Məhkəmə qərarları › İş №1(101)-1701/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1701/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1701/2021 10.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhət 06 Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şağan-2 yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2., 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2., 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirməklə əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, “İnstagram” sosial şəbəkəsində tanış olduğu, ona “Bəhzad” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmələrinə dair 19 iyun 2021 -ci il tarixdə, səhər saatlarında “İnstagram” sosial şəbəkəsində sövdələşib, bu barədə razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bundan sonra “Bəhzad” adlı şəxs məlum olmayan üsullarla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 495 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və Təqsirləndirilən şəxs üçün xidmət haqqı olaraq nəzərdə tutduğu 1000 (bir min) manat pulu Azərbaycan Respublikasının ərazisinə göndərmiş və məlum olmayan üsulla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qəbiristanlıqda olan qəbirlərin birinin yanına qoydurmuş, 19 iyun 2021-ci il tarixdə, gecə saatlarında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs bu barədə məlumatlandırmış, 19 iyun 2021-ci il tarixdə, gecə saatlarında qrupun üzvü Təqsirləndirilən şəxs onun üçün xidmət haqqı olaraq göndərilmiş 1000 (bir min) manat pulu və təmiz çəkisi 495 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qəbiristanlıqda olan qəbirlərin birinin yanından götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edərək, üzərində saxlamaqla daşımış, 20 iyun 2021-ci il tarixdə, saat 00:30 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Zaman" restoranının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsinə gətirilmiş və həmin gün, saat 02:00 radələrində 3-cü PBnin inzibati binasında Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarış zamanı onun sağ əlində saxladığı ağ-göy rəngli sellofan torbanın içindən 01 bükümdə təmiz çəkisi 495 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan şalvarın sol yan cibindən 1000 (bir min) manat pul aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmamışdır. Məhəmməd adlı qohumu narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə tutulmuşdur. X7 Respublikasının vətəndaşı olan Bəhzad adlı şəxsdən xahiş edib ki, sonuncu onunla əlaqə saxlasın və qohumunun həbsdən çıxarılmağına köməklik etsin. Bəhzad adlı şəxslə “VVhatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamış, Bəhzad ona narkotik vasitələrin satışı ilə məşğul olmağı təklif etsə də, o, razılaşmamışdır. Bəhzadla 2 dəfə ***-***-**-** mobil nömrəsində olan “VVhatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlasa da özü narkotik vasitələrdən istifadə etməmişdir. 19 iyun 2021-ci il tarixdə saat 21:00 radələrində bacanağı Həzrətin Binədə olan evinin həyətində olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları olduqlarını bildirib, narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olduğunu demişlər. O, həmin vaxt ailəsi ilə birlikdə toya getməyə hazırlaşsa da polis əməkdaşları qaynanasının evində axtarış etmişlər, lakin nə evdən, nə də ki, üstündən narkotik vasitə aşkar edilməmişdir. Onu həyətdə saxlayarkən üstündə axtarış keçirmişlər, üstündə 310 manat pul və üzük aşkar edilmişdir. Daha sonra onu Buzovnada Şabran-2-də yerləşən yaşadığı yerə gətirib evdə axtarış keçirmişlər. Evdə 5.000 manat pul olmuşdur.. Daha sonra onu polis bölməsinə gətirmişlər. İdarədə video çəkilişlə üzərinə axtarış keçirilməmişdən qabaq polis əməkdaşları onların verdiyi narkotik vasitəni cibinə qoymağı üçün onu ailəsi ilə hədələmişlər, o da narkotik vasitələri cibinə qoymağa və onların dediyi kimi ifadə verməyə məcbur olmuşdur. Özünün bank kartına Cəlilabadda olan qohumları qaynanasına verməyi üçün pul göndərmişlər. Dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, Məhəmməd adlı qohumu təcridxanadadır, ondan xahiş etmişdir ki, Bəhzadla danışsın. O da Bəhzadla 2 dəfə özünə məxsus olan ***-***-**-** mobil nömrəsindəki “VVhatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Qohumu narkotikə görə tutulduğuna görə Behzad ona demişdir ki, qohumu ona kömək etməyini istəyir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması və həmin şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə onun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 tərkibinə daxil olduğu müvafiq əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat axtarış tədbirləri çərçivəsində Təqsirləndirilən şəxs ətrafında bir qədər müşahidələr apardıqdan sonra 20 iyun 2021-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Zaman” adlı restoranın yaxınlığında əlində sellofan torba ilə piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs saxlayıb narkotik vasitələrin dövriyyəsində və satışında şübhəli olduğunu bildirirək onu Xəzər RPİ-nin 3-cü Polis bölməsinə gətirib aidiyyəti üzrə təqdim etmişlər. Bir qədər sonra BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşu onun, Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşya, predmet və ya maddələri təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs sağ əlində saxladığı ağgöy rəngli sellofan torbanı təqdim edib həmin torbanın içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin torbaya baxış keçirilərək içərisində açıq qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə olduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı şəxsin üzərinə şəxsi axtarış keçirərkən onun əynində olan şalvarın cibindən içində siqaret dənələri olan siqaret qutusu, alışqan, 1000 AZN və 20 qəpik pul və 01 ədəd mobil telefon aşkar etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan “Bəhzad” adlı şəxsdən satış məqsədi ilə əldə etmişdir .Ondan aşkar edilmiş 1000 AZN pul, 01 ədəd mobil telefon və 01 büküm narkotik vasitə təhqiqatçı tərəfindən götürülərək qablaşdırlmış, digər əşyalar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sonda şəxsi axtarış barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, düz olduğu üçün iştirakçılar və onun tərəfindən imza edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1lə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 39-44-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 20 iyun 2021-ci il tarixli, 6/2504 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış paketdəki bir ədəd bükümdə təmiz çəkisi 495 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 145-146-cı vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 19.08.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, müayinə zamanı Rəsulov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 102-ci vərəqində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsunq” markalı mobil telefon aparatında olan arxiv və sistem proqramları, o cümlədən, “instaqram”, vhatsap” və digər tətbiqlərin yoxlanılaraq əldə edilən məlumatlar, ismarıc mətnləri, səs yazıları, foto, video, həmçinin zəruri olan digər məlumatlar mobil telefon aparatının yaddaşından ayrı-ayrı qovluqlara, yaxud da disklərə köçürülməsi barədə məhkəmə-kompüter ekspertizasının təyin olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin bununla əlaqədar cinayət işinin 148-151-cici vərəqində olan rəyində göstərimişdir ki, “Samsunq GalaxuJ3” markalı mobil telefonun yaddaşından toplanmış, hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən hesabat 2 ədəd DVD diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Cinayət işinin 152-ci vərəqində olan məhkəmə-kompüter ekspertizasının 25 avqust 2021-ci il tarixli 5/835 rəyi ilə birgə götürülmüş 02 diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, üzərində ekspertiza 5/835 və imza yazısı olan 1-ci diskin daxili yaddaşına baxış keçirilən zaman müəyyən edildi ki, DVD diskin içində iki fərqli adlı qovluğa ardıcıl olaraq daxil olduqdan sonra oradan müxtəlif adlı qovluqların olduğu müşahidə edilir. Həmin qovluqlardan “chats” adlı qovluğa daxil olduqda burada müxtəlif adlı qovluqlar vardır. Bu qovluqlardan “Native messages” adlı qovluğa daxil olduoda və həmin telefon vasitəsi ilə edilmiş bəzi telefon yazışmalarının olduğu müəyyən edildi, “chat 14” adlı yazışmaya baxdıqda “***-***-**-**” nömrəsi və “Emin bir ter ele buna pul atın başmı xərəb eledi”, “yarmsaat sebp ele 50 m verecem”, “ok” yazışmalarının olduğu müşahidə edildi, “chat 20” adlı yazışamaya baxdıqda burada ***-***-**-** nömrəsi və “birazdan zəy vuracam goruserik adam gelir onu gozluyurem” və “40 manata duzeler pati” kimi danışıq olduğu müəyyən edildi, “chat 34” adlı yazımaya baxdıqda ***-***-**-** nömrəsi və “salam necəsən p var” yazısının olduğu müşahidə edilir, “chat 38” adlı yazışmaya baxan zaman ***-***-**-** nömrəsi və “Emin 05 p sazdı pulnan”, “gör neynirsən”, “düz doş” yazılarının olduğu müşahidə edildi. Bundan başqa həmin diskdə olan digər qovluqlara təktək baxıldı lakin sübut əhəmiyyətli ola biləcəyi ehtimal edilən hər-hansı bir məlumatın müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 30-32-ci vərəqlərində olan 20 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlində saxladığı ağ-göy rəngli sellofan torbanı təqdim etmiş və həmin sellofan torbanın içindən 01 bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd mobil telefon, içərisində siqaret dənələri olan siqaret qutusu, 1000 AZN və 20 qəpik pul aşkar edilmiş, mobil telefon və 1000 AZN pul sübut əhəmiyyətli olduğu üçün götürülmüş digər əşyalar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Cinayət işinin 72-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd mobil telefonun daxili yaddaşına baxış keçirilən zaman "xxxx" tərəfindən təqdim edilmiş 5243 7544 1041 6893 nömrəli “Albalı” kartı müşahidə edilmişdir. Həmçinin baxış zamanı telefonun imei kodunun **********83136/01 və **********83134-01 olduğu müəyyən edilmişdir. Cinayət işinin 124-cü vərəqində olan "xxxx" ASC-nin 26.07.2021 tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 mart 2021 -ci il tarixdən 30 iyun 2021 -ci il tarixədək olan dövr üzrə aparılmış mədaxil və məxaric əməliyyatlarını əks etdirən hesabata baxış keçirilməsi haqqında protokoldan görünür ki, 02.04.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək olan dövr ərzində həmin kartın hesabına ayrı-ayrı vaxtlarda 20, 886.55, 996.55, 995, 995, 995, 0.40, 996, 995, 996, 995, 497, 996, 995, 995, 99, 498.50, 2410, 50, 2.13, 100, 0.01 AZN mədaxil edilmiş. Həmin kartın hesabından ayrı-ayrı vaxtlarda 20, 886, 1000, 1000, 1000, 180,24.10, 2000, 3000, 3000, 2000, 100, 3.50, 347, 48, 2, 98, 2 AZN məxaric edilmişdir. Son mədaxil 30.06.2021-ci ildə 0.01 AZN olmuşdur. Son məxaric tarixi isə 14.06.2021-ci il tarixdə 2 AZN olmuşdur. Kartın hal-hazırkı balansı 2,49 AZN-dir. Qeyd edilən dövr ərzində kartda olan ən yüksək məbləğ 07.05.2021-ci il tarixdə 2410 AZN mədaxil etdikdən sonra yaranan 10474.95 AZN-dir. Həmin mədaxil və məxaric əməliyyatlarının hansı ünvanlardan kimlər tərəfindən edilməsini təqdim edilən çıxarış vasitəsi ilə müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 167-175-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk, həmçinin məhkəm kömpüter-texniki ekspertizasının 25 avqust 2021-ci il tarixli 5/835 saylı rəyinə əlavə edilib göndərilən 02 ədəd disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 büküm təmzi çəkisi 495 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,100 qramı tədqiqata sərf edildikdən sonra hazırkı çəkisi 494,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1000 AZN pul maddi sübut kimi tanınmış və məhkəmənin hökmü və ya digər yekun qərarı qüvvəyə minənədək Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabına qoyulmuşdur. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Galaxy J3” markalı mobil telefon maddi sübut kimi tanınmış və üzərində olan 02 ədəd simkartla birlikdə saxlanması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (CPM-nin 8- 36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri - təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq - hüquqi aktlarda (ələlxüsüs "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, "Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, "İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddlərində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən CPM-də daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməllərinin heç biri üzrə təqsirli bilməsə də məhkəmə hesab edir ki, onun CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə olan əməli tam sübuta yetirilsə də, CM-nin 206.3.2-ci maddəsi ilə olan əməli sübuta yetirilmir. Belə ki, təqsirləndirilən şəxsin Behzad adlı şəxslə və başqa şəxslərlə narkotik vasitələrin satışı ilə əlqədar telefon əlaqəsi saxlaması onun istifadə etdiyi telefonların yaddaşında olan və hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilən məlumatlarla öz təsdiqini tapır. Lakin onun qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakı sübuta yetmir. Belə ki, a) ümumiyyətlə ittihamda göstərilən Behzad adlı şəxsin İİR-sı vətəndaşı olması, b) onunla telefon əlaqəsi yaradılarkən narkotik vasitənin xaricdə və ya ölkə ərazisində olması, v)narkotik vasitənin ölkə ərazisinə nə vaxt gətirilməsi,q)Təqsirləndirilən şəxs narkotik vasitənin ölkə ərazisinə keçirilməsində hansı qaydada iştirak etməsi kimi suallara cinayət işinin materiallarında cavab tapılmır. İttiham aktında bu sullara mücərrəd formada- “Bəhzad” adlı şəxsin təmiz çəkisi 495 qram olan heronin istintaqa məlum olmayan üsullarla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməsi, Təqsirləndirilən şəxs üçün xidmət haqqı olaraq nəzərdə tutduğu 1000 (bir min) manat pulu Azərbaycan Respublikasının ərazisinə göndərməsi və məlum olmayan üsulla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qəbiristanlıqda olan qəbirlərin birinin yanına qoydurması kimi şərh verməklə kifayətlənilmişdir. Halbu ki, təqsirləndirilən şəxsə CM-nin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün onun üzərində aşkar edilən narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə nə vaxt göndərilməsi, bu narkotik vasitənin dövlət sərhədindən keçirilməsində təqsirləndirilən şəxsin iştirak edib-etməməsi, iştirak edibsə hansı formada iştirak etməsi və sair hallar müəyyən edilməli idi ki, bunlar da müəyyən edilməmişdir. Verilən ittihama görə narkotik vasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirilmişdir. Qanunvericiliyə görə qaçaqmalçılıq cinayəti 2 yolla a) gömrük nəzarətindən kənar, b) gizli yolla törədilir. Hazırkı halda narkotik vasitə olan heroinin nə vaxt, kim tərəfindən və hansı yolla Azərbaycan Respublikasının ərazisinə gətirilməsini müəyyən edə bilmədiyindən istintaq orqanı ehtimalla- bu iki yolun ikisini də- gömrük nəzarətindən kənar və ya gizli keçirməklə- ittihamdə göstərməklə özünün də ehtimallarla əsaslandığını bir daha təsdiq edir. Halbu ki, ittiham ehtimallarla irəli sürülə bilməz, hər bir ehtimal təqsirləndirilən şəxsin xeyrinə yozulmalıdır. Digər tərəfdən, ittihama görə Təqsirləndirilən şəxs Behzad adlı şəxslə 19 iyun 2021-ci il tarixdə səhər saatlarında (saat neçədə olması yenə məlum deyil) “İnstagram” sosial şəbəkəsində sövdələşib, bu barədə razılaşmış və 20 iyun 2021-ci il tarixdə, saat 00:30 radələrində üzrində heron olmaqla saxlanılmışdır. Vaxt etibarı ilə də Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroinin qaçaqmalçılıq yolu ilə ökə ərazisinə gətirilməsində iştirak etməsi mümkünsüzdür. Məhkəmə kollegiyası məhkəməsinin iclasında ifadə vermiş təqsirləndirilən şəxsi, şahidləri Dövlət ittihamçısını və müdafiəçini dinləyib toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə toplanmış sübutlarla, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış protokolları və digər sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirliliyi, yəni onun qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirməkdən ibarət olan əməli sübuta yetmir. Odur ki, ona CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmamasina dair ifadəsində göstərdiyi xüsusatlar onun videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinə dair protokol, şahid ifadələri, mobil telefonunda olan sms mətnləri, Təqsirləndirilən şəxs məxsus “Albalı” kartında olan mədaxil və məxaric əməliyyatlarının mütəmadiliyi və hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə onun ifadəsi ilə yanaşı yuxarıda sadalananları ittihamın həlli üçün kifayət edən sübut qismində qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməklə daşımasından ibarət olan əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilmiş, o, bu maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Lakin onun CM-nin 206.3.2-ci maddəsi ilə təqsirliliyi, yəni onun qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirməkdən ibarət olan ittiham üzrə təqsirliliyi sübuta yetmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə müvafiq olaraq ona bu maddə ilə bəraət verilməlidir. Cinayət işinin 21 və 80-83-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 95-ci vərəqində olan tələbnamədən görünür ki, Rəsulov X4 Rayon Məhkəməsinin 02.03.2009-cu il tarixli hökmü ilə CM-in 152-ci maddəsini törətməkdə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 29.09.2009-cu ildə Salyan rayon məhkəməsinin 08.09.2009-cu il tarixli qərarı ilə CM-in 77-ci maddəsinə əsasən cəzanın çəkilməmiş 05 ay 24 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. 02.03.2010-cu ildə cəzanın sonu ilə azad olunmuşdur. CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 142-143-cü vərəqlərində olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində həyat yoldaşı və qız övladı vardır. Məhkumluğunun olmaması CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 20 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və 1000 (bir min) manat pulun da cinayət yolu ilə əldə olunması müəyyən olunmadığından həmin pul onun ailə üzvlərinə qayrarılmalıdır. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 135,47 manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Xəzər RPİ-də saxlanılan qalıq çəkisi 494,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 02 ədəd CD disklər CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarına saxlanılmalı, 01 ədəd “Samsung Galaxy J3” markalı mobil telefon üzərində olan 02 ədəd simkartla birlikdə CPM-nin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə təyinatla Bakı şəhəri 6 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçinin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 20 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 120 (bir yüz iyirmi) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat fəaliyyət göstərdiyi Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Cinayət işində olan arayışla müəyyən olunur ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 üçün 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 20 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabına qoyulmuş 1000 manat pul Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 135,47 manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Xəzər RPİ-də saxlanılan qalıq çəkisi 494,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 02 ədəd CD disklər cinayət işinin materiallarına saxlanılsın, 01 ədəd “Samsung Galaxy J3” markalı mobil telefon üzərində olan 02 ədəd simkartla birlikdə Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Göstərdikləri hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 üçün 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun nəfinə, Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat fəaliyyət göstərdiyi Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar