Məhkəmə qərarları › İş №1(101)-1720/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1720/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1720/2024 24.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X17 (sədrlik edən), X9 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında yerləşən inzibati binada qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi nömrəsiz evdə yaşamış, 13 yanvar 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 25/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 13 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,167 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 yerləşən yaşadığı evin yaxınlığına qədər daşımış, 13 yanvar 2024-cü il tarixdə saat 17:45-də həmin ünvanda Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin polis şöbəsində gətirilmiş, həmin tarixdə saat 19:48 dəqiqədə 14-cü polis şöbəsində üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd ağ rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,167 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 13 yanvar 2024-cü il tarixdə uşaqları xəstələndiyi üçün digər uşağı ilə birlikdə aptekə getmək üçün evdən çıxmışdır. Uşağını ət almaq üçün göndərmiş, bundan az sonra mülki geyimdə olan bir nəfər şəxs ona yaxınlaşaraq onu polis avtomobilinə otuzdurub müvafiq polis bölməsinə aparmışdır. Polis bölməsində olarkən polis əməkdaşları onu ittihamı qəbul etməyəcəyi təqdirdə narkotik vasitələri evindən çıxaracaqları ilə hədələmişlər. O, məruz qaldığı psixoloji təsirin nəticəsində, videoçəkiliş zamanı polis əməkdaşları tərəfindən videoçəkilişdən əvvəl ona təqdim olunmuş narkotik vasitənin özünə məxsus barədə etirafedici ifadə vermişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, ittiham olunmasına səbəb onun sosial şəbəkələrdə dini məzmunlu şəkillər paylaşması olmuşdur. Polis əməkdaşları tərəfindən ona fiziki güc tətbiq edilməyib. Narkotik vasitələrdən, ümumiyyətlə, istifadə etməyib. Sonda məhkəmə iclas zalından azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlamaqla daşıması və satışı ilə məşğul olması barədə 13 yanvar 2024-cü il tarixdə onun işlədiyi polis şöbəsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatını raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin tarixdə ondan və əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 yanvar 2024-cü il tarixdə saat 17:45 radələrində o, Şahid1la birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X7 küçədə piyada hərəkət etdiyini görmüşdür. O, Şahid1la birlikdə Təqsirləndirilən şəxs orada saxlayıb özlərini təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında barəsində əməliyyataxtarış tədbirlərinin keçirildiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Şahid1la birlikdə Təqsirləndirilən şəxs 14-cü polis şöbəsinin inzibati binasına gətirib baş təhqiqatçı Samir Allahverdiyevə təhvil vermişlər. Polis şöbəsinin xidmətdə olan baş təhqiqatçı, polis mayoru X8 Əliyevə hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmiş, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və polis şöbəsinə dəvət edilib Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkil İlqar İsmayılova etirazının olmadığını demişdir. Baş təhqiqatçı X8 Əliyevə üzərində videoçəkiliş tətbiqi ilə şəxsi axtarış aparacağını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq şəxsi axtarışın müdafiəçisi İlqar İsmayılovun iştirakı olmadan keçirilməsini bildirmişdir. Bundan sonra İlqar İsmayılov otağı tərk etmişdir. Baş təhqiqatçı Samir Allahverdiyev xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o, əməliyyat müvəkkili Şahid1 iştirak etmişlər. Baş təhqiqatçı X8 Əliyevə üzərində qanunsuz maddə, əşya və predmet olduğu halda təqdim etməsini təklif etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibindən bir ədəd sellofan büküm, sol yan cibindən bir ədəd mobil telefon və sağ yan cibindən isə bir ədəd pul qabı çıxarıb təqdim etmişdir. O, Təqsirləndirilən şəxs üzərini yoxlamış, üzərindən başqa maddə, əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs maddənin narkotik vasitə olduğunu, həmin maddəni bir-iki gün əvvəl Savalan yaşayış massivi ərazisində yerdən taparaq əldə etdiyini bildirmişdir. Baş təhqiqatçı X12 Əliyevin təqdim etdiyi bir ədəd sellofan bükümü açmış, içərisində narkotik vasitə heroinə bənzər maddənin maddənin olduğu müəyyən edilmişdir. Pul qabında isə bir ədəd “Loe bank” adlı bank kartının və bir ədəd “Baku kart” adlı plastik kartın olduğu müəyyən edilmişdir. Həmin kartlar pul qabı ilə birlikdə Təqsirləndirilən şəxs qaytarılmışdır. Baş təhqiqatçı X12 Əliyevin üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər maddəni və bir ədəd mobil telefonu ayrı-ayrılıqda iki ədəd ağ rəngli zərfdə qablaşdırmış, möhürləmiş, onlar iki ədəd zərfin üzərinə imza çəkmişlər. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs tutularkən polis əməkdaşlarına qarşı müqavimət göstərməyib və sonuncular tərəfindən təqsirləndirilən şəxsə qarşı fiziki və psixi zorakılıq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Şahid2la anoloji məzmunlu ifadə vermiş, həmçinin ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs tutularkən polis əməkdaşlarına qarşı müqavimət göstərməyib və sonuncular tərəfindən təqsirləndirilən şəxsə qarşı fiziki və psixi zorakılıq olmayıb. Təqsirləndirilən şəxs narkotikv asitələrin satışı ilə məşğul olması barədə ilkin məlumat daxil olsa da, bu sonradan öz təsdiqini tapmayıb. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskə keçirilmiş baxış zamanı, həmçinin 13 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Samir Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli isti gödəkçənin sol iç cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim etmiş, həmin bükümdə narkotik vasitə olduğunu, narkotik vasitəni 11 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçədən tapdığını, narkotik vasitəni satmaq məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən “Redmi” markalı mobil telefon, həmin gödəkçənin sağ yan cibindən bir ədəd “Leo” bank plastik kart və bir ədəd “Bakı kart” avtobus sərnişin kartı olmaqla qara rəngli pul qabını təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 yanvar 2024-cü il tarixli 3-6-16/2-6/221 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 100...” dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə; - Təqsirləndirilən şəxs-imza, ...iki -imza, tərtib etdi: S.Abdullayev imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 5,167 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heoindir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X20 X13 X14 üzrə 12 fevral 2024-cü il tarixli 873 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığına verilmiş 06 mart 2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə külli miqdarda 5,167 qram narkotik vasitə heroin ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin həm istifadəsi və həmdə də satışı ilə məşğul olması barədə etiarlı mənbədən müsbət məlumat almaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs 5,167 qram heroini həm istifadə etmək və həm də satmaq üçün əldə edib üzərində saxlaması barədə onlarda məlumat yoxdur. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs 5,167 qram narkotik vasitə heroin haradan əldə etdiyini, hər hansı bir şəxsə heroin satmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən ona psixoloji təsir göstərilməsi, sonuncuların onu təhdid etməsi, bunun nəticəsində aparılmış videoçəkiliş zamanı etirafedici ifadə verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəni mötəbər sübut qismində qəbul edir. Sonuncunun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadənin məzmunundan görünür ki, 11 yanvar 2024-cü il tarixdə günün ikinci yarısında o, Sabunçu rayonu, X7 məhəllə ilə ev tərəfə getmişdir. Həmin vaxt o, yerdə şəffaf sellofan büküm görüb götürmüş və içərisində narkotik vasitəyə bənzər spesfik iyə malik maddə olduğunu görmüşdür. O, həmin maddəni götürüb cibinə qoymuşdur. O, narkotik vasitəni iki gün üzərində gəzdirməklə daşımışdır. 13 yanvar 2024cü il tarixdə saat 17:45-də o, X7 evinə yaxın yerdə yolla hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. O, üzərində narkotik vasitə olduğu üçün özünü narahat hiss etmiş və polislərdən yayınaraq qaçmaq istəmişdir. Polis əməkdaşları ondan şübhələnmiş və ona üzərində narkotik vasitə gəzdirdiyi ilə bağlı məlumatlarının olduğunu demiş, onu 14-cü polis şöbəsinə dəvət etmişlər. Onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsi bildirildikdə öz istəyi ilə ərizə verib şəxsi axtarışda müdafiəçinin iştirak etməsinə etiraz etmişdir. Videoçəkiliş vasitəsi ilə aparılan şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən ağ rəngli sellofan torbada olan narkotik vasitəni, həmin gödəkçənin sol yan cibindən “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Leo bank" kartı, bir ədəd “Bakı kart” və pul qabını təqdim etmişdir. Üzərində saxladığı narkotik vasitəyə bənzər spesifik iyli maddəni necə tapdığını demiş, həmin narkotik vasitə onun və baxışda iştirak edən polis əməkdaşlarının iştirakları ilə zərfə qoyulub qablaşdırılmış, üzəri DİN-in 100 saylı möhürü ilə bağlanmış, ekspertizaya göndərilməsi barədə ona məlumat verilmişdir. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. O, üzərindən aşkar olunmuş kütlələri necə və hansı məqsədlə əldə etdiyini danışmışdır. O, heç vaxt narkotik vasitə satmamış, kiməsə pay verməmişdir. Mütəmadi olmasa da, bəzi vaxt narkotik vasitə heroin istifadə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq məqsədi olmamışdır. Həmin heroini istifadə etmək məqsədi ilə götürüb üzərində saxlamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsində narkotik vasitəni satış məqsədi ilə əldə edib daşığını bildirsə də, həmin ifadəni yalnışlıqla vermişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, anasının onkoloji xəstə olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzindən verilmiş “Xəstəlik tarixindən çıxarışdan” görünür ki, Təqsirləndirilən şəxs anası X3 qalxan çənbər bağırsağın bədxassəli yeni törəməsi (İİ dərəcəli) diaqnozu qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X4 ilə birgə nikahlarından 14 oktyabr 2010cü il təvəllüdlü X10, X11 və 17 yanvar 2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il taixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 33/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 5,117 qram narkotik vasitə heroin məhv edilməlidir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 92 (doxsan iki) nmanat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 33 (otuz üç) iş saatı üçün 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Universal» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,117 qram narkotik vasitə - heroin məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Cinayət işi üzrə materialların-məhkəmə ekspertizasına xərclənmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 33 (otuz üç) iş saatı üçün 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar