Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1699/2023 08.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, “Atçılıq” massivi, yeni yaşayış ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 9,471 qram çəkidə olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 31 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 13:50-də yuxarıda Bakı şəhəri, Xəzər rayonu, Atçılıq massivində yerləşən yaşadığı fərdi evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 9,471 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, “Orbita” şirkətində usta köməkçisi işləmiş, işdən çıxıb evə gəldikdə ona, qardaşının evdə olmadığını bildirmişlər. Axşamtərəfi onlar artıq 102 xidmətinə yığıb məlumat vermişlər. Bu hadisənin ertəsi günü iş yerinə zəng edərək işə gəlməyəcəyini bildirmiş, qardaşını axtarmaq üçün Baş Polis İdarəsinə getmək barədə fikirləşmişdir. Evdən bir az aralandıqda 3 maşın görmüş və maşındakılar onu götürərək Baş Narkotiklərə Mübarizə İdarəsinə gətirmişlər. Orada bunun dini məsələ olduğunu və onu saxlamalı olduqlarını bildirmişlər. O, narkotik vasitələrdən başının çıxmadığını bildirmiş, polis əməkdaşları özləri ssenari hazırlayıb, çəkdikdən sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Onu orada Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları dindirmiş, ondan neçə ildir namaz qıldığı soruşulmuşdur. O da 18- 19 yaşından namaz qıldığını bildirmişdir. Ondan, həmçinin, əvvəl birlikdə cəza çəkdiyi Vüsal adlı şəxsi soruşmuşlar. O da həmin adamı tanıdığını bildirmişdir. Ona getməsini və barəsində yüngül bir şey fikirləşəcəklərini bildirmişlər. 3-5 ay sonra müstəntiq gəlmiş və ona sənədlərə qol çəkməli olduğunu demiş və o da qol çəkmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, ümumiyyətlə narkotik vasitə görməmişdir. Ona oyun qurmuşlar və nə deyilibsə onu edərək üzərinə qoyulan narkotik vasitələri çəkiliş zamanı təqdim etmişdir. İstintaqa ifadə vermədiyini, onu ailəsi ilə hədələdiklərini və saxlanılmağının dəqiq səbəbini bilmədiyini bidirmişdir. Həmçinin, qardaşını da saxlamışlar və ona da eyni suallar vermişlər. Qardaşı Vüsalı tanımadığını və Vüsalın hər yerdə dövlətin əleyhinə danışdığını bildirmişdir. Bununla yanaşı ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, saxlanılmazdan bir neçə gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Atçılıq massivində yerləşən evinin yaxınlığında məişət tullantıları olan sahədən keçən zaman yerdə bir büküm görmüş, büküm onun diqqətini çəkdiyi üçün həmin bükümü açıb içərisinə baxmaq qərarına gəlmiş, bükümü açıb içərisinə baxan zaman 01 ədəd sellofan bükümdə “kakos” olduğunu görmüş və şəxsi istifadəsi üçün onu götürüb üzərində daşımaq qərarına gəlmişdir. Ruslan Mehrəliyev qeyd etmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, şəxsi istifadəsi üçün “kakos”u üzərində daşımışdır. Həmin günü, yəni 31 mart 2023-cü il tarixdə təxminən saat 13:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Atçılıq massivində yerləşən evinin yaxınlığında piyada hərəkət edən zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “kakos” vardır. Bundan sonra polis əməkdaşları onu baş polis idarəsinə dəvət etmiş, o, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o üzərində "kakos” olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik “kakos”u çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra həmin 01 ədəd bükümdə “kakos” polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür (cild 1, iş vərəqi 75-78). İsfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni təzyiq altında verdiyini bildirmiş, məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, daxil olmuş əməliyyat məlumatı əsasında mart ayında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra Baş İdarəyə dəvət olunaraq müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Üzərinə baxış zamanı o, 1 büküm narkotik vasitəni təqdim edərək bükümdəkinin heroin olduğunu və onu Xəzər rayonu ərazisindən tapdığını bildirmişdir. Heroin qablaşdırılıb aidiyyəti üzrə ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məlumat narkotik vasitələrin daşınması, saxlanılması və satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni satmadığını bildirmiş və satdığı şəxsləri müəyyən edə bilməmişlər. Saxlanılan zaman təqsirləndirilən şəxsin üzərində şəxsiyyət vəsiqəsi, bank kartı, pul qabı olmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və psixi təzyiq edilməmiş və ya edilməsinin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, onlar tərəfindən şəxsə heç bir təziq olunmayıb. Şəxs özü narkotik vasitəni yerdən tapdığını və istifadə etmək istədiyini bildirmişdir. Məlumat verən şəxs Təqsirləndirilən şəxs həm narkotik vasitələrin qanunsuz dövriyyəsi, həm də satışı ilə məşğul olduğunu bildirmişdir. Şəxsin narkotik vasitəni satması barədə onların heç bir sübutu olmadığını və şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olma müddətinin dəqiq yadında olmadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxx 1992-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Atçılıq massivi, yeni yaşayış ünvanında yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 1992-ci ildə Biləsuvar rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Atçılıq massivi, yeni yaşayış ünvanında yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 31 mart 2023-cü il tarixdə saat 13:50 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Atçılıq massivində yerləşən yaşadığı fərdi evin yaxınlığında saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan gödəkçənin sol yan cibindən 1(bir) ədəd “Samsung” markalı mobil telefon, 1(bir) ədəd alışqan, içində siqaret dənələri olan siqaret qutusu, pul qabı həmin pul qabının içində sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, **********400099 nömrəli bank kartı, 1(bir) ədəd fləşkart və 73 (yetmiş üç) AZN pul aşkar olunmuşdur. Sonra həmin heroinə bənzər kütlə qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfimdən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, **********400099 nömrəli bank kartı, 1(bir) ədəd fləşkart götürülmüş, digər əşyalar və pul sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş heroini Bakı şəhəri, Xəzər rayonu ərazisindən yerdən taparaq əldə etdiyini, başqa hardasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 26-28). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1893 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7 №”-li dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,471 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,1 qram sərf edildikdən sonra 9,371 qram heroin qalıq qalmışdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in İ siyahısına daxildirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 42-45). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 9,471 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilmiş və tədqiqatdan sonra qalıq qalmış 9,371 qram olan narkotik vasitə heroin saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 105-106). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5(003)-217/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 125). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs sakit təbiətlidir. Kənd sakinləri ilə münasibətləri normal olmuşdur. Kənddə keçirilən toy və hüzr məclislərində özünü tərbiyəli apamışdır. Kənd ağsaqqallarına hörmətlə yanaşmışdır. Təqsirləndirilən şəxs həqiqətən Biləsuvar rayonu Təzəkənd kəndində qeydiyyatdadır (cild 1, iş vərəqi 130-131). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 3-13-7/2-3842/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə edib satışı ilə məşğul olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edlmişdir. Lakin cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır (cild 1, iş vərəqi 136). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 6320 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə almayıb (cild 1, iş vərəqi 138). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 31 mart 2022-ci il tarixdən 31 mart 2023-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 142). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1822 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 157-158). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ekspertiza və X6 publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 133/MEŞ nömrəli canlı şəxsin ekspertizası barədə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqi 160-161). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 162-169). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi materiallarından material ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyinə dair material cinayət işindən ayrılmışdır (cild 1, iş vərəqi 172-173). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ona əleyhinə ifadə verən şahidlərə bilavasitə suallar vermək üçün şərait yaradılmış, müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Savalanlı və digərləri Azərbaycana qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə ikinci, üçüncü və dördüncü ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarındakı müddəalar nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə narkotik vasitə heroini əldə etmişdir. Bundan sonra o, əldə etdiyi külli miqdarda 9,471 qram çəkidə narkotik vasitə heroini bir büküm sellofan paketdə üzərində saxlamış və daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitə heroini nə vaxt əldə etməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, ondan aşkar edilmiş maddələri hansı məqsədlə (satış və ya istifadəsi üçün) əldə edilməsinin müəyyən edilməsi, narkotik vasitə heroini satdığı təqdirdə həmin şəxslərin dairəsinin müəyyən ediilməsi ilə bağlı əməliyyat orqanına tapşırıq verilmişdir. Həmin əməliyyat tapşırığına verilmiş cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə edib satışı ilə məşğul olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edlmişdir. Lakin cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi, əməliyyat tapşırığına verilən cavabdan da təqsirləndirilən şəxsin hansısa konkret şəxsə narkotik vasitə satması müəyyən edilmir. Məhkəmə belə qənaətə gəlir ki, əməliyyat tapşırığına dair verilmiş cavab formal xarakter daşıyır. Belə ki, həmin cavabda təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni hər hansı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək qanunsuz olaraq məhz satış məqsədilə əldə edib-etmədiyi barədə dəqiq məlumatı təsdiq edə biləcək heç bir müddəa yoxdur. Digər tərəfdən, məhkəmədə dindirilmiş polis əməkdaşları – təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin ifadələrindən də görünür ki, təqsirləndirilən şəxsin kiməsə narkotik vasitə satması barədə konkret fakt müəyyən olunmamışdır. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin narkotik vasitələr satması, bu istiqamətdə üçüncü şəxslərlə əlaqəyə girməsi, başqa sözlə, narkotik vasitələrin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərin icrasını təsdiq edən heç bir sübut yoxdur. Lakin, 31 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda 9,471 qram çəkidə narkotik vasitə heroin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən külli miqdarda bir bükümdə narkotik vasitə olan heroinin aşkarlanması özü-özlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə heroinin satışı ilə məşğul olması, belə maddələrin satışı ilə bağlı hər hansı şəxslə danışıq aparması və bu barədə sövdələşməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” narkotik vasitələrlə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 31 mart 2023-cü il tarixdə külli miqdarda 9,471 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitə heroinin məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroini o, öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitə heroini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək saxlanılan zaman üzərində hər hansı narkotik vasitə olmaması, ona oyun qurulması, üzərinə narkotik vasitə qoyulması və nə deyilibsə onu edərək üzərinə qoyulan narkotik vasitəni çəkiliş zamanı təqdim etməsi, ailəsi ilə hədələnməsinin təsiri altında etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə onun bu hissədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, polis idarəsində üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, videoçəkilişdən istifadə edilməklə və onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol digər iştirakçılarla yanaşı, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman və şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Lakin sonradan məhkəmədə ifadələrini dəyişərək həmin narkotik vasitənin ona aid olmadığını qeyd etmiş və polis idarəsində polis əməkdaşları tərəfindən psixoloji təzyiq altında etirafedici ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan qanunsuz əldə edib saxlamaqla daşıması barədə nəticəyə gələrkən digər sübutlarla yanaşı özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini sübut kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 sentyabr 2022ci ildə cəzasını çəkib qurtarmışdır (cild 1, iş vərəqi 126-127, 148-156). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən altı ildən çox vaxt keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı tarixdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətin təhlükəli residivi mövcuddur. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 01 aprel 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 mart 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 19, 100-104). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 31 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,371 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 31 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,371 qram olan narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1699/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1699/2023
08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver