Məhkəmə qərarları › İş №1(101)-1740/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1740/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1740/2024 04.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X5, X1 və Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 5-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, H.Seyidzadə küçəsi, ev 26 B, mənzil 30-da kirayədə yaşamış, 06 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 yanvar 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda və psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 4,564 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini və xeyli miqdarda ümumi təmiz çəkisi 0,283 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən «A-plus» marketin yaxınlığına qədər daşımış, 06 yanvar 2024-cü il tarixdə, saat 20:00 radələrində qeyd olunan ünvanda şübhəli olduğuna görə Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı əl çantasının içərisindən bir ədəd göy rəngli plastik qabın içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,306 qram, 0,254 qram, 0,304 qram, 0,311 qram, 0,322 qram, 0,326 qram, 0,305 qram, 0,293 qram, 0,288 qram, 0,328 qram, 0,332 qram, 0,276 qram, 0,317 qram, 0,295 qram, 0,307 qram olmaqla 15 ədəd bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 4,564 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,041 qram və 0,242 qram olmaqla ümumi təmiz çəkisi 0,283 qram təşkil edən xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində gəzdirməsi, daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin istifadəsi ilə məşğul olmuş, patı və heroin isitifadə etmişdir. Narkotik maddə əldə etmək üçün sosial şəbəkə ilə tanış olduğu və özünü ona İran vətəndaşı kimi təqdim etmiş şəxslə onun verəcəyi pul müqabilində sonuncunun ona narkotik vasitə heroin, psixotrop maddə metamfetamin təşkil edə biləcəyini öyrənmişdir. Saxlanmazdan bir gün əvvəl o, ödəmə terminalı vasitəsilə karta 300 AZN pul köçürüb 5 qram heroin narkotik vasitəsi, 0,5 qram isə patı sifariş vermiş, telefon əlaqəsi yaradıb, Babək prospektinə gedib narkotiki «zaklatka»dan, yəni qoyulduğu yerdən götürmüşdür. Sifariş etdiyi qədər də həmin yerə heroin və patı qoyulmuşdur. O, göndərilən malı, yəni narkotiki bir gün qabaq gecə götürmüşdür. O, mikrorayonda yaşamış, lakin bağa getmək məqsədilə 6 yanvar tarixdə, yəni tutulduğu gün telefonunu düzəltdirmək üçün Bakıxanov qəsəbəsinə getmiş, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən «A-plus» marketin qabağına getmiş, maşından düşən yerdə polis əməkdaşları axşam saat 17-18 radələrində üstünə tökülüşüb onu narkotiklərə görə şübhəli şəxs kimi tutmuş və Sabunçu RPİ-nin 13-cü PŞ-nə aparmışlar. Həmin vaxt polis əməkdaşları 5 nəfər olmuş, o, özü tək olmamış, yanımda ondan başqa daha iki nəfər olmuşdur. Orda şəxsi axtarış zamanı onun üstündən ittihamda göstərilən narkotik çıxmışdır. Polis narkotiki kimə satdığını soruşmuş, o, narkotikin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra o, döyülmüş, satışı boynuna almasını istəmişlər. Üstündə büküm çox olduğundan o, həmin narkotik vasitələri özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini izah edə bidlməmişdir. Hansı ki, həmin ərəfədə o, 15-20 günlük müalicəyə - reabilitasiyaya getməyi planlaşdırmışdır. Lakin buna baxmayaraq onu yumruqla döyüb, təzyiq alında sənədləri imzalatmış, lakin xəsarət almamışdır. Şəxsi axtarış zamanı polislərin dediklərini demişdir. 2, 3 dəfə video çəkilmiş, 3-cü dəfə məcburiyyət qarşısında satmağa götürdüyünü demişdir. O, müstəntiqə də olanları, yəni həqiqəti danışmış, lakin müstəntiq yazdıqlarını oxumadan imzalamışdır. O, yüklənildiyini bilsə də, yazılanları imzalamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən də hakimə aşkar olunan narkotiki özünün istifadəsi üçün alıb əldə etdiyini, narkotiki əldə etməkdə satış məqsədinin olmadığını demiş, polisdən şikayət etməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 051 953-79-23 gsm nömrəsini tanısa da, kimə aid olduğunu dəqiq xatırlaya bilməmiş, Murad adlı şəxsi tanımamışdır. Onun telefonunda smslər olmuş, smslərdən biri “kubinkadan maraqlana bilərsən” məzmununda olmuşdur ki, o, həmin smsi özü yazmamışdır. O, həmin adamla dalaşdığı üçün bu sms təşkil olunmuşdur. 2-ci smsi isə o, özü yazmış, özünün istifadəsi üçün narkotik istəmiş, heç kimə narkotik satmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü, məhkəmədə olduğu kimi, təqsirli bilməmiş, CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun ifadə verib aşkar edilib götürülən narkotik vasitə heroini və psixlotrop maddə metamfetamini özünün qəbul etməsi üçün sosial şəbəkə vasitəsi ilə tanış olduğu, özünü ona İİR-nın vətəndaşı kimi təqdim etmiş şəxsdən sonuncunun ona göndərdiyi hesab nömrəsinə 300 manat pul köçürməklə əldə etdiyini, üzərində saxladığını, 06 yanvar 2024-cü il tarixdə, saat təxminən 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yerləşən «A-plus» marketin yaxınlığında Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını və Polis Şöbəsində üzərində şəxsi axtarış aparılması nəticəsində aşkar edilib götürüldüyünü, üzərinə şəxsi axtarış keçirilməsi haqqında tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etdiyini bir daha təsdiq etmiş, lakin tədqiq olunan həmin ifadəsində polis tərəfindən döyülməsi, polisisn narkotik vasitələrin satışını onun boynuna qoymaq istəmələri, polisisn onu yumruqla döyüb, təzyiq alında sənədləri imzalatmaları, xəsarət almaması, şəxsi axtarış zamanı polislərin dediklərini deməsi, şəxsi axtarış zamanı 2, 3 dəfə videoçəkiliş aparılması, 3-cü dəfə məcburiyyət qarşısında aşkar olunan narkotik vasitə və psixotrop maddəni satmağa götürdüyünü deməsi və müstəntiq yazdıqlarını oxumadan imzalaması barədə heç bir fikir bildirməmişdir (iş vərəqə: 63-68). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin CAŞ-nin sabiq əməliyyat müvəkkili, Abşeroin RPİ-nin təhqiqatçısı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılan ərəfədə o, Sabunçu RPİ-də CAŞnin əməliyyat müvəkkili işləmişdir. Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədər hadisə detalları ilə onun yadında qalmamışdır. Xatırladığı qədər Təqsirləndirilən şəxs ona daxil olmuş əməliyyat məlumatı əsasında tək olaraq Bakıxanov qəsəbəsində “A-plus” marketin yaxınlığında saxlanılmış, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən çox sayda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin aşkar edilmişdir. Narkotik vasitə və psixotrop maddə balaca bir qabda olmuşdur. Bundan sonra narkotik vasitə heroin, psixotrop maddə metamfetamin sənədləşdirilmiş, daha sonra qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış və götürmə videolentə alınmışdır. Şəxsi axtarış və götürmədə zamanı şəxsin dedikləri onun yadında qalmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, ona qarşı polis tərəfindən hər hansı formada təzyiq göstərilməmiş, hədə-qorxu gəlinməmişdir. Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 06 yanvar 2024-cü il tarixdə saat 20 radələrində həmkarı Sabunçu RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2la bərabər Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsi «A-plus» marketin yaxınlığında xidmətdə olarkən əvvəllər tanımadığı bir nəfər şəxsin, yəni barəsində məhkəmədə cinayət işinə baxılan Təqsirləndirilən şəxs onları görərək olduqları yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsi saxlayıb özlərini təqdim etmiş, həmin şəxsdən də anket məlumatlarını soruşmuşlar. Şəxs yalnız “Memar Əcəmi» tərəfdə yaşadığını bildirmiş, anket məlumatlarını tam deməmiş, onlar onunla müxtəlif mövzularda sorğu-sual etdikdə sonuncu qeyri-dəqiq cavablar vermişdir. Həmin vaxt onun narkotik təsir altında olmasına dair onlarda şübhələr yaranmışdır. Odur ki, Təqsirləndirilən şəxs ərazi üzrə Sabunçu RPİ-nin 13-cü PŞ-nə aparmış, onun anket məlumatlarını dəqiqləşdirmiş və Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi barədə raport tərtib olunmuş, rəhbərliyin müvafiq razılığını aldıqdan sonra onun üzərinə onun və kiçik inspektor Şahid2 iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamazjan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində saxladığı ehtimal olunan, qanunla əldə olunması, saxlanılması qadagan edilmiş əşyaları təqdim etməsini təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində gəzdirdiyi əl çantasının içərisində saxladığı bir ədəd göy rəngli plastik qabı və içərisinə qablaşdırılmış vəziyyətdə 17 ədəd ayrı-ayrı bükümlərə bükülmüş narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə şübhəli maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs əməlini etiraf edib təqdim etdiyi maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu, bir qismini özünün istifadəsi üçün, digər bir qismini isə satış məqsədi ilə adını, dəqiq anket məlumatlarını bilmədiyi İran vətəndaşı olaraq bildiyi şəxsdən 300 manata alaraq üzərində saxlamışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs üzərinə real olaraq şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa qanunsuz olaraq gəzdirdiyi əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs özü heç bir etiraz etmədən imzalamışdır (iş vərəqə: 98-100). Məhkəm baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edib, həmkarı Şahid1 məhkəmədə tədqiq olunan ifadəsinə oxşar ifadə vermiş, barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, «A-plus» marketin yaxınlığında narkotik vasmitələrdən istifadə etmiş şübhəli şəxs qismində tək olaraq saxlamalarını, Təqsirləndirilən şəxs barəsində hər hansı məzmunda əməliyyat məlumatının daxil olmadığını, sonuncunu saxlayarkən polis əməkdaşı olaraq özlərinin iki nəfər olmalarını, Sabunçu RPİ 13-cü PŞ-də Təqsirləndirilən şəxs üzərinə videçəkiliş aparılmaqla şəxsi axtarış keçirildiyini, şəxsi axtarış keçirilərkən onun üzərindən 17 ədəd ayrı-ayrı bükümlərə bükülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyünü, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini naməlum İran vətəndaşından özünün istifadə etməsi və bir qismini satış məqsədilə 300 manata alıb əldə etdiyini, istər tutulan zaman və istərsə də üzərinə şəxsi axtarış keçirilən zamam ona qarşı psixi və fiziki zorakılıq olmadığını göstərmişdir. Tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 06 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, «A-plus» marketin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmaqla Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmiş baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə və bu zaman video çəkilişdən istifadə olunmasına etiraz etməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya olduğu təqdirdə, təqdim etməsi təklif etmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli rəngli portmanatın içərisində saxladığı bir ədəd göy rəngli plastik qabın içərisinə qablaşdırılmış vəziyyətdə 17 ədəd ayrı-ayrı bükümlərə bükülmüş şübhəli maddələr aşkar olunmuşdur. Bükümlər açıldıqda bükümlərdən 15 ədədinin içərisində narkotik vasitə olan heroinə, iki ədəd psixotrop maddə metamfetaminə şübhəli maddələr olduğu müəyyən edilmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrlə bağlı izah verib, həmin maddələrin 15 ədədinin içərisində “kakos”, 02 ədədinin isə içərisində “patı” kimi tanıdığı maddələrin olduğunu, həmin maddələri sosial şəbəkələrdə tanış olduğu, şəxsən tanımadığı İİR vətəndaşından 300 manata alıb əldə etdiyini, həmin maddələrin satışı ilə məşğul olduğunu, bununla da narkotikə olan tələbatını ödədiyini bildirmişdir. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 17 ədəd bükümlərdə olan şübhəli maddələr bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri «Azərb.Respublikası DİN, zərflər üçün 160” saylı möhürlə möhürlənib götürülmüş, zərfin üzəri prosesdə iştirak edən şəxslər tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfində imzalarla təsdiqlənmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi «Sony» markalı videokamera vasitəsi ilə videolentə alınmış və videogörüntülərin yükləndiyi 01 ədəd DVD formatlı disk həmin protokola əlavə edilmişdir(iş vərəqə: 25-26). Tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 07 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, DVD formatlı diskdə videofaylda olan fideogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” 06 yanvar 2024-cü il tarixli protokolun məzmununu tam əhatə edir və hər hansı qanun pozuntusuna yol verildiyi müəyyən edilməmişdir (iş vərəqə: 53). İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 124-131). Tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2024-cü il tarixli 3-16- 16/2-6/30 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №160” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 15 (on beş) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,306 qram, 0,254 qram, 0,304 qram, 0,311 qram, 0,322 qram, 0,326 qram, 0,305 qram, 0,293 qram, 0,288 qram, 0,328 qram, 0,332 qram, 0,276 qram, 0,317 qram, 0,295 qram, 0,307 qram, ümumi təmiz çəkisi 4,564 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir, 2 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,041 qram, 0,242 qram, ümumi təmiz çəkisi 0,283 qram olan ağ rəngli kristallik maddə isə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasınm ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir(iş vərəqə: 34-38). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/311 nömrəli rəyi ilə müəyyən edildi ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 15 (on beş) ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,276 qram, 0,224 qram, 0,274 qram, 0,281 qram, 0,292 qram, 0,296 qram, 0,275 qram, 0,263 qram, 0,258 qram, 0,298 qram, 0,302 qram, 0,246 qram, 0,287 qram, 0,265 qram, 0,277 qram ümumi təmiz çəkisi 4,114 qram olan heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,026 qram, 0,227 qram, ümumi təmiz çəkisi 0,253 qram olan metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər(iş vərəqə: 119-123). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 18 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 4,564 qram heroin narkotik vasitəsi və 0,293 qram metamfetamin psixotrop maddəsi işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq çəkisi 3,889 qram olan heroin narkotik vasitəsi və 0,223 qram olan metamfetamin psixotrop maddəsi saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına yerləşdirilmişdir(iş vərəqə: 133). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 05 fevral 2024-cü il tarixli, 734 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 117-118). Təqsirləndirilən şəxs məxsus «***-***-**-**» saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş açıqlamalarının qeyd edildiyi 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokol məhkəmə baxışı zamanı tədqiq edildi. Tədqiq olunan protokolla müəyyən edildi ki, 13 oktyabr 2023-cü il tarixdə, saat 22:40:03-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Brat o kubinka uşağıynan danışda Turalnan bir az kola goterey» məzmununda, 13 oktyabr 2023-cü il tarixdə, saat 22:40:13-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Tapa bilmemişdim senol ağrıram» mezmununda, 13 oktyabr 2023-cü il tarixdə, saat 22:40:28-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Ancaq daş duzeldi Muradcun» məzmununda SMS mətni göndərilmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, telefon danışıqlarına dair məlumata baxış keçirilərkən təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə edilmiş telefon danışıqlarına dair məlumata baxış keçirilərək müəyyən edilmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə, saat 20:27:15-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən ***- ***-**-** nömrəsinə «İbishim bir dene 10-luq daş lazımdır hell elemey olar, mene bir dene hey yox yazda bilim neyniyim, bele yaxındayam yesli çto alım gili terefde» məzmununda SMS mətni göndərilmişdir. (iş vərəqə: 96-97). İş üzrə Təqsirləndirilən şəxs məxsus «***-***-**-**» saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon açıqlamaları qeyd edilən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 124-131). Məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat orqanının məhkəməyədək icraat mərhələsində əməliyyat tapşırığına verdiyi cavabdan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, Təqsirləndirilən şəxs narkotik vasitəni konkret olaraq kimə satması və ya ondan narkotik vasitə almış şəxslər barədə məlumatların əldə edilməsi, həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır(iş vərəqə: 94). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 18 aprel 2024cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyini müəyyənləşdirmək məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 135-136). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»a əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,283 qram olmaqla xeyli miqdar olsa da, həmin Siyahıya əsasən ondan aşkar edilib götürülən heroin narkotik vasitəsinin ktləsi 4,564 qram olmaqla qanunla müəyyən olunan start külli miqdar həddindən iki dəfədən artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CMnin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və xeyli miqdarda psixotrop maddəni əldə edərək üzərində saxlaması, daşıması, aşkar edilmiş heroin narkotik vasitəsinin 15 ədəd, metamfetamin psixotrop maddəsinin isə iki ədəd kiçik bağlamalara bükülmüş vəziyyətdə olması, onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində əldə etdiyi narkotik vasitələrin bir hissəsinin satışı ilə məşğul olması barədə səmimi etirafı, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil sms əlaqələrinin olması, məhkəmə-narkoloji ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs həm opioidlərin və həm də psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkotik asılılığının olması təqsirləndirilən şəxsin həmin naprkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və xeyli miqdarda metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsinin ilkin mərhələlərində əməlini səmimi etiraf edərək özünü təqsirli bilmiş və təqsirsizliyi ilə bağlı heç bir dəlil gətirməmiş, o cümlədən barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən məhkəməyə, həmçinin barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və s. heç bir şikayət etməmiş, ona qarşı hər hansı qanun pozuntusuna yol verilib-verilməməsi ilə bağlı məlumat verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində saxlanılarkən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını etiraf etməsi üçün polis tərəfindən döyülməsi və s. təzyiqlərə məruz qoyulması və boynuna götürməyə məcbur edilməsi barədə göstərdiklərini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi üçün əsaslı dəlil gətirməmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 92-93). Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 05 fevral 2024-cü il tarixli, 734 №-li rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs faktiki olaraq polis əməkdaşları tərəfindən 06 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmiş, həmin tarixli qərara əsasən şübhəli şəxs qismində tutulmuş, 08 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Baxılan iş üzrə Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdən məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkilməsinin əvvəli polis tərəfindən faktiki saxlanıldığı 06 yanvar 2024-cü il tarixdən hesablanmalı və onun tutulduğu və həbsdə saxlanıldığı bütün müddət onun həbsdə saxlama müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,564 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalan 3,889 qram hissəsi və 0,293 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 0,223 qram hissəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı, Təqsirləndirilən şəxs məxsus «***-***-**-**» saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon açıqlşamaları qeyd edilən bir ədəd CD formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,564 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 3,889 qram hissəsi və 0,293 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 0,223 qram hissəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk və iş üzrə "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların yükləndiyi 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 130,00 (yüz otuz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar