Məhkəmə qərarları › İş №1(101)-1706/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1706/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1706/2024 27.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 qızının, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 28 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1983-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 29 dekabr 2023-cü il tarixdə, saat 23:50 radələrində Qaradağ rayon Polis İdarəsinin Post-patrul xidməti bölməsinin əməkdaşları tərəfindən şübhəli bilinərək Bakı-Salyan yolunun 25-ci km-də yolun sağ tərəfində saxlanılaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsinə gətirilmiş, polis bölməsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkisi 0,637 qram və 0,420 qram olmaqla, ümumi təmiz çəkisi 1,057 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,101 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 29,141 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq Bakı-Salyan yolunun 25-ci km-də, Sahil qəsəbəsi ərazisindən keçən hissəsində yolun sağ kənarında otluqda gizlətməklə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 12:05 dəqiqədə Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə həmin yerə baxış keçirilərkən sonuncuya məxsus üzərində “30k” yazısı olan 01 ədəd sellofan paketdə 29,141 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixində saat təxminən 9-10 aralığında o, Sahil qəsəbəsində Salyan rayonuna getmək üçün maşın gözləyərkən yolda polis əməkdaşları ona yaxınlaşıb nə üçün dayandığını soruşmuşlar. Polislər ona yaxınlaşanda bunun üzərində olan narkotik vasitə ilə bağlı olduğunu düşünmüş və o, polislərdən qaçmağa başlamışdır. Polis əməkdaşları onu tutmuşlar və üzərində olan narkotik vasitəni görmüşlər. Polis əməkdaşları üzərində olan telefonu və pulqabını götürüb onu 38-ci Polis bölməsinə aparmışlar. O, narkotik vasitəni tanımadığı şəxsdən Xırdalandan almışdır. Polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmış, bölmədə olarkən heç bir ifadə verməmişdir. Ona müdafiəçi təyin olunmuş, müdafiəçi onun yerinə ifadələrə imza atmışdır. O da həmin müdafiəçidən imtina etmişdir. Üzərində 1 qrama yaxın narkotik vasitə olmuşdur. Daha sonra polis əməkdaşları idarədə ona hədə-qorxu gələrək, özlərinin çöllük əraziyə narkotik qoyacaqlarını, həmin narkotiki boynuna götürməsini demişlər. O, razı olmamış, onu söyməyə başlamışlar. Onu həmin əraziyə aparmışlar, orada o, polislərin dediklərini deyə bilmədiyi üçün ikinci dəfə çəkiliş olmuşdur. Ona videoçəkilişdə həmin bükümü İran vətəndaşının atdığını deməsi bildirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni Xırdalanda tanımadığı şəxsdən qramını 50 manata aldığını, aldığı narkotik vasitədən 4-5 gün istifadə etdiyini, bölmədə polis əməkdaşlarının ona ilin sonu olduğu üçün onlara yekunla bağlı kömək etməsini dediklərini, yəni üzərində olmayan narkotik vasitəni üzərinə götürməyini dediklərini, onu saxlayanların post-patrul işçiləri olduğunu, çəkilişin çöldə və içəridə olduğunu, ona 30 qram narkotik vasitəni İran vətəndaşından almağını dediklərini, deyilənləri təkzib etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ rayon Polis İdarəsinin Post-patrul xidmət bölməsinin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərdi ki, 2023-cü ilin sonlarında post yoldaşları Şahid2 və Şahid3 ilə birlikdə Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində xidmətdə olarkən, Bakı-Qazax yolunun üzü rayon istiamətində, yolun kənarında yaşıllıqlar içərisində bir işıq düşməsi, hərəkət olduğunu və bir nəfər şübhəli şəxsin dayandığını görmüşlər. O, sükan arxasında olmuş, maşında olan digər əməkdaşlar düşüb həmin şəxsə yaxınlaşdıqda həmin şəxs qaçmağa başlamış, həmin şəxsi bir az aralıda yaxalamışlar. Niyə qaçdığı soruşulduqda, həmin şəxs üzərində narkotik vasitə olduğundan qaçmaq istədiyini demişdir. Yaxalanan şəxsi 38-ci Polis bölməsinə gətirmişlər. Yoxlama zamanı məlum olmuşdur ki, şəxsin adı Təqsirləndirilən şəxsdır. Bölməyə müdafiəçi dəvət olunmuş və sonuncunun iştirakı ilə Xəyalın üzərinə baxış keçirilmiş və sonuncu, cibindən 1 ədəd qara rəngli açar qabını masanın üzərinə qoymuşdur. Qabın içərisində bir büküm narkotik vasitə aşkar edilmişdir. Xəyal narkotik vasitəni tanımadığı İran vətəndaşından öz şəxsi istifadəsi üçün 500 manata aldığını demişdir. Narkotik maddə qablaşdırılmış və möhürlənmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid Rzayev X11 heç bir fiziki təzyiq göstərilmədiyini, Xəyal yaxalanan zaman yolun kənarında qara rəngli maşının dayandığını, onlar Xəyalı yaxaladıqdan sonra maşının sürüb getdiyini, Xəyalın ifadəsinə görə maşının onu taksi kimi gətirdiyini, Xəyal özünün maşında narkotik vasitənin 500 manata aldığını dediyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsinin əməliyyat müvəkkili X7 ifadəsində göstərdi ki, 2023-cü ilin sonlarında postpatrul xidmətinin əməkdaşları tərəfindən 38-ci bölməyə şübhəli şəxs kimi Təqsirləndirilən şəxs gətirilmiş, sonuncunun üzərinə baxış keçirilən zaman bölmənin təhqiqatçısı Ramin Vəkilov və müdafiəçi iştirak etmişdir. Xəyal dindirilən zaman tanımadığı İran vətəndaşı tərəfindən Bakı-Salyan şossesinin 25-ci kilometrliyində dəmir yoluna yaxın ərazidə narkotik vasitəni gizlədildiyini bildirmiş, Xəyalın göstərdiyi ünvana baxış keçirilməsi üçün təhqiqatçı, müdafiəçi və o, əraziyə getmişlər. Çəkiliş zamanı deyilən ərazidə üzərində “30k” yazısı olan bir büküm aşkar edilmiş, aşkar edilmiş büküm açılmış, içində toz şəklində narkotik vasitə olmuş, maddə zərfə qablaşdırılıb götürülmüş və zərfin üzərində imzalanaraq möhürlənmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Xəyala heç bir fiziki təzyiq göstərilmədiyini, Xəyalın narkotik vasitəni Nəvazi adlı İran vətəndaşından 500 manata aldığını söylədiyini bildirdi. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmuş idadəsində digər polis əməkdaşı Şahid4 oxşar məzmunlu ifadəsilə şahid X4 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 145-146). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, 29 dekabr 2023-cü il tarixdə, saat 23:50 radələrində Sahil qəsəbəsində 67-55 çağırışlı avtopatrulla postaçılar, polis serjantları Şahid1, Şahid2 və Şahid3 birlikdə xidmətdə olarkən Bakı-Salyan yolunun 25-ci km-də üzü rayon istiqamətində yolun hərəkət hissəsinin sağ kənarında, təxminən yoldan 10 metr aralı ağacın yaxınlığında 1 nəfər şübhəli şəxs görmüşlər. Polislər həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, lakin həmin şəxs qaçmağa başlamışdır. Polislər həmin şəxsi bir az irəlidə yaxalayıb 38-ci Polis bölməsinə gətirmişlər. Yolda həmin şəxs üzərində narkotik vasitə olduğunu, bu səbəbdən qaçdığını bildirmişdir. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 2). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd üzərində “Poado” yazısı olan qara rəngli açar qabının içərisində olan bir ədəd bükülmüş vəziyyətdə şəffaf sellofan, 1 ədəd gümüşü rəngli, 1 ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd gümüşü rəngli sellofan bükümün içərisinə baxdıqda orada tünd qəhvəyi rəngli toz şəklində heroinə bənzər və 1 ədəd ağ rəngli kağız bükümün içərisində ağ kristal şəklində metamfetaminə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddələrin heroin və metamfetamin olduğunu, onları xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddələr 1 ədəd zərfdə qablaşdırılmış və 47 saylı möhürlə möhürlə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 24-25). - xx.xx.2023-cü il tarixli şifahi ərizə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sahil qəsəbəsi, ərazisində PPXB-nın əməkdaşları tərəfindən saxlanılaraq 38-ci Polis bölməsinə gətirildiyini, Polis bölməsində üzərinə baxış keçirilən zaman üç büküm narkotik maddə olan “kakos” və “şüşə” aşkar olunduğunu, bundan əlavə Sahil qəsəbəsi, Bakı-Salyan şosesinin 25-ci kilometrliyində avtobus dayanacağına yaxın məsafədə yolun kənarında 30 qram narkotik maddə gizlətdiyini, onu müdafiəçinin iştirakı ilə təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin 30 qram bükümün İran vətəndaşı tərəfindən ora qoyulmasını, səmimi peşman olaraq könüllü təqdim etmək istədiyini bildirmişdir (cild 1, iş vərəqi 30). - baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs göstərdiyi marşurut üzrə Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində, Bakı-Salyan şosesində yolun sağ tərəfində dayanmışlar. Avtomobildən düşdükdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs İran vətəndaşı Nəvazinin həmin ərazidə kolların yanında otluqda gizlətdiyi narkotik vasitə heroinə bənzər kütlənin yerini göstərmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 500 manata almasını, pulu Nəvazinin kart hesabına köçürdüyünü, xx.xx.2023-cü il tarixdə İran vətəndaşı ilə danışdıqdan sonra həmin narkotik maddəni götürəcəyini bildirmişdir. Həmin narkotik maddə olan şəffaf sellofanın üzərində “30k” yazısı olmuşdur (cild 1, iş vərəqi 32). - materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6598 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N47” dairəvi möhür əksləri olan, “1. “İmza” Təqsirləndirilən şəxs...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki üzərində “POADO” yazısı olan bir ədəd qara rəngli parça torbada 1 ədəd gümüşü rəngli falqa bükümdə təmiz çəkisi 0,637 qram, 1 ədəd selofan bükümdə təmiz çəkisi 0,420 qram, ümumi təmiz çəkisi 1,057 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,101 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı l) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərvzisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 36-41). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasın CM-nin 234.2-ci maddəsilə ittiham elan eilmişdir (cild 1, iş vərəqi 50-51). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 1076 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 72). - Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndənin verdiyi arayış və xasiyytətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008-ci il təvəllüdlü Çinarə Mahmudova, 2013-cü il təvəllüdlü Rədifə Mahmudova və 2018-ci il təvəllüdlü Seyidağa Mahmudov adlı uşaqlar var, ərazidə yaşadığı müddət ərzində nümayəndəliyə barəsində şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 73-74). - Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 75). - materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6599 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N47” dairəvi möhür əksləri olan, “1. “İmza” Mahmudov...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd selofan bükümdə təmiz çəkisi 29,141 olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 88-92). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1691 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 103-104). - DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli baxış və götürmə keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı-Salyan yolunun 25-ci kmdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində magistral yolun sağ kənarında müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə baxış və götürmə aparılmış, baxış və götürmə keçirilməsi zamanı Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşının hesabına 500 manat göndərməklə həmin şəxsin onun üçün qeyd edilən ünvanda qoyduğu üzərində 1 ədəd "30K" yazısı olan şəffaf sellofan bükümü yolun kənarında otluq sahədən götürərək təqdim edib həmin bükümdə narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün, internet vasitəsilə əlaqə saxladığı İran vətəndaşının hesabına 500 manat göndərməklə həmin yerə qoyması üçün razılaşdığını bildirmişdir. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd "30K" yazısı olan şəffaf sellofan büküm qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 107). - DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılıb Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş və sonuncu, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən olan 1 ədəd qara rəngli açar qabını masanın üstünə qoyaraq, həmin qabı açır və içərisində 1 ədəd bükülmüş şəffaf sellofan büküm, 1 ədəd ağ rəngli kağız büküm və 1 ədəd gümüşü rəngli kağız bükümü təqdim edib, həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün internet vasitəsilə əlaqə saxladığı İran vətəndaşının hesabına 50 manat göndərməklə İran vətəndaşının ona bildirdiyi Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən götürdüyünü, həmin narktoik vasitələrin özünə məxsus olduğunu, polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və psixi zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Həmin bükümlər açılarkən 1 ədəd şəffaf sellofan bükümün və 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə, 1 ədəd ağ rəngli kağız bükümün içərisində isə ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər isə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 108). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs məxsus "Honor" markalı mobil telefona baxış keçirərkən "Whatsapp" ani mesajlaşma proqramında adı "Ruslan Sinti" kimi qeyd edilmiş +**********47 mobil nömrəsi ilə "Whatsapp" yazışmaları zamanı həmin şəxsin Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdə "1.5 verersen de mene", "10 manatda verecem dasda getirersen", "Men tezden 8de gedecem. Bide axsam 7 de gelecem..eyer imkan varsa dediyimi bir yere qoyarsan yerin atarsan mene.gelib goturerem." mesajları yazdığı müəyyən edilmişdir. Həmin mesajlaşmaların surəti çıxarılaraq protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 109- 111). - DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya idarəsindən daxıl olmuş və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan dövrdə olduğu məkanların anten dairəsi barədə məlumatlar köçürülmüş 01 ədəd diskdəki məlumatlara xidməti otaqda quraşdırılmış “HP” markalı komputerdə baxış keçirilmişdir. Disk komputerin disklər üçün yuvasına salındı və açıldıqda ekranda “Qaradağ RPİ_48_2-5515_001”, “Qaradağ RPİ_48_2-5515_002 SMS Statistika”, “Qaradağ RPİ_48_2-5515_002 Zəng statistikası səhifələri açıldı. İlk “Qaradağ RPİ_48_2-5515_001” səhifəsi açıldıqda ekranda xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olduğu məkanlar barədə anten məlumatlarının izahlı qaiməsi qeyd edilmişdir. Həmin izahlı qaimədə 2023-cü ilin noyabr ayının 01-dən xx.xx.2023-cü il tarixədək olan müddətdə Salyan şəhəri, Bakı şəhərinin müxtəlif rayonları, Qaradağ rayonunun qəsəbələrində olması qeyd edilmişdir, xx.xx.2023-cü il tarixdə, saat 19:13:33-dən həmin gün 19:52:19-a qədər olan müddət ərzində Abşeron rayonu Xırdalan şəhəri ərazisində olması, xx.xx.2023, saat 21:32:05-də Qaradağ və Hacıqabul rayonları ərazisində olması, xx.xx.2023-də saat 17:41:16-da Salyan şəhəri ərazisində, həmin gün saat 18:41:02-də Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində, xx.xx.2023-də, saat 01:12:45də Sahil qəsəbəsi, Emin Quliyev küçəsində, saat 01:49:22-də Sahil qəsəbəsi, Salyan stansiyası, həmin tarixdə saat 06:20:27-dən 15:29:27-dək Sahil qəsəbəsi Emin Quliyev ünvanında olması barədə qeydlər vardır. İkinci “Qaradağ RPÍ_48_2-5515_002 SMS Statistika” səhifəsində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən istifadə edilməklə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ayrı-ayrı mobil nömrələrlə saxladığı əlaqələr qeyd edilmişdir və həmin səhifədə istintaq marağı kəsb edən məlumat əldə edilmədi. Üçüncü “Qaradağ RPİ_48_2-5515_003 Zəng statistikası” səhifəsində yuxarıda qeyd edilən müddət ərzində həmin nömrədən istifadə edilməklə müxtəlif şəxslərlə aparılmış danışıqlar barədə zənglər qeyd edilmişdir və həmin zənglərdə də istintaq marağı kəsb edən məlumatlar aşkar edilmədi (cild 1, iş vərəqi 149A). - maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, ayrı-ayrılıqda təmiz çəkisi 0,637 qram və 0,420 qram olmaqla, ümumi təmiz çəkisi 1,057 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,101 qram psixotrop maddə metamfetamin və 29,141 narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,097 qram çəkidə narkotik vasitə heroin, 0,051 qram psixotrop maddə metamfetamin və 29,091 narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 150-151). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, doğrudan da evinə gedərkən Nəvəzinin ona göndərdiyi 500 manat əvəzində narkotik vasitəni axtarıb götürmək üçün təbii ehtiyaclarını ödəmək adı ilə taksini saxlatmış, lakin həmin yeri axtarsa da ona göndərilən narkotik vasitəni tapa bilməmiş, bu vaxt polis əməkdaşlarının həmin taksiyə yaxınlışdıqlarını görüb üzərində olan, Xırdalan şəhərindən götürdüyü narkotik vasitə ilə olan açar qabını yerə atmış və polislərə tərəf gələndə onlar onu saxlamış və hardan gəldiyini soruşmüşlar. O, təbii ehtiyacını təmin etmək üçün taksidən düşdüyünü demiş, lakin polislər ona inanmamışlar və fiziki təsir edərək yalan danışdığını bildirmişlər və onunla birlikdə həmin ərazini axtararkən atdığı yerdən içərisində 2 bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini axtarıb tapmışlar və onu bölməyə gətirmişlər, orada həmin açar qabında olan narkotik vasitə və psixotrop maddəni ona qaytarmışlar ki, çəkiliş zamanı onları təqdim etsin. Fiziki zor dedikdə polislər onu vurmamış, onlar onu məcbur edirmişlər ki, yerə atdığı narkotik vasitə və psixotrop maddəni tapıb onlara təqdim etsin, lakin hava qaranlıq olduğundan həmin narkotik vasitəni tapa bilməmişdir. Konkret olaraq qarşısında əyləşən Şahid2 ona fizik təsir etməsini görməmişdir. Şahid2 ifadəsində qeyd etdiyi məsələləri bir daha təqsirləndirilən şəxsin üzünə qarşı deyərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsini eşitmiş, onun qismən doğru ifadə verdiyini bildirmiş, belə ki, həqiqətən də xidmətdə olarkən Bakı-Salyan şossesinin 25-ci kilometrliyində, Sahil qəsəbəsi ərazisində yolun rayonlar istiqamətində qarşısında əyləşən Xəyalın şübhəli şəkildə nəsə axtardığını görüb şübhələnərək onu saxlamış, o, onların gəlməyini görüb qaçmağa başlamış və az aralıda onu saxlamışlar və maşınla bölməyə gətirərkən yolda özü etiraf etmişdir ki, üzərində narkotik vasitə olduğu üçün onlardan qaçmaq istəyirmiş və onu gətirib bölməyə təhvil vermişlər, onu saxlayarkən qovub tutmuş və nə həmin vaxt, nə yolda, nə də bölmədə olarkən ona hər hansı formada təzyiq göstərməmiş, o yolda özü etiraf etmişdir ki, üzərində narkotik vasitə olduğu üçün onlardan qaçmaq istəyirmiş, onlar da bu barədə raportla bölmə rəhbərliyinə məruzə etmişlər. Şəxsi axtarış və götürmə zamanı da o öz cibindən həmin açar qabını çıxarıb masanın üzərinə qoymuşdur və bütün bunlar şəxsi axtarış və götürmənin videoçəklişində aydın şəkildə əksini tapmışdır. Onu saxladıqları yerdə nəyisə yerə atmasını görməmişlər və gecə vaxtı yerdən nəsə tapıb onu götürməmişlər. Yenə də bildirmişdir ki, nə o, nə də xidmət yoldaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki, psixi və sair formada hər hansı təsir, təzyiq, zor tətbiq edilməmişdir, o özü hər şeyi səmimi etiraf etmiş və bu barədə sənədləşmə aparılmışdır. Qarşısında əyləşən Xəyal orada onlara iranlıdan 500 manata aldığı narkotik vasitəni götürəcəyini deməmiş, o, həmin narkotik vasitəni orada axtarmışdır (cild 1, iş vərəqi 154- 156). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 btidai istintaqa verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə deməklə sonuncunu cinayət törətməkdə ifşa etmişdir (cild 1, iş vərəqi 157-159). - cinayət təqibi üzrə icraatın ayrılması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması barədə qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 178-181). - təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasın CM-nin 234.4.2 və 234.4.3-cü maddələrilə yenidən ittiham elan eilmişdir (cild 1, iş vərəqi 183-184). - şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Çinarə Mahmudova, xx.xx.2013-cü il təvəllüdlü Rədifə Mahmudova, xx.xx.2018-ci il təvəllüdlü Seyidağa Mahmudov adlı uşaqları vardır (cild 1, iş vərəqi 57-59). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən yalnız üzərində narkotik vasitə olması, ərazidən götürülən narkotikin isə ona məxsus olmaması, həmin narkotiki polislərin ona hədə-qorxu gəlməsi, onu söymələri və dilə tutmaları nəticəsində məcbur olub öz üzərinə götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd üzərində “Poado” yazısı olan qara rəngli açar qabının içərisində olan bir ədəd bükülmüş vəziyyətdə şəffaf sellofan, 1 ədəd gümüşü rəngli, 1 ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd gümüşü rəngli sellofan bükümün içərisinə baxdıqda orada tünd qəhvəyi rəngli toz şəklində heroinə bənzər və 1 ədəd ağ rəngli kağız bükümün içərisində ağ kristal şəklində metamfetaminə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddələrin heroin və metamfetamin olduğunu, onları xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şifahi ərizə ilə təhqiqatçıya müraciət edərək Sahil qəsəbəsi, Bakı-Salyan şosesinin 25-ci kilometrliyində avtobus dayanacağına yaxın məsafədə yolun kənarında 30 qram narkotik maddə gizlətdiyini, onu müdafiəçinin iştirakı ilə təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin 30 qram narkotikin İran vətəndaşı tərəfindən ora qoyulduğunu, səmimi peşman olaraq könüllü təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə hadisə yerinə baxış keçirilmiş və oradan gizlədilmiş narkotik vasitə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışın və baxışın nəticələrinə dair müvafiq protokollar tərtib edilmiş və həmin protokollar təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ilkin ifadələrində üzərindən və ərazidən aşkar edilmiş narkotiklərin ona məxsus olduğunu, onları Nəvazi adlı İran vətəndaşından əldə etdiyini etiraf etmişdir. Lakin məhkəmədə verdiyi ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona psixoloji təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun bədən səthində xəsarət olmadığı və özünün də xəsarət almadığını bildirməsinin qeyd olunduğu müəyyən edilmişdir. Bundan başqa, məhkəmənin müvafiq sorğusuna Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı zaman polis əməkdaşları tərəfindən döyülməsi və ya işgəncələrə məruz qalması ilə bağlı həmin prokurorluğa hər hansı müraciət daxil olmamış və həmin xüsusatlarla bağlı araşdırma aparılmamışdır. Qeyd edilənlərlə bağlı məhkəmə belə nəticəyə gəlir ki, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonla narkotik vasitələrin alqısatqısı ilə bağlı aparılmış yazışmaları, ondan aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların bükümlərə bükülməsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 71). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçdiyindən o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 dekabr 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 14-15, 65- 68, 136-138). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 29 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,097 qram çəkidə narkotik vasitə heroin, 0,051 qram psixotrop maddə metamfetamin və 29,091 narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 130 (yüz otuz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin 29 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,097 qram çəkidə narkotik vasitə heroin, 0,051 qram psixotrop maddə metamfetamin və 29,091 qram çəkidə narkotik vasitə heroin edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 130 (yüz otuz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar