Məhkəmə qərarları › İş №1(101)-1740/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1740/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1740/2023 14.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17 : 10-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1982-ci il tarixdə Gədəbəy rayonunun, Gər-Gər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun Zavod, Zavod küçəsi nömrəsiz yeni tikili evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 23 aprel 2023- cü il tarixdə saat 18 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun Zavod küçəsi 16 saylı evin yaxınlığında qonşusu Zərərçəkmiş şəxs hadisədən bir qədər əvvəl onu təhqir edib vurmasını və arxası ilə danışmasına görə irad bildirərkən aralarında baş vermiş mübahisə zəminində yaşadığı evdən götürdüyü istintaqla müəyyən edilməyən mətbəx bıçağını sağ əlində tutaraq qəsdən iki dəfə Zərərçəkmiş şəxs bədən nahiyəsindən vurub ona soltərəfli pnevmotoraksa (plevra boşluğuna sərbəst havanın yığılması) səbəb olan qoltuqaltı nahiyənin daxilə nüfuz edən həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan bir ədəd və döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən sağlamlığa yüngül zərər vurmaya aid edilən bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan bədən xəsarəti yetirərək, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun Zavod küçəsində 7-8 ildir ki, valideynləri ilə yaşayır və fərdi qaydada fəhləlik edir. Zərərçəkmiş şəxs qiyabi olaraq 3-4 ildir ki, tanıyır, Şahin yaşadığı evin bir neçə yüz metrliyində yaşayır. Şahinlə heç vaxt aralarında münaqişə baş verməmiş, ədavəti və ya düşmənçiliyi olmamışdır. 23 aprel 2023-cü il tarixdə saat 15 radələrində təxminən 0,5 litr Rusiya istehsalı olan araq, pendir, çörək və kolbasa alıb yaşadığı evin yaxınlığında ağaclıqda əyləşib yeyərək spirtli içki qəbul etmişdir. Bundan sonrada gedib mağazadan bir şüşə butulka da pivə alıb onu da içərək sərxoş olmuşdur. O, saat 18 radələrində məhəllədə tək olarkən qonşusu Zərərçəkmiş şəxs ona yaxınlaşıb 22 aprel 2023-cü il tarixdə onun evinin qarşısında sərxoş halda niyə səs-küy saldığını, kiminləsə mübahisə etməsini soruşmuşdur. Həmin vaxtı guya o, ailəsi ilə oradan keçdiyini və narahat olmasını demişdir. O da ona orada olmadığını, bu məsələdən xəbərsiz olmasını bildirmiş, lakin Şahin onu itələyib yumruqla sinəsindən vurmuşdur. O, onu heç bir səbəb olmadan təhqir etmiş, o da Şahini itələmiş və bir-birləri ilə əlbəyaxa olmuşlar. Daha sonra Şahin onu baş nahiyəsindən yumruqla vurmuş, o, sərxoş olduğundan, həmçinin ətrafdakı adlarını bilmədiyi şəxslərin bunu görməsindən pərt olduğundan, dərhal evə gedib mətbəxdən kiçik ölçülü mətbəx bıçağını götürüb küçəyə çıxmışdır. Şahinin evinin yanına gələrək, əsəbi olduğundan ona yaxınlaşıb sağ əlində tutuduğu bıçaqla qəsdən onu vurmuş, zərbədən Şahin yerə yıxılmışdır. Bundan sonra o, qaçıb getmiş, bıçağı isə yaşadığı evin yaxınlığından keçən su kanalına atmış, polis əməkdaşlarının onu axtara biləcəyindən qorxub gecə evə getməyib küçədə gecələmişdir. 24 aprel 2023-cü il tarixdə günorta radələrində könüllü olaraq Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə getmişdir. O, Şahinlə hazırda barışmış, Şahinin ondan şikayəti və tələbi yoxdur, törətdiyi əməlindən də çox peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2-3 il olar ki, tanıyır, o, Təqsirləndirilən şəxs evinin 300 metrliyində valideynləri ilə bir yerdə yaşayır. Onların aralarında baş verən hadisəyədək münaqişələri olmamış, Ramil son zamanlar onların evinin yanında tanımadığı şəxslərlə yığışıb, sərxoş olmuş və səs-küy salmışdır. 23 aprel 2023-cü il tarixdə saat 17 radələrində Ramil onun evinin yanından keçərkən ona salam vermişdir. Bundan sonra o, evində olarkən həyat yoldaşı Gülər ona yenə Ramilgilin evin yaxınlığına yığışıb söyüş söyüb səsküy salmalarını bildirmişdir. O, sonra Gülərlə mağazaya gedib qayıdarkən evin yaxınlığında Ramil onu həyat yoldaşı Gülərin yanında səsləmiş, o, Gülərlə evə getmişdir. O, geri qayıdanda sərxoş vəziyyətdə olan Ramil onu səsləməsini, onun isə salam almadığını demiş, aralarında əvvəl mübahisə, sonra isə dava-dalaş yaranmışdır. Bundan sonra Ramil çıxıb getmiş, həmçinin onu gözləməsini tələb etmiş, təxminən 2-3 dəqiqə sonra Ramil məhəlləyə qayıdaraq üzərinə hücum çəkmiş, sağ əlində olan bıçaqla qəsdən onun sol qolaltı nahiyəsindən və kürəyindən bıçaq zərbələri vurmuş, nəticədə o, ağır bədən xəsarəti almış, Ramil isə qaçıb getmişdir. Hadisə yerinə gələn şəxslər onu xəstəxanaya aparmış, hadisə 23 aprel 2023-cü il tarixdə saat 18 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zavod küçəsi 16 saylı ünvanda baş vermişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ona 2 bıçaq zərbəsi ilə qəsdən ağır bədən xəsarətləri yetirmişdir. Ramil onu bıçaqla vuran zaman onu öldürmək məqsədi olmamış, hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə həyatı quraraq birgə nikaha daxil olmuşlar və birgə nikahdan üç azyaşlı uşaqları olmuşdur. Şahin fərdi əməklə məşğul olub ailəsini dolandırmışdır. 23 aprel 2023cü il tarixdə saat təxminən 17 radələrində Şahin işdən evə gəlmiş, bir yerdə yaxınlıqda yerləşən marketə getmişlər. Marketə gedən zaman qonşuluqda yaşayan Ramilin onların evinin yaxınlığında oturduğunu görmüşlər. Şahinlə marketdən qayıdan zaman ona qonşuları Ramil nəsə danışmasını, ona baş qoşmamasını demişdir. Sonra Şahin onu evə ötürüb demişdir ki, görsün Ramil nə deyir. Şahin evdən çıxıb Ramilin yanına getmiş, təxminən 15 dəqiqədən sonra Şahin evə qayıtmış, həyətdə görmüşdür ki, Şahinin sol qoltuq altı və kürək nahiyəsindən qan axır. Nə olmasını soruşmuş, Şahin demişdir ki, Ramillə mübahisələri olub, nəticədə Ramil ona iki bıçaq zərbəsi vuraraq xəsarət yetiribdir. Ancaq o, hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. Daha sonra təcili tibbi yardıma zəng etmişlər, təcili tibbi həkimləri gəlib Şahini Sabunçu xəstəxanasına aparmışlar. Hadisənin hansı şəraitdə baş verməsini bilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 aprel 2023-cü il tarixli 839 №-li ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs soltərəfli pnevmotoraksa (plevra boşluğuna sərbəst havanın yığılması) səbəb olan sol qoltuqaltı nahiyənin daxilə nüfuz edən 1 ədəd və döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən 1 ədəd (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaralan müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşyanın (alətin), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarda göstərilən 23 aprel 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə soltərəfli pnevmotoraksa (plevra boşluğuna sərbəst havanın yığılması) səbəb olan sol qoltuqaltı daxilə nüfuz edən 1 ədəd deşilmiş- kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir; döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakter və lokalizasiyasma görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (iş vərəqə 82-84) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 may 2023-cü il tarixli 1380 saylı kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (iş vərəqə 156-159) İş materiallarında olan 06 iyun 2023-cü il tarixli Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ünvan 3 ünvanda baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməsini bildirmişdir. (iş vərəqə 121) İş materiallarında olan 21 iyun 2023-cü il tarixli Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsini Təqsirləndirilən şəxs üzünə deyərək onu ifşa etmişdir. (iş vərəqə 187-188) Beləliklə məhkəmə, məhkəmədə zərərçəkmiş şəxsin, şahid ifadəsin, məhkəmə-tibbi ekspertizasının 28 aprel 2023-cü il tarixli 839 №-li rəyin, 06 iyun 2023-cü il tarixli Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokol, eləcə də, 21 iyun 2023-cü il tarixli Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolu və məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. AR Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə iş üzrə ekspertiza rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahid ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən, eləcə də, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 180.1, 132-ci maddələri ilə təqsirli bilinmiş, ona AR CM-in 66.3, 68.2-ci maddələri əsasında 06 ay (altı ay) müddətə azadlıqdan məhrum etmə cəzası və 200 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (iş vərəqə 99-104; 160-161) AR Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi, mənəvi ziyan aradan qaldırılmış, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. (iş vərəqə 191) İş materiallarında olan Sabunçu RİHB-nin Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 133) Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X1 olmaqla bir azyaşlı uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, AR CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanın ağırlaşdıran halların olmadığını qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs münasibətdə AR CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olmadığından, ona cəza həmin Məcəllənin 60-cı maddəsinin qaydaları əsasında təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün olmadığından, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. AR CM-in 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 aprel 2023-cü tarixdən hesablanmışdır. (iş vərəqə 32; 74-78) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Pro Bono” Vəkil bürosunun hesabına 30 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 30 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar