Məhkəmə qərarları › İş №1(101)-1713/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1713/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1713/2022 12.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxx 2004-cü il tarixdə Masallı rayonu, Boradigah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Sahil Ərazi Dairəsi, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 59, mənzil 43 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qanunsuz olaraq əldə etdiyi soyuq silah hesab edilən bıçağı silah qismində tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs məxsus **-OG-*** nömrə nişanlı, “Toyota Prius” markalı avtomobilə müştəri qismində əyləşərək Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsinə sürməyini bildirmiş və 06 iyul 2022-ci il tarixdə saat 04 radələrində ünvan 1 ünvanına çatdıqda qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən bıçağı silah qismində tətbiq etməklə həmin bıçağın tiyəsini hücuma məruz qalmış Zərərçəkmiş şəxs bel nahiyəsinin sağ yan tərəfinə sıxaraq, sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın etməklə, Zərərçəkmiş şəxs məxsus olan 370 manat pulu və dəyəri 12500 manat təşkil edən xeyli miqdarda olan “Toyota Prius”, “Xetçbek” tipli markalı, **-OG-*** nömrə nişanlı avtomobili ələ keçirib quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anası ilə birgə yaşayır. Atası isə təxminən 8 il bundan qabaq quldurluq cinayətinə görə tutulmuş və 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, Rusiya Federasiyasına 2022-ci ilin iyun ayının əvvəlində işləmək üçün getsə də bir az işlədikdən sonra, iyulun əvvəllərində Azərbaycana qayıtmışdır. Bir neçə gün rayonda və Bakı şəhərində müxtəlif otellərdə qaldıqdan sonra üzərində pulu qurtardığından, özünə bilet alıb yenidən Rusiyaya getmək istəyirmiş. Lakin, pulu olmamışdır. Onun pula ehtiyacı olduğundan, o, qərara gəlmişdir ki, kimisə bıçaqla qorxudub pul alıb, həmin pulla özünə təyyarə bileti alaraq Rusiyaya getsin. Buna görə 05 iyul 2022-ci ildə axşam saatlarında yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsindəki mənzilə gedib mənzildən ona məxsus, hadisədən təxminən bir neçə gün qabaq aldığı bıçağı götürmüşdür. Oradan yol taksisi ilə şəhərə, sonradan isə piyada Koroğlu metrostansiyasmın yaxınlığına getmişdir. Artıq 06 iyul 2022-ci il saat 03:15 radələri olarmış. O, həmin vaxtı metronun yaxınlığında taksi kimi dayanmış “Toyota” Prius” markalı avtomobilə yaxınlaşmış və maşının sürücüsü, sonradan adı ona məlum olan Həsən adlı şəxsə onu Nərimanov rayonu, “Montin” qəsəbəsinə aparmağını xahiş etmişdir. Həsən də ondan yol haqqı olaraq 7 manat istəmiş, o isə Həsən ondan şübhələnməsin deyə yalandan bir az aşağı qiymət deməsini bildirib 6 manat verəcəyini demişdir. Həsən də onunla razılaşmışdır. Bundan sonra o, həmin taksi maşının arxa oturacağında, əyləşmişdir. O, Həsənə maşını Nərimanov rayonu ərazisində yerləşən Montin qəsəbəsinə sürməyini bildirmişdir. Çünki, o, hadisədən qabaq həmin əraziyə gedib baxıb, bilmişdir ki, orada qaranlıq və sakitlik olduğu üçün cinayət törədə bilər. Həsən də maşını onun dediyi ünvan istiqamətində sürmüşdür. Artıq saat 04 radələri olanda, Həsən maşını saxladıqdan sonra o, cibindən bıçağı çıxardıb düyməni basmaqla bıçağın tiyəsini açıb, bıçağı sağ əlində saxlamışdır. Həmin vaxt Həsən ondan yol pulunu istədikdə, o pulunun olmadığını demişdir. Həsən arxaya dönərək əlində olan bıçağı gördükdə, ona pulu yoxdursa gedə biləcəyini demişdir. O Həsəndən pulunun olub-olmadığını soruşmuş, Həsən isə maşından düşmək istəmişdir. O da sol əli ilə Həsənin sol çiynindən tutub belinin sağ tərəfinə əlindəki bıçağın tiyəsini söykəyib, maşının qapılarını kilidləməyini, maşının mühərrikini və salonun işığını söndürməyini, maşını kənara çəkməyini, artıq hərəkət etməməyini bildirərək yenidən pulunun olub-olmadığını soruşmuşdur. Həsən də üzərində 30 manat pul olduğunu və həmin pulu bölməyi təklif etsə də o, Həsəndən maşının bardaçokunu açmağını tələb etmişdir. Həsən həmin yeri açan zaman orada olan pulu görmüş və nə qədər olduğunu soruşmuşdur. Həsən də 370 manat olduğunu bildirmişdir. Həmin pulu ona verməyini tələb etmiş və Həsən həmin pulu ona vermişdir, 30 manat isə Həsəndə qalmışdır. Bundan sonra Həsəndən maşının açarlarını da ona verməyini və maşından düşməyini tələb etmişdir. Həsən də qorxduğu üçün maşının açarlarını kilidindən çıxardıb ona verib, maşından düşmüşdür. Həsən maşından düşənə qədər əlindəki bıçağı o, Həsənin belinin sağ tərəfinə söykəmişdir. Daha sonar o maşından düşüb sürücü oturacağında əyləşmiş və həmin zaman Həsənin yolda qalmasını görüb harada qaldığını soruşmuşdur. Həsən “Nizami Mall” ticarət mərkəzinin yaxınlığında qaldığını bildirdikdə, Həsənə maşına minməyini və Həsəni orada aparıb düşürəcəyimi söyləmişdir. Qeyd edilən ünvanda Həsəni düşürdükdən sonra o, həmin avtomobillə Masallı rayonu istiqamətində hərəkət etmişdir. Ələt yolunda səhvən Hacıqabul istiqamətinə tərəf getdiyi üçün yenidən geriyə qayıdan zaman maşını surətlə idarə etdiyindən onu yolda yol-patrul xidmətinin əməkdaşları saxlamış və ondan maşının sənədlərini istəmişlər. O maşının oğurluq olduğunu bildirdiyi üçün polis əməkdaşları onu Hacıqabul RPŞ-nə aparmış, sonradan isə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları gəlib onu Həsənin avtomobili ilə birlikdə 18-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə o, könüllü olaraq etdiyi əməli etiraf edib hadisə zamanı istifadə etdiyi bıçağı təqdim etmişdir. O, Həsənin avtomobilindən sonradan heç nə oğurlamamış və həmin maşına heç bir zədə yetirməmişdir. Hadisə vaxtı ətrafda heç kim olmamış, hava qaranlıq olmuşdur. Hadisə vaxtı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməmiş, sadəcə bıçaqdan istifadə etməklə Həsəni qorxutmaqla həmin bıçağı Həsənin belinin sağ yan hissəsinə söykəyərək pulu və maşını verməyini tələb etmişdir. Həsənə xəsarət yetirmək niyyəti olmamışdır. Onun məqsədi o olmuşdur ki, pulu və maşını götürdükdən sonra, həmin “Toyota” Prius” markalı maşını da uçuz qiymətə satıb bilet aldıqdan sonra, X2 Rusiyaya getsin. Lakin, Masallıya gedən zaman yolda polislər onu saxladığından o, həmin maşını sata bilməmişdir. Əməlindən peşmandır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 71-74 və 141-144-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir … «...həmin vaxt fikirləşdirm ki, maşınla Masallı rayonuna gedib, həmin maşını orada saxladıqdan sonra əldə etdiyim 370 manat pulla özümə hava yollarından bilet alaraq X3 Rusiya Federasiyasına gedim. Fikirləşdirm ki, maşını da sonradan polis əməkdaşları tapıb Həsənə qaytarar. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır, tutulan zaman həm həyəcanlı olduğundan, həm də elə bilmişdir ki, elə ifadə versə onun vəziyyəti yüngülləşəcək, ona görə o cür ifadə vermişdir. Hazırda verdiyi ifadəsini təsdiq edir. Onun maşını qaçırtmaqda məqsədi pula ehtiyacı olduğu üçün həmin maşını satıb, həmin pulla özünə bilet Rusiyaya gedib orada qalmaq olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hadisəyə qədər təqsirləndirilən şəxsi tanımamışdır. Təxminən 1 ay olar ki, **-OG-*** nömrə nişanlı, “Toyota” Prius” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Avtomobil başqa adamın adına olsa da, o, həmin avtomobili 2022-ci ilin iyun ayının 1-də həmin şəxsdən 13000 manata almış, öz adına keçirənə qədət etibarnamə ilə idarə edir. 06 iyul 2022-ci ildə saat təxminən 03:15 radələrində Bakı şəhəri, Xəzər rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında dayanıb müştəri gözləyən zaman avtomobilə müştəri qismində sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs yaxınlaşıb, onu Nərimanov rayonu, “Montin” qəsəbəsinə aparmağını xahiş etmişdir. O da yol haqqı olaraq 7 manat demişdir. Cəlal isə bir az aşağı qiymətə aparmağını xahiş etdikdə 6 manata razılaşmışlar. Cəlal maşında arxada, yəni sürücü oturacağının arxasındakı oturacaqda əyləşmişdir. O, maşını Cəlalın dediyi ünvana, yəni Nərimanov rayonu ərazisində yerləşən Montin qəsəbəsinə, Aşıq Qərib küçəsinə sürmüşdür. Artıq həmin vaxt saat 04 radələri olarmış, maşını həmin ünvanda saxladıqdan sonra Cəlala yol haqqının 6 manat olduğunu bildirdikdə, Cəlal pulunun olmadığını demişdir. O, həmin vaxt arxaya tərəf dönüb Cəlala pulu yoxdursa çıxıb getməsini söyləmiş, lakin, bu zaman Cəlalın sağ əlində tiyəsi uzun, dəstəyi qara rəngli olan bıçaq tutduğunu görmüşdür. Həmin vaxt Cəlal ondan pulunun olub-olmadığını soruşmuş, o, Cəlalın əlindəki bıçağı gördüyü üçün qorxub maşından düşmək istəmiş, lakin Cəlal əli ilə onun sol çiynindən tutub belinin sağ tərəfinə əlindəki bıçağın tiyəsini söykəmiş, maşının qapılarını kilidləməyini, maşının mühərrikini və salonun işığını söndürməyini tələb edib, artıq hərəkət etməməyini, onun üçün yaxşı olmayacağını bildirib ondan pulunun olub-olmadığını təzədən soruşmuşdur. O da Cəlala üzərində 30 manat pul olduğunu və həmin pulu bölməyi təklif etmişdir. Cəlal isə onunla razılaşmayaraq maşının saxlanc yerini açmağını bildirmişdir. O, həmin yeri açan zaman orada olan 370 manat pulu Cəlal görmüş və ona verməyini tələb etmişdir. O da Cəlalın bıçaqla ona nəsə edəcəyindən qorxduğu üçün həmin 370 manat pulu Cəlala vermiş, 30 manat isə özündə qalmışdır. Bundan sonra Cəlal ondan maşının açarlarını verməyini və maşından düşməyini tələb etmişdir. O da Cəlalın bıçaqla ona nəsə edəcəyindən qorxduğu üçün maşının açarlarını kilidindən çıxardıb Cəlala vermiş, özü isə maşından düşmüşdür. Cəlal arxa oturacaqdan düşüb sürücü oturacağına əyləşmiş və ondan harada qaldığını soruşmuşdur. O da “Nizami Mall” ticarət mərkəzinin yaxınlığında qaldığını bildirdikdə ona maşına minməyini bildirib özü maşını həmin istiqamətdə sürmüşdür. Həmin ünvanda onu düşürdükdən sonra isə Cəlal onun maşını ilə oradan çıxıb getmişdir. O da baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra onu 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Sonradan Cəlal onun maşını ilə birlikdə Hacıqabul rayonu ərazisində saxlanılaraq 18-ci PŞ-nə gətirilmişdir. Şöbədə onun iştirakı ilə maşına baxış keçirilmiş və maşında hər hansı bir zədə olmamış və ya maşından hansısa əşya oğurlanmamışdır. Hadisə vaxtı ətrafda heç kim olmamışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hazırda ona dəymiş maddi ziyan ödənilmiş, avtomobili ona qaytarılmışdır. Təqsirləndirilən şəxsla barışıq əldə etmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-nin məsul növbətçisi, polis mayoru Zabil Məmmədovun 06 iyul 2022-ci il tarixli raportundan görünür ki, 06 iyul 2022-ci ildə, saat 04:38 radələrində DİN-nin 102 xidmətinə Zərərçəkmiş şəxs zəng edərək, avtomobilinə sərnişin qismində əyləşmiş bir nəfər şəxsin onu bıçaqla hədələyərək 370 manat pulunu və **-OG-*** nömrə nişanlı, “Toyota” Prius” markalı avtomobilini Montin bazarının yaxınlığında ələ keçirdiyini bildirmişdir. Cinayət işinin 9-10-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yeri olan Nərimanov rayonu, A.Qərib 169 ünvanına baxış keçirilmiş, baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 12-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs iştirakı il sonuncuya məxsus **- OG-*** nömrə nişanlı, “Toyota Prius” markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildə heç bir zədə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs avtomobildən hər hansı əşyanın oğurlanmadığını bildirmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 15-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 iyul 2022-ci il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçağı könüllü olaraq təqdim etmişdir. Cinayət işinin 49-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 iyul 2022-ci il tarixli əşyanı tanınmaya təqdim etmək haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və sonuncu həmin bıçağı tanıyaraq 06 iyul 2022-ci ildə saat 04 radələrində əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Cəlal adlı şəxsin həmin bıçaqla onu hədələyərək maşınında olan 370 manat pulu və idarə etdiyi “Toyota Prius” markalı maşını ələ keçirdiyini, həmin bıçağı xarici əlamətlərinə -rənginə görə tanıdığını bildirmişdir. Cinayət işinin 50-53-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı qeyd edərək bir daha təsdiq etmişdir. Cinayət işinin 57-59-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 iyul 2022-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 103-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2022-ci il tarixli, 9/4912 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 2005-ci il buraxılışlı, albalı metallik rəngli, **-OG-*** nömrə nişanlı, “Toyota Prius” markalı, “Xetçbek” tipli, 291822 km məsafə qət etmiş avtomobilin 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 12500,00 manat müəyyən olunur. Cinayət işinin 106-108-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2022-ci il tarixli, 3/954 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edillir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4, 181.2.5 və 228.4-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, oğurluq edilərkən təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Qərarın 7-ci bəndində qeyd edilmişdir ki,təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış hesab edilir. Qərarın 23-ci bəndində qeyd edilmişdir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 92-ci vərəqəsində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 128-129-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 08 iyul 2022-ci il tarixli 1819 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətinin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəktlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş 119 saylı MKİS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 111-ci vərəqəsində olan Zərərçəkmiş şəxs 29 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs 21 sentyabr 2022-ci il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxsla barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 06 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 29-cu vərəqəsində olan 06 iyul 2022-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 79-80-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 4(005)-788/2022 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs müddətinin əvvəli 06 iyul 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi bir ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı əldə etdiyi **-OG-*** nömrə nişanlı, “Toyota Prius” markalı avtomobilin Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 124 (yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4, 181.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs hadisə zamanı əldə etdiyi **-OG-*** nömrə nişanlı, “Toyota Prius” markalı avtomobilin Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 124 (yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar