Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1723/2022 30.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X2, Tərcüməçi: X3 iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, milliyəti rus, subay, orta təhsilli, əvvəllər məhkum olunamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, narkotik vasitə və psixotrop maddənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti məlum olmayan «Orxan» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək məlum olmayan vaxtda və yerdə «Orxan» adlı şəxsdən külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 may 2022-ci il tarixdə saat 18:25-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli gödəkcənin sol yan cibindəki «AGRO» markalı siqaret qutusunun içərisindən 02 ədəd sellofana bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 1,853 qram və 0,319 qram olmaqla ümumi təmiz çəkisi 2,172 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 ədəd sellofana bükülmüş təmiz çəkisi 4,764 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, həmin gödəkcənin sağ yan cibindən isə narkotik vasitə və psixotrop maddənin satışında istifadə etmək məqsədilə əldə etdiyi üzərində narkotik vasitə heroin izləri olan işlək vəziyyətdə metal rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ildir ki, narkotik vasitə heroindən istifadə edir. 2022-ci ilin aprel ayının əvvəllərində Nəsimi rayonu «Kubinka» kimi tanınan yerdə olarkən əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq adının Orxan olduğunu bildirmiş və onun narkotik vasitə istifadə edib etmədiyini soruşmuşdur. O da narkotik vasitə istifadə etdiyini dedikdə həmin şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu, ona məxsus narkotik vasitələri satdığı halda narkotik vasitənin bir qismini və pul verəcəyini demişdir. Həmin ərəfələrdə o, heç bir yerdə işləmədiyindən həmin şəxsin təklifi ilə razılaşmışdır. Həmin şəxs hal-hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlamış, narkotik vasitəni hara qoyduğunu bildirmişdir. Daha sonra isə o, həmin şəxsin ona verdiyi narkotik vasitəni bir qismini istifadə etdikdən sonra yerdə qalan qismini sataraq əldə etdiyi pulun böyük hissəsini ona dediyi kart hesabına göndərmişdir. Həmin şəxs narkotik vasitənin çəkisini ölçmək üçün ona 1 ədəd metal rəngli elektron tərəzi də vermişdir. 10 may 2022-ci il tarixdə saat 11 radələrində həmin şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Nəsimi rayonu, Təzə Bazarın arxa hissəsində söküntü aparılan ərazidə işarələnmiş yerdə siqaret qutusunda narkotik maddənin olduğunu, həmin narkotik vasitəni götürərək bir qismini istifadə etməsini, yerdə qalan qismini isə satıb pulu ona göndərməsini bildirmişdir. O, həmin əraziyə getmiş, həmin şəxsin ona dediyi kimi orada olan «AGRO» siqaret qutusunu götürmüş, qutunun içərisinə baxdıqda isə 2 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu aşkar etmişdir. O, həmin siqaret qutusunu əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibinə qoymuş, elektron tərəzi isə gödəkçənin sağ yan cibində olmuşdur. 10 may 2022-ci il tarixdə saat 18:25 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində olan zaman ona 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onlar onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, barəsində əməliyyat məlumatı olduğu üçün onu Nəsimi RPİ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nə getmiş, orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Sonra ona dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Daha sonra isə mütəxəssis dəvət edilmiş, video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xakarterli əşya varsa təqdim etsin. O da polis əməkdaşlarına bildirmişdir ki, üzərində olan elektron tərəzini, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təqdim edə bilər. O, əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd «AGRO» siqaret qutusunun içərisində üç ədəd müxtəlif ölçülərdə şəffaf sellofan bükümlərində olan iki bükümün içərisində tünd qəhvəyi rəngli toz şəkilli, digər bir bükümdə içərisində kristal şəffaf şüşə şəkilli maddələri, həmin gödəkçənin sağ yan cibindən bir ədəd metal rəngli, şüşə qapaqlı, işlək vəziyyətdə olan elektron tərəzini və həmin cibindən bir ədəd işlək vəziyyətdə olan qara üzlüklü arxa qapağı olmayan «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, lakin o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə əynində olan gödəkçənin ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra qara rəngli idman şalvarının sağ və sol yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, daha sonra isə ayağında olan ayaqabını və corabını çıxarıb silkələmiş, lakin heç bir əşya aşkar edilməmişdir. Ona üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş, o, siqaret qutusunun içərisində 3 ədəd şəffaf sellofan bükümlərindəki maddənin iki bükümündə olan içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddələrin el içində “kakos” deyilən narkotik vasitə olan heroin olduğunu, digər bir ədəd bükümdə şəffaf selofanda olan kristallardan ibarət şüşə şəkilli maddənin isə “Patı” deyilən metamfetamin olduğunu bildirmişdir. Ona həmin narkotik vasitələri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, narkotik maddələri 10 may 2022-ci il tarixdə səhər saatlarında üzdən tanıdığı “Orxan” adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayaraq onun sifarişi əsasında Nəsimi rayonu, Təzə Bazarın arxa hissəsində söküntü aparılan ərazidə işarələnmiş yerdən siqaret qutusunda narkotik maddənin qoyduğu yerdən götürərək üzərində saxladığını bildirmişdir. Ondan həmin narkotiki hansı şərtlərlə əldə etməsi barədə sual ediləndə, o, həmin narkotikin bir hissəsini özü istifadə edəcəyini və qalan hissəsini isə sataraq pulunu Orxanın kart hesabına köçürəcəyi şərti ilə razılaşdığını bildirmişdir. Üzərindən aşkar edilən elektron tərəzinin isə Orxan tərəfindən ona əvvəlcədən verildiyini bu işə yeni başladığını, özü tərəzidən narkotikin çəkisini müəyyən etmək məqsədi ilə istifadə etməkdən ötrü üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilən bir ədəd «Samsung» markalı mobil telefonun ona məxsus olduğunu demişdir. Üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə onun və RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 10 may 2022-ci il tarixdə saat 18 radələrində o və Şahid2 birlikdə ünvan 3 ünvanda Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb, ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, narkotik vasitənin daşımasında və satışı ilə məşğul olması ilə bağlı məlumata malik olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyanın olub olmamasını, olduğu təqdirdə isə könüllü surətdə təqdim etməsini bildirdikdə sonuncu üzərində narkotik vasitə və metamfetamin olduğunu demişdir. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nə dəvət etmişlər və onlar birlikdə polis idarəsinə getmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra isə dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Polis idarəsində xidməti otaqlarının birində video müşahidə altında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərində olan hər-hansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmiş və sonuncu əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibində saxladığı 01 ədəd «AGRO» siqaret qutusuna qoyulmuş 02 ədəd sellofan bükümdə narkotik vasitə heroini və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini, gödəkçənin sağ yan cibindən 01 ədəd metal rəngli elektron tərəzini və 01 ədəd «Samsung» markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs 02 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu, üzərində aşkar olunmuş elektron tərəzi vasitəsi ilə narkotik vasitənin və psixotrop maddənin çəkisini çəkdiyini və həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini ona özünü «Orxan» adı ilə təqdim edən şəxsdən aldığını, Orxan adlı şəxslə aralarında olan razılaşmaya əsasən o, narkotik vasitəni heroini bir qismini istifadə etdikdən sonra yerdə qalan qismini satıb Orxan adlı şəxsin kart hesabına göndərməli olduğunu bildirmişdir. Aşkar olunan bükümlər təhqiqatçı tərəfindən narkotik vasitə olmasının müəyyənləşdirilməsindən ötrü zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra həmin zərf Ədliyyə Nazirliyinin MEM-nə göndərilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 məhkəmədə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, 10 may 2022-ci il tarixdə DİN-nin Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindəki «AGRO» siqaret qutusunun içərisindən 02 ədəd sellofana bükülmüş narkotik vasitə heroin və 01 ədəd sellofana bükülmüş psixotrop maddə metamfetamin, həmin gödəkçənin sağ yan cibindən 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan işlək vəziyyətdə metal rəngli elektron tərəzi və «Samsung GT-S5611» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Cinayət işində olan iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin 11 may 2022-ci il tarixli, 6/2699 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,764 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,853 qram, 0,319 qram, ümumi təmiz çəkisi 2,172 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. Cinayət işində olan 18 iyul 2022-ci il tarixli, 3892 nömrəli ambulator məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, psixi vəziyyəti-huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb, suallara düzgün cavab verir, produktiv psixopatoloji simptomatika aşkar olunmur, emasional iradi sferası dəyişkəndir, əhval-ruhiyyəsi aşağıdır, öz psixi vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir. Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər, həmçinin sms mətnlərin qeydə alınmış bir ədəd diskə tərəfimdən baxış keçirilmişdir. həmin diskdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, həmçinin sms mətnlərindən məlum olur ki, A.Yemiliyanov narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 4(006)-275/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 may 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, 02 ədəd bükümdə təmiz çəkisi 2,172 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 2,072 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 4,764 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 4,714 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd metal rəngli elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Nəsimi RPİ-nin saxlancına verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini əks etdirən 01 ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, istintaq zamanı maddi sübut olaraq Nəsimi RPİ-nin maddi sübutların saxlanılması anbarına verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, 02 ədəd bükümdə tədqiqatdan sonra ümumi xalis çəkisi 2,072 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə tədqiqatdan sonra ümumi xalis çəkisi 4,714 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd metal rəngli elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi görüntüsü olan 01 ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 10 may 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X1 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan –10 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq istintaq zamanı maddi sübut olaraq Nəsimi RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, 02 ədəd bükümdə tədqiqatdan sonra ümumi xalis çəkisi 2,072 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə tədqiqatdan sonra ümumi xalis çəkisi 4,714 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd metal rəngli elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi görüntüsü olan 01 ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X1 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1723/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1723/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver