Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1731/2021 17.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X3 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı İlham oğlunun, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakı ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2, dalan 4, ev 16-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 28.07.2020-ci il tarixli hökmü ilə 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 33 ədəd bükümdə ümumi təmiz çəkisi 3,138 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19.04.2021-ci il tarixdə saat 15 radələrində ünvan 2ndə saxlanılaraq Suraxanı RPİ-nə dəvət edilmiş və ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ- nin inzibati binasında 19.04.2021-ci il tarixdə saat 16:00-16:15 müddətində üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə eynilik təşkil edən 6 ədəd gümüşü falqa bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,619 qram, 0,274 qram, 0,375 qram, 0,725 qram, 0,300 qram və 0,335 qram olmaqla ümumi təmiz çəkisi 2,628 qram və 27 ədəd qızılı rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,016 qram, 0,013 qram, 0,018 qram, 0,019 qram, 0,018 qram, 0,019 qram, 0,018 qram, 0,023 qram, 0,016 qram, 0,013 qram, 0,019 qram, 0,016 qram, 0,012 qram, 0,035 qram, 0,036 qram, 0,017 qram, 0,013 qram, 0,015 qram, 0,018 qram, 0,017 qram, 0,015 qram, 0,022 qram, 0,025 qram, 0,023 qram, 0,027 qram, 0,025 qram, 0,022 qram, 0,008 qram və 0,009 qram olmaqla ümumi təmiz çəkisi 0,510 qram, ümumilikdə təmiz çəkiləri 3,138 qram qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd üzərində "Aosai” yazısı və heroin izləri olan “CAS CUX 420H” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadəyə görə məhkum olmuşdur, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həbs olunan günü polis əməkdaşları onu evində yatdığı yerdən oyadıb tutub aparmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə olmamış və ittiham aktında qeyd olunan kimi o, kənarda tutulmamışdır. Həmçinin bildirmişdir ki, o, Tofiq adlı şəxsi tanımır və ondan narkotik vasitə alıb satmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı RPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində özündən və Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Abidin oğlundan ibarət əməliyyat qrupu yaradılmış, 19 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində onlar saat 15:00 radələrində ünvan 2ndə xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması və satışında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nə dəvət etmişlər. Polis İdarəsinə gəldikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, onun hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində otuz üç ədəd büküm olan bir ədəd kibrit qutusunu və bir ədəd elektron tərəzini təqdim edərək həmin bükümlərdə narkotik vasitə olan heroin olduğunu, həmin heroini 18.04.2021-cİ il tarixdə Tofiq adlı şəxsdən 250 manata öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş və sonuncunun üzərindən təqdim etdiyi içərisində otuz üç ədəd büküm olan bir ədəd kibrit qutusu və bir ədəd elektron tərəzidən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin X1 əməkdaşı Şahid2 Abidin oğlu da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 6/1535 saylı 20 aprel 2021-ci İl tarixli rəyindən görünür, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə» yazısı olan paketdəki bir ədəd kibrit qutusunun İçərisində 33 ədəd bükümlərdə, onlardan 6 ədəd «gümüşü» falqa bükümündə ümumi təmiz çəkisi 2,628 qram və 27 ədəd «qızılı» rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,510 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tərəzi» yazısı olan paketdəki bir ədəd üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroin izləri vardır, iz şəklində olduğu heroinin çəkisini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 6/1705 saylı 08 may 2021 -ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEMnin “Tədqiqat obyekti № 59”-li ştamp əksi olan paketdəki vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 33 ədəd bükümdəki heroinlər (6 ədəd «gümüşü» falqa bükümdə və 27 ədəd «qızılı» rəngli kağız bükümdə) kimyəvi komponentlər tərkiblərinə və xaricə əlamətlərinə görə eynidirlər. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının 2218 saylı 08 iyul 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə dövlət hesabına təyin edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində 33 (otuz üç) ədəd narkotik vasitəyə bənzər kütlə olan bir ədəd kibrit qutusunu və bir ədəd elektron tərəzini çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin narkotik vasitə olan heroin olduğunu və həmin kütlələri Tofiq adlı şəxsdən 250 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirməsi, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, o, 2 ildir narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. 18.04.2021-ci il tarixdə axşam saat 21 radələrində Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsində Tofiq adlı şəxsdən 250 manat müqabilində otuz üç ədəd bükümlərdə narkotik vasitə olan heroini almışdır. 19.04.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, A.Ələsəgərov küçəsindəki evinin qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun narkotik vasitənin əldə edilməsi, saxlanması, satışı və istifadəsində şübhəli olduğunu bildirib Bakı şəhəri Suraxanı RPİ-nə dəvət etmişlər. Bakı şəhəri Suraxanı RPİ-nə gəldikdən sonra orada ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuş, dəvət olunmuş müdafiəçisinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməsinə başlamazdan əvvəl ona üzərində saxlanılması və daşınması qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə həmin əşyanın təqdim olunması təklif olunduqda o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində otuz üç ədəd bükümlər olan bir ədəd kibrit qutusunu və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu, təqdim etdiyi narkotik vasitəni 18.04.2021ci il tarixdə şəxsi istifadəsi üçün Tofiq adlı şəxsdən 250 manata aldığını bildirmişdir. Bundan sonra üzərində axtarış davam etdirilmiş, lakin təqdim etdiyi kütlələrdən və bir ədəd tərəzidən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisində olan otuz üç ədəd bükümdə olan heroin və bir ədəd elektron tərəzi polis əməkdaşı tərəfindən götürülmüş, zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə istər şübhəli, istərsə də təqsirləndirilən şəxs qismində dindirilərkən ondan aşkar edilmiş 33 bükümdə narkotik vasitənin özünə məxsus olduğunu və 18.04.2021-ci il tarixdə Bül-Bülə qəsəbəsində Tofiq adlı şəxsdən 250 manata aldığını etiraf etsə də, həmin narkotik vasitəni satış məqsədi ilə deyil, özü istifadə etməsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyi hissəsində tənqidi yanaşır və həmin hissədə qeyrisəmimi və həqiqətə uyğun olmayan hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin külli miqdarda olmaqla 33 ədəd ayrı-ayrı bükümlərə bölünməsi, habelə üzərində tərəzinin də olması onun həmin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs İkin Dadaşovun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon məhkəmsinin 28.07.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 12.02.2021-ci il tarixdə cəzsının sonu ilə azad edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəmsinin 03.06.2021-ci ilin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki əməlini Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 fevral 2012-ci il tarixli qərarından görünür ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəmsinin 28.07.2020-ci il tarixli hökmü ilə üzərində yaranmış məhkumluğu ödənilmədən hazırki cinayət işi üzrə ağır cinayət törətdiyindən onun əməllərində cinayətlərin residivi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən 2 (iki) il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin residivi kimi qiymətləndirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkum olunmuş şəxs sayılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,653 qram narkotik vasitə heroin və bir ədəd “CAS CUX 420H” markalı elektron tərəzi məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 06 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,653 qram narkotik vasitə heroin və bir ədəd “CAS CUX 420H” markalı elektron tərəzi məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1731/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1731/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver