Məhkəmə qərarları › İş №1(101)-1703/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1703/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1703/2022 05.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, ev 37-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,750 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda təmiz çəkisi 4,582 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisindəki 90 nömrəli orta məktəbin qarşısına qədər daşımış, Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən 06 may 2022-ci il tarixdə, saat 01:00-də özünü şübhəli apardığı üçün həmin ünvanda saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən şəffaf yapışqanlı lentlə sarınaraq bir-birinə bərkidilmiş, üzərinə “5k, 5p” yazısı olan kağız parçası yapışdırılmış, birinin içərisinə külli miqdarda təmiz çəkisi 4,750 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digərinin isə içərisində külli miqdarda təmiz çəkisi 4,582 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin qablaşdırılmış 2 (iki) ədəd qara rəngli sellofan bükümlər aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, mebel ustası kimi fəaliyyət göstərmişdir. O, qara rəngli “VAZ 2107” markalı avtomobil ilə getdiyi zaman polislər onu saxlamışlar. O, həmin vaxt narkotik vasitənin təsiri altında olmuşdur. Polislər ondan şübhələnmişlər. Sonra polislərdən biri onun mobil telefonunda narkotik vasitələrlə bağlı mesajları aşkar etmişdir. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Lakin o, mütəmadi olaraq öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddələri iranlı şəxsdən almışdır. O, həmin iranlı şəxs ilə internet vasitəsi ilə tanış olmuşdur. O, gün ərzində təxminən 2-3 qram qarışıq şəkildə narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, narkotik vasitəni falqada çəkmişdir. O, tutulan vaxt iranlı şəxsdən narkotik vasitə almağa getmiş və bununla bağlı telefonunda mesajlar olmuşdur. Polis əməkdaşları ondan şübhələndikləri üçün onu saxlamışlar. Bundan sonra onu telefonunda olan mesajlara əsasən iranlı şəxsin qoyduğu yerdən narkotik vasitəni götürməyə aparmışlar. O da polislərlə birlikdə gedib iranlı şəxsin yerləşdirdiyi narkotik vasitəni götürmüşdür. O, heç kəsə narkotik vasitə satmamışdır. O, mebel ustası olduğundan öz istifadəsi üçün almışdır. O, mətbəx mebeli ustası işlədiyindən narkotik vasitə satıb pul qazanmağa ehtiyacı olmamışdır. O, ancaq öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi, tutularkən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o və digər polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs “VAZ 2107” markalı avtomobildə saxlayıb 12-ci Polis bölməsinə aparmışlar. Hadisə təxminən gecə saat 01:00- 02:00 radələrində olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs özünü şübhəli aparımış, eləcə də onların verdikləri suallara qeyri-səmimi cavab verərək sanki onlardan qaçmaq istəmişdir. Ona görə də onlar Təqsirləndirilən şəxs saxlayaraq 12-ci Polis bölməsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən bir neçə bükümdə narkotik vasitələrə oxşar kütlələr aşkar edilmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Həmçinin Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, son vaxtlar onların xidmət apardıqları inzibati ərazidə oğurluqların sayının kəskin surətdə artması ilə əlaqədar o, iş yoldaşı Şahid1 ilə birlikdə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparmışlar. Saat 01:00 radələrində qəsəbədəki 90 nömrəli orta məktəbin yaxınlığında onların diqqətini bir nəfər əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhə doğuran bir nəfər şəxs cəlb etmişdir. Onlar həmin şəxsdən şübhələnərək sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsdən qeyd edilən ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvvəllər məhkum olub-olmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs onların polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyə fikirləşib çətinliklə cavablandırmış, adını və soyadını belə zorla demişdir. Sorğu-sual zamanı həmin şəxsin qəsəbə sakini olmadığı, Abşeron rayonu ərazisində yaşadığı məlum olduqda, saxlanıldığı ərazidə gecə vaxtı nə etməsinə dair onların suallarına cavab verə bilmədiyindən və danışdıqca sanki üzərində olan nəyi isə gizlətməyə çalışdığı hiss olunduğundan onlar qərara gəlmişlər ki, həmin şəxsi Polis şöbəsinə aparıb orada üzərində şəxsi axtarış aparsınlar. Bundan sonra onlar həmin şəxsi Polis şöbəsinə dəvət etmişlər, sonuncu da onlara etiraz etməyərək onlarla birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı 12-ci Polis şöbəsinə getmişlər. Orada növbədə olan təhqiqatçı Əvəz Məmmədov müvafiq sənədləşdirmə işlərinə başlamış, habelə saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuşdur. Sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasını etiraf edərək əlini əynindəki tünd göy rəngli şalvarın sağ yan cibinə salaraq oradan 1 (bir) ədəd üzərində “5K və 5P” yazısı olan sellofan bağlamanı çıxarıb masanın üzərinə qoyaraq həmin bağlamanın içərisində «kakos» adlanan narkotik vasitə «heroin» və «patı» adlanan psixotrop maddə «metamfetamin» olmasını, həmin vasitə və maddəni öz şəxsi istifadəsi üçün saxlanılmazdan bir qədər əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisindəki 90 saylı orta məktəbin yaxınlığından, əvvəlcədən bank hesabına 150 manat məbləğində pul köçürdüyü, telefon vasitəsi ilə əlaqə saxladığı iranlının ona koordinatlarını və fotoşəklini atdığı yerdən əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan bağlama təhqiqatçı tərəfindən açıldıqda içərisindən 2 (iki) ədəd, birində tünd qəhvəyi rəngli toz şəkilli kütlə, digərində isə ağ rəngli kristal şəkilli kütlə qablaşdırılmış qara rəngli sellofan bükümlər aşkar olunmuşdur. Qeyd olunanların hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbin qarşısında inzibati ərazidə xidmət apararkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görərək sonuncunu saxlamışlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 23-23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində “5k, 5p” yazısı olan sellofana bükülmüş, içərisində 1 (bir) ədəd qara sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə, 1 (bir) ədəd qara sellofana bükülmüş içərisində ağ rəngli kristal formalı maddəni və həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefonu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2607 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 30-35) görünür ki, Təqsirləndirilən şəxs üzərindən sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,750 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,582 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 46-47) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-376/2022 saylı qərarından (cild 1, iş vərəqə 65-67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 06 may 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 76) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 4,750 qram olan narkotik vasitə heroinin və təmiz çəkisi 4,582 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,700 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 4,532 qram təşkil edən psixotrop maddə metamfetaminin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 83-84) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/766 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 118-120) görünür ki, təqdim edilmiş 1 (bir) ədəd sensor ekran “Android 10” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Mi 8 Lite” markalı “M1808D2TG” modelli «**********92153, **********92161» imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir, smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan məlumatlar müəyyən olunaraq rəyə əlavə olunmuş, üzərində “Verbatim” yazısı olan bir ədəd “DVD-R” tipli optik diskə köçürülmüşdür, smartfonun yaddaşından məlumatların pozulub- pozulmamasını müəyyən etmək və “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyul 2022-ci il tarixli "xxxx" MMC-nin məktubuna əlavə edilmiş diskdən, eləcə də çıxarışdan (cild 1, iş vərəqə 113-114) görünür ki, Təqsirləndirilən şəxs ondan narkotik vasitələrin alınması məqsədi ilə mesajlar yazılmışdır. Həmin mesajların arasında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 03:15:45-də ***-***-**-** saylı mobil nömrədən «İsimxan yeke oğlansan (nalayiq ifadə) dolamada 18 manatim var gelim bır yari birde patı ver mene» mətnli mesaj da var. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 4474 nömrəli rəyindən (cild 1, iş vərəqə 136-137) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2159 nömrəli rəyindən (cild 1, iş vərəqə 139-140) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda və törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmur, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görə də törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarına malikdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 avqust 2022-ci il tarixli mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 122) görünür ki, “Xiaomi Mi 8 Lite” markalı “M1808D2TG” modelli «**********92153, **********92161» imei kodlu mobil telefon cihazının yaddaşında olan video və foto fayıllara, «WatsApp» və SMS yazışmalarına keçirilmiş baxış zamanı telefonun «WatsApp Business» bölməsindəki «WatsApp Business İmages» və «WatsApp X12» çantalarındakı çoxsaylı fayıllarda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alqısatqısı ilə məşğul olmasına dəlalət edən müxtəlif bank kartlarının, pul köçürmələri haqqında qəbzlərin, xüsusi rənglərlə işarələnmiş məkanların fotoşəkilləri, ləhcəsinə görə İran azərbaycanlısına bənzəyən, təqsirləndirilən şəxs tərəfindən “əmioğlu" adlandırılan naməlum şəxslə narkotik vasitələrin və psixotrop maddələrin qiymətinə, çəkisinə və əldə olunma məkanına, Malik, Ülvi və Kərim adlı naməlum şəxslərə narkotik vasitələr və psixotrop maddələr satmasına dair telefon danışıqları, Tofiq və Ülvi adlı şəxslərin valideynlərinin övladlarından uzaq durması və onları öz narkobiznesinə cəlb etmədən çəkindirməsi mövzusunda xeyli sayda səsyazmalar aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 avqust 2022-ci il tarixli maddi sübut haqqında qərardan (cild 1, iş vərəqə 123) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Xiaomi Mİ 8 Lite” markalı mobil telefonun maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 avqust 2022-ci il tarixli maddi sübut haqqında qərardan (cild 1, iş vərəqə 132) görünür ki, 1 (bir) ədəd 3,05 QB həcmli elektron məlumat daşıyıcısı qurğusu – “DVD-R” tipli optik diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2022-ci il tarixli maddi sübut haqqında qərardan (cild 1, iş vərəqə 166) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işindən ayrıca icraata cinayət işinin ayrılması haqqında qərardan (cild 1, iş vərəqə 175-184) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması, onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.2 və 238-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından qeyd edilən maddələr ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş arayışdan (cild 1, iş vərəqə 144) görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1980-ci il təvəllüdlü arvadı X1, 2003-cü il təvəllüdlü oğlu X4, 2004-cü il təvəllüdlü oğlu X6, 2006-cı il təvəllüdlü oğlu X2 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 145) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən əvvəlcədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu hissədə qeyd olunmalıdır ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində özünü şübhəli apardığı üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq 12-ci Polis şöbəsinə aparılmış və orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən şəffaf yapışqanlı lentlə sarınaraq bir-birinə bərkidilmiş, üzərinə “5k, 5p” yazısı olan kağız parçası yapışdırılmış 2 (iki) ədəd büküm aşkar edilmiş, həmin bükümlərin birində külli miqdarda təmiz çəkisi 4,750 qram narkotik vasitə heroin, digərində isə külli miqdarda təmiz çəkisi 4,582 qram psixotrop maddə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin çəkisini, olduqları bükümlərin sayını, eləcə də aşkarlanmış vasitə və maddənin növünü mübahisələndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolu imzalamaqla yuxarıda sadalanan narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olmasını və öz şəxsi istifadəsi üçün aldığını təsdiq etmişdir. İbtidai istintaqın sonraki mərhələlərində də Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitənin və psixotrop maddənin çəkisini, həmin kütlələrin olduğu bükümlərin sayını və vasitə/maddənin növünü mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində tutularkən üzərində narkotik vasitə və psixotrop maddənin olmadığını, həmçinin heç vaxt heç kəsə narkotik vasitə satmadığını iddia etmişdir. Məhkəmə bu hissədə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəni inandırıcı saymayaraq belə hesab edir ki, o, qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin müxtəlif növdə olması, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsi, həmin bükümlərdə olan vasitə və maddənin istifadə üçün yararlı olması, o cümlədən onun istifadəsində olmuş mobil telefona baxış keçirilərkən narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısı ilə bağlı çoxsaylı yazılı və səsli mesajların aşkar edilməsi onu təsdiq edir ki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuş, habelə o, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Məhkəmə belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilərkən aşkar edilmiş çoxsaylı yazılı və səsli mesajların aşkar edilməsi məsələsinə xüsusilə diqqət yetirmişdir. Belə ki, həmin yazılı mesajların birinin məzmunundan açıq-aşkar görünür ki, ibtidai istintaq orqanına şəxsiyyəti məlum olmayan bir nəfər şəxs Təqsirləndirilən şəxs mobil nömrəsinə yazılı mesaj yazaraq və həmin mesajda təqsirləndirilən şəxsin adını qeyd etməklə təqsirləndirilən şəxsə müvafiq məbləğdə pul vəsaitini ödəməsi müqabilində dövriyyəsi ölkədə qadağan edilmiş psixotrop maddə almaq istədiyini bildirmişdir («İsimxan yeke oğlansan (nalayiq ifadə) dolamada 18 manatim var gelim bır yari birde patı ver mene»). Qeyd edilən məzmunda mesaj artıq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmuş, həmçinin başqa şəxslər bu barədə məlumatlı olduğundan ona müxtəlif vaxtlarda müraciət edərək müxtəlif pul məbləğlərinin qarşılığında müxtəlif növdə/çəkidə narkotik vasitələr və psixotrop maddələr almaq arzusunda olmuşlar. Əks nəticəyə gəlmək üçün məhkəmə araşdırması zamanı başqa hal müəyyən edilmədi. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,700 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 4,532 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk, "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd disk, 1 (bir) ədəd 3,05 QB həcmli elektron məlumat daşıyıcısı qurğusu - “DVD-R” tipli optik disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Mi 8 Lite” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 161 (yüz altmış bir) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 161 (yüz altmış bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,700 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 4,532 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk, "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd disk, 1 (bir) ədəd 3,05 QB həcmli elektron məlumat daşıyıcısı qurğusu - “DVD-R” tipli optik disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Mi 8 Lite” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 161 (yüz altmış bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar