Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1723/2024 02.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:45 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1987-ci il tarixdə Masallı rayonunun Qodman kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2014-cü il hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2, 221.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərarı ilə cəzası endirilərək üzərində qəti olaraq 12 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş və həmin cəzasını çəkməyi 11 saylı cəzaçəkmə müəssisəsində çəkməkdə davam etdirmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində hazırkı cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının 15 may 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə X1 qəsdən az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə saat 18:30 radələrində, məhkum olaraq xx.xx.2014-cü il tarixdən cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin 3 saylı yataqxanasında yerləşən məhkumlar üçün nəzərdə tutulmuş əşya saxlama otağında məhkum X5 ona məxsus şəxsi kitabçasına icazəsiz baxmasının səbəbini aydınlaşdırmaq üçün yanına çağırmış, öz təşəbbüsü ilə mübahisə yaratmış və heç bir əsaslı səbəb olmadan, şəxsi dəftərçəyə baxmanın məhkumlar arasında “pis hərəkət” olaraq qəbul olunması kimi cüzi səbəbi bəhanə etməklə xuliqanlıq niyyəti ilə onun sağlamlığına qəsdən zərər vurmaq məqsədilə əvvəlcədən sağ əlinin içərisində gizlətdiyi, şəxsi istifadəsində olan üzqırxanın ülgücü ilə Şəhriyar Baxşəliyevin üzünə - izi qalması üçün sağ yanağına kəsik atmaq istəmiş, Şəhriyar Baxşəliyevin üzünü həmin kəsikdən yayındırmaq məqsədilə başını cəld yana çevirməsi nəticəsində ülgüc onun boyun nahiyəsinə dəyərək kəsmiş, nəticədə boyun nahiyəsinin hərəkət məhdudluğu, sifət və boyun nahiyələrində hissiyyatın qismən pozulması ilə müşayiət olunan boyunun yumşaq toxumalarının və fassiyasının iki ədəd dərin kəsilmiş yaraları xəsarəti yetirərək xuliqanlıq niyyəti ilə sonuncunun sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə deyil, yalnız zərərçəkmiş şəxsin sağlamlığa az ağır zərər vurmağa görə təqsirli bilərək göstərdi ki, Şəhriyar Baxşəliyev onunla birlikdə 12 saylı cəzaçəkmə müəssisəsində məlum hadisəyə qədər məhkumluq həyatı yaşamışdır. 2014-ci ildən 2022-ci ilə qədər Şəhriyar Baxşəliyevlə 12 saylı cəzaçəkmə müəssisəsində eyni korpusda, yəni 3 saylı yataqxanada yaşamışdır. Münasibətləri həmişə yaxşı olmuş və aralarında heç bir düşmənçilik, ədavət olmamışdır. 23 fevral 2023-cü il tarixdə saat 17 radələrində 3 saylı yataqxanaya daxil olan zaman Şəhriyarın onun istifadəsində olan şəxsi dolabının yanında onun dəftərçəsinə baxdığını görmüşdür. Şəhriyar Baxşəliyev onu görməsə də qapının açıldığını eşidən kimi dərhal dolabdan uzaqlaşmışdır. O, dəftərçəsinə baxdığını görməsi barədə heç nə bildirmədən Şəhriyarı çağırıb məhkumlar üçün nəzərdə tutulmuş əşya saxlama otağına – “kaptorka”ya salmış və ondan nəyə görə ona məxsus dəftərçəyə baxdığını soruşmuşdur. Amma Şəhriyar onun dəftərçəsinə baxdığını boynuna almamışdır. O, Şəhriyarın onun dəftərçəsinə baxdığını öz gözləri ilə gördüyü üçün ona inanmamış və bunu Şəhriyarın özünə də bildirərək onu etdiyi bu hərəkətə görə cəzlandırmaq istəmişdir. Cəza da bundan ibarət olmalı idi ki, sadəcə ülgücü onun üzünə atsın və ülgücün kəsintisindən üzündə ləkə qalsın və bilsin ki, belə hərəkət etmək olmaz. Ülgücü Şəhriyarın üzünə atdığı anda Şəhriyar bundan yayınmaq üçün başını yana çəkdiyi üçün ülgüc onun boğazına dəymişdir. İkinci dəfə Şəhriyara necə xəsarət yetirdiyini özü də bilmir. Onun yadında ancaq Şəhriyarın üzünə atmaq istədiyi bir kəsik cəhdi qalmışdır. Həmin vaxt həm də hirsli olmuşdur. Onun Şəhriyarı heç bir halda öldürmək fikri olmamışdır, öldürmək niyyəti olsaydı və bunu istəsəydi onu heç buraxmazdı və öldürərdi. O, sadəcə Şəhriyarın üzünə qalıcı çapıq izi salmaqla onu cəzalandırmaq istəmişdir. Hadisə vaxtı onların yanında heç kim olmamış, onları heç kim aralamamışdır. Həqiqətən Şəhriyarı öldürmək niyyəti olsaydı bunu edə bilərdi. Hadisədən sonra Şəhriyarı tibb məntəqəsinə aparmışlar və orada onun yarasına tikiş qoyulmuşdur. Bundan sonra onun izahatını almış və cərimə təcridxanasına salmışlar, barəsində də sonralar Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət işi başlamışlar. Sonda isə onun əməlini Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsinə tövsif etmişlər. Ona verilən həmin ittihamla razılaşmadığı üçün sənədləri də imzalamamışdır. İşdə olan ekspert rəyinə görə də o, zərərçəkmiş şəxsə az ağır xəsarət yetirmişdir. Hadisədən bir gün sonra Şəhriyar ayağa qalxıb gəzmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, ülgüc özünün şəxsi istifadəsində olan birdəfəlik üzqırxanın ülgücü olmuşdur. O, heç vaxt üstündə ülgüc gəzdirməmişdir. Şəhriyarın onun dəftərçəsinə baxdığını gördükdən 5 dəqiqə sonra gedib üzqırxanı sındıraraq içərisində olan 3 ədəd ülgücdən birini götürmüşdür ki, Şəhriyarı cəzalandıraraq üzünə izi qoysun. Şəhriyar tumboçkanın yanında dayanmış, qapının səsi gələndə ona məxsus olan dəftərçəni tumboçkanın içərisinə atmışdır. O, həmişə dəftərçəsini tumboçkanın arxa tərəfində elə bir yerə qoyur ki, onu oradan tapıb götürmək müəyyən qədər vaxt aparır. Amma həmin vaxt dəftərçənin tumboçkanın qarşı tərəfində olduğunu görmüşdür. Adi həyatdan fərqli olaraq cəzaçəkmə müəssisəsində başqa qaydalar mövcuddur və həmin qaydalara görə başqasının əşyasına toxunmaq olmaz. Məhkumlar arasında dəftərçəyə baxmaq ona görə pis qəbul olunur ki, orada şəxsi nömrələr, ailə üzvlərinə aid nömrələr, şəkillər olur. Cəza çəkdiyi müddətdə elə halların şahidi olmuşdur ki, bir məhkum başqa bir məhkumun şəxsi qeyd dəftərçəsində olan nömrələri götürüb onun anasına, bacısına zəng edərək narahat etmişdir. Hətta bu qaydada əldə etdiyi həmin nömrələrə zəng edib pul istəyən və kişiyə yaraşmayan digər hərəkətlər edən məhkumlar da olmuşdur. Ona görə cəzaçəkmə müəssisəsində olan digər məhkumlar da bilirlər ki, Şəhriyar onun ailə üzvlərinin telefon nömrələri olan dəftərçəsini götürüb baxmaqla böyük bir səhv hərəkət etmişdir. O da bu hərəkətinə görə Şəhriyarın sağ yanağına iz qoymaqla onu cəzalandırmaq istəmişdir. Üzdə nişan – iz qoymaq o deməkdir ki, hər kəs həmin nişanı – izi görən kimi başa düşür ki, cəzaçəkmə müəssisəsində həmin şəxsin böyük bir səhvi olub ki, ona qarşı bu hərəkəti ediblər, yəni sifətində iz qoyulub. O, heç vaxt Şəhriyarın ölümünü arzu etməmişdr. Ən azı Şəhriyar da kiminsə övladıdır, onun da anası, bacısı var, onu niyə oldürmək istəməlidir ki?! Onlar hadisə baş verən otaqda cəmi təxminən üç dəqiqə qamışlar. Şəhriyar o anda çəkildiyi üçün ülgüc onun boğazına dəymiş, o da bunu görüb dərhal Şəhriyarı buraxmışdır. O, fiziki cəhətdən Şəhriyardan üstündür, güclüdür. Şəhriyarı öldürmək istəsəydi hərəkətlərini davam etdirərdi. Onları heç kim aralamamışdır. İttiham aktında yazılıb ki, guya onları Taleh adlı məhkum aralamışdır. Taleh cəzaçəkmə müəssisəsində sanitardır, dustaqçılıq qaydalarına görə Taleh statusuna görə elə bir insandır ki, onun barmağı belə ona dəyə bilməz, onu kimdənsə ayıra bilməz. Həmin yerdə kamera var, videogörüntülərə baxılsa dəqiq müəyyən olunar ki, onları heç kim aralamayıb. Onu hadisədən iki ay sonra dindirmişlər. Şəhriyarla əvvəllər heç bir düşmənçiliyi olmamış, dustaq yoldaşı kimi nəyəsə ehtiyacı olanda həmişə ona kömək etmiş, hörmətlə yanaşmışdır. Şəhriyarın yazıboxumağı bacarıb-bacarmaması barədə onun məlumatı olmamışdır. O, heç vaxt kiminsə anasına-bacısına ilişməmiş, kiminsə adına toxunmamışdır. Ona görə də imkan verməz ki, kimsə onun adına toxunsun. O, Şəhriyarın arxasına keçib xəsarət yetirməmiş, ülgücü üzbəüz olarkən ona atmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X8 göstərdi ki, Təqsirləndirilən şəxs onunla birlikdə 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. 2015-ci ildən 2022-ci ilə qədər Təqsirləndirilən şəxs ilə eyni korpusda 3 saylı yataqxanada olmuşlar. Bütün günləri bir yerdə keçmiş, münasibətləri yaxşı olmuş və aralarında heç bir düşmənçilik, ədavət olmamışdır. O, 23 fevral 2023-cü il tarixdə saat 18 radələrində cəzaçəkmə müəssisəsinin giriş hissəsində yerləşən nəzarət-buraxılış məntəqəsindən 3 saylı yataqxanaya getmişdir. Bu zaman Təqsirləndirilən şəxs onu məhkumlar üçün nəzərdə tutulmuş əşyaların saxlanma otağına çağırmış və ondan niyə onun dəftərçəsinə baxdığını soruşmuşdur. O, Azərə oxuyub-yazmağı bacarmadığını, buna görə də dediklərinin əsassız olduğunu bildirmişdir. Bu zaman Azər onun ünvanına nalayiq sözlər işlətmişdir. O, Azərə cavab vermədən işinin olduğunu deyərək otağı tərk etmək istədikdə Azər qəflətən qolu ilə onun boynunu tutub sıxmış və əlindəki ülgüclə üzünə kəsik atmaq istəmişdir. Amma o həmin anda başını yana çevirdiyi üçün ülgüc yanağını deyil, boğazını kəsmişdir. O, qan içində hadisə yerindən çıxaraq qaçmış və pilləkənlərdən düşəndə cəzaçəkmə müəssisəsinin Əziz adlı əməkdaşı onu görmüş və Əziz dərhal iki əməkdaş çağıraraq onu tibb otağına göndərmişdir. Zərərçəkmiş şəxs X8 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, Təqsirləndirilən şəxs dəftərçəsinə baxmamışdır. Hadisə günü nöbətçi hissədə olanda ona “kaptorqa”ya çağırıldığı deyilmiş və o da həmin yerə getmişdir. “Kaptorqa”da Azər ondan nəyə görə onun dəftərçəsinə baxdığını soruşmuş, o da cavabında yazıboxumağı bacarmadığını, yəqin onu kiminləsə səhv saldığını demişdir. Azər ülgücü onun üzünə atmaq istəmişdir, amma o, başını yana çevirdiyi üçün ülgüc onun boğazına dəymişdir. Onlar əvvəlcə üzbəüz söhbət etmişlər, amma sonra Azər onun arxasına keçib arxadan başını tutaraq sifətinə ülgüc atmaq istəmiş, o anda ülgüc boğazına dəymişdir. Onları “kaptorqa”da işləyən məhkum Taleh ayırmış, sonuncu onu qapıdan itələyərək çıxartmışdır. Hadisə vaxtı o, özündə olmamış, heç ülgücü də görməmiş, ilk dəfə ülgücü ekspert ona göstərəndə görmüşdür. Azər onu öldürmək istəməmişdir, onun üzünə kəsik atmaq istəmişdir. Onun bildiyinə görə cəzaçəkmə müəssisələrində heç vaxt elə bir hal olmayıb ki, dəftərçəyə baxmağa görə kimisə öldürsünlər. Hazırda Azəri bağışlamışdır, barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkum yoldaşı kimi münasibətləri yaxşıdır, hadisədən sonra da cəzaçəkmə müəssisəsində zarafatları olmuş, birlikdə deyibgülmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Şəhriyar Baxşəliyev və Təqsirləndirilən şəxs onunla birlikdə 12 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşamışlar. Hər iki şəxslə münasibəti yaxşı olmuşdur, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. O, cəzaçəkmə müəssisəsinin 3 saylı yataqxanasında yerləşən məhkumlar üçün nəzərdə tutulmuş əşya saxlama otağında – “kaptorqa”da nəzarətçi işləyir. Hadisə günü Azər gəlib ondan Şəhriyarı çağırmasını istəmiş, o da Şəhriyarı görmədiyini bildirmişdir. Az sonra Şəhriyar özü “kaptorqa”ya gəlmişdir. Həmin vaxt Azər ona Şəhriyarla 5 dəqiqəlik söhbət etmək istədiyini deyərək əşyaları saxlama otağında – “kaptorqa”da onlara şərait yaratmasını istəmişdir. Saxlama otağının qapısı bir qayda olaraq səhər açılır, axşam bağlanır, bu müddətdə istənilən məhkum həmin otağa gedə bilər. Həmin vaxt axşam radələri olduğu üçün o, qapını bağlayıb getmək istəmiş, amma Azərin xahişinə əsasən onun Şəhriyarla söhbət etməsinə şərait yaradaraq otaqdan çıxmış və dəhlizdə dayanıb gözləmişdir. “Kaptorqa”nın qapısı açıq vəziyyətdə olmuş və o, Azərgilin sakit tərzdə söhbət etmələrinin kənardan şahidi olmuşdur. Daha sonra o, Azərə termos dəmləməyə getmək istədiyini demiş, Azər də ona “get” deyəndən sonra çıxıb getmişdir. Geri qayıdanda dəhlizdə qan izlərinin olduğunu görüb nə baş verdiyi ilə maraqlandıqda ona demişlər ki, onun işlədiyi “kaptorqa”da Azər Şəhriyara xəsarət yetirmişdir. Şahid1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, özü Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə məhkum olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Belə ki, həmin ifadəni döyə-döyə ona imzalatmışlar. O, ümumiyyətlə hadisə yerində olmamış, hadisənin necə baş verdiyini, Azərin Şəhriyara neçə dəfə, nə ilə xəsarət yetirdiyini, sonuncunun qanı axa-axa qaçıb getdiyini görməmişdir. Azərlə Şəhriyarın nə barədə söhbət etdiklərini, mübahisənin nəyə görə yarandığını bilməmişdir. Onun ibtidai istintaqdakı ifadəsində yazılmışdır ki, guya o, Azərlə Şəhriyarın yanında olmuş, onları aralamışdır. Bu tamamilə yalandır. “Kaptorqa”da olan kamera görüntülərinə baxılsa görünər ki, o hadisə yerində olmamışdır, bu şəxsləri aralamamışdır. O, hadisənin səbəbini bilmir, amma cəzaçəkmə müəssisəsində hər kəs danışır ki, Şəhriyar Azərin dəftərçəsindən nəsə bir şəkil götürüb. Hadisə vaxtı onların yanında heç kim olmayıb, heç kim hadisənin necə baş verdiyini görməyib. O, 6 ildir ki, Azərlə bir yerdə məhkumluq həyatı yaşayır. Azəri sakit adam kimi tanıyır. Amma zərəçəkmiş Şəhriyar çox pis adamdır. Şəhriyarın haqqında danışanda onun əl-ayağı əsir. Çünki, Şəhriyar iki ay onu döydürmüşdür ki, Azərin üzünə dursun. Dubinkaların dəydiyi yerlərin ağrısından uzun müddət yata bilməmişdir. Buna görə Şəhriyardan şikayətçidir. O, Azərdan çəkinmir, qorxmur, sadəcə hadisəni olduğu kimi danışır. İndi hakimlər qarşısında sərbəst olduğu üçün həqiqəti danışa bilir. Amma bu ifadəsinə görə cəzaçəkmə müəssisəsində incidiləcəyini bilir, ona görə də məhkəmədən xahiş edir ki, həmin cəzaçəkmə müəssisəsinə qayıtmamasına köməklik edilsin. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, hal-hazırda 12 saylı cəzaçəkmə müəssisəsində əməliyyat şöbəsinin rəisi vəzifəsində işləyir. Hadisə baş verən vaxt isə əməliyyat şöbəsinin böyük inspektoru vəzifəsində işləmişdir. 23 fevral 2023-cü il tarixdə müəssisənin ərazisinə baxış keçirərkən məhkum Şəhriyar Baxşəliyevin əli ilə boğazını sol tərəfdən tutaraq pilləkəndən düşdüyünü görmüşdür. Şəhriyara yaxınlaşıb nə problem olduğunu soruşmuş, Şəhriyar əlini çəkəndə onun boğazında kəsilmiş yara olduğunu görmüşdür. Şəhriyarı dərhal tibb hissəsinə aparıb ilkin tibbi yardım göstərmişlər. O, Şəhriyardan nə baş verdiyini soruşduqda sonuncu məhkum Təqsirləndirilən şəxslə mübahisəsinin yarandığını və Azərin şəxsi münasibətlər zəminində ona xəsarət yetirdiyini bildirmişdir. O, dərhal yataqxanaya getmiş və həmin vaxt siqaret çəkən Təqsirləndirilən şəxs nə baş verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs məhkum Şəhriyar Baxşaliyevin icazəsiz onun dolabçasını açıb oradakı kitabçada olan şəxsi nömrələrinə baxdığını, buna görə də ona xəsarət yetirdiyini bildirmişdir. Hadisə yerində ülgüc aşkar olunaraq götürülmüşdür. Şahid3 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, cəzaçəkmə müəssisələrində məhkumlar dəstələrə bölünür və hər kəs təhkim olunduğu dəstədə cəza çəkir. Təqsirləndirilən şəxs və Şəhriyar Baxşəliyev uzun müddət eyni dəstədə cəza çəkmişlər və bu müddət ərzində onların arasında heç bir ziddiyyət və ədavət olmamışdır. 13 avqust 2014-cü il tarixdən Təqsirləndirilən şəxs barəsində istiqamətlənmə tərtib olunmuş, o, özünə və digərlərinə xəsarət yetirməyə, müəssisənin davranış qaydalarını pozmağa yönəlik hərəkətlər etməyə meylli məhkum kimi nəzarətə götürülmüşdür. Zərərçəkmiş şəxs Şəhriyar Baxşəliyev isə mülayim, cəzasını qaydalara uyğun olaraq çəkən, bu və ya digər məhkumla ədavəti olmayan məhkum kimi xarakterizə olunur. Şəhriyar Bəxşəliyev əli ilə boğazını tutaraq pilləkənlə tək gəlmiş, yanında ona kömək edən heç kim olmamışdır. Həmin vaxt Şəhriyarı ilk dəfə görəndə o, məhkum Təqsirləndirilən şəxslə mübahisə etdiyini və Azərin ona xəsarət yetirdiyini bildirmişdir. Həmin vəziyyətdə hadisəni daha dəqiq araşdırmağa imkan olmadığından Azərin ona hansı səbəbdən xəsarət yetirməsi barədə heç nə deməmişdir. O, ilkin tibbi yardım göstərilməsi üçün Şəhriyarı tibb hissəsinə aparmış, bundan sonra onunla fərdi söhbət aparılaraq hadisənin səbəbi araşdırılmışdır. Araşdırma zamanı müəyyən etmişlər ki, Şəhriyar Azərin dolabçasındakı şəxsi nömrələr olan qeydiyyat kitabçasına baxmışdır, buna görə də onların arasında mübahisə yaranmış və Azər Şəhriyara xəsarət yetirmişdir. O, Təqsirləndirilən şəxs məhkum Şəhriyar Baxşəliyevi öldürmək niyyətində olduğuna inanmır. Təqsirləndirilən şəxs Şəhriyara ancaq xəsarət yetirmək istəmişdir. Məhkumlar arasında kiminsə telefon nömrələri olan qeydiyyat kitabçasına baxmaq xoşagəlməz, arzuolunmaz bir haldır. Buna görə də, onun fikrincə məhkum Təqsirləndirilən şəxs məhz bu səbəbdən həmin əməli törətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, hadisə baş verən zaman cəzaçəkmə müəssisəsində əməliyyat üzrə müavin vəzifəsində işləmişdir, halhazırda isə həmin müəssisənin rəisidir. Məhkum Təqsirləndirilən şəxs 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdən tanıyır. O, hadisə günü xidmətdə olarkən tabeçiliyində olan əməkdaşlar ona məruzə etmişlər ki, müəssisədə hadisə baş vermiş, yəni məhkum Azər digər məhkum Şəhriyara xəsarət yetirmişdir. Məhkum Şəhriyarı tibb sanitar hissəsinə yerləşdirmişlər, məhkum Təqsirləndirilən şəxs isə növbətçi hissəyə təcrid etmişlər. O, Şəhriyarın vəziyyəti ilə maraqlanmaq üçün ilk öncə tibb sanitariya şöbəsinə yaxınlaşmış, onun xəsarətinə baxmış, onu dindirmiş və məhkumun özündə olduğunu, hər hansı problem olmadığını görmüşdür. Bundan sonra məhkum Təqsirləndirilən şəxs öz xidməti otağına gətizdirmiş və Azəri xidməti otağında qəbul edərək hadisənin təfərrüatını danışmasını istəmiş, məhkum Şəhriyar Baxşəliyevə xəsarət yetirməsinin səbəbini soruşmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, Şəhriyar onun dolabçasında olan, içərisində ailəsinin telefon nömrələri olan kitabçaya baxdığı üçün əsəblərini cilovlaya bilməyərək bu hadisəni törətmişdir. Şahid2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, zərərçəkmiş şəxs Şəhriyar Baxşəliyevdən də məhkum Təqsirləndirilən şəxs hansı səbəbdən ona xəsarət yetirdiyini soruşmuşdur. Şəhriyar cavabında ona bildirmişdir ki, Azər bəhanə gətirir ki, guya o, Azərin kitabçasında ailəsinin telefon nömrəsinə baxmışdır, amma o Azərə belə bir hal olmadığını deməsinə baxmayaraq söhbət etdikləri anda Azər əlindəki alətlə ona xəsarət yetirmiş, həmin alətin nə olduğunu görməmişdir. Şəhriyar Azərin ona neçə dəfə xəsarət yetirdiyini bildirməmişdir. Şəhriyarın yazıb-oxumaq qabilyyəti yoxdur, ona gərək hərfləri bir-bir izah edəsən ki, nəsə yazsın. Ola bilər ki, məhkum Şəhriyarın yazıb-oxumaq qabiliyyətinin olmamasından məhkum Təqsirləndirilən şəxs məlumatı olmamışdır, amma hər bir halda o elə fikirləşmişdir ki, Şəhriyar kitabçanı götürüb baxıbsa oradakı nömrəni götürə bilərdi, yaza bilərdi. Cəza çəkdiyi müddətdə məhkum Təqsirləndirilən şəxs müsbət xarakterizə edə bilər, amma bu hadisə ilə bağlı onun törətdiyi əməl yaxşı bir əməl deyil. Təqsirləndirilən şəxs bu əmələ görə cəzalandırılmalıdır ki, digər cəza çəkən məhkumlara da təsiri olsun. Təqsirləndirilən şəxs hadisə yerindən qaçmayıb, Şəhriyar Baxşəliyev qaçıb. Bəlkə açıq, adi cəmiyyətdə qəbul olunmasa da cəzaçəkmə müəssisəsində belə bir qayda vardır ki, hansısa məhkumun əşyasına digərinin toxunması, əsasən də ailə ilə bağlı məsələlərə kiminsə gizli formada baxması və ondan istifadə etməsi məhkumlar arasında xoşagəlməz pis bir hal kimi qəbul olunur. Yəqin ki Təqsirləndirilən şəxs bu səbəbdən həmin əməli törətmişdir. Amma əlbəttə ki, Təqsirləndirilən şəxs etdiyi hərəkət düzgün hərəkət deyildir. Bu hadisə ilə əlaqədar ilkin təhqiqatı aparan şəxs kimi bildirir ki, Təqsirləndirilən şəxs Şəhriyarı cəzalandırmaq üçün onun üzünə iz qoymaq istəməsi, amma sonuncunun başını çevirdiyinə görə ülgücün Şəhriyarın boğazına dəyməsinə dair ifadəsi həqiqətdir. Çünki, onlar uzun müddətdir bir cəzaçəkmə müəssisəsində cəza çəkirlər, onların arasında hər hansı bir ədavət yaşansaydı mütləq qaydada cəzaçəkmə müəssisəsinin əməkdaşları olaraq onların bundan məlumatı olardı. Bu, anidən yaranan bir məsələ olmuşdur. Onlar da ibtidai araşdırmanı aparanda dəfələrlə xəsarət yetirənə də, xəsarət alana da Təqsirləndirilən şəxs əsl niyyətinin nə olması barədə suallar vermişlər. Şəhriyar Baxşəliyev iddia edir ki, o, dolabçanı açıb kitabçaya baxsa da, pis niyyətlə baxmamışdır, çünkü yazıb-oxumağı bacarmır. Onlar cəzaçəkmə müəssisələrində oxşar situasiyalarla tez-tez rastlaşırlar, amma kitabçaya baxmağa görə heç vaxt öldürmək niyyəti olmur. Bu səbəbdən onun qənaətinə görə Təqsirləndirilən şəxs də məhkum Şəhriyar Baxşəliyevi öldürmək niyyəti olmamışdır, Təqsirləndirilən şəxs dediyi həqiqət ola bilər ki, o, Şəhriyarın üzünə iz atmaq niyyətində olmuşdur, amma istədiyi yerə ata bilməmiş, ülgüc boğazına dəymişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X8 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 120-122). Zərərçəkmiş şəxs X2 ifadəsinin yerində yoxlanılmasına dair protokoldan görünür ki, zərərçəkmiş şəxs hadisənin baş verdiyi 12 saylı cəzaçəkmə müəssisəsinin 3 saylı yataqxanasında yerləşən məhkumlar üçün nəzərdə tutulmuş əşyaların saxlanma otağında Təqsirləndirilən şəxslə mübahisə etməsi, sonuncunun ona xəsarət yetirməsi və digər hallarla bağlı ifadə verərək hadisəni təsvir etmiş və əyani olaraq yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 148-151). Hadisə yerinə baxış keçirilməsi haqqında 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin 3 saylı yataqxanasında yerləşən məhkumlar üçün nəzərdə tutulmuş əşyaların saxlanma otağında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 57-60). Götürmə haqqında 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, X8 tibbi məntəqəsində olarkən çəkilmiş 4 ədəd fotoşəkili götürülmüşdür (cild 1, iş vərəqə 143-147). Məhkəmə-tibbi ekspertizasının 19 may 2023-cü il tarixli, 253 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - boyun nahiyəsinin hərəkət məhdudluğu, sifət və boyun nahiyələrində hissiyyatın qismən pozulması ilə müşayiət olunan boyunun yumşaq toxumalarının və fassiyasının 2 (iki) ədəd dərin kəsilmiş yaraları iti kənara və iti uca malik əşya (alət) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Şəhriyar Baxşəliyevin almış olduğu xəsarətin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər əlçatan nahiyədə olsa belə şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Şəhriyar Baxşəliyevin almış olduğu xəsarətlərin xarakterini, lokalizasiyalarını, eləcə də məhkumun tibbi kitabçasında qeyd olunanları nəzərə alıb demək olar ki, həmin xəsarətlərin ekspertiza şöbəsinə maddi sübut kimi təqdim olunan ülgücün təsirindən törənmələri inandırıcı deyildir (cild 1, iş vərəqə 61-64). İş üzrə təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 420/MEŞ saylı rəyindən görünür ki, X3 aşkar edilmiş boyun hərəkətlərinin nisbi məhdudluğu ilə müşayiət olunan boyunun dəri, dərialtı yumşaq toxumalarının və fassiyanın kəsilmiş yaraları iti əşyanın kəsici təsirindən əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə yarana bilərdilər, dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin xarakterini və maddi sübut - ülgücün konstruktiv xüsusatlarını nəzərə alaraq demək olar ki, həmin yaraların ekspertizaya təqdim edilmiş ülgücün kəsici təsirindən yaranmaları inkar edilmir (cild 2, iş vərəqə 18-24). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 2965 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. O, cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, inadkarlıq, konfliktə meyillilik, söz götürməmək, hirslilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqliintellektual imkanlarında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsini öncədən planlamış, həmin hadisə zamanı onun emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik əmələ gəlməmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqə 14-17). Maddi sübutların bioloji tədqiqinə dair 24 avqust 2023-cü il tarixli 579/2023-MTBŞ saylı ekspertiza rəyindən görünür ki, X2 təqdim olunan portalından çıxarışların kserosurətlərinə əsasən qan qrupu - A (İİ)-dir. Ekspertizaya təqdim olunan 01 ədəd ülgüc üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq oldunduqda yalnız “A” antigeni alınır. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən X6 məxsus ola bilər (cild 1, iş vərəqə 182-186). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X8 cəza çəkdiyi müddət ərzində özünü müsbət xarakterli məhkum kimi göstərmiş, daxili intizam qaydalarına riayət etmiş, rejim pozuntusuna yol verməmişdir. Əməyə və təhsilə münasibəti müsbətdir. Müsəssisədə keçirilən mədəni kütləvi tədbirlərdə fəal iştirak edir (cild 1, iş vərəqə 19-20). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 25 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs əməyə münasibəti mənfidir, müxtəlif bəhanələrlə abadlıq işlərində iştirak etməkdən boyun qaçırır. Dəstədə keçirilən mədəni kütləvi tədbirlərdən yayınmağa çalışır. Cəza çəkdiyi dövr ərzində mütəmadi olaraq müəssisənin daxili intizam qaydalarını pozduğuna görə barəsində tənbeh tədbirləri tətbiq edilmişdir (cild 1, iş vərəqə 21-22). Masallı Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1987-ci il tarixdə Masallı rayonunun Qodman kəndində anadan olması faktı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs doğum akt qeydində doğulduğu yer Masallı rayonu, Qodman kəndi, doğum tarixi xx xxxxxxx 1987-ci il, adı Azər, soyadı Şalıyev, ata qrafasında ata X7, ana qrafasında ana adı X9 qeyd edilmişdir (cild 2, iş vərəqə 45-47). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli 1(089)- 263/2015 saylı hökmündən görünür ki, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 1, iş vərəqə 4-7). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-ci, 221.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinmiş və ona qəti olaraq 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərarı ilə cəzası endirilərək üzərində 12 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 1, iş vərəqə 9-15). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə təyin olunmuş cəzasını çəkib qurtarmadan yenidən az ağır cinayət törətmişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, təqsirləndirilən şəxsə verilən ittihamla əlaqədar, məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, şərh edilən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məhkəmədə araşdırılmış sübutların məcmusu ilə tam sübuta yetirilir. Lakin onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda, ibtidai istintaq orqanı tərəfindən ilkin mərhələdə məhz bu maddə ilə araşdırma aparılsa da, sonradan hər hansı yeni sübut əldə edilməməsinə baxmayaraq, iş üzrə əvvəlki mövcud sübutların məcmusuna düzgün istinad edilmədən, yanlışlığa yol verilərək əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsinə tövsif etmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən ilkin mərhələdə Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilmiş Təqsirləndirilən şəxs yekunda yeni ittiham irəli sürülərək israr edilmişdir ki, “o, 23 fevral 2023-cü il tarixdə, saat 18:30 radələrində, xx.xx.2014-cü il tarixdən cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin 3 saylı yataqxanasında yerləşən məhkumlar üçün nəzərdə tutulmuş əşya saxlama otağında məhkum X5 bir müddət əvvəl ona məxsus şəxsi kitabçasına icazəsiz baxmasının səbəbini aydınlaşdırmaq üçün yanına çağırmış, sonuncunun oxuyub-yazmağı bacarmadığını bildirməsinə məhəl qoymayıb təhqirlə müşahidə olunan mübahisə yaranmasına təşəbbüs göstərərək heç bir əsaslı səbəb olmadan, şəxsi dəftərçəyə baxmanın məhkumlar arasında “pis hərəkət” qəbul olunması kimi cüzi səbəbi bəhanə etməklə, özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, ətrafdakılara etinasızlıq göstərən hərəkətlər edərək xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək məqsədilə əvvəlcədən sağ əlinin içərisində gizlətdiyi, şəxsi istifadəsində olan üzqırxanın ülgücü ilə Şəhriyar Baxşəliyevin boyun nahiyəsinə sağ əli ilə 2 (iki) dəfə zərbə endirərək boyun nahiyəsinin hərəkət məhdudluğu, sifət və boyun nahiyələrində hissiyyatın qismən pozulması ilə müşayiət olunan boyunun yumşaq toxumalarının və fassiyasının 2 (iki) ədəd dərin kəsilmiş yaraları xəsarəti yetirərək sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin digər məhkum Şahid1 müdaxilə etməsi ilə X2 zərbələrdən yayınaraq 12 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarını kömək üçün çağırmaq məqsədi ilə hadisə yerindən uzaqlaşması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməmiş, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmişdir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında qərarında izah olunmuşdur ki, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi həm də “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Qərarın 6-cı bəndində deyilir: “Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Məhkəmə ilk növbədə qeyd edir ki, ibtidai istintaq orqanı xuliqanlıq niyyəti ilə xuliqanlıq cinayətini fərqləndirə bilməyərək ciddi yanlışlığa yol vermiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə ittiham irəli sürməsə də, onun əməlini həmin maddənin dispozitiv əlamətləri olan “özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq”, “cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirən, ictimai qaydaları pozan…hərəkətlər edərək” kimi ifadələrlə əsaslandırmağa çalışmış, xuliqanlıq cinayəti törədilmədiyi halda irəli sürdüyü ittihamın mahiyyətinə uyğun olmayan başqa cinayətin tərkib əlamətləri sadalamışdır. Təbii ki, həmin yanlış mövqeyin nəticəsi olaraq Azər Şalıyevin “cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirən, ictimai qaydaları pozan…” hərəkətlərinin nədən ibarət olduğunun açıqlanması da mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, baş vermiş hadisənin həm ittiham, həm də müdafiə tərəfinin mübahisələndirmədiyi mənzərəsi ondan ibarətdir ki, məhkum Şəhriyar Baxşəliyev digər məhkum Təqsirləndirilən şəxs şəxsi əşyalarına - şəxsi kitabçasına icazəsiz baxmışdır. Cəza çəkən məhkumlar arasında formalaşmış düşüncəyə görə belə əməlin “pis hərəkət” olaraq qəbul olunması səbəbindən münasibətləri aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs Şəhriyar Baxşəliyevi cəzaçəkmə müəssisəsinin 3 saylı yataqxanasında yerləşən məhkumlar üçün nəzərdə tutulmuş əşya saxlama otağına dəvət etmiş, Şəhriyar Baxşəliyev hərəkətini danaraq bunu həm də yazıb-oxumağı bacarmadığı ilə əsaslandırmağa çalışmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qabaqcadan birdəfəlik üzqırxanın ağızlığından çıxardıb özü ilə gətirdiyi və əlinin içərisində saxladığı ülgüclə, gələcəkdə başqa məhkumların da Şəhriyar Baxşəliyevi “pis hərəkətinə görə cəzalandırılmış” birisi kimi görüb bilmələri üçün sonuncunun üzünə - izi qalması üçün sağ yanağına kəsik atmaq istəmiş, həmin anda müqavimət göstərən Şəhriyar Baxşəliyev yanağını belə kəsikdən yayındırmaq məqsədilə başını cəld yana çevirmiş, bu zaman və sonrakı hərəkətlərdə ülgüc onun boyun nahiyəsinə iki yerdən dəyməklə kəsmiş, bununla da Şəhriyar Baxşəliyevin sağlamlığına az ağır zərər vurulmuşdur. Tədqiq edilmiş sübutların məcmusuna əsasən məhkəmə bu qənaətə gəlir ki, şəxsi kitabçasına baxdığı üçün zərərçəkmişin yanağına ülgüclə kəsik atmaq yolu ilə çapıq qoymaq hərəkətinin cüzi səbəbi bəhanə etməklə xuliqanlıq niyyəti ilə törədilmiş əməl olması mübahisəsizdir. Təqsirləndirilən şəxsin hansı hisslərin təsiri altında hərəkət etməsi, qəsd niyyətinin yalnız şəxsin yanağına xəsarət yetirilməsinə yönəlməsi kifayət qədər aydındır. Zərərçəkmiş şəxsin münaqişə yaradan hərəkəti nəticəsində Təqsirləndirilən şəxs qəflətən yaranmış qəsd məhkumlar arasında mövcud olmuş “yolverilməz hərəkətə görə cəzalandırmaq” kimi kriminal düşüncənin təsiri altında baş vermişdir. Təqsirləndirilən şəxsin şüuru ilə əhatə olunan əməlin yalnız zərərçəkmişin yanağına görünən kəsik izi qoymaqdan ibarət olması tam təsdiqini tapır. Təqsirləndirilən şəxs şüuru ilə əhatə olunan ictimai təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və qeyriəxlaqi əməl isə məhz zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə xəsarət yetirilməsindən ibarətdir. Beləliklə, təsvir olunan niyyətlə edilmiş həmin hərəkətlə şəxsin sağlamlığına az ağır zərər vurulması Təqsirləndirilən şəxs əməlinin bütün sübutların məcmusu əsasında Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tam tərkibini əhatə etdiyi mübahisəsizdir və gəlinmiş bu hüquqi nəticə əsaslıdır, qanunidir. Hadisə ilə bağlı mövcud sübutlar məcmusu və işin faktiki halları təqsirləndirilən şəxsin zərərçəkmişi öldürməyə cəhd etməsi ilə bağlı ibtidai istintaq orqanının qənaətini tam təkzib edir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Şəhriyar Baxşəliyevi öldürmək, yəni qəsdən həyatdan məhrum etmək niyyətini təsdiq edən heç bir sübut müəyyən edilmədi. Əksinə, ibtidai istintaq orqanının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın təsdiqi kimi təqdim etdiyi şahid ifadələri, hətta zərərçəkmiş şəxsin özünün ifadəsi ilə qeyd olunan ittiham təkzib olundu və təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 127.2.3-cü maddəsi ilə əhatə olunduğu qənaətini təsdiq etdi. Cinayət işinin ibtidai istintaq dövründə toprlanmış materiallarının əhəmiyyətli hissəsi də bu mövqenin əsaslılılığı ilə bağlı qənaəti möhkəmləndirir. Məhkəmə, həmin ifadələrin Təqsirləndirilən şəxs əməlinin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edən hissələrinin xüsusi vurğulanmasını zəruri hesab edir. Belə ki, zərərçəkmiş şəxs Şəhriyar Baxşəliyev məhkəmədə Təqsirləndirilən şəxs ülgücü onun məhz üzünə atmaq istədiyini, amma o başını yana çevirdiyi üçün ülgücün onun boğazına dəydiyini, Təqsirləndirilən şəxs onu öldürmək istəmədiyini, üzünə kəsik atmağa çalışdığını, onun bildiyinə görə cəzaçəkmə müəssisələrində heç vaxt dəftərçəyə baxmağa görə bir məhkumun digər məhkumu öldürməsi halının olmadığını qeyd etdi, bağışladığı, barışdığı, heç bir şikayəti və tələbi olmadığı, məhkum yoldaşı kimi yaxşı münasibətləri olan Təqsirləndirilən şəxslə hadisədən sonra da cəzaçəkmə müəssisəsində zarafatlaşdıqlarını, birlikdə deyib-güldüklərini bildirdi. Şahid – eyni müəssisədə cəza çəkən məhkum Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmədə tam təkzib edərək işlədiyi saxlama otağında, cəzaçəkmə müəssisəsində hər kəs tərəfindən Azərin dəftərçəsindən nəsə bir şəkil götürdüyü danışılan X10 Şaliyevin mübahisəsinin ümumiyyətlə bilavasitə şahidi olmadığını, Azərin xahişinə əsasən onun Şəhriyarla söhbət etməsinə şərait yaradaraq otaqdan çıxdığını, dəhlizdə az dayandıqdan sonra termos dəmləməyə çıxıb getdiyini, “çox pis adam” kimi xarakterizə etdiyi Şəhriyara Azərin xəsarət yetirdiyini sonradan eşitdiyini göstərdi. Məhkəmə, iş üzrə toplanmış digər sübutların məcmusunu və işin faktiki hallarını, o cümlədən ibtidai araşdırma zamanı onun verdiyi ifadələrindəki ayrı-ayrı məqamlar üzrə ziddiyyətli xüsusatları da da nəzərə almaqla Şahid1 məhkəmədə verdiyi ifadəsinin həqiqəti əks etdirdiyi qənaətinə gəlir. Məhkəmə hazırkı iş üzrə xüsusi və əhəmiyyətli sübut yükü daşıdığı qənaətinə gəldiyi digər şahidlərin – cəzaçəkmə müəssisəsinin əməkdaşları, tutduqları vəzifələrə görə cəzaçəkmə müəssisəsində məhkumlar arasındakı münasibətləri, nəzarətdə saxladıqları əməliyyat şəraitində baş verən bu və ya digər hadisə ilə bağlı daha real və dolğun məlumatlara malik olan Şahid2 və Şahid3 ifadələrindəki xüsusatları ayrıca vurğulamağı zəruri hesab edir. Belə ki, 12 saylı cəzaçəkmə müəssisəsində əməliyyat şöbəsinin rəisi - hadisə baş verən vaxt isə əməliyyat şöbəsinin böyük inspektoru vəzifəsində işləmiş Şahid3 uzun müddət eyni dəstədə cəza çəkmiş Təqsirləndirilən şəxslə Şəhriyar Baxşəliyev arasında bu hadisəyədək heç bir ziddiyyət və ədavət olmadığını, həmin gün Şəhriyar Baxşəliyevin əli ilə boğazını tutaraq pilləkənlə tək gəldiyini gördüyünü və yanında ona kömək edən heç kimin olmadığını, müvafiq araşdırma apararaq mübahisənin həqiqətən məhkum Şəhriyar Baxşəliyevin icazəsiz Təqsirləndirilən şəxs dolabçasını açıb oradakı kitabçada olan şəxsi nömrələrinə baxması səbəbindən baş verdiyini müəyyənləşdirdiklərini, Təqsirləndirilən şəxs məhkum Şəhriyar Baxşəliyevi öldürmək niyyətində olduğuna inanmadığını, Təqsirləndirilən şəxs Şəhriyar Baxşəliyevə ancaq xəsarət yetirmək istədiyini, məhkumlar arasında kiminsə telefon nömrələri olan qeydiyyat kitabçasına baxmağın xoşagəlməz, arzuolunmaz bir hal olduğunu vurğuladı. 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi - hadisə baş verən vaxtda isə cəzaçəkmə müəssisəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində xidmət etmiş, “Cəzaçəkmə müəssisələrində məhkumlar üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında» xx.xx.2002-ci il tarixli Təlimatın 28-ci bəndinə əsasən cəzaçəkmə müəssisəsi rəisinin əməliyyat-rejim işləri üzrə müavini olaraq cəzaçəkmə müəssisəsində müəyyən olunmuş rejimin təmin olunması üzrə bütün işi şəxsən təşkil edən, gündəlik nəzarət planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi üçün bilavasitə cavabdehlik daşıyan, o cümlədən məhkumların davranışı barədə məlumatları təhlil etməyə və bu məlumatları nəzərə alaraq cəzaçəkmə müəssisəsində rejimin təmin olunması üzrə tədbirlər işləyib hazırlamağa və həyata keçirməyə, əməliyyat şəraitini öyrənməyə və onu hərtərəfli bilməyə borclu olan Şahid2 göstərdi ki, hadisədən dərhal sonra apardığı araşdırma nəticəsində Təqsirləndirilən şəxs Şəhriyar Baxşəliyevi sonuncunun onun dolabçasında olan, içərisində ailəsinin telefon nömrələri olan kitabçaya baxması səbəbindən, məhkumlar arasında xoşagəlməz pis bir hal kimi qəbul olunan bu hərəkətinə görə əsəblərini cilovlaya bilməyərək xəsarət yetirməsini aydınlaşdırmışdır. Cəza çəkdiyi müddətdə məhkum Təqsirləndirilən şəxs müsbət xarakterizə edir. Hadisə yerindən də Təqsirləndirilən şəxs deyil, xəsarət almış Şəhriyar Baxşəliyev qaçmışdır. Hadisənin ilkin təhqiqatını aparan şəxs kimi Təqsirləndirilən şəxs Şəhriyarı cəzalandırmaq üçün onun üzünə iz qoymaq istəməsi, amma sonuncunun başını ani çevirdiyinə görə ülgücün Şəhriyarın boğazına dəyməsinə dair ifadəsinin həqiqət ola biləcəyini təsdiq edir. Uzun müddət bir cəzaçəkmə müəssisəsində cəza çəkmiş bu iki şəxs arasında əvvəllər hər hansı bir ədavət yaşansaydı mütləq qaydada cəzaçəkmə müəssisəsinin əməkdaşları olaraq bundan məlumatlı olardılar. Cəzaçəkmə müəssisələrində oxşar situasiyalarla tez-tez rastlaşılır, amma kitabçaya baxmağa görə heç vaxt öldürmək niyyəti olmamışdır. Onun qənaətinə görə Təqsirləndirilən şəxs də Şəhriyar Baxşəliyevi öldürmək niyyəti olmamışdır, Təqsirləndirilən şəxs Şəhriyarın üzünə iz atmaq niyyətində olmuş, amma istədiyi yerə ata bilməmiş, ülgüc Şəhriyarın boğazına dəymişdir. Cinayət işinin materiallarından görünür ki, 23 fevral 2023-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar ilkin təhqiqat aparılmış, cinayət işi isə hadisədən 3 ay 6 gün sonra - 29 may 2023-cü il tarixdə mövcud sübutlara əsaslanmaqla düzgün olaraq Cinayət Məcəlləsinin məhz 127.2.3-cü maddəsi ilə başlanmışdır. 12 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli aktında, habelə əməliyyat şöbəsinin rəisinin hadisə ilə bağlı tərtib etdiyi xx.xx.2023-cü il tarixli arayışda da hər iki məhkum haqqında müfəssəl məlumatlar verilmiş, hadisə təsvir edilərək şəxsi zəmində mübahisə zamanı Təqsirləndirilən şəxs “əsəbi gərginlik keçirərək birdəfəlik üzqırxanın ülgüc qırığı ilə məhkum Ş.Baxşəliyevin sol boyun nahiyəsini iki yerdən kəsərək xəsarət yetirdiyi” göstərilmiş, hadisəyə görə Təqsirləndirilən şəxs 15 gün müddətinə cərimə təcridxanasına salındığı, Şəhriyar Baxşəliyevə isə “töhmət” elan olunduğu qeyd edilmişdir. Lakin həmin sənədlərin heç birində Təqsirləndirilən şəxs Şəhriyar Baxşəliyevi öldürmək niyyəti ilə xəsarət yetirməsi barədə hər hansı qənaətə gəlinməmişdir (cild 1, iş vərəqə 16-17, 27). Sonrakı mərhələlərdə təhqiqat zamanı toplanmış bütün materiallarda da Təqsirləndirilən şəxs Şəhriyar Baxşəliyevin məhz yanağına iz qoymaq məqsədilə xəsarət yetirmək niyyəti öz əksini tapmışdır. Bu müddətdə toplanmış materialda öldürmək niyyəti ilə bağlı yeganə fikir zərərçəkmiş şəxsin xx.xx.2023-cü il tarixli dindirmə protokolundadır (cild 1, iş vərəqə 88-90). Belə ki, latın və kiril qrafikaları ilə bağlı zərurətə görə mütəxəssis də cəlb olunmaqla, kompyuterdə tərtib olunmuş ifadədə zərərçəkmiş şəxs hadisəni təsvir etdikdən sonra müstəntiq tərəfindən Şəhriyar Baxşəliyevə həmçinin məhkəmənin məzmunu ilə bağlı şərh verməyə zərurət görmədiyi “Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs sizə xəsarət yetirməkdə məqsədi nə olmuşdur?” kimi şəklində qoyulmuş suala cavab olaraq “Azər Şalıyev məqsədi məni öldürmək olmuşdur” cavabı yazılmışdır. Amma bu fikri təsdiq edən heç bir dəlil əldə olunmadığından hətta belə cavabın da mövcudluğuna baxmayaraq bu dindirmədən sonra müstəntiq haqlı olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin məhz 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmiş, ittiham elan edildikdən sonra dindirilən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir (cild 1, iş vərəqə 96-97, 116-119). Sonradan, yəni 16 avqust 2023cü il tarixdə Təqsirləndirilən şəxs əməli elə əvvəlki sübutların mövcudluğu şəraitində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 29, 120.2.2-ci maddəsinə tövsif edilmiş, amma hər hansı əsaslandırılma verilməmişdir. İbtidai istintaqın sonrakı mərhələsində də yenə hər hansı əlavə dəlil əldə edilməməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə bir daha ittiham elan edilmişdir (cild 1, iş vərəqə 202-203). Qeyd olunan ittiham elan edildikdən sonra özünü həmin maddə ilə təqsirli bilməyən Təqsirləndirilən şəxs ilkin təhqiqat mərhələsindən başlayaraq verdiyi əvvəlki izahat və ifadələri ilə eyni məzmunlu ifadə vermiş, heç bir halda zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını bildirmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrin özlərinin də ziddiyyətli olduğunu nəzərdə saxlayır. Belə ki, zərərçəkmiş şəxs Şəhriyar Baxşəliyev əvvəlcə həmin dindirmələr zamanı təqsirləndirilən şəxsin onu öldürmək istəməsi barədə heç bir mülahizə belə irəli sürməmiş, Təqsirləndirilən şəxs ona qarşı sadəcə «haqsızlıq» etdiyini bildirmiş, onları kiminsə aralaması barədə heç bir məlumat verməmişdir. İfadələrinin bəzilərində hətta xəsarət yetirildikdən sonra huşunu itirdiyini və heç nəyi xatırlamadığını bildirsə də, sonradan hadisə yerindən qaçıb uzaqlaşdığını və tibbi yardım üçün getdiyini göstərmişdir. Müvafiq ekspertiza zamanı tibbi müayinəsi keçirilərkən təqsirləndirilən şəxsin onu divar kağızı üçün nəzərdə tutulmuş bıçaqla – «oboy bıçağı ilə rezakla» xəsarət yetirdiyini bildirsə də, sonradan ifadələrində Azər Şalıyevin ona ümumiyyətlə nə ilə xəsarət yetirdiyini görmədiyini, məhkəmədə isə hətta ülgücü ilk dəfə ekspert ona təqdim etdikdə gördüyünü bildirmişdir. Məhkəmə, əməlin tövsifi ilə bağlı qənatə gələrkən həm də Təqsirləndirilən şəxs bu hadisə ilə bağlı göstərdiyi davranışı nəzərdə saxlayır. Hadisəyə qədər bu iki şəxs arasında mövcud olmuş münasibətlərin xarakteri təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətində olmasını ehtimal etməyə hər hansı əsas vermir. Təqsirləndirilən şəxs Şəhriyar Baxşəliyevə xəsarət yetirdiyi anda onu öldürmək niyyətinin olması ehtimal kimi irəli sürüləcəyi halda, bu niyyətin reallaşdırılması üçün hər hansı maneə mövcud olmamışdır. Əksinə, təqsirləndirilən şəxsin qarşı tərəflə müqayisədə aşkar fiziki üstünlüyü və digər xüsusatlar belə niyyətin reallaşdırılması üçün kifayət qədər əlverişli olmuşdur. Amma yanağına iz qoymaq üçün xəsarət yetirmək istədiyi halda zərərçəkmişin buna maneçilik törədən cəld hərəkət etməklə başını kənara əyməsi nəticəsində ani vəziyyətdə ülgüc onun boğaz nahiyəsinə dəyərək kəsməklə qanaxmaya səbəb olduqdan sonra Təqsirləndirilən şəxs hərəkətini dayandırmış, boğazını tutaraq qaçıb gedən Şəhriyar Baxşəliyevə qarşı heç bir hərəkət etməmiş, kənara çəkilib əyləşmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Hadisəyə qədərki, hadisənin baş vermə anı və hadisədən sonrakı məqamlarla bağlı təqsirləndirilən şəxsin göstərdiyi və işin materialları ilə təsdiq olunan müəyyən edilmiş halları təkzib edə biləcək hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həm də iş üzrə ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq məhkəmə təqsirləndirilən şəxsin ifadələrinin həqiqiliyinin şübhə altına alınmasını əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən həmin Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda həmin məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinin tələblərinə əsasən hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Cinayət-Prosessual Məcəlləsnin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) tərkibi olduğuna görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasının cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində məhkəmənin hazırlıq iclasında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 14 aprel 2013-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərarı ilə onun cəzası endirilərək üzərində qəti olaraq 12 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hazırki cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 10-15). Göründüyü kimi, Təqsirləndirilən şəxs 14 aprel 2013-cü ildən 15 may 2024-cü ilədək cəzasının 11 il 1 ay 1 gününü çəkmiş, onun 1 il 7 ay 29 gün çəkilməmiş cəzası qalmışdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilənədək - 15 may 2024-cü ilədək penitensiar müəssisədə saxlanması onun əvvəlki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrası ilə bağlı olmuşdur. Ona görə də məhkəmə göstərilənləri də nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2014-cü il tarixli hökmü ilə təyin olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərarı ilə 12 il 9 ay müddətinə endirilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 7 ay 29 günlük hissəsi hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməli, cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Qaradağ rayon prokurorluğunun maddi sübutların saxlanc otağına verilmiş 01 ədəd ülgüc və həm də cinayət işinin materiallarında da olmaları nəzərə alınmaqla X6 aid 4 ədəd fotoşəkil məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 270 manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2014-cü il tarixli hökmü ilə təyin olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərarı ilə 12 (on iki) il 9 (doqquz) ay müddətinə endirilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) günlük hissəsi hazırki hökmlə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş qəti cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Qaradağ rayon prokurorluğunun maddi sübutların saxlanc otağına verilmiş 01 ədəd ülgüc və X6 aid 4 ədəd fotoşəkil məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1723/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1723/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver