Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1699/2022 01.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Səbinə Adil qızının sədrliyi, Hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 178.3.1, 29,178.3.1, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə təkrarən qeyrilərini təhrik etmişdir. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin fevral ayında taksi xidməti sahəsində fəaliyyət göstərən Zərərçəkmiş şəxs1 ilə görüşləri zamanı sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin baş leytenant rütbəli əməkdaşı kimi təqdim edərək, özünün geniş əlaqələrə malik olduğunu, həmin Xidmətdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, müəyyən pul müqabilində onu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə sürücü vəzifəsinə işə qəbul etdirəcəyini ona yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu qeyd edilən Xidmətin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirməklə Zərərçəkmiş şəxs1la razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin fevral-mart ayları ərzində sonuncunun yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla ümumilikdə 6.150 (altı min bir yüz əlli) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 6.150 (altı min bir yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxs qismində dövlətin, qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 qohumu Zərərçəkmiş şəxs2 ilə görüşləri zamanı özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin baş leytenant rütbəli əməkdaşı kimi təqdim edərək, guya özünün geniş əlaqələrə malik olduğunu, həmin Xidmətdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, müəyyən pul müqabilində onu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə mühafizəçi vəzifəsinə işə qəbul etdirəcəyini ona yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Xidmətin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirməklə Zərərçəkmiş şəxs2la razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin fevral-mart ayları ərzində sonuncunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə südçülük sovxozunda Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla ümumilikdə 3.030 (üç min otuz) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 3.030 (üç min otuz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxs qismində dövlətin, qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin fevral ayında yaşadığı Mərdəkan qəsəbəsindən Pirallahı qəsəbəsinə «Bolt» mobil tətbiqindən istifadə edərək taksi sifariş verdiyi vaxt sifarişə boz rəngli, dövlət qeydiyyat nömrəsini xatırlamadığı «Toyota Prius» markalı avtomobil gəlmiş, yol uzun məsafəli olduğuna görə taksi sürücüsü ilə səmimi söhbət edib tanış olmuş, söhbət zamanı sürücü özünü Pərviz kimi təqdim etmişdir. Pərvizin saf olmasını görüb özünü ona Dövlət Təhlükəsizliyi Xidmətində baş leytenant rütbəsində işləyən şəxs kimi təqdim edib, DTX- da müəyyən əlaqələri olduğunu, nə isə lazım olsa kömək edə biləcəyini demiş, Pərvizin mobil nömrəsini almış və yol boyu söhbət əsnasında etibarını qazanaraq onunla dostlaşmışdır. Bir neçə gün sonra Pərvizə hal-əhval tutmaq üçün zəng etmiş, söhbət zamanı ona yalandan DTX-da koordinasiya şöbəsinin müdiri Emin müəllimin sürücüsünün işdən çıxdığını, əgər istəyərsə onu müəyyən pul müqabilində həmin idarəyə sürücü kimi işə düzəldə biləcəyini demiş, Pərviz onun təklifi ilə razılaşaraq atası ilə bu barədə məsləhətləşdikdən sonra həmin pulu verə biləcəyini bildirmişdir. O, həmin gün Pərvizlə görüşüb onunla birlikdə Pərvizin Zirə qəsəbəsində yaşadığı evə getmiş, evdə Pərvizin atası Allahverdinin yanında bir daha Pərvizə DTX-da Emin müəllimin sürücüsünün işdən çıxdığını, 2.000 (iki min) manat pul müqabilində onu həmin işə düzəldə biləcəyini demiş, bu vaxt Allahverdi təkliflə razılaşıb pulun bir hissəsini dərhal orada, qalanını isə sonra verəcəyini bildirmişdir. O, Allahverdinin təklifini qəbul etdikdən sonra sonuncu ona 1.500 (bir min beş yüz) manat pul vermiş, bir az da oturub söhbət etdikdən sonra Pərvizlə birlikdə evdən çıxmış, şübhə olmasın deyə Pərvizin idarə etdiyi avtomobillə DTX-ya tərəfə getmiş, orada avtomobildən enərək Pərviz uzaqlaşdıqdan sonra başqa istiqamətə tərəf çıxıb getmişdir. Bu hadisədən sonra 2022-ci ilin fevral-mart aylarında müəyyən xərclər adı ilə Pərvizdən hissə-hissə olmaqla, ümumilikdə 6.150 (altı min yüz əlli) manat pulu onun yaşadığı ünvanda almış, aldığı pulları həmin ərəfələrdə şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra Pərvizin evində sonuncunun qohumu Zərərçəkmiş şəxs2la görüşüb tanış olmuş, Romana da özünü Dövlət Təhlükəsizliyi Xidmətinin baş leytenant rütbəli əməkdaşı kimi təqdim etmiş və həmin Xidmətə pul müqabilində onu mühafizəçi kimi işə düzəldə biləcəyini deyib, qarşılıqlı razılaşdıqdan sonra, 2022-ci ilin fevral-mart ayları ərzində, hissə-hissə olmaqla Romanın Zirə qəsəbəsində yaşadığı evinin yaxınlığında sonuncu ilə görüşüb ondan ümumilikdə 3.030 (üç min otuz) manat məbləğində pul almışdır. Hətta Romanı tam inandırmaq məqsədilə işə qəbul olunduqdan sonra geyinmək üçün ona hərbi forma alıb vermiş, aldığı həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. O, Pərvizi və X3 Xidmətinə işə qəbul olunmalarına inandırmaq üçün 2022-ci ilin fevral ayında bir neçə dəfə şəxsi istifadəsində və adına olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə onların mobil nömrələrinə DTX-nın adından işə qəbulla bağlı SMS-lər göndərmiş, Pərviz və Roman da SMS-də deyilən tarixlərdə və saatda DTX-nın binasına getmişlər. Həmin vaxt Pərviz və Romanı bu yolla aldadarkən onların bu barədə heç bir məlumatı olmamış, hətta bir neçə dəfə Pərvizi özü ilə DTX- nın binasına aparıb guya kadrlar idarəsindən onunla görüşmək istədiklərini bildirmişdir. Orada bir az gözlədikdən sonra Pərvizə görüşün həmin gün baş tutmadığını, başqa vaxta təxirə salındığını bildirmişdir. Bu əməllərindən bir müddət sonra, bu ilin təxminən mart ayının sonlarında Pərviz haradansa onun belə işlərə görə əvvəllər məhkum olmasını öyrənmiş, aldığı pulları geri qaytarmağı tələb etmişdir. Bundan sonra o, Pərvizi və Romanı işlərin tezliklə həll olunacağına inandırmağa çalışsa da onlar inanmayıb hədə-qorxu gələrək mobil nömrəsinə təhqiramiz SMS-lər yazmışlar. Artıq vəziyyətin yaxşı olmadığını bilib onların zənglərinə cavab verməmiş və müxtəlif yerlərdə gizlənməyə başlamışdır. Hal-hazırda ailəsi tərəfindən Pərvizə 2.000 (iki min) manat, Romana isə 700 (yeddi yüz) manat məbləğində pul qaytarılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində həmçinin əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmək üçün əlindən gələni edəcəyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, zərərçəkmiş şəxsləri dindirərək, habelə iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin fevral ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsində taksi kimi fəaliyyət göstərdiyi vaxt “Bolt” proqram tətbiqindən Mərdəkan qəsəbəsində Pirallahı qəsəbəsinə sifariş gəlmiş, sifarişə boz rəngli, **-PH-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillə getmiş, yol uzun məsafəli olduğuna görə taksiyə əyləşən müştəri ilə səmimi söhbət edib tanış olmuş, söhbət zamanı müştəri özünü Dövlət Təhlükəsizlik Xidmətində baş leytenant rütbəsində işlədiyini, adının Fərid olmasını bildirərək DTX-da müəyyən əlaqələrə malik olduğunu, nə isə lazım olsa kömək edə biləcəyini demiş, həmin vaxt onun mobil nömrəsini istəyərək almış və yol boyu söhbət əsnasında etibarını qazanaraq onunla dostlaşmışdır. Bir neçə gün sonra Fərid ona zəng etmiş, söhbət zamanı ona DTX- da koordinasiya şöbəsinin müdiri Emin müəllimin sürücüsünün işdən çıxdığını, istəyərsə onu müəyyən pul müqabilində həmin idarəyə sürücü kimi işə düzəldə biləcəyini demişdir. O, Fəridin təklifi ilə razılaşaraq atası ilə bu barədə ətraflı söhbət edib, xeyir-duasını aldıqdan sonra həmin pulu verə biləcəyini bildirmiş, həmin gün Fəridlə görüşüb onunla birlikdə Zirə qəsəbəsində yaşadığı evə getmiş, atası Allahverdi ilə Fəridi tanış etmiş, tanışlıqdan sonra sonuncu atası Allahverdinin yanında bir daha DTX-da işləyən Emin müəllimin sürücüsünün işdən çıxdığını, 2.000 (iki min) manat pul müqabilində onu həmin işə düzəldə biləcəyini demişdir. Atası bu təkliflə razılaşıb pulun bir hissəsini dərhal orada, qalanını isə sonra verəcəyini bildirmiş və Fəridə 1.500 (bir min beş yüz) manat pul vermişdir. Bundan sonra Fəridlə birlikdə evdən çıxmış, idarə etdiyi avtomobillə DTX-ya tərəfə getmiş, orada Fərid avtomobildən enərək DTX-nın binasına tərəf çıxıb getmişdir. Bu hadisədən sonra 2022-ci ilin fevral-mart aylarında müəyyən xərclər adı ilə Fərid hissə-hissə olmaqla, ümumilikdə 6.150 (altı min yüz əlli) manat pulu yaşadığı ünvanda ondan almış, işinin tez zamanda düzələcəyinə söz vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin qeyd etdi ki, 2022-ci ilin fevral ayında Zirə qəsəbəsində yaşadığı evdə qohumu Zərərçəkmiş şəxs2la Fəridi tanış etmiş, sonuncu həmin vaxt Romana da özünü Dövlət Təhlükəsizlik Xidmətinin baş leytenant rütbəli əməkdaşı kimi təqdim edib, Romanı həmin Xidmətə pul müqabilində mühafizəçi kimi işə düzəltmək imkanı olduğunu bildirmişdir. Romanla Fərid qarşılıqlı razılaşdıqdan sonra, 2022-ci ilin fevral-mart ayları ərzində, hissə-hissə olmaqla Roman Zirə qəsəbəsində yaşadığı evinin yaxınlığında Fəridə ümumilikdə 3.030 (üç min otuz) manat məbləğində pul vermiş, hətta Fərid Romanı tam inandırmaq məqsədilə işə qəbul olunduqdan sonra geyinmək üçün ona hərbi forma almış, eyni ilə onu aldatdığı kimi Romanı da aldadaraq işinin tezliklə düzələcəyinə dair yalan vədlər vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında bildirdi ki, Fərid onu və X6 Xidmətinə işə qəbul olunmalarına inandırmaq üçün 2022-ci ilin fevral ayında bir neçə dəfə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə onların 070876-81-00 və ***-***-**-** saylı mobil nömrələrinə DTX-nın adından işə qəbulla bağlı SMS-lər göndərmiş, onlar da SMS-də deyilən tarixlərdə və saatda DTX-nın binasına getmişlər. Həmin vaxt Fərid bu yolla onları aldatmış, hətta bir neçə dəfə onu özü ilə DTX-nın binasına aparıb demişdir ki, guya kadrlar idarəsindən onunla görüşmək istəyirlər. Orada bir az gözlədikdən sonra Fərid görüşün həmin gün yox, başqa vaxta təxirə salındığını bildirmişdir. Bir müddət sonra isə bu ilin təxminən mart ayının sonlarında sonuncunun belə işlərə görə əvvəllər məhkum olmasını öyrənmiş, dərhal Fəridə zəng edərək verdiyi pulları geri qaytarmağı tələb etmiş, lakin Fərid müxtəlif bəhanələrlə onu və Romanı aldadaraq pulları qaytarmaqdan boyun qaçırmışdır. Bu hadisədən sonra məcbur olub qohumu Zərərçəkmiş şəxs2la birlikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə yazılı ərizə ilə müraciət etmişlər. Hal-hazıradək Fəridin ailəsi tərəfindən 6.150 (altı min yüz əlli) manat borcdan 2000 (iki min) manatı ona geri qaytarılmışdır. Zərərçəkmiş şəxs1 həmçinin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir və pulunun tam həcmdə geri qaytarılmasını tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş X8 ifadəsində göstərdi ki, o, 2022-ci ilin fevral ayında qohumu Zərərçəkmiş şəxs1 vasitəsilə, sonuncunun Zirə qəsəbəsində yaşadığı evdə Təqsirləndirilən şəxsla tanış olmuş, həmin vaxt Fərid özünü ona Dövlət Təhlükəsizlik Xidmətinin baş leytenant rütbəli əməkdaşı kimi təqdim etmiş, həmin Xidmətə pul müqabilində onu mühafizəçi kimi işə düzəltmək imkanı olduğunu bildirmiş, Fəridlə qarşılıqlı razılaşdıqdan sonra, 2022-ci ilin fevral-mart ayları ərzində, hissə-hissə olmaqla o, Zirə qəsəbəsində yaşadığı evinin yaxınlığında Fəridə ümumilikdə 3.030 (üç min otuz) manat məbləğində pul vermişdir. Fərid tam etibar qazanmaq məqsədilə işə qəbul olunduqdan sonra geyinmək üçün ona hərbi forma almış, eyni ilə onu aldatdığı kimi Pərvizi də aldadaraq işinin tezliklə düzələcəyinə dair yalan vədlər vermişdir. Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin bildirdi ki, Fərid onu və X4 Xidmətinə işə qəbul olunmalarına inandırmaq üçün bu ilin fevral ayında bir neçə dəfə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə onların ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə DTX-nın adından işə qəbulla bağlı SMS-lər göndərmiş, onlar da SMS-də deyilən tarixlərdə və saatda DTX-nın binasına getmişlər. Həmin vaxt Fərid bu yolla onları aldatmışdır. O, bir müddət sonra Fəridin belə işlərə görə əvvəllər məhkum olmasını öyrənmiş, dərhal Fəridə zəng edərək verdiyi pulları geri qaytarmağı tələb etmiş, lakin Fərid müxtəlif bəhanələrlə onu və Pərvizi aldadaraq pulları qaytarmaqdan boyun qaçırmışdır. Bu hadisədən sonra məcbur olub qohumu Zərərçəkmiş şəxs1la birlikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə yazılı ərizə ilə müraciət etmişlər. Bu ilin iyul ayında Fəridin ailəsi 3.030 (üç min otuz) manat borcdan 700 (yeddi yüz) manatını ona geri ödəmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir və pulunun tam həcmdə geri qaytarılmasını tələb edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 01 avqust 2022-ci il tarixli 6957 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb (cild 1, iş vərəqə 105). Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış 26 may 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefona həmin tarixdə baxış keçirilmiş, baxış zamanı telefonun “Kontakt” siyahısında “***-***-**-**” saylı mobil nömrə “Təqsirləndirilən şəxs”, “***-***-**-**” saylı mobil nömrə isə “DTX Kadrlar” kimi qeyd edilmişdir. Baxış zamanı həmin telefonun “SMS” qovluğunda “DTX Kadrlar” adı ilə qeyd edilmiş mobil nömrə ilə aşağıdakı məzmunda mesajlar mövcuddur: 22 fevral, çərşənbə axşamı 14:42 - AZE: ******** Zərərçəkmiş şəxs1 sizdən xx.xx.2022 -ci il saat 08:00-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin esas inzibati binasının qəbul şöbəsinə yaxınlaşmağınız xahis olunur, giris kod 5668AM316 25 fevral, cümə 08:09- Perviz bey gəldiyinizi bilirik, biz size melumat verenedek gozleyin, xais olunur gonderilen smsleri gizli saxlayin 25 fevral, cümə 10:17 - Zərərçəkmiş şəxs1 sizdən xx.xx.2022 -ci il saat 08:00-da Dövlət Təhlükəsizliyi Xidmətinin esas inzibati binasının qəbul şöbəsinə yaxınlaşmağınız xahiş olunur. Giriş kodunuz 28T455AS003 26 fevral, şənbə 13:46 - Salam Pərviz səni narahat edən Sevil xanimdi 1 ci gun saat 10:00 da yaxinlaşarsan maşınla bağlı qəbul şöbəsinə - Salam üzür istəyirəm hara ? - sabah zeng edib deyecem size Araşdırılan protokolun məzmunundan görünür ki, həmin mobil telefonun “Audio yazılar” qovluğunda Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında cinayət təqibi üzrə əhəmiyyət kəsb edən danışıqların səs yazıları, habelə telefonun “Qalereya” bölməsində Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş sonuncuya məxsus fotoşəkillərin olması müəyyən edilmişdir. Araşdırılan protokoldan həmçinin aydın olur ki, Zərərçəkmiş şəxs1 məxsus “Xiaomi” markalı mobil telefonda istintaq üçün zəruri əhəmiyyət kəsb edən məlumatlar 1 (bir) ədəd CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 28-31). Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış 26 may 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefona həmin tarixdə baxış keçirilmiş, baxış zamanı telefonun “Kontakt” siyahısında “***-***-**-**” saylı mobil nömrənin “Fərid” adı ilə qeyd edildiyi müəyyən edilmişdir. Baxış zamanı həmin telefonun “SMS” qovluğunda “***-***-**-**” saylı mobil nömrə ilə aşağıdakı məzmunda mesajlar mövcuddur: 7 mart, Bazar ertəsi - 11:33 - Salam sizdən 9 mart 2022 ci il saat 09:00 da Dövlət Təhlükəsizliyi Xidmətinin qəbul şöbəsinə gəlməyiniz xaiş olunur 11 mart, Cümə - 10:06 - Zərərçəkmiş şəxs2 xx.xx.2022 ci il saat 08:00 da sıra baxışı üçün Dövlət Təhlükəsizliyi Xidmətinin qəbul şöbəsinə gəlməyiniz xaiş olunur. Araşdırılan protokolun məzmunundan görünür ki, həmin mobil telefonun “Audio yazılar” qovluğuna keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs2, eləcə də, sonuncunun yaxın qohumları ilə Təqsirləndirilən şəxs arasında cinayət təqibi üzrə əhəmiyyət kəsb edən danışıqlar barədə səs yazılarının olduğu, habelə “Qalereya” bölməsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 işə qəbul olunduqdan sonra geyinmək üçün alıb verdiyi hərbi formanın fotoşəkili, həmçinin “Fərid” kimi qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə ilə yazışmaların fotoşəkinin olduğu müəyyən edilmişdir. Araşdırılan protokoldan həmçinin aydın olur ki, Zərərçəkmiş şəxs2 məxsus “Samsung” markalı mobil telefonda aşkar edilən foto şəkillər, səs yazıları, eləcə də “Screenshot” funksiyasından istifadə etməklə götürülən mesajlar 1 (bir) ədəd CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 32-35). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış 27 iyul 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin 22 iyul 2022-ci il tarixli, 13091 nömrəli məktubuna əlavə olunmuş 01 ədəd “CD” diskə yazılmış “rar” arxiv fayl məlumatlarına baxış keçirilmiş, baxış zamanı “14394.zip” arxiv baza məlumatlarında “abuneciler.xls”, “**********38.txt”, “**********61.txt”, “517240538_SMS.txt” və “507273961_SMS.txt” adlı faylların olduğu, həmin faylları açıb içərisinə baxış keçirən zaman isə anten, sms və danışıqlar barədə cədvəllərin olduğu müəyyən edilmişdir. Araşdırılan protokolda qeyd olunmuşdur ki, “antena.xls” adlı fayl təhlil olunarkən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs1 məxsus ***- ***-**-** mobil nömrə arasında qarşılıqlı zənglərin olması müəyyən edilməmiş, lakin “507273961_SMS.txt” adlı faylda həmin nömrələr arasında aşağıdakı məzmunda yazışmaların olduğu müəyyən edilmişdir: xx/xx/2022,14:42:30,**********61,**********00 - AZE: ******** Zərərçəkmiş şəxs1 sizdən xx.xx.2022 -ci il saat 08:00-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əsas inzibati binasının qəbul şöbəsinə yaxınlaşmağınız xahis olunur, giris kod 5668A М316 xx/xx/2022,08:09:36,**********61,**********00- Pərviz bey geldiyinizi bilirik, biz size melumat verenedek gozleyin, xais olunur gonderilen smsleri gizli saxlayin xx/xx/2022,10:17:27,**********61,**********00 - Zərərçəkmiş şəxs1 sizdən xx.xx.2022ci il saat 08:00-da Dövlət Təhlükəsizliyi Xidmətinin əsas inzibati binasının qəbul şöbəsinə yaxınlaşmağınız xahiş olunur. Giriş kodunuz 28T455AS003 xx/xx/2022,13:45:49,**********61,**********00 - Salam Pərviz səni narahat edən Sevil xanimdi 1-ci gun saat 10:00 da yaxınlaşarsan maşınla bağlı qəbul şöbəsinə - xx/xx/2022,13:46:53,**********00, **********61- Salam üzür istəyirəm hara? - xx/xx/2022,13:50:15,**********61,**********00 - sabah zəng edib deyecem size -xx/xx/2022,13:50:58,**********00,**********61 - Tamam çoxsağolun teşekkür edirem -xx/xx/2022,13:56:25,**********61,**********00- buyur bu gun saat 4 e kimi vesiqenin ksereksin getirersen xx/xx/2022,09:42:10,**********00,**********61- Salam sabahınız xeyir olsun Sevil xanım mən gəlmişəm burdayam xx/xx/2022,09:46:12,**********00,**********61- Hara yaxinlasacam deyərdiniz zəhmət olmasa - xx/xx/2022,10:06:23,**********61,**********00 - Salam Pərviz sənədlər hazır olan kimi deyiləcək sənə narahat olma - xx/xx/2022,11:14:24,**********61,**********00- Pərviz sənədlər hazır olur maşını dəyişiblər ona görə uzun çəkir üzürlü say gözlədirik səni -xx/xx/2022,11:15:21,**********00,**********61- Tamam çox sağolun problem yoxdu Həmçinin baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında qarşılıqlı zənglər müəyyən edilməmiş, bununla belə həmin nömrələr arasında aşağıdakı məzmunda sms yazışmalarının olduğu müəyyən edilmişdir: xx/xx/2022,11:32:59,**********61,**********32- Salam sizdən 9 mart 2022 ci il saat 09:00 da Dövlət Təhlükəsizliyi Xidmətinin qəbul şöbəsinə gəlməyiniz xaiş olunur xx/xx/2022,10:06:43,**********61,**********32- İbrahimov Roman Şakir oğlu xx.xx.2022 ci il saat 08:00 da sıra baxışı üçün Dövlət Təhlükəsizliyi Xidmətinin qəbul şöbəsinə gəlməyiniz xaiş olunur. Araşdırılan baxış protokoluna əsasən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, o cümlədən, Zərərçəkmiş şəxs2 məxsus ***-***-**-** mobil nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mütəmadi çoxsaylı zənglərin olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 67-68) Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış 10 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC-dən 22 iyul 2022-ci il tarixli, 13091 nömrəli məktubla göndərilən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən 1 ədəd “CD” disk, habelə 26 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus “Xiaomi” markalı, Zərərçəkmiş şəxs2 məxsus “Samsung” markalı mobil telefonlara keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatların köçürüldüyü 2 ədəd “CD” disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 212-223). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-dən daxil olmuş məlumatdan görünür ki, İdarənin İstintaq şöbəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-769/2022 nömrəli qərarı ilə 2 (iki) ay 4 gün müddətinə, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır (cild 1, iş vərəqə 106-112) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 11 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2022-ci il tarixli 4(005)-7692022 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır (cild 1, iş vərəqə 234-236, 108-112) Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Bakı Hərbi Məhkəməsinin müvafiq hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1-1(093)-29/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 29,178.2.2, 178.3.1, 29,178.3.1, 310, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqə 98, 113-211). Məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq hərəkəti protokollarını, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş diskləri və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib biri digərini tamamlamaqla verilmiş ittihama uyğun cinayət əməlinin mexanizminin tam şəkildə təsvirini formalaşdırmışdır. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edib mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Plenumun qərarının 1-ci bəndində qeyd edilmişdi ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hərhansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 36-cı bəndində bildirilir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin və digər sənədlərin protokollarını sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin əməlləri törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki və daha artıq müstəqil cinayəti törətməsi həmin Məcəlləsinin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi, habelə cinayət nəticəsində Zərərçəkmiş şəxs1 2000 manat və Zərərçəkmiş şəxs2 700 manat olmaqla hər iki zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı və müvafiq məhkəmə hökmü ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1-1(093)-29/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 29,178.2.2, 178.3.1, 29,178.3.1, 310, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın müddəti başa çatdığından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanı çəkib qurtardığı gündən altı il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur və bu hal cəza təyin edilərkən nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona cinayətlərin məcmusu üzrə, cinayətlərin təhlükəli residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 178.3.1, 29,178.3.1, 310, 32.4, 312.2-ci maddələri ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin təhlükəli residivini yaratması, yeni cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məhkəmənin hazırlıq iclasının qərarına əsasən onun barəsində həbs qətimkan tədbirinin seçildiyi 20 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2022-ci il tarixli qərarı ilə başqa bir cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmaqla, hazırkı iş üzrə təqsirləndirilən şəxsin barəsində ibtidai istintaq dövründə heç bir qətimkan tədbiri seçilməmiş, 20 sentyabr 2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasının qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış "xxxx" MMC-nin 22 iyul 2022-ci il tarixli, 13091 nömrəli məktubuna əlavə edilmiş telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən 1 ədəd “CD” disk, habelə 26 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus “Xiaomi” markalı, Zərərçəkmiş şəxs2 məxsus “Samsung” markalı mobil telefonlara keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatların köçürüldüyü 2 ədəd “CD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 310-cu maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və məhkəmə icraatındakı həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 məxsus “Xiaomi” markalı və Zərərçəkmiş şəxs2 məxsus “Samsung” markalı mobil telefonlara keçirilmiş baxış zamanı istintaq üçün zəruri əhəmiyyət kəsb edən məlumatların köçürüldüyü 2 (iki) ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili X2 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1699/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1699/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver