Məhkəmə qərarları › İş №1(101)-1706/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1706/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1706/2022 25.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs 1 yanvar 2022-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanın qarşısında olduğu zaman bir müddət bundan əvvəl qonşuluqda yaşayan Zərərçəkmiş şəxs sonunsuya əxsus “Niva” markalı avtomobilini ona məxsus qarajın önündə park etməsi zəminində sonuncu ilə aralarında yaranmış münaqişə zamanı anası və azyaşlı uşağının gözləri qarşısında Zərərçəkmiş şəxs ilə qardaşı Şahid1 tərəfindən döyülməsi və Zərərçəkmiş şəxs ona yaxınlaşaraq istehza ilə avtomobilini bundan sonra da ona məxsus qarajın önündə park edəcəyini bildirməsi səbəbindən başı ilə sonuncunun üz nahiyəsindən vurmuş, Zərərçəkmiş şəxs müdafiə etmək istəyən Şahid1 əlindən sonuncuya məxsus soyuq silah hesab edilən bir ədəd qatlanan tipli ov bıçağını alaraq həmin bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vurmaqla sonuncuya ağır xəsarət yetirmiş qarının sağ qabırğa altı nahiyəsində olan, qarın boşluğuna nüfuz edən, qaraciyərin diafraqma səthini zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara ilə müşaiyət olunan, Zərərçəkmiş şəxs sağlamlığının uzun müddət pozulmasına səbəb olan və dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yeni Yasamal rayonunda ərzaq mağazası işlətmiş və yaşadığı məhəllədə binanın qarşısında özünə məxsus olan qarajı anbar kimi istifadə etməklə, mağazanın ərzaqlarını orada saxlamışdır. 2021-ci ilin noyabr ayının sonlarında yaşadığı evin eyvanından baxakən, qarajın giriş qapısının qarşısında “Niva” markalı avtomobilin dayandığını və qaraja giriş yolunu bağladığını görmüşdür; qarajdan ərzaq məhsullarını çıxarmağın mümkün olmayacağını nəzərə alaraq, həmin vaxt məhəllədə olan bir azyaşlı uşaqdan həmin “Niva” markalı avtomobilin sahibini tapmağı və qarajın qabağından avtomobili çəkməyi deməsini xahiş etmişdir. Həmin uşaq onun xahişini yerinə yetirərək avtomobilin sahibini tapmış, təxminən 1 saat 30 dəqiqə sonra qarajın qarşısına bir nəfər yaxınlaşıb: “Bu məhəllə mənim də məhəlləmdir”,- deməklə deyinməyə başlamış və həmin vaxt evdə olduğu üçün sonuncunun dediklərini eşitmişdir. Eyvanda olan anası həmin şəxsə müraciət edərək: “Oğlum, axı sənə deyilmişdi ki, orada maşın saxlama”,- demiş və cavabında həmin şəxs anasına: “Az bildik də, gir içəri, qarğa kimi az dırılda”,- demişdir. O, bunu eşidib əsəbiləşərək eyvana çıxıb anasına evə keçməyi demiş və həmin şəxsin anası ilə bu cür danışmağına və maşını qarajın qabağında saxlamaması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq buna məhəl qoymadığına iradını bildirmiş və: “Elə etmə ki, bir gün gəlib maşınının təkərini boşaldım”,- demişdir. Həmin şəxs cavabında: “Balkondan çox şey deyə bilərsən, gəl düş aşağı görüm təkəri necə boşaldacaqsan”,demiş, bundan sonra paltarını geyinib məhəlləyə düşmüş və həmin şəxsə yaxınlaşarkən sonuncu telefonla kiminləsə: “Burdayam, məhəlləmizdə, nə vaxta gəlirsiz?”,- deyə danışmışdır. Sonuncuya yaxınlaşdıqda həmin şəxs: “Hə, nə deyirdin balkondan? İndi təkərimi boşalt görüm necə boşladırsan?”,- demiş, cavabında həmin şəxsə: “Yaşda məndən kiçiksən, belə danışmağın və hərəkətlər etməyin doğru deyil, qaraj sənədlə mənimdir, oradan mağaza üçün mal çıxarıram və avtomobilin də mənə mane olur”,demişdir. Həmin şəxs məhəllədə yaşadığını və harada istəyir orada maşını saxlaya bilməcəyini demişdir. Bu zaman onun arxasınca evdən 12 yaşlı oğlu və anası gəlmiş, həmin şəxs məhəllədə hamının onlara baxdığını, maşına oturub kənara getməyi və söhbətlərini kənarda etməyi təklif etmişdir. O, razılaşaraq maşına oturmuş, məhəllədən çıxdıqları zaman məhəllənin çıxışında olan dar yolda həmin şəxs qəflətən avtomobili saxlamış və onun yaxasından tutaraq: “Artıq köhnə vaxtlar deyil, mənə burda maşın saxlamağa qadağan edə bilmərsən”,- demiş, bu an avtomobilin onun tərəfində olan qapısını bir nəfər açıb onu yumruqla vura-vura maşından düşürmüşdür. Sonradan onu maşından düşürən şəxsin maşını idarə edən şəxsin qardaşı olduğunu bilmişdir. Sonuncular onu döyməyə başlamış, maşından onu düşürən şəxsin əlində bıçaq olmuş, həmin şəxs onu bıçaqla vurmağa cəhd etsə də, əllərini qabağa verərək özünü qorumuş və buna görə əlləri kəsik-kəsik olmuşdur. Bütün bunlar onun azyaşlı oğlunun və anasının gözləri qarşısında baş vermiş və hadisə təxminən 5-6 dəqiqə davam etmiş, anasının xahişi ilə həmin şəxslər ondan əl çəkib aralaşmışlar. Həmin vaxt yerdən maşın açarı tapmış və hər ehtimala görə götürüb özündə saxlamış, çünki həmin açar onun maşınının açarına bənzəmişdir. Lakin, sonradan həmin açarın avtomobilini onun qarajının qabağında saxlamış və onu döymüş şəxsə məxsus olduğunu bilmişdir. Həmin gün axşam onu döyən şəxslərin böyükləri onlara gəlmiş, onu döyən şəxslərə görə ondan üzr istəyib şikayət etməməsini xahiş etmişlər. Onu döyən şəxslər cavan olduğuna və qonşuluqda yaşadıqlarına görə razılaşmış və bir neçə gün sonra onu döyən şəxslərlə böyükləri vasitəsi ilə görüşüb barışmışlar. Həmin vaxt, avtomobili idarə etmiş şəxsin Asif, qapını açıb onu yumruqla vura-vura düşürənin şəxsin isə Asifin qardaşı Pünhan olduğunu bilmişdir. Asif və Pünhanla barışmasına baxmayaraq sonunculara qarşı hirsi soyumamış, sonuncuların onu azyaşlı oğlunun və anasının gözü qarşısında alçaltmalarını bağışlaya bilməmişdir. 1 yanvar 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evə gələrkən məhəllənin giriş-çıxış hissəsində dayanıb onlara qonaq gələn qohumu Novruzu gözləyərkən, Asifin avtomobillə məhəllədən çıxdığını görmüş və həmin vaxt Asifin qardaşı Pünhan da avtomobildə olmuşdur. Asiflə salamlaşaraq sonuncuya məxsus avtomobilin yerdən tapdığı açarını vermək üçün gözləməsini demiş və bu zaman Asif avtomobildən düşüb onunla görüşmüş, bayram münasibəti ilə onu təbrik etmiş və istehza ilə: “Gecə işdən yorğun gəlib maşını qarajın qabağında saxlamışdım. Bundan sonra artıq orada saxlayacam, bunu biləsən. Nömrəmi də bilirsən, nə vaxt zəng edərsən gəlib maşını oradan kənara çəkərəm”-, demişdir. Həmin vaxt Asiflə qardaşına əsəbi olduğu üçün dalaşmaqdan özünü güclə saxlamış, lakin Asifin istehza ilə danışmağı sanki onu təhqir etmiş kimi özündən çıxarmış və buna görə qəflətən başı ilə Asifin sifət nahiyəsindən vurmuş, sonuncu yerə yıxılmış və Asifi yerdə döyməyə başlamışdır. Sonuncunun qardaşı Pünhan avtomobildən düşüb əlində bıçaq ona tərəf gələrkən, onlara tərəf gələn qohumu Şahid2 Pünhanın qarşısını almaq məqsədilə arxadan yaxınlaşıb Pünhanı tutarkən sonuncular yerə yıxılmış və Novruz qışqıraraq bıçaqla vurulduğunu demişdir. Novruz ayağı qanın içində yerə çökmüş, Pünhan isə əlində bıçaq ona tərəf gəlmiş, bu zaman Asif onu özündən kənara itələmiş və Pünhanla birlikdə üstünə hücum çəkmişlər. Pünhan ona bıçaq atan zaman sonuncunun əlindən bıçağı almaq istəmiş və bir qədər dartışdıqdan sonra bıçağı Pünhanın əlindən almışdır. Sonuncu məhəlləyə tərəfə qaçaraq oradan uzaqlaşdığından Asiflə üzbəüz tək qalmışdır. Sonuncu üstünə gələn zaman əlində olan Pünhana məxsus bıçaqla Asifin qarnından vurmuşdur. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 2021-ci ilin noyabr ayının sonlarında axşam saatlarında özünə məxsus “Niva” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı məhəllədə yer olmadığına görə orada olan qarajların birinin qarşısında saxlamışdır. Həmin qarajın kimə məxsus olduğunu əvvəlcədən bilməmiş və növbəti gün təxminən saat 16 radələrində yaşadığı evin qapışısına bir azyaşlı uşaq gələrək avtomobilini qarajın qarşısından kənara çəkməsini, qarajın sahibinin orada ərzaq malları saxladığını və avtomobilin malların çıxarılmasına maneçilik törətdiyini bildirmişdir. Avtomobili qarajın qarşısından götürmək üçün gedərkən, avtomobili qarajın qarşısında saxladığına görə tanımadığı bir qadın qonşu binanın ikinci mərtəbəsində olan eyvandan onun ünvanına qarğış etmiş, nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin qadın yaşlı olduğundan sonuncuya heç nə deməmiş, sakit şəkildə əyləşib avtomobili kənara çəkmiş və həmin vaxt yanındakı uşağa: “Görürsən də, xanım nələr danışır, ağbirçək arvaddır ona görə heç nə demirəm”,- demişdir. Bu zaman həmin eyvandan kimsə kişi səsi ilə onun ünvanına: “Nə deyir ee o? Nə danışır o?”,- sözlərini demişdir. Yanında duran həmin uşaqdan həmin şəxsin kim olduğunu soruşmuş, uşaq həmin şəxsin adının Ramil və həmin qarajın sahibi olduğunu demişdir. Ramil adlı şəxs ondan avtomobilini nəyə görə qarajın qarşısında saxladığını soruşmuş, sonuncuya məhəllədə yer olmadığını və məcbur olub avtomobili qarajın qarşısında saxladığını demişdir. Həmin gün qarajın qarşısı hər zaman olduğu kimi zəncirlə bağlanmamış və açıq olmuşdur. Ramil qarajın qarşısında onun təkrarən avtomobil saxlayacağı halda avtomobilin təkərlərini boşaldacağı və avtomobilini yandıracağı ilə hədələmişdir. Ramilə: “Gəlsin dediklərini etsin, görüm necə edir”,- demiş və bu zaman Ramil dərhal evdən məhəlləyə çıxmış və yaxınlaşıb avtomobilin təkərini deşmək istəmişdir. Həmin vaxt qardaşı Pünhan ona zəng etmiş, lakin Ramillə sözlə mübahisə etdiklərinə görə Pünhanla danışa bilməmiş, lakin sonuncu telefonda onların mübahisəsini eşitmişdir. Həmin vaxt Ramil eyvandan anasının baxdığını bildirərək, avtomobilə əyləşib məsələni aydınlaşdırmaq üçün başqa yerə getməyi təklif etmişdir. Onlar avtomobilə əyləşdikdə Ramil ona əl-qol atmağa başlamış, sonuncuya məhəllədə hamının gördüyünü, ayıb olduğunu, kənara çıxıb söhbət eməyi təklif etmişdir. Ramil avtomobilə əyləşmiş və avtomobili asta sürətlə idarə edib məhəllədən çıxarkən, məhəllənin giriş-çıxış hissəsində Ramil yenə ona əl-qol atmağa başlamış, onu vurmaq istəmiş və bu zaman sonuncunun əlində bıçaq görmüş və Ramil bir neçə dəfə həmin bıçaqla onu vurmağa cəhd etmiş və sağ qolunun said nahiyəsindən ona yüngül xəsarət yetirmişdir. Bu zaman qardaşı Pünhan yolun əks tərəfindən onlara tərəf keçmiş və qaçaraq yaxınlaşıb avtomobilin yarım açıq vəziyyətdə olan pəncərəsindən Ramili bir neçə dəfə yumruqla vurmuşdur. Ramil avtomobildən düşmüş, sonuncu ilə Pünhan arasında qısa zaman kəsiyində qarşıdurma olmuş və həmin zaman Ramil əlindəki bıçaqla Pünhanın üz nahiyəsini yüngülcə kəsmişdir. Avtomobildən düşüb Pünhana kömək edəkən, Ramilin anası və azyaşlı uşağı onlara yaxınlaşdığına görə Ramildən aralanmışlar. Hadisədən bir neçə gün sonra onların və Ramilin ailə böyükləri onları barışdırmış və bununla aralarındakı münaqişəyə son qoyulmuşdur. 01 yanvar 2022-ci il tarixdə saat 17:50-də dostları ilə görüşmək məqsədilə qardaşı Pünhanla avtomobillə şəhərə getmək üçün məhəllədən çıxarkən, məhəllənin girişçıxış hissəsində yolun kənarında dayanmış Təqsirləndirilən şəxs onlarla salamlaşmış və keçən hadisə zamanı onda qalmış avtomobilin ehtiyat açarını qaytarmaq üçün avtomobilinə tərəf getmiş, avtomobildən düşərək Ramilin avtomobilinə yaxınlaşmış, əl uzadaraq Ramillə görüşüb sonuncunu bayram münasibəti ilə təbrik etmiş və zarafatla Ramilə, avtomobilini artıq qarajın qarşısında saxlaya biləcəyini, keçən gecə avtomobili orada saxladığını demiş və bu zaman Ramil qəflətən başı ilə onun üz nahiyəsindən vurmuşdur. Müvazinətini itirib yerə yıxılmış və Ramil üzərinə hücum çəkərək onu döyməyə başlamış, qardaşı Pünhan avtomobildən düşüb onlara yaxınlaşarkən, həmin vaxt ora gələn Ramilin adını bilmədiyi qohumu Pünhanı arxadan tutub yerə yıxmışdır. Ramilin əlindən çıxmaq üçün sonuncunu itələmiş və Pünhan onu müdafiə etmək üçün onlara yaxınlaşarkən sonuncunun əlində bıçaq olmuşdur. Ramilin qohumunun həmin vaxt yerdə oturduğunu və ayağından qan gəldiyini görüb, sonuncunun əlindən qurtulmaq üçün Pünhanın həmin şəxsə xəsarət yetirdiyini başa düşmüşdür. Ayağa qalxıb Ramilin onu kəllə ilə vurmasının əvəzini çıxmaq üçün sonuncunun üzərinə gedərkən, Ramil qəflətən Pünhanın əlindən tutub bıçağı almış və sonuncu qorxub məhəlləyə tərəfə qaçaraq oradan uzaqlaşmışdır. Ramil əlindəki bıçaqla onun üzərinə gəlmiş, lakin özünü müdafiə etmək istəsə də, Ramil həmin bıçaqla onun qarın nahiyəsindən vurmuşdur. Hadisədən sonra Ramillə barışmış, sonuncuya qarşı şikayəti, iddia və tələbi yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2021-ci ilin noyabr ayının sonlarında, axşam vaxtı qardaşı Zərərçəkmiş şəxs özünə məxsus “Niva” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadıqları məhəllədə yer olmadığından orada olan qarajların birinin qarşısında saxlamışdır. Qardaşı həmin qarajın kimə məxsus olduğunu əvvəlcədən bilməmiş və növbəti gün təxminən saat 16 radələrində yaşadığı evin qapısına bir nəfər azyaşlı uşaq gələrək avtomobili qarajın qarşısından çəkməyi demişdir. Həmin vaxt Asif avtomobili qarajın qarşısından götürməyə gedərkən, tanımadığı bir qadın qonşu binanın ikinci mərtəbəsində olan eyvandan Asifin ünvanına qarğış etməyə başlamışdır. Həmin vaxt Asif yanındakı uşağa: “Görürsən də, xanım nələr danışır, ağbirçək arvaddır ona görə heç nə demirəm”,- demişdir. Bu zaman sonradan adının Ramil olduğunu bildikləri şəxs eyvana çıxaraq Asifin ünvanına: “Nə deyir ee o?”,- demiş, Asif isə eyvanın altına yaxınlaşıb Ramillə söhbət etmək istəyərkən, sonuncu Asifə bir də avtomobili qarajın qarşısında saxladığı təqdirdə avtomobilin təkərlərini deşəcəyini və avtomobili partladacağını demişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmış və Ramil evdən məhəlləyə çıxıb Asiflə mübahisəni davam etdirmişdir. Həmin vaxt yaşadıqları məhəllənin qarşısındakı yolun əks tərəfində yerləşən mağazada olduğundan heç nədən xəbəri olmamış və Asifə zəng etdikdə sonuncu onun zənginə cavab verərəkən, Asifin mübahisə etdiyini eşitmiş və həmin vaxt artıq mağazadan çıxıb məhəlləyə getmiş, Ramil ailə üzvülərinin və qonşuların mübahisəni görməmələri üçün Asifə avtomobilə əyləşib söhbəti başqa yerdə davam etdirməyi təklif etmiş, Asif avtomobili yavaş sürətlə idarə edib məhəllədən çıxan zaman Ramil avtomobildə qəflətən Asifin üstünə hücum çəkərək əlindəki bıçaqla sonuncunu vurmağa cəhd etmişdir. Dərhal avtomobilə tərəf qaçaraq Ramilin hərəkətlərini dayandırması üçün pəncərədən Ramilin üz və baş nahiyəsinə bir-iki yumruq vurmuşdur. Ramil avtomobildən düşüb ona hücum etmiş və əlindəki bıçağı sağa-sola yellədərkən onun yanaq nahiyəsini yüngül cızmışdır. Həmin vaxt Asif avtomobildən düşüb onlara yaxınlaşaraq Ramildən müdafiə olunmağına kömək etmiş və bu zaman Ramilin anası və azyaşlı uşağı yaxınlaşmış, buna görə onlar Ramildən aralaşmışlar. Sonradan Ramilin avtomobildə Asifə bıçaqla hücum çəkərkən sonuncunun sağ qolundan bir dəfə vurub yüngül yaraladığı məlum olmuşdur. Hadisədən bir neçə gün sonra ailə böyükləri onları barışdırmış və aralarındakı münaqişə bitmişdir. 01 yanvar 2022ci il tarixdə saat 17:50-də qardaşı Asiflə sonuncunun avtomobilində dostları ilə görüşmək üçün şəhərə getdikləri vaxt, məhəllənin giriş-çıxış hissəsində yolun kənarında dayanmış Ramil onlarla salamlaşıb Asifə keçən hadisədən sonuncunun avtomobilinin ehtiyat açarının onda qaldığını bildirərək, həmin açarı avtomobildən götürüb qardaşına qaytarmaq üçün avtomobilinə tərəf getmiş, Asif də avtomobildən düşüb Ramilin avtomobilinə yaxınlaşmış və əl uzadaraq Ramillə görüşüb sonuncunu bayram münasibəti ilə təbrik etmiş və zarafatla Ramilə avtomobilini artıq bundan sonra sonuncunun qarajının qarşısında saxlayacağını demişdir. Bu zaman Ramil qəflətən kəllə ilə Asifin üz nahiyəsindən vurmuş və sonuncu yerə yıxılmış, Ramil yerdə Asifi vurmağa başlamış, dərhal avtomobildən düşərək, üzərində olan bıçaqla Asifi müdafiə etmək məqsədilə və Ramil fiziki cəhətdən güclü olduğuna və yalın əllə sonuncu ilə bacara bilməyəcəyi səbəbindən onlara tərəf gedərkən, arxadan kimsə onu tutub yerə yıxmış, həmin şəxs Ramilin tanışı olmuş və sonuncunun ona xəsarət yetirəcəyini düşünərək onu buraxması üçün əlindəki bıçaqla həmin şəxsin ayaq və qol nahiyəsinə vurmuşdur. Həmin şəxs onu buraxıb yerə oturmuş, sonuncunun ayağı və qolu qanamış, Asif Ramili itələyib ayağa durmuş, sonunculara yaxınlaşıb Asifi müdafiə etməyə başlamış, Ramil üzərinə gəldiyindən sonuncunu yaxına buraxmamaq məqsədilə əlindəki bıçağı sağa-sola yelləmiş, bu zaman Ramil qəflətən bıçağı onun əlindən aldığına görə, sonuncuya müqavimət göstərmək üçün hər hansı taxta və ya dəmir parçası tapmaq üçün məhəlləyə tərəf qaçmış və taxta parçası taparaq geri qayıdarkən, Asifin əli ilə qarnını tutub gəldiyini görmüş və nə baş verdiyini soruşduqda sonuncu Ramilin onun əlindən aldığı bıçaqla qarnından vurub qaçdığını demişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 1 yanvar 2022-ci il tarixdə saat 17 radələrində bayramla əlaqədar dayısı oğlu Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, Ramilgilin yaşadığı binanın qarşısına çatdıqda avtomobilini yolun kənarında saxlamış, həmin vaxt Ramil yaşadığı məhəllənin giriş-çıxış hissəsində yolun kənarında tək dayanmış, o, avtomobildən düşmüş, Ramil ilə görüşməyə gedən zaman həmin yerdə Ramilin bir nəfər tanımadığı şəxs ilə dalaşdığını görmüş, o, sonuncuları ayırmaq üçün dərhal onlara tərəf qaçmış, həmin vaxt digər bir şəxs də davaya qatılmaq üçün əlində bıçaqla Ramilin üzərinə getdiyini görmüş, o, həmin şəxsi əllərilə arxadan tutmuş, sakitləşdirmək istəmiş, bu zaman həmin şəxs əlindən çıxmaq istəyərkən o, müvazinətini itirmiş və yerə yıxılmış, həmin şəxs də onunla bərabər yıxılmış, bu zaman həmin şəxs qəflətən bir neçə dəfə sağ ayağından və bir dəfə sağ qolumdan bıçaqla vurmuş, ayağının əzələsi sanki boşalmış və ayağı büdrəmiş, iti ağrılar hiss etməyə başlamış, o, yerə oturmuş, bu zaman həmin iki nəfər şəxs Ramil ilə dalaşmış, bir qədər sonra onun ayağından bıçaqla vurmuş həmin şəxsin üzü məhəlləyə tərəf qaçdığını görmüş, bir neçə dəqiqə sonra Ramil qaçaraq ona yaxınlaşmış və onu yerdən qaldıraraq avtomobilinə əyləşdirmiş və xəstəxanaya aparmış, bir gün sonra o, xəstəxanada özünə gəlmiş və ona məlum olmuşdur ki, Ramilin üzərinə hücum çəkmiş və eləcə də ona xəsarət yetirmiş şəxslər əslən Şuşalı olan Asif və Pünhan adlı iki qardaşdırlar, lakin sonuncuları heç vaxt tanımamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Ramil də onunla birlikdə eyni ünvanda yaşayır; yaşadığları binanın qarşısında Ramilə məxsus qaraj var, həmin qarajı Ramil anbar kimi istifadə edir, işlətdiyi mağaza üçün malları ora yığır; 2021- ci ilin noyabr ayının sonlarında o, eyvandan görmüşdür ki, Ramilin qarajının önündə kiminsə tərəfindən “Niva” markalı avtomobil saxlanılmışdır; həmin avtomobil 3 gün oradan götürülmürmüş; bu zaman o, məhəllədə olan bir azyaşlı uşaqdan xahiş etmişdir ki, həmin avtomobilin sahibini tapıb sonuncuya bildirsin ki, avtomobil qarajın qarşısını kəsib, avtomobili götürsün və başqa bir yerdə saxlasın; həmin uşaq isə avtomobilin sahibini tapıb sonuncuya bu barədə bildirmişdir; elə həmin vaxt avtomobilin sahibi olan bir nəfər cavan oğlan qaraja tərəf yaxınlaşmış, o da həmin zaman eyvanda olmuşdur; o, sadəcə həmin şəxsə demişdir ki, avtomobil qarajın qarşısını kəsir, maneçilik törədir, başqa yerdə saxlamasını xahiş etmişdir; bu zaman Ramil də eyvana gəlmiş, həmin şəxs onun sözlərinə cavab olaraq nəsə demişdir, lakin o, eşitməmişdir; Ramil isə əsəbiləşmiş, həmin şəxslə mübahisə etmiş və dərhal küçəyə çıxmışdır; o, da elə başa düşmüşdür ki, həmin şəxs ona nalayiq şəkildə cavab verib, bu səbəbdən Ramil sonuncu ilə mübahisə edib; sonra o, görmüşdür ki, Ramil həmin şəxs ilə sonuncunun avtomobilinə əyləşmiş və sonuncular harasa getmişlər; həmin vaxt o, qorxmuşdur ki, həmin şəxs Ramilə nəsə edə bilər və Ramilin azyaşlı övladı ilə birlikdə küçəyə çıxmış, məhəllənin giriş-çıxış hissəsinə gəldikdə görmüşdür ki, bir qədər əvvəl Ramil ilə mübahisə etmiş həmin şəxslə digər bir nəfər şəxs Ramili döyürlər; o, həmin şəxslərdən yalvararaq xahiş etmişdir ki, öz hərəkətlərini dayandırsınlar və aralaşsınlar; Ramilin uşağı da ağlamağa başlamışdır; bu zaman həmin şəxslər Ramildən aralaşıb çıxıb getmişlər; həmin zaman Ramilin sifətində qançırlar olmuşdur; o, digər biri oğlu Aqilə də bu barədə məlumat vermiş, bundan sonra Ramil həmin şəxslərlə barışmışdır; lakin bir müddət sonra, 1 yanvar 2022-ci il tarixdə ona məlum olmuşdur ki, həmin şəxslər yenidən Ramil ilə dava etmişlər, həmin zaman qohumları Şahid2 bıçaq xəsarəti yetirilmişdir, ona deyilənə görə, Ramil də orada kiməsə xəsarət yetirmişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri sübut kimi qəbul edir. İşdə olan 1 yanvar 2022-ci il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1 saylı KTM-nin tibb işçisi Kifayət Salmanova tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli köynək, bir ədəd qara rəngli sviter və bir ədəd boz rəngli pijama baxış keçirilməklə götürülmüşdür (1-ci cild iş vərəqi 7). İşdə olan 8 aprel 2022-ci il tarixli xəstəlik tarixində olan məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs 1 yanvar 2022-ci il tarixdə saat 19:24-də X3 PHŞ-nə daxil olmuş və həmin vaxt ona “Qarının ön divarının kəsilmiş-deşilmiş yarası, xarici qanaxma” diaqnozu qoyulmuşdur. Xəstəlik tarixinin xx.xx.2022-ci il tarixli “Həkimin gündəlik müayinələri” səhifəsində “Xəstə xəsarətin haradan, nə vaxt və kim tərəfindən törədilməsi barədə dəqiq məlumat vermədi”, “Üst dodağın orta hissəsi şişkindir. Dediyinə görə zərbə nəticəsində xəsarət alıb” sözləri qeyd edilmişdir. 04 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs “Qarının ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, Qaraciyərin diafraqmasını yaralanması. Daxili qanaxma“ diaqnozu qoyulmuşdu (1-ci cild iş vərəqi 98). İşdə olan əşyanın tanınmayaq təqdim edilməsi barədə 5 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınması üçün ona təqdim edilmiş bıçaqlar arasında 2 şərti rəqəmi altında olan bıçağı tanıyaraq həmin bıçağın qardaşı Pünhana məxsus olduğunu və həmin bıçaqla Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini bildirmişdir (1-ci cild iş vərəqi 162-163). İşdə olan əşyanın tanınmayaq təqdim edilməsi barədə 5 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 tanınması üçün ona təqdim edilmiş bıçaqlar arasında 2 şərti rəqəmi altında olan bıçağı tanıyaraq həmin bıçağın ona məxsus olduğunu və həmin bıçaqla Təqsirləndirilən şəxs qardaşı Asifə xəsarət yetirdiyini bildirmişdir (1-ci cild iş vərəqi 164-165). İşdə olan məhkəmə-tibb ekspertiza üzrə 29 yanvar 2022-ci il tarixli 87 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - qarının sağ qabırğa altı nahiyəsində olan, qarın boşluğuna nüfuz edən, qaraciyərin diafraqma səthini zədələyən, bir ədəd deşilmiş-kəsilmiş yara, deşici-kəsici alətin (əşyanın), təpə nahiyəsinin kəsilmiş yarası isə iti kənarlı alətin (əşyanın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunduğu kimi kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 01 yanvar 2022ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Sağ saidin keçmiş kəsilmiş yara yeri olan çapıq toxuması iti kənarlı alətin (əşyanın) təsirindən törənmişdir, müayinə olunan şəxsin dediyi tarixdə (2021-ci ilin noyabr ayının axırları) törənməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, 64-67). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 19 aprel 2022-ci il tarixli 176/2022-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: Balfa/İİİ/. Şahid2 ABO sistemi üzrə qan qrupu: O-alfa/İ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus alt köynəyi, vodolazka və mayka üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B,H antigenləri, həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilən Şahid2 məxsus cins şalvar üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri O-alfa.beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Şahid2 məxsus ola bilər (1-ci cild iş vərəqi 124-128). İşdə olan məhkəmə-tibb trasoloji ekspertiza üzrə 18 aprel 2022-ci il tarixli 146-2022- MTBŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus pulover, gecə köynəyi və maykanın ön səthinin sağ yarısının orta hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. İti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, olan bilsin ki, bıçağın tiyəsindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində olan qarının sağ qabırğa altı nahiyyəsində, qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş təpə nahiyəsinin kəsilmiş yarası ilə onun geyim əşyalarında öz əksini tapmamışdır, bu da Zərərçəkmiş şəxs baş nahiyəsinin ekspertizaya təqdim olunmuş geyim əşyaları ilə örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş və Şahid2 məxsus şalvarın üzərində heç bir zədə izi aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Şahid2 məxsus cins şalvarın üzərində çoxsaylı xətli kəsiklərin olması və bu fonda şalvarın üzərində heç bir zədənin aşkar olunmamasını, buna baxmayaraq, onun sağ baldırında, sağ ayağında və sol budunda deşilmiş-kəsilmiş yaraların olmasını nəzərə alaraq, güman etmək olar ki, şalvarın üzərində zədə (zədələr) olmuşdursa da, şalvarın onun bədənindən çıxarılması zamanı zədələrin üzərindən xətti kəsiklər aparılmış və zədələr öz ilkin formasını və morfoloji xüsusiyyətlərini itirmişdir. Bu səbəbdən də, Şahid2 məxsus cins şalvarla onun bədəni üzərində olan xəsarətlərin üst-üstə düşməsi barədə konkret fikir söyləmək mümkün deyildir (cild 1, i.v 129-136). İşdə olan məhkəmə tibbi-kriminalistik ekspertiza üzrə 09 iyun 2022-ci il tarixli 294- 2022/MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyiııatılı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Təqdim olunmuş bıçağın üzərində sonradan heç bir düzəliş edilməmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlmələri istisna olunmur (1-ci cild iş vərəqi 265-271). İşdə olan məhkəmə-psixiatrik ekspertiza üzrə 13 iyun 2022-ci il tarixli 1513 saylı ekspert rəyindən götünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 272-274). İşdə olan məhkəmə-psixoloji ekspertiza üzrə 11 avqust 2022-ci il tarixli 2130 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, özünü müdafiə etməyə meyillilik, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs idrak prosesləri (diqqət, hafizə, qavrayış, təfəkkür və s.) intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır (1-ci cild iş vərəqi 283-287). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 14 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli alt köynək, 1 ədəd qara rəngli sviter və 1 ədəd boz rəngli pijama, Şahid2 hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli cins şalvarı və 1 ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmışdır (1-ci cild iş vərəqi 289-303). İşdə olan şübhəli şəxsin tutulması haqqında protokoldan və Yasamal Rayon Məhkəməsinin 6 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 4 iyun 2022-ci il tarixdən 6 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş və 6 iyun 2022-ci il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 138 -139, 177-178, 193-200). Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə kollegiyası işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmaqla onun üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq və davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Sənədlərə əsasən, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlandığı 04 ay 21 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsasların olmadığı müəyyən edilmişdir. İş üzrə mddi sübutlar – Bakı şəhəri Yasamal RPİ-də saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli alt köynəyi, 1 ədəd qara rəngli sviter və 1 ədəd boz rəngli pijama, Şahid2 hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd bıçaq hökm qanuni qüvvəyə minikdən sonra məhv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 4 iyun 2022-ci il tarixdən 6 iyun 2022-ci il tarixədək tutulduğu və 06 iyun 2022-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu cəmi 4 ay 21 gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla və həmin müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza - 2 (iki) il 7 (yeddi) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mddi sübutlar - Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli alt köynəyi, 1 ədəd qara rəngli sviter və 1 ədəd boz rəngli pijama, Şahid2 hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd bıçaq hökm qanuni qüvvəyə minikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar