Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1715/2023 19.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X4 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X8 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1982-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,120 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8.04.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində, nömrəsiz evin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 3 ədəd bükümdə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,908 qram, 0,887 qram, 3,325 qram olmaqla, ümumi təmiz çəkisi 5,120 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 8 aprel 2023-cü ildə polis əməkdaşları qaynatasına zəng edib onu polis idarəsinə çağırmışlar. Həmin gün günorta saat 12:15 radələrində Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində olarkən polis əməkdaşları qaynatası ilə birlikdə gəlib uşaqlarının və öz vəsiqəsini götürməyini və onlarla birlikdə Nizami RPİ-nin 25-ci PŞ-nə getməli olduğunu bildirmişlər. O da polislərlə getmiş və bölmədə olarkən “Mansur” adlı polis əməkdaşı onun qanunsuz həbs edilməyinin sifariş olduğunu və onunla şəxsi qərəzliyinin olmadığını bildirmişdir. Polis əməkdaşları onun dindar olduğu üçün və dini təbliğ etdiyi üçün saxlanıldığını demişlər. Ondan sosial şəbəkələrdə dövlət əleyhinə yazılar yazıbyazmadığını soruşulduqda, o, polislərə sosial şəbəkələrdən istifadə etmədiyini bildirmişdir. Polis əməkdaşları onu narkotik vasitə saxlamaqla ittiham edəcəklərini bildirdikdə, onlarla razılaşmayacağını demişdir. Onlar isə razılaşmayacağı halda onu “Bandotdel”-ə aparacaqlarını və orada 50 kiloqram narkotik vasitə saxlamaqda ittiham edəcəklərini bildirmişlər. O da 50 kiloqram narkotik vasitə ilə ittiham olunmaqdansa, daha az çəkidə narkotik vasitə ilə ittiham olunmağı qəbul etmişdir. Təhqiqatçı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunacağını, məhkəmədə işinə baxılarkən hakimin bütün hallara ədalətlə qiymət verəcəyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları dövlət hesabına təyin edilmiş vəkilin yanında onun cibinə narkotik vasitə qoymuşlar. Polis şöbəsinin rəis müavini ondan mobil telefonunun harada olduğunu soruşduqda, telefonunun evdə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları evdən gedib telefonunu gətirmişlər. Onun üzərində ətir, üzük və kiçik ölçülü namaz xalçası olsa da, polis şöbəsinin rəis müavini şəxsi axtarış zamanı üzərində yalnız mobil telefon, pul saxlamağını və şəxsi axtarış zamanı təqdim etməyini bildirmişdir. Polis əməkdaşları şəxsi axtarış zamanı narkotik vasitəni 50 manata aldığını bildirməyini tələb etmişlər. Lakin videoçəkiliş zamanı ondan narkotik vasitənin növünü soruşduqda, narkotik vasitənin növünü bilmədiyindən videoçəkiliş dayandırılmışdır. Polislər ona həmin narkotik vasitənin heroini olduğunu bildirərək yenidən videoçəkilişə başlamışlar. Hətta polis əməkdaşlarından biri həmin maddəyə “kakos” deməyini bildirmişdir. Bundan sonra o, şəxsi axtarış zamanı polis əməkdaşlarının dediklərini yerinə yetirmişdir. İttiham aktında yazılanlar və cinayət işinin materiallarında olan izahat və ifadələr ona məxsus deyildir. Narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Ən son 10 il əvvəl siqarət çəkmişdir. Ətrafında narkotik vasitələrdən istifadə edən şəxs yoxdur. Mağazalara şirniyyat paylayaraq ailəsini dolandırmışdır. Narkotik vasitə satan şəxslərə heç vaxt irad bildirməmişdir. Saxlanılarkən ona dövlət əleyhinə yazılar yazdığını və dindar olduğunu bildirmişlər. Saxlanılarkən 8-9 nəfər polis əməkdaşları ondan İrana neçə dəfə getdiyini, hansı dinin nümayəndəsi olduğunu soruşmuşlar. Narkotiklə bağlı ona sual verilməmişdir. Anası, atası və qardaşı vəfat etmişdir. Qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı heç bir dövlət orqanına şikayət etməmiş, çünki faydasının olacağını düşünməmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında qanunsuz saxlanıldığını bildirmişdir. Saxlanılarkən vəkillərin siyahısı ona təqdim edilməmişdir. Öz hesabına vəkil dəvət etməyinə icazə verməmişlər. 3 saylı İstintaq Təcridxanasında olarkən ailəsi ilə əlaqə saxlaya bilmişdir. Qaynatası Nizami RPİ-yə gəlib müstəntiqlə görüşsə də, onunla görüşə bilməmişdir. İbtidai istintaq zamanı ifadə verməmiş, sadəcə təqdim edilən sənədlərə oxumadan imza etmişdir. Ona psixoloji təsir göstərildiyindən polis əməkdaşlarının dediklərini etmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. İbtidai istintaq zamanı vəkili 4 dəfə görmüşdür. İbtidai istintaq zamanı sənədlərə oxumadan imza etmiş, müstəntiqə ifadə verməmişdir. Təhqiqatçı MSY-də olarkən sənədləri ona imzalatdırmış, sonra da müstəntiq sənədləri imzalamağını bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan vəkil yox, özü şikayət vermişdir. 3 nəfər polis əməkdaşı yaşadığı evdən onu götürüb polis şöbəsinə aparmışlar. Şahid1 orada olsa da, Şahid2 onu saxlayan şəxslərin arasında olmamışdır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də gündəlik işlər olanda işləmiş və ailəsini dolandırmağa çalışmışdır. Təxminən 1 il olar ki, narkotik vasitə heroini falqaya büküb yandırmaqla tüstüsünü qəbul edir. Narkotik vasitə istifadəçisi olsa da, əvvəllər məhkum edilməmişdir. Hərdən narkotik vasitələrin satışı ilə də məşğul olmuşdur. Belə ki narkotik vasitə olan heroini “facebook” sosial şəbəkəsində təsadüfən tanış olduğu, adını bilmədiyi, özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən bir qramını 50 manata və ya daha ucuz qiymətə almış, müəyyən hissəsini özü istifadə etmiş, qalan hissəsini isə tanıdığı şəxslərə və ya hərdən tanımadığı şəxslərə bir istifadəlik bükümünü 10 manata satmışdır. Heroinin bir qramını elə vaxt olmuşdur ki 100 manata satmışdır. Həmçinin elə vaxt da olmuşdur ki, alıcı tapa bilməmiş və 1 qram heroini az miqdarda pula satmışdır. Alıcılar isə çox vaxt özünün tanıdığı şəxslər olmuş və onları təsadüfən görərkən ondan narkotik vasitə istəmişlər, o da gün və yer təyin edib, sifariş olunan miqdarda heroini ya görüşüb əlbəəl satıb pulunu götürmüş, ya da narkotiki hansısa bir yerə qoymuş, həmin şəxs də ona pul verdikdən sonra narkotikin yerini ona demişdir. İran vətəndaşı kimi tanıdığı həmin şəxsin mobil telefon nömrəsini bilmir, onunla heç vaxt telefonla danışmamışdır. “facebook” sosial şəbəkəsində adını xatırlamadığı profildən həmin şəxsə sms yazmışdır. Həmin İran vətəndaşını da təsadüfən sosial şəbəkədə tanımışdır. Ondan təxminən 2-3 aydır ki narkotik almış və özü istifadə etdikdən sonra qalan hissəsini də satmışdır. Satdığı narkotikdən əldə etdiyi puldan həmin İran vətəndaşına göndərməmişdir. Sonuncu dəfə 8.04.2023-cü il tarixdə səhər saatlarında “facebook” sosial şəbəkəsində heç vaxt görüşmədiyi, şəxsiyyəti ona məlum olmayan həmin şəxslə əlaqə saxlayıb ona sms yazaraq 5 qram narkotik vasitə heroin lazım olduğunu bildirmişdir. Həmin şəxs də ona sosial şəbəkə üzərindən “kapital bank” kartının fotoşəklini göndərmişdir. O da həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində ödəmə terminalından istifadə edərək həmin şəxsin göndərdiyi bank kart hesabına “online” qaydada 150 manat pul köçürmüşdür. Sonra da ödəniş qəbzinin şəklini həmin şəxsə göndərmiş, daha sonra qəbzi tullamışdır. Bundan sonra həmin şəxs “facebook” sosial şəbəkəsindən ona narkotik vasitələri götürəcəyi ünvanın yerini bildirib şəkillər göndərmişdir. O da həmin “konum”-dan, yəni həmin ünvanda “Neftçilər” metrostansiyasının yaxınlığında, məhəllələrin arasında, tanımadığı binanın baş tərəfindəki daşın altından 3 ədəd şəffaf sellofanın içərisində narkotik vasitə olan heroini götürərək əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibinə qoymuşdur. Həmin gün narkotik vasitəni götürdükdən sonra tanımadığı yol taksisi ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən evinin qarşısına gəlmişdir. Həmin narkotik vasitə 3 ədəd bükümdə olmuşdur. Yəni, həmin narkotiki bükümlərə ayırmamış, sonradan həmin bükümlərdən bir qismini ehtiyacı olarsa istifadə edəcəkmiş. Lakin həmin bükümləri əldə etməkdə məqsədi onları satmaq olmuşdur. Ümumiliyyətlə narkotikdən az hallarda və az miqdarda istifadə etmişdir. Əldə etdiyi həmin bükümləri sonradan sifarişə uyğun az miqdarda bükümlərə böləcəkmiş. Narkotik vasitəni götürdükdən dərhal sonra özünə məxsus “Redmi Not 9” markalı mobil telefondan “facebook” sosial şəbəkəsində narkotik vasitə satan şəxslə yazışdıqları sms-ləri, həmin şəxsin profilini, şəkilləri və s. silmişdir. Həmişə narkotiki əldə etdikdən sonra narkotik vasitə əldə etmək üçün olan yazışmaları və digər məlumatları silmişdir. Həmin gün saat 14 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış masivində yerləşən fərdi yaşayış evinin qarşısında dayanmışdır. Bu zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini Nizami RPİ-nin 25ci PŞ-nin əməkdaşları kimi təqdim etmiş və onun Bakı şəhəri, Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu deyərək onu Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Nizami RPİnin 25-ci PŞ-nə gəlmişdir. Nizami RPİ-nin 25-ci PŞ-də olan zaman hər şeyi olduğu kimi səmimi etiraf edərsə məsuliyyətinin yüngülləşəcəyini fikirləşib polis əməkdaşlarına narkotik vasitələrdən, heroindən həm istifadə etdiyini, həm də satışı ilə məşğul olduğunu bildirmişdir. Həmçinin üzərində satmaq üçün 3 bükümdə narkotik vasitə heroin olduğunu demiş, polis şöbəsində hüquq və vəzifələri ona izah edilmişdir. Daha sonra ona bildirilmişdir ki, dövlət hesabına təmin edilmiş müdafiəçi X6 iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürülmə keçiriləcəkdir. O da buna etiraz etməmiş və şəxsi axtarış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibindən 3 ədəd şəffaf rəngli sellofan paketləri təqdim etmişdir. Həmin 3 ədəd şəffaf rəngli sellofan paketlər açılaraq baxış keçirildikdə, içərisindən qəhvəyi rəngli maddə aşkar edilmişdir. O, masanın üzərinə qoyduğu qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu polis əməkdaşlarına demişdir. Həmçinin, şalvarının qabaq sol cibindən özünə məxsus içərisində ***-***-**-** saylı “Bakcell” kart və ***-***-**-** saylı “Azerfon" kart nömrəsi olan “Redmi Not 9” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli gödəkcəsinin sağ cibindən 3 ədəd 10 manat, 6 ədəd 1 manat, ümumilikdə isə 36 manat pul aşkar edilsə də, həmin pullar ona geri qaytarılmışdır. (cild 1, iş vərəqə 65-68). Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 4 aprel 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Zabrat qəsəbəsində adını xatırlamadığı küçədə Təqsirləndirilən şəxs yaxınlaşaraq onun narkotik vasitələrin qanusuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib Nizami RPİ-nin 25-ci PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlarla birlikdə polis şöbəsinə gəldikdən sonra xidməti otaqların birində onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan 2 büküm narkotik vasitəni və özünə məxsus olan “Samsung” markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı ona daxil olmuş və əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs 4 aprel 2023-cü il tarixdə 12:00-13:00 radələrində Zabrat qəsəbəsində adını xatırlamadığı küçədə saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldığı yer ara küçələr olduğundan həmin küçənin adını xatırlamır. Təqsirləndirilən şəxs küçədə piyada hərəkət edərkən onu saxlayıb xidməti avtomobillə Nizami RPİ-nin 25-ci PŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs saxlayarkən Şahid2 və ondan başqa xidməti avtomobilin sürücüsü olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirərkən xidməti avtomobili o idarə etmiş, arxa oturacaqda Tahirin yanında 2 polis əməkdaşı əyləşmişdir. Ola bilsin ki, xidməti avtomobili polis şöbəsinin sahə müvəkkili idarə etmişdir. Saxlanıldıqdan sonra 15 dəqiqə ərzində Təqsirləndirilən şəxs polis şöbəsinə gətirib təhqiqatçıya təhvil vermişlər. Şəxsi axtarışda müdafiəçi iştirak etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı narkotik vasitəni səmimi etiraf etsə də, onun verdiyi izahatın məzmununu xatırlamır. Təqsirləndirilən şəxs şəxsi axtarışdan sonra sənədlərə imza etdiyini görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsə qarşı fiziki və psixoloji təsir olmamışdır. Əməliyyat məlumatının daxil olduğu saatı dəqiq xatırlamır. Hadisədən əvvəl Təqsirləndirilən şəxs barədə bir neçə dəfə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı daxil olduqdan raportla rəhbərliyə müraciət olunmuşdur. Əməliyyat qrupuna o və Şahid2 daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar idarə rəisinin 1-ci müavini tərəfindən təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs ətrafında “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” barədə qərarda üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat olduğundan üzərinə baxış keçirilməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs saxlayarkən şərait olmadığından onu polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs saxlayarkən xidməti avtomobili sahə müvəkkili olan Kənan Qədiməliyev idarə etmişdir. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Polis şöbəsinə gətirildikdən şəxsi axtarış keçirilənə qədər Təqsirləndirilən şəxs şöbənin içərisində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan 1 saat sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra vəkil dəvət edilmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X7 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 8.04.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində “Tahir” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri üzərində saxlaması, satması və daşıması barədə daxil olmuş məlumat barədə aidiyyəti üzrə Nizami RPİ-nin 25-ci PŞ-nin rəisinə məruzə olunaraq alınmış əməliyyat məlumatının yoxlanılmasına razılıq əldə edildikdən sonra yaradılmış əməliyyat qrupunun üzvü ilə birlikdə həmin gün saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivinə getdikdə, orada xarici əlamətləri “Tahir” adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif olunduqda, o, özünü təqdim edərək xx.xx.1982-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması izah edilərək onu Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. 25-ci PŞ-nə gəldikdən sonra bu barədə şöbə rəisinin adına raportla müraciət olunmuşdur. Daha sonra Nizami RPİ-nin 25-ci PŞ-də xidməti otaqlardan birində videoçəkilişlə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyalar varsa masanın üzərinə qoyaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd arxa tərəfi mavi rəngli olan “Redmi” markalı mobil telefonu, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini və həmin şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisində olan 3 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər bükümləri çıxarıb təqdim etmişdir. İçərisində narkotik vasitəyə bənzər maddə olan bükümlərlə bağlı sual verdikdə, Təqsirləndirilən şəxs 3 ədəd şəffaf sellofan bükümlərdəki maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu və bir bükümünü 50 manat pul müqabilində alaraq üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş 3 ədəd sellofan paketdə olan bükümlər və mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüş, narkotik vasitəyə bənzər bükümlər 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənərək götürülmüş və üzəri imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır (cild 1, iş vərəqə 95-97). Məhkəmə istintaqında ifadəsi tədqiq edilmiş Şahid2 şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 8 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yə sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd arxa tərəfi mavi rəngli “Redmi” markalı mobil telefonu, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini və həmin şalvarının sağ yan cibindən şəffaf sellofanın içində olan 3 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər bükümləri çıxarıb təqdim edir. İçərisində narkotik vasitəyə bənzər maddə olan bükümlərlə bağlı sual verildikdə, Təqsirləndirilən şəxs 3 ədəd şəffaf sellofan bükümlərdəki maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu və bir bükümünü 50 manat pul müqabilində alaraq üzərində saxladığını qeyd edir. Aşkar olunmuş 3 ədəd sellofan paketdə olan bükümlər və mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülür, narkotik vasitəyə bənzər bükümlər 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənərək götürülür və üzəri imzalarla təsdiq edilir (cild 1, iş vərəqə 32-33). Cinayət işinin materiallarında olan “videogörüntüyə baxış keçirilməsi haqqında” 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, yuxarıda qeyd edilən hallar öz əksini tapmışdır (cild 1, iş vərəqə 90). Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” 10 iyun 2023-cü il tarixli, “mobil telefon aparatına baxış keçirilməsi haqqında” və “CD diskə baxış keçirilməsi haqqında” 13 iyun 2023-cü il tarixli protokollardan görünür ki, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatın əldə edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 116, 118 və 119). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9 aprel 2023-cü il tarixli 6/2060 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN Zərflər üçün № 165” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar imzalar olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,908 qram, 0,887 qram və 3,325 qram, ümumi təmiz çəkisi 5,120 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”-na daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 5,120 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 4,970 qram, cild 1, iş vərəqə 40-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 26 may 2023-cü il tarixli 3250 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 120-121). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən (polis əməkdaşları) heç biri Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı və sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq ibtidai istintaq dövründə narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin üzərindən 3 ədəd şəffaf sellofan bükümdə ümumilikdə külli miqdarda narkotik vasitə olan heroinin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satışı məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 3 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 5,120 qram olan külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin narkotik vasitə məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də işin birbirini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 4,970 qram olan narkotik vasitə heroin və 1 ədəd “Redmi” markalı mobil telefon aparatı maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 125-134). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 87). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1,iş vərəqə 112). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 aprel 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 8 aprel 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 74-78). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 8 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 4,970 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs Şəmsəd oğlundan şəxsi axtarış zamanı götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Şəmsəd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Şəmsəd oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Şəmsəd oğlunun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 8 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Şəmsəd oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs Şəmsəd oğlundan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 4,970 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs Şəmsəd oğlundan şəxsi axtarış zamanı götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Şəmsəd oğlu ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs Şəmsəd oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1715/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1715/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver