Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1730/2025 15.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: X15 oğlunun sədrliyi ilə, Hakimlər: X11 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Qafarova- X3, X6, X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçilər X2, X4 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Tbilisi şəhəri, Selovagi küçəsi, ev 18 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (X9)un Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs (X9) satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İşin faktiki halları Təqsirləndirilən şəxs (X9) satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 3,314 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2025-ci il tarixdə saat 14:12 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ sahəsi ünvanında küçədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmış, küçədə video çəkilişlə üstünün yoxlanılması zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,314 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır: Təqsirləndirilən şəxs (X9) məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə əl ilə işarə edib, qırmızı rəngli “Chevrolet Cruze” markalı avtomobili saxlatmış, sürücüdən Bilgəh qəsəbəsi istiqamətinə sürə biləcəyini soruşmuş, sürücü də əyləşməyini bildirmişdir. Cibindən 1 büküm marixuana çıxardıb sürücüyə də təklif etmiş, sürücü də razılaşmışdır. Taksidən düşən kimi marixuana yandırmaq istəyərkən polis əməkdaşları əl-qolunu burub onu yerə yıxmış, sonra onu avtomobilə mindirib 2-3 saat gəzdirmiş, sonra saat 14 radələrində bölməyə aparmışlar. Bölmədə onu Elton adlı təhqiqatçının yanına aparmış və ona bildirmişlər ki, imzalasın, yaxşı olacaq, evə gedəcək. Arada bir marixuana istifadə etmiş, lakin üzərində metamfetamin olmamış, onu yükləmişlər. Cibində 700 manat civarında pul olmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, prokurora heç nə deməmiş, üzərində marixuana olmuş, evdən çıxarkən marixuana istifadə etmiş, məhkəmədə həbs qətimkan tədbiri seçilərkən narkotik vasitəni 40-45 manata aldığını demiş, çünki ona demişlər ki, belə desə onu buraxacaqlar. Məhkəmədə həbs qətimkan tədbiri seçilərkən tərcüməçi vasitəsi ilə onu yüklədiklərini bildirmiş, həbs qətimkan tədbiri seçilərkən özünü təqsirli bildiyini, cibindən metamfetamin aşkar olunduğunu deməmiş, video çəkilişdə məcbur metamfetaminin onun olduğunu boynuna almış, istintaq təcridxanasına daxil olarkən dişini sındırdıqlarını və onu döydüklərini deməmiş, onu may ayının 28-i saxlamışlar. Aquaparkda yaşamış, həmin gün Bilgəh qəsəbəsinə getmişdir. Saat 09 radələrində evdən çıxmış, qırmızı rəngli “Chevrolet Cruze” markalı avtomobilə minmiş, onu saat 10:30 radələrində saxlamışlar. Taksi sürücüsü təklif etmişdir ki, bura kolluq ərazidir, marixuananı burada istifadə edək, taksidən düşən kimi onu saxlamışlar.Taksi sürücüsü polis əməkdaşlarının öz adamı olmuş, polis əməkdaşları onu saxlayanda taksi sürücüsü çıxıb getmiş, o tək qalmış, onu Nardaran qəsəbəsi ərazisində saxlamışlar. Polis əməkdaşları onu döymüşlər, 1-ci dəfə həmin kolluq ərazidə polis əməkdaşı onu kəllə ilə vurmüşdur. Polis əməkdaşları onu saxlayarkən video çəkiliş aparmamışlar. Video çəkiliş onu avtomobillə gəzdirdikdən sonra aparılmışdır. Saxlanılarkən üzərində telefon olmuş, lakin sınmış vəziyyətdə olmuşdur. Polis bölməsində müdafiəçi və tərcüməçi ilə təmin olunmamışdır. Müvəqqəti saxlama yerində xəsarətləri ilə bağlı heç nə deməmişdir. Onu 1-2 saat avtomobildə gəzdirmiş, sonra bölməyə aparmışlar. Ona bölmədə təzyiq göstərmişlər, sonra boynuna almışdır. Əvvəllər məhkum olunmamışdır. Metamfetamin istifadə etməmiş, saxlanılarkən üzərindən marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs (X9) ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1 -ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Həmin maddələri tanımadığı şəxsdən əldə edir. Belə ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında narkotik vasitə və psixotrop maddə əldə etmək üçün Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağ sahəsi kimi tanınan yerə getmiş, orada üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün bir büküm psixotrop maddə metamfetamin və bir büküm narkotik vasitə marixuana almış, həmin maddələri azaz istifdadə etmək üçün əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Həmin tarixdə saat 14 radələrində Nardaran qəsəbəsi, Ləhiş bağ sahəsi ünvanında küçədə piyada hərəkətdə olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin vaxt digər polis əməkdaşı üzərində qanunsuz əşya varsa təqdim etməsini və qeyd olunan bütün hərəkətlərin videoçəkilişlə qeydiyyata alınacağını demişdir. Ona öz razılığı ilə müadfıəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edildikdən sonra o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən sellofan torbaya bükülmüş “patı” adlanan psixotrop maddəni və 01 ədəd qızılı rəngli kağıza bükülmüş narkotik vasitə olan marixuananı, həmçinin bir ədəd 10, bir ədəd 5 manatlıq Azərbaycan manatını və 01 ədəd alışqanı, daha sonra həmin şalvarın sol yan cibindən 01 ədəd qara korpuslu üzərində ***-***-**-** saylı mobil nömrə olan “General Mobile” smart tipli mobil telefonu polis əməkdaşlarına təqdim edir. Polis əməkdaşı pulu ona qaytardıqdan sonra o, psixotrop maddə bir büküm metamfetamin və narkotik vasitə bir büküm marixuananı şəxsi istifadəsi üçün, xx.xx.2025ci il tarixdə Nardaran qəsəbəsində tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını demiş, onun iştirakı ilə həmin bükülülər açılaraq baxış keçirilmiş və həmin maddələr polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 241 saylı möhürü ilə möhürlənərək götürüldükdən sonra həmin protokol onun tərəfindən imzalanmışdır. Daha sonra o, polis əməkdaşları ilə birlikdə 42-ci polis bölməsinə getmiş, orada inzibati otaqların birində təhqiqatçı və öz istəyi ilə dövlət tərəfindən pulsuz olaraq təyin edilmiş vəkilin iştirakı ilə üzərindən aşkar edilmiş psixotrop maddə və narkotik vasitəyə baxış keçirilmiş, baxış keçiriləndən sonra psixotrop maddə və narkotik vasitə ekspertizaya göndərilməsi üçün yenidən zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 may 2025-ci il tarixdə, X8 qəsəbəsi Ləhiş bağları deyilən ərazidə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin gün saat 14:12-də Tariel Əhmədov tərəflərindən saxlanılmış və onun üzərində olan narkotik vasitəyə bənzər maddələr götürülmüşdür. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Tarielin üzərindən narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddələr götürülmüş, Tarieli saat 14:12-də saxlamışlar. Əməliyyat tədbirində o, əməliyyat müvəkkili Şahid2 və kiçik inspektor Şahid3 iştirak etmişlər. Saxlanılarkən Tariel tək olmuş və piyada olmuşdur. Şahid2 əməliyyat tədbirlərini səhv saldığı üçün Tarielin üzərində narkotik vasitənin olmadığını və Tariel qaçarkən narkotik vasitəni yerə atdığını bildirmişdir. Şahid2 əməliyyat tədbirlərini səhv saldığı üçün Tarieli Bilgəh-Pirşağı şosesində, yolun kənarında saxladıqlarını bildirmişdir. Şahid2 gənc əməkdaş olduğu üçün və həmin dövrdə tədbirləri çox olduğu üçün ola bilsin əməliyyat tədbirlərini səhv salmışdır. Tarieli saxlanılarkən piyada hərəkətdə olmuşdur. Şərait uyğun olmadığı üçün Tarieli saxlamış, sonra video çəkilişə başlamışlar. Şəraitin uyğun olmamasının nə ilə əlaqədar olmasını xatırlamır.Tarieli Ləhiş bağları deyilən ərazidə saxlamışlar. Tarielin üzərində olan telefonu söndürməmişlər. “Konumu” adətən kamera və iyaşə obyektləri olmayan ərazilərə atırlar. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, hazırda Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis kapitanı rütbəsindədir. Bundan başqa o, göstərmişdir ki, Sabunçu RPİ-nin 42-ci X14 Akhmedov(X9)un qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. 29 may 2025-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və həmin bölmənin CA üzrə kiçik inspektoru polis serjantı Şahid3 tərəfindən bu barədə 42-ci Polis Bölməsinin rəhbərliyinə raportla məruzə edilmiş, eyni zamanda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilməklə onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. 29 may 2025-ci il tarixdə saat 14 radələrində Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və həmin bölmənin kiçik inspektoru polis serjantı Şahid3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs(X9)u Ləhiş bağ sahəsi küçəsində piyada gəzərkən görüb ona yaxınlaşmış, 42-ci PB-nin əməkdaşları video çəkiliş aparılmaqla özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah edilmişdir. Küçədə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, çəkiliş zamanı onun tərəfindən Təqsirləndirilən şəxs X5 haqqında qanun ucadan oxunaraq üzərinə video çəkilişlə baxış keçiriləcəyi izah edildikdən sonra polis əməkdaşları özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşya və ya predmet varsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ilk öncə əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən sellofan torbaya bükülmüş “patı” adlanan psixotrop maddəni və 01 ədəd qızılı rəngli kağıza bükülmüş narkotik vasitə olan marixuananı, həmçinin bir ədəd 10, bir ədəd 5 manatlıq Azərbaycan manatını və 01 ədəd alışqanı, daha sonra həmin şalvarın sol yan cibindən 01 ədəd qara korpuslu “General Mobile” samrt tipli mobil telefonu çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi pul özünə qaytarılsa da mobil telefon, narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin istintaq əhəmiyyəti kəsb etdiyindən onun tərəfindən götürülmüş və zərfləşdirilərək möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin davam etdirilməsi üçün 42-ci Polis bölməsinə gətirilmiş, Polis bölməsinə gedən zaman yolda PB-nin təhqiqatçısı Elçin Hümbətova mobil telefonla məlumat verilmiş, Təqsirləndirilən şəxs polis bölməsinə gətirdikdən sonra bölmədə xidməti otaqda təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqları izah edildikdən sonra ona hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə vəkilin iştirakı ilə “Samsung” markalı videokamera vasitəsilə video çəkiliş aparılmaqla baxış keçirilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu Nardaran qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manata aldığını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm metamfetamin və 01 ədəd büküm narkotik vasitə marixuanaya müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmiş və əlavə axtarış nəticəsində onun üzərindən başqa qanunsuz əşya, predmet və maddə aşkar edilmədi. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, göstərmişdir ki, şəxsin üzərinə şəxsin üstünün yoxlanılması zamanı «Samsung» markalı videokameradan istifadə edilmiş, şəxsin üzərinin yoxlanılması zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən şikayət daxil olmamış, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən, Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasına gətirilən zaman və Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasında olduğu zaman ona hər hansı bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 29 may 2025-ci il tarixdə Nardaran qəsəbəsi ərazisində xidmət aparan zaman saat 14 radələrində şübhəli şəxs qismində Tariel Əhmədova yaxınlaşıb özlərini təqdim etmiş və Tarielin üzərinə baxış keçirmişlər. Baxış keçirilən zamanı Tarielin üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Tarielin üzərinə saxladıqları yerdə baxış keçirmiş, Tarieli Nardaran qəsəbəsi ərazisində saxlamışlar, konkret ərazini xatırlamır. Tarielin üzərindən metamfetamin aşkar olunmuşdur. Tariel metamfetamini şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Saxlanılarkən Tariel tək piyada hərəkətdə olmuşdur. Tarielin yanında olan sürücünü saxlayıb üzərinə baxış keçirmişlər, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır.Tariel hamin əraziyə avtomobillə gəlmişdir.Tarielin yanında olan sürücünün üzərinə baxış keçirərkən video çəkilişdən istifadə edib-etmədiklərini xatırlamır. Əməliyyat müvəkkili vəzifəsində çalışır, rütbəsi leytenantdır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış olmuşdur. Tarieli şübhələndikləri üçün saxlamışlar.Tariel barədə əməliyyat məlumatı daxil olmuşdur. Taksi sürücüsünün şəxsiyyətini müəyyənləşdirmişlər, adını xatırlamır, orta yaşlı adam idi. Əməliyyat-axtarış tədbirini 3 nəfər - Şahid3, Şahid1 və o həyata keçirmişlər. Elgünün vəzifəsi kiçik əməliyyat müvəkkilidir. Tarielin üzərindən metamfetamin aşkar olunmuş, üzərindən marixuana aşkar olunmasını xatırlamır. Tarielə qarşı zor tətbiq etməmişlər. Tariel qaçarkən metamfetamini yerə atmışdır. Tarieli saxladıqdan sonra çəkiliş aparmışlar. Tariel çəkiliş aparmamışdan əvvəl qaçmışdı. Əməliyyat tədbirinə mülki avtomobillə getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 29 may 2025-ci il tarixdə baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün günorta radələrində Əhmədov Tarielə yaxınlaşıb özlərini təqdim etmiş və video çəkilişlə üzərinə baxış keçirmişlər. Əhmədov Tarielin üzərindən narkotik vasitə aşkar olunmuş, sonra Tarieli bölməyə aparmışlar. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirində baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2 və o iştirak etmiş, Tarieli Ləhiş bağları deyilən ərazidə saxlamışlar. Saxlanılarkən Tariel tək olmuş, piyada olmuş, müqavimət göstərməmiş və qaçmamışdır.Ola bilsin ki, Şahid2 buna oxşar tədbirlə qarışdırıb, reallıqda Tariel tək olmuş, piyada olmuş, müqavimət göstərməmiş və qaçmamışdır. Şahid2 “Tariel qaçarkən narkotik vasitənin yerə düşməsi” ilə bağlı olan ifadəsini təsdiq etmir. Saxlanılarkən Tariel qaçmamışdır. Əməliyyat məlumatı baş əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur. Tarieli saxlayarkən yerində çəkiliş aparmışlar. Tarieli saxladıqları yerlə şöbənin arasında 20-30 dəqiqəlik məsafə olar. Tarieli saxlaan kimi video çəkiliş aparmışlar, Tarielin üzərindən 1 büküm metamfetamin və 1 büküm qurudulmuş marixuana aşkar olunmuşdur. Şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 may 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» prokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, DVD diskdə əks edilmiş “2_**********732152395” faylında qeydə alınmış görüntü, 29 may 2025-ci il tarixdə saat 14:12-də qeydə alınmışdır. Açıq hava şəraitində küçədə polis əməkdaşı tərəfindən çəkilmiş videogörüntüdən müəyyən edilir ki, Tariel Akhmedov (X9) küçədə hərəkətdə olan zaman üç nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edirlər. 42-ci Polis bölməsinin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ilkin olaraq xidməti vəsiqəsini şübhəli şəxsə göstərərək özünü təqdim etdikdən sonra özünə məxsus mobil telefonun ekranını göstərir və telefonun ekranında saatın 14:12 olması görünür. Daha sonra o, şübhəli şəxsə X5 haqqında qanunun tələblərini izah etdikdən sonra onun üzərinə kamera çəkilişi ilə baxış keçiriləcəyini deyib orada olan polis əməkdaşlarına özlərini təqdim etmələrini xahiş edir. 42-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və 42-ci PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid3 özlərini təqdim etdikdən sonra Şahid1 şübhəli şəxsdən üzərinə olan qanunsuz əşya və ya predmetləri təqdim etməsini xahiş edir. Şübhəli şəxs Tariel Akhmedov ilk öncə əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən sellofan torbaya bükülmüş “patı” adlanan psixotrop maddəni və 01 ədəd qızılı rəngli kağıza bükülmüş narkotik vasitə olan marixuananı, həmçinin bir ədəd 10, bir ədəd 5 manatlıq Azərbaycan manatını və 01 ədəd alışqanı, daha sonra həmin şalvarın sol yan cibindən 01 ədəd qara korpuslu “General Mobile” samrt tipli mobil telefonu Şahid1 təqdim edir. Şahid1 təqdim edilən əşyalardan pul və alışqanı şübhəli şəxsə geri qaytarsa da digər əşyaların istintaq əhəmiyyəti kəsb etdiyindən zərfləşdiriləcəyini bildirir. Şahid1 tərəfindən şübhəli şəxsə təqdim etdiyi psixotrop maddə və narkotik vasitə barəsində suallar verilir və o, həmin maddəni Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ sahəsi adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını və maddəni ona satan şəxsi tanımadığını bildirir. Şahid1 tərəfindən psixotrop maddə metamfetamin və narkotik vasitə heroinə baxış keçirildikdən sonra psixotrop maddə və narkotik vasitə onun tərəfindən zərfləşdirilib, 42-ci PB-nin 241 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən möhürlənir və çəkiliş sonlandırılır. (cild İ, i/v 10-12). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında”, xx.xx.2025-ci il tarixli saat 17:00-da baxış keçirilmiş “2_**********078003650” faylında qeydə alınmış görüntülərdən görünür ki, əvvəlcə Sabunçu RPİ-nin 42-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Elçin Hümbətov otaqda olan iştirakçılardan özlərini təqdim etməsini xahiş edir və sonda özünü təqdim edərək şübhəli şəxsə üzərindən aşkar edilən psixotrop maddə və narkotik vasitə barədə məlumat verməsini xahiş edir. Şübhəli şəxs Tariel Akhmedovun üzərindən aşkar edilmiş bir büküm psixotrop maddə metamfetamin və bir büküm narkotik vasitə heroinə müdafiəçinin iştirakı ilə baxış keçirildikdən sonra psixotrop maddə və narkotik vasitə ekspertizaya təqdim edilməsi üçün zərfləşdirilib iştirkaçılar tərəfindən imzalanır. (cild İ, i/v 43). Məhkəmə-kimyəvi ekspertizasının, 30 may 2025-ci il tarixli, 3-16-16/2- 6/2028 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün № 241" dairəvi möhür əksi, "Əhmədov T.V.(imza)" yazısı olan zərfdəki, l(bir) ədəd bükümdə təmiz çəkisi 3,314 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir. (cild İ, i/v 49-52). Məhkəmə-bioloji ekspertizasının, 30 may 2025-ci il tarixli, 3-16-16/2-7/798 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Əhmədov T......... imza....." yazı və imzalar olan kağız zərfdə bir ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,31 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (cild İ, i/v 54-57). Məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2025-ci il tarixli 4537 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs(X9)da Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v 129-130). Təqsirləndirilən şəxs(X9)un psixotrop maddəni əldə etdiyi mənbənin, həmçinin onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Sabunçu RPİ-nin 42-ci PB-yə müvafiq əməliyyat tapşırığı verilmiş, alınmış cavabdan görünür ki, keçirilmiş X5 nəticəsində Təqsirləndirilən şəxs(X9)un üzərindən aşkar edilmiş psixotrop maddə və narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. (cild İ, i/v 110). “Azerfon” LLC-dən alınmış diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs(X9)un istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə aid fayllarda istintaq əhəmiyyətli məlumatlar olmaması müəyyən edilmişdir. (cild İ, i/v 128). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Tariel Akhmedov(X9) əvvəllər məhkum edilməmişdir. (cild İ, i/v: 109). Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X10 29 may 2025-ci il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, i/v: 31). Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 4(008)-260/2025 saylı 31 may 2025-ci il tarixli qərarından görünür ki, X7 barəsində əvvəli 29 may 2025-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, i/v: 90-95). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının təqdim etdiyi məhkumun tibbi kitabçasından görünür ki, təqsirləndirilən şəxs həbs olunmadan əvvəl zədə almadığını bildirmiş, baxış zamanı dəri səthində çapıq və zədələr aşkar olunmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 25 iyun 1977-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı Tariel Akhmedovun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: CM-nin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Metamfetamin və qurudulmuş marixuana həmin Qanunla təsdiq edilmiş “Azərbyacan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop madddələri”-in siyahısına (Siyahı İ) daxil edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs (X9) məhkəmə iclasında sərbəst ifadə verən zaman marixuanadan istifadə etdiyini, üzərindən aşkar olunmuş metamfetaminin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2025-ci il tarixli 4537 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs(X9)da kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Bundan başqa, məhkəmənin sorğusuna əsasən təqsirləndirilən şəxsin saxlanıldığı istintaq təcridxanasından onun adına açılmış “Tibbi Kitabça” götürülərək məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olan zaman heç bir xəsarət almadığını, heç bir şikayətinin olmadığını bildirmiş, müayinə zamanı onun dəri səthində heç bir xəsarət izi qeyd olunmamışdır. Həmçinin təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qeyri-insani rəftara məruz qalması ilə bağlı heç bir orqana şikayət etməmiş, cinayət işinin materiallarında da bununla bağlı hər hansı bir qeyd yazmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və təqsirləndirilən şəxsə elan olunmuş ittiham şahid ifadəsi və cinayət işinin materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 18, 19, 20, 21-ci bəndləri). Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Tariel Akhmedov (X9)a təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs (X9) ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs (X9)un cəza çəkməsinin başlanğıcı onun tutulduğu 29 may 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs (X9) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs (X9)un əcnəbi olmasını, onun ağır cinayət törətməsini, məhkəmənin onu bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmək qənaətinə gəldiyini nəzərə alaraq, Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs (X9)-nun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut – Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs (X9)dan aşkar edilərərk götürülmüş qalıq çəkisi 3,214 qram qalmış psixotrop maddə metamfetamin, qalıq sayı 0,26 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs (X9) barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 184 (yüz səksən dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs (X9)dan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs (X9)na göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 451 (dörd yüz əlli bir) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs (X9)un Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs (X9)a təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 29 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs(X9) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs (X9) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs (X9) barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs (X9) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübutlar Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs (X9)dan aşkar edilərərk götürülmüş qalıq çəkisi 3,214 qram qalmış psixotrop maddə metamfetamin, qalıq sayı 0,26 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - 184 (yüz səksən dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs (X9)dan tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs (X9)a göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 451 (dörd yüz əlli bir) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1730/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1730/2025
15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver