Məhkəmə qərarları › İş №1(101)-1699/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1699/2021

06.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1699/2021 06.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X7, Zərərçəkmiş şəxsin hüquqi varisi: X3, Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə iştirakları ilə Təqsirləndirilən şəxs (xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi, ev 722 ünvanında qeydiyyatda olan və PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmiş, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 11.06.2021-ci il tarixdə, saat 19:40 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Hyundai İ 30 CW minik” markalı, **-TM-*** dövlət-qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Maştağa-Buzovna avtomobil yolu ilə üzü Buzovna qəsəbəsi istiqamətində "Saboil" yanacaq doldurma məntəqəsinə çatmağa 30 metr qalmış təxminən 70-80 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət yerdəyişərkən, dönərkən manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı olduğu halda bunu etməyərək yol hərəkəti qaydalarını pozmuş, onunla eyni istiqamətdə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Suziki GSXR 750L motosikl” markalı, 07-A-008 dövlət-qeydiyyat nişanlı motosikleti idarə etdiyi avtomobilin sol arxa hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuş müştərək travma, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol qaş nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin və qarının küt travması, sol baldırın iri həcmli əzilmiş-soyulmuş yarası, sol qamış sümüyünün medial kondilisunun və ortaaşağı 1/3-nin yerdəyişmiş sınığı, sol incik sümüyünün proksimal ucunun yerdəyişməyən, orta 1/3-nin yerdəyişən qapalı sınığı, bədənin küt travması, iki tərəfli hemopnevmotoraks, nazik bağırsaq müsariqəsinin qopması, müqaqirə kökünün hematoması, "S" vari və kolon müsariqələrinin hissəvi cırılması, "S"-vari bağırsağın hematoması, retroperitoneal hematoma, hemorragik şok" diaqnozu, bir neçə qarındaxili orqanın travması, travmatik şok, qapalı kəllə beyin travması, epidural hematoma, alın sümüyünün sağ hissəsində əsas sümüyün böyük qanadına uzanan minimal yerdəyişmiş sınığı, sağ almacıq qövsündə yerdəyişməmiş sınığı, sağ maksillar sinusun yerdəyişmiş sınığı, bədənin bir neçə nahiyəsini əhatə edən travmaların nəticəsi, sol sirkə kasasının yuxarı kənarında parçalı yerdəyişmiş sınıq, sol qasıq sümüyünün yuxarı və aşağı şaxələrinin yerdəyişmiş sınığı, sol bud çanaq oynağında çıxıq, sol qamış və incik sümüklərinin açıq sınıqları, kəskin post-nemorraik anemiya, travmatik anuriya ilə müşayiət olunan həyati xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Maştağa qəsəbəsi, Kirov dairəsi adlanan yerdə avtoyuma məntəqəsini icarə əsasında işlədir. Həmin avtoyuma məntəqəsi yaxınlıqda yerləşən avtomobillərin icarə məntəqəsinin sahibinindir. O, həmişə həmin icarə məntəqəsinin avtomobillərini yuyur, arada evə gedib gəlmək üçün sürür və bundan da həmin icarə məntəqəsinin sahibinin xəbəri olur. 11 iyun 2021-ci il tarixdə saat 19:30 radələrində o, həmin avtomobillərin icarə məntəqəsinə məxsus "Hyundai" markalı, **-TM-*** dövlət-qeydiyyat nişanlı avtomobili yumuş, sonra başqa müştəri gözləmişdir. Lakin müştəri gəlmədiyi üçün o, avtomobili idarə edib yaxınlıqda yerləşən evə getmək qərarına gəlmişdir. O, avtomobil ilə Buzovna-Maştağa şossesində üzü Buzovna qəsəbəsi istiqamətində sağ zolaqla təxminən 70-80 km/saat sürətlə hərəkət edirmiş. O, avtomobilin sol güzgüsündən arxadan bir motosikletin onun idarə etdiyi "Hyundai" markalı avtomobilin sol arxa hissəsinə dəydiyini və motosikletin aşdığının görmüş, lakin qorxduğu üçün avtomobili saxlamamış və hadisə yerindən qaçıb getmişdir. O, ertəsi günü isə könüllü olaraq Xəzər RPİ-nə gedərək izahat yazmışdır. Bundan başqa o, avtomobili idarə etmək üçün etibarnaməsinin və sürücülük vəsiqəsinin olmadığını, avtomobildə ondan başqa heç kəsin olmadığını, əməlindən səmimi peşman olmasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun böyük qardaşıdır. Taleh Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2, bağ evi 903 A ünvanında ailəsi ilə birlikdə yaşayırmış, ailəli olmuş, 3 qız övladı vardır. "Suzuki GSXR750L" markalı, 07 A 008 dövlət qeydiyyat nişanlı motosikl onun qardaşına məxsusdur. Taleh həmin motosiklı 15.02.2021-ci il tarixdə almışdır. Həmin vaxtdan Taleh həmin motosiklı idarə edirmiş. Taleh taksi fəaliyyəti ilə məşğul olurmuş. Taleh 11.06.2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi 07 A 008 dövlət qeydiyyat nişanlı motosikılla Buzovna-Maştağa yolunda Hundai markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomaşınla toquşmuşdur. Həmin vaxt hadisə şahidləri Talehin öz telefonu ilə zəng edib onlara məlumat vermişlər. Bundan sonra o, 3 saylı Şəhər Xəstəxanasına getmiş, 3 saylı Xəstəxanada qardaşını əməliyyat etmişlər, əməliyyat 7 saata yaxın davam etmişdir. Həmin vaxt onun qardaşı Talehin vəziyyəti ağır olaraq qalmış, və ertəsi günü məcbur olub qardaşını Leyla Şıxlınskaya adına xəstəxanaya aparmışlar. 4 gün həmin xəstəxanada müalicə aldıqdan sonra 16.06.2021-ci il tarixdə səhər saatlarında Taleh həmin xəstəxanda vəfat etmişdir. Bundan sonra meyiti ona vermişlər və onlar qardaşı Talehi dəfn etmişlər. Təqsirləndirilən tərəfdən onlara heç bir maddi və mənəvi dəstək olunmamışdır. O, təqsirləndirilənin barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, X6 X8 rəhbəridir. Həmin İctimai birlik Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşir. Birlik ona məxsus avtoyuma məntəqəsi işlətmək və yanında avtomobillərin icarəyə verilməsi ilə məşğuldur. Avtoyuma məntəqəsini Təqsirləndirilən şəxs təxminən 2 ay əvvəl icarəyə vermişlər. Rəşada tez-tez avtomobilləri yumaq məqsədilə verirmişlər. Rəşad avtomobil idarə edə bildiyi üçün birliyə məxsus avtomobilləri arada idarə edirmiş. 11.06.2021-ci il tarixdə Rəşad evə dərman almaq üçün "Hyundai İ30 CW minik" markalı, **-TM-*** dövlət-qeydiyyat nişanlı avtomobili götürmüş və yol-nəqliyyat hadisəsi törətdiyini öyrənmişdir. Bundan başqa o, hadisənin şahidi olmadığını, əvvəllər də Rəşada avtomobili idarə etmək üçün verdiklərini, Rəşadın sürücülük vəsiqəsinin olmamasını isə bilmədiklərini bildirmişdir. O, avtomobilə təxminən 250-300 manat ziyan dəydiyini, avtomobili düzəltdirdiklərini və Rəşada qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, o, "xxxx" MMC-də hüquqşünas vəzifəsində çalışır və həmin MMC sərnişin daşıma ilə məşğuldur. "xxxx" markalı, **-TG-*** dövlət-qeydiyyat nişanlı avtobus MMCnə məxsusdur və həmin sərnişin avtobusu 107 xətt yolu ilə hərəkət edir. Həmin avtobusun başlanğıcı Buzovna qəsəbəsi, "Əli Ayağı" adlanan pirdəndir və sonuncu dayanacağı isə "Koroğlu" metrostansiyasının qarşısındadır. Avtobusu yol vərəqəsi əsasında Şahid idarə edirmiş. 11.06.2021-ci il tarixdə saat 19 radələrində Nurlan rəhbərliyə müraciət edərək, Buzovna qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətində olan dayanacaqda olan zaman yol-nəqliyyat hadisəsi baş verdiyini, motosikletin Nurlanın idarə etdiyi avtobusun qabaq hissəsinə dəydiyini bildirmişdir. Baş vermiş hadisə zamanı MMC-yə təxminən 250 manat maddi ziyan dəymiş, lakin MMC tərəfindən artıq avtobus təmir olunmuş və MMC-nin heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid bildirmişdir ki, 11 iyun 2021-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi DAEWOO BS090 markalı **-TG-*** dövlət qeydiyyat nişanlı 107 nömrəli marşrut avtobusu ilə iki zolaqlı Buzovna-Maştağa avtomobil yolu ilə sağdan sola birinci hərəkət zolağı ilə Maştağa qəsəbəsi istiqamətində saatda təxminən 30 kilometr sürətlə hərəkət edirmiş. Həmin yolda yerləşən “Saboil” X1rşısına çatanda avtobus dayanacağında idarə etdiyi avtobusu dayandırmış və sərnişin düşürmüşdür. Sərnişinlər düşən zaman onun diqqəti qabaq sağ qapıda olduğundan yola baxmırmış. Həmin vaxt əks istiqamətdə olan yoldan bir qara rəngli motosikletin yerdə yanı üstə sürüşərək avtobusa tərəf gəldiyini və həmin motosikletin sürücüsünün də yerdə uzanıqlı vəziyyətdə sürüşərək avtobusa tərəf gəldiyini görmüşdür. Həmin vaxt avtobus dayanmış vəziyyətdə olmuşdur. Motosiklet sürüşərək gəlib avtobusun qabaq hissəsinin altına girmiş, sürücü isə avtobusun sol yan tərəfi ilə sürüşərək yerdə uzanıqlı vəziyyətdə qalmışdır. O, dərhal dayanmış vəziyyətdə olan avtobusdan yerə düşmüş və həmin sürücüyə yaxınlaşmışdır. Ondan başqa ətrafda olan tanımadığı şəxslərdə ora yığışmış və sərnişinlərdən kimsə təcili yardıma zəng vurub məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə təcili yardım gəlmiş və sonradan adının Taleh olduğunu bildiyi motosikletçini xəstəxanaya aparmışlar. O, hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmiş və hadisə yerinə baxış keçirilmişdir. Məhkəmədə şahid X4 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində bildirmişdir ki, 11.06.2021-ci il tarixdə, saat 19 radələrində o, idarə etdiyi avtomobil ilə Buzovna qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətinə hərəkət edirmiş. Həmin vaxt Buzovna qəsəbəsi istiqamətində dayanmış vəziyyətdə olan dövlət-qeydiyyat nişanını xatırlamadığı, qırmızı rəngli "Daevoo" markalı avtobusun dayandığını və ətrafda adamların yığışdığını görmüşdür. O, avtomobilini kənarda saxlayıb aşağı düşmüş və motosikletin avtobusun altında olduğunu, motosikleti idarə edən şəxsin isə kənarda uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. O, dərhal X14 Stansiyasının 103 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və oradan çıxıb getmişdir. Məhkəmədə həmçinin aşağıdakı sübutlar da tədqiq olunmuşdur; Cinayət işində olan Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerində yoxlanılması protokolundan görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa şossesində idarə etdiyi “Hyundai İ 30 CW minik” markalı, **-TM-*** dövlət-qeydiyyat nişanlı avtomobil ilə üzü Buzova qəsəbəsi istiqamətində hərəkətdə olan zaman avtomobilin sol arxa hissəsi ilə motosikleti vurduğu yeri göstərmişdir. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs adına DİN-in BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, o əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan 15 sentyabr 2021-ci il tarixli 055-18880-1221 saylı məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin və ya hüququnun olması müəyyn edilməmişdir. Cinayət işində olan iş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/1800 saylı, 19.08.2021-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən 07 A 008 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. İstintaq tərəfindən verilmiş məlumatlara əsasən Hyundai markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü R.Cabbarov sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən verilmiş məlumatlara əsasən "xxxx" markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işində olan iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 76 saylı, 22.07.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş sənədlərdən görünür ki, o, 11.06.2021-ci il tarixdə, saat 20:50 dən 12.06.2021-ci il saat 23:30-dək "Müştərək travma, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol qaş nahiyəsinin əzilmiş yarası. Döş qəfəsinin və qarının küt travması. Sol baldırın iri həcmli əzilmiş-soyulmuş yarası. Sol qamış sümüyünün medial kondilisunun və ortaaşağı 1/3-nin yerdəyişmiş sınığı. Sol incik sümüyünün proksimal ucunun yerdəyişməyən, orta 1/3-nin yerdəyişən qapalı sınığı. Bədənin küt travması. İki tərəfli hemopnevmotoraks. Nazik bağırsaq müsariqəsinin qopması. Müsaqirə kökünün hematoması. "S" vari və kolon müsariqələrinin hissəvi cırılması. "S"-vari bağırsağın hematoması. Retroperitoneal hematoma. Hemorragik şok" diaqnozu ilə 3 saylı ŞKX-da stasionar müalicə olmuş və 13.06.2021-ci il saat 00:59-dan 16.06.2021-ci il saat 02:25dək X10 "Travmatikhemopnevmotoraks, bir neçə qarındaxili orqanın travması, travmatik şok, qapalı kəllə beyin travması, epidural hematoma, alın sümüyünün sağ hissəsində əsas sümüyün böyük qanadına uzanan minimal yerdəyişmiş sınığı, sağ almacıq qövsündə yerdəyişməmiş sınığı, sağ maksillar sinusun yerdəyişmiş sınığı, bədənin bir neçə nahiyəsini əhatə edən travmaların nəticəsi, sol sirkə kasasının yuxarı kənarında parçalı yerdəyişmiş sınıq, sol qasıq sümüyünün yuxarı və aşağı şaxələrinin yerdəyişmiş sınığı, sol bud çanaq oynağında çıxıq, sol qamış və incik sümüklərinin açıq sınıqları, kəskin post-nemorraik anemiya, travmatik anuriya, ürək çatışmazlığı" diaqnozu ilə stasionar müalicədə olmuş və aparılan bütün tibbi tədbirlərə baxmayaraq almış olduğu müştərək travma nəticəsində 16.06.2021-ci il tarixdə, saat 02:25-də "X13" də vəfat etmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddtləri qərarın təsviri hissəsində göstərilən 11.06.2021-ci il tarixinə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, ölümlə səbəbli əlaqələri vardır və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi aparılmadığından ölümün dəqiq səbəbi haqqında fikir söyləmək mümkün deyildir. Cinayət işində olan iş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 sentyabr 2021-ci il tarixli, 2159 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda "Yüngül dərəcəli əqli gerilik" müəyyən edilir. Onda müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda qeyd edilən hadisəni törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işi üzrə “Hyundai İ 30 CW minik” markalı, **-TM-*** dövlət-qeydiyyat nişanlı avtomobil, "Daewoo BS 090 avtobus" markalı, **-TG-*** dövlət-qeydiyyat nişanlı avtobus öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşyalar olaraq maddi sübut kimi tanınmaqla sabibinə qaytarılmışdır. “Suziki GSXR 750L motosikl” markalı, 07-A-08 dövlət-qeydiyyat nişanlı motosikl iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cərimə meydançasında saxlanılmışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin ikisi ilə barışıq əldə etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələblərinə əsasən ehtiyatsızlıqdan törədilmiş ağır cinayətlər təsnifatına, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməli Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan 10 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən "nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər". Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü ilə 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Ona təyin olunmuş həmin əlavə cəzanın icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanunisahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və müvafiq olaraq saxlanılması üçün sahibinə qaytarılmış Cinayət işi üzrə “Hyundai İ 30 CW minik” markalı, **-TM-*** dövlət-qeydiyyat nişanlı avtomobilin, "Daewoo BS 090 avtobus" markalı, **-TG-*** dövlət-qeydiyyat nişanlı avtobusun sabiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cərimə meydançasında saxlanılan “Suziki GSXR 750L motosikl” markalı, 07-A-08 dövlətqeydiyyat nişanlı motosikl zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq, qəti əlavə cəzanı qəti əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzasının əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və müvafiq olaraq saxlanılması üçün sahibinə qaytarılmış Cinayət işi üzrə “Hyundai İ 30 CW minik” markalı, **-TM-*** dövlət-qeydiyyat nişanlı avtomobilin, "Daewoo BS 090 avtobus" markalı, **-TG-*** dövlət-qeydiyyat nişanlı avtobusun sabiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cərimə meydançasında saxlanılan “Suziki GSXR 750L motosikl” markalı, 07-A-08 dövlətqeydiyyat nişanlı motosikl zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 100 (bir yüz) manat manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil vürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar