Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1705/2023 13.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən X6, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, X1, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs İbadova (Yaprak) Könül Aydın qızının iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan (yaşayan), barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş İbadova (Yaprak) Könül Aydın qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbadova (Yaprak) Könül Aydın qızı 29 mart 2023-cü il tarixdə saat 12:00 radələrində yaşadıqları ünvan 1 ünvanında əvvəllər yaşadıqları Türkiyəyə qayıtmaq təklifinə etiraz etməsi səbəbindən ailə- məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı ünvanına nalayiq ifadələr işlətməsi, eləcə də baş və sifət nahiyəsinə əli ilə vurmaqla döyməsindən əsəbiləşərək mətbəxdən götürdüyü istintaqla müəyyən edilməyən bıçaqla həyat yoldaşı Zərərçəkmiş şəxs Mustafaya qarın nahiyəsinə bir dəfə zərbə endirərək qaraciyərin zədələnməsinə səbəb olan qarının sağ yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş İbadova (Yaprak) Könül Aydın qızı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxsla Türkiyədə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan iki övladları var, həyat yoldaşı Zərərçəkmiş şəxsla münasibətləri həmişə normal olub, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı və azyaşlı övladları ilə birlikdə Bakı şəhərinə gəlmiş, birlikdə valideynlərinin evində, ünvan 1 ünvanında yaşamışlar. 29 mart 2023-cü ii tarixdə həmin evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ondan Türkiyəyə qayıtmaqlarını tələb etmiş, o isə öz növbəsində etirazını bildirdiyimə görə aralarında ailə-məişət zəminində sözlə mübahisə yaranmışdır. 3 il Bakıya gəlmədiyinə görə, daha artıq qalmaq istədiyi üçün ərinə demişdir ki, “sən getmək istəyirsənsə get, işlərindən qalma, mən burda uşaqlarla yay tətilini keçirdim, daha sonra gələrik.” Muhlis onu övladlarını götürüb özü ilə Türkiyəyə aparacağı ilə hədələmiş əli ilə onu bir neçə dəfə sillə ilə vurmuş, onu təhqir etmiş, ona demişdir ki, “sən qalmaq istəyirsən istədiyin qədər qal, mənim uşaqlarım Türkiyə vətəndaşlarıdır, mən onları götürüb aparacağam, onların üzlərini bir daha görməyəcəksən.” Sonra Muhlis uşaqların əşyalarını çamadanlara yığmağa başlamış, uşaqların sənədlərini götürmüşdür. Könül onun uşaqlarını götürüb Türkiyəyə aparmasından sonra üzlərinin ona göstərməyəcəyindən qorxmuşdur. Buna görə də Muhlisi qorxutmaq məqsədi ilə mətbəx bıçağını sağ əli ilə götürüb demişdir ki, “Uşaqlarımı aparsan özümə zərər verəcəyəm.” Bu zaman mətbəxə anası gəlmiş, əlində bıçağı görüb qışqırmışdır. Onun səsinə Muhlis də gəlmiş və mətbəx bıçağını onun əlindən almağa çalışmışdır. O bıçağı buraxmamış, o bıçaq olan əlini öz tərəfinə çəkib bıçağı onun əlindən almağa çalışanda əlini var qüvvəsi ilə özünə tərəf çəkəndə onun əli boşalmış, əlindəki bıçaq Muhlisin qarnının sağ tərəfinə girmışdır. O, qanı görmüş, həyacanlanmış, özünü itirmişdir. Dərhal tampon eləmiş və ona ilkin tibbi yardım göstərib X16 Stansiyasına zəng edib, həkim çağırmışdır. Özü də xəstəxanaya onunla getmişdir. Hadisə ehtiyatsızlıqdan baş vermişdir. Aralarında əvvəllər böyük mübahisələr olmayıb, sevib evlənmişlər. Hazırda zərərçəkmişlə barışmışdır, zərərçəkmişin ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən bu halların, o cümlədən himayəsində azyaşlı uşaqların olmasının və zərərçəkmiş şəxslə ər-arvad olmalarının nəzərə alınmasını xahiş edir. İbtidai araşdırma zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda həmin evdə yaşadığını, 2018-ci ilin yanvar ayının əvvəllərində sosial şəbəkə vasitəsi ilə Türkiyə vətəndaşı Zərərçəkmiş şəxs Mustafa ilə tanış olduğunu və aralarında səmimi münasibətlər yarandığını, xx.xx.2018-ci il tarixdə Türkiyənin Yalova şəhərində Zərərçəkmiş şəxsla rəsmi nikaha daxil olduqlarını və həmin şəhərdə yaşadıqlarını, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Azra Yaprak və xx.xx.2021-ci il təvəllüdlü X13 adlı övladlarının olduğunu, həyat yoldaşı Zərərçəkmiş şəxsla münasibətlərinin həmişə normal olduğunu, xx.xx.2023-cü il tarixdə onun sənədlərini qaydaya salmaq və gəzmək məqsədi ilə həyat yoldaşı və azyaşlı övladları ilə birlikdə Bakı şəhərinə gəldiklərini, birlikdə valideynlərinə məxsus ünvan 1 ünvanında yaşadıqlarını, 29 mart 2023-cü ii tarixdə, saat 12:00 radələrində yaşadıqları həmin evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ondan Türkiyəyə qayıtmalarını tələb etdiyinə etirazım bildirdiyinə görə aralarında ailə-məişət zəminində sözlə mübahisə yarandığını, Zərərçəkmiş şəxs onu övladlarını götürüb özü ilə Türkiyəyə aparacağı ilə hədələdiyini, bu zaman sonuncunun heç bir səbəb olmadan əli ilə onun baş və sifət nahiyələrinə bir neçə dəfə sillə vurduğunu, Zərərçəkmiş şəxsı sakitləşdirməyə çalışmağına baxmayaraq buna nail ola bilmədiyinə görə mətbəxə keçdiyini, Zərərçəkmiş şəxs sakitləşməyib onu təhqir edərək mətbəxə daxil olduğunu, sonuncunu qorxutmaq məqsədi ilə mətbəx bıçağı sağ əli ilə götürüb ona yaxın gəlməməsini tələb etdiyini, bu zaman hər iki azyaşlı övladlarının onun yanına gəlib ağladıqlarını, Zərərçəkmiş şəxs onun üstünə hücum edərək uşaqları zorla aparmaq istədiyini, həmin vaxt sağ əlində olan mətbəx bıçağının Muhlis Yaprağın qarnının sağ tərəfinə nüfuz etdiyini, dərhal ona ilkin tibbi yardım göstərib X16 Stansiyasının həkim briqadasını hadisə yerinə dəvət etdiyini, həyat yoldaşı Zərərçəkmiş şəxsla əvvəllər aralarında bir neçə dəfə yalnız sözlə mübahisələr olduğunu, qeyd edilən hadisə vaxtı çox həyacanlı olduğuna görə hadisəni törətdiyi mətbəx bıçağını hara atdığını xatırlamadığını, hadisənin yaşadıqları ünvan 1 ünvanında baş verdiyini, həmin vaxt evdə özü, həyat yoldaşı Zərərçəkmiş şəxs, anası Şahid və azyaşlı övladlarının olduğunu, hadisənin evin daxilində baş verdiyinə görə hadisənin başqa şahidlərinin olmadığını, həyat yoldaşı Zərərçəkmiş şəxsı öldürmək, eləcə də ona xəsarət yetirmək niyyətinin olmadığını və polis əməkdaşları tərəfində ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Muhlis(adı) Yaprak(soyadı) Mustafa oğlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxslə birgə nikahdan 2 övladları var. Könüllə münasibətləri həmişə normal olub, xx.xx.2023-cü il tarixdə Könül və azyaşlı övladları ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Qaynanasıgildə qalmışlar. Onun Türkiyədə işləri olduğu üçün ora qayıtmalıymış. Könül onunla birlikdə Türkiyəyə qayıtmaq istəməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində qaynanasının evində Türkiyəyə qayıtmaqlarını tələb etdiyinə etirazını bildirdiyinə görə Könüllə aralarında mübahisə yaranmış bu zaman övladlarını götürüb özü ilə Türkiyəyə aparacağını bildirmişdir. Könül ona demişdir ki, “sən get, mən burda qalacam, yayı burda keçirəcəyəm.” O da bu səbəbdən əsəbləşib Könülə əli ilə sillə vurmuş, Könül mətbəxə keçmiş, o da uşaqların paltarlarını çamadana yığmaq üçün yataq otağına keçmişdir. Bir də eşitmişdir ki, qaynanası qışqıraraq onu çağırır. O da tez mətbəxə gəlmişdir. Görmüşdür ki, Könül əlinə mətbəxdəki bıçaq götürüb özünə zərər yetirmək istəyir. Könül mətbəx bıçağını sağ əlində tutub ona yaxın gəlməməyini tələb etmişdir. O, Könülün əlindən tutmuş və qarşılıqlı dartışmışlar. O, Könülün bıçaq olan əlindən tutub var gücü ilə özünə tərəf çəkib bıçağı onun əlindən almaq istəmişdir. Bu vaxt bıçaq onun qarnına keçmişdir. Könül dərhal ona ilk tibbi yardım göstərmiş və X16 çağırmışdır. Bir yerdə xəstəxanaya getmişlər. Əvvəllər Könüllə xırda münaqişələri olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışdığını ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin təqsirləndirilən şəxslə ər-arvad olmalarının nəzərə alınmasını xahiş edir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdir ki, Könüllə xx.xx.2018-ci il tarixdə Türkiyənin Yalova şəhərində rəsmi nikaha daxil olmuşlar və birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Azra Yaprak və xx.xx.2021-ci ii təvəllüdlü X13 adlı övladları anadan olmuşdur. Həyat yoldaşı Könül (Yaprak) İbadova ilə münasibətlərinin həmişə normal olmuşdur. xx.xx.2023cü il tarixdə sonuncunun sənədlərini qaydaya salmaq və gəzmək məqsədi ilə azyaşlı övladları ilə birlikdə Bakı şəhərinə gəlmiş və Könül (Yaprak) İbadovanın valideynlərinə məxsus ünvan 1 ünvanında yaşamışlar. xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində yaşadıqları həmin evdə Türkiyəyə qayıtmalarını tələb etməsinə etirazını bildirdiyinə görə həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə-məişət zəminində sözlə mübahisə yaranmışdır. Bu zaman o, övladlarını götürüb özü ilə Türkiyəyə aparacağını bildirmiş, Könül isə buna etiraz etmiş, bu səbəbdən əsəbiləşərək Təqsirləndirilən şəxs əli ilə sillə vurmuşdur. Sonuncu uzaqlaşmaq məqsədi ilə mətbəxə keçmişdir. O da Könülün arxasıyca mətbəxə daxil olduğu vaxt Təqsirləndirilən şəxs mətbəx bıçağını sağ əli ilə götürüb ona yaxın gəlməməyi tələb etmişdir. Könülün əlindən tutmuş və qarşılıqlı dartışmışlar. Bu zaman qəfildən əyilib Könülün arxasında dayanmış azyaşlı övladını götürmək istəmişdir. Həmin an həyat yoldaşı Təqsirləndirilən şəxs əlindəki mətbəx bıçağı ehtiyatsızlıqdan 01 dəfə onun qarın nahiyəsinin sağ tərəfinə nüfuz etmiş, Təqsirləndirilən şəxs dərhal ona ilk tibbi yardım göstərmiş və X16 Stansiyasının həkim briqadasını hadisə yerinə dəvət etmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi mətbəx bıçağının harada olmasını bilmir. Qeyd edilən hadisənin yaşadıqları ünvan 1 ünvanında baş verdiyinə görə hadisənin başqa şahidləri yoxdur. Həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Könüllə barışmışdır, onun barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qızıdır, Zərərçəkmiş şəxslə ailə həyatı quraraq Türkiyədə yaşayır, bu nikahdan 2 övladları var. Mart ayının əvvəllərində Könül həyat yoldaşı Zərərçəkmiş şəxs və azyaşlı övladları ilə birlikdə Bakıya onun evinə gəlmişdir. 29 martda Muhlis uşaqlarını götürüb Türkiyəyə qayıtmaq istəyindən Könüllə aralarından mübahisə yaranmış və mübahisə zamanı Muhlis Könülə demişdir ki, əgər Könül getməsə özü uşaqları da götürüb gedəcəkdir. Bu zaman isə Könül qışqırmış və özünü öldürəcəyini bildirmişdir. Qışqırıq səsinə Muhlis də gəlmiş, Könülün əlindəki bıçağı əlindən almaq istəyərkən Könülün əlindəki bıçaq Muhlisin qarnının sağ yan tərəfindən dəymişdir. Bundan sonra Könül dərhal Muhlisə ilk tibbi yardım göstərmişdir. Şahid əlavə olaraq bildirmişdir ki, bıçağın Muhlisə dəyməsinin şəxsən şahidi olmuş və hadisədən sonra Könül həyacanlı şəkildə ağlayaraq həyətə onun yanına gəlib Muhlisin yaralandığını bildirmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, qızı Təqsirləndirilən şəxs 2018-ci ildə Türkiyə vətəndaşı Zərərçəkmiş şəxs Mustafa ilə ailə həyatı quraraq Türkiyədə yaşadıqlarını, onların bu nikahdan 2 azyaşlı övladlarının olduğunu, xx.xx.2023-cü il tarixdə qızı Təqsirləndirilən şəxs sənədlərini düzəltmək və gəzmək məqsədi ilə həyat yoldaşı Zərərçəkmiş şəxs və azyaşlı övladları ilə birlikdə Bakı şəhərinə gələrək ona məxsus ünvan 1 ünvanında yaşadıqlarını, xx.xx.2023cü il tarixdə, səhər saatlarında Könül və Muhlisin digər otaqda ailə-məişət zəminində mübahisə etdiklərini eşitdiyini, təxminən 2-3 dəqiqə sonra Könülün onu çağırıb əlində olan mətbəx bıçağının təsadüfən Muhlisin qarın nahiyəsinə nüfuz etdiyini bildirdiyini, Könülün dərhal Muhlisə ilk tibbi yardım göstərib X17 Stansiyasının həkim briqadasını dəvət etdiyini, qeyd edilən hadisə vaxtı qızı Təqsirləndirilən şəxs həyəcanlı olduğundan həmin mətbəx bıçağını hara atdığını bilmədiyini, onların arasında mübahisə baş verən zaman evin digər otağında olduğundan Muhlisin Könülü vurmasını görmədiyini, qeyd edilən münaqişə yaşadıqları evdə baş verdiyini və təxminən 2-3 dəqiqə davam etdiyini, eləcə də hadisə yerinə digər şəxslərin toplaşmadıqlarını bildirmişdir. Bundan sonra onu xəstəxanaya aparmışlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Türkiyə Respublikasının vətəndaşı X4 qarnının kəsilmiş və deşilmiş yarası ilə əlaqədar olaraq Polis Bölməsinə məlumat daxil olmuşdur. “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X14 xx.xx.2023-cü il tarixli, 656 nömrəli Ekspert Rəyində qeyd olunmuşdur: Zərərçəkmiş şəxs qaraciyərin zədələnməsinə səbəb olan qarının sağ yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2023cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X14 Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 646 nömrəli Ekspert Rəyində qeyd olunmuşdur: İbadova (Yaprak) Könül Aydın qızında sağ saidin sıyrıqlı qançırı və sol baldırın qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənə bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, İbadova (Yaprak) Könül Aydın qızı istintaqda verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisəni əyani şəkildə göstərmişdir. Protokola ifadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər əlavə olunmuşdur. İş materiallarında olan sənədlərdə (kserosurət) qeyd olunmuşdur ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs Türkiyə Respubliksanıda nikaha daxil olublar və 2 azyaşlı övladları var. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs ifadələrində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirmək istəmədiyini və ehtiyatsızlıq nəticəsində zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirildiyini bildirsələr də, həmin dəlillərin yoxlanılması zamanı bu dəlillər iş materiallarından olan ifadələr, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri həmin xüsusatlar işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onların ifadələrinin həmin hissəsini (xüsusatı) təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımaqla onun cinayət məsuliyyətindən yayındırılması və məsuliyyyətinin yüngülləşdirilməsi məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir və ibtidai araşdırma zamanı verilmiş ifadələrinin hadisənin baş vermə (başlama və davam etmə) mexanizminə daha uyğun olmaqla mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadələri həmin hissədə daha mötəbər, əsaslı və həqiqəti əks etdirən ifadələr kimi qiymətləndirir. Bundan əlavə, məhkəmə istintaqı zamanı Şahid ifadəsində hadisə zamanı kürəkəni Muhlisin qızı Könülün əlindəki bıçağı sonuncunun əlindən almaq istədiyi zaman bıçağın Muhlisin qarnının sağ yan tərəfinə dəydiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı şahidin gətirdiyi bu dəlillər iş materiallarından olan ifadələr, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid ibtidai araşdırma zamanı verdiyi ifadəsindən fərqli ifadə verərək hadisənin bilavasitə şahidi olduğunu və bıçağın Muhlisə dəyməsini gördüyünü bildirsə də, məhkəmə iclasında verilən suala cavab olaraq isə bildirmişdir ki, qızı Könül baş vermiş bu hadisədən sonra həyətə onun yanına gələrək Muhlisin yaralandığını demişdir. Şahidin ibtidai araşdırma və məhkəmə istintaqı dövründə verdiyi ifadələri arasında (yuxarıda qeyd olunan hissədə) ziddiyyətlər olduğundan ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid ifadəsinin ziddiyyətlə bağlı hissəsində bir daha bildirmişdir ki, Muhlisə bıçaq dəyəndə o, da orda olub və bıçağın Muhlisə dəyməsini görüb. Qızı Könül isə baş vermiş bu hadisədən sonra həyətə onun yanına gələrək Muhlisin yaralandığını demişdir. İbtidai istintaq zamanı isə ifadəsini oxumadan imzaladığını bildirərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Lakin hadisə baş verən zaman hadisənin bilavasitə şahidi olduğu bir halda hadisədən sonra qızı Könülün həyətə onun yanına gələrək Muhlisin yaralandığını ona xəbər verməsinin (deməsinin) hansı zərurətdən irəli gəldiyini izah edə bilməmişdir. Bundan əlavə məhkəmə xüsusilə qeyd etmək istəyir ki, “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan da görünür ki, İbadova (Yaprak) Könül Aydın qızı istintaqda verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisəni əyani şəkildə göstərmişdir. Məhkəmə hesab edir ki, şahidin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi həmin xüsusatlar işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadəsinin həmin hissəsini (xüsusatı) təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımaqla onun cinayət məsuliyyətindən yayındırılması və məsuliyyyətinin yüngülləşdirilməsi məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir və ibtidai araşdırma zamanı verilmiş ifadənin hadisənin baş vermə (başlama və davam etmə) mexanizminə daha uyğun olmaqla mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni həmin hissədə daha mötəbər, əsaslı və həqiqəti əks etdirən ifadələr kimi qiymətləndirir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi, istintaq hərəkətlərinin ptotokolları, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və ekspertiza rəyi ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olubolmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, İbadova (Yaprak) Könül Aydın qızı ünvan 1 ünvanında ailə-məişət münasibətləri zəminində həyat yoldaşının onu Türkiyə Respublikasına qaytarmaq istəməsi səbəbi ilə aralarında yaranmış mübahisə zamanı ünvanına nalayiq ifadələr işlətməsi, eləcə də baş və sifət nahiyəsinə əli ilə vurmaqla döyməsindən əsəbiləşərək mətbəxdən götürdüyü istintaqla müəyyən edilməyən bıçaqla həyat yoldaşı Zərərçəkmiş şəxs Mustafaya qarın nahiyəsinə bir dəfə zərbə endirərək qaraciyərin zədələnmisinə səbəb olan qarının sağ yan divarının qarın boşluğuna nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlağına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və İbadova (Yaprak) Könül Aydın qızının törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarından görünür ki, İbadova (Yaprak) Könül Aydın qızının 2018 və 2021-ci il təvəllüdlü iki azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, təqsirləndirilə şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamaqla onunla barışmasını, təqsirini qismən boynuna almasını, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qadın olmasını, cinayətin hadislərin təsadüfi axarı zəmnində zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən halların məcmusunu və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə görə isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların məcmusunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarında olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sabunçu Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində müddətin əvvəli 31 mart 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, sonra isə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, İbadova (Yaprak) Könül Aydın qızı ibtidai araşdırma dövründə 2 gün müddətində tutulmuş, 3 ay müddətində isə ev dustaqlığında olmuşdur. (ümumilikdə 3 ay 2 gün) “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə dəyişdirilməli (əvəz edilməli) və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: İbadova (Yaprak) Könül Aydın qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 01 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən (daimi) yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun (daimi) yaşadığı yer üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1705/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1705/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver