Məhkəmə qərarları › İş №1(101)-1723/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1723/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1723/2021 16.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş "xxxx"xxxx"xxxx" MMC-də avtomobil sürücüsü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqa Keyman adı ilə məlum olan İran İslam Respublikası sakini və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar olaraq Azərbaycan Respublikası ərazisinə keçirmiş, satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs təxminən 12-13 iyun 2021-ci il tarixlərində şəxsiyyəti istintaqa Keyman adı ilə məlum olan İran İslam Respublikası sakini ilə “Votsap” proqram təminatı vasitəsilə əlaqə saxlayaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsi, sonra isə həmin narkotik vasitələr və psixotrop maddənin Füzuli rayonunun İranla həmsərhəd ərazidə yerləşən Böyük Bəhmənli kəndi ərazisindən götürülərək sonuncunun deyəcəyi şəxsə təhvil verilməsi ilə bağlı qabaqcadan razılıq əldə etmiş, bunun müqabilində Keyman adlı İran sakini Təqsirləndirilən şəxs 2000 AZN pul verməyi vəd edərək 16 iyun 2021-ci il tarixdə həmin puldan ümumilikdə 1587.00 (min beş yüz səksən yeddi) manatın Azərbaycan Respublikası vətəndaşı X2 istifadəsində olan bank kartından istifadə edilməklə Təqsirləndirilən şəxs istifadəsində olan “4169 7414 5481 4201” nömrəli bank kartına köçürülməsini təmin etmişdir. Qabaqcadan əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, şəxsiyyəti istintaqa Keyman adı ilə məlum olan İran İslam Respublikası sakini külli miqdarda narkotik vasitələri və psixotrop maddəni İrandan Azərbaycan ərazisinə keçirərək Füzuli rayonunun İranla həmsərhəd ərazidə yerləşən Böyük Bəhmənli kəndi ərazisində gizlədib bu barədə Təqsirləndirilən şəxs məlumatlandırdıqdan sonra, sonuncu 18 iyun 2021-ci il tarixdə axşam saat 22 radələrində şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan və cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Şahid1 idarə etdiyi “Hyundai” markalı AZ **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Füzuli rayonuna getmiş, 19 iyun 2021-ci il tarixdə gecə saat 01-02 radələrində həmin rayonun Böyük Bəhmənli kəndinə çatdıqdan sonra avtomobili kəndin girəcəyində olan avtobus dayanacağının qarşısında saxlatmış, özü avtomobildən tək düşərək dayanacağın arxasında gizlədilmiş içərisində külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan 1 ədəd bağlamanı götürməklə qanunsuz olaraq əldə etmiş və həmin bağlamanı qanunsuz daşıyaraq qeyd edilən avtomobilin yük yerinə yerləşdirdikdən sonra bu bağlamanın içərisində olan təmiz çəkisi 16637,373 qram heroindən 0.573 qramını götürərək üzərində olan siqaret qutusuna qoymuş, bundan sonra Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddəni “Hyundai” markalı AZ **-ZT- *** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz daşımaqla Füzuli rayonundan Bakı şəhəri istiqamətində hərəkət edərkən 19 iyun 2021-ci il tarixdə 06:30 radələrində Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində DTX əməkdaşları tərəfindən saxlanılmış, həmin avtomobilə baxış keçirilərkən avtomaşının yük yerindən Təqsirləndirilən şəxs məxsus qeyd edilən külli miqdarda narkotik vasitələr və psixotrop maddə – nəm halda təmiz çəkisi 16636,80 qram heroin, təmiz çəkisi 993,90 qram qurudulmuş marixuana və təmiz çəkisi 2001,38 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan əlavə 19 iyun 2021-ci il tarixdə DTX-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında Təqsirləndirilən şəxs üzərində keçirilmiş axtarış zamanı onun şalvarının sağ cibindən 1 ədəd siqaret qutusunun içində qeyd edilən narkotik vasitənin digər hissəsi olan sellofana bükülmüş şəkildə narkotik vasitə – 0.573 qram heroin aşkar edilərək 7-1251 saylı məktubla istintaqa təqdim edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 206.3.2-ci maddəsi ilə özünü təqsirli bilmir. Əməlindən səmimi peşmanlıq çəkir. 18 iyun 2021-ci il tarixdə İranın Məşhəd şəhərində ziyarətdə olan zaman tanış olduğu Keyman adlı İran İslam Respublikası vətəndaşı Keyman adlı şəxs ona zəng edərək Füzuli rayonundan bağlama götürməyini tapşırmışdır. Avtomobili təmirdə olduğundan taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 onu Füzuliyə aparmasını xahiş etmişdir. Şahid1 Füzuli rayonuna nə məqsədlə getməyindən, oradan nə götürəcəyindən məlumatı olmamışdır. 18 iyun 2021-ci il tarixdə saat 22 radələrində Zığ qəsəbəsindən Füzuli rayonu istiqamətində yola düşmüşlər. Təxminən gecə saat 01-02 radələrində Füzuli rayonu Böyük Bəhmənli kəndinə çatmışlar. O, dayanacağın arxasına qoyulmuş 1 ədəd bağlamanı götürmüş, bu zaman maraq üçün həmin bağlamadakı torbalardan birindən az miqdarda narkotik vasitə götürərək üstündəki siqaret qutusuna qoymuş, sonra isə götürdüyü bağlamanı daşıyaraq “Hyundai” markalı AZ **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqajına yerləşdirmişdir. Oradan götürdüyü narkotik bağlamasını Keyman adlı şəxsin sonradan deyəcəyi şəxsə çatdırmalı olmuşdur. Azərbaycan sərhədini İran istiqamətində keçməmiş, narkotikin də qaçaqmalçılıqla Azərbaycana Keyman adlı şəxs tərəfindən necə, nə zaman, hansı yolla və kimin vasitəsilə keçirilməsindən məlumatı olmamışdır. Təxminən səhər saat 06:30 radələrində Bakı şəhəri istiqamətində gələrkən Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində özlərini DTX əməkdaşları kimi təqdim edən bir neçə nəfər mülki geyimli şəxs idarə etdiyi “Hyundai” markalı AZ **-ZT-*** dövlət qeydiyyat nömrəli avtomobili dayandırmışlar. Avtomobilin yük yerinə keçirilmiş baxış zamanı aşkar edilmiş narkotikləri qablaşdırmaqla möhürləyərək protokollaşdırmış, həmin protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şübhəli şəxs kimi tutulandan sonra 19 iyun 2021-ci il tarixdə DTX-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında üzərində keçirilmiş axtarış zamanı şalvarının sağ cibindən 1 ədəd siqaret qutusunun içində Füzuli rayonunun Böyük Bəhmənli kəndindən götürdüyü narkotiklərin bir hissəsi olan sellofana bükülmüş şəkildə heroin də aşkar edilərək götürülmüşdür. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə bir kəndli kimi yaxşı münasibətləri olmuş və 18 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona istifadə etdiyi mobil telefon nömrəsindən zəng vurub, öz maşının xarab olduğunu bildirərək onu Füzuli rayonuna aparmasını xahiş etmiş, zəhmət haqqı olaraq 100 manat pul verəcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, oradan isə idarə etdiyi “Hyundai Matrix” markalı AZ **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonuna getmişlər. Təqsirləndirilən şəxs nə telefon danışığı zamanı, nə də yolda olarkən Füzuli rayonuna nə məqsədlə getməsi barədə ona bir söz deməmişdir. Onlar yolda olarkən Təqsirləndirilən şəxs telefonu işləmədiyinə görə onun telefonundan bir tanışına zəng etmək üçün icazə istəmiş, o, telefonda “Dos” adı ilə nömrə qeyd etmiş və qısa şəkildə “gəlirəm”, “çatıram” kimi ifadələr işlətmişdir. Füzuli rayonu Horadiz şəhərinə çatmamış, Böyük Bəhmənli kəndi ərazisində Təqsirləndirilən şəxs maşını saxlamağı və bir neçə dəqiqə onu gözləməyini xahiş etmişdir. Dediyi yerdə, avtobus dayanacağının yanında maşını saxladıqda Təqsirləndirilən şəxs maşından düşərək avtobus dayanacağının yanına getmiş və bir neçə dəqiqə sonra geri qayıtmışdır. Qayıdan zaman əlində ağ rəngli bağlama olmuş, Təqsirləndirilən şəxs özü ilə gətirdiyi ağ rəngli bağlamanı yük yerinə qoyduqdan sonra onlar Bakı şəhəri istiqamətində hərəkət etmişlər. Təxminən səhər saat 5-6 arası avtomobil Hacıqabul rayonunun ərazisində DYP-nin “Nəvai” postunda saxlanılmışdır. Bundan sonra maşına yaxınlaşan DTX əməkdaşları video-çəkiliş vasitəsilə maşına və üzərlərinə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs maşının yük yerinə qoyduğu bağlamanı da aşkar edib götürmüşlər. Məhkəmədə ifadəsi elan edilmiş şahid Nurizadə (Məzahirova) Fizzəxanım Azad qızı 30 avqust 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, 2019-cu ildə X4 ilə ailə qurmuşdur. Təqsirləndirilən şəxs həyat yoldaşının atasıdır və onunla eyni ünvanda yaşamışdır. 2019cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin 3-cü kursunda təhsil alarkən ****4201 nömrəli bank kartı tələbə təqaüdünün alınması üçün ona universitet tərəfindən verilmişdir. 2020-ci ilin əvvəlindən təhsil distant, yəni onlayn qaydaya keçdiyindən o, kartını Təqsirləndirilən şəxs istifadə etməsi üçün vermişdir. Qeyd etdiyi karta aylıq 108 manat tələbə təqaüdü köçürüldükdə Təqsirləndirilən şəxs bu pulu nağdılaşdıraraq ona vermişdir. Kartın onlayn istifadəsi üçün o, Təqsirləndirilən şəxs mobil telefonuna “Birbank” mobil tətbiqini quraşdırmışdır. Lakin tətbiqi Təqsirləndirilən şəxs özü istifadə etmişdir. Onun öz tələbə təqaüdündən başqa kartla edilən mədaxil, məxaric və köçürmələrdən heç bir məlumatı olmamışdır. Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 may 2021-ci il tarixli qərarı əsasında 19 iyun 2021-ci il tarixdə Hacıqabul rayonu ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı AZ **-ZT-*** dövlət qeydiyyat nömrəli avtomobilə videoçəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı həmin avtomobilin yük yerindən külli miqdarda narkotik vasitələr və psixotrop maddə – nəm halda 16636,80 qram heroin, 993,90 qram qurudulmuş marixuana və 2001,38 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış protokoluna əsasən, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon və 10 (on) ədəd 100 (yüz) manatlıq əsginasda olmaqla iş üzrə əhəmiyyət kəsb edən cəmi 1000 (min) manat məbləğində pul da aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəq: 9-13) 19 iyun 2021-ci il tarixli baxışın görüntülərini əks etdirən və eyni tarixli protokola əlavə edilmiş 1 ədəd CD Təqsirləndirilən şəxs məxsus narkotik vasitələrin və psixotrop maddənin aşkar edildiyi zamanı, məkanı və şəraiti əks etdirdiyindən və cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən 15 iyul 2021-ci il tarixli qərar əsasında iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəq: 175- 177) 07 iyul 2021-ci il tarixli qərar əsasında iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 10 (on) ədəd 100 (yüz) manatlıq əsginasda cəmi 1000 (min) manat məbləğində pul vəsaiti külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsi və qanunsuz dövriyyəsi ilə bağlı şəxsiyyəti istintaqa Keyman adı ilə məlum olan İran İslam Respublikası sakini tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan “4169 7414 5481 4201” nömrəli bank kartına köçürüldüyü üçün iş üzrə maddi sübut kimi tanımış və məhkəmənin hökmü çıxarılanadək dövlət bankında Dövlət Təhlükəsizliyi Xidmətinin depozitinə qoyulması üçün DTX Maliyyə idarəsinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 157-158) Əşya və sənədlərə baxış keçirilməsinə dair 21 iyun 2021-ci il tarixli protokol əsasında Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefonun qoburunda Fizzəxanım Məzahirovanın adına verilmiş, lakin Təqsirləndirilən şəxs istifadəsində olan “4169 7414 5481 4201” nömrəli bank kartı aşkar edilmiş və həmin protokola əlavə edilmişdir. Baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun “WhatsApp” proqram təminatında “Dos” kimi qeyd edilmiş və şəxsiyyəti istintaqa Keyman adı ilə məlum olan İran İslam Respublikası sakininin istifadəsində olması ehtimal edilən +**********81 saylı mobil nömrə ilə yazışma və zənglər müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 82-86) 19 iyun 2021-ci il tarixli 7-1248 saylı məktuba əlavə olunmuş materiallardan görünür ki, 21 may 2021-ci il və 19 iyun 2021-ci il tarixləri arasında istintaqa Keyman adı ilə məlum olan İran sakininin istifadəsində olması ehtimal edilən +**********81 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********42 saylı mobil nömrəyə və əksinə cəmi 128 dəfə zəng cəhdi olmuşdur. (Cild 1, iş vərəqə 17-22) Bakı şəhəri Səbail rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən DTX İstintaq baş idarəsinə 25 avqust 2021-ci ildə daxil olmuş CD-nə eyni tarixli baxış protokolundan görünür ki, +**********42 saylı mobil nömrə iş üzrə Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. (Cild 1, iş vərəqə 199) 15 iyul 2021-ci il tarixli qərar əsasında iş üzrə Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon aparatı, onun üzərinə quraşdırılmış 1 (bir) ədəd "xxxx" mobil operatoruna məxsus ***-***-**-** nömrəli SİM kart və “4169 7414 5481 4201” nömrəli bank kartı iş üzrə maddi sübut kimi tanımış və cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 175-177) 19 iyun 2021-ci il tarixdə DTX-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında Təqsirləndirilən şəxs üzərində keçirilmiş axtarış zamanı onun şalvarının sağ cibindən 1 ədəd siqaret qutusunun içində sellofana bükülmüş şəkildə narkotik vasitə – 0.573 qram heroin aşkar edilərək 7-1251 saylı məktubla istintaqa təqdim edilmişdir. (Cild 1, iş vərəqə 87-89) Bakı şəhəri Səbail rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı əsasında "xxxx" ASC-dən 25 avqust 2021-ci il tarixdə istintaqa daxil olmuş 7-1622 saylı məktuba əlavə edilən sənədlərə və 1 (bir) ədəd CD-nə 26 avqust 2021-ci il tarixli baxış protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan və sonuncunun gəlini X1 adına açılmış plastik karta 16 iyun 2021-ci il tarixdə 1587 (min beş yüz səksən yeddi) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Sənədlərdən və diskdəki fotoşəkillərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdə X1 adına açılmış plastik kartdan istifadə etməklə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən bankomatdan 570 (beş yüz yetmiş) manat məbləğində pul vəsaiti, 18 iyun 2021ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən bankomatdan isə 1100 (min yüz) manat məbləğində pul vəsaiti çıxarmışdır. (Cild 1, iş vərəq: 200-207, 208- 209) Dövlət Təhlükəsizliyi Xidməti “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 17.07.2019-cu il tarixdə qanuni yolla Azərbaycan Respublikası sərhədini Astara gömrük postundan İran İslam Respublikası istiqamətində tərk etmiş, 22.07.2019-cu il tarixdə isə geri qayıtmışdır. (Cild 1, iş vərəqə 24) Cinayət işi üzrə keçirilmiş mütəxəssis tədqiqatına dair arayış və ekspertizaların rəyləri ilə iş üçün sübut əhəmiyyətli aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası DTX ƏTBİ-nin 5-ci şöbəsinin təqdim etdiyi 19 iyun 2021-ci il tarixli 13 saylı mütəxəssis arayışından görünür ki, tədqiqata təqdim edilmiş – ümumi çəkisi 16636,80 qram (0.2 qramı tədqiqat zamanı istifadə edilmişdir), qalıq çəkisi 16636,60 qram olan qəhvəyi rəngli nəm maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, təmiz çəkisi 2001,38 qram (0.1 qramı tədqiqat zamanı istifadə edilmişdir), qalıq çəkisi 2001,28 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və təmiz çəkisi 993,90 qram (0.1 qramı tədqiqat zamanı istifadə edilmişdir), qalıq çəkisi 993,80 qram olan yaşıl çalarlı bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqə 26-28) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli 6/2583 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “DTX-nin Zərflər üçün № 95 və Arayışlar üçün № 214” dairəvi möhür əksi olan torbada 19 ədəd şəffaf sellofanda ümumi təmiz çəkisi 16636.60 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd şəffaf sellofanda ümumi təmiz çəkisi 2001.28 qram ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində “DTX-nin Arayışlar üçün № 33” yazılan kağız zərfdə 1 ədəd bükümdə olan təmiz çəkisi 0.573 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olub, digər torbada olan 16636.80 qram heroin ilə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Cild 1, iş vərəq: 150-156. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli 7/598 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd şəffaf torbada təmiz çəkisi 993.80 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspert tədqiqatları zamanı cəmi 0.6 qram heroin, 0.1 qram metamfetamin və 0.02 qram qurudulmuş marixuana istifadə edilmişdir. (Cild 1, iş vərəq: 146-149) 09 iyul 2021-ci il tarixli aktan görünür ki, ümumilikdə, aşkar edilərək götürülmüş təmiz çəkiləri 16637.373 qram heroin, 2001.38 qram metamfetamin və 993.90 qram qurudulmuş marixuanadan mütəxəssis və ekspert tədqiqatlarından sonra qalıq halda müvafiq olaraq təmiz çəkiləri16636.573 qram heroin, 2001.18 qram metamfetamin və 993.78 qram qurudulmuş marixuana 09 iyul 2021-ci il tarixdə maddi sübut kimi tanınmış və eyni tarixli aktla məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. Cild 1, iş vərəq: 160-161. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası” X6 daxil olmuş 06 iyul 2021-ci il tarixli 7-1360 saylı məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmayıb. (Cild 1, iş vərəq: 141). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin 24.06.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. (iş vərəqə 210-211) "xxxx"xxxx"xxxx" MMC-dən verilmiş istehsalat xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1966-cı ildə doğulmuşdur. 2013-cü ildən 02.01.2019-cu ilədək "xxxx" QSC-nin İstehsalat xidmətləri idarəsinin Nəqliyyat bölməsində avtomobil sürücüsü vəzifəsində işləmişdir. 03.01.2019-cu ildən hal-hazıradək "xxxx"xxxx"xxxx" MMC-nin 1 saylı avtomobil dəstəsində avtomobil sürücüsü vəzifəsində çalışır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X7 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X7 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. X7 6-cı bəndinin 4-cü abzasına əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü yalnız Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilməsi, İran İslam Respublikasının vətəndaşı olan Keyman adlı şəxslə qabaqcadan əlbir olmaması, narkotik vasitələrin qaçaqmalçılıqla Azərbaycana Keyman adlı şəxs tərəfindən necə, nə zaman, hansı yolla və kimin vasitəsilə keçirilməsindən məlumatı olmaması barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onların bu ifadəsi işin faktiki hallarına uyğun gəlməyərək, ibtidai istintaq zamanı verdikləri ifadələri, şahid ifadələri ilə, ekspert rəyləri ilə və iş materiallarında olan digər sübutlarla tam təkzib olunur. İş materiallarında olan 19 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolundan görünür ki, 2018-ci ildə Məşəd şəhərində ziyarətdə olan zaman Keyman adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, ziyarətdən qayıtdıqdan sonra da onunla arabir əlaqə saxlamışdır. Qardaşı ötən ilin mart ayında vəfat etdiyindən onun üçün qəbir daşı düzəltdirmək üçün pula ehtiyacı olmuşdur. Bu səbəbdən o təxminən mart ayında Keymana zəng edərək ona narkotik gətirilməsi ilə bağlı pul qarşılığında yardımın lazım olub-olmadığını soruşmuşdur. O, ona belə bir işin mümkün olduğunu və Füzuli rayonundan içində narkotik tərkibli maddələrin olduğu bağlamanı götürüb Bakı şəhərinə çatdırmaq gərəkdiyini bildirdi. O razılaşmış və mart ayında icarəyə Hyundai markalı avtomobil götürərək kisədə olan narkotik Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən dayanacaqdan götürüb Bakı şəhərində Zığ qəsəbəsinə çatmamış yolun sağında yerləşən şüşəli dayanacağın arxasına qoymuşdur. Keyman bir dəfə də bu qaydada yardımından istifadə edəcəyini bildirdi. Keyman narkotikin daşınmasına görə ona vəd etdiyi 2000 manat pulu isə gəlini Fizzəxanımın kartının şəklini ona göndərdikdən sonra həmin karta yolladı. O, həmin 2000 manat pulu öz şəxsi xərcləri üçün istifadə etmişdir. 18 iyun 2021-ci il tarixdə Keyman adlı şəxs ona zəng edərək Füzuli rayonundan narkotik vasitələrin olduğu bağlamanı götürməyini tapşırmışdır. Avtomobili təmirdə olduğundan taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 onu Füzuliyə aparmasını xahiş etmişdir. Şahid1 Füzuli rayonuna nə məqsədlə getməyindən, oradan nə götürdüyündən məlumatı olmamışdır. 18 iyun 2021-ci il tarixdə saat 22 radələrində Zığ qəsəbəsindən Füzuli rayonu istiqamətində yola düşmüşlər. Təxminən saat gecə 01-02 radələrində Füzuli rayonu Böyük Bəhmənli kəndinə çatmışlar və o, dayanacağın arxasına qoyulmuş 1 ədəd kisəni götürmüş, daşıyaraq “Hyundai” markalı avtomobilinin baqajına yerləşdirmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Orconikidze (Suraxanı) rayon məhkəməsinin 27 dekabr 1984-cü və 09 avqust 1988-ci il tarixli hökmləri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Suraxanı rayon məhkəməsindən istintaqa daxil olmuş 24 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, məhkəmənin arxivinin 1990-cı ildə yanması nəticəsində orada saxlanılan işlər yanaraq məhv olmuşdur. (iş vərəq: 113, 242.) İş materiallarında olan, "xxxx"xxxx"xxxx" MMC-dən verilmiş xasiyyətnamədən görünür ki, işlədiyi müddətdə Təqsirləndirilən şəxs rəhbərlik tərəfindən ona verilmiş tapşırıqları təyin olunmuş müddətdə yerinə yetirmişdir. İşlədiyi müddətdə onun barəsində heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəq: 163-164). İş materiallarında olan, Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 186) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs yaşadığı və işlədiyi yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2 maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 10 (on) ədəd 100 (yüz) manatlıq əsginasda cəmi 1000 (min) manat məbləğində pul vəsaiti külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsi və qanunsuz dövriyyəsi ilə bağlı şəxsiyyəti istintaqa Keyman adı ilə məlum olan İran İslam Respublikası sakini tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan “4169 7414 5481 4201” nömrəli bank kartına köçürüldüyü üçün, həmin pul vəsaitləri maddi sübut kimi tanındığından və aşkar edilmiş pul vəsaitlərini narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə edildiyindən, barəsində xüsusi müsadirə tətbiq edilib məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: Azərbaycan Respublikası CM-nin 99-1.1.1 maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2 maddəsinə əsasən, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3 maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4 maddəsinə əsasən, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Azərbaycan Respublikasının 99-1.2 maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Odur ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsinə təhvil verilmiş iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və onun istifadəsində olan “4169 7414 5481 4201” nömrəli bank kartına köçürülmüş 10 (on) ədəd 100 (yüz) manatlıq əsginasda cəmi 1000 (min) manat məbləğində pul vəsaiti cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri olduğu üçün barəsində xüsusi müsadirə tətbiq edilməli, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübutlar – DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş iş üzrə aşkar edilərək götürülmüş təmiz çəkiləri 16637.373 qram heroin, 2001,38 qram metamfetamin və 993.90 qram qurudulmuş marixuanadan mütəxəssis və ekspert tədqiqatlarından sonra qalıq halda müvafiq olaraq təmiz çəkiləri 16636,573 qram heroin, 2001,18 qram metamfetamin və 993.78 qram qurudulmuş marixuana Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsində təsbit edilmiş bu növ maddi sübutların taleyinin həlli qaydasında xüsusi müsadirəyə məruz qalmalı, dövriyyəsi qadağan olunduğundan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsinə təhvil verilmiş iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və onun istifadəsində olan “4169 7414 5481 4201” nömrəli bank kartına köçürülmüş 10 (on) ədəd 100 (yüz) manatlıq əsginasda cəmi 1000 (min) manat məbləğində pul vəsaitləri cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri olduğu üçün barəsində xüsusi müsadirə tətbiq edilməli, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, içərisində olan pul vəsaitləri xüsusi müsadirə edilərək dövlət nəfinə alındıqdan sonra “4169 7414 5481 4201” nömrəli bank kartı məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon aparatı, onun üzərinə quraşdırılmış 1 (bir) ədəd "xxxx" mobil operatoruna məxsus ***-***-**-** nömrəli SİM kart hökm qanuni qüvvəsini aldıqdan sonra onun yaxın qohumlarına qaytarılmalı və 19 iyun 2021-ci il tarixli baxışın görüntüləri yazılmış 01 ədəd CD cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin 24.06.2021-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 160 manat, 70 qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 19 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və 19 iyun 2021-ci il tarixli Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 19 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş ümumi qalıq çəkiləri 16636,573 qram heroin, 2001,18 qram metamfetamin və 993.78 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsinə təhvil verilmiş “4169 7414 5481 4201” nömrəli bank kartına köçürülmüş 10 (on) ədəd 100 (yüz) manatlıq əsginasda cəmi 1000 (min) manat məbləğində pul vəsaitləri barəsində xüsusi müsadirə tətbiq edilərək dövlət nəfinə alınsın, içərisində olan pul vəsaitləri xüsusi müsadirə edilərək dövlət nəfinə alındıqdan sonra “4169 7414 5481 4201” nömrəli bank kartı məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon aparatı, onun üzərinə quraşdırılmış 1 (bir) ədəd "xxxx" mobil operatoruna məxsus ***-***-**-** nömrəli SİM kart hökm qanuni qüvvəsini aldıqdan sonra onun yaxın qohumlarına qaytarılsın, 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 160 manat, 70 qəpik pul Təqsirləndirilən şəxs tutularaq Respublika büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar