Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1703/2024 22.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1995-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, ailəli, himayəsində 2015 və 2017-ci il təvəllüdlü uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən şəhəri M.Ə.Sabir küçəsi ev 70-də qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu 72-ci Binə küçəsi ev 193-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satışı həyata keçirmək üçün şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 08 yanvar 2024-cü il tarixdə axşam saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən naməlum şəraitdə sonuncu tərəfindən gizlədilmiş Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsində “Simfoniya” adlı şadlıq sarayının yaxınlığında kafenin yanındakı ağacın dibində bir ədəd bağlamada külli miqdarda təmiz çəkisi 2040 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, 08 yanvar 2024-cü il tarixdə saat 23:30 radələrində, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu “Simfoniya” adlı şadlıq sarayının yaxınlığında, saxlanılaraq həmin polis idarəsinin inzibati binasına gətirilmiş, 09 yanvar 2024-cü il tarixdə saat 00:50-də üzərində axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin içəri hissəsində şalvarın qarın nahiyəsinə keçirilən üzəri sarı rəngli yapışqan lentlə bağlanmış bir ədəd bağlamanın içərisində külli miqdarda təmiz çəkisi 2040 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü əslən Siyəzən rayonundandır, lakin hal-hazırda Bakı şəhəri, Sabunçu rayonunda ailəsi ilə birlikdə yaşayır. İki azyaşlı övladı vardır. O, heç bir yerdə işləməmiş, təxminən iki ildir ki, narkotik vasitə olan «kakosdan», yəni heroindən istifadə etmişdir. Heroini Bakı şəhərində tanımadığı ayrı-ayrı şəxslərdən alaraq əldə etmişdir. Mehdi adlı İİR-sı vətəndaşını tanımamışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında növbəti dəfə şəxsi istifadəsi üçün özünə «kakos» sifariş vermiş, həmin şəxslə Binəqədi rayonu ərazisində olan “Simfoniya” adlı şadlıq sarayının yanında görüşməli idi, lakin ona malı satan şəxs onu həmin ərazidə xeyli müddət gözlətmişdir. Narkotiki ona satacağı şəxsi gözləyən zaman polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşlarının maşınına mindirilmiş, orada polis əməkdaşları şalvarının bel hissəsinə bir büküm yerləşdirib həmin bükümü şöbədə üzərinə baxış zamanı təqdim etməsini tələb etmişlər. Şöbəyə gətirildikdə ona hətta istifadə etmək üçün narkotik də vermişlər. Həmin narkotiki çəkmə üsulu ilə qəbul etmiş və yuxulamışdır. Bundan sonra polis əməkdaşları onu qara rəngli «Sedan» tipli maşina əyləşdirib şəhəri gəzdirmişlər. Bu zaman maşının şüşələri açıq olmuşdur ki, hava ona dəysin və tez ayılsın. Bundan sonra onu polis şöbəsinə gətirmişlər və orada onu tanımadığı əməkdaşlar döymüşlər. Bundan sonra polislərin ona verdikləri sellofanda olan narkotik vasitəni o, üzərinə baxış zamanı özünə məxsus narkotik kimi təqdim etmiş, həmin narkotiki İİR-sı vətəndaşı Mehdi adlı şəxsdən əldə etdiyini etiraf etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, hətta müstəntiqə həqiqəti danışdıqda belə sonuncu buna əhəmiyyət verməyərək onun ifadəsini öz bildiyi kimi yazmışdır. Onu da qeyd etmək istəyir ki, narkotikdən asılılıqdan xilas olmaq üçün müalicə də almış, lakin bacara bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, iki azyaşlı övladları vardır. Təqsirləndirilən şəxs şadlıq sarayında anbardar işləyərək ailəni dolandırırdı. Fərid narkotik vasitə istifadəçisi olmuş, onu müalicə etmək məqsədilə Bakı və Mahaçqala şəhərlərində narkoloji dispanserlərdə müalicə etdirsələr də nəticəsi olmamışdır. 08 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Fərid özünə 3 qram narkotik əldə etmək üçün taksi ilə Binəqədi rayonuna getmiş, ona zəng etdikdə zənginə cavab verməmiş, həmin gecə evinə gəlməmişdir. Sonra polisdən məlumat vermişlər ki, Fərid 2 kq heroinlə tutulmuşdur. Əri narkoman olsa da narkotik satışı ilə məşğul olmamışdır, o, buna inanmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon polis idarəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş, hal-hazırda Nəqliyyatda Baş Polis İdarəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, 08 yanvar 2024-cü il tarixdə Binəqədi rayon polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur ki, Dadaşov X8 rayonu ərazisində olan “Simfoniya” adlı şadlıq sarayının yanından zakladka yerindən narkotik vasitə götürməlidir. Daxil olmuş məlumatla əlaqədar tədbirin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan və həmkarı cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Aldıqları məlumat əsasında həmin gün saat 23 radələrində Bakı şəhəri Binəqədi rayonu “Simfoniya” adlı şadlıq sarayının ərazisini nəzarətə götürmüş, həmin vaxtda Təqsirləndirilən şəxs şadlıq sarayının ətrafında olduğunu, ağacın dibindən nə isə götürüb uzaqlaşdıqda onu saxlayıb şəxsiyyətini müəyyənləşdirdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün polis idarəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlara tabe olmuşdur. Polis idarəsində Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmiş, sonuncu vəkil dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlamış və üzərinə baxış keçirmişdir. Həmin baxışda o və həmkarı Şahid2 iştirak etmişlər. Polis əməkdaşı Elvin Bəylərbəyov isə “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçının üzərində olan əşyaları təqdim etmək təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin altından şalvarın yuxarı hissəsindən üzəri lentlə yapışdırılmış bir ədəd bağlamanı çıxarıb masanın üzərinə qoymuş, həmin büküm açıldıqda orada heroinə bənzər narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bağlamada olan maddənin “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu, narkotiki İİR-sı vətəndaşının yerini deməsi ilə Binəqədi rayonu ərazisində yerləşən «Simfoniya» şadlıq sarayının yaxınlığındakı ağacın dibindən götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bağlama kağız paketə qablaşdırılmış, möhürlənmiş və baxışın iştirakçıları tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən heç bir təzyiq və təsir olmadan imzalamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı, idarəyə gətirildiyi zaman, həmçinin idarədə olduğu zaman ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilərək müəyyən olunmuşdur ki, o, şahid qismində dindirilmiş X6 məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi RPİ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 xx.xx.2024cü il tarixli raportundan müəyyən olunur ki, ona Bakı şəhəri Xəzər rayonu, Binə sovxozunda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli “əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, onun olduğu yerin və nəqiliyyat vasitəsinin müşahidəsi aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərinə şəxsi axtarış aparılması, aşkar edilmiş əşyalara baxış keçirilməsi, nəqiliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerinə baxış keçirilməsi qət olunmuş, qrupa rəhbər kimi Bakı şəhəri Binəqədi RPİnin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, qrupa üzv kimi isə Bakı şəhəri Binəqədi RPİ-nin CA üzrə kiçik inspektoru polis baş serjantı Şahid2 təyin edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi, Simfoniya şadlıq sarayının yaxınlığında saat 23:30 radələrində saxlanılaraq Bakı şəhər Binəqədi RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilinərəl tutulmuş, onun tutulduğu vaxtın başlanğıcı isə azadlığının faktiki olaraq məhdudlaşdırıldığı və polis əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi RPİ-nə gətirildiyi 08 yanvar 2024-cü il saat 23:30-dan hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ərizəsindən müəyyən olunur ki, o, ona təqdim edilmiş müdafiəçinin iştirakı olmadan üzərinə keçiriləcək şəxsi axtarış və götürmə aparılmasına etiraz etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürülmə istintaq hərəkəti saat 00:50-dən saat 01:20-ə qədər davam etmiş və video çəkilişdən istifadə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunduqdan sonra o, əynində olan qara rəngli gödəkçənin içərində qarın nahiyyəsində 01 ədəd qara sellofana bükülmüş üzərində sarı skoçla sarılmış, iri həcmli bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 01 ədəd qara sellofana bükülmüş bükümün içərisində vasitənin kakos (heroin) olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni istifadə etməsini, həmin bükümü xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində öz istifadəsi üçün adını bilmədiyi İİR-nın vətəndaşının ona bildirdiyi yerdən Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, “Simfoniya” şadlıq sarayının yaxınlığından ağacın dibindən götürərək üzərində gəzdirdiyini bildirmişdir. Tərtib olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol təhqiqatçı tərəfindən ucadan elan edilmiş, iştirakçılar tərəfindən protokola əlavə və qeydlər daxil edilməmiş və onların imzaları ilə təsdiq edilmişdir. Məhkmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs izahatından müəyyən olunur ki, o, xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində İİR vətəndaşı olan sosial şəbəkədə tanış olduğu adını bilmədiyi şəxsin onun telefonuna göndərdiyi konum əsasında Bakı şəhəri, Binəqədi rayonu, Türk PA deyilən yerin yaxınlığında iki bükümdə içərisi heroinlə dolu olan qara paketi ağacın dibindən götürüb gödəlçəsinin iç hissəsində qarın nahiyyəsinə yerləşdirmiş, həmin yerdən bir az qabağa “Simfoniya” şadlqı sarayının yaxınlığına gəlmiş və həmin vaxt ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq onu oradan Bakı şəhəri Binəqədi RPİ-nə aparmışlar. Orada üzərinə baxış keçirilmiş və o gödəlçəsinin iç hissəsində qarın nahiyyəsinə yerləşdirdiyi narkotik vasitə olan heroini təqdim etmişdir. Saxlanıldığı zaman ona qarşı heç bir mənəvi və fiziki zor tətbiq olunmamış, təqdim etdiyi narkotikə görə İİR-ı vətəndaşına heç bir məbləğ ödəməmiş, həmin narkotiki iranlının dediyi yerə yerləşdirməli idi. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçsinini iştirakı ilə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi və xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində izahatında verdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 4(001)- 12/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməməsini xahiş etsə də, ona qarşı hər hansı fiziki zor və təzyiq barədə şikayət təqdim etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/81 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 172” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2040 qram (2 kq 40 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 2040 qr, tədqiqata sərf edildi: 0,2 qr, qalıq: 2039,8 qr. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2024-cü il tarixli 892 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatriya ekspertizasının 19 fevral 2024-cü il tarixli 440 nömrəli rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamış, o anlaqlıdır Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazrıki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyl qeyd olunmur. Bununla yanaşı Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalan danışması və yaxud hadisələri təhrif etməsi mümkündür. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib satışı həyata keçirmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi istintaqa məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2039,8 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Şəxsi axtarış və götürməni əks etdirən CD disk və məhkəmənin qərarı əsasənda "xxxx" Telekom MMC-dən əldə edilmiş məlumatlar sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və https://www.google.com/maps/ internet səhifəsindən (çıxarış cinayət işinə əlavə edilir) müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsində yerləşən “Simfoniya” adlı şadlıq sarayı Bakı şəhəri Nərimanov və Binəqədi rayonlarının bitişik ərazisində yerləşməklə Təqsirləndirilən şəxs saxlanıldığı ərazinin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi ərazisində olması cinayət işinin halları ilə ziddiyət təşkil etmir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli “əməliyyat tapşırığından” müəyyən olunur ki, əməliyyat tapşırığı nəticəsində həyata keçiriləcək olan tədbirlər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, aşkar edilmiş heroini onun satmaq məqsədinin olub-olmaması müəyyən edilməsi məqsədi güdmüşdür. Belə ki, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin 46-2/2-764/24 saylı xx.xx.2024-cü il tarixli əməliyyat tapşrığından müəyyən olunur ki, Təqsirləndirilən şəxs həm heroin istifadə edir və satışı ilə məşğul olur, o, üzərindən aşkar edilmiş heroini satmaq, həmdə istifadə etmək üçün əldə etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs səciyyələndirən sənədlərdən müəyyən olunur ki, o, xx xxxx 1995-ci ildə Siyəzən şəhərində anadan olmuşdur, evlidir, ailə tərkibi həyat yoldaşı Şahid3 və iki azyaşlı uşağından, yəni 14 dekabr 2015-ci il təvəllüdlü qızı X5 və 09 fevral 2017-ci il təvəllüdlü oğlu X7 ibarətdir. Siyəzən şəhəri M.Ə.Sabir küçəsi ev 70-də qeydiyyatdadır, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu 72-ci Binə küçəsi ev 193-də yaşaması və yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 fevral 2024-cü il tarixli tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, baxış və götürmə protokolu, ekspertiza rəyləri, anten məlumatlar və eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 08 yanvar 2024cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2039,8 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürməni əks etdirən CD disk və məhkəmənin qərarı əsasənda "xxxx" Telekom MMC-dən əldə edilmiş məlumatlar sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 360 AZN (üç yüz altmış) manat pul Bakı şəhəri 26 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2039,8 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürməni əks etdirən CD disk və məhkəmənin qərarı əsasənda "xxxx" Telekom MMC-dən əldə edilmiş məlumatlar sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 360 AZN (üç yüz altmış) pul Bakı şəhəri 26 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1703/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1703/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver