Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1738/2021 03.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Məcidov X2 Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 30 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Cəlilabad rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu Fərzili kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan qəsəbəsi, bina 1, blok 50-də yerləşən 14 saylı mənzildə yaşamış, AR ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma, eləcə də satış məqsədi və tamah niyyəti ilə saxta xarici valyuta əldə etmə və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Həci» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Həci» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddələri və xarici valyutanı İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Həci» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 7915 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 4080 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda ümumi təmiz çəkisi 470 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 4400 miqdarında saxta xarici valyuta olan ABŞ dollarını istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri və saxta xarici valyutanı istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən 6000 (altı min) manat pul müqabilində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin 2415 qram çəkidə hissəsini və psixotrop maddə metamfetaminin isə 935 qram çəkidə hissəsini üzərində, həmçinin, 5500 qram narkotik vasitə heroini, 3145 qram psixotrop maddə metamfetamini, 470 qram narkotik vasitə tiryəki, 3 ədəd elektron tərəzini və 4400 miqdarında saxta xarici valyuta olan ABŞ dollarını kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan qəsəbəsi, bina 1, blok 50-də yerləşən 14 saylı mənzilə daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdə saat 00:05-də Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsinin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı bir ədəd göy rəngli sellofan torbanın içərisində üç ədəd sellofan büküm olmaqla onlardan iki ədəd sellofan torbanın içərisindən külli miqdarda ümumilikdə 2415 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər bir ədəd sellofan torbanın içərisindən külli miqdarda 935 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 22 may 2021-ci il tarixdə saat 03:00-dan etibarən Təqsirləndirilən şəxs razılığı, icazəsi və iştirakı ilə kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan qəsəbəsi, bina 1, blok 50-də yerləşən 14 saylı mənzilə baxış keçirilən zaman mənzilin yataq otağında olan dolabın içərisindəki bir ədəd ağ rəngli kisədəki 5 ədəd sellofan torbada külli miqdarda ümumilikdə 5500 qram çəkidə olmaqla, üzərindən aşkar edilərək götürülmüş heroinlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan torbada külli miqdarda 470 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 4 ədəd sellofan torbada külli miqdarda ümumilikdə 3145 qram çəkidə olmaqla, üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd elektron tərəzi və 44 ədəd HL62546314G, BK15403837A, HC73522888A, AB12894709F nömrəli 100 ABŞ dolları nominallı saxta xarici valyutalar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun son zamanlar maddi vəziyyəti yaxşı olmadığından pul qazanmağın yollarını axtarmışdır. 2021-ci ilin əvvəllərində “İnstagram” sosial şəbəkəsində “Həci” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Onunla söhbət edən zaman “Həci” adlı şəxs demişdir ki, “Əgər işin yoxdursa, sənə iş təşkil edim”. Maddi çətinlik çəkdiyi üçün iş verməsini bildirmişdir. “Həci” adlı şəxs isə işin ancaq narkotik vasitə olan kütlələri bir yerdən götürüb başqa bir yerə aparmaq olduğunu bildirmişdir. O da razılaşmışdır. Çünki “Həci” adlı şəxs onu inandırmışdır ki, həmin narkotik vasitələri daşıyanda onu heç kim görməyəcək və buna görə də tutulmaq təhlükəsi yoxdur. “Həci” adlı şəxs onun dediyi ünvanlara aparmaq və buradan qazanc əldə etmək üçün birinci dəfə narkotik vasitə göndərmişdir. Belə ki, bu zaman onun 2700 manat qazancı olmuşdur. Rahat yolla pul qazana biləcəyini öyrəndiyi üçün bu işi davam etməyi düşünmüşdür. 20 may 2021-ci il tarixdə Həci ona narkotik vasitə göndərmişdir. Narkotik vasitənin isə Bakı-Astara yolunun Qaradağ rayonundan keçən hissəsindən yolun kənarında olduğunu bildirmişdir. Buna görə də içərisində narkotik vasitə və psixotrop maddə olan bir ədəd ağ kisəni həmin yerdən götürmüşdür. Onu yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Gənclər şəhərciyi yaşayış kompleksi, blok 50, mənzil 72 ünvanına gətirmiş və yataq otağında dolabın içərisində saxlamışdır. 21 may 2021-ci il tarixdə 3 nəfər mülki geyimli şəxs yaşadığı evə gələrək özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Maşında bir qədər söhbət etdikdən sonra onu, saat 21 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Bir neçə saat orada saxladıqdan sonra onu təxminən 03 radələrində yaşadığı evə gətirmişlər. Onun daşıdığı sumkada olan narkotik vasitələrdən 2 kloqram heroin, 1 kloqram metamfetamin və bir ədəd elektron tərəzi olmuşdur, onun üzərində ondan artıq narkotik vasitə aşkar olunmamışdır. İstintaq orqanı onun üzərində olan maddələrin çəkisini artırmışlar. Saxta pulun çantada olmasından isə ümumiyyətlə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi məhkəmə iclasında dindirilmiş şahidləin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 21 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsinin yaxınlığında olduğunu bildikləri üçün 22 may 2021-ci il tarixdə saat 24 radələrində həmin ünvana gəlmişlər. Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin həmin ünvanın yaxınlığında piyada əlində sellofan torba ilə hərəkət etdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş və anket məlumatlarını bildirməsi barədə xahiş etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişdirlər. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb BNMİ-nə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı üzərində olan qeyri qanuni əşyaları könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kirayə yaşadığı mənzilin açarını, şalvarın sol yan cibindən bir ədəd Redmi markalı mobil telefonunu, bir ədəd tibbi maskanı, arxa sol yan cibindən 25 manat pulunu və özünə məxsus şəxsiyyət vəsiqəsini və əlindəki göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik və psixotrop tərkibli maddələr olduğunu bildirərək üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirimişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heçnə aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kirayə tutduğu mənzilin açarı, 25 manat pul Təqsirləndirilən şəxs qaytarılsa da, ona məxsus bir ədəd “Redmi” markalı mobil telefon və bir ədəd şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd göy rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində ümumilikdə 3 ədəd şəffaf sellofan torba olması müəyyən edilmişdir. Həmin sellofan torbalardan bir ədədinin içərisində psixotrop maddə metamfetaminə bənzər maddə, digər iki ədəd sellofan torbanın içərisində isə narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin 3 ədəd sellofan bükümdə olan maddələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmiş və sellofan torbaya qoyulmaqla qablaşdırılmış, üzəri möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sellofan torbadan aşkar edilmiş maddələrin narkotik tərkibli maddələr olduğunu, həmin maddələri Bakı-Salyan yolunun Qaradağ rayonundan keçən hisssəsindən, yolun kənarından götürdüyünü, həmin yerə narkotik maddə qoyulmasını təxminən 4 ay bundan öncə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu adını, “Həci” kimi bildiyi İran İslam Respublikası vətəndaşının bildirdiyini, bundan başqa kirayə yaşadığı mənzildə də götürdüyü narkotik maddələrin qalan hissəsini kirayə qaldığı Abşeron rayonu Masazır qəsəbəsində saxladığını, həmin maddələri təqdim edə biləcəyini, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını, üzərində aşkar edilmiş maddəni ona deyiləcək yerə qoyması üçün apardığını, bu fəaliyyətinə görə “Həci” adlı şəxsin yekunda ona ümumilikdə 6000 manat pul göndərilməli olduğunu, bundan öncə də bir neçə dəfə narkotik vasitələri ona deyilən yerdən götürdükdən sonra başqa yerlərə qoyduğunu buna görə 2300 manat pul əldə etdiyini, həmin pulu öz şəxsi istifadəsi üçün xərclədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün həmin ünvana yollanmışlar. Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilməsinə etirazının olmadığını bildirmək üçün ərizə yazmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına çatdıqdan sonra Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin yataq otağına daxil olaraq burada yerləşən dolabın içərisindən 44 ədəd 100 ABŞ dolları əskinaslarına bənzər kağızları və bir ədəd ağ rənglli kisəni təqdim etmişdir. Həmin təqdim edilmiş ağ rəngli kisəyə baxış keçirilmişdir. Baxış zamanı kisənin içərsindən, beş ədəd sellofan torbada narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd sellofan torbada narkotik vasitə tiryəkə bənzər kütlə, dörd ədəd sellofan torbada psixotrop maddə metamfetaminə bənzər kütlə və üç ədəd elektron tərəzi aşkar edilmişdir. İlk növbədə 44 ədəd pul əskinasına bənzər kağızlar zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürləndikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kisənin içərisindəki maddələrin çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmişdir. Aşkar edilmiş maddələr və 3 ədəd elektron tərəzi ağ rəngli kisədə qablaşdırıldıqdan sonra üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs mənzildən aşkar edilmiş maddələri, “Həci” adlı İran İslam Respublikasının vətəndaşının ona dediyi yerdən, yəni Bakı-Astara yolunun Qaradağ rayonundan keçə hissəsindən götürdüyünü, götürməkdə məqsədinin deyiləcək yerlərə qoymaqla pul əldə etmək niyyətinin olduğunu, ona deyiləcək yerlərə qoyması müqabilində 6000 manat pul əldə etməli olduğunu bildirmişdir. Bundan başqa təqdim etdiyi 44 ədəd 100 ABŞ dollarını da ona Həci adlı şəxsin göndərdiyini, həmin pulların saxta olmasını bildiyini və saxlamağını ona Həci adlı şəxsin söylədiyini bildirmişdir. Bundan sonra mənzilin digər otaqlarına baxış keçirilsə də qanunsuz başqa heçnə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2021-ci il tarixli, 6/2013 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi..” yazısı olan bağlamadakı 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 2415 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 935 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdm edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş.” yazısı olan kisədəki, -5(beş) ədəd bükümdə ümumi təmiz çəkisi 5500 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 4(dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 3145 qram ağ rəngli kristallardan ibarət maddələr kütlələri xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.-1(bir) ədəd bükümdə təmiz çəkisi 470 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. -3 ədəd (“600 x 0,01 g”, “Polaris max 7 kq”, və “500 x 0,01 g”) elektron tərəzilərin üzərində heroinin və metamfetaminin izləri vardır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və kirayə tutduğu mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 7915 qramdır (7kq 915 qr) və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və kirayə tutduğu mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 4080 qramdır (4 kq 80 qr) və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs kirayə tutduğu mənzildən aşkar edilərək götürülmüş 3 ədəd elektron tərəzilərin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metmfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Qeyd: heroinin ümumi təmiz çəkisi: 7915 qr, tədqiqata sərf edildi: ümumi 0,28 qr (hər maddədən 0,04 qr) qalıq: 7914,72 qr Metamfetaminin ümumi təmiz çəkisi: 4080 qr, tədqiqata sərf edildi: ümumi 0,25 qr, (hər maddədən 0,05 qr) qalıq: 4079,75 qr Tiryəkin təmiz çəkisi:470 qr, tədqiqata sərf edildi: 0,2 qr. Qalıq: 469,8 qramdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli, 5/516 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 44 ədəd HL62546314G, BK15403837A,HC73522888A, AB12894709F nömrəli 100 ABŞ dolları nominallı pul əskinasına oxşar obyektlər hər hansı bir eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə komputerə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir və həqiqi 100 ABŞ dolları nominallı pul əskinası ilə eynilik təşkil etmir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 13 sentyabr 2021-ci il tarixli 3402 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Keçirilmiş tədbirlərin davamı olaraq 22 may 2021-ci il tarixdə saar 03:00-dan etibarən Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan qəsəbəsi, bina 1, blok 50-də yerləşən 14 saylı mənzilə baxış keçirilən zaman mənzilin yataq otağında olan dolabın içərisindəki bir ədəd ağ rəngli kisədəki 5 ədəd sellofan torbada narkotik vasitə heroinə bənzər, bir ədəd sellofan torbada narkotik vasitə tiryəkə bənzər, 4 ədəd sellofan torbada psixotrop maddə metamfetaminə bənzər, 3 ədəd elektron tərəzi və 4400 ABŞ dollarına bənzər xarici valyuta aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək qaçaqmalçılıqla məşğul olmadığını, saxta xarici valyutadan məlumatının olmadığını və üzərində aşkar olunmuş narkotik vasitənin çəkisinin artırılmasını bildirsə də, onun ifadəsində göstərdikləri istintaq materialları ilə ətraflı yoxlanılmış və ilkin araşdırma materialları, şəxsi axtarış və götürmə, baxış və götürmə barədə protokolları, ekspert rəyləri və iş üzrə əlavə edilmiş digər sənədlər ilə tam təkzib edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmə iistintaqı zamanı öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 204.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 may 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 7914,72 qram çəkidə narkotik vasitə heroin, ekspertizadan sonra qalıq qalan 4079,75 qram çəkidə psixotrop maddə metamfetamin, ekspertizadan sonra qalıq qalan 469,8 qram çəkidə narkotik vasitə tiryək, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd elektron tərəzi və saxta 4400 ABŞ dolları məhv edilsin. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 175,52 ( yüz yetmiş beş manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs üzərində 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 7914,72 qram çəkidə narkotik vasitə heroin, ekspertizadan sonra qalıq qalan 4079,75 qram çəkidə psixotrop maddə metamfetamin, ekspertizadan sonra qalıq qalan 469,8 qram çəkidə narkotik vasitə tiryək, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd elektron tərəzi və saxta 4400 ABŞ dolları məhv edilsin. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 175,52 ( yüz yetmiş beş manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1738/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1738/2021
03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver