Məhkəmə qərarları › İş №1(101)-1700/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1700/2024

16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1700/2024 16.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 136P, mənzil 14-də yaşayan, barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 fevral 2024-cü il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zəruri müdafiə həddini aşmaqla qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 03 yanvar 2024-cü il tarixdə saat 07 radələrində tanışı Zərərçəkmiş şəxs onu yaşadığı ünvandan çağırıb birlikdə ünvan 1 yaşayış binalarının həyətindəki söhbətgahda Zərərçəkmiş şəxs bir gün əvvəl kiminsə onun ünvanına nalayiq ifadələr işlətməsini bilib həmin şəxsin şəxsiyyəti ilə bağlı onunla söhbət apararkən bu barədə Zərərçəkmiş şəxs məlumat verməməsi və təkrarən həmin məsələ ilə bağlı rədd cavabı alması zəminində aralarında yaranmış mübahisə zamanı Tunarın Abdulun üzünə vurduğu yumruq zərbəsinə qarşı zərərçəkmiş şəxsin sifət nahiyəsindən ardıcıl iki dəfə yumruqla vuraraq ona üst çənədə sol alt çənədə sağ və sol dişlərin hissəvi sınması, alt çənədə sağ və sol dişlərin patoloji hərəkətliliyi və həmin nahiyələrdə diş ətlərinə qansızma və şişkinliyi kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq sözlər işlədərək sonuncunun sifət nahiyyəsinə yumruq zərbəsi vurub mübahisə etmədiyini görərək yaşadığı evdən götürərərək özü ilə hadisə yerinə gətirdiyi iki bıçaqdan birini əynində olan gödəkçənin sağ cibindən çıxararaq Təqsirləndirilən şəxs üzərinə hücum edərkən zərərçəkmiş şəxsin müqavimətini qırmaqla yerə düşmüş və Zərərçəkmiş şəxs tərəfindən təkrar götürülməməsi üçün yerdən götürərək əlində saxladığı bıçaqla Zərərçəkmiş şəxs təkrarən əynində olan gödəkçənin sol cibindən ikinci bıçağı götürərək onun üzərinə hücum edərkən həmin an həyat və sağlamlığı üçün təhlükə təşkil edən real və davam edən hücumlarından özünü qorumaq məqsədilə, lakin zəruri müdafiə həddini aşaraq onun qarın nahiyəsindən bir, sağ və sol ayaq nahiyələrindən ardıcıl iki dəfə vuraraq sonuncuya sağ budun bir ədəd deşilmiş-kəsilmiş yarası, sol budun bir ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül və döş qəfəsinin ön səthinin sağ yarısının bir ədəd döş boşluğuna nüfuz edərək sağ ağciyərin yaralanması ilə müşayiət olunmuş bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verərək bildirmişdir ki, kuryer işləyir, anası və atası ayrı yaşayır, anası qan xərçəngindən əziyyət çəkir, özü isə uşaqlıqdan xəstə olmuş, psixiatriya mərkəzində iki dəfə müalicə almışdır. Tunarla ortaq dostları vasitəsilə tanış olmuşdur. Hadisə baş verən gün o, sübh namazına durmuş, namaz qıldıqdan sonra Tunarın onunla görüşməyəcəyi təqdirdə söyüş sahibi olacağı barədə təhqiredici mesajlar yazdığını görmüşdür. Bundan sonra Kənan ona zəng edərək Tunarın onunla görüşmək istədiyini bildirdikdə Kənana onu içkili adamla görüşdürməməsini xahiş etmiş, lakin Kənanın telefon nömrəsindən ona yenidən zəng gəlmiş, zəng edən Tunar olmuş, onunla görüşməyə gələcəyini söylədikdə Tunara ona söydüyü söyüşləri sonuncunun içkili olmasına görə əhəmiyyət vermədiyini, növbəti gün ayıq vəziyyətdə danışmalarının daha məqsədə uyğun olmasını qeyd etmişdir. Tunar ona niyə söyüş söydüyünü, özünün söymədiyi təqdirdə onu söyən şəxsin adını bilmək istədiyini söyləmişdir. Sonuncu həmin şəxsin adını Tunara deməmişdir. Daha sonra Kənan ona zəng edərək Tunarla onun yaşadığı məhəlləyə gəldiklərini, aşağı düşməyəcəyi təqdirdə Tunarın onun yaşadığı evə gələciyini bildirmişdir. Tunarın məhəllədə səs küy salmasını müşahidə etdiyindən, habelə yaşadığı ünvana qalxmasını istəmədiyindən Tunarla danışmaq üçün sonuncunun yanına məhəllədəki söhbətgaha getmişdir. Tunar ondan ailəsinə söyüş söyən şəxsin kim olduğunu soruşmuş, həmçinin bacısının həssas nöqtəsi, yəni qüruru olduğunu da qeyd etmişdir. Aralarındakı söz-söhbət əsnasında Tunar ona yumruqla xəsarət yetirmiş, o isə Tunarı əliylə itələmiş və yumruqla vurmuşdur. Tunar yerə yıxılan zaman üzərində olan bıçağı çıxararaq ona hücum etmişdir. Bu zaman Tunarı əliylə vurmuş və bıçaq yerə düşmüşdür. Tunarın həmin bıçağı götürməməsi üçün yerdən götürərək əlində saxlamış, lakin sonuncu özündə olan ikinci bıçağı çıxararaq ona hücum edərkən zərərçəkmiş şəxsin əlindən aldığı bıçaqla özünü müdafiə etmək məqsədilə Tunara xəsarət yetirmişdir. Hadisədən sonra bıçağı hara atdığını xatırlamır. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün günorta saatlarında spirtli içki qəbul etmişdir. Yeni il günü Kənan ondan Abdulun yanına getmək üçün yol pulu istəsə də o verməmişdir. 01 yanvar 2024-cü ildə Abdul Kənanla biraz danışdıqdan sonra onunla danışmış, Kənanı niyə yolda qoyduğunu, həmçinin, evində çörək yeyən oğlanların bacısının pozğun olduğunu dediyini bildirmişdir. Bacısı barədə həmin sözləri kimin dediyini Abduldan deməsi üçün təkid etmiş, Abdul isə bunu özünün fikirləşib tapmalı olduğunu bildirmişdir. 2 yanvar 2024-cü ildə səhər saat 6-da X6 həmin adamın adını öyrənmək üçün getmişdir. Lakin baş verən hadisələri xatırlamır. Hadisə zamanı üzərində bir ədəd bıçaq olmuşdur. Abdul ona söyüş söyməmiş və Abdulla dava etməyinin səbəbini bilməmişdir. Hadisə zamanı nə üçün bıçaq çıxarmasını da xatırlamır. Bıçağı söhbət etməmişdən öncə özü Abdula vermişdir. Abdulun ünvanına yalnız söyüş söymüşdür. Evdən iki ədəd bıçaq götürərək hadisə yerinə getsə də bıçağın birini yolda olarkən itirmişdir. Bıçaqlardan birinin tiyəsi qara, digəri isə boz rəngdə olmuşdur. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, hadisə Həzi Aslanov ərazisində baş vermişdir. Tunar gecə 3-4 radələrində ona zəng etsə də zəngə cavab verməmişdir. Bir müddət sonra evinin qapısı döyülməyə başlanmışdır. Qapını açan zaman həmin şəxsin Tunar olduğunu görmüşdür. Tunar çox aqressiv olmuş və ağlamış, barəsində söyüş söyüldüyünü və bunu Abdulun bildiyini söyləmişdir. Əynini geyindikdən sonra Tunarın yanına gəlmişdir. Tunar sonuncudan onu Abdulla görüşdürməyini xahiş etmişdir. Tunarın telefonu sönülü olduğu üçün öz nömrəsilə Abdula zəng edərək telefonu Tunara vermişdir. Tunar Abdula onunla görüşməyənə söyüş söyəcəyini bildirmişdir. Abdul ona mesaj yazaraq Tunarı içkili olduğu təqdirdə onunla görüşə gətirməməsini xahiş etmişdir. Tunar məhəllədə səs-küy saldığı üçün onu oradan uzaqlaşdırmışdır. Tunar yenidən onun telefonu ilə Abdulla danışmağa başlamışdır. “Spar ”marketin qarşısında olarkən Tunarın əlində bıçaq olduğunu görmüşdür. Telefonu Tunardan aldıqdan sonra, Tunar ondan Abdulla görüşməsi üçün taksi sifariş etməsini xahiş etmişdir. Taksi xidməti ilə Həzi Aslanov ərazisinə getmişlər. Tunar taksidən düşən zaman belindəki bıçaq yerə düşmüşdür. Tunar bıçağı yerdən götürüb cibinə qoymuşdur. Tunar Abdul yaşadığı məhəlləyə çatdıqdan sonra orada səs-küy salmağa başlamışdır. Bu zaman Abdul ona zəng edərək səs küy salanın kim olduğunu soruşmuşdur. Abdulla telefonla danışan zaman Tunar telefonu ondan alaraq Abdulu təhqir etmiş, söhbət etmək üçün aşağı düşməsə özünün onların evlərinə qalxacağını bildirmişdir. Abdul aşağı düşüb Tunara onu təhqir etdiyi üçün üzürxahlıq etməsini tələb etmişdir. Abdul onu marketə göndərərək Tunar üçün su alıb gəlməsini xahiş etmişdir. Marketdən gələn zaman Tunarla Abdulun mübahisə etdiyini görmüş, bu zaman Tunar ayağa qalxaraq Abdula zərbə endirmişdir. Abdul Tunarı itələyərkən Tunarın başı stolun ayağına dəymişdir. Tunar yenidən ayağa qalxıb Abdulu vurarkən Abdul da Tunarı vurmağa başlamışdır. Onları ayırdıqdan sonra Tunar Abdulun üzərinə bıçaqla hücum etmişdir. Abdul Tunarı vurduqdan sonra bıçaq Tunarın əlindən yerə düşmüşdür.Abdul yerə düşən bıçağı götürsə də Tunara hücum etməmiş, Tunar ikinci bıçağı çıxardıb Abdulun üzərinə hücum edərkən Abdul Tunarın əlindən aldığı bıçaqla sonuncunu vurmuşdur.Bundan sonra Tunarda iki bıçaq olduğunu bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 3 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsindən daxil olan raportdan görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin və hər iki budun kəsilmiş deşilmiş yarası barədə məlumat vermişdir ( cild 1, iş vərəqi 3). 3 yanvar 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 1 yaşayış binalarının həyətindəki söhbətgahda baş vermişdir. Söhbətgahın içərisinə baxış zamanı yer örtüyündə və taxta oturacaqların üzərində qan ləkələri müəyyən olunmuşdur ( cild 1, iş vərəqi 9-14). 5 yanvar 2024-cü il tarixli “Götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd mavi rəngli cins şalvar, bir ədəd ağ rəngli yun materialdan olan idman poliveri və bir ədəd hərbi üslublu gödəkçə iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən X7 X4 götürülmüşdür ( cild 1, iş vərəqi 55). 11 yanvar 2024-cü il tarixli “Geyim paltarlarına baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd mavi rəngli cins şalvar, bir ədəd ağ rəngli yun materialdan olan idman poliveri və bir ədəd hərbi üslublu gödəkçəyə baxış keçirilmiş və həmin geyim paltarları üzərində kənar predmetin təsiri nəticəsində yaranmağa xarakterik bir neçə ədəd kəsilmiş- deşilmiş zədələrin, qan və ya qanabənzər ləkələrin olması müəyyən edilmişdir ( cild 1, iş vərəqi 63-72). 09 yanvar 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sağ yarısının bir ədəd döş boşluğuna nüfuz edərək sağ ağciyərin yaralanması ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası, sağ budun 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol budun 1 ədəd deşilmiş-kəsilmiş yarası, üst çənədə sol İ, alt çənədə sağ və sol İ dişlərin hissəvi sınması, alt çənədə sağ və sol İ dişlərin hissəvi sınması, alt çənədə sağ və sol İİ dişlərin patoloji hərəkətliliyi və həmin nahiyələrdə diş ətlərinə qansızma və şişkinliliyi aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (alət), ola bilsin bıçaq təsirindən, üst çənədə sol İ, alt çənədə sağ və sol İ dişlərin hissəvi sınması, alt çənədə sağ və sol İİ dişlərin patoloji hərəkətliliyi və həmin nahiyələrdə diş ətlərinə qansızma və şişkinliliyi isə bərk küt əşya təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilmiş xx.xx.2024cü il tarixdə və şəraitdə əmələ gəlməyə uyğun gəlir və dərəcələrinə görə döş qəfəsinin ön səthinin sağ yarısının bir ədəd döş boşluğuna nüfuz edərək sağ ağciyərin yaralanması ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər ( cild 1, iş vərəqi 84-86). Qanuni nümayəndə2 10 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi ziyanı ödəmiş və hal hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı bir tələb və şikayəti yoxdur. 26 yanvar 2024-cü il tarixli məhkəmə tibbi-bioloji ekspertizanın rəyindən görünür ki; Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: 0(1) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən).Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins şalvar, poluver və gödəkçə üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri 0(1) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər ( cild 1, iş vərəqi 116-121). 08 fevral 2024- cü il tarixli məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki; Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sağ yaxalığında iki ədəd və sviterin ön səthinin sağ nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sol ayağının orta nahiyəsində aşkar edilmiş bir ədəd cırılma zədəsi, şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə və sviterin ön səthinin sağ nahiyəsində aşkar edilmiş deşilmiş- kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin ön səthinin sağ yarısında olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Şalvarın sol ayağının orta nahiyəsində aşkar edilmiş cırılma zədəsinin sahəsi açıq olduğu üçün güman etmək olar ki, sol bud nahiyəsində olan bir ədəd deşilmiş-kəsilmiş yara yalnız bədən səthində öz əksini tapıb, sağ bud nahiyəsində isə aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş yara şalvar üzərində öz əksini tapmamışdır, yalnız bədən üzərində öz əksini tapmışdır( cild 1, iş vərəqi 166-170). 31 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası “X4 daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs 5 dekabr 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin 525 nömrəli 07 noyabr 2023-cü il tarixli göndərişə əsasən yuxarıda adı çəkilən xəstəxananın gündüz stasionarı şöbəsinə müayinə üçün qəbul olunub. 7 dekabr 2023-cü il tarixində Həkim Psixiatr Komissiyasında müayinə olunduqdan sonra evə yazılmışdır (cild 1, iş vərəqi 183). Cinayət işi materiallarında olan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında 4456/2023 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs psixi statusu zahirən bir qədər gərgin görünür, qıcıqlanır. Bir qədər nümayişkardır. Özü haqqda olan anamnestik məlumatları ardıcıl çatdırır.Əsəbilikdən, səbirsizlikdən, həyəcandan şikayət edir. Tez qıcıqlanır. Əsəbi olanda özünə xəsarət yetirir. Əsəbləşəndə ürəkgetmələr qeyd olunur. Əhval-ruhiyyə fonu dəyişkəndir. Emosional qeyri-sabitdir. Hal hazırda produktiv simptomatika (qavrama pozuntuları və sayıqlama fikirləri) müəyyən edilmir. İntellektualnmestik funksiyalar yaş normalarına, aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğundur ( cild 1, iş vərəqi 184). 29 fevral 2024-cü il tarixli kompleks məhkəmə-psixoloji və ambulator məhkəməpsixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgilərinə xas olan nümayişkaranəlik, inadkarlıq, diqqət mərkəzində olmağa maraq göstərmək, qıcığa qarşı həssaslıq və s. kimi fərdi-psixi xüsusiyyətlər müəyyən edilir.Təqsirləndirilən şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur.Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd olunan hərəkətlərin xarakterini və mahiyyətini adekvat olaraq dərk edib qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur.Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur ( cild 1, iş vərəi 205-208). 4 mart 2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” prorokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mavi rəngli cins şalvar, bir ədəd ağ rəngli yun materialdan olan idman poliveri və bir ədəd hərbi üslublu gödəkçə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir ( cild 1, iş vərəqi 194-195). 28 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsin “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı ifadəsində göstərdiyi xüsusatları hadisə yerində, yəni ünvan 2 ünvanda yerləşən yaşayış binalarının həyətindəki söhbətgahda əyani şəkildə göstərməklə təsdiq etmişdir ( cild 1, iş vərəqi 197-199). 28 mart 2024-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı tərəflər istintaqa vermiş olduqları ifadələrini bir-birlərinin üzünə qarşı deməklə təsdiq etmişdirlər ( cild 1, iş vərəqi 200-204). 10 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi və mənəvi ziyanı ödəmiş və hal hazırda zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin təqsirləndirilən şəxsə qarşı hər hansı bir tələb, şikayəti yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, oğlunun məhkumluğu yoxdur (cild 1, iş vərəqə 125-126). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertiza rəyinə əsasən təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə 3 xəsarət yetirilməsi müəyyən edilmiş, həmin xəsarətlərdən biri sağlamlığa ağır zərər vuran xəsarət kimi qiymətləndirilmişdir. Həm ibtidai istintaq dövründə, həm də məhkəmə iclasında hadisənin birbaşa şahidi olmuş Şahid bildirmişdir ki, zərərçəkmiş şəxsin təkidi ilə təqsirləndirilən şəxsin yaşadığı məhəlləyə getmişlər, təqsirləndirilən şəxs söhbət və ya mübahisə etmək istəmədiyini bildirsə də zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin yaşadığı məhəllədə səs küy salaraq onun yanına gəlməsinə nail olmuş, ilk mübahisəni başlatmış və təqsirləndirilən şəxsə yumruq zərbəsi endirmişdir. Zərərçəkmiş şəxsi sakitləşdirmək üçün təqsirləndirilən şəxs hətta şahidi su almaq üçün də göndərmişdir. Sonradan hadisələr daha da dərinləşmiş, zərərçəkmiş şəxs sakitləşməyərək təqsirləndirilən şəxsin üzərinə bıçaqla hücum etmişdir. Bıçağı əlindən alan təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsə qarşı hər hansı qanunsuz hərəkət etməyə cəhd etməmiş, ona bıçaqla hədə-qorxu gəlməmiş, sonuncunun birinci hücumdan dərhal sonra ikinci dəfə bıçaq çıxararaq üzərinə gəldikdən sonra baş vermiş mübahisə zamanı zərərçəkmiş şəxsin əlindən gələn bıçaqla onu vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-cı maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, həmin əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə Cinayət-Prosessual Məcəllədə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilməlidir. Yuxarıda qeyd edilən müddəalara əsasən məhkəmə əvvəla qeyd edir ki, şəxsin əməlinin Cinayət Məcəlləsinin bu və ya digər maddəsi ilə tövsif edilməsi üçün istinad edilən və ya oxşar cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərini təşkil və istisna edən hallar sübutların kifayət etməsi prinsipi əsasında müəyyən edilməli, təqsirsizlik prezumpsiyası prinsipi rəhbər tutulmaqla aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən cinayətin aləti olan bıçağın məhz zərərçəkmiş şəxs tərəfindən yaşadığı evdən gətirilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu vəziyyətində olduğunu gördüyünə görə hər dəfəsində mübahisənin böyüməməsi üçün sonuncunu müxtəlif üsul və vasitələrlə özündən kənarlaşdırmağa çalışması, onunla sözlü mübahisəyə daxil olmaqdan çəkinməsi, Zərərçəkmiş şəxs qarşı hər hansı formada fiziki zor tətbiq etməməsi halları təsdiq edilsə də Şahid hadisə yerinə zərərçəkmiş şəxs tərəfindən iki bıçaq gətirilməsi, təqsirləndirilən şəxsin üzərinə ilk dəfə bıçaqla hücum zamanı sonuncunun zərərçəkmiş şəxsin əlindən bıçağı almasına baxmayaraq, aradan hər hansı zaman fasiləsi olmadan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ikinci dəfə bıçaqla hücum edərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin əlindən aldığı bıçaqla ona zərər vurması barədə ifadəsini təkzib etmiş və belə nəticəyə gələrkən yalnız Zərərçəkmiş şəxs üzərində bır bıçaq olmasına dair ifadəsini əsas götürmüş, beləliklə səhvən hadisənin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin ünvanına səbəbsiz yerə davamlı nalayiq ifadələr işlətməsinə görə baş verməsi barədə nəticəyə gəlmişdir. Halbuki, iş materiallarından görünür ki, iş üzrə ən birinci dindirilən şəxs Şahid olmuş, ibtidai istintaqın sonunda cinayət işi materialları ilə tanış olmaq hüququ olan təqsirləndirilən şəxs həmin ifadə ilə tanış olmadan zərərçəkmiş şəxs tərəfindən ardıcıl olaraq iki dəfə bıçaq zərbəsi ilə təqsirləndirilən şəxsə hücum etməsi, bıçaqların xüsusiyyətləri barədə Şahidla eyniməzmunlu ifadə vermişdir. Bundan başqa məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs yolda birinin itirməsini qeyd etsə də yaşadığı evdən iki bıçaq gətirməsi halını etiraf etmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin evdən gətirdiyi iki bıçağın çeşid xüsusiyyətləri (tiyəsinin rəngi və s.) barədə verdiyi ifadələrin məzmunu həm Şahid, həm Təqsirləndirilən şəxs ifadələrin məzmunu ilə üst-üstə düşmüşdür. Göründüyü kimi cinayətin törədilməsi şəraiti toplanmış ibtidai istintaq orqanı tərəfindən düzgün müəyyən edilməmiş, hadisənin təqsirləndirilən şəxsin özünü müdafiə etmək məqsədilə həyat və sağlamlığını qəsd edən şəxsə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruması zəminində baş verməsi nəzərə alınmamışdır. Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsin həyat və sağlamlığına yönəlmiş qəsd ictimai təhlükəli, real, davam edən olmuş, təqsirləndirilən şəxs ilk dəfə ictimai təhlükəli qəsddən yayınmaq məqsədilə zərərçəkmiş şəxsin əlindən bıçağı alsa da ona münasibətdə qanunla qadağan edilən əməlllərə yol verməmiş, yalnız ikinci hücum nəticəsində həmin bıçaqla zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, iş üzrə toplanmış sübutların təhlili ona dəlalət edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qəsdən xəsarət yetirməsinə dair hər hansı bir motivi və əsasları olmamış, əksinə hadisə məhz zərərçəkmiş şəxsin özü ilə iki bıçaq götürərək, təqsirləndirilən şəxsin yaşadığı evin həyətinə getməsi, onunla aqressiv formada münasibətlərinin aydınlaşdırması kimi qanunsuz hərəkətləri nəticəsində törədilmişdir. Bundan başqa zərərçəkmiş şəxsdən fərqli olaraq təqsirləndirilən şəxs yalnız müdafiə mövqeyi seçmiş, nə mübahisənin baş verməsinə, nə davam etdirilməsinə, nə də əks hücum hərəkətlərinə təşəbbüsü etməmiş, zərərçəkmiş şəxsi mübahisədən kənarlaşdırmağa çalışmış, lakin sonuncunun nalayiq ifadələrlə başlayan, fiziki güc vasitələri ilə davam edən qanunsuz hərəkətləri ardıcıl olaraq iki dəfə ayrı ayrı bıçaqlardan istifadə etməsi ilə qısa zaman kəsiyində təqsirləndirilən şəxsin həyat və sağlamlığı üçün real təhlükə kəsb edən hücuma çevrilmiş, təqsirləndirilən şəxsdə həmin anda qorunmaq hissi yaranmış, onun özünü müdafiə etməkdən savayı başqa imkanlara malik olmamışdır. Məhkəmə hadisələrin məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri ilə cərəyan etməsini, hadisə yerinə sərxoş vəziyyətdə gəlməsini əsas götürərək hesab edir ki, öz əleyhinə ifadə verməmək hüququ olan zərərçəkmiş şəxsin hadisə yerinə yalnız bir bıçaqla gəlməsi barədə ifadəsi Şahid ifadəsinin mötəbərliliyini şübhə altına alan sübut kimi qiymətləndirilə, hadisə yerindən bıçaq tapılmaması isə zərərçəkmiş şəxsdə iki bıçaq olması barədə halın mövcudluğu üzrə şübhələrin aradan qaldırılması üçün kifayət edən sübut qüvvəsinə malik ola bilməz. Lakin məhkəmə qeyd edir ki, qəsdin xarakteri və təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilmiş hərəkətlər zəruri müdafiə həddini aşma hesab edilir. Belə ki, müdafiə hərəkətərinin qəsdə uyğun olması üçün vurulmuş zərər hücumun qarşısının alınması üçün zəruri hesab edilməlidir. Zəruri müdafiə həddini aşma əksər hallarda müdafiə və hücumda istifadə edilən vasitələrin uyğun olmaması, müdafiənin qəsdlə müqayisədə daha intensiv formada həyata keçirilməsi, müdafiə zamanı qəsdlə müqayisədə açıq uyğun olmayan tədbirlərin seçilməsi formalarda təzahür edir. Bundan başqa zəruri müdafiənin hədlərinin aşılmasının müəyyən edilməsi məqsədilə müdafiə edənə qarşı yönələn qəsdin xarakteri və təhlükəlilik dərəcəsi,belə qəsdin qarşısının alınmasında onun gücü və imkanları, yəni hücum edənlərin və müdafiə olunanların sayı, yaşı, fiziki vəziyyətləri, silahın olub-olmaması, qəsdin baş verdiyi yer və vaxt, habelə hücum edənlərin və müdafiə olunanların qüvvələr nisbətini real aydınlaşdırmağa imkan verən sair hallar nəzərə alınmalıdır. Məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən yaşca kiçik olmasını, fiziki qüvvələrin eyni olmasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs tərəfindən edilən ilk hücumu silahsız, əl-qol xəsarətləri yetirməklə qarşısını alaraq onu tərki silah etməyə nail olması və bu imkanlara malik olmasını dərk etməsinə baxmayaraq mövcud hücumun qarşını almaq üçün zərurət olmadan zərərçəkmiş şəxsə üç bıçaq xəsarəti yetirməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən yol verilmiş əks tədbirlər mövcud şəraitə uyğun olmamış, tərəfindən zəruri müdafiə həddinin şərtləri aşılmışdır. Məhkəmə belə nəticəyə gələrkən həmçinin o halı əsas götürür ki, bir bıçaq zərbəsi vurulduqdan sonra artıq təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi zərərsizləşdirmək imkanına malik olmuş, yəni həyat və sağlamlığına yönəlmiş qəsdin real və davamlılıq kimi xüsusiyyətləri, beləliklə də təqsirləndirilən şəxsin özünü müdafiə etməsini zəruri edən şərtlər dairəsi aradan qalxmışdır. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs etiraf edici ifadələrini iş üzrə toplanmış digər sübutlarla müqayisə edərək, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Bundan başqa iş materiallarından görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 ibtidai istintaq dövründə təqsirləndirilən şəxslə barışmalarını, vurulmuş ziyanın ödənilməsinə dair notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinin məzmunundan aydın olur ki, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı qəbul edilir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 100.11-ci maddəsinin tələblərinə məhdud fəaliyyət qabiliyyətli zərərçəkmiş şəxs qanuni nümayəndəsinin razılığı olmadan təqsirləndirilən şəxslə barışıq əldə edə bilməz. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 130-cu maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 100.11-ci maddəsinin tələblərinə riayət edilməklə Cinayət Məcəlləsinin 73.2ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması və ona vurulmuş zərəri tamamilə ödəməsi səbəbilə əlaqədar cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsi 130.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. 8 fevral 2024-cü il tarixli “ittiham elan edilməli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə ittiham elan edilməli olan şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2024-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin əvvəli 8 fevral 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 128-129, 158). Cinayət məsuliyyətindən azad edilməsi və barəsində və Azərbaycan Respublikası Cinayət Məcəlləsi 130.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməsi səbəblərindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mavi rəngli cins şalvar, bir ədəd rəngli yun materialından olan idman poliveri və bir ədəd hərbi üslublu gödəkçə məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması və ona vurulmuş zərəri tamamilə ödəməsi səbəbilə əlaqədar Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsi 130.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mavi rəngli cins şalvar, bir ədəd rəngli yun materialından olan idman poliveri və bir ədəd hərbi üslublu gödəkçə məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar