Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1714/2021 15.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X5 və həmin şöbənin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1981-ci il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci və 221.2.1-ci maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 may 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, habelə psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0,045 qram, 0,026 qram, 0,078 qram, 0,044 qram, 0,056 qram, 0,053 qram, 0,033 qram, 0,063 qram, 3,623 qram, 7,391 qram olmaqla ümumi təmiz çəkiləri 11,444 qram təşkil edən kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə olan heroini, üzərində heroin izləri olan elektron tərəzini, 10 ədəd kibrit qutusunda və 1 ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1,668 qram, 0,911 qram, 1,276 qram, 0,875 qram, 1,094 qram, 1,277 qram, 1,361 qram, 1,395 qram, 1,800 qram, 1,055 qram, 22,508 qram ümumilikdə çəkisi 35,220 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 0,655 qram çəkidə psixotrop maddə olan metamfetamini alaraq əldə etmiş, ünvan 2 ünvanın qarşısında Şahid6 bir ədəd bükümdə təmiz çəkisi 0,655 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini hədiyyə vermiş, 13 iyun 2021-ci il tarixdə saat 19:45-də Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin və X7 Alayının 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanması, daşınması, istifadəsində və satışında şübhəli bilinərək Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi 24 ünvanın qarşısında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gətirilmiş və tanışı Şahid6 idarə etdiyi “VAZ-2107” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildən ona məxsus 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0,045 qram, 0,026 qram, 0,078 qram, 0,044 qram, 0,056 qram, 0,053 qram, 0,033 qram, 0,063 qram, 3,623 qram, 7,391 qram - ümumi təmiz çəkiləri 11,444 qram təşkil edən kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə olan heroin, üzərində heroin izləri olan elektron tərəzi, 10 ədəd kibrit qutusunda və 1 ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1,668 qram, 0,911 qram, 1,276 qram, 0,875 qram, 1,094 qram, 1,277 qram, 1,361 qram, 1,395 qram, 1,800 qram, 1,055 qram, 22,508 qram – ümumi təmiz çəkisi 35,220 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, uzun müddət həbsdə olması səbəbindən daimi yaşadığı ünvan yoxdur. Rəsmi olaraq heç yerdə işləmir və bacardığı üsullarla özünü dolandırır. 13 iyun 2021-ci il tarixdə saat 19:45 radələrində, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 24 saylı binanın yanında tanışı Kamillə birlikdə onun idarə etdiyi “VAZ-2107” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını və Kamili tutduqlarını görüb qorxaraq özünə məxsus torbanı Kamilin idarə etdiyi avtomobilində qoyaraq qaçmış, bu vaxt onun yanında 6 aylıq Pitbull cinsli iti olmuşdur. Onun arxasınca qaçıb təqib edən polis əməkdaşları həmin itə güllə ataraq onu öldürmüş və onu da tutub Kamillə birlikdə Polis Bölməsinə aparmışlar. Orada o, üzərində heç bir qanunsuz əşya və ya narkotik vasitə olmadığını, lakin içində yalnız 35 qram marixuana olan sellofanı Kamilin avtomobilinin arxa oturacağında qoyduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə avtomobilə baxış keçirilmiş və içində narkotik vasitələr olan sellofan götürülmüş, narkotik vasitələr və tərəzi qablaşdırılaraq möhürlənmişdir. Həmin narkotik vasitəni yalnız özünün istifadəsi üçün əldə etmişdir. Marixuananı «İnstagram» sosial şəbəkəsində onlayn qaydada 230 manat ödəməklə tanımadığı şəxsdən almışdır. Digər narkotik vasitələrə onun aidiyyəti yoxdur. Məhkəmədən onun barəsində mümkün olan qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 24 saylı binanın yanında tanışı Qəşəmlə birlikdə idarə etdiyi “VAZ- 2107” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən polis əməkdaşları onlara yaxınlaşıb onlardan şübhələndiklərini bildirmişlər. Bu zaman Qəşəm əlində olan sellofanları onun avtomobilinə atıb həmin yerdən qaçmışdır. Onu isə saxlayıb Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparmışlar. Orada ona hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə üzərində olan əşyaları könüllü təqdim etməyi bildirilmişdir. O, üzərində olan, Qəşəmin ona hədiyyə etdiyi bir büküm “şüşəni”, yəni metamfetamini şalvarının sol cibindən çıxardaraq könüllü olaraq təqdim etmişdir. Bundan sonra həmin büküm qablaşdırılmış, o və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin əməlinə görə də barəsində ayrı cinayət işi araşdırılmış və cəza almışdır. Məhkəmədə şahid qismində dindirilmiş X7 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri Şahid1 göstərdi ki, 13 iyun 2021-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati ərazisində 2472 çağırışlı avtopatrulla xidmət aparan zaman Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 24 ünvanın qarşısında “VAZ-2107” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında iki nəfər şəxsin dayandığını görmüşlər. Onlardan şübhələnib yaxınlaşan zaman şəxslərdən biri yaxınlaşdıqlarını görüb qaçmağa cəhd göstərsə də onu saxlamışlar, digər şəxs isə əlindəki Pitbull cinsli iti üzərlərinə cumduraraq oradan uzaqlaşmışdır. Bundan sonra həmin yerə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları gəlmiş və həmin şəxsi axtarmağa başlamışlar. Onlar bir az gəzdikdən sonra həmin şəxsi tapmışlar. Həmin şəxs ağzında ağızlıq olmayan itini onlara tərəf buraxmış və o, bunu görüb tabel silahını çıxardaraq itə bir dəfə atəş açmış, lakin itin dayanmayıb onlara yaxınlaşdığını görüb ikinci dəfə atəş açıb iti zərərsizləşdirmişdir. Bundan sonra həmin şəxsi, adını sonradan bildiyi Təqsirləndirilən şəxs saxlayıb Polis Bölməsinə aparmışlar. Digərinin adı isə Şahid6 olmuşdur. Bundan sonra o, xidməti otaqların birində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunazidd hər hansı bir əşya və ya predmet olmadığını, lakin özünə məxsus narkotik vasitələri tanışı Kamilin avtomobilinə qoyduğunu bildirmişdir. Bundan sonra həmin avtomobilə baxış keçirilmiş və Təqsirləndirilən şəxs tanışı Şahid6 məxsus “VAZ-2107” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağından tünd göy rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içərisində bir ədəd tərəzi, 9 ədəd siqaretin gümüşü kağızında, 1 ədəd şəffaf sellofan və 1 ədəd qara rəngli sellofanda olan bükümləri təqdim edib içərisində “kakos” kimi tanıdığı, 10 ədəd kibrit qutusunda olan və 1 ədəd sellofan torbada “nəşə” kimi tanıdığı narkotik vasitələrin olduğunu, həmin narkotik vasitələri onlayn qaydada 230 manata aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitələr və tərəzi zərflərə qoyularaq qablaşdırılmış və mühürlənmiş, sonda protokol tərtib edilmiş və bütün iştirakçılar onun doğruluğunu imzaları ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru X2 göstərdi ki, iyun ayının 13-də xidmətdə olan zaman X7 Alayının 7-ci Patrul Bölüyünün əməkdaşları Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 zəng edərək məlumat vermişlər ki, xidməti ərazidə olan zaman Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 24 ünvanın qarşısında özlərini şübhəli aparan iki nəfər şəxslərə yaxınlaşmışlar, onlar qaçmağa cəhd etsələr də birini saxlamışlar, digər şəxs isə əlində olan Pitbull cinsli iti onların üzərinə cumduraraq oradan qaçmışdır. Ona görə də Şahid5la birlikdə deyilən ünvana getmişdir. Bundan sonra onlar birlikdə həmin şəxsi axtarmağa başlamış və bir az gəzdikdən sonra həmin şəxsi tapmışlar. Həmin şəxs ağzında ağızlıq olmayan itini onların üstünə buraxmış və X7 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri Şahid1 bunu görüb tabel silahını çıxardaraq itə bir dəfə atəş açmış, lakin itin dayanmayıb onlara yaxınlaşdığını görüb ikinci dəfə atəş açıb iti zərərsizləşdirmişdir. Bundan sonra həmin şəxsi, yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs saxlayıb, digər saxlanılan şəxs Şahid6 ilə birlikdə Suraxanı rayon Polis İdarəsinin 33cü Polis Bölməsinə aparmışlar. Onların üzərinə baxış keçirilən zaman orada iştirak etməmiş, lakin sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid6 məxsus “VAZ- 2107” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildən ona məxsus olan narkotik vasitələri özü təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin digər əməkdaşı Şahid5 şahid X1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, iyun ayının 13-də xidmətdə olan zaman X7 Alayının 7-ci Patrul Bölüyünün əməkdaşları ona zəng edərək məlumat vermişdir ki, xidməti ərazidə olan zaman ünvan 5 ünvanın qarşısında özlərini şübhəli aparan iki nəfər şəxslərə yaxınlaşmışlar, onlardan biri qaçmağa cəhd etsə də onu saxlamışlar, digər şəxs isə əlində olan Pitbull cinsli iti onların üzərinə cumduraraq oradan qaçmışdır. O da Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları İsmayıl İsmayılov və Şahid5la birlikdə deyilən ünvana getmişdir. Bundan sonra onlar birlikdə həmin şəxsi axtarmağa başlamışlar. Bir az gəzdikdən sonra həmin şəxsi tapmışlar. O, ağzında ağızlıq olmayan itini onların üstünə buraxmış və X7 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri Şahid1 bunu görüb tabel silahını çıxardaraq itə bir dəfə atəş açmış, lakin itin dayanmadığını, onlara yaxınlaşdığını görüb ikinci dəfə atəş açıb iti zərərsizləşdirmişdir. Bundan sonra həmin şəxsi saxlayıb, digər saxlanılan şəxslə birlikdə Suraxanı rayon Polis İdarəsinin Polis Bölməsinə təmin etmişlər. Həmin şəxslərdən biri Şahid6, digəri isə Təqsirləndirilən şəxs olmuşdur. Bundan sonra o, xidməti otaqların birində dövlət vəsaiti hesabına təyin edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış zamanı orada iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunazidd hər hansı bir əşya və ya predmet olmadığını, lakin özünə məxsus narkotik vasitələri tanışı Kamilin avtomobilinə qoyduğunu bildirmişdir. Bundan sonra həmin avtomobilə baxış keçirilmiş və o, tanışı Şahid6 məxsus “VAZ-2107” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağından tünd göy rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içərisində bir ədəd tərəzi, 9 ədəd siqaretin gümüşü kağızında, 1 ədəd şəffaf sellofan və 1 ədəd qara rəngli sellofanda olan bükümləri təqdim edib içərisində “kakos” kimi tanıdığı, 10 ədəd kibrit qutusunda olan və 1 ədəd sellofan torbada “nəşə” kimi tanıdığı narkotik vasiələrin olduğunu, həmin narkotik vasitələri onlayn yolla 230 manata aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitələr və tərəzi zərflərə qoyularaq qablaşdırılmış, möhürlənmiş, sonda protokol tərtib edilmiş və bütün iştirakçılar doğruluğunu imza ilə təsdiq etmişlər (cild 1, iş vərəq 99-100). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 69-71). Şəxsi axtarış və götürmə aparılması haqqında 13 iyun 2021-ci il tarixli və həmin istintaq hərəkətinin keçirilməsinin görüntüsü olan diskə baxış keçirilməsi barədə 15 iyun 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və sənədləri könüllü surətdə təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olmadığını, lakin ona məxsus içərisində müxtəlif narkotik vasitələr olan tünd göy rəngli sellofanı polis əməkdaşları ona yaxınlaşan zaman Kamil adlı şəxsin idarə etdiyi “VAZ- 2107” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sərnişin oturacağının sağ tərəfinə atdığını bildirmişdir. Sorğu zamanı narkotik vasitələri həm şəxsi istifadəsi, həm də satmaq məqsədilə “İnstagram” sosial şəbəkəsindən tanımadığı şəxsdən 230 manata onlayn ödəniş etməklə aldığını demişdir (cild 1, iş vərəqə 23-24,72). Avtomobilə baxış keçirilməsi barədə 13 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “VAZ-2107” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağından tünd göy rəngli sellofanı təqdim etmiş, bir ədəd qara və bir ədəd şəffaf rəngli sellofana bükülmüş və 9 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində heroinə bənzər maddələr olan bükümlər, eyni zamanda şəffaf torbada olan ot kütlələri, 10 ədəd kibrit qutusunda olan ot kütlələri və bir ədəd tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 25). Məhkəmə-kimyəvi ekspertizasının 14 iyun 2021-ci il tarixli 6/2415 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus, VAZ- 2107 markalı avtomobildən aşkar edilərək götürülmüş...narkotik vasitə...” və sair yazılar olan paketdəki 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0,045 qram, 0,026 qram, 0,078 qram, 0,044 qram, 0,056 qram, 0,053 qram, 0,033 qram, 0,063 qram, 3,623 qram, 7,391 qram ümumi təmiz çəkiləri 11,444 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 11 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, elektron tərəzinin səthində heroinin izləri müəyyən edilmişdir. Təqdim olunmuş elektron tərəzinin səthində heroin az miqdarda olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 11,356 qram təşkil etmişdir (cild 1, iş vərəqə 36-41). Məhkəmə-bioloji ekspertizasının 14 iyun 2021-ci il tarixli 7/555 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus, VAZ- 2107 markalı avtomobildən aşkar edilərək götürülmüş” yazıları və imzalar olan kağız paketdə 10 ədəd kibrit qutusunda və bir ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1,668 qram, 0,911 qram, 1,276 qram, 0,875 qram, 1,094 qram, 1,277 qram, 1,361 qram, 1,395 qram, 1,800 qram, 1,055 qram, 22,508 qram ümumilikdə 35,220 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 35,00 qram təşkil etmişdir (cild 1, iş vərəqə 42-46). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 avqust 2021-ci il tarixli 2980 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 130-131). Ambulator məhkəmə-psixiatriya ekspertizasının 11 sentyabr 2021-ci il tarixli 2113 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixiki xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 133-134). Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 18 sentyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 144). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci və 221.2.1-ci maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 may 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli qərarı ilə 05 ay 03 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur (cild 1, iş vərəqə 103-106). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən ağır və az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 13 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 13, 81-85). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 iyun 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 11,356 qram təşkil edən heroin, qalıq çəkisi 35,00 qram təşkil edən qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 176 (bir yüz yetmiş altı) manat 36 (otuz altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 37,43, 171). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı isə Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 11,356 qram təşkil edən heroin, qalıq çəkisi 35,00 qram təşkil edən qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 176 (bir yüz yetmiş altı) manat 36 (otuz altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1714/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1714/2021
15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver