Məhkəmə qərarları › İş №1(101)-1729/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1729/2023

01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1729/2023 01.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 01 mart 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 mart 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum mənbədən müəyyənləşdirilməmiş vaxtda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin (bundan sonra: RPİ, CAŞ, PŞ) əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 mart 2023-cü il tarixdə, saat 21:30 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində üzərində video çəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ-çəhrayı rəngli polietilen bükümdə külli miqdarda, yəni təmiz çəkisi 314,4 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və içərisində müvafiq olaraq 0,651 qram, 0,117 qram, 0,031 qram və 0,039 qram olmaqla dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,838 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi və külli miqdar təşkil etməyən miqdarda narkotik vasitə heroin əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə il əvvəl o, sağ tərəfli insult keçirmiş, onun sağ əli və sağ ayağı fəaliyyətsizdir. Xəstəliyi ilə bağlı bütün sənədləri vardır. Özü narkotik vasitələrdən istifadə edəndir. Hadisə günü, yəni 01 mart 2023-cü il tarixdə axşamçağı evində çay içərkən 4 maşında polislər gəlmiş və onu şöbəyə aparmışlar. Polis əməkdaşlarının heç birini tanımamışdır. Onun üzərində narkotik vasitə olmasa da, ittihamda göstərilən narkotiki onun cibindən çıxarmışlar. Həmin narkotik vasitələr ona məxsus olmamışdır. Narkotik vasitəni poltslər özləri onun cibinə qoymuşlar. Video çəkiliş zamanı o, narkotik vasitənin özünə məxsus olduğunu boynuna almışdır. Polislər onda malı haradan aldığı soruduqda o, tapdığını demiş, həmişə narkotik aldığı adamı satmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadə ona oxunmamış, ifadələri komputerdə yazılmış, o, sadəcə imza etmişdir. Onun sağ tərəfi işləmədiyindən imzaları sol əlilə etmişdir. İfadələrində naroktiki satmaq üçün aldığını deyil, istifadəsi üçün aldığını demişdir. X5 Respublikasının (bundan sonra: İİR və ya İran) hər hansı vətəndaşı ilə əlaqəsi olmamış, onlardan narkotik vasitə alıb əldə etməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, saxlanılarkən polislər ona bir-iki dənə sillə vurmuş, lakin xəsarət yetirməmişlər. O, istintaq təcridxanasına aparılan zaman döyülməyi barədə hər hansı məlumat verməmiş, bu barədə heç bir orqana, o cümlədən prokurora şikayət verməmişdir. Lakin törətdiyi əməlindən səmimi peşiman olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində verpmiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddələrdən uzun müddət ərzində istifadə etmişdir. 01 mart 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində əvvəllər tanımadığı, özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən 150 manata narkotik vasitə heroin və pisxotrop maddə metamfetamini özünün şəxsi istifadəsi üçün alıb əldə etmişdir. 01 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsində yaşadığı evə tərəf piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra ondan özünü təqdim etməyi tələb etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Bundan sonra onu Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasına dəvət etmiş, dəvətə etiraz etməyərək onlarla Xəzər RPİ-nin 2-ci PŞ-nə getmişdir. 2-ci PŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzəridə videoçəkilişlə şəxsi axtarış aparılacağı izah olunmuşdur. Şəxsi axtarış aparılmağa başlamadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmiş, bundan sonra əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ-çəhrayı rəngli polietilen torbanı, dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmiş və ağ-çəhrayı rəngli polietilen torbada olan maddənin psixotrop maddə metamfetamin, dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan kütlənin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı başqa əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülən psixotrop maddə metamfetamin və narkotik vasitə heroin qablaşlaşdırılaraq tərəfindən imzanalaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində, həmçinin göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı fiziki zor və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan başqa bir ifadəsində isə yenə də özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, ondan aşkar edilib götürülən psixotrop maddəni və herioni 01 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün alıb əldə etmiş, həmin şəxsin İran vətəndaşı olub-olmadığından xəbəri olmamışdır, həmin şəxsin anket məlumatları barədə hər hansı məlumata malik deyildir. O, mobil telefondan istifadə etməmiş, bu günə kimi heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, 1-ci qrup əlil olduğundan bədənində ağrılar olmuş, ağrıları azaltmaq üçün narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Əlil olduğuna görə hər dəfə narkotik vasitə və psixotrop maddə almaq üçün yeni adamlar tapmaq məcburiyyətində qalmaması və ifşa olunmaq təhlükəsi ilə üzləşməməsi üçün narkotik vasitə və psixotrop maddələri çox əldə etmişdir. Heç vaxt pul və ya digər maddi mənfəət müqabilində heç kimə narkotik vasitə və ya psixotrop maddə verməmişdir. Onun kimi narkotik vasitə və ya psixotrop maddələrin aludəsindən əziyyət çəkən şəxslərə təsadüfi hallarda narkotik vasitə və psixotrop maddəni pay vermişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı fiziki zor və ya psixi təzyiq göstərilməmişdir (iş vərəqə: 69-70, 118-119). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən, Xəzər RPİnin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, hazırda barəsində cinayət işinə baxılan təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş onun anket məlumatları dəqiqləşdirilmiş, xx xxxxxxx 1974-cü ildə Bakı şəhərində doğulan, ünvan 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirilmiş və onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Tədbirin keçirilməsi üçün ondan və Xəzər RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün saat 21:30 dəqiqədə Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 11A ünvanının yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Onla ilk öncə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərmiş və saxlanılan həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs özünü təqdim edib xx.xx.1974-cü ildə Bakı şəhərində doğulan, ünvan 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişdir. Onlar Təqsirləndirilən şəxs onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Xəzər RPİ-nin 2-ci PŞnin inzibati binasına apararaq Şöbə rəhbərliyinə yazılı məruzə etmiş və bundan sonra araşdırmanın aparılması Şöbənin təhqiqatçısı, polis mayoru Fariz Məmmədova həvalə edilmişdir. X4 Babayevin hüquqlarını müdafiəsi üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun, Şahid2 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş altında şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ-çəhrayı rəngli sellofan torbanı və dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxardıb təqdim edərək sellofan torbanın içərisində psixotrop maddə metamfetamin, dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümündə isə narkotik vasitə heroin olduğunu, təqdim etdiyi psixotrop maddə metamfetamin və narkotik vasitə heroini 01 mart 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində əvvəllər tanımadığı, özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən 150 manata şəxsi istifadəsi üçün aldığını və saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi predmetlərə baxış keçirilmiş, bir ədəd ağ-çəhrayı rəngli sellofan torba açıldıqda içərisində ağ rəngli kristalşəkilli maddənin, dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümü açıldıqda isə içərisində qəhvəyi rəngli, tozşəkilli maddənin olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun üzərindən qanunla qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd ağ-çəhrayı rəngli sellofan torba və dörd ədəd gümüşü rəngli siqaret kağızı büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qabalaşdırılmış, istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanaraq möhürlənmişdir. Yekunda təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolla tanış olmuş, protokolun düzgün tərtib edildiyinə əmin olduqdan sonra protokola imza etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və qərəzli münasibət olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, üzərində şəxsi axtarış aparılmazdan əvvəl və ya şəxsi axtarış aparılarkən ona qarşı hər hansı fiziki zor və psixi təzyiq göstərilməmiş, sonuncunun üzərində qanunsuz hərəkətlərə yol verilməmiş, onun üzərinə narkotik vasitə və ya psixotrop maddə qoyulmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Xəzər RPİnin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fariz Məmmədov tərəfindən həmin Şöbənin əməliyyat müvəkkili Şahid1, Xəzər RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2, təqsirləndirilən şəxsin müdafiəçisi – Xəzər rayon 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə videoçəkiliş müşaiyəti altında baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya sair predmet olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümündə və bir ədəd ağ-çəhrayı rəngli polietilen bükümdə naməlum predmetləri çıxararaq təqdim etmiş, təhqiqatçının suallarını cavablandıraraq sellofan torbanın içərisində metamfetamin, dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümündə isə heroin olduğunu, təqdim etdiyi təqdim etdiyi həmin maddələri 01 mart 2023-cü il tarixdə Suraxanı qəsəbəsi ərazisində əvvəllər tanımadığı, özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən 150 manata şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi predmetlərə açılmaqla təhqiqatçı tərəfindən baxış keçirilmiş, bir ədəd ağ-çəhrayı rəngli sellofan büküm açıldıqda içərisində ağ rəngli kristalşəkilli, dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümlər açıldıqda isə onların içərisində qəhvəyi rəngli, tozşəkilli maddələrin olduğu müəyyən edilmişdir. Daha sonra tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd ağ-çəhrayı rəngli sellofan torba və dörd ədəd gümüşü rəngli siqaret kağızı büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qabalaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalandıqdan sonra zərfin üzəri möhürlənmişdir (iş vərəqə: 41-43). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair «şəxsi axtarış aparılması və götürmə» haqqında 01 mart 2023-cü il tarixli protokola əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 02 mart 2023cü il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin yükləndiyi həmin diskdəki videogörüntülər «şəxsi axtarış aparılması və götürmə» haqqında 01 mart 2023-cü il tarixli protokolun məzmununa uyğundur və ziddiyyətlər müəyyən edirlməmişdir(iş vərəqə: 60). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 mart 2023-cü il tarixli, 6/1256 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N193” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr. Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,651qr., 0,117qr., 0,031qr., 0,039qr. olmaqla ümumi təmiz çəkisi 0,838 qram təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş eyni bağlamada olan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 314,4 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir(iş vərəqə: 48-52). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 19 may 2023-cü il tarixli, 3060 nömrəli rəyindən görünür ki, eksper tədqiqatı zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narpkomaniya xəstəliyi) aşkar olunur. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs İ dərəcəli əlil olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə əsasən ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Lakin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 113-114). Məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs hər hansi psixi xəstəlikdən əziyyət çəkməmiş, onda hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır (iş vərəqə: 99). İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan 17 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,838 qram təşkil edən narkotik vasitə heroin və 314,4 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,698 qram narkotik vasitə heroin və 314,2 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: 120-127). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin və narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə istintaq olunan ********* saylı cinayət işindən ayrıca icraatda material ayrılmış və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün Xəzər RPİ-nin 1-ci PŞ-nə göndərilmişdir (iş vərəqə: 120-127). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş dörd ədəd bükümdə olan heroin narkotik vasitəsinin ümumi miqdarı 0,838 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi isə 314,4 qram təşkil etmişdir ki, bu da «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. Heroin narkotik vasitəsinin miqdarı isə külli miqdar təşkil etməsə də, şəxsi istehlak miqdarı hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Sözü gedən Plenum qərarının həmin bəndində məhkəmələrə tövsiyə olunur ki, aşkar edilmiş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 314,4 qram olmaqla külli miqdar anlayışının start miqdardan dəfələrlə artıq miqdar təşkil etməsi, aşkar edilib götürülmüş herion narkotik vasitəsinin çəkilməklə dörd ədəd kiçik bağlamalarda qablaşdırılmış olması, aşkar edilmiş maddələrin növ müxtəlifliyi, iş üzrə əməliyyat xidmətinin məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin metamfetamin psixotrop maddəsini külli miqdarda və herion narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, yəni aşkar edilib götürülən külli miqdarda psixotrop maddənin ona aid olmaması, polis əməkdaşları tərəfindən ona verilib boynuna götürməsinə məcbur edilməsi, polis əməkdaşlarının ona bir-iki sillə vurması, heroin narkotik vasitəsini satış məqsədilə deyil, özünün şəxsi istifadəsi üçün alıb əldə etməsi barədə bildirməsini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı polis tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol verilib-verilməməsi məsələsi araşdırılmış və sonuncuya qarşı qanunsuz hərəkətlərə yol verilməsi faktı müəyyənləşdirilməmişdir. Belə ki, Bakı şəhər Xəzər rayon prokurorluğundan məhkəməyə təqdim olunan arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və ya qeyrisi tərəfindən prokurorluğa şikayət daxil olmamış və bu istiqamətdə prokurorluqda araşdırma aparılmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmiş, sonuncu həmin Təcridxanada ilkin tibbi müayinədən keçirilmiş, lakin onun bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmiş, Təqsirləndirilən şəxs bu barədə tibbi personala hər hansı məlumat verməmimşdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışı, müvafiq məhkəmə hökm və qərarları ilə məhkəmə baxışı nəticəsində müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasının əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, eyni Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, 2022-ci ili aprel ayında cəzanın sonu ilə azad edilmişdir(iş vərəqə: 100-110). Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə ona təyin olunan cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş, yəni həmin hökm üzrə olan məhkumluğu ödənilməmiş 01 mart 2023-cü il tarixdə qəsdən yeni - Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ağır cinayət hadisəsi törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər (burada: Azərbaycan Respublikasının CMnin 234.4.3-cü maddəsi) ağır cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaradır və qeyd olunan bu hal cəzanı ağırlaşdıran hal kimi sonuncuya cəza təyin olunarkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən isə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Xidmətinin 9 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 28 aprel 2017-ci il tarixli arayışı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs «keçirilmiş insultun qalıq əlamətləri, sağ tərəfli hemiplegiya» diaqnozu ilə İ qrup əlil olmaqla əmək qabiliyyətsizdir. Məhkəmə Təqsirləndirilən şəxs İ qrup əlil olmasını ona cəza təyin olunarkən barəsində cəzanı yüngülləşdirən hal qismində nəzə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, residivə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunub-olunmaması, onun narkomaniya xəstəliyindən dispanser qeydiyyatına götürülməsi ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edir ki, məhkəmə-narkoloji ekspertizanın 19 may 2023-cü il tarixli, 306 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin tədqiq olunan rəydən, həmçinin işdə olan tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs «keçirilmiş insultun qalıq əlamətləri, sağ tərəfli hemiplegiya» diaqnozu ilə İ qrup əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlər tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarının 3.2-ci bəndinə əsasən əlillər və eyni qərarın 3.7-ci bəndinə əsasən 60 yaşından yuxarı olan kişilər barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq oluna bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq oluna bilməz, lakin o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin residivini yaratmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri təyin olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 01 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 01 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 03 mart 2023-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 01 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,698 qram narkotik vasitə heroin və 314,2 qram psixotrop maddə metamfetamin hökm qanuni qyvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 01 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 314,2 qram psixotrop maddə metamfetamin və 0,698 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar