Məhkəmə qərarları › İş №1(101)-174/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-174/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-174/2022 17.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1991-ci il fevralın 28-də Gürcüstanın Bolnisi şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan Elşən adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə 2021-ci il fevralın 21-də saat 17 radələrində ünvan 2 ünvanında yerləşən «Lukoil» yanacaqdoldurma məntəqəsinin qarşısında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan təmiz çəkisi 3,928 qram külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış və 2021-ci il fevralın 23-də saat 17:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında saxlanaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilib orada saat 17:50-dən etibarən üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibində olan qara rəngli pul kisəsinin içərisindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,928 qram külli miqdarda kustar üsulla hazırlanan narkotik vasitə heroin aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitə heroindən istifadə edir. Təxminən 2021-ci il fevral ayının əvvəllərində «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə tanıdığı, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Elşən adlı şəxsə narkotik vasitə almaq istədiyini bildirəndə sonuncu onda narkotik vasitə heroini olduğunu bildirməklə 2021-ci il fevralın 21-də saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşməyə razılaşmışlar və Elşənin ona 50 manata satdığı bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə heroini cibindəki pul kisəsinə qoymuşdur. 2021-ci il fevralın 23-də saat 17 radələrində o, ünvan 3 ünvanının yaxınlığında olarkən ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edən üç nəfər mülki geyimli şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələnildiyini bildirərək onu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aparmışdır. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman o, geyindiyi boz rəngli cins şalvarın sağ yan cibində olan qara rəngli pul kisəsinin içərisindən bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə heroini təqdim etməklə həmin maddəni necə əldə etdiyini təfərrüatı ilə izah etmiş, narkotiklərin satışı ilə məşğul olmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirilməklə onun əynində olan qara rəngli uzunqol gödəkcənin sol iç cibindən özünə məxsus pasport, cins şalvarın sol yan cibindən bir ədəd «Samsung» və bir ədəd «Red Mi» markalı mobil telefonlar aşkarlanıb götürülmüşdür. Onun təqdim etdiyi büküm zərfə qablaşdırılmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus pasport, qeyd olunan mobil telefonlar götürülmüş, içərisində bir manat olan pul kisəsi isə ona qaytarılmışdır. Əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il fevralın 23-də Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid3 və əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 2021-ci il fevralın 23-də saat 17:00da onlar ünvan 3 ünvanında yerləşən binanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsin piyada keçdiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və sonuncunun şəxsiyyətini dəqiqləşdirib Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Binəqədi rayonunun ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhələnildiyini bildirməklə sonuncunu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindəki bir ədəd qara rəngli pul kisəsinin içərisindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə tanıdığı, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Elşən adlı şəxs vasitəsi ilə iki gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki «Lukoil» yanacaq doldurma məntəqəsinin yaxınlığından əvvəlcədən təyin edilən yerdən götürdüyünü, narkotik vasitələrin satışını həyata keçirmədiyini, özü narkotik vasitə aludəçisi olduğu üçün narkotik vasitə heroini yalnız öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra şəxsi axtarış davam etdirilməklə Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkcənin sol iç cibindən sonuncuya məxsus pasport, cins şalvarın sol yan cibindən bir ədəd «Samsung» və bir ədəd «Red Mi» markalı mobil telefonlar aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qablaşdırılmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sonuncuya məxsus pasport, qeyd olunan mobil telefonlar götürülməklə içərisində bir manat olan pul kisəsi isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonuncuya qarşı heç bir fiziki zorakılıq və ya təzyiq göstərilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində müvafiq qaydada polis mayoru və polis kapitanı olmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili və əməliyyat müvəkkili Şahid3 və Şahid2 Şahid1 ilə analoji ifadə verdilər. İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2021-ci il 23 fevral tarixli raportlarından, habelə eyni tarixli Ə64-008-21 №-li əmrindən və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 25 fevral tarixli qərarının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhərinin Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradılmış, sonuncu 2021-ci il fevralın 23-də saat 17 radələrində ünvan 3 ünvanının qarşısında saxlanaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 4-7, 10 və 138-140). İş materiallarındakı Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 23 fevral tarixli protokolun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 32). İş materiallarındakı Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 23 fevral tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli pul kisəsinin içərisindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməklə içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni 15 gün əvvəl «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Elşən adlı şəxs vasitəsi ilə iki gün qabaq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığından əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, narkotik aludəçisi olsa da həmin maddələrin satışını həyata keçirmədiyini bildirmiş, daha sonra sonuncunun üzərinə şəxsi axtarış davam etdirilib əynindəki qara rəngli uzunqol gödəkcənin sol iç cibindən Təqsirləndirilən şəxs məxsus pasport, cins şalvarın sol yan cibindən bir ədəd «Samsung» və bir ədəd «Red Mi» markalı mobil telefonlar, Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsindən isə bir manat pul aşkarlanmış, bir ədəd şəffaf sellofan büküm, Təqsirləndirilən şəxs məxsus pasport və qeyd olunan mobil telefonlar götürülməklə pul kisəsi ilə bir manat pul sonuncuya qaytarılmış, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 42-44). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 24 fevral tarixli 6/794 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «…Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,928 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla tədqiqatdan sonrakı qalığı 3,878 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 81,82 manatdır (1-ci cild, iş vərəqi 54-57). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 25 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış görüntülərini əks etdirən bir ədəd DVD diskinə baxış zamanı sonuncunun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli pul kisəsinin içərisindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməklə içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni 15 gün əvvəl «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Elşən adlı şəxs vasitəsi ilə iki gün qabaq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığından əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, narkotik aludəçisi olsa da həmin maddələrin satışını həyata keçirmədiyini bildirməsi, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilib əynindəki qara rəngli uzunqol gödəkcənin sol iç cibindən sonuncuya məxsus pasportun, cins şalvarın sol yan cibindən bir ədəd «Samsung» və bir ədəd «Red Mi» markalı mobil telefonların, Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsindən isə bir manat pulun aşkarlanması, bir ədəd şəffaf sellofan bükümün, sonuncuya məxsus pasportun və qeyd olunan mobil telefonların götürülməklə pul kisəsi ilə bir manat pulun sonuncuya qaytarılması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 69-71). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 25 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülən bir ədəd «Samsung» və bir ədəd «Red Mi» markalı mobil telefonlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 71 «a»). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 25 fevral tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 73-74). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 25 fevral tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il fevralın 23-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 93-97). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 25 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 3,878 qram çəkidə qalığı saxlanılmaq üçün idarənin saxlanc yerinə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 104-105). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2021-ci il 07 may tarixli 1014 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmamaqla ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 147-148). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının tərtib etdiyi 2021-ci il 23 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti uzadılmadığı üçün həmin tarixdə təcridxanadan azad edilmişdir (1-ci cild, iş vərəqi 165). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 24 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətikan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 166- 167). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 2021-ci il 24 iyun tarixli 06/21346 №-li məktubundan görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkarlanıb götürülən 3,928 qram narkotik vasitə heroinin mənbəyini və Elşən adlı şəxsin şəxsiyyətini müəyyən etməsi istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 169). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 05 iyun tarixli 1769 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 170-171). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyulun 10-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 173- 174). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 23 iyul tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli və 2021ci il 25 iyul tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif olunmaqla sonuncuya yenidən ittiham elan edilmiş, maddi sübut kimi tanınıb Təqsirləndirilən şəxs götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 3,878 qram çəkidə qalığı saxlanılmaq üçün idarənin saxlanc yerinə təhvil verilmiş, sonuncunun üzərinə keçirilən şəxsi axtarış görüntülərini əks etdirən bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, Elşən adlı İran İslam Respublikasının vətəndaşı barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır (1-ci cild, iş vərəqi 175-185, 187-188 və 209-210). Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 3,928 qram çəkidə narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.1.ci və 234.4.3.-cü maddələri ilə tövsif olunması yanlışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 3,928 qram çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etdiyindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmaqla sonuncunun törətmiş olduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə tövsif etmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması ittihamını elan edərkən ittihamı təsdiq edən sübut kimi şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, maddi sübutun mövcudluğuna və işin digər hallarına istinad etmişdir. Lakin iş üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilən şahidlər ittihamda satışla bağlı göstərilənləri təsdiq etsələr də Təqsirləndirilən şəxs saxlanarkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən qara rəngli pul kisəsinin içərisindən aşkarlanan bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə heroini satmaq niyyətinin olmadığını göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi, istintaq orqanının Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi şahid ifadələri ittihamın satışla bağlı hissəsini təsdiq etmir, əksinə onu tam təkzib edir. Bundan savayı ittiham tərəfinin Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi ekspertiza rəyləri narkotik vasitənin növünü, çəkisini, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkib-çəkmədiyini və buna görə müalicəyə ehtiyacının olub-olmadığını müəyyən etmişdir. Qeyd edilən sübut növü ittihamı, yəni təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini heç bir halda təsdiq edə bilməz və etməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə həmin cinayəti törətməsini təsdiq edən sübut kimi qanunsuz olaraq əldə edib üç bükümdə saxlayıb daşıdığı 3,928 qram çəkidə narkotik vasitə heroinin mövcudluğuna istinad edir. Hazırki iş üzrə maddi sübut hesab edilən və ekspertiza tədqiqatından sonra 3,878 qram çəkidə narkotik vasitə heroin özü-özlüyündə şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə cinayəti törətməsini təsdiq edə bilməz. Məhkəmə yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanının istinad etdiyi sadalanan sübutlar Təqsirləndirilən şəxs aşkar edilib götürülən külli miqdarda, yəni 3,928 qram çəkidə narkotik vasitə heroinin onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilib saxlanılmasını təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.9.-1.0.11.ci maddələrinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir; narkotik vasıtələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hər hansı bir hərəkət etməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitə heroinin satış məqsədi ilə çəkilib xırda bağlamalara bükülməsini, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə bir sübut məhkəmə istintaqında da müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərdən keçirərək məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heronin yalnız külli miqdar təşkil edən 3,928 qram olması amilindən yanaşılmaqla onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinin dispozisiyasında nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldəetmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının CPM-nin 28.5.-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 145.3.-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 4-cü bəndində «məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur»; 8-ci bəndində «məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır. Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır kimi, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın»; 10-cu bəndində «məhkəmə hökmdə təqsirkarın cinayət etməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir» göstərilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 4cü bəndinə görə, törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitə heroinin miqdarına, habelə onun külli miqdarına görə İ siyahısında şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı ilkin izahatı, qismən etirafedici ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin dərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 2021-ci il fevralın 23-dən 2021-ci il iyunun 23-dək tutulduğu 04 (dörd) ay Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilməklə dəyişdirilməməli və o, məhkəmə iclası zalında həbs edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilib götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 3,878 qram çəkidə qalığı məhv edilməli, sonuncunun üzərinə keçirilən şəxsi axtarış görüntülərini əks etdirən bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 81,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 50 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il yanvarın 17-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2021-ci il fevralın 23-dən 2021-ci il iyunun 23-dək tutulduğu 04 (dörd) ay təyin edilmiş cəzadan çıxılmaqla üzərində 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbsə alınsın, saxlanmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il yanvarın 17-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilib götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 3,878 qram çəkidə qalığı məhv edilsin, sonuncunun üzərinə keçirilən şəxsi axtarış görüntülərini əks etdirən bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması alınsın. İş üzrə 81,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar