Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-171/2024 13.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X12, X3, X5, X1 və X10, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X13, X7, X14, Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi- “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1980-ci il tarixdə Cəbrayıl rayonu, Maralyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Maralyan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 09:55-də açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə-qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet vasitəsi ilə tanış olduğu Əsgər adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə saat 15:00-da əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında asfalt yolun kənarında yerləşən daş səkinin arxasında sonuncu tərəfindən gizlədilmiş, satış məqsədi ilə qanunsuz olaraq 1005 qram külli miqdarda narkotik vasitə-qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 01:00-da Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3nda yerləşən Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 02:50-də üzərinə şəxsi axtarış keçirilərkən əlindəki göy rəngli sellofan paketin içindən skoçla bağlanmış bir ədəd sellofan bağlamada təmiz çəkisi 1005 qram külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi narkotik vasitənin satışı barədə etirafedici məzmunlu ifadəsi saxtadır. O, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bu formada ifadə vermişdir. Polis idarəsində olarkən müdafiəçisi yanında olmamış, hətta evin yanında tutularkən ailəsinə xəbər verməyə imkan yaradılmamışdır. İlkin izahat və ifadəni döyüldükdən sonra vermiş, döyüldükdən sonra müdafiəçisinin bədəni üzərində olan xəsarəti görmədiyi təqdirdə, 2 gün sonra təcridxananın əməkdaşlarının bunu görüb rəsmiləşdirməsi absurddur. Həmin xəsarətlər bədənin paltar altında qalan hissələrində deyil, gözündə, qulağında, sifətində olmuşdur. Həmin vaxt onun polislərin tələbinə tabe olmaqdan başqa yolu olmamışdır. O, 13 oktyabr 2022-ci il tarixdə əvvəldən də arabir şəxsi istifadə üçün narkotik aldığı şəxslə görüşüb, həmin şəxsə 200-300 qram narkotik vasitə olan marixuana almaq istədiyini demiş, məqsədi 2-3 gündən bir həmin adamla əlaqə yaradıb, sonuncudan xırda-xırda çəkilərdə alıb çəkməkdənsə, birdəfəlik 200-300 qram narkotik vasitə almaq olmuşdur. Özü bir neçə dəfə şəxsi istifadə üçün həmin adamdan narkotik vasitə aldığına görə, aralarında etibar da yaranmış, bəzən isə nisyə vermişdir. O, narkotik vasitə istifadəçisidir, bununla əlaqədar müalicə olunsa da faydası olmamışdır. Həmin narkotik vasitəni aldığı şəxs yaşadığı ərazinin yaxınlığında olmuşdur. Həmin şəxs özündə marixuana olmadığını, amma İranda yaşayan dostunun istədiyini verə biləcəyini dediyinə görə, o da İranlı ilə danışıb 300 qram narkotik vasitə olan marixuana istəmiş, 100 qramı 300 manata olmaqla, 350 qramı cəmi 1000 manata razılaşmışdır. Həmçinin onunla əlaqələndirən şəxsə pulun bir hissəsini, yəni 300 manatını həmin vaxt, pulun qalanını bir aya düzəldərək verəcəyi baradə razılaşmışlar. O, 300 manatı vermiş, bundan sonra İranlı onunla öz nömrəsi ilə “whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlayıb narkotik vasitəni haradan götürəcəyini demişdir. Narkotik vasitə Yasamal rayonu ərazisində yolun qırağında, daş səkinin arxasında gizlədilmiş, iranlı həm narkotik vasitənin yerini, həm şəklini ona “whatsapp” tətbiqi vasitəsilə yolladıqdan sonra günorta saatlarında həmin yerə gedib, narkotik vasitəni götürərək, evə gəlmişdir. Ailə üzvlərinin xəbər tutmaması üçün, axşam saatlarını, yəni havanın qaralmasını gözləyib, narkotik vasitəni yaşadığı ərazidən 500-600 metr kənarda, gözdən uzaq, insanların əsasən olmadığı bir yerdə gizlətmişdir. Gecə iranlı zəng edib, “nəşə”nin keyfiyyətindən razı qalıb-qalmadığını soruşduqda hələ istifadə etmədiyini bildirmiş, bundan bir qədər sonra, hava almaq adı ilə evdən çıxaraq narkotik vasitəni gizlətdiyi yerdən götürüb istifadə etmək üçün çıxmışdır. 14 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində evdən çıxıb, yaşadığı binanın qarşısına düşən zaman təxminən 5 nəfər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını deyərək, onu döyə-döyə avtomobilə salmış, avtomobildə qollarını qandallayaraq üzərini axtarmış, onu döyüb narkotik vasitənin yerini deməyini tələb etmişlər. Ciblərindən mobil telefon və evin açarından başqa heç nə olmamış, polislər mobil telefonunun kodunu öyrənib açmışlar. 3 nəfər polis əməkdaşı onun yanında qalmış, qalanları isə evə qalxmış, avtomobildə qaldığı üçün, evdə nə baş verdiyini bilməmış, təxminən 15-20 dəqiqə sonra evə axtarışa gedənlər qayıdaraq bir-birinə evdə heç nə olmadığını deyib, sonra onu yenə döymüşlər. Zərbələrin ağrısına dözməyib narkotik vasitəni gizlətdiyi yeri deyərək birlikdə həmin şəxslərin avtomobili ilə onun dediyi yerə gəlmış, polislərə narkotik vasitəni gizlətdiyi yeri göstərmiş, polislər bağlı paketdə olan 350 qram narkotik vasitə olan marixuananı götürdükdən sonra avtomobil ilə polis idarəsinə gəlmişlər. Orada otaqlardan birinə aparıb, qolu bağlı vəziyyətdə bir qədər gözlədikdən sonra adını sonradan bildiyi Samir adlı polis və başqaları yanına gəlmış, həmin polis əməkdaşları narkotik vasitənin 1 kiloqram olmasını, iranlının onun vasitəsi ilə narkotik vasitəni satdırması məzmununda ifadə verməyini tələb etmış, buna etiraz edərək, satış məqsədinin olmamasını bildirmişdir. 350 qram narkotik vasitəni artırıb 1 kiloqram etmişlər, lakin gizlətdiyi yerdəki paketdə 350 qram narkotik vasitə olmuşdur. Narkotik satıcısının 350 qram narkotik vasitənin pulunu alıb, bir kiloqram narkotik vasitə verməsinin qeyri-mümkün olduğunu düşünür. Polis əməkdaşlarından müdafiəçi tələb etdiyinə görə əsəbiləşib döyüldüyündən, üz, baş, bədən nahiyəsinə yumruq, təpik zərbələrinin vurulması təsirindən qulağının pərdəsi partlamışdır. O, dözməyib təqdim edilmiş sənədlərin hamısını imzalamış, sənədləri imzalayarkən, izahat yazılarkən müdafiəçisi yanında olmamış, səhəri gün vəkil gəldikdən sonra məhkəməyə aparılmış, məhkəmə xəsarətlərinə fikir vermədən, formal bir iclas keçirib, həbs qərarı vermişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən həkim müayinəsi zamanı polis əməkdaşları tərəfindən döyülməyəcəyindən əmin olub xəsarətləri barədə bildirmişdir. Onun narkotik vasitəni satmaq məqsədi olmamış, kuryerlik edib pul almamış, iranlı ilə 350 qram narkotik vasitənin alınmasına razılaşmış, bir kiloqram narkotik vasitə almamış, üzərində narkotik vasitə, ümumiyyətlə, küçədə gizlətdiyi yerdə isə 350 qramdan artıq narkotik olmamışdır. Bundan başqa, kiminləsə narkotik vasitəni satmaq barədə razılaşmamış, narkotik vasitəni kiməsə satması müəyyənləşməmiş, ondan kimsə narkotik vasitəni satın yaxud pay almamış, kiməsə nəyinsə əvəzində narkotik vasitə verməmişdir. Tutularkən üstündə nəinki tərəzi, büküm, satışa dəlalət edən hansısa əşya, ümumiyyətlə narkotik vasitə olmamışdır. Narkotik satışından gəlir əldə etməyinə dair heç bir sübut yoxdur, kimsə onun narkotik vasitə satmasına şahidlik etməmiş, çünki belə bir hal olmamışdır. Bu barədə verilmiş əməliyyat tapşırığının cavabından da görünür ki, satışla bağlı heç bir sübut tapılmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs pulun bir hissəsini əvvəl, qalan hissəsini isə iranlının bank kartına atacağını, əvvəllər Rusiyada kafe işlətdiyini, Azərbaycana tutulmazdan 2 ay əvvəl gəldiyi üçün Bakıda heç bir yerdə işləmədiyini, Rusiyadan gəldiyi üçün narkotik vasitə almağa pulunun olduğunu, əvvəllər uzun müddət narkotik vasitə olan “nəşə” çəkdiyini, dərman atdığını, əvvəllər də 20-50 qram narkotik vasitəni elə həmin adamdan aldığını, həmin adamla eyni ərazidə yaşadığını, bu dəfə onda narkotik vasitə olmadığı üçün onu iranlı ilə əlaqələndirdiyini, narkotik vasitənin qiymətini sərf etdiyinə, həm də nisyə verdiyinə görə iranlıdan narkotik vasitə olan marixuana aldığını, gün ərzində 5-6 dəfə narkotik vasitə olan marixuana istifadə etdiyini, onu aparmağa 5 nəfər polis əməkdaşının sonradan isə əlavə 2 nəfərin də gəldiyini, polis əməkdaşlarının binanın qabağında onu saxladıqlarını, cibində telefon və açar olduğunu, narkotik vasitəni evindən 500-600 metr uzaqlıqda gizlətdiyini, polis əməkdaşlarını həmin yerə aparıb narkotik vasitənin yerini göstərdiyini, polis əməkdaşlarının onu saxladıqdan sonra 40 dəqiqəyə yaxın avtomobildə evin yanında olduğunu, onu avtomobilə əyləşdirib üzərini yoxladıqlarını, üzərindən heç nə aşkarlanmadığını, telefonunun polis əməkdaşlarında qaldığını, evin açarını götürüb evə baxmağa getdiklərini, 10-15 dəqiqədən sonra qayıdıb evdə narkotik vasitəni axtarsalar da, tapmadıqlarını, polislərin onu avtomobildə döydüklərini, onda narkotik vasitə olduğunu haradansa dəqiq bildiklərini, idarədə polislərin onu döyüb narkotik vasitə olan marixuananın çəkisini 350 qram yox, 1 kiloqram olduğunu və satış məqsədilə aldığını boynuna götürməyə məcbur etdiklərini, sanksiya ilə bağlı məhkəməyə aparılanda onu hədələdikləri üçün orada zorakılıqla bağlı heç nə demədiyini bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdən bəri narkotik vasitələrdən istifadə etmiş, həmin narkotik vasitələri üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10-15 manata almış, 2022-ci ilin sentyabr ayının əvvəllərində sosial şəbəkələrin birində adını xatırlamadığı səhifəyə rast gəlmiş, həmin səhifədə Əsgər adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, Əsgər adlı həmin şəxslə birinci dəfə sosial şəbəkədə yazışmış, Əsgər adlı həmin şəxslə söhbət zamanı sonuncu ona göstərişi ilə narkotik vasitələri qeyd etdiyi ünvanlara çatdırılması, bunun qarşılığında pul verəcəyini təklif etdikdə razılaşmış, bundan sonra Əsgər istifadəsində olan “+**********33” saylı “Whatsapp” nömrəsini vermiş, özü də ona istifadəsində olan “***-***-**-**” və “+380-73-001-0577” saylı mobil nömrələrini vermiş, Əsgər adlı şəxslə həmin nömrələrin “Whatsapp” bölümü ilə yazışmış, həmin vaxtdan Əsgər adlı həmin şəxsin göstərişi ilə sonuncunun qeyd etdiyi ünvanlardan narkotik vasitəni götürüb özündə saxlamış, dediyi vaxt və həmçinin dediyi ünvanlarda həmin narkotik vasitəni paylamış, narkotik vasitəni götürdüyü yerdən pulunu da götürmüşdür. 2022-ci ilin sentyabr ayının ortalarından həmin vaxtadək Əsgər adlı həmin şəxs bu işlərin qarşılığında ona təqribən 1000-1500 manat pul vermişdir. Sonuncu dəfə Əsgər xx.xx.2022-ci il tarixdə saat 14 radələrində zəng edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında asfalt yolun kənarında yerləşən daş səkinin arxasında bir kiloqram qurudulmuş marixuana olmasına, həmin narkotik vasitəni qeyd etdiyi ünvandan götürməyinə göstəriş vermiş, ünvanın şəklini də “Whatsapp” tətbiqi vasitəsi ilə göndərmiş, həmin gün saat 15 radələrində ünvana gedib daş səkinin arxasında Əsgər tərəfindən gizlədilmiş bir ədəd göy sellofan paketi götürüb oradan uzaqlaşmış, həmin torbanın içinə baxdıqda skoça bükülmüş qurudulmuş marixuananın olduğunu görmüş, həmin marixuananı götürüb yaşadığı evə gəlmiş, yatdığı otaqda onu gizləmiş, xx.xx.2022-ci il tarixdə saat 01:00-da Əsgər adlı həmin şəxsə zəng edərək narkotik vasitəni götürüb evdən çıxmış, ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edərkən mülki geyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını qeyd edib onu Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər. Polis idarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah olunduqdan sonra xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş, həmin müdafiəçiyə etiraz etməmiş, üzərinə razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında şəxsi axtarış keçirilərkən üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və maddə olduğu təqdirdə təqdim etməsi təklif olunduqda əlindəki göy rəngli sellofan paketin içində olan skoça bükülmüş qurudulmuş marixuananı masanın üzərinə qoymuş, bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, üzərində hər hansı bir əşya olmadığını bildirmiş, daha sonra həmin marixuana iştirakçıların iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və protokol yazılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, 14 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində saxlanılaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə dəvət olunmuş, təhqiqatçının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkarlanmış, həmin narkotik vasitə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatının narkotik vasitənin satışı ilə məşğul olması barədə olmasını, keçirilmiş əməliyyat tədbirində Şahid2 iştirak etdiyini, sonradan kömək məqsədilə başqa polis əməkdaşının da yaxınlaşdığını, lakin kim olduğunu dəqiq xatırlamadığını, saxlanılan zaman Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torbanın içərisində çəkisi təxminən 1 kiloqram olan narkotik vasitə marixuana olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından Yasamal rayonu ərazisində aldığını, Təqsirləndirilən şəxs hansı avtomobillə apardıqlarını, saxlanılarkən yaşadığı binanın hansı tərəfində olduğunu, üzərindəki geyimi xatırlamadığını, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sol cibindən mobil telefonun aşkarlandığını, lakin həmin mobil telefona baxış keçirilmədiyini, Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini, o və ya digər polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor və ya psixi təzyiq göstərilmədiyini, Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün əlavə kütlənin təqdim olunmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğuna görə həmin polis idarəsinin əməkdaşı Şahid1 ilə birgə Təqsirləndirilən şəxs saxlayaraq Binəqədi Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və baxış aparılarkən Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torbanın içərisində narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə gecə vaxtı təxminən saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən küçədə saxlanıldığını, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran vətəndaşından Yasamal rayonundən götürdüyünü dediyini, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs cibindən mobil telefonun da aşkarlandığını, videoçəkilişin bir dəfə aparıldığını, Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən hər hansı fiziki zor və ya psixi təzyiqin göstərilmədiyini, Təqsirləndirilən şəxs saxlanılmasında polis əməkdaşlarının köməklik etdiyini, Təqsirləndirilən şəxs üzərinə küçədə baxışın keçirilmədiyini, sonuncunun həmin vaxt içkili və ya narkotik vasitənin təsiri altında olub-olmamasını bilmədiyini, Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün əlavə kütlənin təqdim olunmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasına müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilərək əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusu olduğuna görə, tanımaqla, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 14 oktyabr 2022-ci il tarixdə saat 1 radələrində yaşadığı evin həyətində səs-küy eşitdiyindən pəncərəni açıb baxdıqda küçədə 2-3 nəfər şəxsin Təqsirləndirilən şəxs vurduğunu görmüşdür. Təqsirləndirilən şəxs “vurmayın, ağrayıram” deyərkən, həmin şəxslər Təqsirləndirilən şəxs “haradadır?” deyə soruşduqda sonuncu “üzərimdə heç nə yoxdur” söyləmiş, Təqsirləndirilən şəxs orada olan avtomobilə əyləşdirildikdən sonra 2-3 nəfər Seymurun yaşadığı evə keçmək üçün bloka daxil olmuşdur. Təqsirləndirilən şəxsla divar qonşusu olmuş, sonuncun atasının da evdə xəstə olmasını bilmışdir. Həmin vaxt evdən dağıntı səslərini eşitmiş, həmin şəxslərin polis əməkdaşı olub-olmadığını bilməmiş, mülki geyimdə olmuşlar. Həmin şəxslər Təqsirləndirilən şəxs avtomobillə aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Gülnarə Kərimova heç bir yerdə işləmədiyini, həmin şəxslərin Təqsirləndirilən şəxs ciblərini yoxlamasını, əllərini qandallamalarını görmədiyini, sadəcə Təqsirləndirilən şəxs “vurma ağrayıram, məndə heç nə yoxdur” ifadələrini işlətdiyini eşitdiyini, Təqsirləndirilən şəxs avtomobilə əyləşdirdiklərini gördüyünü, Təqsirləndirilən şəxs sakit biri kimi tanıdığını, sonuncunun narkotik vasitə istifadəçisi və yaxud narkotik vasitənin satışı ilə məşğul olan şəxs kimi tanımadığını, Təqsirləndirilən şəxs avtomobilə 2-3 nəfər şəxsin əyləşdirdiyini, 2-3 nəfər şəxsin də Təqsirləndirilən şəxs evinə daxil olduğunu, gecə vaxtı olduğuna görə əsasən səsləri eşitdiyini, bloka daxil olan şəxsləri, habelə Təqsirləndirilən şəxs konkret olaraq həmin şəxslər tərəfindən döyülməsini görmədiyini, döyülmə səslərini eşitdiyini, həmin şəxslər Təqsirləndirilən şəxs evindən çıxarkən sonuncunun atasının evdə “dağıtmayın, biz də heç nə yoxdur” deməsini eşitdiyini bildirdi. Məhkəmə iclasına müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilərək əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusu olduğuna görə, tanımaqla, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin oktyabr ayının 13-dən 14-ə keçən gecə saat təxminən 12-01 radələrində yaşadığı küçədə səs eşitmiş, pəncərədən baxdıqda 4-5 nəfər şəxsin Təqsirləndirilən şəxs döyərək “harada gizlətmisən, yerini de” dediklərini eşitmiş, həmin vaxt Təqsirləndirilən şəxs “döyməyin, döyməyin, üstümdə heç nə yoxdur” söyləmişdir. Həmin şəxslər Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib, yaşadığı evə daxil olmuş, bir neçə dəqiqədən sonra çıxıb getmişlər. O, Təqsirləndirilən şəxs atasından nə baş verdiyini soruşduqda sonuncu oğlunun polis əməkdaşları tərəfindən aparıldığını ona demişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Elmira Əliyeva öz təşəbbüsü ilə məhkəmədə ifadə vermək istədiyini, yaşadığı evin blokunun işığı olmadığı üçün Təqsirləndirilən şəxs döyən şəxslərin üzlərini görə bilmədiyini, həmin şəxslərin Təqsirləndirilən şəxs qolunu qandallayıb avtomobilin içinə saldıqlarını, həmin şəxslərin Təqsirləndirilən şəxs vurarkən sonuncunun “döyməyin, məni ciyərim ağrayır, ürəyim ağrayır” deməsini eşitdiyini, Təqsirləndirilən şəxs döyüldüyü yerlə onun yaşadığı evin pəncərəsinin arasının 10 metrə yaxın olduğunu, yaşadığı evin blokunun işıqlandırılmadığını, səs-küy eşitdiyini, qaranlıqda 4-5 nəfər şəxsin orada hərəkət etdiklərini gördüyünü, Təqsirləndirilən şəxs da səsindən tanıdığını, mülki geyimli şəxslərin kim olduqlarını bilmədiyini, səsdən Təqsirləndirilən şəxs əlinə qandalın vurulduğunu bildiyini bildirdi. Məhkəmə iclasına müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilərək əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusu olduğuna görə, tanımaqla, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 14 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə yatarkən pəncərəsi açıq olduğundan “vurmayın, vurmayın, mən xəstəyəm” səslərini eşitmiş, baxdıqda adamların dalaşdığını, pərdəni çəkdikdə isə Təqsirləndirilən şəxs kimlərinsə vurduğunu görmüş, daha sonra həmin şəxslər Təqsirləndirilən şəxs əllərini bağlayıb avtomobilə əyləşdirdikdən sonra oradan uzaqlaşmışlar. O, nə baş verdiyini başa düşməmiş, sonradan həmin şəxslərin Təqsirləndirilən şəxs evində axtarış apardıqlarını bilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid Sübhan Ələkbərov davadalaşın yaşadığı evin pəncərəsinin qabağında baş verdiyini, pəncərənin qabağı bağlı olduğundan, insanları görmədiyini, Təqsirləndirilən şəxs görməsə də, səsindən tanıdığını, pəncərənin qarşısında divarın olduğunu, Təqsirləndirilən şəxs qolunun bağlanmasını görmədiyini, Təqsirləndirilən şəxs istəməsə də, məcburən avtomobilə əyləşdirildiyini, əynini dəyişib küçəyə çıxdıqda Təqsirləndirilən şəxs yaşadığı evin blokundan 3-4 nəfər mülki geyimli şəxsin çıxıb getdiyini gördüyünü, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi, satışı ilə məşğul olduğunu görüb-eşitmədiyini bildirdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən orta boylu, təxminən 40-45 yaşlarında olan “Seymur” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması haqqında” protokoldan görünür ki, “Seymur” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-6) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 01:00-da Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 7) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 18-19; 20) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və həmin tarixli protokoldan, xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, həmin tarixdə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi göy rəngli 1 ədəd sellofan torbada şəffaf lent ilə sarılmış içərisində narkotik vasitəyə bənzər kütlə olan bükümü, şalvarının ön sol yan cibindən 1 ədəd “Realme” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi həmin narkotik vasitəyə bənzər kütlə olan bükümün marixuana olmasını bildirmiş, sorğu zamanı həmin bükümü xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində internet sosial şəbəkəsindən tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Əsgər” adlı şəxsdən qabaqcadan Yasamal rayonunda yerləşən Bakı dairəvi yolun sağ kənarında bardürün qırağında müəyyən edilmiş yerə qoyaraq ordan götürdüyünü, müştərilərə satmaq üçün nəzərdə tutulan müxtəlif ünvanlara yerləşdirilməsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş göy rəngli 1 ədəd sellofan torbada şəffaf lent ilə sarılmış içərisində narkotik vasitəyə bənzər kütlə olan büküm qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Realme” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (Cild 1, iş vərəqə 28-29; 32-34; 60) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/1178 nömrəli ekspert rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim olunmuş skoçla bağlanmış bir ədəd sellofan bağlamada təmiz çəkisi 1005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 1005 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 1004,95 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 41-43) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-2499/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 13 oktyabr 2022-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 47- 48) “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Realme” markalı mobil telefonun nömrələr olan siyahısına baxış zamanı “***-***-**-**” və “+380-73-001-0577” saylı mobil nömrələrin olması, həmin nömrələrin hər ikisində də “Whatsapp” tətbiqinin mövcudluğu müəyyənləşmişdir. Həmin nömrələrin “Whatsapp” tətbiqinin bölümlərində Əsgər adı ilə qeydə alınmış “+**********33” mobil nömrə ilə aralarında olan narkotik vasitələrin satışı, ünvanlara çatdırılması ilə bağlı yazışmalar, danışıqlar mövcuddur və həmçinin narkotik vasitələrin çatdırıldığı ünvanların foto şəkilləri və pulların göndərilməsi çekləri vardır. Bundan başqa “Aref” adı ilə qeyd alınmış “+**********72” saylı mobil nömrənin “Whatsapp” tətbiqi ilə aralarında olan narkotik vasitələrin satışı, ünvanlara çatdırılması ilə bağlı yazışmalar, danışıqlar mövcuddur və həmçinin narkotik vasitələrin çatdırıldığı ünvanların fotoşəkilləri və pulların göndərilməsi çekləri vardır. (Cild 1, iş vərəqə 61-71) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham irəli elan edilmişdir. (Cild 1, iş vərəqə 74-75) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1191/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 96-100) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X17 xx.xx.2022-ci il tarixli, 6603 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 142-143) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 xx.xx.2022-ci il tarixli, 2928 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqə 145-146) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (Cild 1, iş vərəqə 148) xx.xx.2023-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş, barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001 )- 11911/2022 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış,hazırki cinayət işindən ayrıca icrata cinayət işi ayrılmış, iş üzrə şübhəli və təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqında protokol, baxış və götürmə aparılması barədə protokol, ekspert rəyləri, həmçinin əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə zidiyyət yaratmadığından sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması qərara alınmış, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 1005 qram narkotik vasitə qurudulmuş marixuana cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, ekspertiza təqdiqatından sonra qalıq qalmış çəkisi 1004,95 qram narkotik vasitə qurudulmuş marixuana məhkəmənin yekun hökmünədək saxlanması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi qərara alınmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən çıxan 01 ədəd “Realme” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut kimi tanınmış və məhkəmənin yekun hökmünədək saxlanması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 155-159) xx.xx.2023-cü il tarixli “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, hazırki cinayət işi üzrə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan Əsgər adlı şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. (Cild 1, iş vərəqə 162-163) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-3142/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilən zaman sol göz qapağında bənövşəyi rəngli qançır, sol qulağın təbil pərdəsində zədələnmə müşahidə olunmuşdur. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhhətində yaranmış narahatçılıqla ələqədar müayinə və müalicə məqsədi ilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin xx.xx.2023-cü il tarixli, 20-04/648 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə Bakı İstintaq Təcridxanasından “Qaraciyər” sirrozu” diaqnozu ilə Müalicə Müəssisəsinə göndərilmişdir. O, klininki, laborator, instrumental müayinələrdən keçirilmiş, həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə “Qaraciyər sirrozu qarışıq forma dekompenssasiya mərhələsi. Trombositopeniya. Assit. İkinci anemiya” diaqnozu müəyyən edilmiş, terapiya şöbəsində müalicə başlanılmışdır. Aparılan müalicə tədbirlərinə baxmayaraq xəstənin səhhətində zəif müsbət dinamika izlənilir, dinamik aparılmış laborator müayinələr zamanı trombositlərin və leykositlərin miqdarı normadan aşağı olmuşdur. Hazırda tibbi müayinələr davam etdirilir. Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli, 1054-xid-23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı üzrə prokurorluqda aparılmış araşdırma zamanı cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 40/21105/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə gətirilən zaman bədən baxışı keçirilərkən sol gözünün alt hissəsində göyərmə aşkar edilmişdir. Tutulan şəxsin deməsinə görə o, qeyd olunan xəsarətləri tutulmazdan əvvəl almışdır. “AZE-MİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü 2 övladı vardır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanılarkən ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edildiyinə görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verdiyini demişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün Bakı şəhəri Binəqədi rayon prokurorluğuna, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına müraciət edilmiş, cavabları alınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-3142/2023 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən ilkin tibbi müayinədən keçirilən zaman sol göz qapağında bənövşəyi rəngli qançır, sol qulağın təbil pərdəsində zədələnmə müşahidə olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 40/21105/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis idarəsinin müvəqqəti saxlama yerinə gətirilən zaman bədən baxışı keçirilərkən sağ qolunda köhnə sınıq, sol gözünün alt hissəsində göyərmə aşkar edilmiş, tutulan şəxsin deməsinə görə qeyd olunan xəsarətlər tutulmazdan əvvəl aldığı qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli, 1054-xid-23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı üzrə Binəqədi prokurorluğunda aparılmış araşdırma nəticəsində xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, araşdırmanın başlanmasına səbəb Bakı İstintaq Təcridxanasından yuxarıda qeyd olunan xəsarətlə bağlı prokurorluğa daxil olan məlumat olmuşdur. Araşdırma zamanı Təqsirləndirilən şəxs izahat verərkən müstəntiqin xidməti otağında polis əməkdaşlarının onun qabırğa nahiyələrinə yumruq zərbələri vurduqlarını, ona qarşı zorakılıq edən şəxslərin kim olduğunu bilmədiyini bildirmişdir. Habelə, həmin araşdırma ilə bağlı polis əməkdaşları verdikləri izahatlarında Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq edilmədiyini söyləmişlər. Araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının onun qabırğa nahiyyəsinə vurmalarını desə də, müvafiq ekspert rəyində və Bakı İstintaq Təcridxanasının tibbi müayinəsində sonuncunun həmin nahiyəsində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Bu, səbəbdən polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftar edilməsi faktı öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs bədəni üzərində yaranmış xəsarətin kənar şəxs tərəfindən törədilməsi qənaətinə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən zorakılıq edildiyini desə də, məhkəmə araşdırması zamanı konkret olaraq kimin ona fiziki və ya psixi zor tətbiq etdiyini söyləməmişdir. Habelə, Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə daxil olarkən bədəni üzərində xəsarət aşkarlanmış, o, həmin xəsarətin tutulmazdan əvvəl aldığını bildirmişdir. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs tutularkən bədəni üzərində xəsarətlərin olmasını inkar etməsə də, həmin xəsarətlərin Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinə daxil olarkən tibbi yoxlanış zamanı dediyinə, habelə xəsarətlə bağlı prokurorluq orqanlarında aparılmış araşdırmaya və onun nəticələrinə əsasən polis əməkdaşları tərəfindən törədilmədiyi qənaətinə gəlmişdir. Habelə, məhkəmə bir halı qeyd edir ki, prokurorluq orqanı tərəfindən sözügedən araşdırma zamanı qeyri-müəyyən şəxs tərəfindən Təqsirləndirilən şəxs zorakılıq edilməsi ilə bağlı Azərbaycan Respublikasının 39.1.8-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, məhkəmə bir halı da qeyd edir ki, ibtidai istintaq zamanı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəmə nəzarəti qaydasında məhkəməyə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, əsaslı şübhə mövcud olmamışdır. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində 14 oktyabr 2022ci il tarixdə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərində 350 qram narkotik vasitə qurudulmuş marixuananın olduğunu, ittiham aktında qeyd edilən həcmdə, yəni 1005 qram narkotik vasitə qurudulmuş marixuananın olmadığını desə də, o, ifadəsində göstərdiyi həmin xüsusatı hər hansı dəlillə möhkəmənləndirə bilməmiş, yalnız 1000 manat müqabilində 350 qramdan artıq narkotik vasitə qurudulmuş marixuananın alınmasının mümkün olmadığını, həmin pul qarşısında 1005 qram marixuananın satılmasının qeyri-mümkün olduğunu bildirməklə kifayətlənmişdir. Habelə, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı tərəzidə çəkməsi ilə bağlı hər hansı məlumat məhkəməyə təqdim etməmişdir. Lakin əksinə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlanaraq qanuna uyğun şəkildə götürülmüş narkotik vasitə qurudulmuş marixuananın müvafiq ekspert rəyi əsasında 1005 qram olması müəyyənləşmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin məzmunda ifadə verməklə məsuliyyətdən yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə gecə radələrində yaşadığı evdən çıxıb, binanın qarşısında olan zaman 5 nəfər polis əməkdaşları tərəfindən saxlanıldığını, üzərində hər hansı çəkidə narkotik vasitə olmadığını, polis əməkdaşları ilə gedərək gizlətdiyi yerdən götürdüyünü, ona edilmiş fiziki və psixi zorakılıq nəticəsində videoçəkiliş zamanı ittihamda qeyd edilən narkotik vasitə marixuananı təqdim edərək özünə məxsus olduğunu deməyə məcbur edildiyini söyləsə də, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsindəki küçədə saxlanıldığını, əməliyyat tədbirində köməklik üçün polis əməkdaşının da iştirak etdiyini, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı nümayiş etdirməsi üçün narkotik maddə kütləsi təqdim edilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkar olunan narkotik vasitə marixuananı təqdim etdiyini və təqdim olunan həmin maddənin qablaşdırılıb ekspertizaya göndərildiyini bildirmişlər. Cinayət işinin materiallarının 1-ci cildinin 32-34-cü vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskin tədqiqindən müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əlində saxladığı göy rəngli 1 ədəd sellofan torbada olan şəffaf lent ilə sarılmış içərisində narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Məhkəmə sübutları təhlil edib belə qərara gəlir ki, müdafiə tərəfinin verdiyi vəsatət əsasında dəvət edilmiş əlavə şahidlərin ifadələri ayrı-ayrılıqda təhlil edilmiş, həmin ifadələrin sübut əhəmiyyəti daşıyıb-daşımaması araşdırılmışdır. Şahid X8 ifadəsinin əvvəlində Təqsirləndirilən şəxs 2-3 nəfər şəxsin vurduğunu gördüyünü desə də, məhkəmə iclasında ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs konkret olaraq həmin şəxslər tərəfindən döyüldüyünü görmədiyini, yalnız döyülmə səslərini eşitdiyini bildirmiş, bundan başqa digər şahid X9 ifadəsinin əvvəlində 4-5 nəfər şəxsin Təqsirləndirilən şəxs döyərək “harada gizlətmisən, yerini de” dediklərini eşitdiyini söyləsə də, məhkəmə iclasında ona verilən suallara cavab olaraq yaşadığı evin blokunun işığı olmadığı üçün Təqsirləndirilən şəxs döyən şəxslərin üzlərini görə bilmədiyini, qaranlıqda 4-5 nəfərin orada hərəkət etdiklərini gördüyünü, Təqsirləndirilən şəxs da səsindən tanıdığını bildirmiş, bundan savayı digər şahid Sübhan Ələkbərov ifadəsinin əvvəlində Təqsirləndirilən şəxs döyüldüyünü gördüyünü desə də, məhkəmə iclasında ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs döyüldüyünü görmədiyini, sonuncunun səsindən tanıdığını söyləmişdir. Göründüyü kimi hər 3 şahid sərbəst ifadə və verilən suallara cavablarında bir-birindən əhəmiyyətli dərəcədə ziddiyyətli məzmunda ifadələr vermiş, məhkəmədə həmin ifadələrin həqiqi olmasına dair şübhələr yaranmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə əlavə şahid qismində dindirilmış şahidlər X6, X9 və X2 Təqsirləndirilən şəxs qonşuları olduğuna görə onların məhkəmədə verdiyi ifadələrini təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qəbul edir, hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Bu səbəbdən, məhkəmə X6, X9 və X2 verdiyi ifadələri sübut növü kimi qəbul etmir. Bundan başqa, həmin əlavə şahidlər və Təqsirləndirilən şəxs polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmalarına dair verdikləri ifadələri cinayət işinin materialları ilə təsdiqlənmədiyindən, həmin şəxslərin dedikləri mötəbər hesab edilmədiyindən, məhkəmə qeyd olunanları əsaslı qəbul etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2022-ci il tarixli ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, yəni şahid ifadələri, ekspert rəyləri və digər istintaq hərəkətləri protokolları qanunidir, hər hansı şübhə yoxdur, sübut kimi qəbul edilən, yol veriləndir. Hər hansı sübutun xaric edilməsinə əsas yoxdur, bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma və məhkəmə baxışı dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2022-ci il tarixli ifadəsini, şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahının 109.1-ci bəndinə əsasən - narkotik vasitə olan qurudulmuş marixuana təmiz halda 5 (beş) qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 500 (beş yüz) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 1005 qram narkotik vasitə olan qurudulmuş marixuana təqdim etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitə olan marixuananın təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 201 dəfə çoxdur. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. İş materiallarından, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrindən görünür ki, o, İran İslam Respublikasının vətəndaşı “Əsgər” adlı şəxslə cinayətkar əlaqəyə girərək narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Habelə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirsə də, ibtidai istintaq zamanı “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Realme” markalı mobil telefonun nömrələr olan siyahısına baxış zamanı “***-***-**-**” və “+380-73-001-0577” saylı mobil nömrələrin hər ikisinin “Whatsapp” bölməsində müxtəlif tarixlərdə “Əsgər” adı ilə qeydə alınmış “+**********33” mobil nömrə ilə aralarında olan narkotik vasitələrin satışı, ünvanlara çatdırılması ilə bağlı yazışmalar, danışıqlar mövcud olmuş, həmçinin narkotik vasitələrin çatdırıldığı ünvanların foto şəkilləri və pulların göndərilməsi çekləri olması müəyyən edilmişdir. Bundan başqa “Aref” adı ilə qeyd alınmış “+**********72” saylı mobil nömrənin “Whatsapp” bölümü ilə müxtəlif tarixlərdə aralarında olan narkotik vasitələrin satışı, ünvanlara çatdırılması ilə bağlı yazışmalar, danışıqlar mövcuddur və həmçinin narkotik vasitələrin çatdırıldığı ünvanların fotoşəkilləri və pulların göndərilməsi çekləri olması müəyyən edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəyin müəyyən edilməsi üçün hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan marixuananın şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışma mətnlərinin mövcudluğuna, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair etimad doğuran müvafiq əməliyyat məlumatının olmasına və işdə olan digər sübutlara əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə-qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlini qismən etiraf etməsini, səhhətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1191/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1004,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videoçəkilişin görüntüləri olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Realme” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X17 xx.xx.2022-ci il tarixli, 6603 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkololi dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 oktyabr 2022-ci il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1004,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd “Realme” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videoçəkilişin görüntüləri olan 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynova
Məhkəmə qərarları › İş №1(101)-171/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-171/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver