Məhkəmə qərarları › İş №1(101)-1708/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1708/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1708/2021 02.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1980-ci il martın 16-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada fəhlə işləmiş, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 30, mənzil 3 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq üç ədəd bükümdə ayrı-ayrılıqda 1,013 qram, 1,357 qram və 1,092 qram, ümumilikdə 3,462 qram təmiz çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 66 ünvanının yaxınlığına kimi daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Baş İdarənin əməkdaşları tərəfindən 2021-ci il iyunun 23-də həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saat 16:40-da həmin ünvanda saxlanaraq idarənin inzibati binasına gətirilib orada saat 18:32-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın altından geyindiyi alt paltarının sol yan cibindən üç ədəd bükümdəki göstərilən çəkilərdə qeyd olunan psixotrop maddə aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, «Sovetski» adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfərdən şəxsi istifadəsi üçün hər bükümünə 20 manat pul ödəyib dörd büküm psixotrop maddə metamfetamin əldə etmişdir. Bükümlərin birini elə həmin tarixdə istifadə etmiş, yerdə qalan bükümləri əynindəki alt paltarının sol yan cibinə qoymaqla üzərində saxlayaraq gəzdirmişdir. Saxlanıldığı gün, yəni 2021-ci il iyunun 23-də saat 16 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 66 ünvanının yanında addımladığı vaxt mülki geyimli şəxslər yaxınlaşıb özlərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirməklə şəxsiyyətini müəyyən etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhələndiyini nəzərinə çatdıraraq onu BMCMİ-nin inzibati binasına dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində onun razılığı ilə şəxsi axtarış aparılanda könüllü şəkildə şalvar geydiyi alt paltarının sol yan cibindən üç ədəd sellofan bükümlərdəki metamfetamini çıxarıb masanın üstünə qoymaqla təqdim etmiş və bir gün əvvəl üzdən tanıdığı adamdan şəxsi istifadəsi üçün əldə edərək üzərinə saxladığını bildirmişdir. Aşkarlanan maddə götürülüb qablaşdırıldığı zərfi və tərtib edilən protokolu onların hamısı imzalamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il iyunun 23də idarəyə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması, daşıması və satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə əməliyyat müvəkkilləri polis baş leytenantı X3 və polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradıldıqda saat 16:40-da ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlamaqla onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək idarəyə dəvət etmişlər. Orada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki alt paltarının sol yan cibindən çıxardığı üç ədəd sellofan bükümdəki psixotrop maddə metamfetamin olduğunu, bir gün əvvəl Bakı şəhərinin Yasamal rayonundakı «Sovetski» adlanan ərazidən tanımadığı şəxsdən ümumilikdə 80 manata dörd ədəd büküm alıb birini istifadə etməklə qalan üç ədəd bükümü sonradan qəbul etməkdən ötrü saxladığını demiş, həmçinin əynində olan köynəyin ciblərindən ev açarı və mobil telefon çıxararaq masanın üstünə qoymuşdur. Aşkarlanan bükümlər götürülüb zərfdə qablaşdırılmış, ev açarı özünə qaytarılmış, mobil telefon isə iş üçün sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Zərfin üzəri və protokolun düzgünlüyünü bütün iştirakçıların imzaları ilə təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 Şahid1 ilə analoji ifadə verdi. Məhkəmə iclasında elan edilərək tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai araşdırma vaxtı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ittiham olunduğu əməlləri qismən etiraf edib təfsilatı ilə izah etmişdir (iş vərəqi 37-38, 53-55, 68- 70, 150-152). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş ibtidai araşdırmada şahid qismində dindirilərkən hadisə ərəfəsində polis baş leytenantı rütbəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini bildirərək Şahid3 Şahid1 ilə oxşar ifadə vermişdir (iş vərəqi 124-127). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 23 iyun tarixli raportlarından, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından və Ə147-007-21 №-li əmrindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 30 iyun tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr qanunsuz əldə edib saxlaması və daşıması, külli miqdarda göstərilən maddələrin satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il iyunun 23-də saat 16:40-da ünvan 3 ünvanının yaxınlığında saxlanmış, qeyd olunan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (iş vərəqi 4-9, 31 və 99). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin tərtib etdiyi 2021-ci il 23 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 20). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin tərtib etdiyi 2021-ci il 23 iyun tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs əynindəki alt paltarı hesab edilən tumanın sol yan cibindən üç ədəd sellofan bükümü, köynəyin sol yan cibindən özünə məxsus mənzilin açarını, sağ yan cibindən «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etməklə bükümlərdəki psixotrop maddə metamfetamini 2021-ci il iyunun 22-də Bakı şəhərinin Yasamal rayonundakı «Sovetski» adlanan ərazidə tanımadığı şəxsdən hər bükümü 20 manata olmaqla dörd büküm aldığını, bir bükümünü istifadə etməklə üç bükümü öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, ev açarı sonuncuya qaytarılmaqla digər aşkarlanan predmetlər götürülmüş, bir ədəd DVD diski protokola əlavə edilmişdir (iş vərəqi 28-31). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 24 iyun tarixli 6/2561 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,013 qram, 1,357 qram və 1,092 qram olmaqla ümumi təmiz çəkisi 3,462 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir; psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalığı 3,372 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 81,82 manatdır (iş vərəqi 39-43). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 24 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 56-57). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 24 iyun tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il iyunun 23dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 80-82). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 25 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən 3,462 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 3,372 qram qalığı maddi sübut hesab edilməklə idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqi 90-91). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 05 iyul tarixli 5770 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada müalicədə olmamışdır (iş vərəqi 101). İş materiallarındakı Bakı şəhəri Yasamal rayonunun MKTD-nin 2 saylı Xüsusi Təyinatlı MTB-nin 138 saylı MKİS-nin tərtib etdiyi 2021-ci il 05 iyul tarixli 138/61 nömrəli və 138/62 nömrəli arayışlardan, habelə eyni tarixli xasiyyətnamədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 30, mənzil 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs tərbiyəli, nizam-intizamlı sakin kimi tanınmış və barəsində heç bir şikayət daxil olmamış, ailəsi anası, bacısı və sonuncunun övladından ibarətdir (iş vərəqi 103-105). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2021-ci il 03 avqust tarixli 007-11232-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkarlanan psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanılması, habelə həmin şəxsin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir (iş vərəqi 107). İş materiallarındakı «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 03 avqust tarixli BKC/LGL-13502/21 №-li məktubundan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 20 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 2021-ci il yanvarın 01-dən 2021-ci il iyunun 23-dək ötürücü antenalar tərəfindən qeydə alınmış məlumatlar, müvafiq danışıqlar və qısa mesaj yazışmalarına dair məlumatlara keçirilən baxış zamanı 2021-ci il fevralın 22-də saat 18:23:08-də ***-***-**-** saylı nömrədən sonuncuya «Ay qaqaş götür bir cavab dede için ***im bunun niyə draznit edirsən ki 1saat deyirsən sora adboy versən gəlim həm səni görüm həmdə maçı qucu» məzmunlu, 2021-ci il mayın 16-da saat 00:33:04-də ***-***-**-** saylı nömrədən «Camatin balalarin oz gunuve qoyub narkaman edib mal satmagla meskulsan hami yaxsi taniyir kim kimdi bariqalar....camatin balarin narkaman etmisen seher acilsin gorun ne olacag» məzmunlu mesaj yazılması müəyyənləşdirilmiş, bir ədəd CD diski cinayət işinə əlavə edilmişdir (iş vərəqi 108-110 və 114). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 2021-ci il avqustun 11-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 111-112). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 17 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung J2» markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkarlanmamışdır (iş vərəqi 113). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 20 avqust noyabr tarixli 3528 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 128-129). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 21 sentyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əlavə və dəyişikliklər edilməklə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3,462 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 3,372 qram qalığının maddi sübut hesab edilməklə idarənin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, cinayət işinin materiallarından sonuncudan aşkaralanan psixotrop maddə metamfetaminin mənbəyinə görə ayrıca material ayrılmış, Təqsirləndirilən şəxs məxsus «Samsung J2» markalı mobil telefonun maddi sübut kimi tanınmayıb sonuncunun ailə üzvlərinə və ya vəkilinə qaytarılması qərara alınmış, maddi sübut kimi tanınan bir ədəd DVD və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (iş vərəqi 130-137 və 141-142). İş materiallarında olan 2021-ci il 21 sentyabr tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung J2» markalı mobil telefon sonuncunun dayısı oğlu X4 təhvil verilmişdir (iş vərəqi 139). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsinin dispozisiyasında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki qismən etirafedici ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən3,462 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 3,372 qram qalığı məhv edilməli, bir ədəd DVD və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 81,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 16 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 96 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il iyunun 23-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il iyunun 23-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 81,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 96 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən3,462 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 3,372 qram qalığı məhv edilsin, bir ədəd DVD və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar