Məhkəmə qərarları › İş №1(101)-1721/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1721/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1721/2025 03.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlu (sədrlik edən) Kamranov Hafiz Eldar oğlu və X3 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Faiq Nağıyev və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, Şirvan şəhəri, Xəqani küçəsi, ev 30, mənzil 30-da qeydiyyatda olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını tam çəkməmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Əhməd” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıması barədə razılığa gəlib bu cinayətin həyata keçirilməsi üçün üzərinə düşən öhdəliyinə əsasən “Əhməd” adlı şəxsin bildirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları adlanan ərazidə istintaqa məlum olmayan ünvandan 16 may 2025-ci il tarixdə külli miqdarda təmiz çəkisi 885,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin günü saat 16:52-də Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları adlanan ərazidə saxlanılaraq üzərinin yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçəsinin iç hissəsindən 01 ədəd qara rəngli sellofan bağlamada həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 2 ilə yaxın marixuana istifadə etmiş və onu sosial şəbəkələr üzərindən tanış olduğu və ya tanımadığı şəxslərdən əldə edirdi. Həbs edilməmişdən təxminən 15 gün əvvəl kreditlərində gecikmə olduğundan və maddi ehtiyacı yarandığı üçün banklardan kredit götürməyə kömək göstərməsi üçün kimisə axtarmaq niyyəti ilə “Tik-Tok” sosial şəbəkəsində yadında qalmayan bank səhifəsi ilə danışmağa başlamışdır. Danışdığı şəxs ona kredit yox, başqa bir iş təklifi edərək, həmin səhifəni "Tik-Tok” sosial şəbəkəsində özündə blok etməyini bildirmişdir. Daha sonra adını soradan bildiyi İran vətəndaşı olan Əhməd adlı şəxslə ona məxsus nömrənin “WhatsApp” tədbiqi vasitəsi ilə danışmağa başlamışdır. Əhməd ona Bakı şəhərində müxtəlif yerlərə atdırdığı dərman olan bağlamaları onun dediyi digər yerlərdən götürüb bildirəcəyi yerlərə çatdıracağı müqabilində 1.000 manat pul verəcəyini təklif etmiş, o da maddi vəziyyəti pis olduğu üçün bununla razılaşmışdır. xx.xx.2025-ci il tarixdə günorta vaxtı Əhməd ona zəng edərək telefonuna bir “məkan” atacağını, orada yerləşdirdiyi bağlamanı götürdükdən sonra deyəcəyi ünvana aparmağını tapşırmışdır. Həmin şəxs əvvəlcədən təxmini olaraq ərazinin Nardaran qəsəbəsi, Ləhiş bağları olacağını dediyi üçün öncədən həmin əraziyə getmək qərarına gəlmişdir. Əhmədin dediyi əraziyə tək getməmək üçün qeyri-rəsmi nikahda olduğu X2 bibisinin əri olan Şahid1 və qonşuluqda yaşayan Şahid2 məxsus “Opel” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmişdir. Yolda olan zaman Əhmədin ona göndərdiyi “konum”a baxdıqda təxminən olduqları yerlə həmin yer arasında məsafənin 5 dəqiqəlik müddəti əhatə etdiyini görmüş, Babəkdən avtomobili “konum”un yaxınlığında kənarda saxlamağını xahiş etmişdir. Hər üçü avtomobildən düşsələr də, Babəklə Səyyaf avtomobilin yanında qalmış, özü isə bağlamanı tapmaq üçün ətrafı axtarmağa başlamışdır. Ətrafı axtardıqdan sonra Əhmədin ona dediyi qaydada mişar daşlarının üzərində ağ rəngdə olan un torbasının altından qara rəngli sellofana bükülmüş bağlamanı götürmüş və onu əynində olan qara rəngli gödəkcəsinin iç hissəsinin sağ tərəfinə yerləşdirib əli ilə saxlamışdır. Bağlamanı götürdükdən sonra Səyyaf və Babəkin dayandığı yerə çatdıqda mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərinin polis əməkdaşları olduğunu bildirərək onlara özlərini təqdim etmələrini təklif etmişlər. Daha sonra o üzərində olan bağlamanı təqdim etmiş, bununla bağlı video çəkiliş aparılaraq bağlamanın içərisində quru ot kütləsi aşkar edilmişdir. Babək və Səyyafın məsələdən əvvəlcədən xəbərləri olmamışdır. O bağlamada narkotikin olacağını bilməmiş, sadəcə olaraq dərman götürməyə getdiyini zənn etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 16 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat əsasında tərəfindən raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin günü bölmənin əməliyyat müvəkkilləri Şahid4, Şahid5 və Şahid6 ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saat 16:52 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları adlanan ərazidə saxlanılmışdır. Bu vaxtı Nicatın yanında adları sonradan məlum olan Şahid2 və Şahid1 da var idi. Onlara özlərini təqdim etdikdən sonra üzərlərində olan qanunsuz əşyaların təqdim edilməsi xahiş olunmuş, Nicat da əynindəki qara rəngli gödəkcəsinin iç hissəsindən 01 ədəd qara rəngli bağlamanı çıxararaq bildirmişdir ki, onun içərisində marixuana var, İran vətəndaşının qoyduğu yerdən götürüb onun göstərişi ilə deyiləcək ünvana aparmalı idi. Digər şəxslərin üzərlərində isə hər hansı qanunsuz əşya olmamışdır. Bağlama açıldıqda onun içərisində yaşıl rəngli, quru halda bitki kütləsi aşkar olunmuş, bu zərfə qoyularaq qablaşdırılmış və həmin şəxslər polis bölməsinə aparılmışlar. Eyni zamanda, hər üç şəxsin mobil telefonları da götürülmüşdür. Məhkəmədə şahid Sabunçu Rayon Polis İdarəsinin 42-c polis bölməsinin əməkdaşları Şahid4, Şahid6 və Şahid5 Şahid3 ifadəsinə oxşar məzmunda ifadə verdilər. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, takis fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs eyni ərazidə qonşuluqda yaşamışdır. xx.xx.2025-ci il tarixdə Nicat və Səyyaf ona Ləhiş bağları ərazisinə getmək lazım olduğunu bildirib onları aparmağı xahiş etmişdir. O da qonşu olduğu üçün pul istəməmiş və yalnız nəqliyyat vasitəsinə yanacaq tökərək gedib-gəlməyə razılaşmışdır. Daha sonra idarə etdiyi “Opel” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bu şəxsləri həmin istiqamətə aparmışdır. Yolda olarkən Nicat telefonla kiminləsə danışıb ondan məlumatlar alırdı. O və Səyyaf onun apardığı danışıqlardan anlamışlar ki, Nicat iranlı şəxslə danışır, sonuncu Ləhiş bağları ərazisində harasa hansısa əşyanı yerləşdirib, Nicat da onu götürməlidir. Bunu anlayan zaman Nicatdan nə etdiyi dəqiq soruşduqda, sonuncu onlara İran vətəndaşı ilə tanış olduğunu və iş təklif etdiyini, işin isə onun göndərdiyi “konum”lardan bağlamaları götürüb onun bildirdiyi digər yerlərə qoymaq və bunun müqabilində 1.000 manat veriləcəyini bildirmişdir. Onlardan da ona bunun düzgün iş olmadığını və onları da problemə salacağını demişlər. Deyilən ünvana çatanda hər üçü maşından düşmüş, o və Səyyaf maşının yanında qalmış, Nicat isə çıxıb getmişdir. Bir müddətdən sonra Nicat geri qayıdanda polis əməkdaşları onlara yaxınlaşmış, Nicat üzərində olan böyük bağlamanı polislərə təqdim edərək içərisində narkotik olduğunu demişdir. Bundan sonra polis əməkdaşlarından biri videoçəkiliş etmiş, digərləri isə üzərlərinə baxış keçirməyə başlamışlar. Nicatın təqdim etdiyi bağlamaya baxış keçirilmiş və içərisində quru ot kütləsi olması aşkar edilmişdir. Polis əməkdaşı həmin bağlamanı zərfə qoyaraq qablaşdırmışdır. Onunla Səyyafın üzərindən isə qanunsuz əşya aşkar edilməmişdir. Nicatın əvvəlcədən iranlı şəxslə narkotik barədə sövdələşməsinin olması, həmçinin Nicatın həmin yerə gedib oradan narkotik götürəcəyi barədə heç bir məlumatı olmamışdır. Nicat yolda onlara bu barədə məlumat vermiş, lakin Nicatla həmin ünvana gəlməkdə maddi və digər marağı olmamışdır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş diskdəki videogörüntüyə görə həmin günü saat 16:57-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları adlanan ərazidə Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 saxlanılmış, Nicatın üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sağ iç hissəsindən 01 bağlamada qara rəngli sellofana bükülmüş kütləni təqdim edir. Bundan başqa o, əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən mobil telefon, qabaq sol yan cibindən alışqanı çıxardır. Nicatın əynində olan qara rəngli gödəkçənin sağ iç hissəsindən aşkar olunan kütləyə baxış keçirildikdə, spesifik iyə məxsus quru ot kütləsi müəyyən edilir. Həmin kütlə qablaşdırılır, saxlanılan şəxslər, iştirakçılar tərəfindən imzalanır və götürülür. Verilən suallara cavab olaraq Nicat aşkar olunan maddənin marixuana olduğunu, İran vətəndaşının göstərişi ilə bir ünvandan götürüb digər ünvana qoyacağını bildirir. Şahid2 əynində olan olan göy rəngli şalvarın arxa sağ cibindən mobil telefonu, qabaq sağ yan cibindən isə açarı təqdim edir. Şahid1 isə əynində olan qara rəngli şalvarın arxa sağ cibindən mobil telefonu, qabaq ciblərindən isə açar və alışqanı təqdim edir. İş üzrə əhəmiyyət kəsb etmədiyindən alışqan və açarlar sonunculara geri qaytarılır, Şahid1 və Şahid2 üzərindən isə dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilmir (İ cild, i.v.07-09; disk); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/728 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan kağız paketdəki 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 885,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 884,80 qram, aparılmış tədqiqatın dəyəri 78 manat təşkil edir (İ cild, i.v.87-89); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 3228 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.186-187); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli, 1734 saylı rəyinə görə Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar olunmur. Əməli törətdiyi dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, i.v.189-191); • “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəs edən hər hansı məlumat aşkar olunmamışdır (İ cild, i.v.151); • “Diskə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** və 055 ***-**-** saylı GSM nömrələrinə xx.xx.2025-xx.xx.2025-ci il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglərə, mesajların sıyahısına və mətni barədə məlumatlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (İ cild, i.v.180; disk); • Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)- 228/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.138-142); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışı və hökmə görə Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdirdir (İ cild, i.v.167- 168, 181-185); • Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünün icrası ilə bağlı xx.xx.2025-ci il tarixdən qeydiyyata alınmış, həbs olunana qədər cəzasından 02 ay 06 gün hissəsini çəkmiş, 01 il 03 ay 20 günü isə çəkilməmiş qalmışdır (İİ cild); • “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 884,80 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (İ cild, i.v.197-204); • “İcraata ayrıca cinayət işinin ayrılması haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni əldə etdiyi şəxsin müəyyən edilməsi məqsədi ilə ********* saylı cinayət işindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (İ cild, i.v.188-189); • Doğum haqqında şəhadətnamələrin surətlərinə görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci və xx.xx.2023-cü il təvəllüdlü iki uşağı var (İ cild, i.v.115-117). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri həmin Məcəllənin 234.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş (1.0.9-cü maddə), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.11-ci maddə). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir (8-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir (12-ci bənd). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə qurudulmuş marixuananın külli miqdarının (təmiz halda qramlarla) aşağı həddi 500 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Əhməd” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıması barədə razılığa gəlib bu cinayətin həyata keçirilməsi üçün üzərinə düşən öhdəliyinə əsasən “Əhməd” adlı şəxsin bildirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları adlanan ərazidə istintaqa məlum olmayan ünvandan 16 may 2025-ci il tarixdə külli miqdarda təmiz çəkisi 885,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin günü saat 16:52də Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları adlanan ərazidə saxlanılaraq üzərinin yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçəsinin iç hissəsindən 01 ədəd qara rəngli sellofan bağlamada həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunaraq qeyd olunan ünvana narkotik vasitə deyil, içərisində dərman vasitələri olan bağlamanı götürməyə getdiyini bildirsə də, təqsirləndirilən şəxsin hadisə yerində aparılan video çəkiliş zamanı vermiş olduğu ifadəsi, onunla birlikdə saxlanılan Şahid2 ifadəsi, habelə digər mötəbər dəlillərlə onun tərəfindən külli miqdarda narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yayılmasına yönəldilmiş hərəkətlərin edilməsi tam sübuta yetirilir. Bununla da Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi müəyyən edilir. Törədilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasının yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması halı hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, kriminal meyilliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş və bu hökm elan olunan günədək çəkilməmiş 01 il 03 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və bu cəza həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı andan – 16 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, qalıq qalan 884,80 qram narkotik vasitə olan qurudulmuş marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 78 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi - 01 il (bir) 03 (üç) ay 20 (iyirmi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və bu cəza həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin olunan cəza ilə qismən birləşdirilsin, ona qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, qalıq qalan 884,80 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar