Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1733/2023 22.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1991-ci ildə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də bağban işləmiş, orta təhsilli, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani Aslanov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 noyabr 2023-cü il tarixdə, saat 10:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır.
2. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan mənbədən və məlum olmayan vaxtda külli miqdarda təmiz çəkisi 8,501 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 15 may 2023-cü il tarixdə, saat 17:30 radələrində Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X23 küçəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, şəxsi axtarış istintaq hərəkəti zamanı əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən bir bükümdə təmiz çəkisi 8,501 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
3. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək 16 avqust 2023-cü il tarixli ifadəsində göstərdi ki, cinayət məsuliyyətinə cəlb olunmamışdan əvvəl "xxxx" MMC-də bağban işləmişdir. O, hər hansı zərərli vərdiş, hətta siqaret də çəkməmişdir. İş qrafikinə görə səhər işə gedərək axşam evə qayıtmışdır. 15 may 2023-cü il tarixdə, təxminən saat 17:15 radələrində işdən evə qayıdarkən Maştağa qəsəbəsində “Univermaq” deyilən yerdəki avtobus duracağında polis əməkdaşları onu saxlayaraq avtomobilə əyləşdirmişlər. Avtomobildə olarkən polis əməkdaşlarından biri mobil telefonla danışdığı şəxsdən “Paket məndədir. Hara gətirim” soruşmuş, “Yaxşı 14-cü Polis Bölməsinə gətirirəm” deyərək onu həmin polis bölməsinə aparmışlar. Onu 14-cü Polis Bölməsində 2-ci mərtəbədə yerləşən otaqlardan birinə apararaq orada ona işgəncə vermişlər. Daha sonra onu bölmənin rəisinin otağına aparmış, sonra əvvəlki otağa qaytarıb yenidən döyməyə davam etmişlər. Polislər tərəfindən döyülərkən üz nahiyyəsindən xəsarət almaması üçün əlləri ilə sifətindən tutaraq zərbə dəyməsinin qarşısını almağa çalışmışdır. Onu döyən polis əməkdaşları iki nəfər olmuş, həmin şəxslərdən biri Şahid2 adlı polis əməkdaşı olmuşdur. Polis əməkdaşları döyülməsi barədə hər hansı şəxsə məlumat verəcəyi təqdirdə onu peşman edəcəkləri ilə bağlı hədə-qorxu gəlmişlər. Daha sonra o, bölmənin müvəqqəti saxlama yerinə aparılmış, orada üzərinə narkotik vasitə qoyulmaqla videoçəkiliş edilmişdir. Çəkilişdən əvvəl polis əməkdaşları onu bir neçə dəfə onların bildirdikləri kimi deməsi üçün döymüşlər. Polis əməkdaşları ona çəkiliş zamanı narkotik vasitəni Balaxanı qəsəbəsindən 120 manata almasına dair ifadə verməyə məcbur etmişlər. Polis əməkdaşları ona verilən göstərişləri etmədiyi təqdirdə qardaşı və atasının da üzərinə narkotik vasitə, özünün üzərinə isə silah qoyacaqları, habelə əleyhinə ifadə verməsi üçün başqa şəxsləri məcbur edəcəkləri və vətən xaini kimi tutulacağı ilə hədələmişlər. Bu səbəbdən o, qeyd edilən fiziki və psixi təzyiqlər altında polis əməkdaşlarının dediklərini etmişdir. Ona edilmiş fiziki və psixi təsir və təzyiqlər barədə saxlanıldığı istintaq təcridxanasında məlumat verməmişdir.
4. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən yanında adını bildirmək istəmədiyi iş yoldaşı olmuşdur. Belə ki, adını demək istəmədiyi iş yoldaşı onunla birlikdə işə gəlmiş, işdən çıxarkən də bir yerdə olmuşlar. Balaxanı qəsəbəsindən guya narkotik vasitə əldə etməsi barədə ifadəsində göstərdiklərini polis əməkdaşlarının tələbi ilə bildirmişdir. Həqiqətdə isə hadisədən əvvəl Balaxanı qəsəbəsində olmamışdır. Barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında məhkəməyə aparılarkən hakimə polis əməkdaşları tərəfindən təzyiq və təsirə məruz qalmasına dair məlumat vermişdir. Təcridxanaya aparılarkən bədənində gözlə görünən hər hansı xəsarət və ya xəsarət izi olmamışdır. Belə ki, polis əməkdaşları onu döyərkən bədən nahiyyələrində xəsarət izi qalmaması üçün yumruqla vuracaqları yerlərə kitab qoymuş, daha sonra həmin kitabın üzərinə vuraraq ona ağrı yetirmişlər. Bu səbəbdən bədənində görünən hər hansı xəsarət olmamışdır. Polislərin təzyiqinə görə ifadələrini və ona təqdim edilmiş sənədləri oxumadan imzalamışdır. Ona fiziki və psixi təsir və təzyiq edilməsinə dair müstəntiqə məlumat verməsinə baxmayaraq, sonuncu tərəfindən onun bildirdikləri ifadələrinə qeyd edilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətmədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.
5. Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə məhkəmə iclasında verdiyi əvvəlki ifadəsinə əlavə edərək göstərdi ki, 16 avqust 2023-cü il tarixdə ifadə verərkən təzyiqi düşdüyündən və özünü yaxşı hiss etmədiyindən ifadəsində bəzi hissələri düzgün göstərməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ümumiyyətlə onun tutulmasında iştirak etməmişdir. Onu başqa polis əməkdaşları saxlayaraq polis bölməsinə gətirmiş, polis bölməsində isə Şahid2lə Şahid1 təhvil vermişlər. İfadəsində göstərdiyi digər hissələr isə həqiqətdə olduğu kimidir.
6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, "xxxx" MMC-də bağban işləyir. Təxminən 10 aydır X2 ilə ailə həyatı quraraq onunla birlikdə, valideynləri isə onlarla qonşuluqda yaşayır. ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri 10 ildən çoxdur istifadəsindədir. O, 15 may 2023-cü il tarixdə, səhər saatlarında narkotik vasitə heroin əldə etmək məqsədilə Balaxanı qəsəbəsinə gedərək orada tanımadığı şəxsdən 120 manat müqabilində narkotik vasitə heroin almışdır. O, aldığı bir bükümlük narkotik vasitə heroini şəxsi istifadəsi üçün əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibinə qoymuşdur. 15 may 2023-cü il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Maştağa qəsəbəsi, X23 küçəsində piyada gəzən zaman ona yaxınlaşan və özlərini polis əməkdaşları kimi təqdim edən iki nəfər mülki geyimli şəxsə özünü təqdim etdikdən sonra onu Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində ona narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğu bildirilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir. Barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılacağını biləndə o, üzərində narkotik vasitə heroin olduğundan müdafiəçinin həmin istintaq hərəkətində iştirakını istəməmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində aparılan şəxsi axtarış zamanı əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən sellofana bükülmüş bir bükümlük narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq üzərində aşkar olunmuş maddənin heroin olduğunu və həmin maddəni öz şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 120 manata aldığını bildirmişdir. Narkotik vasitə heroinin ondan aşkar olunması barədə protokol tərtib olunmuş, həmin maddə isə götürülərək ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol və narkotik vasitə heroinin qablaşdırıldığı zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar olunmuş narkotik vasitə heroin götürülərək ekspertizaya göndərilmişdir. O, narkotik vasitə heroini əlverişli zamanda qəbul etmək məqsədilə şəxsi istifadəsi üçün əldə etdiyini və həmin maddəni başqa şəxslərə satmaq haqqında fikri olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən tutula biləcəyindən ehtiyat etdiyinə görə narkotik vasitə heroini birdəfəlik olaraq külli miqdarda əldə etmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, bölməyə gətirilərkən və bölmədə olarkən hər hansı şəxs tərəfindən ona hər hansı fiziki və ya psixi təzyiq və ya təsir olmamış, hər hansı ruhi xəstəliyi yoxdur (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 29; 46-47; 66-68;).
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
9. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 15 may 2023-cü il tarixdə, səhər saatlarında Sabunçu RPİ-nin 14-cü X9 rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani Aslanov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan və Maştağa qəsəbəsinə tez-tez gəlib-gedən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən əməliyyat məlumatına əsasən, onun tərəfindən bölmə rəisinə raportla məruzə edilmiş, razılıq alındıqdan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair onun tərəfindən tərtib edilmiş qərar 15 may 2023-cü il tarixdə bölmə rəisi Süleyman Abbasov tərəfindən təsdiq edilərək ondan və həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. O, qrupun rəhbəri, Şahid1 isə üzvü olmuşdur. 15 may 2023-cü il tarixdə, saat 17:30 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X23 küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qeyri-qanuni predmetləri məhv etməməsi və ya tullamaması məqsədilə ciddi nəzarət edilmişdir. Şiriyev X5 RPİ-nin 14-cü Polis Bölməsinin xidməti otaqlarından birində şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış istintaq hərəkəti aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən bir bükümdə spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı onun üzərində aşkar olunmuş bir bükümdə qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 120 manata alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq götürülmüş və bu barədə tərtib olunmuş protokol ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Aparılmış ekspert tədqiqatlarının nəticəsində Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə heroin olduğu məlum olmuşdur.
10. Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən, idarəyə aparılarkən və “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı ona qarşı hər hansı psixi və ya fiziki təzyiq, təsir və ya hədə-qorxu onun tərəfindən və ya hər hansı polis əməkdaşları tərəfindən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya şəxsi axtarış zamanı hər hansı etiraz etməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı mobil telefon aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsinə dair suallardan başqa İran İslam Respublikasında olub-olmaması və sair digər suallar verilməmiş, bu barədə hər hansı başqa məlumatı yoxdur. Sonradan tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır.
11. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu və Şahid2lə əsasən oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 15 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda təmiz çəkisi 8,501 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşıması faktına görə Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X14 tərəfindən 16 may 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v.1-2;)
14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 15 may 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Bakı şəhəri Sabunçu RPİnin 14-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən Biləsuvar rayonu, Əsgərabad qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani Aslanov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi, polis kapitanı Süleyman Abbasov tərəfindən təsdiq edilərək Şahid2 rəhbərliyi ilə həmin Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X23 küçəsində saxlanılaraq həmin polis bölməsinə gətirilmişdir (Cild 1, i.v 3-9).
15. Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhər Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən qəbul edilməklə həmin PB-nin rəisi, polis kapitanı Süleyman Abbasov tərəfindən təsdiq edilmiş 15 may 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir (Cild 1, 56-57).
16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 may 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 19:40-dan 19:45-dək Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı, polis leytenantı X10 tərəfindən həmin bölmənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakı ilə Sabunçu RPİ-nin 14cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş şəxsi axtarış və götürmə istitnaq hərəkəti aparılmasına dair qərar ilə tanış edildikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qolsuz gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu və onu 15 may 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi məqsədilə alaraq üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə tünd rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkəti zamanı “iPhone 14 Pro” markalı mobil telefonunun kamerasından istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, iştirakçılar tərəfindən doğruluğu imzalarla təsdiq edilmişdir. Müdafiəçi X15 qeyd edilən protokolla tanış olaraq hər hansı qeyd aparmadan həmin protokolu imzalamışdır (Cild 1, i.v. 25-28)
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/2818 saylı, 16 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №100” möhür əksi, “...Saxlanıldı:...Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8,501 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi 8,501 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq çəki 8,401 qram. Aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manatdır (Cild 1, i.v. 35-39).
18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 may 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 4 dəqiqə 11 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq O.A.Səmədov tərəfindən baxış keçirilməsinə dair 16 may 2023-ci il tarixli protokolla, eləcə də məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməklə fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 44- 45;)
19. “Sənədlərə baxış keçirilməsi haqqında” 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə 1 noyabr 2022-ci il tarixdən 24 may 2023-cü il tarixədək daxil olan və çıxan zənglərin və sms mətnlərinin siyahısı, həmin nömrələrin sahiblərinin şəxsiyyətinə dair məlumatlar "xxxx" MMC və "xxxx" MMC-dən 24 may 2023-cü il tarixli məhkəmə qərarına əsasən əldə edilərək müvafiq mobil operatorlar tərəfindən təqdim edilmiş 2(iki) ədəd diskdəki məlumatlara baxış keçirilmiş, baxış zamanı ibtidai istintaq marağı kəsb edən hər hansı hal aşkar edilməmişdir(Cild 1, i.v.96-97;101-105).
20. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı tərtib edilmiş 17 may 2023-cü il tarixli “Üzləşdirmə” protokollarında görünür ki, onlar verdikləri ifadələri bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər. Həmin protokollarda şahidlər Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsi və əməliyyat məlumatının məzmununun da həmçinin bu barədə olmasını bildirmiş, Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili olan müdafiəçisi X7 iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxladığını, ona hər hansı şəxs tərəfindən fiziki və ya psixi təsir və ya təzyiq olunmadığını göstərmişdir (Cild 1, i.v. 69-74).
21. Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi, polis kapitanı, Süleyman Abbasova ünvanlanmış 20 may 2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, müstəntiq O.A.Səmədov tərəfindən Təqsirləndirilən şəxs ətrafında sonuncunun narkotik vasitəni əldə etdiyi mənbənin, habelə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının müəyyən edilməsinə yönəlmiş əməliyyat tədbirlərinin keçirilərək istintaq orqanına məlumat verilməsinə dair əməliyyat tapşırığı verilmişdir (Cild 1, i.v.89).
22. “Maddi sübut kimi tanınması haqqında” 22 iyun 2022-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 8,501 qram olan narkotik vasitə heroin maddi sübut qismində tanınmaqla, tədqiqatdan sonra qalıq qalmış 8,401 qram narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Həmin qərarla həmçinin Təqsirləndirilən şəxs üzərində 15 may 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı tərtib edilmiş protokola əlavə edilmiş 1 (bir) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 106-107; 121).
23. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 27 may 2023-cü il tarixli, 3295 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v.108-109).
24. “Əməlin tövsif edilməsi və sübutlara qiymət verilməsi haqqında” 17 may 2023-cü il və “Sübutların qiymətləndirilməsi haqqında” 25 iyun 2023-cü il tarixli qərarlardan görünür ki, müstəntiq O.A.Səmədov tərəfindən ibtidai araşdırma zamanı toplanmış sübutlarla əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması qənaətinə gəlinərək sonuncunun əməli həmin maddə ilə tövsif olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair gətirdiyi dəlillər özünü müdafiə xarakterli kimi qiymətləndirilərək rədd edilmişdir (Cild 1, i.v.54-55; 110-113).
25. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” 1 iyul 2023-cü il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılaraq istintaqı aparılır (Cild 1, i.v.114-115;).
26. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq O.A.Səmədov tərəfindən 8 iyul 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 10 iyul 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.127-133).
27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş 31 may 2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v.100;).
28. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa və psixi təzyiqə, habelə digər qanunsuz hərəkətlərə məruz qalmasına dair Bakı şəhəri, Sabunçu rayon prokurorunun köməkçisi Əhmədov Mir-Abbas Əhməd oğlu tərəfindən 527-C-23 nömrəli material üzrə araşdırma aparılmış, araşdırma zamanı həmin hallar öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir (Cild 2).
29. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə həmin istintaq təcridxanasına daxil olmuş və təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, onun müayinəsi zamanı bədən səthində xəsarət və zədə izləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs vərəm xəstəliyindən əziyyət çəkərək müayinə olunması qeyd edilmişdir (Cild 2).
30. Bakı şəhəri, Sabunçu RPİ-nin MSY-nin növbətçisi, polis baş serjtantı X3 tərəfindən tərtib edilmiş 16 may 2023-cü il tarixli aktdan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə təhvil verilərkən sonuncunun üzərinə baxış keçirilmiş və bədənində xəsarət aşkar olunmamışdır (Cild 2).
31. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan aydın olur ki, Təqsirləndirilən şəxs X4 ilə evlidir (Cild 2).
32. "xxxx" MMC-nin İnsan Resursları Departament direktoru tərəfindən Təqsirləndirilən şəxs verilmiş 31 iyul 2023-cü il tarixli xasiyyətnamədə göstərilmişdir ki, o, həqiqətən 22 iyun 2020-ci il tarixdən "xxxx" MMC-də bağban vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində o, özünü işgüzar, bacarıqlı və dözümlü bir işçi kimi göstərmiş, üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəlmiş, vəzifə borclarını həmişə vicdanla, səliqəli və düzgün icra etmişdir. Həmkarları ilə işgüzar münasibətləri qurmağa malikdir. Təmkinli, münaqişəsizdir və kollektivin ictimai həyatında sistemli şəkildə iştirak edir (Cild 2). Əməlin tövsifi və digər hüquqi məsələlər:
33. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
34. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
36. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
37. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
38. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
39. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.
40. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır.
41. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.
42. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 24-cü bəndində göstərilmiş qərarlarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir.
43. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndinə istinad etmişdir. Həmin qərarda göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
44. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
45. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
46. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələri satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitələrin çəkilib çoxsaylı xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.
47. Daha sonra, istintaq orqanı hökmün 24-cü bəndində göstərilmiş qərarlarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, narkotik vasitə heroinin aşkar edilib götürülməsi barədə protokollar, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir.” cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir.
48. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız narkotik maddənin külli miqdarda olmasına istinad etsə də, özü özlüyündə yalnız bu əlamət “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.
49. Bundan başqa, L.A.Şiriyev məhkəməyədək icraat zamanı verdiyi ifadələrində narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini, heç vaxt heç kəsə satmadığını və ya vermədiyini göstərmişdir. İstintaq orqanının istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da, ittiham tərəfindən təqdim edilməmişdir.
50. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi əməliyyat tapşırığına cavab əldə edilərək iş materiallarına əlavə edilməmiş (hökmün 21-ci bəndi) və məhkəmə icraatı dövründə də ittiham tərəfindən bu barədə hər hansı cavab əldə edilərək məhkəmədə tədqiq edilməsi üçün təqdim edilməmişdir.
51. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və istintaq orqanının əsas şahidləri olan polis əməkdaşları Şahid2 və Şahid1 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ilkin əməliyyat məlumatlarının olmasına baxmayaraq, sonradan bu məlumatlar öz təsdiqini tapmamışdır.
52. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin miqdarının yalnız şəxsi istehlak miqdarından artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.
53. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
54. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.
55. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.
56. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.
57. Hökmün 43-cü bəndində qeyd edilmiş Ali Məhkəmə Plenumun Qərarının 14-cü bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır.
58. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
59. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
60. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
61. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
62. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
63. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.
64. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
65. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.
66. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.
67. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
68. X17 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
69. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.
70. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
71. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.
72. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir.
73. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.
74. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
75. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
76. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının müddəalarını da rəhbər tutur.
77. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olmaması, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən cibinə qoyulması, polis əməkdaşları tərəfindən tutularkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyi vaxtadək fiziki və psixi təsir və təzyiqlərə məruz qalması, bu səbəbdən törətmədiyi əməlini boynuna götürməsinə dair ifadə və izahatlar verməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
78. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
79. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Hökmün 16, 18, 20, 29 və 30-cu bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
80. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
81. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
82. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
83. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
84. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
85. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
86. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs arvadının hamilə olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, sonuncu iş yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını və narkomaniya xəstəliyindən əziyyət çəkməməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
87. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hər hansı halın olmamasını qeyd edir.
88. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
89. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
90. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
91. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 15 may 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.10; 18;80-81; Cild 2)
92. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 may 2023-cü il tarixdən hesablanmalıdır.
93. Məhkəmə hökmün 23-cü bəndində qeyd edilən ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir.
94. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
95. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 8,401 qram olan narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd DVD disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
96. Eyni zamanda, hökmün 19-cu bəndində göstərilənlərə əsasən "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş 2 (iki) ədəd diskin cinayət işi materiallarına əlavə edilməklə saxlanılması nəzərə alınmalıdır.
97. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
98. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
99. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
100. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
101. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 15 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 8,401 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on manat) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.