Məhkəmə qərarları › İş №1(101)-1715/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1715/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1715/2022 29.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6, rus-Azərbaycan dilləri üzrə tərcüməçi X3 iştirakı ilə, xx xxxxxxx 1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta texniki təhsilli, işləməyən, Bakı Hərbi Məhkəməsinin 24 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.1-ci, 150.2.5-ci, 182.2.1-ci, 182.2.2-ci, 332.2.1-ci və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - 7,609 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib bükümlərə bölərək üzərində saxlayaraq ünvan 2 ünvanın qarşısına daşımış, 31 may 2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq 18-ci Polis Şöbəsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində olan üzərində “Giorgia Armani” sözləri yazılmış qara rəngli pul kisəsinin içərisindəki çəhrayı rəngli dəmir qutudan 04 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş, ayrı- ayrılıqda təmiz çəkiləri 0,399 qram, 4,704 qram, 2,465 qram və 0,041 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 7,609 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, Bakı şəhərində müxtəlif ünvanlarda sutkalıq kirayəyə verilən evlərdə yaşamışdır. X1 2012-ci ildə, anası X5 2018-ci ildə vəfat etmişdir. 2012-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum edilmiş, 2018-ci ildə azadlığa çıxmışdır. Tutulmazdan təxminən üç il əvvəldən heroin və metamfetamindən istifadə etməyə başlamışdır. 31 may 2022-ci il tarixdə saat 03 radələrində metamfetamin almaq üçün Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlı yerə getmişdir. Belə ki, o, əvvəllər də dəfələrlə həmin ərazidə yaşayan Elvin adlı şəxsdən öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almışdır. O, “Kubinka”ya çatıb bir qədər piyada gəzdikdən sonra Elvinlə rastlaşmış, Elvindən 250 manatlıq metamfetamin təşkil etməsini xahiş etmiş, sonuncu da razılaşmışdır. Elvin ona gözləməsini tapşırıb 10 dəqiqəyə gələcəyini deyərək getmişdir. Təxminən 10 dəqiqədən sonra Elvin geri qayıtmış və şəffaf sellofanda bir ədəd bükümü ona vermişdir. Elvin ona bükümün içərisində 8 qram metamfetamin olduğunu və ümumi qiymətinin 250 manat olduğunu bildirmişdir. Elvinə 250 manat pul verib oradan uzaqlaşmışdır. O, aldığı metamfetamini iki böyük bükümdə olmaqla beş bükümə ayırmış və bükümləri çəhrayı rəngli dəmir qutunun içərisinə yerləşdirərək özünə məxsus pul kisəsinin içərisinə qoymuşdur. 31 may 2022-ci il tarixdə saat 16:30 radələrində “Təzə bazar”ın yaxınlığında təsadüfən tanışı Səbuhi adlı şəxslə rastlaşmışdır. Səbuhi narkotik vasitə istifadəçisi olduğu üçün ondan üstündə narkotik və psixotrop maddə olub-olmadığını soruşmuş, o da Səbuhiyə metamfetamin olduğunu bildirmişdir. Səbuhi ona bir qrama yaxın metamfetamin lazım olduğunu, həmin metamfetamini tanışına verəcəyini və tanışından pul götürüb ona verəcəyini demişdir. O da bundan sonra ayırdığı bükümlərin içərisində bir qrama yaxın olanını Səbuhiyə vermiş və bunun müqabilində ondan 40 manat pul alacağını bildirmişdir. Sonra onlar piyada “Təzə bazar”ın yaxınlığından Nərimanov rayonunda yerləşən 151 saylı orta məktəbin yanına gəlmişlər. Ora çatdıqda Səbuhi ona orada gözləməsini, gedib psixotrop maddəni tanışına verəcəyini, pulunu da çatdıraçağını demişdir. Elə həmin vaxt iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyini istəmişlər. O, üstündə metamfetmamin olduğundan həyəcanlanmış və özünü tanıtmadan oradan uzaqlaşmaq istəmişdir. Amma polislər onu saxlayaraq 18-ci Polis Şöbəsinə aparmışlar. Səbuhinin isə haraya yoxa çıxdığını bilməmişdir. Polis Şöbəsində olarkən təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkillə təmin olunmuşdur. Daha sonra polislərin və vəkilin iştirakı ilə onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə təhqiqatçı ondan üstündə qanunsuz əşya olub-olmadığını soruşmuş və əgər varsa həmin əşyaları könüllü təqdim etməyini təklif etmişdir. O da içərisində metamfetamin olan pul kisəsini polislərə təqdim etmişdir. Sonra pul kisəsinin içərisinə təhqiqatçı tərəfindən baxış keçirilmiş və pul kisəsinin içərisindən üç ədəd bir manatlıq pul, bir ədəd "Bakı Kart" kartı və bir ədəd çəhrayı rəngli dəmir qutu aşkar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən dəmir qutunun içərisinə baxış keçirilmiş və şəffaf sellofana bükülmüş üç ədəd bağlı və bir ədəd açıq bükümdə metamfetamin aşkar olunmuşdur. Sorğu-sual zamanı o, bükümlərin içərisindəkinin “şüşə” kimi deyilən metamfetamin olduğunu, həmin metamfetamini 31 may 2022-ci il tarixdə "Kubinka” adlı ərazidə Elvin adlı şəxsdən 250 manata əldə etdiyini və bir qismini satdığını demişdir. Aşkar edilmiş dəmir qutu zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri imzalanmış və möhürlənmişdir. Bundan sonra protokol tərtib olunmuş, o və polis əməkdaşları həmin protokolu imzalarıyla təsdiq etmişlər. Etdiyi əməldən peşmandır. Ehtimal edir ki, onun tutulmasının səbəbkarı Səbuhi olmuşdur. İstifadəçi kimi təqsirli bilinməsini xahiş edir. Məhkəmədən bütün bu halların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 31 may 2022-ci il tarixdə saat 17:30 radələrində xidməti zərurət ilə əlaqədar Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru Şahid2 ilə birlikdə xidməti ərazidə - Nərimanov rayonu, M.Kaveroçkin küçəsi 58 saylı ünvanın qarşısında olarkən bir nəfər şəxsin özünü kifayət qədər şübhəli aparmasını müşahidə etmişlər. Bir qədər kənardan müşahidə etdikdən sonra həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxsin gözlərinin axması, həyəcanlanması, verilən suallara qeyri-müəyyən cavab verməsi və onlardan qaçıb uzaqlaşmağa cəhd etməsi şübhələrini daha da artırmış, bu şəxsin narkotik vasitənin təsiri altında olmasından və üzərində narkotik vasitə saxlamasından şübhələnmişlər. Adını sonradan bildikləri Təqsirləndirilən şəxs özləri ilə 18-ci Polis Şöbəsinə aparıb Növbətçi Hissəyə təhvil vermişlər. X7 Emin Tahir oğlu olduğu dəqiqləşdirilən bu şəxsin gətirilməsi barədə raportla rəhbərliyə məruzə edilmiş və müvafiq araşdırma təhqiqatçıya həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından onun hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi dəvət olunub Təqsirləndirilən şəxs təqdim edildikdən sonra sonuncu şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər varsa həmin əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da sağ əlindəki pul kisəsini təhqiqatçıya təqdim etmişdir. Bundan sonra pul kisəsinin içərisinə təhqiqatçı tərəfindən baxış keçirilmiş və 03 ədəd bir manatlıq pul əskinası, 01 ədəd "Bakı Kart" kartı və 01 ədəd çəhrayı rəngli dəmir qutu aşkar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən dəmir qutunun içərisinə baxış keçirilmişdir. Baxış zamanı dəmir qutunun içərisindən şəffaf sellofan kəsiyinə bükülmüş 03 ədəd bağlı və 01 ədəd açıq bükümdə olmaqla psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin içərisindəkinin “şüşə” adlandırılan psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini satış məqsədilə 31 may 2022-ci il tarixdə saat 03 radələrində “Kubinka” adlı ərazidə Elvin adlı şəxsdən 250 manata əldə etdiyini və bir qismini satdığını bildirmişdir. İçərisində psixotrop maddə olan çəhrayı rəngli dəmir qutu təhiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri o və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və zərfin üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o və iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli pul kisəsi, onun içərisindən aşkar edilərək götürülmüş 03 ədəd 01 manatlıq pul və 01 ədəd kart iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sonrakı müddətdə ərazidə xidmət apararkən həqiqətən də Təqsirləndirilən şəxs müntəzəm şəkildə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı məlumatlar eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi və eyni zamanda bildirdi ki, Təqsirləndirilən şəxs saxlanılmasından sonra xidmət etdiyi ərazidə yaşayan və ya oraya gələn çoxsaylı narkotik vasitə istifadəçiləri dəfələrlə məhəllələrdə ayrı-ayrı şəxslərdən narkotik vasitə və psixotrop maddə əldə etmək üçün Təqsirləndirilən şəxs soruşub axtarmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 31 may 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarışın başlanğıcında Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı üzərində “Giorgia Armani” sözləri yazılmış qara rəngli pul kisəsini təqdim etmişdir. Həmin pul kisəsinin içərisindən 03 ədəd bir manatlıq pul əskinası, 01 ədəd "Bakı Kart" kartı və 01 ədəd çəhrayı rəngli dəmir qutu aşkar edilmişdir. Dəmir qutunun içərisinə keçirilən baxış zamanı isə içərisində ağ rəngli kristal şəkilli maddələr olan şəffaf sellofan kəsiyinə bükülmüş 03 ədəd bağlı və 01 ədəd açıq büküm aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin içərisindəki maddənin “şüşə” adlandırılan psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini 31 may 2022-ci il tarixdə saat 03 radələrində “Kubinka” adlı ərazidə Elvin adlı şəxsdən satış məqsədilə əldə etdiyini və bir qismini satdığını bildirmişdir. Qara rəngli pul kisəsi, onun içərisindən götürülmüş pul əskinası və 01 ədəd kart iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 26-28, 60-61). Məhkəmə-kimyəvi ekspertizasının 01 iyun 2022-ci il tarixli 6/3052 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №224” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə, bir ədəd dəmir qabda dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,399 qram, 4,704 qram, 2,465 qram, 0,041 qram olmaqla ümumi təmiz çəkisi 7,609 qram təşkil edən ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 7,409 qram təşkil etmişdir (cild 1, iş vərəqə 35-39). Məhkəmə-kimyəvi ekspertizasının 20 iyul 2022-ci il tarixli 6/3447 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdəki bir ədəd dəmir qabda 4 (dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 7,409 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 7,369 qram təşkil etmişdir (cild 1, iş vərəqə 184-187). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 iyun 2022-ci il tarixli 1410 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas yoxdur. O, ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir (cild 1, iş vərəqə 180-181). Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 03 iyun 2022-ci il tarixli 2950 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 182- 183). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 16 iyun 2022-ci il tarixli 5341 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 126). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 29 iyun 2022-ci il tarixli xx/xx-8918 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə müalicədə olmamışdır (cild 1, iş vərəqə 140). Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 29 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 210-211). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 24 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.1-ci, 150.2.5-ci, 182.2.1-ci, 182.2.2-ci, 332.2.1-ci və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 14 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 125, 144-145, 153-178). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan altı il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi ilə bağlı mövqeyini onun özünü müdafiə məqsədi ilə səsləndirdiyi subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun həmin mövqeyi yuxarıda sadalanan sübutlarla – özünün faktiki etiraf ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinin digər materialları, bütövlükdə iş üzrə toplanmış sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Eyni zamanda istinad edilən sübutlarla Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması təsdiq olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 31 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 17-18, 89-93). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 may 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 7,369 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 130 (bir yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 36, 185, 227). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X6 vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 7,369 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 130 (bir yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil X8 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar