Məhkəmə qərarları › İş №1(101)-1707/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1707/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1707/2023 24.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, X2 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası Mehri rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, 1 nömrəli orta məktəbdə elektrik vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Çıraqlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, nömrəsiz fərdi evdə yaşayan və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi- 2,953 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və 01 aprel 2023-cü il tarixdə, saat 20:00 radələrində Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsində saxlanılıb 15-ci PB-yə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində saxladığı külli miqdarda, təmiz çəkisi- 2,953 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Binəqədi rayonu ərazisində dayısı oğlu ilə görüşəcəyindən həmin yerə çağırılmışdır. 01 aprel 2023-cü il tarixdə saat 11 radələrində onu məhz elə Binəqədi ərazisində saxlamışlar və saat 11-12 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nə gətirmişlər. Buna baxmayaraq ittiham aktında Pirşağı qəsəbəsində saxlanıldığı qeyd olunmuşdur. İbtidai istintaq düzgün aparılmamış, bir sıra səhvlərə yol verilmişdir. O, nəyə görə həbs olunduğunu bilməmişdir. Belə ki, yas mərasiminə getmiş, orada tanımadığı şəxsə taksi xidməti göstərmişdir. Hesab edir ki, həbs edilməsinin səbəbi həmin yas mərasimində iştirak etməsidir. Ancaq onun rəhmətə gedən şəxslə hər hansı tanışlığı olmamışdır. Polis bölməsində polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. Onu əməliyyatçılar yox, idarənin digər polis əməkdaşları döymüşlər. Polis əməkdaşları Tərtər hadisələrini ona xatırladaraq dediklərini etmədiyi təqdirdə onu və ailəsini həmin aqibətin gözlədiyini bildirmişlər. O da həmin cinayəti öz üzərinə götürməyə məcbur qalmışdır. İbtidai istintaq zamanı polislər tərəfindən təzyiqlərə məruz qalmağı barədə ərizə yazmışdır. O, müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirərək, himayəsində azyaşlı uşaqlarının, yaşlı anası və atasının olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.

4. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsi, nömrəsiz fərdi evdə yaşayır. Təxminən 2 aya yaxındır ki, fasilələrlə narkotik vasitə heroin istifadə edir. İstifadə etdiyi narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 01 aprel 2023-cü il tarixdə təxminən saat 10.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yalnız üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümündə narkotik vasitə heroin alıb əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoymuş və istifadə etmək üçün üzərində saxlayaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində piyada gəzərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Sabunçu RPİ 15-ci Polis bölməsinin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuş, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra onlarla birlikdə 15-ci Polis bölməsinə getməyini təklif etmişlər. O, buna etiraz etməmiş və polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə həmin bölməyə getmişdir. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından birinin ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanıldığını və polis bölməsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edərək vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş, bundan sonra video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını izah edib, müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuşlar. Müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra həmin polis əməkdaşı üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmiş, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən öz istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilmişdir. Həmin polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşmuş, səmimi olaraq büküm içərisindən aşkar edilən maddənin narkotik vasitə heroin olduğunu, eləcə də həmin narkotik vasitəni 01 aprel 2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra ondan götürülmüş içərisində narkotik vasitə olan büküm qablaşdırılaraq möhürlənmiş, eləcə də bununla bağlı protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılarla birlikdə protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməmiş və digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Bu günə kimi narkotik vasitə satmamış və üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq niyyəti olmamışdır, eləcə də ruhi və psixi cəhətdən sağlamdır. (Cild 1, iş vərəqi 63-65)

5. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, onunla qohumluq münasibətləri və yaxud da heç bir ədavəti yoxdur. Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə “Bəxtiyar” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, gəzdirməsi, daşınması ilə bağlı qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bundan sonra Pırşağı qəsəbəsi, Əjdər Məlikov küçəsində olan zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. Polis bölməsində vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış və baxış keçirilməsinə razılıq verilib-verilməməsi soruşulduqda Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı olmadan istintaq hərəkətlərinin aparılmasına razılıq verdiyini söyləmişdir. Ona üzərində qanunsuz hər hansı bir əşyanının olub-olmaması sual edildikdə isə sonuncu qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 büküm narkotik vasitə çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs məhz özləri tərəfindən Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsində saat 20:00 radələrində tutulmuşdur. Ona polis bölməsində fiziki və ya psixi təsir, təzyiq olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Maddi sübutun götürülməsində şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxsi tək saxlamışlar, həmin vaxt onun yanında kimsə olmamışdır.

6. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 15-ci Polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsi daşıyır. Vəzifə səlahiyyətlərinə narkotik vasitə, psixotrop maddələrin, güclü təsir edən preparatların qanunsuz dövriyyəsi ilə mübarizə də daxildir. xx.xx.2023-cü il tarixdə 15-ci Polis bölməsinə xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası Mehri rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Çıraqlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı ərazidə narkotik vasitələri əldə edərək istifadə etməsi, üzərində saxlaması və daşıması, eləcə də qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın rəhbərliyə raportla məruzə olunmaqla yoxlanılması məqsədi ilə “X1” Azərbaycan Respublikasının Qanununun 10, 11 və 12-ci maddələrinin və Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Sabunçu RPİ 15-ci PB-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsinə gedərək məlumatda göstərilən Təqsirləndirilən şəxs müəyyən etmişlər. Sonuncuya yaxınlaşıb özlərini təqdim etməklə barəsində məlumat daxil olduğunu bildirib onu 15-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə 15-ci PB-nə gəlmişdir. Onu PB-nin Növbətçi Hissəsinə təhvil verib bu barədə raportla bölmənin rəhbərliyinə məruzə etmiş, qeyd edilən raport üzrə araşdırma aparılmasının 15ci PB-nin təhqiqatçısı, polis mayoru Ramil Məmmədova həvalə edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı Ramil Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmişdir. Ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra polis mayoru Ramil Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, eləcə də üzərində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkiliş aparılmaqla həyata keçiriləcəyi bildirilərək buna etirazının olub-olmaması soruşulmuşdur. Sonuncunun videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Sonuncuya təhqiqatçı Ramil Məmmədov tərəfindən üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə varsa təqdim etməsi təklif olunmuş və təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümün təhqiqatçı Ramil Məmmədov tərəfindən açıldıqda içərisindən qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu və Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı Ramil Məmmədov saxlanılan Təqsirləndirilən şəxs üzərində başqa hər hansı predmetin olub-olmamasını soruşaraq ondan saxlanılan şəxsin üzərinin yoxlanılmasını xahiş etmişdir. Əlavə yoxlanış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddə olan büküm təhqiqatçı Ramil Məmmədov tərəfindən zərfə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalanmışdır. Tərəflərindən saxlanılıb PB-nə gətirilərkən, eləcə də şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Sonuncunun narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətdə əməliyyataxtarış tədbirlərinin davam etdirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamış, Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satması barədə heç bir məlumatları olmamışdır. (Cild 1, iş vərəqi 105-107)

7. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.

8. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

9. xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 3-5)

10. 01 aprel 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 2)

11. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 20:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 7)

12. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə saat 20:00-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 9,17)

13. 01 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması istintaq hərəkəti keçirilərək əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 161 saylı möhürü ilə möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqə 28; 30-31)

14. Məhkəmə kimyəvi ekspertizasının 02 aprel 2023-cü il tarixli, 6/1919 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N° 161” dairəvi möhür əksi və, "... Saxlanılan şəxs İsayev-imza; 2 imza, təhqiqatçı R.Məmmədov-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-2,953 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 2,953 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 2,853 qram. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’ln siyahısına (Siyahı İ) daxildir .(Cild 1, iş vərəqə 36-39)

15. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 53-54)

16. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-267/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 80-85)

17. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2112 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı İsayev X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 130-131)

18. xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokollar və ona əlavə edilmiş CD disklər, ekspert rəyləri, maddi sübut və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 154-160)

19. 30 noyabr 2007-ci il tarixli, AZ-İ 326904 saylı Nikah haqqında şəhadətnamənin, AZE 11465272 və AZE 11465284 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı 2 (iki) azyaşlı uşağı vardır. (Cild 1, iş vərəqi 67-68)

20. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. (Cild 1, iş vərəqə 96)

Əməlin tövsifi və digər hüquqi məsələlər:

21. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

22. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

24. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

25. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır.

26. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.

27. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir.

28. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən döyülməsi, həmçinin ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir.

29. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində və bölmədə polis əməkdaşlarının ona qarşı zorakılıq etdiyini desə də, şahidlər Şahid2 və Şahid1 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər.

30. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

31. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.

32. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğuna sorğu ünvanlamış, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 337 C/23 saylı cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğuna araşdırma aparılmış və Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polis bölməsində hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməməsi müəyyən edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

33. Sabunçu RPİ-nin xx.xx.2023-cü il tarixli, 49/2-35798/23 saylı məktubundan və ona ələvə edilmiş MSY tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman bədəninə baxış keçirilmiş, lakin heç bir xəsarət aşkarlanmamışdır. Həmçinin xx.xx.2023-cü il tarixdə saat 10:00-da həkim tərəfindən müayinə edilmiş, heç bir xəsarət aşkar olunmamış, özünün də şikayət və tələbi olmamışdır.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-6023/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridaxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkarlanmamışdır.

35. Məhkəmə baxışı zamanı həmin xüsusatın bir daha dəqiqləşdirilməsi üçün şahidlər Şahid2 və Şahid1 suallar verilmiş, onlar isə Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra zorakılıq edilmədiyini bildirmişlər.

36. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

37. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı fiziki və psixi zorakılıq edilməsi barədə məhkəmədə verdiyi ifadəsi şahid ifadələri, eləcə də digər sənədlərlə öz təsdiqini tapmamışdır.

38. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, bununla bağlı əsaslı şübhə mövcud deyil. O, öz fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə videoçəkilişin və orada söylədiyi etirafedici ifadəsini ona fiziki və psixi zorakılığın tətbiq edilməsi nəticəsində verməsi ilə əlaqələndirməklə kifayətlənmişdir.

39. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü, ona fiziki və psixi təsir və təzyiqin edildiyini bildirməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır.

40. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi digər halları da sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadələri də cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir.

41. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanılan zaman həmin vaxt üzərində narkotik vasitənin olmadığını bildirmiş, həmçinin əslində Binəqədi rayonu ərazisində saxlanılsa da, guya Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində saxlanıldığı göstərilmişdir. Məhz polis əməkdaşları tərəfindən edilən təzyiqlərə görə razılıq verərək narkotik vasitəni boynuna götürdüyünü demiş, şahidlər Şahid2 və Şahid1 isə ifadələrində Təqsirləndirilən şəxs özləri tərəfindən məhz Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində saxlanıldığını, onun üzərinə polis bölməsinin inzibati binasında şəxsi axtarış keçirilərkən 01 ədəd bükümdə narkotik vasitə aşkarlandığını, həmçinin təqsirləndirilən şəxsə videoçəkilişdə nümayiş etdirməsi üçün narkotik vasitə verərək özünə aid olduğunu etiraf etməsini tələb etmədiklərini bildirmişlər. Həmçinin xx.xx.2023-cü il tarixli raportdan da görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsində saxlanılmışdır. Cinayət işinin materiallarının 30-31-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olan 01 ədəd büküm olmuşdur. O, həmin 01 ədəd bükümü istintaq hərəkəti zamanı könüllü olaraq təqdim etmişdir. Habelə, adları qeyd edilən protokolda, eləcə də məhkəmə baxışında müvafiq videçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini deməsi müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona verilmiş ittihamla bağlı ziddiyətli ifadəsi, videoçəkilişdə bildirməsi üçün ona narkotik vasitənin verilərək özünə aid olduğunu etiraf etməsini tələb etdiklərini bildirməsi mötəbər sübutlarla təkzib edilmişdir.

42. Habelə, Təqsirləndirilən şəxs üzərində ittiham aktında göstərildiyi kimi, yəni 2,953 qram çəkidə narkotik vasitə olan heroinin, ümumiyyətlə heç bir narkotik vasitə olmadığını bildirməsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cinayət işinin materialları, şahid ifadələri və digər sübutlarla onun ifadəsində göstərdiyi həmin xüsusatın həqiqət olmadığı müəyyən edilmişdir.

43. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır.

44. Belə ki, məhkəmə baxışı zamanı cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və diskdə olan videoçəkilişə əsasən, Təqsirləndirilən şəxs cibindəki 01 ədəd bükümü könüllü olaraq təqdim etmiş, həmin bükümün içərisindəki narkotik vasitə kağız zərflərdə qablaşdırılıb “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür.Həmin qablaşdırılmış maddə xx.xx.2023-cü il tarixdə “Məhkəmə-kimyəvi ekspertiza təyin edilməsi barədə” qərarla ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2023-cü il tarixli, 6/1919 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün N° 161” dairəvi möhür əksi və, "... Saxlanılan şəxs İsayev-imza; 2 imza, təhqiqatçı R.Məmmədov-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə təqdim edilmiş, zərfin tamlığı pozulmamış, zərfi açdıqda içərisində qara rəngli 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,953 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi aşkarlanmışdır. Daha sonra keçirilmiş ekspertizanın nəticəsində ümumi təmiz çəkisi 2,953 qram olan qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə-heroin olması müəyyənləşmiş, rəyin nəticə hissəsində bu barədə qeyd edilmişdir. Göründüyü kimi, ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş zərf və kağız paketlərinin tamlığı pozulmamış, təqdim edilənlər əsasında ekspertiza keçirilib nəticəyə gəlinmişdir.

45. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə olan heroinin aşkarlanması ilə bağlı məhkəmə şahid ifadələrini, istintaq hərəkəti protokollarını və əlavələrini təhlil edib belə qərara gəlir ki, Təqsirləndirilən şəxs həmin hissədə verdiyi ifadələri həqiqətə uyğun olmayan və işin faktiki halları ilə uzlaşmayan ifadələrdir.

46. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, onun üzərindən narkotik vasitə olan heroinin aşkar olunması cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir.

47. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən tam səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə vermiş, ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında bu cür məzmunda ifadələr verməklə məhkəmədə çaşqınlıq yaratmaq, nəticədə isə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür.

48. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürür.

49. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir.

50. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir.

51. Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları sübut kimi qəbul edir.

52. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

53. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1.1ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür.

54. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.

55. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür.

56. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir.

57. Həmin qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir.

58. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - narkotik vasitə olan heroin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir.

59. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutmaqla, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarındakı müddəaları da nəzərə alır

60. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir.

61. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən, şəxsi istehlak miqdarında narkotik vasitə olan heroinin istifadəsi təmiz halda ən çoxu 0,15 qram qeyd edilmişdir.

62. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanıldıqdan sonra üzərinə baxış keçirilən zaman 01 ədəd bükümdə- ümumi təmiz çəkisi 2,953 qram külli miqdarda narkotik vasitə heroin aşkarlanmışdır.

63. Məhkəmə aşkar olunmuş narkotik vasitəylə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan heroinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan təqribi 20 dəfə çoxdur.

64. Məhkəmədə iş materiallarını nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şübhəli şəxsin tutulması haqqında protokolda Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə, saat 20:00-da tutulması qeyd edilmiş, lakin bundan sonra həyata keçirilmiş digər istintaq hərəkətində, yəni şübhəli şəxsin dindirilməsi protokolunda onun 01 aprel 2023-cü il tarixdə, saat 14:10-15:05 dəqiqələri arasında dindirildiyi göstərilmişdir.

65. Məhkəmə şübhəli şəxsin tutulması haqqında protokolla dindirilmə protokolu arasında yaranmış bu ziddiyyəti digər iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək araşdırmış və həmin halın şübhəli şəxsin dindirilməsi protokolunda Təqsirləndirilən şəxs dindirilmə tarixinin texniki səhv olaraq yazılması səbəbindən yaranması qənaətinə gəlmişdir. Yaranmış ziddiyyətin aradan qaldırılmasının vacibliyi baxımından protokolu tərtib etmiş təhqiqatçı- Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X11 məhkəməyə dəvət edilərək şahid qismində dindirilmiş və o ifadəsində göstərmişdir ki, sözügedən protokollar məhz onun tərəfindən tərtib edilmiş, Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuş, bundan sonra əslində 02 aprel 2023-cü il tarixdə saat 14:10-15:05 dəqiqələri arasında dindirmə istintaq hərəkəti keçirilmiş, lakin şübhəli şəxsin dindirilməsi protokolunu tərtib edərkən texniki səhv olaraq dindirmənin həyata keçirildiyi tarixi 01 aprel 2023-cü il olaraq yazmışdır.

66. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin külli miqdarda olmasına, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə əsasən, habelə şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir.

67. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir.

68. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

69. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

70. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

71. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır.

72. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

73. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

74. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir.

75. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

76. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir.

77. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

78. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

79. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

80. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.

81. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

82. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun.

83. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir.

84. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.

85. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır.

86. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməlləri törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

87. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir.

88. Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olması məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmişdir.

89. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.

90. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür.

91. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür.

92. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir.

93. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir.

94. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

95. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Sabunçu rayon Məhkəməsinin 4(008)-267/2023 saylı qərarı ilə (hakim N.A.İmanova) barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 20:00-dan hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır.

96. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

97. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır.

98. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır.

99. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 01 aprel 2023-cü il tarixdən hesablanmalıdır.

100. İş üzrə mülki iddia yoxdur.

101. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizasları ilə əlaqədar Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

102. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.

103. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,853 qram narkotik vasitə olan heroin məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.

104. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir.

105. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır.

106. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır.

107. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

108. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmçinin CPM-in 26.3-cü maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir.

109. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

110. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

111. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,853 qram narkotik vasitə olan heroin məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar