Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-174/2021 17.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala döngəsi, ev 13/15 də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 2,592 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 20 ədəd bükümdə ümumilikdə 0,992 qram çəkidə psixotrop maddə metamfetamin əldə etmiş, həmin narkotik vasitə və psixotrop maddəni hissələrə bölərək 3 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda çəkiləri 0,057 qram, 0,068 qram və 0,056 qram olmaqla, ümumilikdə 0,181 qram çəkidə narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, bir ədəd üzərində «Winchester» yazısı olan siqaret qutusunun içərisinə qoyduğu 10 ədəd şəffaf sellofan bükümlərində cəmi 2,411 qram çəkidə narkotik vasitə heroin və 20 ədəd siqaretin gümüşü kağız bükümlərində ümumilikdə 0,992 qram çəkidə psixotrop maddə metamfetamini isə yaşadığı ünvan 1 ünvanına daşıyaraq yaşayış sahəsinin birinci mərtəbəsindəki otaqda paltar rəfində olan özünə məxsus qış gödəkcəsinin sol qolunun iç hissəsində gizlətməklə saxlamışdır. Təqsirləndirilən şəxs, xx xxxx 2019-cu il tarixdə saat 23:00-da Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 1 ünvanında yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd yaşıl rəngli idman şalvarının sol ayaq cibindən 3 ədəd polietilen kəsiyi bükümlərində ayrıayrılıqda çəkiləri 0,057 qram, 0,068 qram və 0,056 qram olmaqla, ümumilikdə 0,181 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, özünü bu iş üzrə qismən təqsirli bilir və ona görə ki, o, heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamış, o, özünü narkotik vasitənin istifadədəsində təqsirli bilir. Polis əməkdaşları onun yaşadığı evə baxış keçirərkən onun otağında heç bir narkotik vasitə aşkar olunmamışdır. O, narkotik vasitənin aşkar olunduğu evin 2-ci mərtəbəsində yaşayır, narkotik vasitəni isə evin birinci mərtəbəsindən aşkar edilib. Həmin narkotik vasitə ona məxsus olmamışdır. Onun üzərindən 3 büküm narkotik vasitə aşkar olunmuşdur, həmin aşkar olunan narkotik vasitələr onun öz istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində Şahid4 ifadəsində göstərdi ki, o, xx xxxx 2019-cu il tarixdə, saat 23 radələrində evdə olarkən mülki formada polis əməkdaşları gəlib özlərini təqdim edərək onlarla 9-cu Polis bölməsinə getməyini təklif etmişlər. O, razılaşaraq 9-cu Polis bölməsinə getmişdir, bölmədə üzərində şəxsi axtarış keçirilərəkən üzərində hər hansı qanunsuz predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Həmçinin orada ona məlum olmuşdur ki, 9-cu Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı 3 bükümdə narkotik vasitə-heroin aşkar edilib götürülmüşdür. Daha sonra isə yaşadığı evə baxış zamanı onun qaldığı otaqdan gödəkçənin cibindən siqaret qutusunun içərisindən 30 bükümdə narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. O, heç vaxt narkotik vasitə qəbul etmədiyini və satışı ilə də məşğul olmadığını, xalası oğlu Təqsirləndirilən şəxs da satmaq üçün narkotik vasitə vermədiyini bildirmişdir. Onun həmin narkotik vasitə və psixotrop maddələr barəsində heç bir məlumatı olmamış, həmin maddələrin hansı şəraitdə onun otağında mövcud olmasını bilmir, həmin maddələrin aşkar edildiyi gödəkçə Əliyə məxsus olmuş və o, həmin gödəkçədən istifadə etməəmişdir. Məhkəmə iclasında şahid qismində X8 ifadəsində göstərdi ki, o, Səbail RPİ-nin 9-cu Polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Səbail RPİ-nin NMB-in əməliyyat müvəkkili Emil Dəmirovla birlikdə ərazidə xidmət apararkən Səbail rayon, Azərbaycan prospekti 5 saylı ünvanın girişində iki nəfər şəxsin, bir oğlan və bir qızın özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim edib onlardan özlərini təqdim etmələrini bildirmişlər. Həmin şəxslər həyəcanlanaraq özlərini təqdim edə bilmədiklərindən onlardan həmin yerdə nə etmələri soruşduqda, cavabında orada bir qədər əvvəl narkotik vasitə qəbul etdiklərini bildirmişlər. Buna görə də həmin şəxslər şübhə yaratdığı üçün, onların şəxsiyyətlərinin müəyyən edilməsi və narkotiklə bağlı araşdırma aparılması üçün 9-cu polis bölməsinə aparmışlar. Onların şəxsiyyətləri müəyyən edildikdən sonra məlum olmuşdur ki, onlar X1 və X3. Daha sonra raport tərtib edərək aidiyyəti üzrə araşdırma aparılmasını xahiş etmişlər. Bölmənin təhqiqatçısı Bəhram Qasımzadə tərəfindən sənədləşmə işləri aparılaraq müdafiəçilər dəvət olunduqdan sonra həmin şəxslərin üzərlərinə ayrı ayrılıqda baxış keçirilmiş. Baxış zamanı X1 və X4 üzərindən narkotik vasitə və ya qanunsuz əşya aşkar edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, X9 Məmmədova ilə birlikdə istifadə etmiş olduğu narkotik vasitəni Əli adlı şəxsdən İçəri şəhər ərazisində əldə etmişlər. Buna görə də əməliyyat qrupu yaradılaraq Əli adlı şəxs ünvan 1 saylı ünvanın qarşısında müəyyən edilərək 9-cu Polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən toplanmış sənədlərə əsasən baxış keçirilmiş. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı ondan 03 bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçrilərkən yaşadığı mənzilin birinci mərtəbəsindən 10 bükümdə heroin və 20 ədəd siqaret kağızına bükülmüş metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səbail RPİ-nin 9-cu PB-in baş əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Əlini uzun illərdir ki, tanıyır, qonşu olmuşlar, onunla yaxın münasibəti olmuşdur. Belə ki, o da Əli kimi narkotik vasitədən istifadə etmiş, birlikdə alıb istifadə etmişələr. Hər zaman tanımadıqları şəxslərdən alıb birlikdə istifadə etmişlər. Adətən Rüstəm adlı şəxsdən alıb istifadə etmişəl. O, sonradan eşitmişdir ki, Əli polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə aparılıb və üzərindən narkotik vasitə aşkar olunmuşdur. O, heç vaxt Əlidən nakrotik maddə almamış, Əlini narkotik satan şəxs kimi tanımamış, heç vaxt Əli narkotikanın satışı ilə məşqul olmamışdır. Şahid həmçinin bildirmişdir ki, istintaq zamanı da eyni ifadəni vermişdir, lakin ifadəsini özü yazmamış, o, müstəntiqə inamışdır ki, ifadəsini dediyi kimi yazmış və bu səbəbdən də oxumadan imza etmişdir. O heç vaxt Əliyə narkotikaya görə pul verməmiş, dediyi kimi birlikdə alıb istifadə etmişlər. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən iki aydır keçmiş arvadı X2 ilə birlikdə narkotik vasitədən istifadə etmişdir.Onlar İstifadə etdikləri narkotik vasitələri müxtəlif şəxslərdən əldə etmiş, son vaxtlar isə narkotiki Əli adlı şəxsdən almışdır. xx xxxx 2020-ci ildə narkotik vasitə əldə etmək üçün Əlinin yaşadığı İçərişəhərə gedib onunla yaşadığı evin qarşısında görüşərək 10 manat müqabilində narkotik vasitə olan heroin alaraq üzərində saxlamışdır ki, sonradan istifadə etsin. xx xxxx 2019-cu il tarixdə günorta saatlarında o, Şəbinə ilə görüşərək üç gün əvvəl Əlidən 10 manata aldığı bir büküm nakotiki Şəbinə ilə birlikdə istifadə etmişlər.Həmin gün saat 16 radələrində Azərbaycan prospektində «Monoiit» adlanan binanın qarşısında olan zaman onlara mülki geyimdə şəxslər yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirib özülərini təqdim etmişlər.Onlara da, özlərini təqdim etmələrini bildirmişlər. Həmin vaxt nə etmələrini bilməyib özlərini təqdim etməmişlər. Polis əməkdaşları onların özlərini qeyri səmimi apardıqlarını bildirib orada nə etiklərini soruşmuşlar. Onlar etiraf edərək bir qədər əvvəl narkotik vasitə qəbul etdiklərini söyləmişlər. Bundan sonra polis əməkdaşları onları 9-cu polis bölməsinə dəvət etmışlər. Həmin polis bölməsində onun üçün tərcüməçi və vəkil dəvət olunaraq üzərinə şəxsi aştarış keçirilmişdir.Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və ya qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 19232 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...» sözlər və imzalar olan bir ədəd zərfdəki siqaret qutusunun içərisindəki 10 (on) ədəd bükümdə ümumi təmiz çəkisi- 2,411 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 20 (iyirmi) ədəd bükümdə ümumi təmiz çəkisi-0,992 qram olan ağ rəngli kristal formada maddələr metamfetamindir. Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına» daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 19082 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş maddi sübut ...» və s. qeydlər olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,057 qr., 0,068 qr., 0,056 qram, ümumi təmiz çəkisi 0,181 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 2003 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb.Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictiami təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 2376 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 31827 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş maddi sübut...» sözləri olan zərfdəki üç ədəd bükümdə ümumi təmiz çəkisi 0,131 qram olan narkotik vasitə heroinlə, üzərində «...Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...» sözləri olan zərfdəki 10 ədəd bükümdəki ümumi təmiz çəkisi 2,211 qram olan narkotik vasitə heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dovriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun x xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı kifayt qədər toplanmış sübutlarla ibtidai istintaqın gəldiyi nəticələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamış, o, özünü narkotik vasitənin istifadədəsində təqsirli bilir. Polis əməkdaşları onun yaşadığı evə baxış keçirərkən onun otağında heç bir narkotik vasitə aşkar olunmamışdır. O, narkotik vasitənin aşkar olunduğu evin 2-ci mərtəbəsində yaşayır, narkotik vasitəni isə evin birinci mərtəbəsindən aşkar edilib. Həmin narkotik vasitə ona məxsus olmamışdır. Onun üzərindən 3 büküm narkotik vasitə aşkar olunmuşdur, həmin aşkar olunan narkotik vasitələri o, öz istifadəsi üçün saxlamışdır. Eləcə də Təqsirləndirilən şəxs məhkəmədə ifadə verəkən bildirmişdir ki, onu polis şöbəsinə gətirdikdən sonra onu döymüşlər, əziyyət vermişlər, həmçinin, ona demişlər ki, narkotik vasitəni satmasını etiraf etmədiyi halda onun üzərinə daha böyük miqdarda narkotik maddə qoyacaqlar. O, əziyyətlərə dözməyib, eləcə də, narkotik vasitənin aludəçisi olduğuna görə bədəni ağrıdığından dözməyib polis əməkdaşlarının yazdıqlarına imza etmişdir. Bundan sonra ondan uzun müddət ifadə almamışlar. Lakin, növbəti ifadəsini aldıqda onun yanında müdafiəçisi olduğuna görə o, ürəklənib ifadəsini olduğu kimi vermişdir. Bildirmişdir ki, o, heç vaxt heç kimə narkotik vasitə satmayıb, o cümlədən Şahid1 adlı şəxsə də narkotik vasitə satmayıb. Bütün bunlar hamısı polisin uydurmasıdır. Eyni zamanda həmin vaxt istintaqdan tələb etmişdir ki, onu Emil adlı şəxslə üzləşdirsinlər. Lakin, heç vaxt onu Emil adlı şəxslə üzləşdirməmişlər, onları qarşı qarşıya gətirməmişlər. Qeyd olunan faktlar məhkəmə istintaqı zamanı araşdırılarkən müəyyən edilmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Şahid1 narkotik maddə satmadığını bildirsədə istintaq orqanı nədənsə onu Emil adlı şəxslə üzləşdirməmiş, qeyd olunan faktlar istintaq materiallarında ziddiyyətli olaraq qalmışdır. İstintaq orqanı Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə məşqul olmasını təsdiq edən digər heç bir sübut əldə edib cinayət işinə əlavə etməmişdir. Yalnız narkotik vasitənin aludəçisi olan Şahid1 ifadəsinə əsaslanaraq onun vermiş olduğu ifadəsini sübut kimi qiymətləndirib ittihamın əsasına qoymuşlar. Halbu ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində narkotik vasitəni satması faktını tam inkar edərək Şahid1 ifadəsini təkzib etməsinə baxmayaraq istintaq orqanı onları üzləşdirməmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı Şahid1 tapıb məhkəmə istintaqına cəlb etmək mümkün olmamışdır. Hətta onun məcburi gətirilməsi barədə polis orqanlarına müvafiq qaydada qərar göndərilməsinə baxmayaraq polsi orqanları tərəfindən onun tapılıb məhkəmə istintaqına cəlb edilməsi mümkün olmamışdır. Ona görə də Şahid1 və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı da üzləşdirib həqiqəti müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Əlini uzun illərdir ki, tanıyır, qonşu olmuşlar, onunla yaxın münasibəti olmuşdur. Belə ki, o da Əli ilə birlikdə tanımadıqları adamdan alıb birlikdə istifadə etmişlər. Adətən Rüstəm adlı şəxsdən almışlar. O, heç vaxt Əlidən nakrotik maddə almamış, Əlini narkotik satan şəxs kimi tanımamış, heç vaxt Əli narkotikanın satışı ilə məşqul olmamışdır. İstintaq zamanı da eyni ifadəni vermişdir, lakin ifadəsini özü yazmamış, o, müstəntiqə inamışdır ki, ifadəsini dediyi kimi yazmış və bu səbəbdən də oxumadan imza etmişdir. O, heç vaxt Əliyə narkotikaya görə pul verməmiş, dediyi kimi birlikdə alıb istifadə etmişlər. Həmçinin istintaq orqanı nəzərə almamışdır ki, Şahid1 özü narkomandır, narkotik vsitənin daimi aludəçisidir, onun vermiş olduğu ifadəni o vaxt əsaslı hesab edib ittihamın əsasına qoymaq ola ki, onun narkotik vasitənin satışı ilə bağlı vermiş olduğu ifadəsi digər sübutlarla da təsdiq edilmiş olsun. Əfsuslar olsun ki, ibtidai istintaq orqanı bununla bğalı digər heç bir sübut əldə etməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitəni satması ilə bağlı istintaq orqanı tərəfindən heç bir sübut əldə edilmədiyi halda onun əməli narkotik vasitəni satmaq kimi qiymətləndirilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.4.3 maddəsi ilə ittiham elan etmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və şahid Şahid5 vermiş olduğu ifadələrində göstərmişdir ki, o narkotik vasitənin aludəçisidir, hər zaman birlikdə narkotik vasitəni alıb istifadə etmişlər, o, heç bir zaman heç kimə, o cümlədən Şahid1 narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsindən və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmə narkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisidir və məcburi müalicyə ehtiyacı vardır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, onun narkotik vasitəni satması ilə bağlı əməlini təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən müəyyən edilməmiş və əldə edilməmişdir. Yeganə sübut kimi istifadə olunan fakt Şahid1 ifadəsi olmuşdur, lakin, Şahid1 ifadəsi Təqsirləndirilən şəxs ifadəsi ilə ziddiyyət təşkil etməsinə baxmayaraq onlar üzləşdirilməmişlər. Ona görə də Şahid1 vermiş olduğu ifadə heç bir halda mötəbər sübut kimi qiymətləndirilə bilməz. İstintaq zamanı izahatları alınmış şəxslərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olur, hətta Şahid1 və digər Fərid adlı şəxslərə davamlı olaraq narkotik vasitə satmışdır. Lakin, istintaq orqanı nədənsə Təqsirləndirilən şəxs hərəkətlərini ifşa etmək məqsədi ilə heç bir əməliyyat tədibiri yerinə yetirməmş, onun güdülməsi, başqa başqa şəxslərə narkotik maddə satmasını təsdiq etmək məqsədi ilə hər hansı bir əməliyyat tədbiri keçirilməmişdir. Ümumiyyətlə istintaq materiallarından da görünür ki, istintaq orqanı satış faktının müəyyən edilməsi ilə bağlı o qədər də maraqlı olmamışdır. ona görə də bununla bağlı müvafiq əməliyyat tədbirləri keçirilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satması faktı üzrə kifayət qədər sübutlar müəyyən edilmədiyindən ona satışla bağlı ittiham elan edilməsi əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə iclasında şahid ifadələri ilə yanaşı, protokol və materiallar üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsasını təşkil etmədiyinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edərək saxlaması onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, əməliyyat keçirmiş polis əməkdaşları və iş üzrə heç bir marağı olmayan hal şahidlərinin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Lakin, onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış, cinayət işi materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, istehlakçı ilə əvvəlcədən hər-hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur, onun narkotik vasitənin satış məqsədi ilə əldə etməsi istintaq orqanının mülahizəsidir ki, bu da ittihamın əsasına qoyula bilməz. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Cinayət əməlinin hüquqi tövsüf məsələsini müzakirə edən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsüf edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə 255 manat 22 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhər BPİ-nin təchizat şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 2,011 qram, 0,071 qram heroini və 20 ədəd bükümdə qalıq çəkisi 0,662 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 255 manat 22 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan və Bakı şəhər BPİ-nin təchizat şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 2,011 qram, 0,071 qram heroini və 20 ədəd bükümdə qalıq çəkisi 0,662 qram psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-174/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-174/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver