Məhkəmə qərarları › İş №1(101)-1728/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1728/2023

25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1728/2023 25.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Femida” vəkil bürosunun vəkili Müdafiəçi Vilayət oğlunun iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, naməlum mənbədən və vaxtda satış məqsədi olmadan külli miqdarda, yəni ümumilikdə təmiz çəkisi 996,952 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində üzərində və ünvan 2 ünvanında yaşadığı evdə saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 02 mart 2023-cü il tarixdə saat 01:10 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə 11,952 qram və ünvan 2 ünvanında yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan qarajdakı divanın altından bir ədəd göy rəngli polietilen bükümdə təmiz çəkisi 985 qram tərkiblərinə görə eyni olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yalnız narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə edir. Ailəlidir, 2 övladı var. O evində həmişə narkotik vasitə marixuana istifadə etmək üçün saxlayır. 02 mart 2023-cü il tarixdə axşam saat 01:00 radələrində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun ad soyadını soruşmuşlar və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, onun Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. İdarədə ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Videoçəkilişlə aparılan şəxsi axtarış zamanı əynində olan gödəkçənin cibindən bir ədəd bükümdə qurudulmuş marixuananı çıxararaq təqdim etmişdir. Bundan sonra yaşadığı evdə də narkotik vasitə qurudulmuş marixuana olduğunu və evə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. ünvan 2 ünvanına baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən qarajdakı divanın altında gizlətdiyi bir ədəd göy rəngli polietilen torbanı təqdim etmiş, həmin polietilen torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərində aparılan şəxsi axtarış və yaşadığı evdən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananı 01 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 150 manat nağd pula əldə etmiş, narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi şəxsin anket məlumatlarını, telefon nömrələrini bilmir, görsə onu tanıya bilməz. Ona polis əməkdaşları tərəfindən heç bir təzyiq və təsir olunmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili işləyir. 2023-cü ilin mart ayında Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması üçün o və polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 02 mart 2023-cü il axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhəli bilindiyini bildirib Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər, Təqsirləndirilən şəxs dəvətə etiraz etmədikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına apararaq barəsində araşdırma aparılması üçün X3 baş təhqiqatçısı, polis kapitanı Nəcəf Aburşuya təhvil vermişdir. Nəcəf Aburşu Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra özü, Şahid2 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli polietilen bükümünü çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 01 mart 2023-cü il tarixdən günorta saatlarında İran İslam Respublikasının vətəndaşı “Adil” adlı şəxsin vasitəsilə Suraxanı rayonu ərasizində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini, qurudulmuş marixuanadan istifadə etdiyini demişdir. Daha sonra 02 mart 2023-cü il tarixdə polis əməkdaşları, müdafiəçi, Təqsirləndirilən şəxs və onun atası X2 iştirakı ilə ünvan 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış aparılmış, qeyd edilən evə baxış aparılmadan öncə Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığını bildirdiyi narkotik vasitələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin sağ tərəfində yerləşən qarajdakı divanın altında gizlətdiyi bir ədəd göy rəngli polietilen torbanı çıxarıb təqdim edərək həmin torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Adil” adlı şəxsin vasitəsilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini demiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış aparılan zaman başqa dövriyyəsi qadağan edilən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd göy rəngli polietilen torba açıldıqda içərisində yaşıl rəngli kütlənin və iki ədəd elektron tərəzinin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmadan öncə və şəxsi axtarış aparılan zaman, o cümlədən onun yaşadığı evə baxış aparılmadan öncə və baxış aparılan zaman ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 01 mart 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general mayoru İslam Hümbətovun 01 mart 2023-cü il tarixli, 3-13-7/Ə106/2023 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 01 mart 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 30-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış keçirilməsindən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 15 AZN pul, 01 ədəd ev açarı aşkar edilmişdir. İş üzrə aşkar edilmiş 01 ədəd büküm, şəxsiyyət vəsiqəsi, mobil telefon qablaşdırılaraq götürülmüş, pul və ev açarı isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narkotik olduğunu, onu İran İslam Respublikasının vətəndaşı “Adil” adlı şəxsdən əldə etmiş, yaşadığı evdə də narkotik vasitə olduğunu, təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 33-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq yaşadığı ünvan 2 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin 37-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 mart 2023-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxış zamanı, Təqsirləndirilən şəxs evdə ola biləcək narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs həmin evin həyətinin sağ tərəfində yerləşən qarajdakı divanın altında gizlətdiyi 01 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və 02 (iki) ədəd elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs evdən aşkar edilmiş maddənin narkotik olduğunu, onu İran İslam Respublikasının vətəndaşı “Adil” adlı şəxsdən əldə etmişdir. Baxış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 47-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 02 mart 2023-cü il tarixli, 7323 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd göy rəngli sellofanda təmiz çəkisi 11,952 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunan kütlə...” yazı və imzalar olan göy rəngli polietilen paketdə 1 ədəd üzəri şəffaf lentlə yapışdırılmış sellofan bağlamada təmiz çəkisi 985,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Həmin paketin içərisində olan 1 ədəd ağ və 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində cüzi miqdar marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin 56-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 mart 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni çıxarıb təqdim edir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 15 AZN pul, 01 ədəd ev açarı aşkar edilir. Aşkar edilmiş 01 ədəd büküm, şəxsiyyət vəsiqəsi, mobil telefon qablaşdırılaraq götürülür, pul və ev açarı isə Təqsirləndirilən şəxs geri qaytarılır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narkotik olduğunu, onu İran İslam Respublikasının vətəndaşı “Adil” adlı şəxsdən əldə etmiş, yaşadığı evdə də narkotik vasitə olduğunu, təqdim edə biləcəyini bildirir. Cinayət işinin 57-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 mart 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzilə keçirilmiş baxış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxış zamanı, Təqsirləndirilən şəxs evdə ola biləcək narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bundan sonra, Təqsirləndirilən şəxs həmin evin həyətinin sağ tərəfində yerləşən qarajdakı divanın altında gizlətdiyi 01 ədəd göy rəngli sellofan torbanı təqdim edir. Həmin torbanın içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və 02 (iki) ədəd elektron tərəzi aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs evdən aşkar edilmiş maddənin narkotik olduğunu, onu İran İslam Respublikasının vətəndaşı “Adil” adlı şəxsin vasitəsilə Suraxanı rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə götürdüyünü bildirir. Cinayət işinin 96-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 aprel 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 95-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 2-ci PŞ-dən daxil olmuş 01 aprel 2023-cü il tarixli, 3-13-45-2/8446/2023 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitəni sonuncunun əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 119-126-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 16 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitəni sonuncunun əldə etdiyi mənbəni müəyyən etmək material ayrılmış və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün Xəzər RPİ-nin 2-ci PŞ-nə göndərilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, üzərində və yaşadığı evdə həqiqətən narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün etirafını, şahidlərin ifadəsini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən narkotik vasitə qurudulmuş marixuananın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 05 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 111-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 26 may 2023-cü il tarixli, 7788 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 109-110-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində -iki azyaşlı uşağı –oğlu -xx.xx.2011-ci il təvəllüdlü X8 və qızı xx.xx.2014-cü il təvəllüdlü X6 vardır. Cinayət işinin 114-115-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin 02 iyun 2023-cü il tarixli 3401 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərdən istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 02 mart 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 21-ci vərəqəsində olan 02 mart 2023cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 87-89-cu vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 4(003)-123/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 mart 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 996,852 qram çəkidə qalan narkotik vasitə qurudulmuş marixuana və 02 (iki) ədəd elektron tərəzi məhv edilməlidir. Cinayət işinin 144-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, X7, oğlu Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefonu təhvil almışdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 996,852 qram çəkidə qalan narkotik vasitə qurudulmuş marixuana və 02 (iki) ədəd elektron tərəzi məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar