Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1701/2024 08.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əhrəman oğlunun iştirakları ilə, xx xxxx 1980-cı ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərarı “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə “Rza” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 1.000 manat müqabilində, əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə göndərilmiş fotoşəkillərə uyğun Bakı şəhəri, Binəqədi rayonu ərazisində qoyulmuş bir ədəd qara sellofan bükümdə külli miqdarda ümumi çəkisi 1924,40 qram küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 107,65 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib bir hissəsini üzərində, bir hissəsini isə "xxxx" MMC-nin müqaviləsi əsasında etibarnamə ilə idarə etdiyi “Chevrolet Lacceti” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda daşıyaraq saxlamış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əlahiddə X7 əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində xidmət aparılarkən onun hərəkətləri şübhə doğurduğu üçün 10 yanvar 2024-cü il tarixdə saat 20:25- də Xətai rayonu, Zığ yolu 39 ünvanında idarə etdiyi “Chevrolet Lacceti” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılıb Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə gətirilərək videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir manatlıq pul əskinazına bükülmüş təmiz çəkisi 0,071 qram qəhvəyi rəngli maddə kütləsi narkotik vasitə heroin, gödəkçənin iç sol cibindən “Redmi” markalı mobil telefon və bir ədəd portmanatda üç ədəd “Kapital” bankın “1” kartları (4169 7388 5716 0117, 41697388 6748 8110, 4169 7388 6212 6855), idarə etdiyi avtomobil üçün etibarnamə aşkar edildikdən sonra, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 22:00-da 36-cı Polis Şöbəsinin inzibati binası qarşısında saxlanılmış, həmin “Chevrolet Lacceti” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sandıqçasından külli miqdarda təmiz çəkisi 107,579 qram qəhvəyi rəngli maddə kütləsi, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən küstar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərilərində narkotik vasitə heroinin izləri olan iki ədəd Çin istehsallı elektron tərəzi və avtomobilin sağ oturacağının ayaqaltı hissəsindən bir ədəd qara sellofan torbada, bir ədəd üzəri ağ yapışqan lentlə yapışdırılmış qara rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 19,40 qram və həmin bağlamanın içərisində iç-içə olan qara və ağ rəngli sellofanlarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 960,0 qram və 945,0 qram olmaqla, külli miqdarda ümumi çəkisi 1924,40 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən küstar üsülla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadə verərək göstərmişdir ki, o, 44 günlük Vətən müharibəsində, həmçinin 1 il 07 ay Sərhəd Xidmətində xidmət etmişdir. Hal-hazırda Dövlət Sərhəd Xidmətində mayor rütbəsilə ehtiyatdadır. 2023-cü ildən polisə ictimai dəstəkdə iştirak etmişdir. Əvvəllər hərbçi olduğu üçün öz təşəbbüsü ilə polis əməkdaşlarına kömək etmək qərarına gəlmiş, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Ruslan adlı şəxsə onlara kömək etmək istədiyini bildirmişdir. İdarə etdiyi avtomobilindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuana da məhz Razində yaşayan Tahir adlı şəxsin tutulması üçün onun iştirakı ilə təşkil edilən əməliyyat axtarış tədbirinin həyata keçirilməsi üçün sonuncunun tanıdığı İran vətəndaşından atma üsulu ilə əldə edilmişdir. Qeyd olunan maddə Tahirə çatdırılarkən sonuncu polis əməkdaşları tərəfindən tutulmalı imiş, lakin “Tahir” adlı şəxslə görüşmək üçün gedərkən tıxac olduğu üçün tərəfindən ona verilmiş hərəkət marşrutu dəyişdirilmiş və X5 tərəfindən saxlanılmışdır. 36-cı Polis Bölməsində narkotik vasitə marixuananın əməliyyat tədbirlərində iştirak etməsi barəsində tərəfindən bildirilən xüsusatlar polis əməkdaşları tərəfindən dəqiqləşdirilmiş və öz təsdiqini tapmışdır. 107 qram narkotik vasitə heroin və tərəzini isə polis əməkdaşlarına kömək məqsədilə narkotik vasitələrin satışı ilə məşğul olan Nazim adlı şəxsin qarajından götürüb polis əməkdaşlarına təhvil vermişdir. Onda olan məlumata əsasən Nazim adlı şəxs mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olmuş və əvvəllər tutulmuş və azadlığa çıxdıqdan sonra isə axtarışda olmuşdur. Nazimin ifşa edilməsi məqsədilə onu saxlayan X8 əməkdaşlarını Nazimin qarajına aparmış və oradan narkotik vasitə heroini götürərək polis əməkdaşlarına təhvi vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 10 yanvar 2024-cü ildə səhər saat 10 radələrində Zığ Şossesi adlandırılan ərazidə Təqsirləndirilən şəxs avtomobilinin yanında cibinə bir büküm narkotik vasitə qoyduğunu görmüş, təqsirləndirilən şəxsdən cibinə qoyduğu əşyanın nə olduğunu soruşduqda o, həmin maddənin narkotik vasitə olduğunu, həmçinin narkotik vasitənin ona aid olduğunu və avtomobilində əlavə də narkotik vasitə olduğunu bildirmişdir. Sonradan təqsirləndirilən şəxsi 36-cı Polis Şöbəsinə dəvət etmiş, təqsirləndirilən şəxsin avtomobilindən təxminən 2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülmüşdür.Təqsirləndirilən şəxsin saxlanıldığı ərazi 36-cı Polis Şöbəsinə yaxın olduğu üçün onu həmin şöbəyə aparmışlar.Təqsirləndirilən şəxs əlində olan narkotik vasitənin ona məxsus olmasını bildirsə də avtomobilində olan narkotik vasitəni kimdənsə aldığını bildirmişdir.Təqsirləndirilən şəxs narkotik vasitəni əməliyyat tədbirilə əlaqədar kimisə tutmaq üçün əldə etdiyini bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs yolda avtomobilinin yaxınlığında dayanıb özünü şübhəli apardığı üçün ona yaxınlaşmış və təqsirləndirilən şəxs tanışını gözlədiyi üçün avtomobili saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsin əlində bükülmüş 1 manatlıq əskinas olmuş, ondan əlindəkinin nə olduğunu soruşduqda narkotik vasitə olduğu barədə məlumat vermişdir.Təqsirləndirilən şəxs saxlanılarkən onun avtomobilinə baxış keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, hadisə günü gecə növbəsində olarkən Zığ Şossesində bir nəfərin avtomobildən düşərək yolda gözlədiyini gördükdə həmin şəxsə yaxınlaşaraq ondan əlində olan maddənin nə olduğunu soruşduqda həmin şəxs narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsi saxlanılaraq polis şöbəsinə təhvil verilmişdir. Hadisə yerində təqsirləndirilən şəxsin avtomobilinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs hansısa əməliyyat tədbirlərində iştirak etdiyini bildirməmiş, lakin ondan aşkar edilən narkotik vasitəni İranlı şəxsdən aldığını və kiməsə vermək üçün apardığı barədə məlumat vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 10 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sağ yan cibində saxladığı 1 ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükülü və etibarnamə ilə idarə etdiyi “Chevrolet Lacceti” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəki narkotik vasitə “heroin” olduğunu bildirərək, həmin bükümü 09 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Tahir adlı şəxsdən pulsuz aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümdə qəhvəyi rəngli, narkotik vasitə “heroin”nə bənzər maddənin olması aşkar edilərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin iç sol cibindən “Redmi” markalı mobil telefon və 1 ədəd üzərində heç bir yazısı olmayan qara rəngli portmanat aşkar edilmişdir. Portmanatın içərisinə baxış zamanı 3 ədəd “Kapital” bankın “1” kartları (4169 7388 5716 0117, 4169 7388 6748 8110 və 4169 7388 6212 6855), sürücülük vəsiqəsi, “Chevrolet Lacetti” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülü “Çin” istehsalı olan elektron tərəzidə ölçülərkən çəkisinin qablaşdırma ilə birlikdə 0,95 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Əlavə olaraq Təqsirləndirilən şəxs məxsus portmanat və içərisində olan sənədlər ilə birlikdə “Kapital” banka məxsus bank kartları, 1 ədəd “Redmi” markalı mobil telefon iş üçün maddi sübut əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs sual verildikdə sonuncu etibarnamə ilə idarə etdiyi “Chevrolet Lacetti” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələrin olduğunu bildirmişdir ( cild 1, işvərəqə 25-26). Təqsirləndirilən şəxs avtomobilinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməməsinə dair 10 yanvar 2024-cü il tarixli ərizəsinə əsasən həmin tarixdə idarə etdiyi ** YB *** dövlət qeydiyyat nişanlı “Chevrolet Lacetti” markalı avtomobilə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan və ona əlavə edilmiş DVD diskdən görünür ki, avtomobilin qabaq sağ oturacağının ayaq altında qara rəngli sellofan torba aşkar edilmişdir. Həmin torbanın içərisinə baxış zamanı açıq vəziyyətdə “marixuana” və ağ sellofan torbanın içərisində qurudulmuş vəziyyətdə olan “marixuana” aşkar edilmişdir. Bundan sonra avtomobilin saxlanc yerindən 1 ədəd üzərində yazısı olmayan “Çin” istehsallı elektron tərəzi, 1 ədəd kvadrat formada olan plastik qabın içərisində üzərində yazısı olmayan “Çin” istehsallı elektron tərəzi, 1 ədəd ağ sellofan bükülüdə narkotik vasitəyə bənzər “heroin” və 1 ədəd qara-ağ qarışıq rəngli sellofan bükümdə içərisində narkotik vasitəyə bənzər “marixuana” aşkar edilərək götürülmüşdür.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 10 yanvar 2024-cü il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Rza” adlı şəxsin qoydurduğu yerdən götürərək sonuncunun dediyi ünvana 1.000 manat pul müqabilində çatdıracağını bildirmişdir ( cild 1, iş vərəqi 27, 30- 32). 10 yanvar 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N151” 1 ədəd üzəri ağ yapışqan lentlə yapışdırılmış qara rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 19,40 qram və həmin bağlamanın içərisində iç-içə olan qara və ağ rəngli sellofanlarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 960,0 qram və 945,0 qram olmaqla, ümumi çəkisi 1924,40 qram xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır . Ekspertiza tədiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 1924,25 qram təşkil etmişdir (cild 1 iş vərəqə 43). 11 yanvar 2024-cü il tarixli fiziki-kimyəvi ekspertizanın rəyindən görünür ki, “Təqsirləndirilən şəxs... və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,071 qram qəhvəyi rəngli maddə kütləsi və bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 107,579 qram, ümumi təmiz çəkiləri 107,65qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir Ekspertiza tədiqatından sonra narkotik vasitə heroinin qalıq çəkisi 107, 55 qram təşkil etmişdir (Cild 1,iş vərəqə 47-48). 12 fevral 2024-cü il tarixli fiziki-kimyəvi ekspertizanın rəyindən görünür ki, “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün N 60” möhür əksi “Təqsirləndirilən şəxs... və s. soyadlar, imzalar olan zərfdə 01 ədəd bükümdə və ayrıca qablaşdırılmış 01 bükümdə narkotik vasitə-heroin kütlələri və açıq vəziyyətdə 01 ədəd çəhrayı korpuslu və 01 ədəd gümüşü korpusli elektron tərəzənin üzərində narkotik vasitə-heroinin izləri müşahidə edilmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd gümüşü korpuslu elektron tərəzinin üzərində narkotik vasitə-heroinin izləri müəyyən edilmişdir. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və təqdim olunmuş heroin kütlələri ilə ( obyektlər barədə 11 yanvar 2024-cü il tarixli 6/131 saylı ekspert rəyi verilmişdir) eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Çəhrayı korpuslu tərəzinin üzərində nəzarətdə olan maddələrə məxsus əlamətlər müəyyən edilməmişdir (Cild 1,iş vərəqə 150). 15 aprel 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarına əsasən ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1924,25 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və 107,55 qram heroin ,02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı Şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə, idarə etdiyi avtomobilə baxış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işi materiallarına əlavə edilmişdir(Cild 1, iş vərəqə 185-196). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin 07 mart 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə şərti maliyyə vahidinin 400 misli cərimə cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqə 111-112). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın Siyahıların 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qram və ondan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana və 83-cü bəndinə əsasən 2 (iki) qram və artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin üzərindən və avtomobilindən aşkar edilən narkotik vasitələrin başqa şəxslərə aid olması, həmin maddələri polis əməkdaşlarına kömək məqsədilə təqdim etməsi barədə ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, təqsirləndirilən şəxsin üzərindən və avtomobilindən müxtəlif növdə, ayrı-ayrı bükümlərdə narkotik vasitə, habelə elektron tərəzi aşkar edilməsi, götürülmüş narkotik vasitənin miqdarı kimi işin hallarını iş üzrə toplanmış bütün sübut növləri ilə birgə müqayisə edərək Vəli Əhmədovun ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına daxildir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 14), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 88-93). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır(Cild 1, iş vərəqə 123). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlanc anbarına yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1924,25 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və 107,55 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə, habelə idarə etdiyi avtomobilə baxış və götürmə istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 290 (iki yüz doxsan) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 48). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi Əhrəman oğlu tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 34(otuz dörd) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi Əhrəman oğlu vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 204 (iki yüz dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: -Bakı Şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1924,25 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana,qalıq çəkisi 107,55 qram olan heroin, 02 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə, habelə idarə etdiyi avtomobilə baxış və götürmə istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” cinayət işinin materiallarında saxlanılsın; Təqsirləndirilən şəxs 290 ( iki yüz doxsan) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 34(otuz dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi Əhrəman oğlu üçün 204 (iki yüz dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1701/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1701/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver