtəlif məbləğlərdə, ümumilikdə isə Zərərçəkmiş şəxs3 222.360 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 xarici ölkələrdən tibbi avadanlıqlar gətirib satmaqla qazanc əldə edəcəkləri ilə bağlı şərikli biznes quracaqlarına dair yalan vədlər verməklə aldadıb, həmin biznes fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək niyyətində olmadan 12 dekabr 2020-ci il tarixdə, saat 13:00 radələrində ümumilikdə Zərərçəkmiş şəxs1 18.100 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri ayrı-ayrılıqda aldadıb və sonunculara yalan vəd verməklə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsi cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərək və cinayət prosesi tərəflərinin suallarına cavab verərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 sonuncuların iddia etdikləri məbləğlərdə pul vəsaitini aldığını və bu pul vəsaitini alarkən zərərçəkmiş şəxslərə yalan vəd verdiyini, əslində isə zərərçəkmiş şəxslərdən aldığı pul vəsaitini öz borclarına xərclədiyini səmimi şəkildə etiraf etmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 əvvəlcədən yalan məlumatlar verməklə sonuncuları aldadıb dələduzluq etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs3 222.360 manat və Zərərçəkmiş şəxs1 18.100 manat məbləğində pul vəsaitini dələduzluq edərək ələ keçirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın əvvəlindən məhkəmə istintaqının sonunadək Zərərçəkmiş şəxs2 yalan məlumat verdiyini, sonuncudan 240.399 manat 40 qəpik (142.000 ABŞ dolları) məbləğində deyil, cəmi 62.000 ABŞ dolları məbləğində pul vəsaitini aldığını və sonradan vədinə əməl edərək aldığı 62.000 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs2 qazancı ilə birlikdə qaytardığını iddia etsə də, məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Əksinə məhkəmə istintaqında təqsirləndirilən şəxsin iddia etdiyi halların, yəni onun zərərçəkmiş şəxsdən cəmi 62.000 ABŞ dolları məbləğində pul almasının və sonradan həmin pulu qazanc ilə birlikdə Zərərçəkmiş şəxs2 qaytarmasının yalan olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 nisbətdə belə məzmunda ifadə verməklə cinayət və mülki məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bundan başqa, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs eyni dövr ərzində, yəni ölkədə karantin rejimi tətbiq edildiyi vaxt 3 (üç) nəfər zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayətini çox məharətlə və “ustalıqla” törətmişdir. Belə ki, təqsirləndirilən şəxs ölkədə karantin rejimi tətbiq edildiyi müddətdə zərərçəkmiş şəxslərin yanına bahalı avtomobil ilə getməklə və onların gözü qarşısında çoxlu sayda pul saymaqla guya sahibkarlıq fəaliyyəti ilə məşğul olması və yaxşı gəlir əldə etməsi görünüşünü yaratmış, başqa sözlə, zərərçəkmiş şəxslərin alveri yaxşı getmədiyi bir zamanda ayrı-ayrılıqda zərərçəkmiş şəxslərə çoxlu pul qazanacaqları barədə yalan məlumat verməklə sonuncuları “şirnikləndirmiş” və nəticədə zərərçəkmiş şəxsləri aldatma yolu ilə, habelə onların etibarından sui-istifadə etməklə sonunculara məxsus pul vəsaitini qanunsuz şəkildə ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs yaxşı gəlir əldə edən sahibkar görünüşünü yaratsa da, əslində heç vaxt rəsmi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, əksinə müxtəlif şəxslərə borclu olduğundan pul “ovuna” çıxmış və zərərçəkmiş şəxsləri yeni “qurbanlar” kimi müəyyən edərək onlara qarşı peşəkar üsullarla dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə müxtəlif məbləğlərdə ziyan vurmaqla dələduzluq cinayətini törətdiyi vaxtdan etibarən bircə dəfə də olsun vurulmuş ziyanın ödənilməsi, başqa sözlə, törətdiyi cinayətlərin ağır nəticələrini aradan qaldırmaq istiqamətində heç bir cəhd etməmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətini törətməyə meyilli şəxs kimi xarakterizə olunur. Belə ki, o, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətini törətdiyi vaxt tamamilə başqa şəxsə qarşı da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü ilə həmin maddələr üzrə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu hal ona dəlalət edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətlərinin törədilməsində kifayət qədər təcrübəyə malikdir. Məhz bu “peşakarlıq” vasitəsi ilə o, zərərçəkmiş şəxsləri öz “toruna” salmışdır. Mülki iddiaçı Salman Niftiyevə gəldikdə isə məhkəmə belə nəticəyə gəlir, mülki iddiaçı qismində çıxış edən Salman Niftiyev ilə Təqsirləndirilən şəxs arasında birbaşa hüquq münasibətləri yaranmamış, Təqsirləndirilən şəxs şəxsən Salman Niftiyevdən pul almamış, əksinə Salman Niftiyev tanışı Zərərçəkmiş şəxs2 iddia etdiyi 47.500 ABŞ dolları məbləğində pul vermiş, Zərərçəkmiş şəxs2 isə Salman Niftiyevdən aldığı pulu tamamilə Təqsirləndirilən şəxs təqdim etmişdir. Sonradan isə Zərərçəkmiş şəxs2 öz şəxsi vəsaiti hesabına Salman Niftiyevə 7.500 ABŞ dolları məbləğində pulu qaytarmışdır. Eyni zamanda cinayət işi üzrə Salman Niftiyevlə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürülmədiyindən, eləcə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 nisbətdə irəli sürülmüş ittiham Salman Niftiyevin iddia etdiyi pul vəsaiti ilə bağlı məsələni ehtiva etdiyindən, məhkəmə hesab edir ki, qeyd edilən məsələ Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 nisbətdə irəli sürülmüş ittiham həddində baxılaraq həll edilməlidir. Bütün bu hallar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli şəxsdir, o, törətdiyi cinayət əməllərindən peşman olmamış və zərərçəkmiş şəxslərə qarşı törətdiyi cinayətlərin ağır nəticələrini aradan qaldırmağa cəhd belə etməmişdir. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs başqa şəxslərin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsini özünə həyat tərzi kimi seçmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna, mexanizminə və nəticəsinə hüquqi qiymət verərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edir və belə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməli və ona cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli hər bir zərərçəkmiş şəxsə nisbətdə başa çatmış cinayət əməli təşkil edir. Qeyd edilən cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddirlər. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət və mülki məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və ali təhsilli olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) müəyyən edilmədi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs 1 (bir) azyaşlı uşağının olması müəyyən edilsə də, onun nikahı məhkəmə qaydasında pozulduğundan və azyaşlı uşağı keçmiş arvadının himayəsində saxlanıldığından, məhkəmə hesab edir ki, uşaq onun himayəsində olmadığından bu hal onun məsuliyyətini yüngülləşdirən hal qismində çıxış edə bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində işin bütün halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, habelə törədilmiş cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 (külli miqdarda), Zərərçəkmiş şəxs3 (külli miqdarda) və Zərərçəkmiş şəxs1 (xeyli miqdarda) vurulmuş ziyanın həcmini, vurulmuş ziyanın ödənilməməsini, onun tərəfindən zərərçəkmiş şəxslərə ziyanın ödənilməsi ilə bağlı təşəbbüs belə göstərilməməsini məcmu halda qiymətləndirib nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyindən ona həmin maddə üzrə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 may 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddiaya gəldidkə isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə sübuta yetirildiyindən həmin cinayət əməli nəticəsində vurulmuş maddi ziyan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ödənilməlidir. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş mülki iddialar maddi ziyan hissəsində tam şəkildə, Zərərçəkmiş şəxs2 mülki iddiası mənəvi ziyan hissəsində isə qismən təmin edilməlidir. Zərərçəkmiş şəxs2 mülki iddiası qalan hissədə rədd edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs mülkiyyətində olan “Qaz-24” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaiti hesabına zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyan ödənilməlidir. Eyni zamanda “Qaz-24” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs məhkəmə hökmü qanuni qüvvəsini alanadək və həmin əmlaka tutma yönəldilənədək qüvvəsində saxlanılmalıdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında vurulmuş ziyanla bağlı iddia qaldırmaq hüququ izah olunmalıdır. Mülki iddiaçı Salman Niftiyevlə bağlı hissədə isə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bu hissədə ittiham irəli sürülmədiyindən və Salman Niftiyevin vermiş olduğu pul vəsaiti ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs ittiham məhz Zərərçəkmiş şəxs2 nisbətdə verildiyindən, hazırki iş üzrə Salman Niftiyevin Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmaqla bağlı subyektiv hüququ mövcud deyil. Odur ki, Salman Niftiyevin mülki iddiası rədd edilməli və ona iddia etdiyi 40.000 ABŞ dolları ilə bağlı hissədə Zərərçəkmiş şəxs2 qarşı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə üzrə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 1(101)-1364/2021 saylı hökmü ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və cinayətlərin məcmusu üzrə ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 16 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyan kimi 240.399 manat 40 qəpik, mənəvi ziyan kimi 1.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 464 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs2 xeyrinə tutulsun. Mülki iddia qalan hissədə rədd edilsin. Zərərçəkmiş şəxs3 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyan kimi 222.360 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 512 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs3 xeyrinə tutulsun. Təqsirləndirilən şəxs mülkiyyətində olan “Qaz-24” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə edilən pul vəsaiti hesabına zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyan ödənilsin. “Qaz-24” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs məhkəmə hökmü qanuni qüvvəsini alanadək və həmin əmlaka tutma yönəldilənədək qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia qaldırmaq hüququ izah edilsin. X3 mülki iddiası rədd edilsin və ona mülki mühakimə icraatı qaydasında Zərərçəkmiş şəxs2 qarşı iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar