Məhkəmə qərarları › İş №1(101)-1717/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1717/2022

23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1717/2022 23.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X5 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X7 iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni və narkotik vasitə hesab edilən dərman preparatlarını əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1120 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 595 qram psixotrop maddə metamfetamin və 04 ədəd konvalyutdakı ümumi təmiz çəkisi 1,6 qram təşkil edən narkotik vasitə hesab edilən metadon adlı dərman preparatlarını əldə etmiş, saxlamış və daşımışdır. O, daxil olmuş əməliyyat məlumatı əsasında 09 iyun 2022-ci il tarixdə saat 13:55-də Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən yolunda yerləşən “Bravo” supermarketin qarşısındakı yolun kənarında, Lökbatan qəsəbəsi istiqamətində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət edilmiş, həmin gün saat 15:40 dəqiqədə orada video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbanın içərisindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1120 qram (1 kq 120qr) qəhvəyi rəngli, toz şəkilli küstar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 595 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edən, üzərində “Methadone 40” markalanma göstəricisi olan 04 ədəd konvalyutdakı ümumilikdə 40 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən metadon tərkibli külli miqdarda dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, o, Yevlax şəhərində yaşayır. Əvvəllər hərbçi olmuşdur. Halhazırda işsizdir. Narkotik vasitədən 3-4 aydır istifadə edir. Ayda 100-150 manat narkotikə pul verir. Əsasən günə bir çet olmaqla, çəkmək yolu ilə kokos istifadə edir. Yevlaxda narkotikin qramı 30-40 manat təşkil etdyi halda, Bakı şəhərində qramını daha ucuz almaq imkanına malikdir. Bu səbəbdən Bakıdan gəlib 2-3 qram alıb Yevlaxa gedirmiş, Bakı şəhərinə bu məqsədlə gəlişi artıq ikinci dəfə idi. Narkotik vasitəni Bakı şəhərində yaşayan Şəhram adlı iranlıdan vatsapp vasitəsilə əldə etməyi planlaşdırmışdır. Şəhram Lökbatanda bir yerin “konum”unu atmışdı. Şəkildə narkotik vasitənin özü deyil, yalnız yerin şəkli görünmüşdür. Ödədiyi 150 manat müqabilində 4 qram narkotikin verilməsi barədə razılaşmışlar. Ödənişi million aparatında etmiş, qəbzi isə atmışdır. 9 iyun 2022-ci il tarixdə təxminən saat günorta 12-ə işləmiş konum atılan yerə özü üçün sifarış etdiyi az miqdarda narkotik vasitəni götürməyə getmişdir. Getdiyi zaman görmüşdür ki, həmin ünvanda bir bükümdə lakin, böyük ölçüdə narkorik vasitə var. Dərhal həmin şəxsə yazmış, ona göndərilən ünvanda sifariş etdiyi narkotik vasitənin deyil, daha böyük bükümdə narkotik vasitənin olduğu barədə bildirmiş, həmin şəxsdən cavab gələnə kimi, 3-4 maşının gəldiyini, maşının içərisindən çoxlu sayda polislərin tökülüşdüyünü görmüşdür. Yazdığı məsaj polislər tərəfindən pozulmuşdur. Narkotik olan qara torbanı polislər özü almış, həm pencəyini, həm narkotik olan torbanı qara setkanın içinə onlar qoymuşdular. Heç vaxt narkotik vasitə satmamışdır, anası xəstə olduğuna görə fikirləşmişdir ki, evinə polislər gedib anasına nəsə desələr, anasının ürəyi partlayar. Ona görə də polis əməkdaşlarının dediyi kimi bildirmişdir ki, mal onundur. Özünü yalnız narkotik vasitə istifadə etməkdə təqsirli bilir. Onunla bir yerdə təcridxanada qalan şəxslər də bildirmişdirlər ki, onlar da Şəhram adlı şəxsin vasitəsilə həmin yerə getmiş və polis tərəfindən tutulmuşlar. Ona görə də Şəhram adlı şəxsdən şübhələndiyini, onu həmin şəxsin ifşa etdiyini düşünür. Əməlindən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ifadələrindən görünür ki, o, ibtidai istintaq dövründə də oxşar məzmunlu ifadələr vermişdir. Lakin məhkəmə iclasında söylədiklərindən fərqli olaraq o, Şəhram adlı şəxslə instagram üzərindən danışdığını, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Bravo” supermarketin qarşısındakı yolun kənarında, Lökbatan qəsəbəsi istiqamətində üzərində “Azirqaz” yazısı olan lövhənin alt hissəsində olan üzəri şəffaf rəngli izolentlə bükülmüş bükümü götürüb özü ilə gətirdiyi qara rəngli sellofan torbaya qoyduğunu, həmin bükümün ağır olduğu üçün Şəhram adlı şəxsin “instagram” sosial şəbəkəsindəki hesabına mesaj yazaraq götürdüyü maddənin çox ağır olduğunu, lakin Şəhramın onun mesajına cavab vermədiyini, Şəhramla danışdıqdan sonra danışıqları sildiyini, Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən, eləcə də saxlanıldığı müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən ona qarşı hansısa psixi və fiziki təsir olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, daxil olmuş məlumata əsasən o, narkotik vasitələrin yerləşdirilməsi ilə, yəni “kuryerliklə” məşğul olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o, özü və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik- leytenantı Şahid1 daxil edilmişdir. Yaradılmış əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən yolunda yerləşən “Bravo” supermarketin qarşısındakı yolun kənarında, Lökbatan qəsəbəsi istiqamətində şübhəli şəxsin müəyyən edilməsi, əməliyyat məlumatının yoxlanılması istiqamətində dayanmadan müvafiq əməliyyat axtarış tədbirləri keçirilmiş, təqsirləndirilən şəxsi aşkar etdikdə o, əlində torba qaçmağa cəhd göstərmiş, lakin qaçdığı yerin qabağında setka olduğundan buna müvəffəq ola bilməmişdir. Ona yaxınlaşaraq xidməti vəsiqə ilə özlərini təqdim etmiş, eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra tərəflərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət etmiş, 10-cu polis bölməsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis baş-leytenantı Nəcəf Aburşu şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X9 dəvət edilmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin və özlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sağ əlində tutduğu qara rəngli sellofan torbada narkotik vasitə olduğunu deyib həmin torbanı masanın üzərinə qoymuş, həmin torba açılarkən içərisindən narkotik vasitə heroinə, metamfetaminə, 40 ədəd metadon həbinə bənzər kütlələr, həmçinin bir ədəd gödəkçə, 1 ədəd şalvar və alışqan, «Winston» markalı siqaret qutusu, mobil telefon, pul, açar və plastik bank kartı aşkar edilmişdir. Daha sonra narkotik vasitə heroinə bənzər kütlə tərəflərindən elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 142 qram təşkil etmişdir. Daha sonra psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 613 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni haradan əldə etməyini soruşduqda bildirmişdir ki, həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Şəhram» adlı şəxsdən 150 manat verərək əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar özünə qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadələri təsdiq etməklə Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. O, əlavə olaraq bildirmişdir ki, Şaiq haqqında əməliyyat məlumatı dəfələrlə daxil olmuş, əməliyyat məlumatı onun Bakı şəhərində Nərimanov rayonu, Qaradağ rayonu, Binəqədi rayonu, eləcə də digər ərazilərdə narkotik maddələri yerləşdirməklə məşğul olması ilə əlaqədar olmuşdur. Sonuncu məlumat isə yaxın ətrafına mal götürüb yerləşdirəcəyi, qayıdanda onlara yaxşı pul verəcəyi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxsi aşkar etdikdə torba artıq onun əlində olmuşdur. Polis əməkdaşlarını gördükdə əlində torba qaçmağa cəhd göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə “Əməliyyat -axtarış fəaliyyəti haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 6-7) Şəxsi axtarış və götürmə aparılması haqqında 09 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilən əşyaları və ya sənədləri vermək təklif edilmiş, bu təklifdən sonra o, sağ əlində tutduğu qara rəngli sellofan torbada narkotik vasitə olduğunu deyib həmin torbanı masanın üzərinə qoymuşdur. Həmin torba açılarkən içərisindən 01 ədəd büküm qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 01 ədəd bükümdə, ağ rəngli, krisital şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 40 ədəd metadon həbinə bənzər kütlələr, həmçinin bir ədəd gödəkçə, 1 ədəd şalvar və 5 ədəd alışqan aşkar edilmişdir. Bundan sonra həmin predmetlər polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqə 31- 33). Məhkəmə-kimyəvi ekspertizasının 10 iyun 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “zərflər üçün N7” dairəvi möhür əksi olan “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri və imzalar olan bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1120 (1 kq 120 qr) qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 595 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və üzərində “Methadone 40” markalanma göstəricisi olan 04 ədəd konvalyutdakı ümumilikdə 40 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır. 40 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 1,6 qramdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İİ siyahısına daxildir. . Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 1119,8 qram, metamfetaminin qalıq çəkisi 594,8 qram, metadon tərkibli dərman preparatının qalıq çəkisi 32 ədəd həb təşkil etmişdir ( cild 1, iş vərəqə 40-42). Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 09 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 46). 10 iyun 2022-ci il tarixli telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefon aparatında, eləcə də məsaj qutusunda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 62). İş materiallarında olan X1 11 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, ünvan 4 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 1, iş vərəqə 92) . “Evə baxış keçirilməsi və götürmə haqqında” 11 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Qaradağ rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili Ruslan Əhmədov və əməliyyat müvəkilli Vüsal Əlizadənin, hal şahidləri X3 və X2 iştirakları ilə ünvan 4 ünvanına baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən, qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 93- 99). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqə 120). “Maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında” 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1120 (1 kq 120 qr) qram narkotik vasitə heroin, 595 qram psixotrop maddə metamfetamin, “Methadone 40” markalanma göstəricisi olan 04 ədəd konvalyutdakı ümumilikdə 40 ədəd metadon tərkibli dərman preparatı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 1119,8 qram, metamfetaminin qalıq çəkisi 594,8 qram, metadon tərkibli dərman preparatının qalıq çəkisi 32 ədəd həb məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 111-112). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 25 iyul 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 156-157). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psix otrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik maddə heroin, 13-cü bəndinə əsasən 1,6 qram və daha artıq çəkidə metadon və İİ Siyahının 67-ci bəndinə əsasən halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Cinayət işi materiallarına əlavə edilən və məhkəmə iclasında bilavasitə tədqiq edilən üzərində şəxsi axtarış aparılmasına dair video görüntüləri özündə əks etdirən DVD diskdən görünür ki, tutulan zaman onun üzərində heroin, metamfetamin və metadon aşkar edilmiş, həmin maddələrin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs həmin narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmaması, şəxsi istehlakı üçün daha az miqdarda narkotik vasitə əldə etmək üçün saxlanıldığı yerə getməsi, gedərkən işarələnmiş yerdə daha çox miqdarda olması səbəbindən müvafiq maddəni aldığı şəxslə əlaqə yaradaraq ona qoyulan narkotik vasitələrin çəki baxımdan almağı planlaşdırdığı narkotik vasitə olmaması barədə məsaj yazmasını, almağı planlaşdırdığı narkotik vasitə üçün saxlanıldığı gün yol üstü bankomatlardan biri vasitəsilə nağd şəkildə cəmi 150 manat məbləğində pul vəsaiti ödəməsini bildirsə də məhkəmə iclasında bu halları təsdiq edən hər hansı sübut təqdim edə bilməmiş, ona məxsus telefondan bu məzmunda hər hansı məsaj, üzərində axtarış keçirilərkən nağd pul ödəməsi barədə hər hansı qəbz aşkar edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlif növdə olması, narkotik vasitə heroinin və metodon həbinin, psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsi, üzərindən aşkar edilən narkotik vasitələr və psixotrop maddənin dəyəri ilə onun aylıq qazancı arasında uyğunsuzluğu, yəni işsiz olduğu təqdirdə həmin miqdarda müvafiq maddələri almasının qeyri-mümkün olması ona dəlalət edir ki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 21), Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 11 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 09 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 90-91). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 iyun 2022-ci il tarixdən hesablanmalıdır. 25 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2235 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 156-157). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Qaradağ rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatından sonra qalıq çəkisi 1119,8 qram heroin, qalıq çəkisi 594,8 qram metamfetamin, qalıq çəkisi 32 ədəd həb metadon tərkibli dərman preparatı məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən 1(bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən materialların məhkəmə ekspertizasının keçirilməsinə görə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci (cild 1, iş vərəqə 40), dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 tərəfindən, məhkəmə zamanı Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (bir yüz səksən) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1119,8 qram heroin, 594,8 qram metamfetamin, 32 ədəd həb metadon tərkibli dərman preparatı məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Mərkəz Vəkil Bürosunun hesabına vəkil X9 üçün 240 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar