Məhkəmə qərarları › İş №1(101)-1700/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1700/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1700/2023 25.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin»in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 11,349 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda, naməlum mənbədən və şəraitdə qanunsuz olaraq əldə edib saxlayaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə saat 09:40-da Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi 3A/6 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirlib həmin tarixdə saat 11:27-dən etibarən üzərinə şəxsi axtarış həyata keçirilərkən əynindəki yaşıl-qəhvəyi rəngli şalvarın sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 5,840 qram və 5,509 qram olmaqla, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 11,349 qram külli miqdarda psixotrop maddə metamfetamin iki ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, avtomobil ehtiyatları satılan avtoservisdə işləyir. 2023-cü ilin aprel ayının 5-də səhər-səhər 9-a qalmış iş yerinə gedib, mağazanın qapısını açmışdır. Qapını açan kimi 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb onu saxlayaraq qoluna qandal vuraraq bildirmişlər ki, onlarla getməlidir. Onun işlədiyi mağazanın təhlükəsizlik kameraların yaddaşlarındakı materiaları da götürmüşlər. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə ondan soruşmuşlar ki, “İranda olmusan?” O da İranda ziyarətdə olduğunu bildirmişdir. Sonra iki büküm narkotik vasitə gətirib qolları qandallı vəziyyətdə onun cibinə qoymuş və demişlər ki, “bu narkotik vasitələrin sənin olması barədə izahata imza etməlisən.” O cavab vermişdir ki, o heç naroktik vasitə tanımır. Onu ləyaqətini alçaltmaqla hədələmişlər, o da məcbur olub onların yazdıqları izahatlara imza etmişdir. 5 apreldə onu İdarədə saxlamışlar. 6 apreldə şam yeməyindən sonra onu kameradan çıxartmış, bir polis formasında olan polis əməkdaşının yanına aparmışlar. Həmin polis əməkdaşı oturub onunla dərdləşmiş, haralı olması, neçə uşağının olması, nə işlə məşğul olması barədə onunla söhbət etmiş, çay gətizdirmiş, təkidlə ona çay içirtmişdir. O, çay içəndən sonra özünü pis hiss etmiş, yata bilməmişdir. Səhəri günü onu ekspertizaya aparmış, qanını və sidiyini yoxlamışlar. Sonra onu Bakı İstintaq Təcridxanasına aparmış, təcridxanada kamera yoldaşları ona demişlər ki, “sənə narkotik suyu içirdiblər.” O, heç siqaret çəkən deyil, həyatında bir dəfə də olsun narkotikdən istifadə etməmişdir. O, ilk dəfə narkotiki idarədə görmüşdür. O onlara təklif etmişdir ki, heç olmasa onun üzərinə silah qoyub,silah gəzdirməkdə ittiham etsinlər. Barəsində Məhkəmə tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Orda da hakim ondan verilmiş ittihamla razı olduğunu soruşanda o, razı olmadığını bildirərək bunun vəziyyəti dəyişəcəyini soruşmuşdur. Hakim də bildirmiş ki,“heç bir şey dəyişməyəcək.” Onun kartoçkasının üzərində Radikal dindarlığa meyilli sözü yazılmışdı. 3 ay sonra müstəntiq onun yanına gəlib bildirmişdir ki, “Dövlət araşdırıb, sənin dini radikallıqda iştirakın olması barədə şübələr öz təsdiqini tapmayıb. Amma narkotik vasitənin sənin olmasını etiraf edərək izahatlara imza etmisən, sənin işin gedəcək məhkəməyə.” Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü ona polis əməkdaşları tərəfindən fiziki təzyiq edilməmiş, lakin psixoloji təzyiqlər göstərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, videoçəkiliş zamanı narkotik vasitəni şalvarının sağ cibindən özü çıxarıb verib. Videoçəkilişdə polis əməkdaşları ona öyrətdikləri kimi demişdir ki, narkotik vasitəni evinin yanındakı zibillikdən tapıb. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 04 aprel 2023-cü il tarixdə yaşadığı evin yaxınlığındakı zibilikdən, yerdən iki bükümdə «şüşə» kimi tanıdığı psixotrop maddə olan metamfetamin tapmış, özü metamfetamin istifadəçisi olduğundan metamfetamini götürüb üzərində saxlamaq və fürsət düşən kimi qəbul etmək qərarına gəlmişdir. Bu məqsədlə o, tapdığı metamfetamini əynindəki şalvarın cibinə qoyub saxlamışdır. Ertəsi gün, yəni 05 aprel 2023-cü il tarixdə saat 09:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bakı- Sumqayıt şosesisinə idarə etdiyi «Mercedes Benz» markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında olarkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onun narkotik vasitə və psixotrop maddələrin qonunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu bildirmiş, o da artıq cinayət başında yaxlandığını görüb polis əməkdaşlarına narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, ancaq istifadə etdiyini və hazırda da üzərində istifadəsi üçün psiotrop maddə metamfetamin saxladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ona onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməsini təklif etmiş, o da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Polis İdarəsinə getmişdir. Orada ona müdafiəçi təqdim edilib hüquq və vəzifələri izah etdikdən sonra videoçəklişlə üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı ona edilmiş təklifdən sonra o, səmimi olaraq üzərində iki büküm metamfetamin saxladığını bildirib əynindəki şalvarın sağ yan cibindən iki büküm metamfetamini təqdim etmişdir. Təqdim etdiyi bükümlərə polis əməkdaşları baxış keçirərkən oradan metamfetaminlər aşkar olunmuşdur. Bundan başqa üzərindən özünə məxsus olan bir ədəd «Samsung» markalı mobil telefon aparatı da aşkar olunaraq götürülmüş, aşkar olunan 116 manat pul isə özünə qaytarılmışdır. Daha sonra aşkar olunmuş psixotrop maddə metamfetmin polis məkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı təkrar dindirilərkən ona ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin (narkotik vasitələrin) daşınması və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək 5 aprel 2023-cü il tarixində səhər saat 9-10 radələrində Biləcəri qəsəbəsində Bakı-Sumqayıt şossesi deyilən yerdə özünə məxsus olan “Mercedes” markalı avtomobilin yanında saxlanılaraq baş idarəyə aparılmışdır. Şübhəli şəxsə saxlanmasının səbəbini baş idarəyə dəvət etdikdən sonra demişlər. O, etiraz etmədən polislərlə baş idarəyə getmişdir. Baş idarədə müdafiəçinin iştirakı ilə şübhəli şəxsin üzərinə video-çəkilişlə baxış keçirilmiş və şübhəli şəxs cibində olan 2 büküm metamfetamini onlara təqdim etmişdir. Şübhəli şəxs narkotik vasitəni tapdığını iddia etmiş, lakin narkotik vasitəni tapdığı yerlə bağlı verdiyi məlumatı xatırlamır. Sonra şübhəli şəxsin avtomobilinə də baxış keçirilmiş, lakin avtomobildə bir şey aşkarlanmamışdır. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı özü və ya polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni özü təqdim edərək tapdığını bildirmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 04 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayon, Xocəsən qəsəbə sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edib Xocəsən və ətraf ərazilərdə satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra Baş İdarə rəisinin əmri ilə rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupun tərkibinə həmkarları Şahid2 və Şahid3 daxil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və saxlanması istiqamətində tərəflərindən əməliyyat tədbirlərinə başlanmış, ertəsi gün, yəni 05 aprel 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi ərazisindəki iş yerinə yaxın olması tərəflərindən müəyyənləşdirildikdən sonra əməliyyat qrupunun üzvləri olaraq Biləcəri qəsəbəsinə yollanmışlar. Həmin gün saat 09:40da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi yaxınlığında idarə etdiyi «Mercedes Benz» markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında tərəflərindən saxlanılmış, sonuncuya saxlanmasının əsaslarını izah etdikdən sonra onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmiş, orada araşdırmanın aparılması təhqiqatçısı Kənan Kərimliyə həvalə edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmiş, bu zaman ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və digər qanunsuz əşyalar varsa könüllü olaraq təqdim etməsi təklif etdilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində olan iki ədəd sellofan bükümü təqdim edib təqdim etdiyi bükümün içində metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd büküm açıldıqda bükümün içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bükümdə olan metamfetaminə oxşar maddə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 5 aprel 2023-cü ildə psixotrop maddələrin - narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbiri keçirilmişdir. Şübhəli şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsi narkotik vasitələrin dövriyyəsi ilə bağlı şübhəli şəxs qismində baş idarəyə dəvət etmişlər. Baş idarədə müdafiəçi ilə təmin etmiş, müdafiəçinin iştirakı ilə şübhəli şəxsin üzərinə videoçəkiliş vasitəsilə axtarış keçirilmişdir. Axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən 2 büküm metamfetaminə bənzər maddə sellofan torbaya bükülmüş vəziyyətdə narkotik vasitə aşkar olunub. Narkotik vasitəni Kamran özü təqdim edib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin saxlanılması və qanunsuz dövriyyəsi ilə məşğul olduğu ilə bağlı əməliyyat məlumatı daxil olmuşdu. Məlumatın yoxlanması üçün əməliyyat qrupu yaradıldı. Mən də əməliyyat qrupunun üzvü idim. 2023-cü il aprel ayının xatırlamadığım günü, səhər saatlarında Biləcəri qəsəbəsində Kamran Əgərova yaxınlaşdıq, özümüzü təqdim etdik, şübhəli şəxsin anket məlumatlarını dəqiqləşdirdik və saxladığımız şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirdik. Şübhəli şəxsi baş idarəyə dəvət etdik. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əynində olan şalvarın sağ və ya sol yan cibindən 2 büküm narkotik vasitə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Raport”dan və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 09:40-da ünvan 4 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq (tutularaq) idarəyə gətirilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (həmin protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd “DVD” diskdən) görünür ki, 05 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək orada üzərinə aparılan axtarış zamanı o, əynində olan yaşıl və qəhvəyi rəngli hərbi şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükülünü, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən açarlar və həmin qış ködəkçəsinin sağ yan cibindən pul əskinaslarını, həmçinin 1 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Onun üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işi materiallarına əlavə olunmuşdur. “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. “xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. “xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarından görünür ki, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 04 aprel 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,840 qram və 5,509 qram, ümumi təmiz çəkisi 11,349 qram ağ rəngli kristalik formada maddələr kimyəvi komponentlərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqat zamanı 11,349 qram metamfetamindən 0,1 qram istifadə edilmiş və qalıq çəkisi 11,249 qram təşkil etmişdir. İş üzrə bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 11,249 qram psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında-kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 07 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimilyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (norkamaniya xəsətəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin 25 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin və Metafetamin aşkar edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla (təqsirləndirilən şəxsin sözügedən psixotrop maddəni - narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dair hissədə) bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin psixotrop maddəni (narkotik vasitəni) satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddənin (narkotik vasitənin) miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (narkotik vasitənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq psixotrop maddənin (narkotik vasitənin) satışını həyata keçirərkən saxlanılmamış, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə (narkotik vasitə) aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən təqsirləndirilən şəxsin evindən, həyətyanı sahəsindən və ya avtomobilindən əlavə psixotrop maddənin (narkotik vasitənin) və ya elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan psixotrop maddə (narkotik vasitə) satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin psixotrop maddənin (narkotik vasitənin) satışı ilə məşğul olmasını, aşkar olunan psixotrop maddəni (narkotik vasitəni) satmaq məqsədi ilə əldə etməsini, onu satmaq üçün bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Sadalananlardan da, göründüyü kimi, sözügedən psixotrop maddənin (narkotik vasitənin) satış məqsədi ilə əldə olunmasına dair ibtidai istintaq orqanının gəldiyi qənaət ehtimallara əsaslanmışdır. Məhkəmə Cinayət Prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin (narkotik vasitənin) yalnız çəkisi (miqdarı) təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər və yeganə dəlil (sübut) kimi qəbul oluna bilməz. Bundan əlavə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni (narkotik vasitəni) əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarin məcmusuna əsasən onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin - psixotrop maddənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, heç vaxt narkotik vasitə - psixotrop maddə istifadə etmədiyini, həmçinin polis bölməsində polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış (baxış) protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxışgötürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş psixotrop maddəni (narkotik vasitəni) qanunsuz olaraq əldə etməsini və daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmiş, həm də bu etirafı zamanı psixotrop maddəni (narkotik vasitəni) əldə etməkdə məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. Bundan əlavə, iş materiallarında olan ekspertiza rəylərindən müəyyən olunur ki, təqsirləndirilən şəxsdən götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metafetamin aşkar edilmiş, onda opioidlərdən və psixostimilyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (norkamaniya xəsətəliyi) aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Qeyd olunanlara əsasən də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin polislər tərəfindən saxlanılarkən polislərin ona psixoloji təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini, yəni psixotrop maddəni (narkotik vasitəni) məhz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması ilə bağlı ifadələrini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMTnin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olubolmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ifadəsi (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. İş materiallarından və elektron məhkəmə infortmasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin 3 uşağı var. İş materiallarında olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Xocəsən qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, 3 uşağının olmasını və yaşayış yeri üzrə barəsində şikayətin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin (narkotik vasitənin) növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 11,249 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 11,249 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar