Məhkəmə qərarları › İş №1(101)-1702/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1702/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1702/2024 12.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən), Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçilər – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)–1702/2024 saylı cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: 25 aprel 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)–1702/2024 saylı cinayət işi daxil olmuşdur. Həmin cinayət işi 30 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X8 tərəfindən «fakta görə» Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-ci maddələri ilə başlanmışdır. 28 dekabr 2022-ci il tarixdə tərtib edilmiş ittiham aktı 30 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən təsdiq edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış və 14 avqust 2023-cü il tarixli hökmlə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törətməkdə təqsirli bilinərək qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Hökmdən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, həmçinin Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işi 13 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərarı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 01 dekabr 2023-cü il tarixli 4/1818 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş cinayət işinin 1-ci cildinin: 200-201-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokolda “Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 215-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsə mütəxəssisə etiraz etmək hüququnun” izah edilməsi haqqında protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 222-224-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” barədə protokolun 1-ci və 2-ci vərəqlərində sağdan 1-ci imzalar; 226-cı vərəqində olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi” barədə tərtib edilmiş protokol, “videogörüntü ilə tanış olma” haqqında protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 243-245-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsi dindirmə protokolu”nun 3-cü vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; Cinayət işinin 2-ci cildinin 12-13-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsi dindirmə protokolu”nun 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 31-ci vərəqində olan 09 sentyabr 2022-cİ il tarixli “Müdafiəçidən” imtina ərizəsində “İmza:” qrafasındakı İmza; 32-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı İmza; 72-ci vərəqində olan 20 dekabr 2022-ci il tarixli “cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi” haqqında protokolda, 72a-cı vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol”da, 73-cü vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol”da, 74-cü vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol”da, 75-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol”da, 76-cı vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol»da, 77-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol»da, 79-cu vərəqində xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol”da “Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.2.Ekspertizaya təqdim edilmiş, cinayət işinin 2-ci cildinin 31-ci vərəqində olan 09 sentyabr 2022-ci il tarixli “Müdafiəçidən imtina ərizəsi”ndə, 32-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında protokol”da, 72-ci vərəqində olan 20 dekabr 2022-ci il tarixli “cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında protokol”da, 72a-cı vərəqində olan xx.xx.2022-ci il tarixli "təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol”da, 73-cü vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol”da, 74-cü vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol”da, 75-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol”da, 76-cı vərəqində olan xx.xx.2022-ci il tarixli ’’təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol”da, 77-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol”da, 79-cu vərəqində xx.xx.2022-ci il tarixli "təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol”da “Müdafiəçi:" qrafalarındakı imzalar - X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Qeyd olunan vəziyyətdə Bakı Apellyasiya Məhkəməsi, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 14 avqust 2023-cü il tarixli hökm çıxarılarkən istinad edilmiş sübutların bir qismi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinin tələbləri baxımından mümkünsüz olduğundan, Təqsirləndirilən şəxs2 Cinayət- Prosessual Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş çoxsaylı hüquqları kobud şəkildə pozulduğundan həmin hökm və təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə 24 yanvar 2023-cü il tarixli hazırlıq iclasının qərarının ləğv edilib apellyasiya şikayətlərinə baxılmasına xitam verilməklə, cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılması barədə 19 dekabr 2023-cü il tarixli qərar qəbul etmişdir. Cinayət işinə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclasında baxılmış və 1(101)-1269/2024 saylı 18 yanvar 2024-cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması əsası ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi göstərilən pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Eyni zamanda, məhkəmə tərəfindən, cinayət təqibininin həyata keçirilməsi zamanı kobud qanun pozuntularına yol vermiş Nəsimi rayon Polis İdarəsinin müstəntiqləri X8, X7 və təhqiqatçı Saleh Salehzadə barəsində xüsusi qərar çıxarılaraq aidiyyəti tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Daxili işlər nazirinə göndərilmişdir. Qeyd olunan cinayət işi ibtidai istintaq orqanına göndərildikdən sonra həmin cinayət işi üzrə ibtidai istintaqın aparılması yenidən əvvəlki mərhələdə əhəmiyyətli həcmdə işin ibtidai istintaqını aparmış, təqsirləndirilən şəxslərə yekun ittihamlar irəli sürərək ibtidai araşdırmanı başa çatdırmış Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X5 həvalə edilmiş, sonuncu tərəfindən 16 fevral 2024-cü il tarixdə icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir. 15 aprel 2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X8 yenidən ittiham aktı tərtib etmiş, ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroru tərəfindən ittiham aktı 19 aprel 2024-cü il tarixdə təsdiq olunaraq cinayət işi baxılması üçün yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 vəsatətlə müraciət edərək göstərmişdir ki, «Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin təkrar ibtidai istintaqı xx.xx.2024-cü il tarixli qərarla eyni qaydada Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 icraatına qəbul edilmişdir. Təkrar ibtidai istintaqın ilkin mərhələsində onlar tərəfindən xx.xx.2024-cü il tarixdə baş X12a və Nəsimi rayon prokuroruna etiraz verilərək, onların istintaqın qərəzli, qeyri-obyektiv və birtərəfli aparılmasında birbaşa maraqlarının olduqlarını və təkrar ibtidai istintaqın obyektiv aparılmasının mümkün olmayacağı baxımdan cinayət işinin Bakı şəhərinin Nəsimi Polis İdarəsinin müstəntiqinin icraatından götürülərək digər rayon polis idarəsinin istintaqına verilməsi tələb olunmuş, həmçinin istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora da etiraz verilmiş, Nəsimi rayon prokurorunun həmin cinayət işinə qeyri-obyektiv və qərəzli şəkildə prosessual rəhbərliyi həyata keçirəcəyi bildirilmişdir. Digər Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi tərəfindən də baş X12a və Nəsimi rayon prokuroruna etiraz verilmişdir. Təqsirləndirilən şəxs1 və müdafiəçisinin müstəntiqə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora verdiyi etirazlara baxılması barədə qəbul olunmuş qərarlar təqsirləndirilən şəxsə və müdafiəçisinə təqdim olunmamışdır. Bundan başqa cinayət işinin sonuncu cildinin materiallarında Təqsirləndirilən şəxs1 və müdafiəçinin müstəntiqə və prokurora verdikləri xx.xx.2024-cü il tarixli etiraza baxılması haqqında Nəsimi rayon prokurorunun müavini Fərid Dadaşovun qərarının tarixi etirazın tarixindən 1 gün əvvəldir, yəni xx.xx.2024-cü ildir. Necə ola bilər ki, etiraz 28 fevral 2024cü il tarixdə verilir, etiraza baxılma haqqında qərar prokuror müavini tərəfindən etirazdan 1 gün qabaq çıxarılır. Bütün bunlar onu deməyə əsas verir ki, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror özü-özünə etiraz etməli olduğu halda, ən azından müstəntiqə verilən etirazı təmin etməli olduğu halda bunları etməyərək təqsirləndirilən şəxslərə qarşı qərəzli mövqedə olmuşlar və obyektiv istintaqın aparılmasında maraqlı deyildilər. İş materiallarından göründüyü kimi birinci dəfə aparılmış istintaq zamanı X12 tərəfindən prosessual sənədlərin və sübutların saxtalaşdırılmasına yol verilmişdir. Belə olan halda müstəntiqin əməllərinə hüquqi qiymət verilməli və barəsində qanunamüvafiq tədbir görülməli olduğu halda əksinə, cinayət-prosessual qanunvericiliyinin tələbləri pozularaq cinayət işi təkrarən həmin müstəntiqin icraatına verilmişdir. Ona görə də təqsirləndirilən şəxslər istintaq zamanı X12a ifadə verməmişlər və demək olar ki, ümumiyyətlə istintaq aparılmamışdır, cinayət işi birinci istintaq zamanı toplanmış sübutlar əsasında məhkəməyə verilmişdir, bu da yol verilən hal deyildir.» İş üzrə digər Müdafiəçi2, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da eyni vəsatətlərlə çıxış edərək etiraz edilməli və ya özü-özünə etiraz etməli müstəntiq tərəfindən aparıldığından cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Məhkəmə, hər iki müdafiəçinin və hər iki təqsirləndirilən şəxsin vəsatətlərində göstərdikləri dəlilləri və cinayət işinin materiallarını təhlil edərək bu nəticəyə gəlir ki, vəsatətlər əsaslıdır və həmin vəsatətlər təmin olunmalı, məhkəməyədək icraat etiraz edilməli və özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparıldığından cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından müəyyən olunur ki, həqiqətən cinayət işi yenidən eyni müstəntiq tərəfindən icraata qəbul edildikdən faktiki dərhal sonra – 28 fevral 2024-cü il tarixdə etiraz edilə bilən şəxslər barədə məlumat verilərkən Təqsirləndirilən şəxs1 Nəsimi rayon prokuroru X2, Nəsimi rayon prokurorunun müavini X9 və Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X5 etiraz etmiş, «hazırkı cinayət işinin istintaqının Nəsimi rayon prokurorluğunun prosessual rəhbərliyi ilə aparılmasını və eyni müstəntiq tərəfindən istintaq edilməsini istəmədiyini», cinayət işinin Bakı şəhərinin digər rayon polis idarəsinə həvalə edilməsini istədyini bildirmişdir (cild 3, iş vərəqə 192). Eyni tarixdə etiraz edilə bilən şəxslər barədə digər Təqsirləndirilən şəxs2 məlumat verilərkən sonuncu xx.xx.2024-cü il tarixdə müdafiəçisi vasitəsilə Nəsimi rayon prokuroruna və Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X5 etiraz etdiyini bildirmişdir (cild 3, iş vərəqə 195). Nəsimi rayon prokurorunun müavini X14 tərəfindən 27 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 və müdafiəçisinin müstəntiq X5 etirazı əsassız hesab edilərək təmin olunmamışdır (cild 3, iş vərəqə 196-197). Nəsimi rayon prokurorunun müavini X14 tərəfindən 27 fevral 2024-cü il tarixli qərarla həm də Təqsirləndirilən şəxs2 müdafiəçisi Mina Mahmudovanın müstəntiq X5 etirazı əsassız hesab edilərək təmin olunmamışdır (cild 3, iş vərəqə 198-199). Hər iki qərarın əsaslandırılması tam eyni olmaqla bu məzmundadır: «Bununla əlaqədar cinayət işi rayon prokurorluğunda öyrənilərkən ibtidai istintaqı aparan Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi Sübhan Zeynalova etiraz edilməsi üçün Azərbaycan Respublikası CPM-in 109.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin, eləcə də onun həmin cinayət təqibində maraqlı olmasını təsdiq edən, eləcə də cinayət işinin istintaqının qeyri-obyektiv, qərəzli aparılmasına dair hər hansı konkret və mötəbər sübutların olması müəyyən edilməmişdir». Nəsimi rayon prokurorunun müavininin 27 fevral 2024-cü il tarixli qərarından sonra, Bakı şəhər prokurorunun müavini tərəfindən elektron imzalanma tarixinə əsasən 05 mart 2024-cü il tarixdə qəbul edildiyi görünən qərarı ilə isə Təqsirləndirilən şəxs1 «Nəsimi rayon prokurorluğuna etirazı əsassız olduğundan» təmin edilməməsi ilə bağlı qərar qəbul edilmiş, qərarın 2-ci bəndində təqsirləndirilən şəxsin müstəntiqə etirazına ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən baxılmalı olduğundan aidiyyəti hissədə etiraza baxılması üçün Nəsimi rayon prokurorluğuna göndərilmişdir (cild 3, iş vərəqə 201-203). Bu qərarların qəbulundan sonra Təqsirləndirilən şəxs1 01 aprel 2024-cü il tarixli ərizə ilə X12a müraciət edərək istintaqın obyektivliyinə və qərəzsizliyinə şübhəsi olduğundan ifadə verməkdən və istintaq hərəkətlərində iştirak etməkdən imtina etdiyini bildirmişdir (cild 3, iş vərəqə 206). Eyni gündə, yəni 01 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 da ərizə ilə X12a müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin qərarı və ekspert rəyi ilə artıq işdəki imzaların onun və vəkilinin imzaları olmaması təsdiq edildiyindən ifadə verməkdən imtina etdiyini bildirmiş və işin başqa müstəntiqə həvalə olunmasını xahiş etmişdir (cild 3, iş vərəqə 214). X12 tərəfindən hər iki ərizə ilə bağlı «vəsatətə baxılması haqqında qərar»lar tərtib olunaraq təqsirləndirilən şəxslərin hər ikisinə münasibətdə «01 aprel 2024-cü il tarixli ərizəsində göstərdiyi xüsusatlar iş materialları ilə tam təkzib olunduğundan və özünü müdafiə xarakteri daşıdığından həmin xüsusatlar vəsatət kimi qəbul edilib rədd edilsin» məzmunlu qərarlar qəbul edilmişdir (cild 3, iş vətəqə 210, 218). Sonrakı prosessual hərəkətlər zamanı artıq hər iki təqsirləndirilən şəxs etirazları ilə bağlı mövqelərinə uyğun olaraq müvafiq protokolları imzalamaqdan imtina etmişlər. Bundan sonra ibtidai istintaqın gedişində, eləcə də ibtidai istintaqın qurtarması zamanı aparılan istintaq hərəkətlərinə dair protokolların təqsirləndirilən şəxslər tərəfindən imzalanmaqdan imtina edilməsi, həmçinin təqsirləndirilən şəxslərin göstərdikləri bütün xüsusatlar yenə də artıq cinayət təqibində maraqlı olması birbaşa müəyyən edilən X12 tərəfindən vəsatət kimi qəbul edilərək rədd edilmişdir. İbtidai istintaqın qurtarması barədə məlumat verilərkən Təqsirləndirilən şəxs2 bir daha «onun və müdafiəçisinin imzalarının saxtalaşdırıl»dığını qeyd etmişdir (cild 3, iş vərəqə 260). Göründüyü kimi, Təqsirləndirilən şəxs2 28 fevral 2024-cü il tarixdə müstəntiq X5 verdiyi etiraza ümumiyyətlə baxılmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 və müdafiəçisinin 28 fevral 2024-cü il tarixdə Nəsimi rayon prokuroruna verdikləri etiraza ümumiyyətlə baxılmamışdır. Hər iki təqsirləndirilən şəxsin yenidən 01 aprel 2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X5 birbaşa yazılı şəkildə verdikləri etirazlara ümumiyyətlə mahiyyəti üzrə baxılmamış, cinayət-prosessual qanunvericiliyin tələbləri, o cümlədən Cinayət-Prosessual Məcəllənin 113.4-cü maddəsinin tələbləri kobud şəkildə pozularaq, buna səlahiyyəti olmadığı halda həmin yazılı ərizələr elə həmin müstəntiqin özü tərəfindən «iş materialları ilə tam təkzib olunan və özünü müdafiə xarakteri daşıyan xüsusatlar olaraq» vəsatət kimi qəbul edilib rədd edilmişdir. Bu yanaşma və qəbul edilmiş qərarların mahiyyəti ilə bağlı məhkəmə əlavə şərhi lüzumsuz sayır. Nəhayət, məhkəmə qeyd edir ki, hər iki təqsirləndirilən şəxsin və hər iki müdafiəçinin müstəntiqə edilmiş etirazları tam əsaslı olmaqla təmin edilməli idi. İttiham aktında sübut kimi istinad edilmiş çoxsaylı istintaq hərəkətləri protokollarında və digər sənədlərdəki imzaların Təqsirləndirilən şəxs2 və müdafiəçisi X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu təkzibedilməz şəkildə ekspert rəyi ilə birbaşa təsdiq edilmişdir və bu ciddi faktlar artıq hər hansı şəkildə mübahisələndirilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsinə əsasən, cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 113-cü maddəsinə əsasən, müstəntiqə və ya təhqiqatçıya etiraz bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır. Müstəntiqin və ya təhqiqatçının cinayət işi üzrə ibtidai araşdırma aparılmasında iştirakı, qanunun əhəmiyyətli dərəcədə pozulması halları istisna olmaqla, həmin cinayət işi üzrə ibtidai araşdırmada onun sonrakı iştirakını istisna etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 109.1.8-ci maddəsinə əsasən müstəntiqin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda müstəntiqə etiraz əsaslı sayılmalı və şərtsiz təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 113.3-cü maddəsinə əsasən Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, müstəntiq özü-özünə etiraz etməlidir. İşin mübahisəsiz mənzərəsi ondan ibarətdir ki, Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X8 cinayət işi üzrə ibtidai araşdırma zamanı nəinki cinayətprosessual qanunvericiliyin müddəalarının əhəmiyyətli dərəcədə pozulması faktına, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması halına, hətta müvafiq qaydada araşdırılmaqla qiymət verilməsi zəruri olan ciddi pozuntulara yol vermişdir. Bu vəziyyət cinayət işi üzrə ibtidai araşdırmanın aparılmasında həmin müstəntiqin sonrakı iştirakını aradan qaldırırdı. Həm də müstəntiqin özü bilavasitə ona etiraz etmək üçün aşkar və mübahisə edilə bilinməyəcək əsasların olduğunu bildiyi halda özü-özünə etiraz etməli idi. Bütövlükdə isə, faktiki olaraq cinayət işinin birinci və apellyasiya instansiya məhəkəmələri tərəfindən qəbul edilmiş müvafiq qərarlarda sadalanmış təkzibolunmaz ciddi pozuntuların aradan qaldırılması üçün heç bir istintaq hərəkətləri aparılmamış, yaranmış vəziyyətdə zəruri olan prosessual hərəkətlər aparılaraq müvafiq qanuni qərarlar qəbul edilmədən eyni məzmunlu, eyni sübutlara istinad edilməklə ittiham aktı tərtib edilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə toplanmış sübutların bir hissəsinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinin tələbləri baxımından mümkünsüz olması ilə bağlı mövqeyi və bunun aydın şərhinə baxmayaraq, müstəntiq tərəfindən bu istiqamətdə heç bir istintaq hərəkətləri aparılmamış, Təqsirləndirilən şəxs2 müdafiə hüququnun pozulması hallarının mümkün olan həddə aradan qaldırılması üçün zəruri tədbirlər görülməmişdir. Qeyd olunan qanuni tədbirlərin görülməsinə, mümkün araşdırmaların davam etdirilməsinə həm də təqsirləndirilən şəxslərin müstəntiqə etirazla bağlı davamlı və əsaslı mövqeləri bilavasitə təsir göstərmişdir. Belə bir vəziyyətdə icraatın əvvəlki mərhələsində yol verilmiş kobud qanun pozuntularının önə çəkilərək onların aradan qaldırılması üçün heç bir zəruri prosessual hərəkət etməyən X12 cinayət təqibində maraqlı olması mübahisə doğurmur. Yuxarıda sadalanan halların hər biri kifayət qədər konkret və mötəbər dəlillər kimi bu qənaəti birbaşa təsdiq edir. Məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verdiyinə görə barəsində xüsusi qərar qəbul edilmiş müstəntiq X8 tərəfindən yenidən həmin cinayət işinin istintaqının aparılması bütövlükdə məhkəməyədək icraatın obyektiv və qərəzsiz həyata keçirilməsinə, təqsirləndirilən şəxslərin prosessual hüquqlarının təmin edilməsinə şübhə yaradır. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən müstəntiq barəsində çıxarılmış xüsusi qərarla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş xx.xx.2024cü il tarixli 313-5/2-3317/24 saylı məktubda göstərilmişdir ki, cinayət işinin materiallarında olan sənədlərdəki imzaların müvafiq müdafiəçi və təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxslər tərəfindən icra edilməsi xüsusatları ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılması nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması nəticəsində toplanmış sübutların mümkün olmayan sübutlar kimi qiymətləndirilməli olması nəzərdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.6-cı maddəsinə əsasən cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə həyata keçirildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.3-cü maddəsinə əsasən məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Məhkəmənin hazırlıq iclasında həmçinin Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə, Təqsirləndirilən şəxs2 onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə yazılı vəsatətlərlə müraciət etmişlər. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək bu nəticəyə gəlir ki, mövcud vəziyyətdə həbs qətimkan tədbirlərinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə həbs qətimkan tədbirinin ləğvi və ya onun ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı vəsatətlərin təmin edilməli olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə konkret hallarda həmin məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ibtidai istintaq mərhələsində həbs qətimkan tədbirləri seçilmiş, sonradan həbsdə saxlama müddəti bir neçə dəfə uzadılmışdır. Məhkəmə həmin məsələ ilə bağlı müzakirə apararaq belə qərara gəlir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirləri 3 ay müddətinə uzadılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Həmin Məcəllənin 303.4-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3.3-cü, 303.4-cü və 306.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı :

1. Müdafiəçi1 Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs2 onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətləri təmin olunmasın.

2. Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanılmaları müddəti 3 (üç) ay uzadılsın.

4. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).

Sədrlik edən hakim: Faiq Qəniyev

Hakimlər: Mahmud Ağalarov

Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar